Azərbaycanın iqtisadi inkişafının təməli - “ƏSRİN MÜQAVİLƏSİ”...

 

Ulu öndər Heydər Əliyevin neft strategiyasının ən böyük uğurlarından sayılan müqavilənin imzalanmasından 18 il ötür

 

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsi Azərbaycanın müstəqilliyinin xilası ilə nəticələndi. Tez bir zamanda ölkədə siyasi sabitlik bərpa olundu, dövlət quruculuğuna start verildi. Cəmisi bir ildən sonra-1994-cü ilin sentyabrın 20-də isə müasir, qüdrətli Azərbaycanın iqtisadi inkişafının təməlini təşkil edən “Əsrin müqaviləsi” imzalandı.

Bu müqavilənin Azərbaycan tarixində istər iqtisadi, istərsə də siyasi aspektdə əhəmiyyəti olduqca böyükdür. Bir faktı qeyd etmək kifayətdir ki, məhz, bu müqavilənin imzalanması ilə Azərbaycan qısa zaman kəsiyində iqtisadi inkişaf yoluna qədəm qoydu, ölkəmizə xarici investisiyalar cəlb edildi, beynəlxalq arenada ölkəmizin nüfuzu artdı.

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasından 18 il ötür. “Yeni Azərbaycan” qəzeti olaraq ölkəmizin iqtisadi inkişafının əsas təməli olan bu müqavilənin imzalanmasına həsr edilən “dəyirmi masa” təşkil etdik. “Dəyirmi masa”nın qonaqları millət vəkili Azər Badamov, YAP Qaradağ rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü, iqtisadçı Aydın Hüseynov, politoloq Cümşüd Nuriyev, iqtisadçı Vüqar Bayramov və politoloq, Prezident yanında Dövlət İdarəçiliyi Akademiyası Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Elman Nəsirlidir.

- Məlum olduğu kimi “Əsrin müqaviləsi”nin imzalanmasından 18 il ötür. Həmin tarixi müqavilə 1994-cü ilin rakursundan baxanda bu gün necə xarakterizə oluna bilər? Bu layihəni müasir, qüdrətli Azərbaycanın təməli adlandırmaq olarmı?

Azər Badamov: 1994-cü il sentyabrın 20-də imzalanan və tarixdə “Əsrin müqaviləsi” kimi təşəkkül tapmış neft müqaviləsi Azərbaycanın müstəqillik tarixində imzalanan ən önəmli və həyati dəyərə malik beynəlxalq müqavilələrdən biri, daha doğrusu birincisidir. Çünki bu müqavilə müasir Azərbaycanın inkişaf perspektivləri baxımından, o cümlədən, iqtisadiyyatın dirçəldilməsi və şaxələndirilməsi prosesində olduqca mühüm rola malikdir. 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi dövrə qədərki zaman kəsiyində artıq kövrək olan müstəqilliyimiz böyük təhlükələrlə üz-üzə dayanmışdı. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən acınacaqlı bir halda olan Azərbaycanı düşdüyü durumdan xilas etmək çox çətin idi. Bununla yanaşı, təbii sərvətlərimiz olan neft və qazdan istifadə məsələsində də milli maraqlar baxımından ehtiyatlı davranmaq gərəkirdi. Beləliklə, məhz “Əsrin müqaviləsi” Azərbaycanı investisiyalara açıq bir dövlətə çevirdi və xarici investorlar bu layihənin ardından sərbəst şəkildə ölkəmizə investisiya yatırmağa başladılar. Digər tərəfdən, bu, iqtisadi inkişafın təməlinin qurulmasına imkan yaratdı. Həmin dövrdən etibarən ölkəmizə milyardlarla dollar həcmində xarici investisiyalar yatırıldı, neft sektorunun inkişafı isə özlüyündə qeyri-neft sektorunun da inkişafını təmin etdi. Məhz bu layihədən əldə olunan gəlir sayəsində Azərbaycan vətəndaşlarının sosial təminatının yüksəldilməsi istiqamətində əsaslı addımlar atıldı, müxtəlif layihələr həyata keçirildi. Ölkədə sabitliyin yaranması isə yeni-yeni sahələr üzrə investisiyaların Azərbaycana cəlb olunmasına köməklik göstərdi. Bu da nəticə etibarı ilə ölkəmizdə regionların sosial-iqtisadi inkişafını və digər mühüm aspektləri özündə ehtiva edən genişmiqyaslı proqramların, konsepsiyaların reallaşmasına şərait yaratdı.

- Ötən 18 ildə Azərbaycan iqtisadiyyatı 10 dəfələrlə artıb. Bu baxımdan, “Əsrin müqaviləsi”nin ölkənin iqtisadi yüksəlişindəki rolunu necə izah etmək olar?

Vüqar Bayramov: “Əsrin müqaviləsi”ni öncə strateji yanaşma kimi qiymətləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, bu, müstəqil Azərbaycanın imzaladığı ən böyük müqavilələrdən biridir. Məhz bu müqavilə nəticəsində Azərbaycan iqtisadiyyatına 20 mlrd. dollar həcmində investisiya qoyulması nəzərdə tutulmuşdu. Eyni zamanda, “Əsrin müqaviləsi” çərçivəsində 56 mlrd. barel neftin hasil edilməsi razılaşdırılıb ki, 2020-ci ilədək məhz sözügedən müqavilə çərçivəsində işlənən yataqlardan bu hasil olunacaq. Bütövlükdə, “Əsrin müqaviləsi”ni və həmin müqavilədən sonrakı dövrü qiymətləndirsək birmənalı olaraq deyə bilərik ki, bu həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm bir addım idi. Bu müqavilənin stratejiliyi ondan ibarətdir ki, “Əsrin müqaviləsi”ndə həmin dövrdə Azərbaycana siyasi və iqtisadi təsir imkanına malik Rusiyanın şirkəti cəmi 10 faiz pay almışdı. Böyük üstünlük Qərb ölkələrini təmsil edən şirkətlərə verilmişdi. Eyni zamanda, nəzərə almaq lazımdır ki, müqavilənin yükü 20 mlrd. olsa da, həmin dövrdə Azərbaycanın dövlət büdcəsi kiçik rəqəmlərlə ifadə olunurdu. Yarım milyard dollar dövlət büdcəsi olan bir ölkənin 20 mlrd. dollarlıq bir müqavilə imzalaması kifayət qədər strateji bir addım idi. Post müqavilə dövrünü təhlil etsək, deyə bilərik ki, “Əsrin müqaviləsi” bugünkü inkişaf üçün təməl rolunu oynadı. Azərbaycan sonrakı dövrdə karbohidrogen ehtiyyatları ilə bağlı 30-dan artıq müqavilə imzaladı. Həmin müqavilələr sayəsində Azərbaycan iqtisadiyyatına, o cümlədən, neft sektoruna 64 mlrd. dollar sərmayə qoyulması nəzərədə tutulurdu. Həmin investisiyaların 60 mlrd. dolları yeni yataqların kəşfi və işlənməsi ilə bağlıdır. “Əsrin müqaviləsi”ndən sonra imzalanan müqavilədə Dövlət Neft Şirkətinin payı daha da artdı. Artıq pay bölgüsündə ARDNŞ 50 faizə sahib idi. Bu isə ondan xəbər verir ki, “Əsrin müqaviləsi” yalnız neft-qaz sektorunun işlənməsi üçün imzalanan müqavilə kimi xarakterizə oluna bilməz. Digər tərəfədən, “Əsrin müqaviləsi” neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafını təmin edən impulsa çevrildi. 2010-cu ildən başlayaraq, qeyri-neft sektorundakı artım neft sektorundakı artımı üstələyib. 2011-ci ildə Azərbaycanın qeyri-neft sektorunda 12 faizə yaxın artım qeydə alınıb. Cari ilin 8 ayında qeyri-neft sektorundakı artım 7,4 faiz olub. Ümumi daxili məhsulun (ÜDM) strukturuna diqqət etsək məlum olar ki, burada qeyri-neft sektorunun payı 60 faizə yaxındır. Demək, “Əsrin müqaviləsi” neft sektorunun inkişafını stimullaşdıran layihə olmaqla yanaşı, qeyri-neft sektorunun artımında baza rolunu oynayıb. Qeyri-neft sektorunun inkişafı isə ölkəmizdə dayanıqlı inkişafın təmin edilməsi baxımından əhəmiyyətlidir. Bu gün, “Əsrin müqaviləsi”nin imzalanmasından 18 il sonra bu müqavilənin əhəmiyyətini qiymətləndirsək faktiki olaraq bütövlükdə Azərbaycan iqtisadiyyatında əldə edilən uğurlar birbaşa “Əsrin müqaviləsi”nə əsaslanır. Qeyri-neft sektorunun inkişafı isə ölkəmizdə prioritet istiqmətlərdən olan iqtisadiyyatın şaxələndirilməsinə gətirib çıxarıb.

- 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” kimi tarixi ad almış ilk neft müqaviləsinin imzalanması ilə Azərbaycanda yeni milli neft strategiyasının əsası qoyuldu. Artıq illərdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu strategiya uğurla davam və inkişaf etdirilir. “Əsrin müqaviləsi” Azərbaycanın bu illər ərzində uğurlu neft siyasəti yürütməsində və yeni enerji layihələrinin reallaşdırılmasında hansı rolu oynadı?

Aydın Hüseynov: Həqiqətən də ölkəmizdə uğurla inkişaf etdirilən neft strategiyası, neftlə bağlı əldə olunan nailiyyətlərimiz bilavasitə Ulu öndər Heydər Əliyev qətiyyətinin nəticəsidir. Ümumiyyətlə, Azərbaycan xalqı həm də ona görə xoşbəxtdir ki, böyük karbohidrogen ehtiyatlarına malikdir. Bu bizə iqtisadi dividendlər gətirən neft strategiyasını reallaşdırmağa imkan verir. Neft strategiyasının son məqsədi isə gəlirlərin əldə olunması və milli valyuta ehtiyatlarının artırılması, ümumiyyətlə ölkənin iqtisadi qüdrətinin artırılmasıdır. Aparılan uğurlu neft siyasəti məhz bu məqamların həyata keçməsinə imkan verdi. Xüsusilə qeyd etmək lazımdır ki, bu prosesdə ən başlıca məsələlərdən biri əldə edilən gəlirlərin idarə olunmasıdır. Bu, strategiyanın hazırlanması, onun siyasi aspektlərinin, bu mexanizmin işə düşməsi qədər çətin məsələdir. Xatırlayıram ki, möhtərəm Prezidentimiz İlham Əliyev hələ o dövrdə ARDNŞ-ın I vitse-prezidenti kimi Heydər Əliyevin neft strategiyasının reallaşmasında mühüm rol oynadı. 1999-cu ildə “Əsrin müqaviləsi” çərçivəsində ilk neft ixracatı həyata keçirildikdən sonra cənab İlham Əliyev öz çıxışlarının birində bildirmişdi ki, neft gəlirləri dövlət büdcəsinin gəlirlərinə qarışır və onların ayrılması, hesablanması çətinlik yaradır. Həqiqətən də, dövlət büdcəsinə vəsait daxil olarkən həmin vəsaitin hansı sektordan daxil olduğunu müəyyənləşdirmək çətinlik yaradırdı. Eyni zamanda, dövlət büdcəsinin xərc hissəsindən də maliyyələşməyə ayrılan vəsaitlərlə bağlı qeyri-müəyyənlik yaranırdı. Dövlət Neft Fondunun yaradılması barədə fikirlər də məhz cənab İlham Əliyev tərəfindən həmin vaxt səsləndirilirdi. 2000-ci ildə Dövlət Neft Fondu yaradıldı. Bu Fondun yaradılması neft gəlirlərinin idarə olunması üçün düzgün müəyyənləşdirilmiş bir institut idi. Qeyd edim ki, Azərbaycan Dövlət Neft Fondu (ADNF) ən şəffaf qurum kimi gəlirlər və xərcləri ilə bağlı mütəmadi hesabatlar verir. 2009-cu ildə BMT tərəfindən ADNF xüsusi bir mükafata da layiq görülüb. Artıq ADNF-də 35 mlrd. dollara qədər vəsait toplanıb ki, bu da olduqca böyük rəqəmdir. Eyni zamanda, 18 mlrd. manatlıq dövlət büdcəsinin 57 faizini neftdən gələn gəlirlər təşkil edir. Qeyri-neft sektorunun dövlət büdcəsindəki payının artımı heç də neft gəlirlərimizin azalması kimi anlaşılmamalıdır. Qeyri-neft sektorunun inkişafının da bazası rolunda məhz neftdən gələn gəlirlər çıxış edib. 2025-ci ilə qədər 255 mln. ton neft hasil olunacağı proqnozlaşdırılıb ki, bu da yeni neft kəmərlərinin çəkilməsini zəruri edir. Ümumilikdə, bu gün Azərbaycanın təbii sərvəti olan karbohidrogen ehtiyatları xalqın sosial təminatının, rifahının yüksəlişinə xidmət edir. Neft gəlirləri sosial layihələrə, əsas infrastruktrurların yenilənməsi işlərinə yönəldilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz neft kapitalını insan kapitalına çevirir. Qəbul olunan müvafiq Dövlət Proqramına uyğun olaraq, xaricdə təhsil alan tələbələrin təhsil haqları ADNF-in hesabına ödənilir. Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin ən başlıca uğurlarından biri də əldə olunan neft gəlirlərinin idarə olunması mexanizminin çox düzgün şəkildə həyata keçirilməsidir.

- Cümşüd müəllim, “Əsrin müqaviləsi” imzalandığı dövrdə istər regionda, istərsə də postsovet məkanında həm yeni siyasi, həm də yeni iqtisadi düzən qurulurdu. Ölkəmizdə də həmin dövrlərdə siyasi sabitliyin bərqərar olması üçün Ümummilli lider Heydər Əliyev tərəfindən bir sıra mühüm addımlar atılırdı. Hətta bir qism insanlar və beynəlxalq güclər də var idi ki, “Əsrin müqaviləsi”nin reallaşmasını “xəyal” adlandırırdılar. İstərdik o dövrün siyasi mənzərəsi ilə bağlı fikirlərinizi bizimlə bölüşəsiniz...

Cümşüd Nuriyev: Mən özümü həm də o mənada xoşbəxt sayıram ki, bu müqavilənin müzakirələrində iştirak etmişəm. Bir faktı açıqlamaq istəyirəm ki, “Əsrin müqaviləsi”nin hazırlanmasının ideya müəllifi Ulu öndər Heydər Əliyev idisə, bütün strateji işlərin aparılması, Prezident İlham Əliyevin adı ilə bağlıdır. Daha doğrusu, həmin vaxt ARDNŞ-ın I vitse-prezidenti olan cənab İlham Əliyev həm İstanbul, həm də Hyuston danışıqlarında Azərbaycanın dövlət maraqlarını qorumuşdu. Hətta müqavilədə iştirak edən şirkətlərin birinin prezidenti belə bir ifadə işlətmişdi ki, İlham Əliyev bizə dedi ki, siz bir şirkətin maraqlarını mən isə, Azərbaycan xalqının, dövlətin maraqlarını müdafiə edirəm. Həmin şirkət prezidenti bildirmişdi ki, 33 yaşında bir şəxs bizi inandıra bildi ki, Azərbaycanda həqiqətən də, beynəlxalq iqtisadi siyasət üzrə diplomat yetişib. Qeyd edim ki, “Əsrin müqaviləsi” parlamentdə 45 gün müzakirə olundu. Hər müzakirədən sonra Ulu öndər Heydər Əliyevin yanında toplantılar olurdu və çox vaxt da müzakirələr dayandırılaraq cənab İlham Əliyev oraya dəvət olunurdu. Bu müqavilə Azərbaycanın xarici siyasətində ilk addım idi. O vaxta qədər Azərbaycan heç bir beynəlxalq müqavilə imzalamamışdı. Digər tərəfdən bu uzunmüddətli ilk müqavilə idi. Müqavilənin müddəti 2030-cu ildə bitir və bu müddət ərzində Azərbaycanın bütün xarici iqtisadi siyasətinin strategiyası müəyyənləşdirilmişdi. Həmçinin, “Əsrin müqaviləsi” Azərbaycanın dövlət təhlükəsizliyinin təminatçısı idi. Bundan başqa, Azərbaycanda sonradan həyata keçirilən iqtisadiyyatın diversifikasiyasının əsası qoyuldu. O cümlədən, “Əsrin müqaviləsi” ilə nəinki regionda, qlobal miqyasda nəhəng neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın əsası qoyuldu. Yəni, bu müqavilənin imzalanması ilə Azərbaycanın xarici iqtisadi siyasətində yeni bir çalar meydana gəldi. Təbii ki, layihənin reallaşdırılmasına maneələr yaradılırdı. Təxminən müqavilənin imzalanmasından 10 gün sonra Azərbaycanda dövlət çevrilişinə cəhd baş verdi. Belə ki, oktyabrın 5-də o vaxtkı baş nazir başda olmaqla, dövlət çevrilişinə cəhd olundu. Bu çevriliş baş tutmadı və 1995-ci ilin martında yenidən dövlət çevrilişi məsələsi gündəmə gəldi. Bu məsələdə hətta xarici dövlətlərin səfirlərinin rolu da vardı. Lakin bu cəhdlərin qarşısı qətiyyətlə alındı. Beləliklə, “Əsrin müqaviləsi” sayəsində Azərbaycana birbaşa investisiyalar qoyuldu. Azərbaycan dünya bazarında iqtisadi müttəfiq kimi tanındı. Bununla yanaşı, Azərbaycan beynəlxalq hüquq müstəvisində öz iqtisadi maraqlarını və iqtisadi hüquqlarını qorumağa başladı. O vaxta qədər bizdə beynəlxalq hüquq məsələsi yox idi. Azərbaycan xarici ticarət sahəsində yeni istiqamətlər əldə etdi. Burada bir maraqlı cəhət var ki, Azərbaycan təkcə beynəlxalq iqtisadi hüququ deyil, həm də dövlətimizin iqtisadi maraqlarını beynəlxalq hüquq səviyyəsində qorumağı öyrəndi. Digər məsələ, məhz atəşkəsin imzalanması ilə bağlıdır ki, əgər mayın 14-də atəşkəs imzalanması idi, Azərbaycanın digər 80 faizi iqtisadi cəhətdən işğal olunacaqdı. Necə ki, bu gün Ermənistan 4 dövlət tərəfindən işğal olunub. O dövrdə Azərbaycanı iqtisadi cəhətdən işğal etmək planında Qərblə Rusiyanın da maraqları üst-üstə düşürdü. Bişkekdə atəşkəs sazişinin imzalanması həmin dairələri tamam arxayın saldı. Həmin güclər fikirləşirdilər ki, bu atəşkəs tezliklə pozulacaq, amma Ulu öndər Heydər Əliyev tez bir zamanda dünyanın iqtisadi marağını Azərbaycana cəlb etməyi bacardı. Bu müqavilənin hüquqi və iqtisadi tərəflərinin hazırlanması cənab İlham Əliyevin xidmətləri idi. “Əsrin müqaviləsi” bir özül idi. Sonradan 19 ölkənin 31 şirkəti ilə neft müqavilələri bağlandı. Ümumilikdə, Azərbaycana qoyulan investisiyaların 70 faizə qədəri məhz bu sektora yönəlmişdir. Son illərdə Azərbaycan əldə etdiyi neft gəlirləri sayəsində özü donor dövlətə çevrilməyi bacarıb. Bu böyük bir uğurdur. Digər tərəfdən bu müqavilə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasının əsasını qoydu. Azərbaycanın inteqrasiyası 3 istiqamətdə- regional, avrosentrizm və qlobal atlantizm istiqamətləri üzrə həyata keçirildi. Hər üç istiqamətin uğurla inkişaf etdirilməsində neft strategiyasının böyük rolu var. Azərbaycan istər Atlantika hövzəsinə daxil olan dövlətləri, istər Avropa ölkələrini, istərsə də, regional ölkələri həmin müqavilə ilə özünə bağlaya, onları Azərbaycanın maraqlarını və ya hüquqlarını qorumağa məcbur edə bildi.

-Bu müqavilənin imzalanması həmin dövr üçün beynəlxalq siyasi platformada Azərbaycana nə qazandırdı?

Elman Nəsirli: “Əsrin müqaviləsi” Ümummilli lider Heydər Əliyevin neft diplomatiyasının nəticəsidir. Bu nəticəyə, bu məqsədə gəlib çatmaq üçün mühüm addımlar atıldı. Bu məntiqi sonluğa doğru addım-addım gəlinib. 1993-cü ilin iyun ayında Ulu öndər Milli Məclisin Sədri seçildi. Oktyabr ayının 3-nə-prezident seçkilərinə qədər MDB-yə daxil olmaq məsələsi həll edildi və sentyabrda artıq biz MDB-nin üzvü idik. Niyə Ulu öndər Heydər Əliyev prezident seçkilərini gözləmədi? Çünki müstəqillik əldə edilmişdi, amma bu müstəqillik çox kövrək idi. Həmin dövrü təhlil etdikdə görmək mümkündür ki, vəziyyət çox qarışıq idi. Müstəqilliyi möhkəmləndirmək üçün əsas təhlükə mənbələrindən biri olan Rusiya ilə kompromisə gedilməli idi. Müstəqilliyi möhkələndirmək üçün güclü maliyyə imkanlarına ehtiyac vardı. MDB-yə daxil olmamız isə növbəti ildə atəşkəsin imzalanmasına yol açdı. Bu da vacib idi. Ulu öndər Heydər Əliyev bilirdi ki, “Əsrin müqaviləsi”nin imzalanmasına böyük təhlükələrdən biri də torpaqlarımızı işğal edən Ermənistandır. Onlar hər vəchlə Azərbaycana investisiya qoyuluşunun qabağını almağa çalışacaqdılar. Digər böyük təhlükə Qərbdən gələ bilərdi və Qərbdə də ermənilərin ən yaxın tərəfdaşı Fransa idi. Heydər Əliyev prezident seçkilərindən sonra ilk rəsmi səfərini Fransaya etməklə, bu mümkün təhlükələri də neytrallaşdırmağa nail oldu. Hədəf “Əsrin müqaviləsi”nə doğru yol açmaq idi. Digər təhlükə cənubdan-İran İslam Respublikasından gəlirdi. 1994-cü ilin iyul ayında Ulu öndərin İrana yüksək səviyyəli bir səfəri oldu. Bir maraqlı detal var ki, Ulu öndər İrana səfəri zamanı elan etdi ki, Azərbaycan İranın ərazi bütövlüyünü tanıyır. Əvvəlki hakimiyyət bəzi məsələlərdə fərqli mövqe nümayiş etdirmişdi və Ulu öndərin bu sözü İran tərəfindən yüksək alqışlarla qarşılandı. Bununla da, Cənubdan gələn mümkün təhlükə neytrallaşdırıldı. Paralel olaraq, Azərbaycan 1994-cü ilin may ayının 4-də NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşuldu. Bununla da, Qərblə münasibətlər quruldu. Artıq sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanması üçün bütün zəmin hazırlandı. Şübhəsiz ki, maneələr bitmirdi, həmçinin, ondan əvvəl və sonra da Xəzərin bölüşdürülməsi məsələsi ortaya atıldı. Hətta bu məsələ ilə bağlı, Rusiyanın özündə ikili fikirlər formalaşmışdı. Bütün bunların fonunda, nəzərə alsaq ki, daxildə də müəyyən gərginliklər yaşanırdı, bütün bunları neytrallaşdırmaq çətin də olsa, mümkün oldu və müqavilə imzalandı. Bütünlüklə, neft strategiyasının uğurla həyata keçməsi işi isə, cənab İlham Əliyevin üzərinə düşdü ki, ARDN-ın I vitse-prezidenti olaraq cənab İlham Əliyev bunların öhdəsindən layiqincə gəldi. Cənab İlham Əliyev investorları inandıra bildi ki, Azərbaycan müstəqil dövlətdir və ölkəmizdə heç bir təhlükə yoxdur. Ən əsası isə xalqın seçdiyi parlament bu müqaviləni təsdiq etdi və xalq öz rəyini bildirdi. Müqavilə imzalanan gün ABŞ prezidenti Ulu öndər Heydər Əliyevə teleqram vurmuşdu və bu müqavilənin imzalanması teleqramda mühüm bir hadisə kimi dəyərləndirilirdi. Orada qeyd olunurdu ki, bu müqavilə Azərbaycanda iqtisadi-siyasi sabitliyə, xalqın rifahına xidmət edəcək bir sənəddir. O baxımdan, hesab edirəm ki, “Əsrin müqaviləsi” Azərbaycanın bugünki inkişafının əsasında dayanan çox mühüm hadisələrdən biridir.

- “Əsrin müqaviləsi”nin imzalanması dünyada Azərbaycan həqiqətlərinin geniş təbliği, dünya ictimaiyyətinin Dağlıq Qarabağla bağlı əsl həqiqətlərlə tanış olması yönündə hansı rolu oynadı?

A.Badamov: İqtisadiyyatı güclü olan dövlətə hər kəs hörmətlə yanaşır. Bu mənada Azərbaycanın dünyadakı siyasi nüfuzunun artmasında, ölkəmizin beynəlxalq miqyasda söz sahibinə çevrilməsində və nəticə etibarı ilə bu gün beynəlxalq aləmin əsas aktorlarından biri kimi çıxış etməsində “Əsrin müqaviləsi” mühüm rola malikdir. Ötən 18 ildə Azərbaycan öz daxili inkişafına nail olmaqla yanaşı, dünyada etibarlı tərəfdaş kimi qəbul olundu. Nəzərə alaq ki, “Əsrin müqaviləsi”nin tərəfdaşı olan ölkələrin demək olar ki, hər biri dünyada böyük nüfuza, gücə malik ölkələr idi. Həmin dövr üçün bu ölkələrin Azərbaycanın tərəfdaşına çevrilməsi bütün mənalarda təhlükəsizliyimizin təminatçısına çevrildi. Bu, özü-özlüyündə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bizim diplomatik üstünlük əldə etməmizə şərait yaradıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü hücum diplomatiyası siyasəti az bir zamanda beynəlxalq aləmdə erməni vəhşiliklərinin ifşasına yol açıb, Azərbaycan 155 ölkənin səsini qazanaraq BMT TŞ-nın qeyri-daimi üzvü seçilib. Vaxtilə erməni diasporunun böyük gücə malik olduğu ərazilərdə artıq Azərbaycan həqiqətləri səslənməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin apardığı siyasi kursun uğurlarıdır. Bir sıra beynəlxalq qurumlar erməniləri açıq şəkildə işğalçı adlandırır. Təbii ki, beynəlxalq aləmin bu mövqedən çıxış etməsində Azərbaycanın qazandığı iqtisadi qüdrətin də rolu böyükdür. Bu mənada “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmin əsas aktorlarından birinə çevrilməsinin özülü sayıla bilər.

V.Bayramov: Hətta bəzi dövlətlər Bakı-Tbilisi-Qars dəmiryolu xətti çəkilən zaman təzyiqlər göstərirdilər ki, bu xətt Ermənistandan keçsin. Hətta bunun reallaşması üçün bir sıra maliyyə təzyiqlərinə də əl atdılar. Azərbaycan isə, Gürcüstanın maliyyə öhdəliklərini demək olar ki, öz üzərinə götürdü, layihəni reallaşdırdı. Yəni, “Əsrin müqaviləsi” geoiqtisadi olmaqla yanaşı, geosiyasi əhəmiyyətə malikdir. O cümlədən, neft strategiyası Azərbaycanın bölgədə rolunu bütövlükdə Avropanın enerji təhlükəsizliyinin formalaşması baxımdan artırır. Bu gün Avropanın enerji təhlükəsizliyini Azərbaycansız təsəvvür etmək mümkün deyil. Azərbaycan qazı olmadan bölgədə qazla bağlı hər hansı böyükmiqyaslı layihə həyata keçirilə bilməz. Çünki “mavi qaz”ı Avropaya nəql edə biləcək ölkə Azərbaycandır. Bu baxımdan “Əsrin müqaviləsi”, eləcə də, neft strategiyası Azərbaycanın yalnız bölgədə deyil, eyni zamanda, qitədə enerji məsələlərində söz sahibi olmasına imkan yaratdı.

- Aydın müəllim, “Əsrin müqaviləsi” Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşması yönündə hansı əhəmiyyətə malikdir?

A.Hüseynov: Bu hər zaman birmənalı şəkildə qəbul olunub ki, dünyada türk birliyi dedikdə əsasən Türkiyənin və Azərbaycanın yaxınlığı daha çox nəzərdə tutulur. Ulu öndərimiz bu münasibətləri “Bir millət, iki dövlət” kimi mühüm bir tezislə xarakterizə etmişdi. “Əsrin müqaviləsi” və bu müqavilənin məntiqi davamı sayılan BTC Türkiyə-Azərbaycan birliyinin daha da gücləndirilməsinin iqtisadi əsasıdır. Bir müddət öncə Türkiyə ilə Azərbaycan arasında TANAP layihəsi ilə bağlı razılaşmanın əldə olunması isə artıq bu iqtisadi birliyin daha da gücləndirilməsinə zəmin yaradır. Həmin layihəyə Qazaxıstanın da qoşulması bu iqtisadi birliyi gücləndirəcək. Bölgədə türkdilli dövlətlərin bir-biri ilə münasibətlərinin daha yüksək şəkildə inkişafı üçün bu iqtisadi layihələr olduqca mühüm əhəmiyyətə malikdir.

 

 

Sevinc NURİYEVA,

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2012.- 20 sentyabr.- S.4.