Ramil Səfərovun əfv edilməsi
cəmiyyətin uzunsürən erməni təcavüzünə
etirazının ifadəsidir
Əli Əhmədov: Azərbaycan
cəmiyyətinin Ramil Səfərovu qəhrəmanlaşdırması
məsələsinə gəldikdə, hesab edirəm, Avropa
Parlamenti yenə də həqiqəti yarımçıq
şəkildə ifadə edir. Yarımçıq həqiqət
isə yalandan betərdir
Yeni
Azərbaycan Partiyasının Sədr müavini - İcra
katibi, Milli Məclisin deputatı Əli Əhmədov
www.yap.org.az saytına müsahibə verib:
-
Sentyabr ayının 13-də Avropa Parlamenti Ramil Səfərovun
işi ilə əlaqədar Azərbaycana dair qətnamə qəbul
edib. Qətnamənin məzmununu
necə qiymətləndirirsiniz?
- Avropa Parlamentinin Ramil Səfərovun məsələsi ilə əlaqədar Azərbaycana
aid qətnaməsi, yumşaq
desək, obyektiv deyil. Əvvəla, Ramil Səfərovun Prezident İlham Əliyev tərəfindən
əfv edilməsi müvafiq beynəlxalq konvensiyalara, habelə ölkə qanunvericiliyinə,
bütünlüklə uyğundur.
Azərbaycanın zabitinin
dövlət başçısı
tərəfindən əfv
edilməsində hüquqi
normaların pozulmasına
yol verilməmişdir,
əksinə bütün
hüquq normaları daxilində hərəkət
edilmişdir.
Onu da qeyd etmək
lazımdır ki, əfvetmə mahiyyət etibarı ilə humanizm ideyasına əsaslanır, bağışlama
xarakteri daşıyır.
Əfvetmə qanun pozuntusuna yol vermiş insanların məqsədəuyğunluq baxımından
bağışlanmasını nəzərdə tutur. Əfvetmə institutunun mənası da məhz elə bundadır: məhkum edilmiş şəxs cəzasının çəkilməmiş
hissəsindən azad edilir. Humanizm və insanpərvərlik baxımından yanaşdıqda
da Prezident İlham Əliyevin Ramil Səfərovu əfv etməsi hər hansı əxlaq normaları ilə ziddiyyət təşkil etmir. Ramil Səfərova heç bir hüquqi məntiqə sığmayan sərt cəzanın verilməsi,
cəzasının 9 ilini
çəkməsi kimi
hallarda da mütləq nəzərə
alınmalıdır. Mən
Ramil Səfərovun işi ilə əlaqədar Avropa Parlamentinin Azərbaycanla bağlı qərarının
qeyri-obyektiv və ədalətsiz olduğunu
deyərkən, ilk növbədə
bunları nəzərdə
tuturam. Əlbəttə,
dediklərim yeganə
arqumentlər deyil.
- Digər arqumentlər hansılardır?
- Ramil Səfərovun işinə, onun tam mahiyyətini başa düşmək üçün,
necə deyərlər,
kompleks halında yanaşılmalıdır. Avropa
Parlamentinin məlum qətnaməsində məhz
elə bu kompleks yanaşma çatmır. Ramil Səfərovun işi Ermənistanın Azərbaycana
təcavüzünü, 10 minlərlə insanın həlak olmasının, o
cümlədən Ramil
Səfərovun onlarla
yaxın qohumlarının
qatillərinin cəzasız
qalmasının, 20 ildən
çox Azərbaycan torpaqlarının işğal
altında qalmasının,
1 milyondan çox insanın məcburi köçkün vəziyyətində
yaşamasının birbaşa
nəticəsidir. İstənilən
cinayət hadisəsinin
dərk edilməsi onun motivlərinin dəqiq müəyyənləşdirilməsini
tələb edir. Beynəlxalq hüquq da, insan hüquqları
da Ermənistanın Azərbaycana təcavüzü,
Xocalı qətliamı,
azərbaycanlıların etnik
təmizlənməsi zamanı
pozulub. Ramil Səfərov məsələsi
səbəb yox, nəticədir. Təəssüf
ki, Ramil Səfərovun məsələsində
məhz elə bu hallar nəzərə
alınmamışdı və
ona heç cür haqq qazandırılması
mümkün olmayan sərt cəza verilmişdi. Hesab edirəm ki, cənab Prezidentin Sərəncamına yalnız
bu mövqedən yanaşılmalıdır. Əgər
zamanında Budapeşt
məhkəməsi qeyd
etdiyim ədalətsizliyə
yol verməsəydi, indi bu qədər
hay-küyə səbəb
olmuş əfv qərarının verilməsinə
də ehtiyac qalmazdı.
Bu mənada deyə bilirəm ki, erməni zabiti Qurgen Marqaryan əslində Qarabağ münaqişəsinin qurbanıdır
- on minlərlə digər
qurbanlar kimi. Elə Ramil Səfərov bir növ bu münaqişənin
qurbanı sayıla bilər, çünki ömrünün 9 ilini həbsxanada keçirməli
olmuşdur.
Bir şeyi də qeyd etməliyəm ki, Azərbaycan Prezidentinin Ramil Səfərovu əfv etməsi ölkə rəhbərinin ictimai əhval-ruhiyyəyə adekvat
reaksiyası idi. Təsəvvür edin, Prezidentin əfv Sərəncamı hamı
tərəfindən təqdir
edilir, başa düşülür və
qiymətləndirilir. Əslində,
bütün cəmiyyət,
qeyri-hökumət təşkilatları,
siyasi partiyalar Ramil Səfərovun əfv edilməsini müsbət qiymətləndirdilər.
Deməli, Prezident Azərbaycan zabitini əfv etməklə bütün cəmiyyətin
iradəsini əks etdirmiş oldu. Əslində, Ramil Səfərovun əfv edilməsi də, insanların ona emosional münasibəti də cəmiyyətin uzun sürən erməni təcavüzünə
etirazının ifadəsidir.
- Avropa Parlamentinin qətnaməsində Ramil
Səfərovun qəhrəman
kimi qarşılanmasının
və Prezident tərəfindən əfv
edilməsinin münaqişə
zonasında gərginliyin
artmasına səbəb
olacağı göstərilir.
Buna münasibətiniz?
- Təəssüf edirəm
ki, Avropa strukturlarının çoxu
kimi, Avropa Parlamenti də belə bir reallığa
göz yummaqda davam edir ki,
Azərbaycanla Ermənistan
arasında gərginliyin
yeganə səbəbi
məlum münaqişə
və Azərbaycan torpaqlarının 20 ildən
artıq işğal altında olmasıdır.
Avropa Parlamentinin yaşadığımız bölgədə
gərginliyin artmasından
narahatlıq keçirməsi
özlüyündə təqdirəlayiq
sayılmalıdır. Lakin
onların narahatlıq
keçirmələri səmimi
olsaydı, 20 il ərzində münaqişənin
aradan qaldırılması
üçün təsirli
addımlar atardılar.
Ermənistanın təcavüzünü
aradan qaldırmaq yönündə real bir iş görmədən gərginliyin artmasından
narahatlıq ifadə etmək, yumşaq deyilsə, qeyri - səmimiliyi ilə insanı təəccübləndirir.
Azərbaycan cəmiyyətinin Ramil
Səfərovu qəhrəmanlaşdırması
məsələsinə gəldikdə,
hesab edirəm, Avropa Parlamenti yenə də, həqiqəti yarımçıq
şəkildə ifadə
edir. Yarımçıq
həqiqət isə yalandan betərdir.
Azərbaycan cəmiyyətinin Ramil
Səfərov məsələsinə
münasibəti, kimin
necə qiymətləndirməsindən
asılı olmayaraq, erməni təcavüzü
və onun ağır nəticələri
güzgüsündə əks
olunur. Qeyd etdiyim kimi, on minlərlə azərbaycanlılarının
qatilləri, Xocalı
soyqırımının günahkarları
ədalət məhkəməsi
qarşısında cavab
vermədiyindən, insanların
bu haqsızlıqlara reaksiyası Ramil Səfərova məlum münasibət şəklində
ortaya çıxır.
Haqsızlığın qarşısı
qanuni yollarla və ədalətli şəkildə alınmadıqda,
həmin haqsızlığa
qarşı istənilən
etiraz forması böyük emosional rezonans yaradır. Tam qətiyyətlə deyə
bilərəm ki, Ramil Səfərova ictimai rəydə olan alternativsiz münasibət yalnız və yalnız Azərbaycana qarşı edilmiş təcavüzün
bu günə qədər aradan qaldırılmaması ilə
əlaqədardır. Digər
tərəfdən isə
o da var ki, azərbaycanlılara qarşı qəddarlıqlar
etmiş nə qədər erməni Ermənistanda qəhrəman
sayılır. Elə
götürək Xocalıda
yüzlərlə qoca,
qadın, uşaq qatillərini. Onlar nəinki öz ölkələrinin qəhrəmanı
olublar, hətta bu qətllər üzərində öz karyeralarını qurublar.
Buna görə də hesab edirəm ki, bu günə
qədər davam etməkdə olan faciələrin yeganə səbəbi Dağlıq
Qarabağ münaqişəsidir.
Nə qədər ki, beynəlxalq strukturlar, o cümlədən
Avropa Parlamenti bu həqiqəti yetərincə dəyərləndirib,
lazımi addımlar atmayıb, baş verən faciələrdə
onların da günah payı olacaq. Avropa Parlamentinin dünən qəbul etdiyi birtərəfli, qeyri-obyektiv
qətnaməyə də
mən elə bu prizmadan yanaşıram.
Təəssüf ki, həmin qətnamə Azərbaycanla Ermənistan
arasında gərginliyin
azalmasına deyil, daha da gərginləşməsinə
xidmət göstərəcək.
Yeni Azərbaycan.- 2012.- 15 sentyabr.- S.5.