Erməni terroru tarixdə və bu gün...

 

Bu gün terroru dövlət siyasəti səviyyəsində həyata keçirən işğalçı Ermənistan təkcə Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz və dünya üçün təhlükə mənbəyidir

 

İkinci yazı

 

Erməni terrorunun tarixi və ermənilərin zaman-zaman həyata keçirdikləri qanlı aksiyalar barədə faktlara əsaslanan yazımızı davam etdiririk. Dünənki yazımızda da qeyd etdiyimiz kimi, hazırda dünyada sülhü və təhlükəsizliyi əsas götürən bütün ölkələrin gündəmindəki ana maddələrdən birini məhz terrorçuluğa və beynəlxalq terrorizmə qarşı mübarizə təşkil edir. Eyni zamanda, uzun illərdir ki, erməni terroruna məruz qalan ölkəmiz də bu mübarizədə ön sıralarda yer alır. Beynəlxalq terrorizmə qarşı mübarizədə sərgilədiyi əməkdaşlıqla yanaşı, Azərbaycan həm də yerləşdiyi bölgədə sülhün bərqərar olmasında mühüm rola malikdir. Lakin Ermənistanın işğalçı və terrorçu siyasəti hazırda Cənubi Qafqaz bölgəsinin inkişafına, dövlətlərarası münasibətlərin daha yüksək səviyyədə qurulmasına, o cümlədən, dünyaya inteqrasiyanın daha yüksək sürətlə həyata keçməsinə və sülhün təminatına ən böyük maneədir.

 

Erməni terrorunun hədəfləri - Türkiyə və Azərbaycan

 

Bu arada vurğulmaq yerinə düşər ki, əslində, erməni terrorunun tarixi erməni vəhşiliyinin, ermənilərin Türk dünyasına, Türkiyəyə, həmçinin, Azərbaycana qarşı həyata keçirdikləri insanlıqdan kənar, işğalçılıq siyasətinin tarixi ilə eynidir. Gələcək yazılarımızda ermənilərin Türk dünyasına qarşı ərazi iddiaları, Azərbaycan və Türk xalqlarına qarşı tarixin ötən dönəmlərində həyata keçirdikləri müxtəlif məzmunlu vəhşiliklər barədə faktlara söykənən məlumatlar təqdim edəcəyik. Budəfəki yazımızda isə, XX əsrin 80-90-cı illərində Azərbaycanda törədilən terror aktları haqqında geniş məlumat verməyə çalışacağıq. Bu da səbəbsiz deyil. Çünki, erməni terror təşkilatlarının bəhs edilən dövrdə Azərbaycana, xalqımıza qarşı həyata keçirdikləri terror aktları bir tərəfdən Ermənistanın torpaqlarımızın işğalı istiqamətində başladığı siyasətə dəstək vermək məqsədini daşıyırdısa, digər tərəfdən də “əvvəl Türkiyə, sonra isə Azərbaycan” prinsipinə əsaslanırdı. Məsələ burasındadır ki, bəhs edilən dövrdə ermənilərin xalqımıza qarşı başladıqları terror aksiyaları təxminən dünyanın müxtəlif bölgələrində türk diplomatlarına qarşı həyata keçirilən terror aksiyalarından sonrakı vaxta (1973-1987-ci illər) təsadüf edir.

 

Erməni terror təşkilatlarının Azərbaycana total hücumu

 

Beləliklə, Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terror təşkilatlarının Azərbaycana qarşı həyata keçirdiyi terror aksiyaları 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil edib ki, nəticədə də minlərlə günahsız insan həlak olub.

Onu da vurğulamaq yerinə düşər ki, bəhs edlən dövrdə ermənilərin xalqımıza qarşı terror aksiyaları total xarakteri alıb. Daha dəqiq desək, həmin aksiyalar bütün sahələri əhatə edib. Ümumilikdə götürsək, həmin qanlı aksiyalar aşağıdakı şəkildə təsnifatlandırılır: sərnişin avtobuslarında törədilmiş terror aktları, sərnişin və yük qatarlarında törədilmiş terror aktları, hava nəqliyyatında törədilmiş terror aktları, Bakı metropolitenində törədilmiş terror aktları, sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı, mülki şəxslərə və hərbçilərə qarşı törədilmiş terror aktları, həmçinin, mülki və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları.

 

İlk hədəf sərnişin avtobusları olub

 

Qeyd edək ki, bəhs edilən dövrdə erməni terrorçularının ilk hədəfi sərnişin avtobusları olub. Düzdür, bu istiqamətdə ilk qanlı aksiya hələ 1984-cü ildə reallaşdırılıb. Daha doğrusu, həmin ildə Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni terrorçusu Vartanov tərəfindən partladılıb. Nəticədə, 1 qadın həlak olub və 3 nəfər yaralanıb.

Erməni terrorçularının sərnişin avtobuslarına total hücumları isə 1989-cu ildən etibarən, müntəzəm xarakter alıb. Belə ki, 16 sentyabr 1989-cu il tarixində Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb. Nəticədə, 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.

13 fevral 1990-cı il tarixində Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılıb. Nəticədə, 13 nəfər azərbaycanlı yaralanıb. Terrorçuları həbs etmək mümkün olmayıb.

11 iyul 1990-cı il tarixində Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobusa və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilib. Nəticədə, 1 qadın, 7 kişi qətlə yetirilib, 23 nəfər isə ağır yaralanıb. İstintaq zamanı müəyyən edilib ki, terror aksiyasını Xankəndi şəhər sakinləri “Napoleon” ləqəbli Ayriyan Arkadi Abramoviç və Babayan Samvel Andronikoviç törədiblər. Onlar 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 nəfər azəbaycanlı kəndlisini də qətlə yetiriblər. Hər 2 cinayətkar həbs olunub və 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum ediliblər. S.Babayan 1992-ci ilin iyulunda azərbaycanlı girov və əsirlərlə dəyişdirilib. 1993-99-cu illərdə isə qondarma “DQR”in müdafiə naziri olub.

10 avqust 1990-cı il tarixində “Şamxor-Gəncə” avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF nömrəli avtobus partladılıb. Nəticədə, 17 nəfər həlak olub, 16 nəfər yaralanıb.

10 avqust 1990-cı il tarixində Tbilisi-Ağdam  marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb. Nəticədə, 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. Cinayəti törətmiş erməni terrorçuları Armen Mixayloviç Avanesyan və Mixayil Mixayloviç Tatevosov həbs olunub, 1992-ci ilin mayında A.Avanesyan ölüm cəzasına məhkum edilib, M.Tatevosov isə 15 il azadlıqdan məhrum edilib. İstintaq zamanı məlum olub ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırıb, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməyiblər. M.Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilib.

30 noyabr 1990-cı il tarixində Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus ermənilər tərəfindən partladılıb. Nəticədə, 2 milis işçisi yaralanıb.

14 mart 1991-ci il tarixində  “Ağdam-Şuşa” marşrutu üzrə hərəkət edən avtobus partladılıb. Nəticədə, 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.

8 sentyabr 1991-ci il tarixində Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun partladılması nəticəsində 6 nəfər qətlə yetirilib, 36 nəfər yaralanıb.

 

Erməni terrorçuları azərbaycanlıları sərnişin və yük qatarlarında də hədəfə alıblar

 

Erməni terrorçularının əsas hədəflərindən biri də azərbaycanlıların olduğu sərnişin, həmçinin, Azərbaycana məxsus yük qatarları olub. Belə ki, 24 mart 1990-ci il tarixində Noraşen-Bakı yolunun 364-ci km-də dəmiryolu partladılıb. Nəticədə, teplovoz və 3 vaqon partladılıb, 150 metrdən çox dəmiryolu xətti yararsız hala düşüb.

30 may 1991-ci il tarixində Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılıb. Nəticədə 11 nəfər həlak olub, 22 nəfər yaralanıb.

30 iyun 1991-ci il tarixində Dağıstan Respublikasının Temirtau  stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılıb. Nəticədə 16 nəfər həlak olub, 20 nəfər yaralanıb. Cinayətkarı müəyyən etmək mümkün olmayıb.

28 fevral 1993-cü il tarixində Dağıstan Respublikası ərazisində, Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarı partladılıb. Nəticədə, 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.

2 iyun 1993-cü il tarixində Bakı Dəmir yol vağzalında ehtiyat yolda dayanan sərnişin qatarının vaqonu partladılıb. Həlak olan və yaralanan olmayıb. Cinayəti törətmiş Xatkovski İqor Anatolyeviç 1994-ci il iyunun 22-də AR Hərbi Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.

1 fevral 1994-cü il tarixində Bakı Dəmir yol vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı törədilib. Nəticədə, 3 nəfər həlak olub, 20 nəfər yaralanıb.

9 fevral 1994-cü il tarixində Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılıb.

13 aprel 1994-cü il tarixdə Dağıstan Respublikasının Daqestanskie Oqni stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılıb. Nəticədə, 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.

 

Erməni terroru hər yerdə

 

Ötən əsrin 80-90-cı illərində erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri qanlı aksiyalardan danışarkən birmənalı olaraq “erməni terroru hər yerdə” demək olar. Çünki həmin dövrdə ermənilər təkcə quruda deyil, eyni zamanda, havada və suda da xalqımızı hədəfə alıblar. Hər halda aşağıda əks olunan faktlar da bunu sübut edir.

Beləliklə, 12 dekabr 1988-ci il tarixində zəlzələdə zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş İL-76 təyyarəsi Ermənistanın Spitak rayonunun Quqark şəhərinin yaxınlığında “Stinqer” raketi ilə vurulub. Nəticədə təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qalıb. Həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın An-12 təyyarəsini də vurublar. Bu iki fakt ermənilərdə türk düşmənliyinin hansı həddə olduğunu göstərməklə yanaşı, onların insanlıqdan kənar olduqlarını təsdiqləyir. Çünki istər azərbaycanlılar, istərsə də türklər zəlzələdən zərər çəkmiş ermənilərə yardım etmək üçün ora yollanmışdılar.

20 noyabr 1991-ci il tarixində Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli helikopter vurulub. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - Milli Məclisin deputatı, Dövlət katibi T.İsmayılov, Baş nazirin müavini millət vəkili Z.Hacıyev, Dövlət müşaviri millət vəkili M.Əsədov, Baş Prokuror İ.Qayıbov, millət vəkilləri V.Cəfərov və V.Məmmədov, Prezident Aparatının şöbə müdiri O.Mirzəyev, meliorasiya və su təsərrüfat nazirinin birinci müavini Q.Namazəliyev, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ.Plavski, MTN-in DQMV üzrə İdarəsinin şöbə rəisi S.İvanov, DQMV Daxili İşlər İdarəsinin rəisi V.Kovalyov, DQMV Fövqəladə vəziyyət rayonunun komendantı N.Cinkin, AR Dövlət katibinin köməkçisi R.Məmmədov, Azərbaycan Respublikası Dövlət Tele-radio Şirkətinin əməkdaşları - A.Mustafayev, A.Hüseynzadə və F.Şahbazov, Rusiya federasiyasından olan müşahidəçilər general-mayor M.Lukaşov və podpolkovnik V.Koçarov, Qazaxıstan Respublikasının daxili işlər nazirinin birinci müavini S.Serikov və 3 nəfər ekipaj üzvü həlak olub.

28 yanvar 1992-ci il tarixində Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki helikopter erməni terrorçuları tərəfindən vurulub. Nəticədə əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olub.

 

Bakı metropoliteni də erməni terrorundan yan qaça bilməyib

 

Məlum olduğu kimi, ötən əsrin 80-90-cı illərində xalqımıza qarşı qanlı aksiyalar həyata keçirən erməni terrorçularının əsas məqsədlərindən biri də Azərbaycanda xaos və qorxu yaratmaq olub. Bunun üçün isə əsas hədəf kimi Bakı metropoliteni götürülmüşdü. Bu da təsadüfi deyil. Çünki əhalinin daha çox istifadə etdiyi metroda baş verən hər hansı qanlı aksiya insan tələfatının çox olması ilə bərabər, eyni zamanda, mənəvi-psixoloji baxımdan daha böyük təsirə malik olur. Bunu bilən erməni terrorçuları da 1994-cü ildə Bakı metropolitenində iki terror aksiyası həyata keçiriblər.

Beləliklə, ilk terror aksiyası 19 mart 1994-cü il tarixində törədilib. Məlum olduğu kimi, həmin tarixdə Bakı metropoliteninin “20 Yanvar” stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstintaq tədbirləri zamanı müəyyən edilib ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib. Müəyyən olunub ki, “Sadval” separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin müxtəlif qurumları təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak ediblər. İstintaq zamanı o da müəyyənləşdirilib ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı, Bakının “Nizami” kinoteatrında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.

3 iyul 1994-cü il tarixində Bakı metropoliteninin “28 may” və “Gənclik” stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış nəticəsində isə 13 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü il tarixində əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilib. Məhkəmə araşdırmaları zamanı müəyyən olunub ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşüb, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirib. 9 iyun 1994-cü il tarxində Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirib və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd edib. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlib. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilib, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75” təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilib. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanıb, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilib. A.Aslanov “Yerevan-Mineralnıye Vodı-Bakı” marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda terror aktını həyata keçirib və yenidən Ermənistana qayıdıb. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunub. İstintaq zamanı müəyyən edilib ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilib.

 

Ermənistan terror dövlətidir

 

Beləliklə, yuxarıda sadalanan faktlar da Ermənistanın dövlət səviyyəsində terrorla məşğul olduğunu, daha doğrusu, bir terror dövləti olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur. Çünki bəhs edilən dövrdə xalqımıza qarşı həyata keçirilən terror aksiyalarının böyük bir hissəsinin arxasında məhz Ermənistan dövlətinin durduğu, bu işğalçı ölkənin əsas fəaliyyətinin məhz terrorizmə əsaslandığı kimsəyə sirr deyil. Bu isə onu deməyə əsas verir ki, əslində, Ermənistan dövləti və erməni xalqı terrordan, günahsız insanların qanının axıdılmasından “mənəvi qida” alır. Hər halda hələ Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlət yaradılmazdan öncə erməni xalqının zaman-zaman müxtəlif qanlı aksiyalarda baş rolda iştirak etməsi, həmçinin, erməni din xadımlərinin bu və ya digər şəkildə qanlı aksiyaları dəstəkləməsi və hətta erməniləri buna sövq etməsi belə deməyə əsas verir.

 

 

Hazırladı Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2012.- 7 sentyabr.- S.5.