YAP Qadınlar
Şurası bütün məsələlərə
öz töhfəsini verdiyi
kimi, partiyanın yubileyinə də xüsusi rəng qatacaq
Yeni
Azərbaycan Partiyası Qadınlar Şurasının sədri
Nurlana Əliyeva “www.yap.org.az” saytına müsahibə verib:
-
Nurlana xanım,bəlli olduğu kimi, Yeni Azərbaycan
Partiyasının yaranmasının 20-ci ili tamam olur. Bu
müddət ərzində partiyanın fəaliyyəti və
onun Azərbaycan dövlətçiliyinin inkişafına
verdiyi töhfələri necə dəyərləndirirsiniz?
-
Çox sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin
rəhbərliyilə yaradılmış və bu gün cənab
Prezident İlham Əliyevin Sədrliyilə uğurla fəaliyyət
göstərən Yeni Azərbaycan Partiyasının
yaranmasının 20 illiyini qeyd edəcəyik. YAP, ilk növbədə,
dövlətimizin, dövlətçiliyimizin dayağı,
ona dəstək olan, onun ideyalarını ürəkdən qəbul
edən, bu idealların həyata keçirilməsi istiqamətində
mühüm addımlar atan böyük bir qurumdur, siyasi
qüvvədir. YAP yarandığı ilk gündən o qədər
mühüm məsələlərin həllinə nail olub ki,
bu partiyanın bütün məramı, bütün siyasi əqidəsi
bu fəaliyyətlə bağlı olub. İlk növbədə
onu deməliyəm ki, Ulu öndər Heydər Əliyev
partiyamızı yaradarkən, gələcəyini elə
düşünmüşdü ki, bu partiya cəmiyyətdə
böyük bir siyasi qüvvə kimi vətəndaşlarımızın
həyatının tənzimlənməsində, müstəqilliyimizin
möhkəmlənməsində, dövlətçiliyimizin
cilalanmasında, xarici ölkələrdə vətənimiz,
millətimiz haqqında müsbət fikirlərin
yaranmasında mühüm rol oynayacaq və bu partiya dövlətçiliyimizə
əsl dayaq olacaq. Bu uzun illər ərzində partiyanın
sıralarında birləşən insanların məramı
məhz bu olub.
Təxminən
18-20 il bundan əvvəl Ümummilli lider Heydər Əliyev Azərbaycanımızı
məhv olmaq təhlükəsindən xilas edən addımlar
atdı. Həmin dövrdə insanlar arasında təbliğat
aparmaq, müxtəlif tədbirlər vasitəsilə
insanları istiqamətləndirmək, onlara kimin kim
olduğunu, nəyin necə olduğunu düzgün şərh
etmək istiqamətində partiyamız üzərinə
düşən vəzifəni müvəffəqiyyətlə
həyata keçirdi. Partiyamızın sıralarında
doğrudan da əqidəli insanlar birləşmişdi.
Onların arasında müxtəlif təbəqələrin
nümayəndələri – ziyalılar, həkimlər, müəllimlər,
gənclər, qadınlar, hətta evdar xanımlar
olmalarına baxmayaraq, əqidələri düzgün idi.
Onlar partiyanın məqsəd və məramını
reallaşdırmağı bacardılar. Onlar vəziyyətdən
çıxış yolları axtarıb tapırdılar və
problemlərin həllinə nail olmaq üçün
düzgün düşünürdülər, təkliflər
verirdilər, qərarlar qəbul edirdilər. Bu insanların məhz
YAP-da cəmləşməsi partiyanın düzgün
formalaşmasına gətirib çıxarırdı.
-
Partiyanın dövlətimizin inkişafı istiqamətində
həyata keçirdiyi işlərdə qadınlarımız
da fəal iştirak edir. Siz YAP-ın fəaliyyətində
qadınların iştirak faizini necə qiymətləndirirsiniz?
- Bu
gün partiyamızın sıralarında
qadınlarımız kifayət qədər fəal təmsil
olunurlar. Onların səsi, hətta, beynəlxalq arenalardan gəlir.
Qadınlarımız Azərbaycan həqiqətlərini
dünyaya çatdıra bilirlər, Azərbaycan
xalqının mütərəqqi mövqeyini, düzgün
niyyətini ortaya qoyurlar.
Xatırlatmaq
istərdim ki, 1995-ci ildə YAP-ın Qadınlar Şurası
təsis olunub. Bu gün isə partiyamızın üzvlərinin
49 faizini qadınlarımız təşkil edir. Partiyanın tərkibindəki
qadınlar əsl ana timsalında çıxış edirlər.
Onlar tez-tez cəbhə bölgələrində olurlar,
xeyirxahlıqla məşğuldurlar, gənc
qızlarımıza milli-mənəvi dəyərlərin təlqin
edilməsi istiqamətində də işlər görürlər.
Hamımız
bilirik ki, bu gün məktəblərimizdə
qadınlarımız daha çox fəaliyyət göstərirlər,
müəllim kimi, eyni zamanda, xəstəxanalarda həkim kimi.
Məhz, xeyriyyəçilik işləri bu istiqamətlərdə
özünü büruzə verir. Qadınlarımız
bölgələrdə müxtəlif mədəni-kütləvi
tədbirlər təşkil edirlər, tənha qocaları
bayramlarda yad edirlər, internat məktəblərindəki
valideyn himayəsindən məhrum olmuş uşaqları yada
salırlar. Bu işlərin siyahısını uzatmaq olar.
Bütün bunlar isə cəmiyyətimizi
saflaşdırır.
Əlbəttə
ki, bu gün Azərbaycan vətəndaşlarının
gözü qarşısında çox mühüm
uğurlar əldə edir, ölkəmiz dəyişir. Bu yeniləşmə
və dəyişmə çoxumuzu sevindirdiyi qədər,
bizi istəməyənlərin də qəlbində
böyük qısqanclıqlar yaradır. Xüsusən də,
düşmənlərimiz olan ermənilərin
qısqanclığına tez-tez rast gəlinir. Amma buna
baxmayaraq, onların maneələri artıq dəf edilib,
dünyada onlara inam çox azalıb. Çünki, biz öz
mədəniyyətimizlə, tariximizlə, mövqeyimizlə
elə rolda çıxış edirik ki, bunu bütün
dünya görür.
20 illik tarixi olan Azərbaycanda “Eurovision-2012”
mahnı yarışması
keçirildi. Bu mahnı
müsabiqəsinin keçirilməsi
tarixi hadisə idi. Çünki, bu hadisə
bütün dünyanın
diqqətini bizə yönəltdi. Biz qonaqpərvərliyimizi, inkişafımızı,
iqtisadi yüksəlişimizi
elə təqdim etməyi bacardıq ki, bütün dünya heyrətə gəldi.
Bütün bu işlərdə isə qadınlarımız
xüsusi fəallıq
nümayiş etdirdilər.
- Nurlana xanım, Ulu öndər Heydər Əliyevin qadınlara olan münasibətindən danışdınız.
İstərdik ki, bu iki dövr
arasında paralellər
apararaq, qadınların
həyatında baş
verən dəyişikləri
də müzakirə edək...
- Ümumiyyətlə, cəmiyyətdə
qadınlarımız həmişə
fəal olublar. Bütün qadınlarımıza Heydər
Əliyev qədər
diqqətlə, qayğı
ilə yanaşan ikinci şəxs olmayıb. Onun da bu siyasətini Prezident İlham Əliyev davam etdirir.
Ümummilli lider Heydər Əliyev qadınlarımızı
cahanşümul mübarizəyə
yönəldib, onlara layiq olduqları yeri verib, dövlətçilik
işlərinə cəlb
edib. Ulu öndər Heydər
Əliyevə qədər
heç bir rəhbər bu addımı atmayıb.
Qadınlarımız məktəblərdə, xəstəxanalarda çalışırdı,
kiməsə fərdi
qaydada xeyirxahlıq göstərirdilər. Amma Heydər
Əliyevdən sonra bunların hamısı kütləvi hal almağa başladı.
Birincisi,
ona görə ki, rəhbərimiz bizə bu istiqaməti
göstərmişdi. İkincisi, bu xeyirxahlıq xalqımızın milli dəyərlərinin daxilində
çox güclü yuva salıb. Üçüncüsü, o dövrdə həmin
xeyirxahlığa böyük
ehtiyac var idi. Əgər 20 il əvvəl
qadınlarımızın fəaliyyəti lokal xarakter daşıyırdısa,
bu gün artıq bu fəaliyyət
qlobal xüsusiyyət
alıb. Qadınlarımız, həmçinin, internet vasitəsilə dünyaya
çıxır, dünyada
baş verən proseslərə münasibət
bildirirlər.
- Azərbaycanın birinci xaımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın fəaliyyəti qadınların
cəmiyyətdə mövqeyinin
möhkəmlənməsinə və rolunun artmasına hansı formada təsir edir?
- Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan xalqını
tanıtmaq üçün
böyük addımlar
atır. Mehriban xanım Əliyeva
nəinki ölkə daxilində böyük işlər görür, layihələrin həyata
keçirilməsində birbaşa
fəaliyyət göstərir,
hətta, xarici ölkələrdə də
Azərbaycanın mədəniyyətini,
ədəbiyyatını, incəsənətini
təqdim etmək üçün mühüm
addımlar atır.
Rusiyada, Fransada, Almaniyada, İngiltərədə
və digər dövlətlərdə Azərbaycan
mədəniyyəti təbliğ
olunur. Bütün bunlar əlbəttə
ki, Azərbaycanın ümumi səviyyəsini,
Azərbaycan analarının
istedadını, bacarığını,
övlad tərbiyəsindəki
mühüm rolunu dünyaya təqdim etmək deməkdir. Belə anaları olan cəmiyyət, millət heç bir zaman aqressiv mövqe tuta bilməz. Bu gün biz ədalətsiz müharibəyə cəlb
olunmuş ölkəyik.
Ölkəmizin müharibəyə
cəlb olunmasına baxmayaraq, inkişafa nail ola bilirik.
Mehriban xanımın təhsil, səhiyyə sahələrinin
inkişafındakı xidmətləri
də cəmiyyətimiz
tərəfindən yüksək
qiymətləndirilir, daim
təqdir olunur. Onun fəal mövqeyi, milli və dövlətçilik
maraqlarına xidmət
edən çoxşaxəli
fəaliyyəti təbii
ki, hər bir qadınımız üçün əla örnək və haqlı qürur mənbəyidir.
- 20 illik yubiley ərəfəsində
YAP Qadınlar Şurası
tərəfindən hansı
tədbirlərin həyata
keçirilməsi planlaşdırılır?
- YAP-ın tədbirlər planına uyğun olaraq 20 illiklə bağlı geniş bayram tədbirləri keçirmək niyyətindəyik.
Bununla bağlı müəyyən
hazırlıq işləri
görülüb və
yaxın zamanlarda bir sıra tədbirlər
keçirəcəyik. Hesab edirəm ki, YAP Qadınlar Şurası bütün məsələlərə
öz töhfəsini
verdiyi kimi, partiyanın yubileyinə də xüsusi rəng qatacaq.
Yeni Azərbaycan.- 2012.- 20 sentyabr.- S.5.