Bakı
Avropanın iri şəhərləri ilə
rəqabət apara biləcək dərəcədə
gözəldir
Estoniyalı
jurnalist: Azərbaycanı tipik bir Şərq ölkəsi kimi
təsəvvür edirdim, sən demə, bura Avropanın tam mərkəzi
imiş
Bu ilin mayında
Avropanın nüfuzlu
musiqi yarışması
olan “Eurovision-2012” mahnı
müsabiqəsinin Bakıda
uğurla keçirilməsi
xaricdə ölkəmizə
olan marağı daha da artırdı. Müsabiqədən
sonra bir sıra ölkələrin
KİV nümayəndələri, eləcə də, dünyanın aparıcı
telekanallarının təmsilçiləri
ölkəmizə gələrək
Azərbaycan haqda, onun mədəniyyəti, zəngin musiqisi və mətbəxi, görməli yerləri və tarixi abidələri barədə
silsilə reportajlar hazırlayıb öz ölkələrində nümayiş
etdirdilər. Müsabiqədən
xeyli müddət keçməsinə baxmayaraq,
bu proses indinin özündə də davam etməkdədir.
Bu günlərdə ölkəmizdə səfərdə
olan Estoniyanın
“Radio 4 “(www.R4.ee) radiostansiyasının redaktoru Dina Treial (Prusakova) “Yeni Azərbaycan” qəzetinin qonağı olub və Azərbaycan, paytaxt Bakı, xalqımızın qonaqpərvərliyi
haqda təəssüratlarını
bizimlə bölüşüb.
-Dina xanım, Bakıya xoş gəlmişsiniz. Əvvəlcə oxucularımıza özünüzü təqdim
edərdiniz.
-Mən Estoniyanın
Milli Teleradio Korporasiyasına daxil olan “Radio 4” radiostansiyasında
redaktor vəzifəsində
çalışıram. 1993-cü ildən fəaliyyət göstərən radiomuz,
əsasən, Baltikyanı
ölkələrdə yaşayan
rusdilli auditoriya üçün nəzərdə
tutulan proqramlarla hər gün dinləyicilərin görüşünə
gəlir. Kollektivimiz təcrübəli
kadrlardan ibarətdir, onların arasında ən gənci elə mənəm. Avropa Şurası ilə gözəl əməkdaşlığımız
var, uzun müddətdir ki, birgə layihələr hazırlayırıq. Xatırladım ki, radiomuzda, böyük heyətdə
xəbərlər redaksiyası
fəaliyyət göstərir.
Hər saatın tamamında ən operativ xəbərlərlə dinləyicilərin
görüşünə gəlirik.
Əməkdaşlarımız daha çox
hadisə yerindən canlı reportajlar hazırlamağa üstünlük
verirlər. Odur ki, tez-tez qonşu dövlətlərə, eləcə
də, Ukrayna, Belarus, Fransa, İsveçrəyə
ezam olunurlar. Həmin ölkələrdəki dünya
şöhrətli incəsənət
xadimləri, siyasətçilər,
yaxud biznesmenlər, dünya kino ulduzlarından eksklüziv
müsahibələr hazırlayırıq.
Yaxud da müxtəlif beynəlxalq tədbirlərdən,
festivallardan canlı yayımlar hazırlayırıq.
Bu ilin ən
möhtəşəm beynəlxalq
layihələrindən biri
də, sözsüz ki, Azərbaycan paytaxtında keçirilən
“Eurovision” musiqi müsabiqəsi
idi. Beləliklə, günlərin birində
redaksiyadan mənə
dedilər ki, hazırlaş, Bakıya gedəcəksən.
-Demək, bu, sizin Bakıya artıq ikinci gəlişinizdir?
-Bəli, ilk dəfə bu gözəl şəhərə may ayında,
“Eurovision-2012” mahnı müsabiqəsini
işıqlandırmaq üçün
gəlmişdim. Bəribaşdan deyim ki, o zaman
paytaxtınız məndə
təkrarolunmaz xoş
təəssüratlar oyatdı.
Belə ki, sözün doğrusu, şəhəriniz
haqda çox da geniş təsəvvürlərim
yox idi. Amma təqribən düşünürdüm
ki, Azərbaycan, hadarasa, həm Avropa, həm də Şərq mədəniyyətini özündə
cəmləşdirən orta
səviyyəli bir ölkədir. Daha çox
incəsənət xadimləriniz,
məşhur bəstəkarlar
və müğənniləriniz
haqda məlumatlarım
var idi. Bir də bilirdim ki, Sovet illərində
çox məşhur
olan “Brilyant əl” kinokomediyası Bakıda çəkilib.
Filmdən Bakı tipik
kiçik bir Şərq ölkəsi şəhəri- çox
da hündür olmayan binalardan ibarət bir şəhər kimi yadımda qalmışdı.
Fikirləşirdim ki, indi şəhərin küçələrində
kişilər Misir, yaxud Pakistandakı kimi uzun paltarlarda,
qadınlar isə, digər müsəlman ölkələrində olduğu
kimi, üzüqapalı
-hicabda gəzirlər.
Təyyarəmiz hava limanında
yerə enərkən,
ölkəniz haqda təsəvvürlərim tamamilə
dəyişdi. Mehmanxanaya
gələrkən yolboyu
geniş küçələrə,
bu küçələrdə
şütüyən xarici
ölkə istehsalı
olan bahalı avtomobillərə, sayrışan
işıqlara qərq
olmuş Bakının
gözəl mənzərəsinə
baxdıqca həm sevinir, həm də dərindən köks ötürürdüm
ki, niyə indiyədək bu şəhərdə olmamışam.
Xatırlayırsınızsa, jurnalistlər Bakıya
müsabiqə başlamazdan
bir həftə öncə gəlmişdilər.
Boş vaxtlarımızda şəhəri
gəzirdik. Hündür göydələnlər, əzəmətli
binalar, yaraşıqlı
park və xiyabanlar, dənizkənarı bulvar,
bütün gördüklərim
Bakının əsl Avropa şəhəri olmasından xəbər verirdi. Deyərdim ki, hətta
Bakı Avropanın iri şəhərləri
ilə rəqabət apara biləcək qədər yaraşıqlı
bir şəhərdir.
Burada özünü
lap Avropanın mərkəzində
hiss edirsən. İnsanları xoşxasiyyətli və mehribandır, səninlə
bir neçə dildə sərbəst ünsiyyət qururlar, geyimlərinizə isə söz öla bilməz. Avropasayağı, özü də
ən son dəbə uyğun geyimlərdəki
insanlar bir-birindən yaraşıqlıdırlar. Düşünürdüm ki, küçədə
gəzərkən, əcnəbi olduğumuzu bilib, oğlanlar
bizə söz atacaqlar. Buradakı
insanların tolerantlığına heyran olmuşdum, necə də
gözəl insanlarınız var. Bir sözlə, Azərbaycan
paytaxtı məndə bir ömrə yetəcək qədər
xoş təəssüratlar oyatdı. Odur ki, qərara gəldim
ki, “Eurovision” bitəndən sonra, bu xalq, bu ölkə ilə
yaxından tanış olmaq
üçün mütləq təkrar Azərbaycana gələcəyəm.
Bax, görürsünüzmü, yenidən Azərbaycandayam.
-Bəs
“Eurovision-2012” mahnı müsabiqəsinin təşkili, eləcə
də, keçirilməsini necə qiymətləndirirsiniz?
-Doğrudur,
indiyədək “Eurovision” müsabiqələrinin canlı
iştirakçısı olmamışam. Yalnız
televiziya vasitəsi ilə izləmişəm. Bu il isə müsabiqəni yaxından izləmək,
onun iştirakçısına çevrilmək mənə də
qismət oldu. Amma mətbuat mərkəzində
digər ölkələrdən olan jurnalistlər belə
söyləyirdilər ki, 57-ci dəfə keçirilən
“Eurovision” müsabiqəsinin tarixində hələ indiyədək
belə bir şey olmayıb. Bakı, həm
müsabiqənin yüksək səviyyədə təşkili
və keçirilməsi, həm də jurnalistlər
üçün yaradılan belə komfort şəraitə
görə müsabiqənin tarixində bir ilkə imza
atdı. Mən hələ “Baku Chrystal Hall”un qısa bir zamanda tikilməsini demirəm. Müsabiqədən əvvəl belə söhbətlər
gəzirdi ki, sarayın tikintisini başa çatdırmaq
mümkün olmayacaq. Amma Azərbaycan, nəinki bu nəhəng
sarayın tikintisini vaxtında başa çatdırdı,
eyni zamanda, sarayda quraşdırılan möhtəşəm
səhnə indiyədək “Eurovision”
yarışmalarının keçirildiyi ən böyük səhnə
oldu. Bundan əlavə, müsabiqənin
açılış mərasimində göstərilən
şoular, deyərdim ki, ən mükəmməl səviyyədə
hazırlanmışdı. Bir sözlə,
Azərbaycan öz incəsənətini, zəngin musiqisini
layiqli şəkildə Avropa tamaşaçısına təqdim
edə bildi. Eyni zamanda, ölkənin imicinə
müsbət xallar da yaza bildi. Hesab edirəm
ki, Bakıda təşkil olunan “Eurovision-2012” hələ uzun
illər bu müsabiqənin təşkilatçıları
üçün örnək olaraq qalacaq. Həmçinin,
bu, avropalı mütəxəssislər üçün
başlıca müzakirə mövzularından biri olacaq.
Daha iki məqamı xüsusi vurğulamaq istəyirəm.
Bilirsiniz ki, müasir zamanda, jurnalistin birinci “silahı”
internetdir. Hazırladığın
reportajı, yaxud yazdığın materialı operativ şəkildə
ötürmək üçün bu bizə hava-su kimi
lazımdır. Digər ölkələrdən
olan həmkarlarım da etiraf edirdilər ki, bu baxımdan mətbuat
mərkəzində bizim üçün ideal bir şərait
yaradılmışdı- bu məsələ çox yüksək
peşəkarlıqla həll edilmişdi. Və
nəhayət, müsabiqə
iştirakçılarının və qonaqların təhlükəsizlik
məsələlərinə də toxunmaq istərdim. Əvvəlki müsabiqələrdə iştirak
etmiş jurnalistlərin də qeyd etdiyi kimi, təhlükəsizlik
məsələləri indiyədək məhz Bakıda ən
yüksək şəkildə təşkil olunub. Müsabiqə iştirakçısı olan hər
bir ölkə üçün ayrıca komfortlu avtobuslar
ayrılmışdı, qonaqlar onlara təhkim olunmuş
xüsusi bələdçilərin və təhlükəsizlik
xidməti əməkdaşlarının müşayiəti
ilə istədikləri ünvana-şəhərin görməli
yerlərinə səyahət edə bilirdilər.
Bütün bunlar, sözsüz ki, Azərbaycanın adına müsbət dividendlər gətirən
amillərdir.
-Dediniz ki, Azərbaycanla, onun xalqı, mədəniyyəti ilə yaxından tanış olmaq üçün təkrar Bakıya gəlməyə qərar verdiniz. Bəlkə, burada reallaşdırmaq istədiyiniz layihələrdən danışaq?
- Öncə ondan başlayım ki, bu səfəri təşkil etdikləri üçün Beynəlxalq Diaspora Mərkəzinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. İstək bizdən olsa da, bilirsiniz ki, tərəfdaş olmasa, hər hansı bir layihə reallaşa bilməz. İkincisi isə, sözün düzünü deyəcəyəm, bu gün Estoniya ictimaiyyətində Azərbaycan haqda məlumatlar çox azdır. Amma “qonşularınız”, maşallah, əllərinə fürsət keçən kimi eston mətbuatında Azərbaycanın əleyhinə bir tozanaq, haray-qışqırıq qaldırırlar ki, gəl görəsən. Bakıda olduğum müddətdə planlaşdırırıq ki, bir sıra rəsmilərlə görüşüb, Azərbaycanın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda onların fikirlərini öyrənim. Bilirsiniz, bu, eston ictimaiyyəti üçün bir yenilik olacaq. Dinləyici məlumatı ilk mənbədən alanda daha inandırıcı olur. Burada olduğum müddətdə, həmçinin, Quba rayonundakı soyqırımı məzarlığından, Tərtər rayonunda məskunlaşan Xocalı rayonundan olan məcburi köçkünlərə baş çəkib oradan canlı reportajlar hazırlamaq niyyətindəyəm. Həmçinin, sərhəd bölgəsinə də səfər etmək planım var. Burada görəcək işlərimiz çoxdur, qismət olsa, inşallah, hamısını çatdıraram.
-Deyirsiz ki, Estoniya ictimaiyyətində Azərbaycan haqda məlumatlar azdır. Bildiyim qədər Tallində Azərbaycan cəmiyyəti çox aktiv fəaliyyət göstərir. Hətta sizin parlamentdə azərbaycanlı deputat belə var.
-Bütün sadaladıqlarınız doğrudur. Estoniyada Azərbaycan Milli Mədəniyyət cəmiyyəti var, onlar aktiv fəaliyyət göstərirlər. Həmyerliniz Eldar Əfəndiyev Estoniya parlamentinin çox aktiv üzvlərindən biridir. Diaspora üzvləri hər il toplaşaraq müxtəlif milli bayramlarınızı qeyd edirlər, qonaqları milli mətbəx nümunələri ilə tanış edirlər. Həmçinin, anım mərasimləri keçirirlər, eston mətbuatında çıxışlar edirlər. Bundan əlavə, Azərbaycan-Estoniya Ticarət Palatasının həmsədri Yana Krimpe və Avropa parlamentində Estoniyanı təmsil edən deputat Kristina Ojuland, hansı ki, parlamentin vitse-spikeri olan zaman dəfələrlə ölkənizdə səfərdə olub, onlar da mütəmadi olaraq Azərbaycanla əməkdaşlıq barədə dinləyicilərə məlumatlar verirlər. Həmçinin, Estoniyadakı Azərbaycan diasporunun sədri Niyazi Hacıyev də tez-tez qonağımız olur. Bax, ictimaiyyət bunu, birtərəfli mövqe kimi qəbul edir. Amma əgər sənin ölkənin jurnalisti gedib hansısa ölkədən material hazırlayırsa, o, daha yaxşı qəbul olunur. Burada bir haşiyə çıxmaq istəyirəm. Estoniyada hansısa dövlət tədbiri keçirilirdi. Tədbirdə bizim keçmiş prezident Arnold Ruutel də iştirak edirdi. Tədbir başa çatdıqdan sonra müxtəlif ölkələrdən olan jurnalistlər prezidentə suallar verirdilər. Növbə mənə çatanda. Təbii, eston dilində sualımı verdim. Amma prezident əvvəlcə diqqətlə üzümə baxdı, qarayanız olduğumu görüb məni Azərbaycan jurnalisti kimi qəbul etdi və iki ölkə arasında əlaqələrin inkişafından danışmağa başladı. Bu hadisə, bizim redaksiyada sonradan lətifəyə çevrildi. Azərbaycandan söhbət düşəndə hamı mənə tərəf baxıb gülürdü. Bunun digər bir səbəbi də odur ki, həqiqətən sizin dövlət bayrağınız çox gözəldir və o hazırda mənim iş masamın üstündədir. Bax, görürsüz, bəlkə də bunlar təsadüfdür, bir-birinin ardınca baş verir - “Eurovision” məsələsi çıxanda da ən gənc kadr kimi mənim namizədliyim üzərində dayandılar. Demək, bu, bir qismətdir. Gərək mən də bundan belə Azərbaycan üçün lobbiçilik edəm (gülür).
-Artıq Azərbaycanda bir dəfə olmusunuz, yerli mətbuatı izləmək şansınız olub. Bəs Azərbaycanda KİV-in durumu, yaxud söz azadlığının vəziyyətini necə qiymətləndirirsiniz?
-Bakıda olduğum ilk səfərimdə yerli mətbuatla az-çox tanış ola bilmişdim. “Eurovision” mətbuat mərkəzində olarkan Azərbaycandan olan jurnalistlərlə təmaslarım olurdu. Onların söylədiklərindən belə qənaətə gəlirdim ki, burada, bir çox postsovet ölkələri ilə müqayisədə mətbuat daha azaddır. İstənilən şəxs istənilən sayda KİV təsis edə bilər. Bildiyim qədər, sizdə informasiya saytlarına, eləcə də, elektron TV-lərin fəaliyyətinə də heç bir qadağa yoxdur. O barədə də eşitmişdim ki, Azərbaycan Prezidenti İlham Əliyev özü demokratik fikirli dövlət başçısıdır və ölkədə demokratik institutların bərqarar olması üçün səylərini əsirgəmir. Bütün bunlar ölkənin beynəlxalq imicinə müsbət təsir göstərən amillərdir. Hesab edirəm ki, Azərbaycan bu sahədə bir çox MDB, eləcə də, Şərqi Avropa ölkələri üçün örnək ola blər.
-Səmimi söhbət üçün təşəkkür edirik, sizə işlərinizdə uğurlar arzulayırıq.
-Sağ olun.
Səlim Loğmanoğlu
Yeni Azərbaycan.- 2012.- 8 sentyabr.-
S.7.