Azərbaycan öz iqtisadi qüdrətini davamlı surətdə artırır

 

Milli Məclisin deputatı Arif Əşrəfov www.yap.org.az saytına müsahibə verib:

- Arif müəllim, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı dayanıqlı və rəqabətə davamlı şəkildə inkişaf edir. Ölkəmizdə bu siyasətin uğurlarını hansı amillərlə izah edərdiniz?

- Dövlət müstəqilliyinin bərpasından ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır. Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır. İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyünün təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 85%-ə çatmışdır. Ölkəmizdə bütün sahələrdə gedən davamlı inkişaf və bu istiqamətdə müəyyənləşdirilmiş uğurlu siyasi-iqtisadi strategiya Azərbaycanı nəinki regionda, eləcə də, Avrasiya məkanında lider dövlətə çevirmişdir. Sözsüz ki, hazırkı tərəqqi Prezident İlham Əliyevin qətiyyətli, dönməz və prinsipial siyasi iradəsinin, eləcə də, uzaqgörənliyinin və gələcək perspektivləri öncədən müəyyənləşdirməsinin, zamanında düzgün qərarlar qəbul edə bilməsinin bariz nəticəsidir. Təbii ki, Azərbaycan xalqının da cənab Prezidentin düzgün siyasətini birmənalı şəkildə dəstəkləməsi bu tərəqqidə mühüm və həlledici rol oynayır. Burada isə ən təqdirəlayiq fakt ondan ibarətdir ki, dövlət başçısı öz uğurlu fəaliyyət sistemində milli mənafeni, siyasi və iqtisadi müstəqillik prinsipini qorumağı əsas tutur. Nəticədə, Azərbaycanın sosial-iqtisadi inkişafı dayanıqlı və rəqabətə davamlı şəkildə inkişaf edir.

- Ölkəmiz müstəqil siyasət yeritməklə beynəlxalq əməkdaşlığa da böyük töhfələr verməkdədir. Bu mənada Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş, mühüm tranzit ölkə olması, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatırılması üçün lazımi hüquqi bazanın, etibar və etimadın mövcudluğu digər maraqlı dövlətləri də bu qarşılıqlı-səmərəli əməkdaşlığa cəlb etməkdədir. Bu gün Azərbaycanın həyata keçirdiyi beynəlxalq siyasət şəffafdır, açıqdır, səmimidir və qarşılıqlı maraqlara əsaslanır. Dünyada sülhün, sabitliyin qorunmasına və sosial-iqtisadi inkişafa xidmət edir. Buna sübut kimi deyə bilərik ki, Azərbaycanda həyata keçirilən nəhəng beynəlxalq iqtisadi layihələr, yaradılan samballı infrastruktur təkcə bizim ölkənin maraqlarına xidmət etmir. O, həm də, bu infrastrukturla bağlı digər dövlətlərin də iqtisadiyyatının dirçəldilməsinə və sabit tərəqqisinə xidmət edir. Bu layihələr sosial-iqtisadi inkişafı təmin etməklə bərabər, həmin region dövlətlərinin də bir-biri ilə siyasi bağlantılarının güclənməsinə və strateji tərəfdaşlığına səbəb olur, sülh, əmin-amanlıq şəraitində yaşamasına zəmin yaradır. Ona görə də Azərbaycan rəhbərliyi regional əməkdaşlığın güclənməsində öz fəaliyyətini əsirgəmir və bütün dövlətləri də bu istiqamətdə səylərini əsirgəməməyə çağırır.

Azərbaycan öz iqtisadi qüdrətini davamlı surətdə artırır. Vaxtında, dəqiq icra edilən dövlət proqramları və həyata keçirilən müvafiq siyasi, hüquqi islahatlar, verilən müvafiq sərəncamlar, fərmanlar, qəbul edilən qanunlar bu dayanıqlı tərəqqinin əsas səbəbidir. Bu artıma dünyada baş verən iqtisadi-siyasi, maliyyə və sosial proseslərin təhlili, proqnozlaşdırma və ola biləcək hər hansı bir kataklizmlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin də həyata keçirilməsi həlledici təsir göstərməkdədir. 2009-2010-cu illərdə baş verən qlobal iqtisadi və maliyyə böhranı zamanı Azərbaycan məhz bu yolla getdiyi üçün iqtisadiyyatı 14 faiz artmışdı. Bu yüksək temp bu gün də davam edir. Qarşıya qoyulan bütün sosial-iqtisadi məsələlər uğurla həllini tapır.

- Ölkəmizin dövlət büdcəsinin də ilbəil artması iqtisadi qüdrətin göstəricisi deyilmi?

- Azərbaycanın davamlı iqtisadi, sosial və mədəni tərəqqisinin “güzgüsü”nə çevrilən dövlət büdcəsi real göstəriciləri və artım səviyyəsi ilə təkcə xalqımızın yaşayış səviyyəsini deyil, eyni zamanda hökumətin fəaliyyətini dəyərləndirmək üçün geniş diapazona malikdir. Bu baxımdan Azərbaycan Respublikasının 2012-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını əhatə edən dövlət büdcəsi qəbul edilmişdir. 2012-ci ilin dövlət büdcəsinin gəlirləri 16438,0 mln.manat, xərcləri isə 17072,0 mln.manat məbləğində təsdiq edilmişdir. 2012-ci ilin dövlət büdcəsi deməyə əsas verir ki, növbəti ildə də respublikamız bütün sahələr üzrə dinamik inkişaf edəcəkdir.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət rəhbəri qazanılan nailiyyət və prioritet elan edilmiş qeyri-neft sektorunda inkişaf barədə demişdir: “2012-ci il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il olacaqdır. İlin birinci ayları iqtisadi cəhətdən çox müsbət idi və bu, bizə imkan verirdi ki, ümumiyyətlə, 2012-ci ili Azərbaycan iqtisadiyyatı üçün növbəti uğurlu il kimi qiymətləndirək... Çünki altı ayda ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ümumi daxili məhsul 1,5 faiz artmışdır... Keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir. Ancaq bizi daha çox sevindirən qeyri-neft iqtisadiyyatımızın inkişafı olmuşdur. Bu, demək olar ki, iqtisadi siyasətimizin əsas istiqamətidir və altı ayda qeyri-neft iqtisadiyyatımız 11,3 faiz artmışdır. Bu, hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir... qeyri-neft sənayemizin inkişafı 8,3 faiz səviyyəsindədir. Bu da son illər ərzində sənayeləşmə proqramının icrasının nəticəsidir. Ölkəmizin müxtəlif bölgələrində, Bakı şəhərində yeni böyük və kiçik müəssisələr işə düşür, yeni iş yerləri açılır. Beləliklə, sənayeləşmə proqramı uğurla icra edilir”.

Düşünülərək atılan siyasi və hüquqi addımlar makroiqtisadi vəziyyətin çox müsbət və sabitliyinə səbəb olmaqdadır. Hazırda inflyasiya cəmi 2,2 faiz, əhalinin pul gəlirlərində isə artım 14,2 faizdir. Fərq, göründüyü kimi, 12 faizdir. Bu da ölkədə real gəlirlərin artımının çox yüksək olmasının bariz göstəricisidir.

- Məlum olduğu kimi regionların sosial-iqtisadi inkişafı sahəsində də mühüm nəticələr əldə edilməkdədir. Bu prosesdə həyata keçirilən proqramların əhəmiyyəti nədən ibarətdir?

- “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynayır. Proqramın icrasını və regionların inkişafını daim diqqətdə saxlayan Prezident İlham Əliyev 40-dan artıq rayon və şəhərdə 300-dən çox müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olub. Azərbaycanda hər həftə yeni müəssisə, yeni fabrik və yeni zavod tikildiyini, insanların məşğulluğunun artdığını vurğulayan cənab İlham Əliyev bildirib ki, bu proses davam edir və bu təbiidir: “Ötən dövr ərzində, yəni ilin 6 ayında 46 min yeni iş yeri açılmışdır ki, onlardan 37 mini daimi iş yeridir”.

Hazırda Azərbaycanda elektrik enerjisinin 70 faizindən çoxu regionlarda istehsal edilir ki, bu da enerji təhlükəsizliyinin təmin edilməsində bölgələrin vacib rol oynadığını göstərir. Ölkəmizdə alternativ enerjinin əldə edilməsi istiqamətində görülən işlər çərçivəsində Qobustan rayonunun ərazisində 5 meqavat gücündə hibrid tipli eksperimental poliqonu və tədris mərkəzi istifadəyə verilib ki, o da külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. 150-dən artıq yaşayış məntəqəsi qazlaşdırılıb. Proqram çərçivəsində 700 kilometrdən çox respublika və yerli əhəmiyyətli avtomobil yolları, o cümlədən 220 kilometr kənd yolları tikilmiş və təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmişdir. Bundan başqa, Qaxda və Qubada avtovağzal kompleksləri, Qəbələdə müasir beynəlxalq hava limanı istifadəyə verilmişdir.

Azərbaycanda aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verir. Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma, Qaradağda müasir tikinti materialları, Abşeronda mebel, Naxçıvanda biskvit və şokolad, tikiş, dam örtüyü və qarışıq yem fabrikləri, İmişlidə yem və bitki yağları, Samuxda meyvə qurudulması və emalı, Oğuzda qlükoza istehsalı, Ağcabədidə və Tovuzda süd emalı, Qəbələdə limonad, Ağsuda və Şəkidə şirə və şərab, Xaçmazda kondensator zavodları və digər sənaye müəssisələri istismara verilmişdir. Hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin süd və ət emalı, konserv, çörək zavodlarının, quşçuluq fabriklərinin müxtəlif regionlarda tikintisi davam etdirilir. Dövlət Proqramında əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulmuş işlər uğurla davam etdirilir. Kür-Araz çayları ətrafında yaşayan əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramı çərçivəsində ümumilikdə 18 rayonun 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, nəticədə 340 min nəfərdən artıq əhali içməli su ilə təmin olunmuşdur. Prezident İlham Əliyevin iştirakı ilə bu yaxınlarda Hacıqabul rayonunda təməli qoyulan Şirvan-Muğan su kəməri layihəsinin də iqtisadi əhəmiyyəti böyükdür. Bu layihə çərçivəsində 170 kilometr uzunluğunda magistral xəttin inşası nəzərdə tutulur. Yeni kəmər istismara veriləndən sonra Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərləri, Salyan rayonuna 41, Neftçalanın 44, Biləsuvarın 23 və Sabirabadın 13 kəndi su ilə təchiz ediləcəkdir. Ümumilikdə, Şirvan-Muğan su kəmərinin istismara verilməsi ilə 470 min insan, o cümlədən 5 şəhərin 240 min, 121 kəndin 230 min əhalisi keyfiyyətli su ilə təmin olunacaqdır. Layihəyə uyğun olaraq, Şirvan-Muğan su kəmərinin inşası 2013-cü ilin sonuna qədər yekunlaşacaqdır.

- Arif müəllim, əhalinin səmərəli məşğulluğunun təmin olunmasına da dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Bu sahədə real vəziyyəti qənaətbəxş qiymətləndirmək olarmı?

- Sirr deyil ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı vətəndaşların nə ilə məşğul olmalarından, ictimai və şəxsi mənafe baxımından onların əməyinin necə təşkil edilməsindən və malik olduqları əmək qabiliyyətindən, sosial-iqtisadi cəhətdən nə dərəcədə səmərəli istifadə olunmasından çox asılıdır. Bu baxımdan da Azərbaycanda əhalinin səmərəli məşğulluğunun təmin olunması dövlət səviyyəsində həll edilməsi zəruri olan ən mühüm sosial-iqtisadi və həm də çox mühüm siyasi vəzifələrdən biridir. Təsadüfi deyil ki, hazırda respublikamızda səmərəli məşğulluq siyasəti tədbirlərinin həyata keçirilməsinə böyük önəm verilir.

Məşğulluq sahəsində dövlət siyasətinin bir neçə istiqamətlərini qeyd etmək olar. Belə ki, vətəndaşlarımızın irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq onların əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanları təmin edilir. Vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən onlara hər cür kömək göstərilir. İşsizlərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün isə əlavə iş yerləri yaradan işəgötürənlərin vergi və başqa güzəştlərlə həvəsləndirilməsi, məşğulluğun təmin edilməsinə yönəlmiş tədbirlərin hazırlanmasında və həyata keçirilməsində, onların yerinə yetirilməsinə nəzarətdə Azərbaycan Respublikasının dövlət orqanlarının, həmkarlar ittifaqının, işəgötürənlər birliklərinin fəaliyyətinin əlaqələndirilməsi, eləcə də vətəndaşlarımızın ölkə hüdudlarından kənarda, habelə vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan ərazisində əmək fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması və bu kimi digər məsələlər də xüsusi vurğulanmalıdır.

- Sizcə, həyata keçirilən sosial-iqtisadi siyasət ölkə əhalisinin maddi rifahının yaxşılaşmasında özünü nə dərəcədə göstərir?

- Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasında da özünü göstərir. Müqayisə üçün qeyd edək ki, yanvar-iyun aylarında əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artaraq 1651,2 manat və ya orta hesabla ayda 275,2 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını üstələmişdir. Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

2012-ci il iyul ayının 1-i vəziyyətinə ölkədə pensiyaçıların sayı 1273,3 min nəfər olmuş və ölkə əhalisinin 13,9 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 150,7 manata çatmış və orta əməkhaqqının 39,2 faizini təşkil etmişdir. Cari il iyul ayının 1-i vəziyyətinə 313,8 min nəfər sosial müavinət, 63,3 min nəfər birdəfəlik müavinət, 34,2 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 142,9 min ailənin 634,5 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır.

Bu gün sovet dövründən qalma əmanətlərin qaytarılması da dövlət siyasətinin sosial xarakterini göstərir və sosial ədalət prinsiplərini daha da gücləndirmək məqsədi daşıyır. “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərmanın icrası olaraq 300,0 milyon manat vəsait ayrılmışdır. Cari il iyunun 1-dən fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanmış, 10 iyul tarixə keçmiş SSRİ Əmanət Bankının hüquqi varisi olan Kapital Banka daxil olmuş 315 min əmanətçinin müraciətlərinin 192 mini üzrə müsbət qərar qəbul edilmiş, onun 156 mini üzrə isə 86,0 milyon manat məbləğində vəsait əmanətçilərə ödənilmişdir.

Davamlı iqtisadi artım xalqın rifahının daha da yaxşılaşması istiqamətində qarşıda duran hədəflərə nail olunmasını sürətləndirir. Azərbaycan dövləti əldə olunan səviyyəni qaneedici hesab etmir, məqsəd daha yüksək inkişaf mərhələsinə qədəm qoymaqdır. Ölkə başçısı bu perspektiv barədə vurğulamışdır ki, biz 20 il ərzində həm siyasi, həm iqtisadi sahədə köklü islahatlar aparmaqla ölkəmizi yeni müstəviyə çıxarmışıq. Azərbaycan artıq ortagəlirli ölkələr sırasındadır, qarşıya vəzifə qoyulubdur ki, yüksəkgəlirli ölkələr sırasında olsun, inkişaf etmiş ölkəyə çevrilsin. Bunun üçün iqtisadi islahatlar davam etdirilməlidir. Bu islahatların böyük bir hissəsi artıq icra edilib, həm qanunvericilikdə öz əksini tapıbdır, həm verilən qərarlarda və gündəlik həyatda da biz bunu görürük. Beynəlxalq təşkilatlar, yəni mötəbər beynəlxalq maliyyə təşkilatları bizim uğurlarımızı qeyd edir... Artıq heç kəs üçün sirr deyil ki, Azərbaycanın regional və beynəlxalq mövqeləri, şübhəsiz ki, yalnız və yalnız güclənəcək və möhkəmlənəcəkdir.

 

 

Yeni Azərbaycan.- 2012.- 4 sentyabr.- S.6.