Əli Kərimlinin və İsa Qəmbərin biri-birilərinə patoloji nifrətləri var

 

Qüdrət Həsənquliyev: Bu insanların demokratik dəyərlər uğrunda mübarizə adlandırdıqları fəaliyyətləri, əslində, yalnız şəxsi ambisiyalara söykənən avantüradır

 

Müsahibimiz BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevdir:

-Qüdrət müəllim, bir neçə gün öncə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Ordusunun zabiti Ramil Səfərov əfv edilərək azad olundu. Bu xəbərə Azərbaycan xalqı sevinsə də, təəssüf ki, radikal müxalifət düşərgəsində təmsil olunan az bir qism insan var ki, fərqli mövqe nümayiş etdirdi. Bu nədən qaynaqlandı?

- İlk olaraq qeyd edim ki, əfv Sərəncamı ilə bağlı fikirlərim olduqca yüksəkdir və bu qərarı alqışlayıram. Qarabağ müharibəsində Ramil Səfərovun qohumlarından çox sayda insanlar ermənilər tərəfindən qətlə yetirilib. Nəzərə almaq lazımdır ki, bu insanlar dinc insanlar olublar. Hadisə baş verən zaman isə Ramil Səfərovun həm şəxsən özü, həm də Azərbaycanın dövlət rəmzləri ermənilər tərəfindən mütəmadi şəkildə təhqir olunub, aşağılanıb. Məhz bu təhqirlərin yaratdığı güclü ruhi həyəcan nəticəsində həmin hadisə baş vermişdi. Dünyada bu tip cinayətlərə görə maksimum 2-3 il cəza verilir. Bir daha vurğulayım ki, Ramil Səfərov ədalətli məhkəmə olacağı zaman təyin ediləcək cəzanın 3 qatını çəkib. Bu məsələdə Azərbaycanı qınayan istər beynəlxalq təşkilatların nümayəndələrini, istər hansısa dövlətin rəhbərlərini, istərsə də elə öz içimizdən olan dediyiniz azlığı riyakar sayıram. Bu ona oxşayır ki, bir nəfəri öldürən qatildir, on minləri öldürən fateh. Azərbaycanın 20 faiz torpağı uzun illərdir ki, işğal altındadır, 1 milyona yaxın qaçqın və köçkünümüz var. Həmin insanlar uzun illər çadır şəhərciklərində, çətinliklərlə üz-üzə yaşayıblar. Dünya birliyinin və ya həmin insanların beynəlxalq hüquq anlayışı, insanlığın mövcud olması niyə onda yadlarına düşmürdü? Bir milyon insanın hüququ niyə saya salınmır? Niyə BMT TŞ-nın 4 qətnaməsi heç kimin yadına düşmür? Ermənistana illərdir bunun üçün “gözün üstə qaşın var” deyən olmayıb, amma bu gün Azərbaycanı hansısa konvensiyanı pozmaqda günahlandırırlar. Halbuki, nə bir konvensiya, nə də Azərbaycanın qanunvericiliyi pozulmayıb. Qanunvericiliyə görə, ölkə Prezidentinin ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olmuş şəxsin cəzasını yüngülləşdirmək hüququ var və bu hüquqdan da istifadə olunub. Beynəlxalq konvensiyalara görə də, məhkumla bağlı ekstradisiya olunan dövlətin qanunvericiliyinə uyğun şəkildə qərarın verilməsi mümkündür. Görəsən, Azərbaycanda buna etiraz edən insanlar nə üçün türk diplomatlarına qarşı terror törətmiş ermənilərin vaxtından əvvəl azadlığa buraxılmasına susurdular? Bu gün Ramil Səfərovu “cinayətkar” elan edənlər sadəcə, xarici qüvvələrə xoş gəlmək üçün bu yolu tutublar. Belə insanların da, Azərbaycan xalqı arasında  hörməti yoxdur və bundan sonra onların hörmət qazanması mümkün deyil. Öz vətəndaşına qarşı belə mövqe sərgiləməyin bir adı var: satqınlıq.

-Maraqlıdır ki, radikal müxalifət düşərgəsində satqınlıq məsələsi bu gün əsas müzakirə predmetidir. Ənənəvi şəkildə yaradılan növbəti birlikləri-İP fiaskoya uğradı. Bu mənada baş verənləri necə dəyərləndirmək olar?

-Mən bununla bağlı proqnozumu hələ bir neçə il öncədən söyləmişdim. Hətta bəzən fikirləşirlər ki, həmin fikirləri mən Əli Kərimli ilə şəxsi münasibətlərim kontekstində söyləyirəm, amma əsla belə deyil. Zaman özü hər şeyi göstərir. Mən Əli Kərimlinin və İsa Qəmbərin biri-birilərinə olan münasibətlərinin kökünü bilirəm. Bu insanların biri-birinə patoloji nifrəti var. Bu nifrətin kökü hətta AXC hakimiyyətə gəlməmişdən öncəyə gedib çıxır. AXC hakimiyyəti illərində də bu nifrət davam edib, bu gün də davam edir. Onların bir yerdə olması mümkün olan bir şey deyil. Xatırlayın ki, 2003-cü ilin prezident seçkilərində Əli Kərimli bir komandada hakimiyyətdə olduğu İsa Qəmbəri deyil, Etibar Məmmədovu dəstəklədi. Halbuki, Əli Kərimlinin sədrliyi ilə keçirilən bütün Rəyasət Heyətinin iclaslarında Etibar Məmmədovun Surət Hüseynovu dəstəklədiyi və AXC-ni hakimiyyətdən saldığı vurğulanır. Bu adam İsa Qəmbərə nə qədər nifrət edirsə, hətta onu yox, AXC-ni hakimiyyətdən salan şəxsi müdafiə edir. Bundan başqa, onların tərəfdarları mütəmadi şəkildə sosial şəbəkələrdə başqa adlar altında bir-birilərini təhqir edir, aşağılayıcı kampaniyalar aparırlar. Bu baxımdan, onlar arasında birliyin yaranması mümkün deyil. Onların müvəqqəti birgəliyi zorən birgəlikdir və ortada səmimilik yoxdur. Digər tərəfdən, İsa Qəmbərin yanında avantürist kimi tanınan Pənah Hüseyn var. Bu insanların demokratik dəyərlər uğrunda mübarizə adlandırdıqları fəaliyyətləri, əslində, yalnız şəxsi ambisiyalara söykənən avantüradır. Hələ 2003-cü ildə bunları Londonda belə, bir araya gətirə bilmədilər. Çünki bu mümkün deyil. Onlar demrokratiya sözündən yalnız çətir kimi istifadə edirlər.

-Hətta vahid namizəd məsələsində razılaşdıqlarını deyənlər sonradan özünü namizəd elan etmək üçün sanki yarışa girdilər. Hətta İsa Qəmbər açıq şəkildə Əli Kərimlinin partiyasının xarici təşkilatlardan pul aldığını da bildirdi. Bu nəyin göstəricisidir?

-Azərbaycan ictimaiyyəti bilməlidir ki, bu insanlar üzdə müttəfiq kimi görünməyə çalışırlar. Reallıqda bunlar biri-birilərinə qurşaqdan aşağı zərbə vurmaq üçün fürsət axtarırlar. Bir neçə gün öncə hətta mətbuatda Elçibəyin zəhərləndirilməsi haqqında müzakirə olunan mövzu ilə bağlı bir mülahizə ilə tanış oldum. Bildirilirdi ki, əslində, Pənah Hüseyn hələ bir neçə il əvvəl gündəmə gətirməyə çalışdığı məsələni yenidən qabartmaq istəyir. Səbəb isə Elçibəylə Əli Kərimlinin münasibətlərinin yenidən müzakirə predmetinə çevrilməsidir. Yəqin ki, bəzilərinin Əli Kərimlinin hərəkətləri yadından çıxmışdı, yenidən o məsələlər qabardılır ki, yaddaş təzələnsin. Bundan da daxili mübarizələrində İsa Qəmbər faydalanmağa çalışır. Amma Əli Əhmədovun da bildirdiyi kimi, görəndə ki, Əli Kərimli özü bu məsələdən faydalanmağa başladı, təbliğat qurmaq istədi, İsa Qəmbər özünü tez namizəd elan etdi. Yəni, onların arasında təmiz oyun qaydası yoxdur. Zəhərlənmə məsələsi ilə bağlı, Əli Kərimli haqqında şikayət edən şəxs (Hafiz Hacıyev nəzərdə tutulur-red) Pənah Hüseynin ən yaxın dostudur. Bu barədə mətbuat yazır ki, Pənah Hüseyn hətta İP-in iclaslarına onun maşınında gedib-gəlir. Bu məsələni guya hakimiyyətin oyunu kimi qələmə vermək istəsələr də, burada fikri yayındırmağa çalışırlar. Bu, birmənalıdır ki, həmin insanlar nə qədər həmin təşkilatlarda rəhbərdirlər və ikinci lilderin formalaşmasına imkan vermirlər, birlik mümkünsüzdür.

-İsa Qəmbərin qeyri-rəsmi xələfi Arif Hacılı bəyanat verib ki, təmsil etdikləri partiya heç vaxt heç kimi dəstəkləməyəcək. Demək problemlər şəxslərlə yanaşı, həm də təşkilatlarda təmsil olunanların bir-birinə münasibətindədir.

-Axı qarşılıqlı nifrət uzun illərdir ki, aşılanır. Bunun ardından bir neçə ildən sonra demək olmaz ki, nifrət etdiyimizi gəlin müdafiə edək, dəstəkləyək. Bu baxımdan, Arif Hacılının mövqeyi tam təbii və başadüşüləndir. Arif Hacılı əmindir ki, İsa Qəmbər yanındakılardan Əli Kərimlini dəstəkləməyi tələb edə bilməz. Digər tərəfdən, onlar Əli Kərimlinin onlara qarşı etdiklərinin fərqindədirlər. İkincisi, Əli Kərimlinin özünün müttəfiqlik anlayışına münasibəti hər şeyi ortaya qoyur. 2000-ci ildə İsa Qəmbər deyirdi ki, parlamentə getmək xəyanətdir, Əli Kərimli getdi. 2005-ci ildə  əksinə “ittihamçı” Əli Kərimli “xəyanətkar” İsa Qəmbər oldu. Daha sonra Əli Kərimli Lalə Şövkət və Əli Əliyevlə müttəfiq oldu. Növbəti seçki yaxınlaşdıqda Əli Kərimli müttəfiqlərinə dedi ki, İsa Qəmbər sizi istəmir mən də onunla müttəfiq oluram. Axı Azərbaycan dövləti həm də bir Şərq ölkəsidir, bizdə həm də bir yoldaşlığa sadiqlik prinsipi var. Axı, siyasət elə sürüşkənlik demək deyil. Dəyərlər mövcuddur və çətin vaxtda sənə arxa dayanan insanları yarı yolda qoymaq olmaz. Ona görə də, Əli Kərimliyə heç kim etibar etmir.

-Bu günlərdə zəhərlənmə məsələsi də əsas müzakirə predmetinə çevrilib. Siz də Əbülfəz Elçibəyin müşaviri olmusunuz və səslənən fikirlərlə bağlı nə deyə bilərsiniz?

-Mən səmimi şəkildə deyim ki, birinci dəfə zəhərlənmə ilə bağlı Pənah Hüseyndən eşitmişəm. Ona qədər mənim bu barədə heç bir məlumatım olmayıb. Pənah Hüseyn o vaxtı ikibaşlı, ibarəli ifadələr işlədirdi, şübhəni hökumətin üzərinə yönəltməyə çalışır kimi görünmək istəyirdi. Amma məqsədi sadəcə zəhərlənmə məsələsini gündəmə gətirmək idi. Bir daha qeyd edim ki, bu məsələnin kökündə həm də Müsavat-AXCP qarşıdurması dayanır.

-Maraqlıdır ki, günahsız olduğunu söyləyən Əli Kərimli, hüquqi araşdırmanı min bir yolla siyasi müstəviyə transfer etməyə çalışır. Bunun səbəbinin arxasında sizcə nələr durur.

-Əli Kərimli bu məsələdən faydalanmağa başlayıb. Birincisi, deyirlər ki, iddianı qeyri-ciddi adam irəli sürüb. Əgər bu adamı qeyri-ciddi sayırsızsa, nədən narahatsınız? İstintaqın sonunu gözləmək lazımdır. Bu ola bilsin ki, sonda Elçibəyin qəbrinin açılması məsələsinə qədər gedib çıxa bilər. Mən hələ əvvəllər də bununla bağlı demişdim ki, Elçibəyin ailəsi razılıq verməyəcək. Amma indi artıq istintaq orqanı məcburdur ki, bu addımı ata, çünki artıq cinayət işi başlanılıb. Mütləq gərək ekskumasiya oluna və tibbi araşdırma aparıla. Əgər kiminsə bu məsələdə günahı varsa, cəzalanmalıır. O vaxtlar hətta Elçibəyin xəstəliyini də gizli saxlayırdılar və mən onun müşaviri idim, bunu bilmirdim.

-Ramil Səfərovun azad edilməsi, Ermənistanda böyük səs-küyə səbəb olub. Onlar Azərbaycanın üstünlüyündən narahat olduqlarını aşkar şəkildə büruzə verirlər. Sizcə, onların bu narahatlığının arxasında hansı amil durur?

-Hesab edirəm ki, indiyə qədərki müddətdə Azərbaycan dövləti öz ordusunu müasir silahlarla təchiz etmək və güclü ordu qurmaq baxımından vaxt udub. Bundan başqa, həm də ölkəmz əlverişli beynəlxalq şəraitin yaranmasını gözləyir. Düşünürəm ki, vaxt gəlib çatıb. Azərbaycan artıq torpaqlarının işğalı faktı ilə barışmamalıdır. Ermənistan bizi isterik şəkildə müharibə ilə hədələyir, halbuki, biz özümüz işğalçıları ölkədən qovub çıxarmalıyıq. Artıq buna kifayət qədər gücümüz var. Vaxtilə rəhmətlik Heydər Əliyevin imzaladığı neft müqavilələri öz bəhrəsini verməkdədir, ölkəmiz həmin müqavilələrdən böyük miqdarda maddi vəsait əldə edir. Hesab edirəm ki, hərbi xərclər yenə də artırılmalıdır və bununla bağlı yəqin ki, mən parlamentin payız sessiyasında təklifimi verəcəm. Biz Ermənistana maksimum bir il vaxt verməliyik ki, torpağımızdan çıxsın. Azərbaycan torpaqlarının azad edilməsi üçün qəti qərarlar qəbul edəcək. Buna heç kimdə şübhə olmasın. Ermənilər prosesdən düzgün nəticə çıxarmayıb isterikaya düşüb torpaqlardan çıxmaq əvəzinə Azərbaycanı müharibə ilə hədələməyə qalxsalar da, günün bir günü Azərbaycan Ordusu torpaqlarımızı azad edəcək.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2012.- 6 sentyabr.- S.6.