Etimad və məsuliyyət YAP Xəzər rayon təşkilatının əsas prinsipidir

 

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ərəfəsində partiyanın yerli strukturlarının fəaliyyətinin daha geniş işıqlandırılması və təbliği layihəsi çərçivəsində növbəti təqdimatımız Xəzər rayon təşkilatıdır

 

YAP Xəzər rayon təşkilatı:

 

- 1993-cü ilin iyun ayında təsis konfransı keçirilib

- İdarə Heyəti 15 nəfərdən ibarətdir

- Şura üzvləri 35 nəfərdir

- Nəzarət Təftiş qrupu 5 nəfərdir

- İlk təşkilatların sayı - 103

- Üzvlərin sayı - 8445 nəfər

- Gənclər - 2351 nəfər

- Qadınlar - 3364 nəfər

- Ziyalılar - 3857 nəfər

Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilatı fəaliyyətini yüksək səviyyədə qurub. 1993-cü ilin iyun ayında təsis konfransı keçirildikdən sonra bu rayon təşkilatı ilbəil inkişaf edərək öz fəaliyyətini xeyli gücləndirib.

YAP Xəzər rayon təşkilatının sədri partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədovdur. YAP yaranan ilk vaxtlardan onun sıralarında olduğunu deyən N.Əhmədov 1995-ci ildən bu təşkilata rəhbərlik edir.

Qeyd edək ki, 160 min nəfərdən çox əhalisi olan Xəzər Bakı şəhərinin ərazi baxımından ən böyük rayonlarından biridir. Rayon 11 qəsəbədən ibarətdir və YAP rayon təşkilatının da bütün qəsəbələrdə ilk təşkilatları var.

Namiq Əhmədovun sözlərinə görə, hazırda 8 min 440 nəfərdən çox partiya üzvü 103 ərazi ilk təşkilatında birləşib. Onların sırasında qadınlar 3364 (40 faiz), gənclər isə 2351 (27,9) nəfərdir. Bu ilin ötən dövründə isə partiya sıralarına 326 yeni üzv qəbul olunub. Ümumilikdə, rayon təşkilatı üzvlərinin 45,4 faizi ali təhsillidir, yəni ziyalılardır. O qeyd edib ki, partiyanın ideya və prinsipləri fəaliyyətimizin əsasında dayanır. Namiq Əhmədov bildirir ki, rayon təşkilatının həyatında ən əlamətdar hadisələrdən biri ötən ilin oktyabr ayında yeni qərargahın tikilib istifadəyə verilməsidir: “Bu hadisəni daha da əlamətdar və yaddaqalan edən isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, rayonumuzdan seçilmiş millət vəkili Mehriban xanım Əliyevanın yeni qərargahımızın açılışında iştirak etməsidir. Mən deyərdim ki, bu qərargahın tikilib istifadəyə verilməsi də Mehriban xanımın adı ilə bağlıdır. O, partiyamızın Siyasi Şurasının üzvü kimi hər zaman rayon təşkilatının işi ilə maraqlanır və öz dəstəyini əsirgəmir”.

“Bilirsiniz ki, Mehriban xanım Əliyeva 14 saylı Xəzər ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Seçicilər, bütövlükdə Xəzər rayonun əhalisi Mehriban xanım Əliyevanın bu ərazinin deputatı olmasından qürur duyurlar. Çünki millət vəkilimiz bütün fəaliyyətində insanların maraqlarını ifadə edir, o cümlədən rayonun sosial-iqtisadi inkişafında xüsusi rol oynayır. Demək olar ki, insanlar hər gün qərargahımıza gəlir, müraciət edirlər. Onlar müraciətlərində millət vəkilimizə böyük minnətdarlıq edirlər” - deyən Namiq Əhmədovun sözlərinə görə, həqiqətən də, Mehriban xanım Əliyeva Xəzər rayonunda misilsiz işlər görüb. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində xeyli sayda məktəblər, uşaq bağçaları, internatlar, səhiyyə ocaqları tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub: “Bildiyiniz kimi, sentyabrın 14-də Mehriban xanım Buzovna qəsəbəsində uşaq sanatoriyasının açılış mərasimində iştirak etdi. Həmin gün Binə qəsəbəsində idman kompleksi istifadəyə verildi. Zirə qəsəbəsində isə FİFA standartlarına uyğun stadion tikilib istifadəyə verilib. Bütün bunları sadalamaqda məqsədim odur ki, son illər Xəzər rayonunun inkişafı istiqamətində böyük işlər görülüb.

Ötən ilin oktyabrında istifadəyə verilmiş YAP Xəzər rayon təşkilatının yeni qərargahında fəaliyyət üçün bütün imkanlar mövcuddur. Qərargahın birinci mərtəbəsində Heydər Əliyev Muzeyi yaradılıb. Eyni zamanda, birinci mərtəbədə böyük toplantıları keçirmək üçün akt zalı fəaliyyət göstərir. Digər mərtəbələrdə isə iclas zalı, işçilərin çalışması üçün iş otaqları var ki, onlar da bütün zəruri maddi-texniki avadanlıqlarla təmin olunub. Bundan əlavə, 13 saylı Xəzər birinci və 14 saylı Xəzər ikinci seçki dairəsindən seçilmiş millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil etdikləri üçün onların da qərargahda kabinetləri var. Onlar burada seçicilərin müraciətlərini qəbul edir, görüşlər keçirirlər.

Namiq Əhmədovun verdiyi məlumata görə, rayonun bütün qəsəbələrində ilk təşkilatlar fəaliyyət göstərir. Üç qəsəbə isə dənizdə yerləşir. Pirallahı, Neft daşları və Çilov ada-qəsəbələrində də kifayət qədər YAP fəalı var. Belə ki, Pirallahıda YAP üzvlərinin sayı 1500 nəfərə qədərdir və 7 ilk partiya təşkilatı fəaliyyət göstərir. Çilov adasında 700-dən çox, “Neft daşları”nda isə 500-dən yuxarı partiya üzvü var. Təşkilat sədri qeyd edir ki, partiya üzvləri ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Üzvlər seçkilərin təşkil olunması, seçki komissiyalarında iştirak, etmək, təbliğat işləri və bütövlükdə keçirilən digər tədbirlərdə fəallıq göstərirlər. “Hər iki seçki dairəsi üzrə, həbsxanalarda və hərbi hissələrdə yaradılan məntəqələri çıxmaq şərtilə 60 seçki məntəqəsi var. Bu 60 məntəqə ərazisində ilk təşkilatlarımız fəaliyyət göstərir. Yəni biz ilk təşkilatları elə yaratmışıq ki, hər seçki məntəqəsini əhatə etsin. Ümumiyyətlə, ilk təşkilatlarla iş yaxşı gedir. Təlimatçılar daim onlarla işləyir. Partiyaya üzvlərin qəbul edilməsinə ciddi fikir verilir. Təkcə ötən il 700 nəfərdən çox insan YAP-a üzv qəbul olunub. Eyni zamanda, buradan köçüb gedən partiya üzvlərinin uçotlarını getdikləri əraziyə göndəririk. Üzvlər arasında məcburi köçkünlər də var, amma onlardan üzvlük haqqı almırıq” - deyir, rayon təşkilatının sədri.

Yeri gəlmişkən, qeyd edək ki, YAP Xəzər rayon təşkilatının İdarə Heyəti 15, rayon Şurası isə 35 nəfərdən ibarətdir. Sədr bildirir ki, İdarə Heyətinin iclası hər ay, rayon Şurasının iclasları isə ildə bir neçə dəfə keçirilir. Həmin iclaslarda ötən dövrlərin nəticələri təhlil olunur və təşkilatın qarşısında duran vəzifələr müəyyən edilir. Qəbul edilmiş qərarlar əsasında müvafiq tədbirlər keçirilir. Bu tədbirlər isə ən müxtəlif mövzuları əhatə edir.

İctimaiyyətlə əlaqələrə gəlincə, Namiq Əhmədov bildirir ki, insanlar ən müxtəlif məsələlərlə bağlı YAP Xəzər rayon təşkilatına müraciət edirlər. Bu müraciətlərdə görülən işlərlə əlaqədar minnətdarlıqlar olsa da, sosial məsələləri əhatə edən məqamlar da var. Rayon təşkilatı bəzi qaçqınları, kimsəsiz, ahıl qocaları himayəyə götürərək onlara maddi yardımlar edir. Bununla yanaşı, rayon sakini olan və qəbul imtahanlarında 650-dən yuxarı bal toplayaraq, tələbə adını qazanan gənclərə bir il ərzində hər ay 100 manat təqaüd verilir. Bu ilin nəticələrinə görə də, iki nəfərə təqaüd veriləcək. Namiq Əhmədov hesab edir ki, bu addım ali təhsilə marağı artırmaq və həmin təqaüdə layiq görülmək üçün gənclərdə stimul yaradır. Sosial məsələlərlə əlaqədar müraciətləri isə YAP rayon təşkilatı müvafiq icra strukturları ilə birgə həll edir. N.Əhmədovun sözlərinə görə, bu yöndə Xəzər İcra Hakimiyyəti də böyük fəaliyyət göstərir. Eyni zamanda, 13 saylı Xəzər birinci seçki dairəsindən millət vəkili seçilmiş Rauf Əliyev də insanların müraciətlərinə diqqətlə yanaşır, onların problemlərinin həllində səylər göstərir.

Yeri gəlmişkən, millət vəkili Rauf Əliyev həm də, YAP Xəzər rayon təşkilatının sədr müavinidir. “Mən YAP-ın namizədi olaraq Milli Məclisin deputatı seçilmişəm və bundan qürur duyuram. Partiya işi də mənim üçün çox xoşdur. Deputat seçilməmişdən əvvəl partiyada idim və YAP rəhbərliyi mənə etimad göstərərək parlament seçkilərində namizədliyimi irəli sürüb. Məhz bu partiyanın dəstəyi və insanların etimadı ilə deputat seçilmişəm. YAP iqtidar partiyasıdır və onun gördüyü işlər göz qabağındadır. Partiyamızın Sədri cənab İlham Əliyevin ölkəmizin Prezidenti kimi həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Bu siyasət bütün sahələrdə böyük uğurların qazanılması ilə müşayiət olunur. Dünyanın heç bir yerində belə inkişaf yoxdur. Məhz bu siyasət ölkəmizi Cənubi Qafqazın lideri etməklə yanaşı, beynəlxalq müstəvidə də nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. Ölkəmizin inkişafında partiyamızın özünəməxsus rolu var və YAP gələcəkdə də bu yöndə işlərini davam etdirəcək” - deyə, R.Əliyev vurğuladı.

R.Əliyev YAP-ın nüfuzunu şərtləndirən digər bir amil kimi, onun daim ümummilli maraqlardan çıxış etməsinə diqqət çəkdi. Qeyd etdi ki, bir neçə gün öncə Avropa Parlamentinin Azərbaycan zabiti Ramil Səfərovun işi haqqında qəbul etdiyi qərəzli qətnaməyə etiraz olaraq YAP bütün siyasi partiyaları həmrəylik nümayiş etdirməyə dəvət etdi. İqtidarlı-müxalifətli bir çox partiyalar YAP-ın səsinə səs verərək hakim partiyanın qərargahında Avropa Parlamentinə etiraz müraciəti qəbul etdilər. R.Əliyev hesab edir ki, bu hadisə YAP-ın xalq partiyası kimi fəaliyyətinin bariz göstəricidir.

Hər gün rayon təşkilatının qərargahında çalışdığını deyən millət vəkili qeyd edir ki, seçiciləri ilə tez-tez görüşür. Çünki hər hansı qəbul saatı yoxdur, qapılar insanların üzünə açıqdır. Qərargahdakı mühitdən razılığını ifadə edən R.Əliyev burada möhkəm əqidəli insanların çalışdığını deyir.

Qərargahdakı işçilərdən söz düşmüşkən, bildirək ki, YAP Xəzər rayon təşkilatında 11 nəfər ştatlı işçi çalışır. Onların 4-ü texniki işçilər, biri mühasib, digəri kompüter mütəxəssisi, qalanları isə təlimatçılardır. Təşkilatın aparat rəhbəri İlham Məmmədov fəaliyyətlərinin partiyanın Nizamnaməsi əsasında qurulduğunu deyir. Onun sözlərinə görə, hər bir məsələ haqqında təşkilatın İdarə Heyəti qərar verir və bu qərarların əsasında işlər görülür. “Təlimatçılar sınaqlardan çıxmış, möhkəm əqidəli, yüksək savadlı insanlardır. Onlar arasında iş bölgüsü aparılıb və hər gün bu bölgüyə uyğun da işlərini qururlar”, - İ.Məmmədov bildirdi.

Böyük təlimatçı Ruslan Məmmədov, təlimatçılar Mübariz Həsənov və Anar Babayev isə gündəlik olaraq ilk təşkilatlarla əlaqə saxlayır, partiyaya qəbul məsələləri, üzvlük haqlarının toplanması və digər partiya işləri ilə məşğul olurlar. Təlimatçılar daim tədbirlərin keçirilməsinə diqqət yetirildiyini, ilk təşkilatlarla sıx əlaqə qurulduğunu deyirlər. Məqsəd isə ərazi ilk partiya təşkilatlarının işini daha da gücləndirməkdir.

Digər təlimatçı Qönçə Əsgərovanın vəzifəsi isə gənclərlə əlaqələr qurmaq, onların partiyada fəallığını artırmaqdan ibarətdir. Eyni zamanda, təlimatçı-xanım gənclərin sosial şəbəkələrdə də fəallığını artırmaq üçün daim onlarla işləyir. Q.Əsgərova hesab edir ki, görülən işlər müsbət nəticələr verir: “Son zamanlar gənclərimiz sosial şəbəkələrdə ölkəmizin inkişafı ilə bağlı təbliğatı gücləndiriblər. Gənclərimiz sosial şəbəkələrdə bir-biriləri ilə fikir mübadiləsi aparır, bir çox məsələlərlə bağlı öz mövqelərini ortaya qoyurlar. Ümumilikdə, təşkilatımız gənclərlə iş sahəsinə böyük əhəmiyyət verir”.

Rəfiqə Paşayeva isə təşkilatın aparatında mühasib vəzifəsində çalışır. O, üzvlük haqlarının yığılması, bununla əlaqədar köçürmələrin edilməsi və təşkilatın aparatında əməkhaqlarının verilməsi ilə məşğul olur. İşçilərin əməkhaqlarının verilməsində gecikmə olarsa, onların sizə münasibəti necə olur sualına R.Paşayevanın cavabı belədir: “Təlimatçılar üzvlük haqlarını vaxtında toplamalıdırlar ki, əməkhaqları gecikməsin. Çünki onların məvacibləri məhz üzvlükhaqları hesabına ödənilir. Bu sahədə yaxşı işlədikləri üçün əməkhaqlarının verilməsində gecikmə yoxdur”.

Aparatın digər əməkdaşı Aygün Musayeva isə kompüter mütəxəssisi kimi bütün iş yoldaşlarına böyük dəstək verir.

YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Elmira Cabbarova da partiya işlərini lazımi səviyyədə yerinə yetirməyə çalışdıqlarını deyir. Onun sözlərinə görə, təşkilatda birləşən qadınlar ictimai-siyasi fəallıq göstərirlər. Amma bu fəallıq digər sahələri də əhatə edir. Belə ki, təşkilatın Qadınlar Şurasının təşəbbüsü ilə mütəmadi olaraq internatlarda, qocalar evlərində görüşlər keçirilir, bu məkanların sakinlərinə maddi və mənəvi yardımlar göstərilir.

Fəallıqdan söz düşmüşkən burada gənclərlə bağlı məsələyə toxunmamaq olmur. Çünki cəmiyyətin aparıcı qüvvəsi olan gənclər hər bir sahədə öndə getmək iddiasında və iqtidarındadır. Rayon təşkilatının Gənclər Birliyinin sədri Taleh Məmmədov da deyir ki, YAP-ın gənclərinin potensialından həmişə istifadə olunur. Təşkilatda birləşən gənclər həm partiyanın təşkil etdiyi layihələrdə yaxından iştirak edir, həm də rayon səviyyəsində müxtəlif tədbirlər keçirirlər.

Beləliklə, demək olar ki, YAP Xəzər rayon təşkilatı öz işini günün tələbləri səviyyəsində qurub. Gözəl qərargah və burada yüksək işgüzar şəraitlə təmin olunmuş kollektiv fəaliyyətlərini partiya işinin layiqincə həyata keçirilməsinə yönəldibdir. Məhz bu cür fəaliyyət də rayonda YAP Xəzər rayon təşkilatın nüfuzunun daha da artmasında vacib rol oynayan amillərdən biridir.

 

 

Yeni Azərbaycan.- 2012.- 19 sentyabr.- S.4.