Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə
böyük nüfuza
və dəstəyə malikdir
Nəsimi rayon təşkilatı
Yeni Azərbaycan Partiyasının nümunəvi yerli
strukturlarından biridir
Yeni Azərbaycan Partiyasının
yaranmasının 20 illiyi ərəfəsində partiyanın
yerli strukturlarının fəaliyyətinin daha geniş
işıqlandırılması və təbliği layihəsi
çərçivəsində ilk təqdimatımız Nəsimi
rayon təşkilatıdır
Sıralarında
600 min nəfərə yaxın insanın birləşdiyi Yeni
Azərbaycan Partiyası bu il özünün 20 illik yubileyini
qeyd edir. Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin qurucusu olduğu və bu gün ölkə
Prezidenti İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan
Partiyası cəmiyyətimizdə böyük nüfuza və
dəstəyə malikdir. Bu nüfuz və dəstəyin əsas
səbəblərindən biri də partiyamızın hər
zaman ümumxalq partiyası kimi fəaliyyət göstərməsi, xalqın
və dövlətin mənafeyini hər şeydən uca
tutmasıdır.
Yeni
Azərbaycan Partiyasının gücünü şərtləndirən
amillərdən biri də onun yerli strukturlarıdır.
Partiyanın mütəşəkkil fəaliyyət göstərən
rayon və şəhər təşkilatları öz fəaliyyətlərini
daim inkişaf etdirir və daim yeniliklərə imza atırlar.
Bütün bunların fonunda yerli strukturların iş prinsipi
bütövlükdə ictimaiyyət üçün maraqlıdır. Bu marağı nəzərə
alaraq yerli strukturların fəaliyyətini işıqlandırmaq
və təbliğ etmək üçün yeni layihə həyata
keçirmək qərarlaşdırılıb. Nəzərə
alsaq ki, 20 illik şərəfli yol keçən
partiyamızın inkişafında rayon və şəhər
təşkilatlarının öz əməyi var, onda belə
bir layihənin həyata keçirilməsi tamamilə məntiqlidir.
YAP-ın
mətbuat xidmətinin əməkdaşlarının realizə
etdiyi bu layihə çərçivəsində ilk olaraq YAP
Nəsimi rayon təşkilatının iş prinsipi ilə
tanışlıq olub.
Qeyd edək ki, YAP-ın nümunəvi təşkilatlarından biri olan Nəsimi rayon təşkilatı 1993-cü ilin iyun ayında yaradılıb və ötən dövr ərzində fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirib. Nəzərə alsaq ki, Nəsimi rayonu Bakı şəhərinin böyük və mərkəzi rayonlarından biridir, onda partiyanın bu yerli təşkilatının fəaliyyətinin də nə qədər məsuliyyətli olduğu aydın şəkildə özünü göstərir. 2008-ci ildə YAP Nəsimi rayon təşkilatının yeni qərargahı tikilib istifadəyə verilib. Bu hadisədən sonra demək olar ki, təşkilatın fəaliyyətində yeni mərhələ başlayıb.
Qərargahla və orada çalışan şəxslərin gündəlik fəaliyyəti ilə yaxından tanış olduqda, bu reallıq bir daha özünü təsdiqləyir. Rayon təşkilatına Milli Məclisin deputatı, partiyanın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı sədrlik edir.
Qərargahda işləmək üçün bütün
şəraitin yaradıldığını bildirən Məlahət
İbrahimqızı fəaliyyətlərində partiya rəhbərliyinin dəstəyini daim hiss etdiklərini və
bu dəstəyin onların fəaliyyətinə
stimul verdiyini qeyd etdi. İlk
olaraq, rayon təşkilatının
sədri statistik məlumatları
diqqətimizə çatdırır. Belə ki,
təşkilatın aparatında 7 ştatlı işçi çalışır, 23 min nəfərdən çox
partiya üzvü isə
ümumilikdə, 111 ərazi ilk partiya təşkilatında birləşib. Partiya üzvlərinin 11 min
234 nəfəri qadın, 12 min 108 nəfəri
isə gənclərdən ibarətdir. Bu
ilin birinci
yarısında təşkilatın sıralarına 249 nəfər yeni
üzv qəbul edilib.
Məlahət
İbrahimqızı: Bütün müraciətlərə
diqqətlə yanaşır və hər bir insana kömək
etməyə çalışırıq
Rayon təşkilatının sədri iş prinsipinin partiyanın Nizamnaməsinə əsasən qurulduğunu deyir. Nizamnaməni YAP-ın konstitusiyası hesab edən M.İbrahimqızının sözlərinə görə, il ərzində fəaliyyət bu sənəd əsasında qurulur. “Biz hər ilin sonunda yeni il üçün iş planı hazırlayırıq. Bu iş planı ilk olaraq YAP-ın İcra Katibliyinə təqdim olunur, orada iş planına baxılır. Daha sonra İcra Katibliyinin tövsiyələri nəzərə alınmaqla rayon təşkilatının İdarə Heyətində illik fəaliyyət planı təsdiq edilir. Təşkilatımız ilboyu dövlətimiz üçün əlamətdar olan günlər və hadisələrlə bağlı tədbirlər keçirir. Eyni zamanda, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin uğurlarının əhali arasında təbliğinə xüsusi fikir veririk. Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə böyük nailiyyətlər qazanılır. Bizim borcumuzdur ki, həm partiyanın sıravi üzvlərini maarifləndirək, həm də onların vasitəsilə bu uğurları ictimaiyyət arasında təbliğ edək” - deyə, M.İbrahimqızı vurğulayır. Onun sözlərinə görə, bu prosesdə ərazi ilk partiya təşkilatları daha fəal rol oynayır. Mütəmadi olaraq qərargahda ilk partiya təşkilatlarının rəhbərləri ilə görüşlər keçirilir, qarşıya qoyulan vəzifələrlə bağlı onlara müvafiq tövsiyə və tapşırıqlar verilir. M.İbrahimqızı qeyd edir ki, təbliğat işləri təkcə YAP üzvləri arasında yox, bütün ictimaiyyət üçün aparılır. Məqsəd bitərəf insanları da partiyamızın təəssübkeşi etməkdən ibarətdir ki, buna da nail olunur. Çünki həmin insanlar da Prezidentimizin siyasətini təqdir edir və fəal şəkildə dəstəkləyirlər. Rayon təşkilatı sədrinin sözlərinə görə, ərazi ilk partiya təşkilatları, həmçinin, müxtəlif tədbirlər də keçirirlər: “Biz onların fəaliyyətini gücləndirmək üçün həmin təşkilatlarda müxtəlif layihələr reallaşdırırıq. Yəni, onları təkcə qərargahımızda keçirilən tədbirlərə dəvət etməklə kifayətlənmirik, çünki burada tədbirin passiv iştirakçısı olurlar. Amma müxtəlif mövzulara həsr olunan tədbirlər ilk təşkilatlarda keçiriləndə, yerlərdə canlanma, fəallıq daha da artır. Çox sevindirici haldır ki, nəinki ilk təşkilatlar, sıravi üzvlər də bir çox təşəbbüslərlə çıxış edirlər. Bu prosesdə, xüsusilə, gənclər fəallıq göstərirlər”.
M.İbrahimqızının verdiyi məlumata görə, gənclər təşkilat üzvlərinin 40 faizini təşkil edir. Onun sözlərinə görə, Nəsimi rayonu ərazisində ali məktəblərin sayı çoxdur və bu təhsil ocaqlarında oxuyan tələbə-gənclər partiya təşkilatı ilə sıx təmasda olurlar. Təşkilat sədri fəaliyyətlərində kəmiyyətə yox, keyfiyyətə üstünlük verdiklərini deyir: “Partiyamızın sıralarına üzv qəbul olunmaq üçün müraciət edənlərin sayı çoxdur. Amma biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk. Biz çalışırıq ki, əqidəli, ziyalı insanlar YAP sıralarına qoşulsunlar. Eyni zamanda, nümunəvi tələbə-gənclər partiyaya qəbul olunur. Biz fədakar gənclərə dəstək verməliyik. İmkanımız daxilində bunu etməyə çalışırıq. Bunun nümunəsi olaraq, YAP-ın dəstəyi ilə fəal, savadlı gənclərimiz xaricdə təhsil almağa göndərilir, müxtəlif sahələrdə irəli çəkilirlər. Gənclərin bir çoxu təhsilə diqqət yetirməklə yanaşı, siyasi fəallıqlarını gücləndirmək istəyirlər. Biz fəal gənclərin potensialından həmişə istifadə etməyə çalışırıq. Partiya işinə cəlb olunan gənclər kiminsə qohumu-tanışı deyil, onlar məhz bacarıqlarına görə etimad qazanırlar. Bütövlükdə isə, YAP Gənclər Birliyi çox səmərəli fəaliyyət göstərir. Partiya rəhbərliyinin dəstəyi ilə gənclərimiz xarici səfərlərə gedərək müxtəlif tədbirlərdə iştirak edirlər, həmçinin, ayrı-ayrı dövlətlərin nüfuzlu partiyaları ilə ikitərəfli əlaqələr qururlar”.
YAP Nəsimi rayon təşkilatının gənc üzvləri partiyanın Gənclər Birliyinin tədbirlərində, o cümlədən, “Yay məktəbi” və “Qış məktəbi” layihələrində də yaxından iştirak edir. M.İbrahimqızı bu layihələrdə iştirak etmək üçün gənclərin seçimi aparılarkən yenə də fəallığa üstünlük verildiyini bildirir. Onun fikrincə, bu layihələr bütün mənalarda əhəmiyyətlidir. Belə ki, gənclər istirahət edirlər, intellektual potensiallarını artırırlar, müxtəlif mövzularda diskussiyalar təşkil edirlər, eləcə də, Azərbaycanın nüfuzlu dövlət və siyasi xadimləri ilə görüşürlər. Ən əsası isə, müxtəlif bölgələrdən olan gənclərlə tanış olur və dostlaşırlar ki, bu da partiyanın bir ailə kimi daha da möhkəmlənməsinə xidmət edir. Rayon təşkilatının sədri hesab edir ki, bu, partiya rəhbərliyinin, şəxsən YAP-ın Sədri, Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısının göstəricisidir.
İctimaiyyətlə əlaqələrə gəlincə,
Məlahət xanım qərargahın qapılarının hər
zaman insanların üzünə
açıq olduğunu vurğulayır.
“Hər gün saat
9:00-dan 18:00-a kimi işləyirik. Qəbul
saatımız yoxdur, qapımız
hamının üzünə açıqdır” - deyir, təşkilat sədri. Qərargahı
ziyarət edənlər isə ən müxtəlif məsələlərlə
bağlı təşkilata müraciət edənlərdir. İnsanlar qərargaha gələrək
ölkəmizdə həyata keçirilən siyasəti dəstəklədiyini
qeyd edir, bir sıra layihələrlə bağlı təkliflər
verir, eyni zamanda, bəzi sosial məsələlərin
həlli ilə bağlı kömək istəyirlər. “Biz bütün müraciətlərə
diqqətlə yanaşır və hər bir
insana kömək etməyə
çalışırıq. Çünki
YAP xalqın partiyasıdır və insanlara
xidmət etmək bizim əsas
amalımızdır. Xalqımız partiyamızın qurucusu, Ulu öndər
Heydər Əliyevi Azərbaycanın xilaskarı kimi qəbul edir. Biz də öz fəaliyyətimizlə
Ulu öndərimizin adını həmişə
uca tutmağa
çalışırıq” - deyə, M.İbrahimqızı
bildirir.
İşgüzar qərargah fəaliyyət üçün nümunəvi və məsuliyyətli
bir strukturdur
YAP Nəsimi rayon təşkilatının qərargahında işçilər üçün bütün şərait mövcuddur. Üç mərtəbədən ibarət olan qərargaha daxil olan hər kəsi ilk olaraq Ulu öndər Heydər Əliyevin büstü, Azərbaycanın dövlət bayrağı və YAP-ın bayrağı qarşılayır. Təşkilatın binasının birinci mərtəbəsində, həmçinin, Ulu öndər Heydər Əliyevə həsr olunmuş və ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin fəaliyyətini əks etdirən foto guşə yaradılıb. Qərargah bütün zəruri texniki avadanlıqlarla təmin edilib, işçilər üçün hər cür təchiz olunmuş iş otaqları, iclas və konfrans zalları mövcuddur. İşçilər, həm də burada kiçik mətbəxin imkanlarından da geniş şəkildə istifadə edə bilirlər. Bir sözlə, fəaliyyət baxımından bu təşkilat nümunəvi və məsuliyyətli bir strukturdur.
Qeyd edək ki, YAP Nəsimi rayon təşkilatının qərargahında çalışan şəxslər də artıq partiya işini tam şəkildə mənimsəyiblər. Təşkilatın aparat rəhbəri Azər Süleymanov YAP yaranan ilk vaxtlardan onun sıralarındadır. Özünün dediyi kimi, rayon təşkilatı yarandıqdan sonra fəaliyyəti bura ilə bağlı olub. “Hər gün iş saatımız təlimatçılarla müzakirə və müvafiq iş bölgüsü ilə başlayır. Daha sonra ilk təşkilatlarla əlaqə saxlanılır, üzvlük haqlarının yığılması ilə məşğul oluruq. Eyni zamanda, partiyaya qəbul məsələləri xüsusilə önəmlidir. Təlimatçıların hər biri təhkim olduğu ilk təşkilatlar üzrə bu işləri aparırlar. Onlar görülən gündəlik işlərlə bağlı aparat rəhbəri kimi mənə, mən isə təşkilat sədrinə məlumat verirəm. İlk baxışdan, bizim işimiz asan görünə bilər. Amma 23 min nəfərdən çox üzvü olan bir rayon təşkilatında bütün işlər məsuliyyətlidir. Məsuliyyətimiz seçkilər dövründə xüsusilə daha çox artır. Biz siyasi mübarizə aparırıq və bu mübarizədə partiyamızın qələbə qazanması üçün bütün gücümüz səfərbər olunur” – deyə, A.Süleymanov qeyd edir.
Rayon təşkilatında 4 təlimatçı çalışır ki, onların da hamısı gənclərdir. Bu gənclər məhz öz bilik və bacarıqlarına görə, partiya işinə cəlb olunublar. Böyük təlimatçı Rauf Həsənov həm də, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədr müavinidir. O, hələ Bakı Slavyan Universitetində tələbə olarkən YAP sıralarına qoşulduğunu deyir. R.Həsənov buna səbəb kimi ölkəmizdə gənclərə xüsusi qayğının olmasını göstərir. Eyni zamanda, YAP-ın gənclər üçün geniş imkanlar yaratması bu gənci partiyaya cəlb edib. Partiya tədbirlərində fəallıq göstərdiyi üçün YAP Nəsimi rayon təşkilatı ona etimad göstərərək, aparatda böyük təlimatçı vəzifəsinə təyin edib. R.Həsənov qərargahda işin sistemli təşkil olunduğunu deyərək, hər bir təlimatçının üzərinə düşən vəzifələri yerinə yetirdiyini bildirir. Belə ki, təlimatçılar arasında iş bölgüsü aparılıb, kim hansı ilk təşkilatla işlədiyini bilir, tədbirlərin təşkil olunmasında hər kəs öz üzərinə düşən işi yerinə yetirməyə çalışır. Amma onu da qeyd edək ki, R.Həsənov bu yaxınlarda təşkilatdakı işindən ayrılacaq. Çünki partiyanın dəstəyi ilə Türkiyənin Baxçaşəhər Universitetində magistratura təhsili almaq üçün İstanbula getməyə hazırlaşır. Amma öz işini etibarlı əllərə tapşırmağı da unutmayıb. Belə ki, artıq Araz Məmmədov adlı fəal onu əvəz edəcək və Rauf bu gəncə neçə vaxtdır ki, öz iş təcrübəsini öyrədir. A.Məmmədov partiya təşkilatı tərəfindən ona göstərilən etimadı fəaliyyətilə doğrultmağa çalışacağını deyir.
Aparatda çalışan digər gənclər- böyük təlimatçı Nigar Aslanova və təlimatçı Ülfət Quliyev də qərargahda normal iş şəraitinin yaradıldığını və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdıqlarını deyirlər. Bu təlimatçı-gənclər gündəlik partiya işi ilə yanaşı, sosial şəbəkələrdə də fəal iştirak edir, dövlətimizin uğurlarını, qazanılan nailiyyətləri sosial şəbəkələr vasitəsilə dostları ilə paylaşır və təbliğ edirlər.
Ümumiyyətlə, YAP Nəsimi rayon təşkilatı üzvlərinin sayı baxımından partiyanın ən böyük yerli strukturlarından biri olmaqla yanaşı, həm də sıralarında ölkəmizin bir çox nüfuzlu şəxslərinin təmsil olunması ilə də fərqlənir. Milli Məclisin bir sıra deputatları - akademik Əhliman Əmiraslanov, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitənin sədr müavini Sevinc Fətəliyeva, MM-in deputatlarından Rafiq Məmmədhəsənov, Sahibə Qafarova, Cavid Qurbanov, Ayaz Orucov və başqaları bu rayon təşkilatının üzvləridirlər. Təsadüfi deyil ki, YAP Nəsimi rayon təşkilatının üzvlərinin böyük əksəriyyəti ali təhsilli şəxslər (15022 nəfər), ziyalılardır. Təşkilat üzvlərindən 752 nəfəri elmlər namizədi, 141 nəfər isə elmlər doktorudur. Bütün bunlar isə YAP Nəsimi rayon təşkilatının səmərəli fəaliyyət göstərməsində əsas amillərdəndir.
Yeni Azərbaycan.- 2012.- 12 sentyabr.- S.4.