Erməni terroru tarixdə və bu gün...

   

Bu gün terroru dövlət siyasəti səviyyəsində həyata keçirən işğalçı Ermənistan təkcə Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz və dünya üçün təhlükə mənbəyidir

 

Birinci yazı

 

Hazırda dünyada sülhü və təhlükəsizliyi əsas götürən bütün ölkələrin gündəmindəki ana maddələrdən birini məhz terrorçuluğa, beynəlxalq terrorizmə qarşı mübarizə təşkil edir. Bu da səbəbsiz deyil. Çünki məhz terrorçuluq birbaşa insanlığa qarşı yönəlib və terror aktları nəticəsində hər il dünyada yüzlərlə günahsız, dinc insan öz həyatını itirir. Bu baxımdan bütün dünya dövlətləri, beynəlxalq qurumlar terrora qarşı mübarizədə qətiyyətli mövqe nümayiş etdirirlər. Uzun əsrlərdir ki, erməni terroruna məruz qalan ölkəmiz də bu mübarizədə ön sıralarda yer alır.

Ümumiyyətlə, Azərbaycan dünyada sülhün bərqərar olması istiqamətində aparılan fəaliyyətdə hər zaman qətiyyəti ilə seçilən dövlətlərdən biri kimi öndə olub. Beynəlxalq terrorizmə qarşı aparılan qlobal mübarizəyə öz töhfəsini verən Azərbaycanın sülhməramlılarının Əfqanıstanda və İraqda sülhün bərqərar olması, terrorizmə qarşı mübarizədə aktiv şəkildə iştirakı hər zaman yüksək səviyyədə vurğulanıb.

Beynəlxalq terrorizmə qarşı mübarizədə sərgilədyi əməkdaşlıqla yanaşı, Azərbaycan həm də yerləşdiyi bölgədə sülhün bərqərar olmasında mühüm rola malikdir. Kimsəyə sirr deyil ki, hazırda Cənubi Qafqaz regionunun inkişafına, dövlətlərarası münasibətlərin daha yüksək səviyyədə qurulmasına, o cümlədən, dünyaya inteqrasiyanın daha sürətlə həyata keçməsinə və sülhün təminatına ən böyük maneə məhz Ermənistanın işğalçı və terrorçu siyasətidir.

 

Ermənilər uzun illər Azərbaycana qarşı terrorçuluq və işğalçılıq siyasəti həyata keçirirlər

 

Uzun illərdir Azərbaycan xalqına qarşı terror həyata keçirən ermənilər tarixin fərqli dönəmlərində işğal nəticəsində torpaqlarımıza sahibləniblər. Ümumiyyətlə, terror Ermənistanda dövlət siyasəti səviyyəsində həyata keçirilir. Elə, 1999-cü ildə Ermənistan parlamentində baş verən qanlı hadisələr də terrorun işğalçı dövlətin idarəçilik sisteminə yol tapdığını göstərir.

Eyni zamanda, erməni terrorunun əsas hədəfi Türk dünyası, Azərbaycan və türk xalqı olsa da, tarixin müəyyən kəsimində bu terrordan dünyanın digər xalqlarına və dövlətlərinə də “pay düşüb”. Məlum olduğu kimi, uzun illərdir Qərbdə və bir sıra Şərq ölkələrində kök salmış erməni terror təşkilatları zaman-zaman fəallaşıb, çoxsaylı insan tələfatına səbəb olan aksiyalar həyata keçirib və öz missiyasını yerinə yetirdikdən sonra qeyri-leqal şəraitdə fəaliyyətlərini davam etdiriblər.

Ötən əsrin 70-80-ci illərində bütün dünyada türk diplomatlarına, sonrakı dövrdə isə Azərbaycan vətəndaşlarına qarşı törədilmiş çoxsaylı terror aktları bu təşkilatların bədxah əməlinin nəticəsidir. Xalqımıza qarşı həyata keçirilən erməni terror aktlarının tarixi isə XVIII əsrdən başlayır. İlk erməni terror təşkilatları “Hnçaq”, “Armenakam”, “Daşnaksütyun”dur. Və bu təşkilatların həyata keçirdiyi terrorun əsas hədəfi azərbaycanlılar olublar. Ümumiyyətlə, erməni terrorunun başlıca məqsədini xəyali “Böyük Ermənistan” dövlətinin yaradılmasına mane olanlara qarşı mübarizə təşkil edir. Bu tendensiya isə müasir dövrümüzə qədər “inkişaf” edib. Beləliklə, bu gündən etibarən erməni terrorunun tarixi, erməni terror təşkilatları və ermənilərin dünyanın müxtəlif nöqtələrində, o cümlədən, Azərbaycanda törətdikləri qanlı aksiyalar barədə silsilə yazılar dərc edəcəyik.

 

Ermənilər terrora sitayiş edir

 

Hələlik isə onu qeyd edək ki, bu gün Azərbaycan torpaqlarını işğal altında saxlayan, bir milyona yaxın vətəndaşımızı öz yurd-yuvalarından didərgin salan, onların hüquqlarını pozan, o cümlədən, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı tələblərini yerinə yetirməyən Ermənistan bölgədə terror fəaliyyətini davam etdirir. Bu gün Ermənistanın siyasi rəhbərliyində təmsil olunan Serj Sarkisyanın, Seyran Ohanyanın, keçmiş prezident Robert Koçaryanın rəhbərliyi və bilavasitə iştirakı ilə həyata  keçirilən Xocalı soyqırımı XX əsrin ən böyük terror hadisələrindəndir. Bu isə bir daha erməni xislətini, erməni kimliyini ifşa edir, onların məkrli niyyətlərini aşkar şəkildə nümayiş etdirir. Yeri gəlmişkən, Ramil Səfərovun azad olunmasını həzm edə bilməyən ermənilər tərəfindən Azərbaycanın Macarıstandakı səfirliyinə ünvanlanan məktub da əsl erməni kimliyini ortaya qoyur, ermənilərin və Ermənistanın terrorla qidalandığını, terrora sitayiş etdiyini növbəti dəfə təsdiqləyir.

Belə ki, sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilib və onların qətlə yetiriləcəyi bildirilib.

 

Ermənilər Xocalıda kütləvi soyqırımı törətdiklərini bir daha təsdiq etdilər

 

Yeri gəlmişkən, ASALA terror təşkilatından Azərbaycanın Macarıstanda və bir sıra digər ölkələrdəki səfirliklərinə daxil olmuş məktubda öz əksini tapmış fikirlər bəzi maraqlı məqamlardan xəbər verir. Əvvəla, bu məktub ermənilərin Xocalıda kütləvi soyqırımı törətdiklərini, həmçinin, Azərbaycan torpaqlarını işğal etdiklərini bir daha təsdiq edir. Yəni, ermənilər vəhşi, terrorçu, bəşəriyyətə qarşı olduqlarını özləri təsdiq edirlər. Əslində, bu etiraf ermənilərin terrora sitayiş etdiklərini, terrorçu olduqlarını təsdiqləməklə yanaşı, dünya üçün də bir sınaq rolunu oynaya bilər. O mənada ki, hazırda ermənilər tərəfindən uydurulmuş qondarma “erməni soyqırımı”nı əlində dəstəvuz edib, Türkiyəyə təzyiqlər göstərən bəzi Qərb ölkələri səmimi olduqlarını sübut etmək üçün heç olmasa sözügedən məktubdan sonra ermənilərin Xocalıda kütləvi soyqırımı törətdiklərini bəyan etməli, buna görə Ermənistanı qınamalıdırlar.

 

Ermənilərin növbəti hədəfi İsraildir?

 

Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş məktubda maraq doğuran digər bir məqam isə ermənilərin Azərbaycan və Türkiyə ilə yanaşı, İsraili də hədəfə almaları ilə bağlıdır. Daha doğrusu, ASALA-nın sözügedən məktubunda “Ermənistanı qərbdə Türkiyə, şərqdə Azərbaycan və müttəfiqləri olan sionistlər bir əhatəyə almışlar” fikirlərinin də əks olunmasına sıradan bir məsələ kimi yanaşmaq olmaz. Böyük ehtimalla, İsrailin “erməni oyunlarının” iştirakçısına çevrilməməsi erməniləri, dünya erməniliyini, həmçinin, Ermənistanın mövcud Sarkisyan rejimini narazı salıb. Odur ki, dünya erməniliyi və Sarkisyan rejimi ASALA-nın vasitəsilə “növbəti hədəfimiz İsraildir” mesajını vermiş olur. Hər halda, istər İsrail dövləti, istərsə də beynəlxalq birlik bu məsələyə etinasız yanaşmamalı, erməni terrorunun yeni hədəfləri müəyyənləşdirməsini ciddi siqnal kimi qəbul etməlidir.  

 

PKK-nın gerçək üzü ASALA

 

Sözügedən məktubda öz əksini tapan daha bir vacib məqam isə uzun illər türk xalqına qarşı qanlı aksiyalar həyata keçirən PKK terror təşkilatı ilə bağlıdır. Daha doğrusu, məktubda əks olunan “Türk qatillərin keçən yüzilliyin sonunda həyata keçirtdikləri-türklərə yaraşan və 600 min erməninin qətli ilə nəticələnən soyqırımı bu gün də ermənilərin yaddaşında yaşayır. Biz bu soyqırımın intiqamını bu gün PKK-nın silahlı əməliyyatlarına dəstək və direktiv verərək artıqlaması ilə almaqdayıq. Hər gün türk leşlərinin sayını yüksəltməkdəyik, o vaxta qədər ki, ölmüş türklərin sayı 40 min deyil, 600 minə çatacaqdır” sözləri zaman-zaman müxtəlif məkanlarda dilə gətirilən fikirlərin həqiqət olduğunu təsdiqlədi. Məlumat üçün deyək ki, həmin fikirlərdə PKK-nın kürdlərin deyil, ermənilərin yaratdığı terror təşkilatı olduğu, bu təşkilatın gerçək məqsədinin heç də küdrlərin hansısa azadlıqlara qovuşmasına yardım olmaq deyil, türklərə və elə kürdlərin özlərinə qarşı qanlı aksiyalar həyata keçirmək olduğu, bir sözlə, PKK-nın erməni siyasətinə xidmət etdiyi və tərkibinin böyük bir hissəsinin ermənilərdən ibarət olduğu bildirilirdi.

Bu məqamda “Türk Tarix Qurumu” Elmi Tədqiqat İnstitutunun sabiq rəhbəri Prof.Dr.Yusuf Halaçoğlunun vaxtı ilə Türkiyənin “A haber” televiziya proqramında verdiyi bir açıqlamanı xatırlatmaq yerinə düşər. Həmin açıqlamasında Yusuf Halaçoğlu demişdi ki, hazırda Türkiyə ərazisində 20 erməni aşirəti (qəbiləsi) kürd adı ilə yaşayır və separatçı fəaliyyətdə birbaşa iştirak edir. Arxiv sənədlərinə əsaslanan Yusuf Halaçoğlu “ermənilərin soyqırımı” iddialarının şişirdilmə olduğunu bildirərək, əslində, ermənilərin dinlərini və soyadlarını dəyişdirməklə Türkiyədə yaşamaqda davam etdiklərini dilə gətirmişdi. Alimin fikrincə, erməni terror təşkilatı ASALA-nın Türkiyədə fəaliyyətini gözlənilmədən dayandırmasından sonra PKK terror təşkilatının yaranması bəzi mətləblərdən xəbər verir. Daha doğrusu, PKK rəhbərliyində təmsil olunanların yarıya qədərinin erməni əsilli olmaları onların Türkiyəyə qarşı düşmən kəsildiklərinin göstəricisidir. Arxiv sənədləri, hətta PKK rəhbəri Abdullah Öcalanın da erməni əsilli olduğunu sübuta yetirir. Bu isə, əslində, PKK ilə ASALA-nın bir medalın iki üzü olduğuna işarə edir.

Eyni zamanda, PKK-nın yarandığı 35 il ərzində bu terror təşkilatı tərəfindən türklərlə bərabər minlərlə kürdün öldürülməsi onu deməyə əsas verir ki, bu gün Türkiyədə yaşayan ermənilər kürd adı altında gizlənərək terrorla məşğul olurlar. Digər tərəfdən, PKK-nın əsas hədəfi heç də kürd xalqının azadlığı deyil, əksinə, əsrlərlə bir yerdə yaşayan eyni dini, eyni adət-ənənəni bölüşən türklərə və kürdlərə zərbə vurmaqdır. Bu məqamda onu da vurğulayaq ki, “Daşnaksütyun” erməni federativ inqilab partiyasının 1892-ci ildəki qurultayından sonra bu terror təşkilatı “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür...” əmrini verib. Hər halda düşünməyə dəyər.

Onu da vurğulamaq yerinə düşər ki, ermənilərin kürdlərin içinə nüfuz etməsi bu günün söhbəti deyil. Bunun tarixi keçmişlərə gedib çıxır. Bu barədə isə növbəti yazılarımızda geniş söhbət açacağıq.

 

Erməni terrorunun tarixi

 

Budəfəki yazımıza isə erməni terror təşkilatlarının yaranma tarixi və onların “fəaliyyət” arealı haqqında statistik məlumatla yekun vururuq. Milli Təhlükəsizlik Nazirliyinin internet saytında qeyd olunduğu kimi, elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, “Böyük Ermənistan” dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları-1887-ci ildə yaradılmış “Armenakan”, sonradan “Hnçak” və “Daşnaksütyun” partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutublar. Beləliklə;

“Armenakan” partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölqələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.

“Hnçak” partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir: “Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”.

“Daşnaksütyun” erməni federativ inqilab partiyası: 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarıb. Məhz bu qurultaydan sonra “Daşnaksütyun” “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!” əmrini verib. “Daşnaksütyun” partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış “Erməni “soyqırımı”nın intiqamçıları” qrupu 1980-1982-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib; Məxfi terror qrupu DRO-nun bölmələri isə DRO-8, DRO-88, DRO-888, DRO-8888-dir. Daşnakların hazırda bu istiqamətdə fəaliyyəti davam edir.

“Erməni gizli azadlıq ordusu” (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü var. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları həyata keçirib.

“Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Bəzi mənbələrə görə terrorçu təşkilat kimi formalaşan ASALA-nın gerbində Kalaşnikov avtomatı təsvir olunub. Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etməsində rol oynayan əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan (“Mücahid”) 01.08.80-ci ildə “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirib: “Bizim düşmənimiz türk rejimi, NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir”.

28.04.1988-ci ildə A.Akopyan Afina şəhərində öldürülüb. Livanda 1980-ci ilin aprelində ASALA birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlib və bu niyyətlərini rəsmiləşdiriblər. Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA “pantürkist neft borusu” (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirib.

“Geqaron”: 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılıb. Məqsəd-Cənubi Qafqaz və Orta Asiya ərazilərinə türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının həyata keçirilməsidir.

“Erməni azadlıq hərəkatı” (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.

“Erməni azadlıq cəbhəsi”: 1979-cu ildə yaradılan bu terrror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

“Orli qrupu”: 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.

“Erməni soyqırım ədalət komandosları”: 1972-ci ildə Vyanada “Daşnaksütyun” partiyasının qurultayı zamanı yaradılıb. “Erməni soyqırımı ədalət komandosları”nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.

“Erməni birliyi”: 1988-ci ildə Moskvada yaradılıb. “ASALA” ilə sıx əlaqələri var, keçmiş Sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.

“Gənc ermənilər ittifaqı”: Diplomatların oğurlanması ilə məşğul olan bu təşkilat 1990-cı ildə Fransada yaradılıb.

“9 iyun qrupu”: Həbsdə olan erməni terrorçularının azad olunmasına çalışan bu təşkilat 1991-ci ildə İsveçrədə yaradılıb.

“İsveçrə qrupu”: Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bu təşkilat Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürüb.

“Demokratik cəbhə”: ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi - türk dövlətinin parçalanmasıdır.

“İntiharçılar eskadronu”: 1981-ci ildə Parisdə yaradılıb. Həmin ildə bu təşkilat Türkiyənin Fransadakı baş konsulluğunun zəbt edilməsində iştirak edib, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin, keçmiş rəhbəri Yan Kaşkayan həbs edilib. Hazırda qrupa rəhbərliyi Vaşqen Sakasaslenyan həyata keçirir.

“Apostol”: 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılıb. Məqsəd - Türkiyə və Azərbaycan ərazilərində terror aktlarının həyata keçirilməsidir.

 

 

Hazırladı: Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2012.-6 sentyabr.- S.5.