Ermənistan terroru dəstəkləyən, terrorun arxasında duran, onu maliyyələşdirən bir
dövlətə çevrilib
Novruz Məmmədov: Bütün
dünya bilir ki, regionda gərginliyin azalmasına mane olan proses
və hadisə Ermənistanın Azərbaycan
torpaqlarını 20 ildən artıqdır ki, işğal
altında saxlamasıdır
Müsahibimiz
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur:
-
Novruz müəllim, Macarıstanda həbsdə olan zabitimiz
Ramil Səfərovun ölkəmizə ekstradisiyası və əfv
olunmasından sonra erməni terror təşkilatları azərbaycanlı
diplomatlara yönəlik şantaj və hədələrlə
çıxış ediblər. Nə qədər təəccüblü
də olsa, Ermənistan dövləti də beynəlxalq
hüquqa zidd olaraq, bu terror
çağırışlarına dəstək verməkdədir.
İstərdik, ilk olaraq, bu məsələlərlə
bağlı sizin mövqeyinizi öyrənək...
-
Qeyd etdiyiniz kimi, ASALA təşkilatı açıq-aydın
şəkildə azərbaycanlı diplomatları hədələyib
və onların “layihəsi”nə görə, Ramil Səfərovun
Azərbaycana verilməsində iştirak edən
diplomatlarımızı “cəzalandırmağı” qərara
alıblar. Bununla bağlı, bildiyiniz kimi, məkr, nifrətlə
dolu mətnlə də çıxış ediblər.
Ümumiyyətlə, bunun özü artıq çox
mühüm bir hadisədir. O mənada ki, dünya ictimaiyyəti
çox təəssüflər olsun ki, Azərbaycanla Ermənistan
arasında olan müəyyən məsələlərdə
həmişə Ermənistanın tərəfində
mövqe tutur. Bu isə Ermənistan tərəfini, onun indiki
separatist rəhbərlərini ruhlandırır və onlar istədikləri
addımları atmağa başlayırlar. Bu, eyni zamanda,
müəyyən erməni təşkilatlarını da
ruhlandırır, onların içərisində yüz ildən
artıqdır ki, terrorçu təşkilat kimi fəaliyyət
göstərən ASALA-nın da belə bir cəhd göstərməsinə
gətirib çıxarır. Məsələ
burasındadır ki, dünya ictimaiyyəti bununla da
terrorçunun kim olduğunu, kimin terrorçu fəaliyyətlə
məşğul olduğunu görməlidir. Ramil Səfərov
haqqında biz hər şeyi açıq-aydın dedik. Ramil Səfərovun
başına gələnlər, uşaq vaxtında
bütün yaxınlarını itirməsi,
doğmalarının onun gözünün qabağında qətlə
yetirilməsi, öz ata-baba yurdundan məhrum olunması,
yurd-yuvasının dağıdılması, Macarıstanda
olduğu zaman isə bu adama qarşı psixoloji təzyiqlərin
göstərilməsi və s. bunlar hamısı elə-belə
hadisələr deyil. Əslində, bunlar bir müharibə deməkdir.
Amma bununla belə, Ermənistan tərəfinin belə -
açıq şəkildə terroru dəstəkləyən
mövqe ortaya qoyması, həm bu ölkənin terroru dəstəklədiyini
təsdiqləyir, həm də ASALA kimi terrorçu təşkilatları
ruhlandırır. Elə bil ki, Ermənistan tərəfinə
bir bəhanə lazım idi ki, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli, danışıqlar,
sülh yolu ilə həllini uzatsınlar, mane olsunlar. Ona
görə də, bu məsələni əllərində
bayraq edib hay-küy salırlar. Digər tərəfdən,
çox təəssüflər olsun ki, hətta bəzi təşkilat
rəhbərləri belə regionda baş verən hadisələrə
düzgün yanaşmırlar, düzgün təhlil etmirlər,
düzgün mövqe bildirmirlər. Ona görə də,
yazırlar ki, guya bu hadisə regionda gərginliyin azalmasına
mane olur. Amma hamı bilir ki, əsas məsələ bundan ibarət
deyil. Bütün dünya da bilir ki, regionda gərginliyin
azalmasına mane olan proses və hadisə Ermənistanın Azərbaycan
torpaqlarını 20 ildən artıqdır ki, işğal
altında saxlamasıdır. Əgər o dairələr ədalətlidirlərsə,
qərəzli deyillərsə, buna mövqe bildirməlidirlər.
Digər
tərəfdən, Ermənistan dövlətinin rəhbərlərinin
özləri terror təşkilatında olublar, terror törədiblər.
Xocalı soyqırımını da onlar törədiblər,
Azərbaycan ərazisində onlarla qətl hadisələrini
onlar törədiblər. Çox təəssülər olsun
ki, bütün bunlarla bağlı, Qərbdəki həmin
dairələr, müxtəlif mətbuat orqanları heç
bir mövqe bildirmirlər. Xatirinizdədirsə, Ermənistan
prezidenti Serj Sarkisyan məktəblilərin
qarşısında çıxış edərək
demişdi ki, biz bu torpaqları aldıq, sizinsə
qarşınızda gələcəkdə, Türkiyə, Azərbaycan
və Gürcüstandan torpaqlar almaq missiyası durur. Amma buna
heç kəs heç bir yerdə mövqe bildirmədi.
Bütün bunların hamısı təəssüf
doğurmaya bilməz. Bununla belə, Azərbaycan müstəqil
dövlətdir, müstəqil xarici siyasət həyata
keçirir və Azərbaycan hansı addımları
atdığını bilir. Ona görə də, Azərbaycana
qarşı bütün bu dairələrin daha ədalətli
olması ən yaxşı yoldur və Azərbaycanı
öyrətmək, ona hansısa yol göstərmək də
lazım deyil.
-
Novruz müəllim, bayaq, beynəlxalq ictimaiyyətin erməni
terror təşkilatlarının terrorçu fəaliyyətinə
biganə, laqeyd münasibətindən danışdıq. Onda
haqlı şübhələr ortaya çıxır. Bu
gün ASALA-nın “dirildilməsində” sadəcə Ermənistan
dövlətimi maraqlıdır?
- Ermənistan
dövləti artıq öz fəaliyyəti ilə
terrorçu xarakterini ortaya qoyub. Bu da təsadüfi deyil. Ermənistanın
indiki rəhbərlərinin əksəriyyəti Dağlıq
Qarabağda törədilmiş terror aktlarında, qətliamlarda
birbaşa iştirak ediblər. Və bu gün onların
hakimiyyətdə qalması üçün də bu proseslər
olmalıdır. Ona görə də, Ermənistan terroru dəstəkləyən,
terrorun arxasında duran, onu maliyyələşdirən bir
dövlətə çevrilibdir. Bu məsələnin bir tərəfi.
Digər məsələ isə onların fəaliyyətinə
göz yumulması məsələsidir. Təəssüf ki,
bu məsələ belədir və mən sizinlə bu məsələdə
razılaşıram.
-
Beynəlxalq ictimaiyyətin ermənilərin terror
çağırışlarını və hədələrini
susqunluqla müşahidə etməsi, bunlara göz yummasının
səbəbləri nədir? Terrorçuluqla beynəlxalq
mübarizənin genişləndiyi bir vaxtda
açıq-aşkar terror çağırışları
edən bir dövlətə belə böyük “güzəşt”
nə ilə əlaqədardır?
- Əlbəttə
ki, bu, bizi çox təəssüfləndirir, biz bunları qəbul
edə bilmərik. Biz bir gənc dövlət kimi istəyirik
ki, Azərbaycanla bağlı nəyi istəyirlər desinlər.
Amma bu zaman ədalətli olsunlar, ədaləti ifadə etsinlər.
Amma təəssüflər olsun ki, bunu müşahidə
etmirik. Azərbaycanla bağlı bir şey eşidən kimi,
bütün hamısı qalxır və başlayırlar bununla
bağlı mövqe bildirməyə. Amma Ermənistanın Azərbaycan
torpaqlarını 20 ildir işğal altında saxlaması,
bir milyondan artıq vətəndaşımızın
qaçqın və köçkünə çevrilməsi
ilə bağlı heç bir söz demirlər. Biz bunu qəbul
edə bilmərik. Bu cür ədalətsiz mövqe strateji
baxımdan onların özləri üçün ziyan gətirəcəkdir.
- Ermənistan
parlamenti Azərbaycanın işğal altındakı
Dağlıq Qarabağ bölgəsinin müstəqilliyinin
tanınması ilə bağlı sənəd
hazırlayıb və yaxın zamanlarda bu layihənin
müzakirə olunacağı gözlənilir. Beynəlxalq
hüquqi nöqteyi - nəzərdən, Ermənistanın bu,
növbəti təxribatını necə şərh edərdiniz?
- Bu,
Ermənistan üçün beynəlxalq hüquq
normalarının heç bir əhəmiyyət
daşımadığını göstərir, bu,
saymamazlıqdır. Çünki ermənilər
arxalarında bəzi qüvvələrin dayandığını
görürlər. Bu qüvvələr ermənilərə hər
şeyi etməyə, hər sözü deməyə şərait
yaradır. Heç kim də onların bu hərəkətlərinə
münasibət bildirmir. Bu kimi addımların atılması
da buradan qaynaqlanır. Amma ermənilər o qədər də
ağıllı deyillər. Çünki bütün bunlar
panika, isterika içərisində atılmış
addımlardır. Hazırda, ermənilər isterika içərisindədirlər.
Ağıllarına gələn addımları atmaları da
bunu göstərir. Qondarma “Dağlıq Qarabağ
Respublikası”nın tanınmasına dair fikirlər də bu
addımlardan biridir. Bununla onlar indiyədək
görülmüş işlərin hamısının
üstündən xətt çəkərək özlərinin
işğalçı olduqlarını və
işğalçı siyasət həyata keçirdiklərini,
başqa bir dövlətin ərazisinə artıq hüquq
çərçivəsində deyil, birbaşa, zorla sahib
olmaq istəklərini büruzə verərlər ki, bu da
onlara baha başa gələr və onlara böyük zərbə
olar.
-
Novruz müəllim, məlum olduğu kimi, İranda həbs
olunan iki azərbaycanlı şair iki gün öncə azad
olunublar. Bundan sonra isə, İran rəsmiləri Azərbaycanla
münasibətlərin gələcək perspektivləri ilə
bağlı müsbət fikirlər səsləndirdilər.
Belə demək mümkündürmü ki, bir müddət əvvəl
İran-Azərbaycan münasibətlərində
özünü göstərən narahatlıq aradan
qaldırılıb?
- Azərbaycan
Respublikası müstəqil xarici siyasət həyata
keçirir və onun əsas fundamental prinsiplərindən
biri qonşu dövlətlərlə dostluq və sıx əməkdaşlıq
münasibətləri qurmaqdır. Bütün bunlardan əlavə,
Azərbaycan və İran dövlətləri arasında,
xalqlarımız arasında münasibətlər mehriban
qonşuluq və sıx əməkdaşlıq prinsipləri
üzərində qurulub və bu günə qədər də
formalaşıb. Lakin çox təəssüflər olsun ki,
son vaxtlarda İranın müəyyən dairələrində,
hərbi dairələrdə, dini dairələrdə, özlərinin
səlahiyyəti olmadan, dövlətin xarici siyasətinə
müdaxilə olan müxtəlif bəyanatlar səsləndiriblər.
Şübhəsiz ki, buna da reaksiya verilibdir. Ancaq mən
düşünürəm ki, İran tərəfindən də
başa düşülüb ki, münasibətlərin belə
məcrada davam etməsi, hansısa kənar qüvvələrin
maraqlarına uyğun gələ bilər. Yəni bu iki
dövlət arasında dostluq və mehribanlıq bəzilərinin
xoşlarına gəlməyə də bilər. Azərbaycan
İranla bağlı siyasətdə özünün
fundamental prinsiplərinə həmişə sadiq olubdur. Eyni
zamanda, İran prezidentinin əlaqələrimiz haqqında
müsbət fikirləri, İranda həbsdə olan gənc
şairlərimizin azadlığa buraxılması və digər
müsbət addımlar şübhəsiz ki, son zamanlar
münasibətlərimizdə müşahidə olunan bəzi
narahatçılığa son qoya bilər.
Düşünürəm ki, belə addımları davam
etdirməklə, münasibətlərimizi layiq olduğu ən
yüksək səviyyəyə qaytarıb, onu daha da dərinləşdirə
və inkişaf etdirə bilərik.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.- 2012.- 7 sentyabr.-
S.3.