Azərbaycanda həyata keçirilən sosial islahatlar xalqımızın gələcək rifahına xidmət edir

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib:

- Hadi müəllim, Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasında hansı amillər dayanır?

- Bildiyiniz kimi ölkəmizdə aparılan siyasət güclü dövlət, sosial rifah istiqamətində müəyyənləşdirilib. İqtisadiyyatda islahatların daha da ciddi aparılması, real istehsalata, real iqtisadiyyata vəsaitin yönəldilməsi, ordu quruculuğunun güclənməsi, təhsilə xüsusi olaraq diqqətin artırılması və əlbəttə ki, insanların sosial müdafiəsinə, sosial reabilitasiyasına, həm də sosial problemlərin qarşısının alınmasına xüsusi diqqət yetirilməsi bu mənada əsas vəzifələrdir. Mən İlham Əliyev dövlət quruculuğunun bir neçə özəlliklərini daim səsləndirmişəm. Düşünürəm ki, bunların üçünü bu gün xüsusi olaraq vurğulamaq lazımdır. İlham Əliyev dövlət quruculuğu modernləşən dövlət quruculuğu modelidir. Bu, post-sovet ölkələrinin bütün dövlət quruculuğu modellərindən fərqlidir. Prezidentimizin modern dövlət quruculuğunda belə bir baş xətt var: nəticə ilə yox, səbəblə mübarizə aparmaq. Məsələn, insanın xəstələnməsinə imkan verməmək nəzərdə tutulur. Yəni xəstəliyi yaradan səbəb aradan qaldırılır. İkinci özəllik, ölkədə gedən proseslərin proqramlar vasitəsilə idarə olunmasıdır. Məsələn, regionların sosial-iqtisadi inkişafı proqramları burada əsas istiqamətlərdən biridir. Digər tərəfdən səhiyyə, təhsil və digər sahələrin proqramlarla inkişaf etdirilməsini də qeyd etmək lazımdır. Üçüncü özəllik isə neft kapitalının insan kapitalına çevrilməsi prosesidir. Burada informasiya texnologiyalarının inkişafı, bütün sahələrdə İKT-dən istifadə olunmasıdır, həm də tikinti-quruculuq işlərində modern üsulların seçilməsidir.

Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, çoxlu yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verdik. Bundan başqa, struktur yenilikləri, idarəetmədə yeniliklər oldu. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi artırıldı. Beləliklə, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə gücləndi. Sual oluna bilər ki, bu gün yenə də bəzi insanlar təqaüdlərin, maaşın azlığından gileylənir. Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, insanların rifahı yaxşılaşdıqca, onlar daha da yaxşı yaşamaq istəyir. Buna tələbatla təminatda olan düz mütənasiblik deyirlər. İnsan təmin oluna-oluna onun tələbatı artır, daha yaxşı yaşamaq istəyir. Bu, qanunauyğunluqdur və mən burada qeyri-adi məsələ görmürəm.

Bu gün həqiqətən də, Prezident İlham Əliyevin apardığı dövlət quruculuğu siyasəti daha da modernləşməyə istiqamətlənib. Bu xətt çox incə, Avropaya inteqrasiya yönümlü və bütünlüklə siyasətin mahiyyətində insan faktoru yer alan siyasi xəttdir. Prezident İlham Əliyev tez-tez bölgələrə səfər edir və xeyli sayda obyektlərin açılışında iştirak edir. Yeni iş yerləri açılır, yollar yenidən qurulur, məktəb və xəstəxanalar tikilir, yeni parklar salınır. Bütün bunların əsasında əhalinin sosial müdafiəsi dayanır, insanlara layiqli xidmət nəzərdə tutulur. Mən təəssüf edirəm ki, bəzi insanlar sosial müdafiəni yalnız ciblərinə daxil olan pul ilə bağlayırlar. Amma bu, hər hansı problemin həlli deyil. Bölgələrdə içməli su xətlərinin çəkilməsi, elektrik stansiyalarının tikilməsi, qazlaşdırılmanın aparılması, nəqliyyat infrastrukturun yenilənməsi, kənd təsərrüfatı bazarlarının yaradılması və s. hamısı sosial müdafiədir.

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qəbələyə, Şəkiyə səfər etməsi çox mühüm məsələdir. Bu o deməkdir ki, nəinki paytaxtımız, hətta bölgələrimiz də dünyəviləşir. Bölgələrin inkişafı da əhalinin sosial müdafiəsinin güclənməsində vacib rol oynayır. Bütün bunların hamısı Azərbaycanın gələcək rifahına xidmət edən addımlardır.

- Dövlət başçısının sərəncamı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb. Əhalinin sosial maraqları baxımından yeni qurumun əhəmiyyəti nədən ibarət olacaq?

- Bu qurumun əsas ideyası vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə göstərilməsindədir. Yeni struktur korrupsiyanın qarşısının alınmasından daha çox insanların sosial qayğılarına xidmət edir. Vətəndaş məmnun qalırsa, bu çox vacib məqamdır. Dövlətin sosial siyasəti insana xidmət etməkdən ibarətdir.

Möhtərəm Prezidentimizin tutduğu xətt isə yuxarıda dediyim kimi səbəbi aşkarlamaq, səbəbi aradan qaldırmaqdır, qanunlardakı boşluqları aradan götürməkdir. Elə etmək ki, bunun üçün yer qalmasın. Prezidentimiz bunu neçə illərdir bəyan edir ki, məmur-vətəndaş münasibətləri son dərəcə sivil əsaslar üzərində qurulmalıdır. Yeni qurumun yaradılmasında baş xəttin, əsas məqsədin mahiyyəti qısaca olaraq budur - dövlət idarəsinə, məmur yanına gələn vətəndaşın məmnunluğu. Vətəndaş dövlət qurumuna gəldisə, məmnun olmalı və oradan məmnun şəkildə geri dönməlidir. Ümumiyyətlə, bu gün belə bir strukturu yaratmaq, həmin strukturun əsas məziyyətləri nədir, bunlar məlum sərəncamda dəqiq göstərilir: etik normalar, insanlarla xoş rəftar, insanların vaxtına qənaət, əsəblərinə qənaət, rüşvətin qabağın almaq, adamları bu qapıdan o qapıya göndərməmək və sair. Agentlik nəzdindəki “Asan xidmət” mərkəzləri bütün ölkə boyu yaradılır. Bu mərkəzlər də sırf şəffaf olacaq. Bütün əməliyyatlar şəffaf həyata keçiriləcək. Bunun şəffaflığı ilk növbədə odur ki, orada elektron görüntü var. Bütün əməliyyatlar çəkilir, elektron vasitəsilə həyata keçirilir və sair. Bir sözlə, insan bura girəndə burdan məmnun gedir və bütün məsələlərini də oradaca həll edir.

- Yaxın günlərdə Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Parlamentin Sosial siyasət komitəsi sessiyaya hansı qanun layihələrini təqdim etməyi nəzərdə tutur?

- Payız sessiyası üçün bir sıra sənədləri müzakirəyə təqdim etməyə hazırlaşırıq. Bilirsiniz ki, sentyabrın 13-də komitəmizin iclası keçirildi və müzakirə olunan sənədlərin parlamentə çıxarılması qərara alındı. İclasda ilk olaraq “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi müzakirə olunub. Sənəd qanunvericilik təşəbbüsü subyekti - ölkə Prezidenti tərəfindən parlamentə göndərilib. Son illərə kimi mövcud qanunvericilikdə Böyük Vətən Müharibəsi əlilləri ilə bu müharibənin iştirakçıları ayrı-ayrı bölmələrdə verilirdilər. Ancaq dövlət başçısının imzası ilə parlamentə göndərilən qanun layihəsində qeyd olunur ki, Böyük Vətən Müharibəsi əlilləri ilə iştirakçıları eyni qrupda, eyni bölmədə birləşdirilsinlər. Daha doğrusu, 3-cü qrup Böyük Vətən Müharibəsi əlilləri ilə sözügedən müharibənin iştirakçısı olan, lakin əlil olmayan şəxslərin imtiyazları eyniləşdirilir. Bu günə kimi əgər onların pensiyalarının baza hissəsi 50 faiz nəzərdə tutulurdusa, bu dəyişiklikdən sonra həmin rəqəm 50-dən 90-a qaldırılacaq. Bunun özü də hesab edirəm ki, çox önəmli və əhəmiyyətli bir addımdır.

“Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də bizim gündəliyimizdədir. Hər il ölkəmizdə 9-10 min cütlük nikaha girir, onların təxminən 13 faizinin övladı olmur. Hər bir ailənin arzusu övladdır. Ona görə də, bu qanunun qəbul edilməsi vacibdir. Milli Məclisin qarşıdan gələn payız sessiyası zamanı bu sənədi müzakirəyə çıxarmağı düşünürük, amma ola bilsin ki, onun adı dəyişdirilsin. Qanun layihəsi “Demoqrafik təhlükəsizlik haqqında” və ya “Ailə tənzimlənməsi haqqında” adlana bilər. Hazırda komitəmizin üzvləri ilə bu məsələnin üzərində işləyirik. Çünki bu sənəd hələ parlamentin üçüncü çağırışı zamanı ciddi müzakirələrə səbəb olubbirinci oxunuşdan geri qaytarılıb. Bu baxımdan, qanun layihəsi daha təkmil formada hazırlanaraq, müvafiq adla parlamentin payız sessiyasında ən azı komitə səviyyəsində müzakirəsinə çıxarılacaq.

Bundan əlavə, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna vacib dəyişikliyin edilməsi nəzərdə tutulur. Bu dəyişiklik də ondan ibarətdir ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da ərzaq məhsullarının bir sıra vacib maddələr hesabına zənginləşdirilməsi ehtiyacı var. Bu gün dünyada ərzaq təhlükəsizliyi məsələsi ən vacibaktual məsələlərdən biri kimi öndə dayanır. Ərzaq təhlükəsizliyinin təmin olunmasının bir mühüm elementi də ərzaq məhsullarının bir sıra vacib maddələr hesabına zənginləşdirilməsidir. Odur ki, ərzaq təhlükəsizliyi məsələsini daim gündəmə gətirən və onu öndə tutan Azərbaycanda da ərzağın bir sıra maddələr hesabına zənginləşdirilməsinə ehtiyac var. Bu baxımdan da, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna bu məsələ ilə bağlı bir düzəlişin edilməsi nəzərdə tutulur ki, bu da çox güman parlamentin qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarılacaq. Bir misal göstərmək istəyirəm, Çində son 10 ildə insanların boyu 8 santimetrədək artıb. Bu necə baş verdi? Una cüzi miqdarda müəyyən maddə qatmaq hesabına bu nəticə əldə edilib. AmerikaKanadada isə insanların qan azlığı problemini aradan qaldırmaq üçün una dəmir elementi qatırlar və insanlar onu çörək kimi qəbul edərkən heçhiss etmirlər. Çünki həmin maddələr çox cüzi olur və insanın orqanizminə heç bir mənfi təsiri olmur.

Ailə Məcəlləsinə də müvafiq dəyişikliyin edilməsi gözlənilir. Bu dəyişiklik də ondan ibarətdir ki, nikaha girən şəxslər evlənməmişdən öncə bir-birilərinin sağlamlıqları haqqında tibbi arayış təqdim etməlidirlər. Bildiyiniz kimi, bu məsələ hələ ötən sessiyaların birində komitəmizin müzakirəsinə çıxarılmış və parlamentin plenar iclasına tövsiyə olunmuşdu. Ancaq müəyyən səbəblərdən həmin dəyişikliyin bütövlükdə parlament tərəfindən müzakirəsi bir qədər yubanmışdı. Ona görə çox güman ki, payız sessiyasında bu məsələ də öz müsbət həllini tapa bilər.

- Hadi müəllim, Azərbaycanda turizmin inkişafı istiqamətində də vacib addımlar atılır. Bu sahənin gələcək perspektivlərini necə görürsünüz?

- Azərbaycanda bu sahəyə olan diqqət heç şübhəsiz, ölkəmizdə turizmin inkişafında mühüm nəticələr əldə olunmasına, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti olan ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verəcək. Belə ki, Azərbaycan iki dünya sivilizasiyanın qovuşuğunda, Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastrukturlar – Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdrən hava və dəniz daşımaları, magistral avtomobil və dəmir yolları burada cəmlənib. Odur ki, turizmin inkişafı ölkəmizdə dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əlverişli coğrafi məkanda yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən tolerant dövlət kimi tanınması, 800 kilometrdən artıq məsafədə dənizsahili zonaya, 12 iqlim qurşağından 9-na malik olması, habelə füsunkar təbiəti, qədim tarixi mədəniyyət abidələri, zəngin folklor nümunələri respublikamızın böyük turizm potensialından xəbər verir.

Digər tərəfdən, turizm üçün ən önəmli cəhətlərdən biri yalnız təbiətin gözəlliyi, havası, suyu deyil, onun baxmalı, görməli, tarixi-mədəni abidələridir. Bu baxımdan da Azərbaycanın hansı tərəfinə üz tutursansa, orada zəngin tarixi-mədəni irs mövcuddur. Naxçıvana gedəcəksən, orada orta əsrlərin yadigarı olan abidələri var, Qəbələyə gedəcəksən, erkən orta əsrlərdən, eradan əvvəl tutmuş 19-cu yüz ilə qədər ən müxtəlif dövrün tarixi-mədəni abidələrini görəcəksən. Şəkisi elə, Şirvanı elə, Lənkəranı elə, digər bölgələri elə. Bu cəhətdən Azərbaycanın ərazisi mədəni-ədəbi-tarixi sərvətlər nöqteyi-nəzərindən də turizm üçün geniş meydan açır. Başqa bir amilondan ibarətdir ki, ölkədə turizmlə güclü əlaqədar infrastruktur yaranmalıdır ki, Azərbaycanda da bu istiqamətdə çox böyük işlər görülür. İndi Azərbaycanın ən müxtəlif guşələrində, bölgələrində beynəlxalq aeroportlar fəaliyyət göstərir, gözəl yollar, magistrallar salınır, mehmanxanalar, istirahət mərkəzləri yaradılır.

Bir sözlə, ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.

- Turizm sektorunun inkişafı bu sahə ilə bağlı kadr potensialının da formalaşmasının zəruri edir. Sizcə, hazırda kadrların hazırlanması məsələləri hansı səviyyədədir?

- Əlbəttə, turizmin inkişafından və perspektivlərindən danışarkən bu sahədə yüksək səviyyəli xidmətin təşkili məsələsinə də toxunmalıyıq. Ölkəmizdə turizmin çiçəklənməsi bu sahədə ixtisaslı kadr hazırlığını da aktual məsələyə çevirir. Ölkəmizdə turizm xidmət sahəsinin yüksək standartlara tam cavab vermədiyi açıq etiraf olunmalıdır. Müasir turist rahatlıq və komfort, yüksək xidmət barədə daha çox düşünür. Ona görə turizm obyektinin sahibkarı daima öz üzərində çalışmalı, obyektindəki işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasına, savadlı, qonaqpərvər, xidmətin yüksək səviyyədə göstərilməsinə müvəffəq olmalıdır. Azərbaycanda turizm işini çox yüksək səviyyədə qura bilmək üçün xidmət, servis mədəniyyətini yaratmaq lazımdır. Ola bilər ki, sənin çox gözəl mehmanxanan olsun, çox gözəl restoranların olsun, amma o xidməti sən yüksək səviyyədə qura bilməyəsən. Qardaş Türkiyənin bu sahədə çox zəngin təcrübəsi var və deyərdim ki, Türkiyənin turist qəbul etmək, qonaq qarşılayıb, yola salmaq və xidmət göstərmək sahəsindəki mədəniyyəti, nailiyyəti Avropanın bir çox ölkələrini arxada qoyur. Bunu Avropanın özüetiraf edir.

Bu baxımdan, respublikamızda turizm sahəsində çalışacaq kadrların yetişdirilməsi ilə məşğul olan Turizm İnstitutunun yaradılması son dərəcə təqdirəlayiqdir. Azərbaycanın bir çox universitetlərində də turizm işini, hotelçiliyi tədris edən fakültələr var. Bunlar daha müasir səviyyədə qurulmalıdır və hesab edirəm ki, ən çox bu istiqamətə fikir verməliyik. Bununla belə, kadr məsələlərini həll etmək üçün peşə məktəbləri də yaradılmalıdır.

 

 

Yeni Azərbaycan.- 2012.- 15 sentyabr.- S.7.