Türkdilli
dövlətlərin birliyini gücləndirmək
üçün böyük potensial mövcuddur
Milli Məclisin
deputatı Jalə Əliyeva www.yap.org.az saytına müsahibə
verib:
- Jalə
xanım, qloballaşma şəraitində türkdilli dövlətlərin
birliyinin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Təbii
ki, türk xalqları arasında birliyin güclənməsi
tarixi bir zərurətə çevrilib. Dünyanın
qloballaşdığı şəraitdə bu birlik öz əhəmiyyətini
daha da aktuallaşdırır. Bildiyiniz kimi
Sovetlər birliyi süqut etdikdən sonra türkdilli dövlətlər
arasında əlaqələrin genişlənməsi istiqamətində
addımlar atılmağa başlanıb və bir sıra ciddi
nəticələr əldə edilib. Türkdilli
dövlətlərin Əlaqələndirmə
Şurasının yaradılması da bu fəaliyyətin nəticəsidir.
Bu gün hər bir millət öz kökünə
bağlılığını qorumaqla inkişaf edir. Bu baxımdan,
xalqımız milli-mənəvi, tarixi dəyərlərinə
istinad etməklə inkişafını həyata keçirir.
Bilirsiniz ki, türk dövlətləri
arasında daha çox Azərbaycan və Türkiyə dərin
münasibətlərə malikdir. Dövlətlərimiz
arasında münasibətlər dostluq və qardaşlıq
prinsiplərinə əsaslanır. Əlbəttə,
Azərbaycanın digər türkdilli ölkələrlə
yaxşı əlaqələri mövcuddur. Amma biz bütün türkdilli ölkələr
arasında əlaqələrin daha da dərinləşməsinə
maraqlıyıq.
Son illər bölgədə strateji layihələr həyata
keçirilir və bu layihələrin reallaşmasında Azərbaycan
xüsusi rol oynayır. Son zamanlar Azərbaycanla Türkiyə
arasında neft-qaz sahəsində mühüm sənədlər
imzalanıb və bu layihələr dövlətlərimizin nəinki
bölgədə, bütün dünyada mövqelərinin
güclənməsinə xidmət edir. Onu
da qeyd edim ki, Mərkəzi Asiyada yerləşən türk
dövlətləri də böyük təbii sərvətlərə
malikdir və onlar da daha güclü olmaq üçün bu
amildən istifadə edə bilərlər. Son illər Avropada xüsusilə Azərbaycanın və
Mərkəzi Asiyanın neft-qazına böyük ehtiyac duyurlar.
Türk dövlətləri öz birliyini
gücləndirmək üçün vahid enerji layihələrini
həyata keçirə bilər. Təbii ki, bu faktor
siyasi cəhətdən də böyük əhəmiyyət
kəsb edər və türk xalqlarının daha dərin əlaqələrinə
səbəb ola bilər. Həmçinin,
bununla da dünyada türkdilli ölkələrdən ibarət
yeni bir güc mərkəzi formalaşması reallığa
çevriləcək. Hesab edirəm ki, bu
hədəflərə çatmaq üçün
güclü potensial mövcuddur.
- Məlum
olduğu kimi, Ermənistanın qeyri-konstrukiv mövqeyi səbəbindən
Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə
həllini tapmır. Sizcə, bu problemin həllində
türk dövlətlərinin rolu nədən ibarət
olmalıdır?
- Bu
münaqişə Azərbaycanın yeganə problemidir. Ermənistanın təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizi işğal olunub və bir
milyondan çox insan öz yurdlarından didərgin
düşüb. Təbii ki, son illər
ölkəmiz sürətlə inkişaf edib və beynəlxalq
müstəvidə mövqeyini gücləndirib. Bu proses
hal-hazırda da davam etməkdədir. Danışıqlar
prosesində də Azərbaycan böyük üstünlük
əldə edib. Amma Ermənistanın
qeyri-konstruktiv mövqeyi və bir sıra böyük dövlətlərin,
beynəlxalq qurumların ikili standarlar nümayiş etdirməsi
səbəbindən problem hələ də sülh yolu ilə
həllini tapmır. Vasitəçilik
missiyasını həyata keçirən həmsədrlər
isə Ermənistanın işğalçı dövlət
olduğunu açıq şəkildə bildirmirlər.
Belə olan təqdirdə, Azərbaycana digər
türkdilli ölkələrin dəstək verməsi zəruridir. Doğrudur, bu
məsələdə Türkiyə çox prinsipial mövqe
nümayiş etdirir. Amma bununla
yanaşı digər türk dövlətlərinin fəal dəstəyinə
ehtiyac var. Əlbəttə ki, müxtəlif beynəlxalq tədbirlərdə
həmin dövlətlər Azərbaycanın ədalətli
mövqeyini dəstəkləyirlər. Bununla
belə, hesab edirəm ki, eyni kökə malik bu dövlətlər
də Qarabağ məsələsinin dünya ictimaiyyətinə
çatdırılması üçün addımlar
atmalıdır.
Azərbaycan tolerant ölkədir və bu, dünya
üçün bir nümunədir. Ölkəmizdə
bütün xalqlar mehriban şəraitdə yaşayırlar.
Dağlıq Qarabağ tarixən Azərbaycan
torpağıdır, buraya ermənilər sonradan
köçürülüb. Bu həqiqətlər
dünya ictimaiyyətinə məlumdur. Buna
baxmayaraq Azərbaycan Qarabağda yaşayan bütün
insanları öz vətəndaşları kimi qəbul edir və
onlara bərabər münasibət bəsləyir. Münaqişənin həll olunması bu bölgənin
həm azərbaycanlı, həm də erməni əhalisinin
inkişafında böyük rol oynayacaq. Ona
görə də, bütün hədəflər Ermənistanın
işğalçılıq siyasətinə son qoyulmasına
yönəlib.
- Türk
xalqlarının ortaq dilinin yaradılması da zaman-zaman
gündəmə gəlir. Bu təşəbbüslərin
reallaşması üçün hansı tədbirlər
görülməlidir?
- Türk
xalqlarının ortaq dilinin yaradılması məsələsi
hələ ötən əsrin əvvəllərindən
başlayaraq bu günə qədər həmişə əsas
müzakirə mövzularından biri olaraq qalır. Bu barədə çox müxtəlif fikirlər
ortaya çıxıb. Təbii ki, bu,
qısa müddətdə həll olunası məsələ
deyil. Türk dövlətlərində
baş verən siyasi və digər proseslər, bu xalqların
arasında əlaqələrin genişlənməsinə mane
olub və hətta onlar bir-birindən müəyyən qədər
ayrı düşüblər. Sovetlər
birliyi dağıldıqdan sonra müstəqillik qazanan
türkdilli ölkələrin bəzilərində müəyyən
problemlər qalmaqdadır.
Biz vaxtaşırı beynəlxalq tədbirlərdə
oluruq. Müxtəlif səviyyəli forumlarda türk
dövlətlərindən gələn nümayəndələr
Azərbaycan və Türkiyə istisna olmaqla rus dilində
çıxış edirlər. Düşünürəm
ki, problem burdan başlayır. Onlar öz
dillərində danışanda da aydın başa
düşülmür. Eyni kökdən gələn
xalqların əsrlər boyu həm coğrafi təsirlər nəticəsində
dillərində dəyişiklər baş verib, həm də
rejimlərin təsiri ilə assimilyasiyaya məruz qalıblar.
Yəni onlar öz dillərində də
danışsalar başa düşülən olmur, rus dilində
danışmaları da qəbul olunmazdır. Bu problemi həll etmək üçün ortaq
nöqtəyə gəlmək lazımdır. Necə ki, ingildis dili bütün beynəlxalq tədbirlərin
danışıq dilidir, ondaq başqa müəyyən sahəni
əhatə edən dillər var ki, beynəlxalq tədbirlərdə
istifadə olunur. Belə olan halda
düşünürəm ki, türkdilli dövlətlərin
də ortaq dilini yaradaraq xalqların bu dildə
danışmasına şəraitin yaranması gələcək
üçün yaxşı olar.
Müstəqil türk dövlətlərindən
başqa ölkələrdə də türk dilində
danışan xalqlar var və onların coğrafiyası
genişdir. Belə ki. Rusiya, Çin, Şərqi Avropa
ölkələrində və digər yerlərdə belə
xalqlar mövcuddur. Hər kəsin dövlət dili öz
yerində qalmalıdır, amma digər xalqların nümayəndələri
ilə danışmaq üçün otaq dilə ehtiyac var.
Ona görə də, nüfuzlu ziyalılar, elm adamları bir
araya gələrək məsələnin həllinə nail ola bilərlər. Bu, türkdilli
xalqların daha yaxınlaşmasında böyük rol
oynayacaq.
- Jalə
xanım, ölkə Prezidentinin “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında” Sərəncamının əhəmiyyəti nədən
ibarətdir?
- Sərəncam
damarında azərbaycanlı qanı axan, öz Vətənini,
dilini sevən hər bir insanın ürəyindəndir. Belə bir Sərəncam verdiyi üçün bir
daha ölkə rəhbərinə təşəkkür
edirik. Bu, əslində, çoxdan bəri
gözlənilən bir Sərəncam idi, çünki ona
böyük ehtiyacımız vardı.
Xüsusilə bu sahənin mütəxəssisləri, o
cümlədən Milli Məclisin Mədəniyyət komitəsinin
üzvləri Azərbaycan dilinin bugünkü vəziyyəti
ilə bağlı bu günə qədər həyəcan təbili
çalanlar sırasında olub. Həqiqətən də, dəfələrlə
iclaslarımızda, bütün
çıxışlarımızda Azərbaycan dilinin bu
gün televiziyalarda, mətbuat orqanlarında, küçədəki
reklam çarxlarında düşdüyü vəziyyəti,
mətbəələrdə yayımlanan mətbu nümunələrində
Azərbaycan dilinin özünəxaslığına bir
kölgə gətirilməsi haqqında
danışmışıq.
Təbii ki, bu baxımdan belə
düşünürük ki, bu, çox vaxtında
verilmiş bir Sərəncamdır və bu Sərəncamdan
sonra nəhayət, dövlət dilimizin təmizliyinin,
saflığının qorunması istiqamətində ciddi nəticələr,
müsbət irəliləyişlər əldə ediləcək. Cənab
Prezidentin Sərəncamında məhz cəmiyyətdən gələn
narahatçılıq və dilimizlə məşğul olan
insanların narahatçılığı bənd-bənd
öz əksini tapıb. Ölkə
Prezidenti tezis şəklində göstərir ki, hansı məsələlərdə
problemlər var və nə etmək lazımdır. Artıq bu yöndə müvafiq işçi qrup fəaliyyət
göstərir. Eyni zamanda, terminalogiya komisiyasının
yaradılması ilə bağlı iş gedir. Bu da çox əhəmiyyətli məsələdir.
Cənab Prezidentin həmin Sərəncamında Azərbaycan
dili ilə yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə
fəaliyyətinin, terminologiya istiqamətinin də
inkişafına diqqət verilir və məsələ kompleks
şəkildə öz həllini tapır. Çünki
Azərbaycan dilinin bu gün televiziyada, mətbuat
orqanlarında, küçədəki reklam lövhələrində,
mətbu nümunələrində yad elementlərdən xali
olmadığı bizim hər birimizə yaxşı məlumdur
və bu baxımdan qeyd etmək istəyirəm ki, ölkə
başçısının bu yöndəki Sərəncamı
tarixi əhəmiyyətli bir sənəddir. Eyni zamanda, bu Sərəncamdan sonra, nəhayət,
dövlət dilimizin təmizliyinin, saflığının
qorunması istiqamətində ciddi nəticələrin,
yüksək irəliləyişlərin əldə ediləcəyinə
inamımız daha da böyükdür.
Fikimcə, Prezident İlham Əliyevin bu addımı Ulu
öndər Heydər Əliyevin Azərbaycan dilinin
inkişafı istiqamətində müəyyənləşdirdiyi
siyasətin davamıdır. Bilirsiniz ki, sovet
dövründə ruslaşma prosesi gedirdi, amma respublikalar
müstəqillik əldə etdikdən sonra mənzərə
bundan ibarət oldu ki, keçmiş ittifaqın tərkibində
olanlardan dilini ən təmiz şəkildə qoruyan respublika
məhz Azərbaycandır. Bunun üçün
məhz Ulu öndər Heydər Əliyevə borcluyuq. Ümummilli lider Heydər Əliyev müxtəlif tədbirlərdə
ana dilində danışırdı. Buna
görə də, ittifaq rəhbərliyinin təzyiqlərinə
məruz qalsa da, Ulu öndərin amalı milliliyi, dilimizin təmizliyini
qorumaq idi. Ümummilli lider Heydər Əliyevin dövlət
quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti
və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi
fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi
varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən
bacarıqla istifadə etməyi, dilin qayğısına
qalmağı, onun saflığını qorumağı,
onunla fəxr etməyi, onu dərindən bilməyi, mükəmməl
mənimsəməyi, ana dilimizin gözəlliyini
duymağı, bu gözəlliyi hər zaman hər yerdə təbliğ
etməyi, bu dildə düzgün danışmaqla hamıya
nümunə olmağı öyrətdi.
Göründüyü kimi, Ulu öndər Heydər Əliyev,
qurub-yaratdığı Azərbaycanda xalqın mədəni,
intellektual, milli-mənəvi inkişafının təməllərindən
biri kimi milli dil siyasətinə böyük əhəmiyyət
verirdi, bu yolda bir əsgər kimi mübarizə
aparırdı. Biz öz fəaliyyətimizlə
Ümummilli lider Heydər Əliyevin dilimizin saflığı
üçün göstərdiyi böyük fəaliyyəti
qorumalıyıq.
Yeni Azərbaycan.-
2012.- 11 sentyabr.- S.3.