Bakıda “Neft, qaz və media” beynəlxalq konfransı keçirilir
Əli Həsənov: Azərbaycan
Cənubi Qafqazın və Xəzər hövzəsinin əsas neft-qaz istehsal edən ölkələrindən
biridir
Dünən Bakıda Gülüstan sarayında “Neft, qaz və media” beynəlxalq konfransı işə başlayıb. Beynəlxalq Mətbuat
İnstitutu (BMİ) tərəfindən
təşkil olunan və Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin dəstəyi ilə keçirilən konfrans sentyabrın 19-dək davam
edəcək.
Beynəlxalq konfransda dünyanın
27 ölkəsindən, o cümlədən
ABŞ, Böyük Britaniya,
Almaniya, Avstriya, İtaliya, İsveçrə,
Bolqarıstan, Xorvatiya,
Macarıstan, Türkiyə,
Rusiya, Gürcüstan,
Nigeriya, Cənubi Afrika Respublikasından 200-ə
qədər neft mütəxəssisi, alimi
və media nümayəndəsi
iştirak edir.
Konfransın aparıcısı Beynəlxalq
Avrasiya Mətbuat Fondunun beynəlxalq məsləhətçisi Lütful
Kəbir qeyd edib ki, tədbir
neft-qaz mövzusunda yazan jurnalistlər üçün Azərbaycan
reallıqlarına daha dərindən bələd
olmağa, o cümlədən,
neft-qaz sektoru haqqında ətraflı və dolğun məlumat almağa hərtərəfli imkan yaradacaq.
Sonra Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər
şöbəsinin müdiri
Əli Həsənov çıxış edərək
deyib: “Mən bu gün bu
tribunadan sizi salamlamaqdan məmnunluq hissi
keçirirəm. Dünyanın 27 ölkəsindən enerji mövzusunda yazan, bu sahədə tədqiqatlar aparan çoxsaylı jurnalistləri
Azərbaycanda görməkdən
çox şadam.
Cənab Prezident səfərdə olduğuna görə Onun təbrik məktubunu indi sizə təqdim edəcəyəm. Amma bəri başdan
bildirmək istəyirəm
ki, Azərbaycan Hökuməti bu tədbirə çox böyük önəm verir. Düz bir ildir biz bu konfransa hazırlaşırıq
və mən xanım Alisona bir daha Azərbaycan
Hökuməti adından
təşəkkür edirəm
ki, dünyanın ən məşhur neft-qaz mövzusunda yazan jurnalistlərini, tədqiqatçılarını Azərbaycana - Bakıya toplayıbdır. Bir daha təkrar edirəm ki, bir ildir
biz bu günü gözləyirdik, bu günə hazırlaşırdıq.
Düşünürəm ki, iki gün müddətində
qonaq və yerli jurnalistlər dünyada bu gün təkcə neft-qaz istehsalı, istehlakı, ixracı ətrafında cərəyan
edən prosesləri deyil, bütövlükdə
beynəlxalq aləmdə
cərəyan edən
transmilli prosesləri müzakirə edəcək
və dünyanın siyasətçilərinə, dövlət
rəhbərlərinə ciddi
mesajlar verəcəklər.
Bilirsiniz ki, Azərbaycan Cənubi Qafqazın və Xəzər hövzəsinin əsas neft-qaz istehsal edən ölkələrindən
biridir. Ona görə də
bu tədbirin Bakıda keçirilməsi
bizim üçün
mühüm əhəmiyyət
kəsb edir. İndi isə mən Azərbaycan Prezidentinin tədbir iştirakçılarına
təbrikini diqqətinizə
çatdırmaq istəyirəm”.
Əli Həsənov
Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına
təbrik məktubunu oxuyub.
Beynəlxalq Mətbuat İnstitutunun direktoru xanım Alison Betel
MakKenzi çıxış
edərək, cəmiyyətdə,
demokratik prosesdə mətbuatın mühüm
rol oynadığını
bildirib. O, bir çox media sənaye tərəfdaşlarının bu tədbirə qatıldığına görə
minnətdarlığını çatdıraraq qeyd edib ki, bu
konfrans neft-qaz sənayesi ətrafında
cərəyan edən
proseslərin obyektiv işıqlandırılmasına, eləcə də bu sahədəki yazılar, məqalələr
icmanın inkişafına
təkan verəcək.
Bu mənada konfrans
sözün əsl mənasında, bir katalizator rolunu oynayacaq. Ümid edirik ki, konfrans çərçivəsində
yeni əlaqələr
yaranacaq və yeni şəbəkə imkanları sayəsində
neft-qaz sənayesi ilə bağlı daha dolğun anlayışlar əldə
edəcəksiniz. Təxminən
bir illik mediapark əməkdaşları
ilə görüşlərdən
sonra, eləcə də Azərbaycanın rəsmi hökumət nümayəndələri ilə
birlikdə, BMİ bu konfransı məhz burada - paytaxt Bakıda keçirməyə
qərar verdi.
Neft-qaz sənayesi ilə media arasında şəffaflıq
heç zaman tükənməməlidir.
Xanım Alison MakKenzi qeyd edib
ki, mətbuat azadlığı sadəcə
olaraq ifadə azadlığı ilə bitmir. Mətbuat azadlığı, həmçinin medianın
kontent azadlığı
deməkdir. Bu isə fundamental insan haqlarıdır. Cəmiyyətdə medianın rolu insanları maraqlandıran
mühüm məsələlərlə
bağlı onları
maarifləndirmək, məlumatlandırmaqdan
ibarətdir. Bu iş
insanların həyatına
təsir edir və eləcə də demokratik proseslərdə iştirakına
imkan yaradır.
Mediada jurnalist
etikasının vacibliyinə
toxunan A.MakKenzi Bakıda keçirilən
konfransın qarşıya
qoyulan məqsədlər
baxımından səmərəli
olacağına, mühüm
nəticələr verəcəyinə
əmin olduğunu vurğulayıb və tədbirin işinə uğurlar arzulayıb.
Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin sədri Umud Rəhimoğlu qeyd edib ki,
BMİ-nin bu konfransı məhz Azərbaycanda keçirməsi
ölkəmizin qədim
neft məkanlarından
biri olması ilə bağlıdır. “Azərbaycanda demokratik dəyərlərə ciddi
önəm verilir, sürətli inkişaf konsepsiyası reallaşdırılır
və bunun nəticəsində vətəndaş
cəmiyyəti də
inkişaf edir. Media ilə bağlı
məsələlərə isə xüsusilə həssas yanaşılır.
Bu gün “Neft,
qaz və media” beynəlxalq konfransının
belə yüksək səviyyədə təşkili
də məhz həmin yanaşmanın nəticəsidir”, - deyə
U.Rəhimoğlu bildirib.
Milli Komitənin sədri deyib ki, son 160 ildə Azərbaycanın yanacaq-energetika sənayesi böyük inkişaf yolu keçib və bu, neft
və qaz mövzusunun işıqlandırılmasına
da müsbət dəyərlər gətirib.
U.Rəhimoğlu qeyd edib ki, Azərbaycanda artıq neft və qaz sənayesi
üzrə ixtisaslaşmış
qəzetlər, jurnallar
nəşr olunur,
radio və televiziya proqramları hazırlanır.
Azərbaycanda söz azadlığının,
plüralizmin, müstəqil
mətbuatın, peşəkar
jurnalistikanın inkişafına
xüsusi diqqət yetirildiyini deyən U.Rəhimoğlu diqqətə
çatdırıb ki,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
peşəkar medianın
inkişafına da
mane olur. Torpaqlarımızın
20 faizi erməni işğalı altındadır,
1 milyondan çox qaçqın-köçkünümüz
var. Ağır olsa da bildirməliyəm ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi dövründə
ikisi əcnəbi olmaqla, 10 jurnalist Ermənistan silahlı qüvvələri tərəfindən
qətlə yetirilib. Bu gün dünyanın
nüfuzlu media nümayəndələrinin
Azərbaycanda bir araya gəlmələri jurnalist həmrəyliyinin
göstəricisidir. Bu
həmrəyliyin Azərbaycan
ilə bağlı həqiqətlərin daha geniş təbliğində
əhəmiyyətli rol
oynayacağına əminəm.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev konfransda çıxış
edərək bildirib ki, ölkəmizin neft-qaz sənayesi 160 ildən artıq tarixə malikdir. Azərbaycanın
neft-qaz sahəsinə
böyük həcmli
investisiyaların qoyulması
və müasir texnologiyaların tətbiqi
nəticəsində ölkəmizdə
neft hasilatı
1990-cı illərin əvvəllərində
olan hasilatla müqayisədə 5,5 dəfə, qaz hasilatı isə 4 dəfə artıb. Ötən il isə respublikamızda 45,3 milyon ton neft,
25,5 milyard kubmetr qaz hasil olunub.
Azərbaycanda kəşf olunan və perspektiv yataqların əhəmiyyətindən
danışan nazir diqqətə çatdırıb
ki, hazırda respublikamızda gündə
75 milyon kubmetr qaz hasil edilir. Ümumiyyətlə yeni kəşf olunan yataqlar ölkəmizin təsdiq olunmuş qaz ehtiyatlarını 2 trilyon
550 milyard kubmetr olduğunu sübut edib.
Azərbaycan dövləti həyata
keçirdiyi çevik
neft diplomatiyası və praktik işlər nəticəsində
Xəzər, Qara və Aralıq dənizləri məkanında
beynəlxalq layihələrin
təşəbbüskarı, iştirakçısı və
əsas icraçısı
olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə
çevrilib, bu da milli iqtisadiyyat
üçün yeni imkanlar yaradır. Enerji resurslarının mənimsənilməsinə
xarici investisiyaların
cəlbi və enerji resurslarının dünya bazarlarına nəqli üçün Şərq-Qərb və Şimal-Cənub istiqamətində
etibarlı dəhlizlərin
yaradılmasına yönəldilmiş
mühüm layihələr
uğurla yerinə yetirilir.
Hazırda Azərbaycan geniş və müxtəlif istiqamətlərdə neft
və qaz dəhlizlərini yaratmaqla
və transregional layihələrə qoşularaq
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm
rola malikdir. Bakı-Tbilisi-Ceyhan
və Bakı-Supsa ixrac neft, Bakı-Tbilisi-Ərzurum ixrac qaz
boru kəmərləri Azərbaycanın Qərblə möhkəm
iqtisadi və siyasi əlaqələrini daha da genişləndirən
körpü rolunu oynayır.
Bundan başqa, Qazaxıstan hökuməti
“Kaşağan” yatağının ikinci fazası çərçivəsində
öz neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlində
maraqlıdır. Astanada keçirilmiş Azərbaycan-Qazaxıstan
hökumətlərarası komissiyanın 7-ci iclası çərçivəsində
bu məsələlərin geniş müzakirə
olunduğunu diqqətə çatdıran nazir qeyd edib ki,
başlanğıc mərhələdə “Transxəzər”
sistemi ilə gündə 500 min barrel, yəni ildə 23 milyon
ton həcmində neftin nəqli nəzərdə tutulub. Sonrakı mərhələlərdə isə bu həcmin
35-36 milyon tona çatdırılması gözlənilir.
Nazir, həmçinin bildirib ki, 2011-ci ilin yanvarında Azərbaycan
Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının
prezidenti Xose Manuel Barrozu “Cənub qaz dəhlizi haqqında” Birgə
Bəyannamə imzalayıblar. Bu bəyannamə Xəzər
hövzəsi qazının Avropaya çatdırılması
istiqamətində yeni perspektivlər açıb.
Ötən il sentyabrın 7-də isə
Avropa İttifaqı “Transxəzər” layihəsi ilə
bağlı Azərbaycan və Türkmənistanla
danışıqlar aparmaq üçün Avropa
Komissiyasına mandat verib.
Azərbaycan
ilə Türkiyə arasında imzalanmış TransAnadolu təbii
qaz boru xəttinin əhəmiyyətinə toxunan nazir qeyd edib
ki, ölkəmiz müstəqil təchizatçı kimi
“Şahdəniz”dən çıxarılacaq təbii qazı
məhz bu kəmərlə Avropa bazarlarına
çatdıracaq. Həmçinin, bu layihə “Cənub qaz dəhlizi”nin reallaşması baxımından da
mühüm əhəmiyyət kəsb edir.
Sonra konfrans işini sessiyalarla davam etdirib.
Konfransın birinci sessiyasında neft və qazla
bağlı hadisələrin
işıqlandırılmasında mətbuatın rolundan bəhs
edilib. Qeyd olunub ki, enerji sektorunda mətbuat
azadlığı böyük əhəmiyyət kəsb
edir. Bu sahədə mediaya sərbəstliyin
verilməsi həm də neft-qaz sənayesində
çalışanların məsuliyyətini
artırmış olar. Çıxış
edənlər enerji sahəsindən yazan jurnalistlərin
neft-qaz sənayesi ilə bağlı dərin biliklərə
malik olmalarının zəruriliyini vurğulayıblar. Eyni zamanda, diqqətə çatdırılıb
ki, informasiya almaq üçün jurnalistlərə geniş
şərait yaradılmalı və onlar da öz növbələrində
bunun məsuliyyətini dərk etməlidirlər.
İkinci sessiyada isə neft ehtiyatlarının sürətlə
azaldığı bir dövrdə enerji şirkətlərinin
suda və quruda yeni ehtiyatların axtarışı ilə məşğul
olmaları və qarşıya çıxan problemlər
müzakirə edilib.
Jurnalistlərin neft-qaz sənayesindən yazarkən
hansı amillərə üstünlük vermələrinin
vacibliyinin müzakirə edildiyi üçüncü sessiya
da maraqlı diskussiya şəraitində keçib, cəmiyyətə
hansı məlumatın çatdırılmasının əhəmiyyəti
barədə fikir mübadiləsi aparılıb.
Neft
yataqlarının tədqiqatı, hasilat və təhlükəsizlik
məsələlərinin müzakirə edildiyi
dördüncü sessiyada isə neft-qaz sənayesində
şirkətlər tərəfindən bu amillərə
xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, təhlükəsizlik və neftin
saxlanılması texnologiyası ilə tədqiqat və
neftçıxarma texnologiyası eyni səviyyədə
deyildir və bu sahədə müasir texnologiyalar tətbiq
olunan zaman təhlükəsizlik məsələləri də
diqqət mərkəzində olmalıdır. Sessiyalarda
iştirakçıları maraqlandıran suallar da
cavablandırılıb.
Sonra
“Gülüstan” sarayında
konfrans iştirakçılarının şərəfinə
ziyafət verilib.
Konfrans
öz işini bu gün davam etdirəcək.
Yeni Azərbaycan.- 2012.- 19 sentyabr.- S.3.