Dövlətin gənclər
siyasəti müasir dövrün tələblərinə və
reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə
yeni bir mərhələyə qədəm qoyub
Yeni Azərbaycan
Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov
“www.yap.org.az” saytına müsahibə verib:
- Seymur müəllim,
məlum olduğu kimi bu gün Azərbaycanda uğurlu gənclər
siyasəti həyata keçirilir. Ölkəmizin dinamik
inkişaf etdiyi bir şəraitdə bu siyasətin əhəmiyyətini
necə səciyyələndirərdiniz?
- Azərbaycanda
gənclər siyasəti həqiqətən də, çox
böyük əhəmiyyətə malikdir. Əsası
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi
yüksək inkişaf mərhələsini yaşayır. Ulu
öndərimizin müəyyənləşdirdiyi gənclər
siyasəti Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir
dövrün tələblərinə və
reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə
yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin
başlıca istiqamətlərindən biri gənclərə
dövlət dəstəyinin gücləndirilməsindən,
onlara hərtərəfli diqqət göstərilməsindən
ibarətdir. Son illər respublikamızda həyata keçirilən
tədbirlər gənclərin hərtərəfli
inkişafının təmin olunması üçün
siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və
təminatların yaradılmasını sürətləndirib,
onların ictimai-siyasi fəallığının artmasına
kömək edib. Bu gün ölkəmizdə gənclər
siyasəti dövlət siyasətinin mühüm tərkib
hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın
bütün bölmələrində aktiv fəaliyyəti ilə
seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata
keçirilməsində mühüm rol oynayırlar. Eyni
zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə
bağlı xeyli sayda normativ sənədin qəbul olunması
ölkəmizdə gənclərlə iş sahəsində,
gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş
mükəmməl qanunvericilik bazasının
formalaşdırılmasından xəbər verir. Cənab
Prezident tərəfindən ölkədə həyata
keçirilən gənclər siyasətinin məqsədi gənclərin
bütün təbəqələrinin hərtərəfli
inkişafını, ölkənin ictimai-siyasi həyatında
onların yaxından iştirakını təmin etməkdədir.
Yeni mərhələdə dövlət
başçısı tərəfindən gerçəkləşdirilən
siyasət ən müxtəlif sahələri əhatə etməklə
geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi,
sağlamlığı, təhsili, intellektual və mənəvi
inkişafı, asudə vaxtının səmərəli təşkili,
həmçinin, gənclərin cəmiyyət həyatının
bütün sahələrində fəal iştirakı ilə
bağlı məsələləri əhatə edir. Gənclərlə
düzgün iş strategiyasının müəyyənləşdirilməsi
və bu strategiyadan irəli gələn vəzifələrin
dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu
gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət
və s. sahələrdə böyük nailiyyətlər əldə
edir, dövlətçilik ənənələrini daim uca
tutur, çoxşaxəli dövlət islahatlarının həyata
keçirilməsində yaxından iştirak edir. Məhz
Prezident İlham Əliyevin böyük əməyi və səyi
nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin
inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə
çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə,
malik olduqları bilik və bacarıq potensialları
müqabilində bütün sahələrdə geniş
meydan verməyin tərəfdarıdır və bunun təmin
edilməsi üçün diqqət və
qayğısını əsirgəmir. Bu baxımdan
hazırkı mərhələdə gənclər siyasətinin
əsasını məhz ölkəmizin davamlı
inkişafı prosesində gənclərin imkanlarından səmərəli
istifadə edilməsi üçün hər cür şəraitin
yaradılması təşkil edir.
- Yeni Azərbaycan
Partiyasının gənclərlə qurduğu işi necə
qiymətləndirirsiniz? Partiyanın bu yöndəki siyasətinin
əsasında hansı amillər dayanır?
- Yeni Azərbaycan
Partiyası öz fəaliyyətində daim gənclərlə
bağlı məsələlərə xüsusi diqqət
yetirir. Bilirsiniz ki, YAP ümumxalq partiyası olaraq məhz
insanların maraqlarını ifadə edir. Partiyamızın
ideya və prinsipləri müstəqil, demokratik və
güclü dövlət, eyni zamanda insanların yüksək
rifahının təmin edilməsindən ibarətdir.
Partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev
bu istiqamətdə uğurlu siyasət həyata keçirir.
Bu siyasəti nəinki YAP üzvləri, ölkə vətəndaşlarının
mütləq əksəriyyəti dəstəkləyir. Cəmiyyətimizin
aparıcı qüvvəsi olaraq gənclərimiz Azərbaycanın
inkişaf siyasətinin fəal dəstəkçisi olmaqla bərabər,
bu siyasətin təbliğatında da aktiv rol oynayırlar.
Bu gün
dövlətimiz, o cümlədən Yeni Azərbaycan
Partiyası gənclərimizin öz bilik və
bacarıqlarını ifadə etmək üçün
bütün imkanları yaradıb. Hazırda 580 min nəfərlik
partiyamızın üzvlərinin 40 faizi gənclərdən
ibarətdir. Bu kifayət qədər böyük bir qüvvədir.
YAP-ın gənclər üçün böyük imkanlar
yaratması partiyamıza onların axınını şərtləndirən
amillərdən biridir. Məhz bunun nəticəsidir ki,
partiyamızın sıralarında yüksək intellektli gənclər
birləşib.
- YAP Gənclər
Birliyinin fəaliyyəti daha çox nə ilə fərqlənir?
Təşkilatın həyata keçirdiyi layihələr
özünü doğruldurmu?
-
Bildiyiniz kimi YAP nəinki ölkəmizdə, ümumilikdə
bölgəmizdə ən böyük siyasi qüvvədir.
Belə bir siyasi qüvvənin sıralarında olmaq və fəaliyyət
göstərmək həm şərəfli, həm də
çox məsuliyyətlidir. Biz fəaliyyətimizlə YAP rəhbərliyinin
etimadını doğrultmağa çalışırıq,
həmçinin çalışırıq ki, yenilikçi
qüvvə olaraq bütövlükdə partiyamızın cəmiyyətdəki
nüfuzunu daha da gücləndirək. Sevindirici haldır ki,
bu məqsədə doğru inamla gedirik və öz ətrafımızda
yüksək intellektli gəncləri toplayırıq. Təbii
ki, məhz bu və digər amillər bizim partiyanın gənclər
qurumunu digər təşkilatlardan fərqləndirir.
Bilirsiniz
ki, YAP Gənclər Birliyi bir sıra layihələrin müəllifidir.
Mən onların sırasında “yay” və “qış məktəbləri”
layihəsini xüsusi vurğulamaq istərdim. Bu layihələr
gənclər arasında çox rəğbətlə
qarşılanır. Və bunun da ciddi əsasları var.
Xatırladım ki, builki “Yay məktəbi”ndə partiyanın
üzvü olan yüzlərlə fəal gənc iştirak
edib. Bu layihə 2007-ci ildən həyata keçirilir və
ötən illər ərzində bu tədbirin keçirilmə
qaydaları daha da təkmilləşdirilib.
Layihədə
iştirak edən gənclər həm Bakı şəhərini,
həm də bölgələri təmsil edirlər. Hər il
olduğu kimi bu il də “Yay məktəbi” ölkəmizin
gözəl guşələrində təşkil olunub. Gənclərin
qaldıqları otellərdə yüksək şərait var,
onlar bu otellərin bütün xidmətlərindən istifadə
edə bilirlər. Bildiyiniz kimi layihənin məqsədi odur
ki, gənclər həm asudə vaxtlarını yaxşı
keçirsinlər, həm bir-birilə təmas, münasibət
qursunlar, eləcə də onlar üçün intellektual və
əyləncəli yarışlar təşkil olunur. Eyni
zamanda, “Yay məktəbi”ndə partiyamızı təmsil edən
deputatlar, Milli Məclisin komitə sədrləri, eləcə
də hökumət nümayəndələri gənclərin
qonağı olurlar. Onlar müxtəlif mövzular ətrafında
fikirlərini bölüşür, gəncləri
maraqlarından suallara cavab verirlər. Hesab edirəm ki, “Yay məktəbləri”
gənclərimizin intellektual səviyyəsinin daha yüksəlməsi
və asudə vaxtlarının səmərəli
keçirilməsi baxımından əhəmiyyətli layihədir.
Biz bu layihələri davamlı edirik və qarşıda
“Qış məktəbi” layihəsi olacaq. Ümumiyyətlə,
bunlardan əlavə, bir sıra layihələr həyata
keçirilir ki, onların bəziləri xeyriyyə məqsədi
daşıyır və s. Eyni zamanda, YAP-ın gənc üzvlərinin
sosial şəbəkələrdə fəallığının
artırılması yönündə işlər
aparılır.
- Sosial
şəbəkələrdə fəaliyyətdən söz
düşmüşkən, son zamanlar gənclərin bu prosesdə
fəallığı artıb. Sizcə, bu fəallıq istənilən
nəticəni verirmi?
-
Müasir dünyanı İKT-siz təsəvvür etmək
mümkün deyil. Məhz İKT-nin imkanlarından istifadə
etməklə bu gün sosial şəbəkələr
yaranıb və onun vasitəsilə insanlar bir-birilər ilə
təmas qururlar. Əlbəttə ki, YAP Gəncləri Birliyi
olaraq daim sosial şəbəkələrdə fəal
olmağa çalışırıq. Bilirsiniz ki, radikal
müxalifət partiyaları, ölkəmizin
inkişafını istəməyən qüvvələr
sosial şəbəkələr vasitəsilə Azərbaycan
haqqında mənfi rəy formalaşdırmağa
çalışırlar. Onlar müəyyən qruplar
yaradaraq özlərinin həqiqətdən kənar fikirlərini
yaymağa çalışırlar. Təbii ki, biz bu prosesdə
seyrçi ola bilmərik. Ona görə də, elə
onların yaratdığı qruplarda qarşı tərəfə
tutarlı cavab veririk. Onu da qeyd edim ki, partiyamızın gəncləri
də sosial şəbəkələrdə xüsusilə
“facebook”da qruplar yaradıblar. Onların sırasında “Azərbaycan
2013: QƏLƏBƏ” qrupu artıq böyük rəğbətlə
qarşılanır. Bu qrupda ən müxtəlif məsələlər
haqda fikirlər bildirilir, Azərbaycan Prezidenti İlham Əliyevin
həyata keçirdiyi siyasət təbliğ olunur. Eyni
zamanda, ölkəmizin inkişafını əks etdirən
bütün məsələlər haqda münasibət
açıqlanır. Bir sözlə, bu qrupda birləşən
minlərlə insan çox fəallıq göstərir ki, bu
da qarşı tərəfin əsassız iddialarına
tutarlı cavab verilməsində vacib rol oynayır.
Biz gənclərlə
daim ünsiyyətdə olan və onlarla işləyən təşkilat
olduğumuza görə, Azərbaycan gəncliyinin nə
düşündüyünü çox yaxşı bilirik.
Apardığımız söhbətlərdən, sosial şəbəkələr
üzərindən keçirdiyimiz sorğulardan da bəlli
olur ki, bu gün Azərbaycan gəncləri Prezident İlham Əliyevin
siyasətini birmənalı şəkildə dəstəkləyir.
- Son
zamanlar YAP Gənclər Birliyi beynəlxalq əlaqələrinin
genişləndirilməsi istiqamətində də ciddi
addımlar atır. Bu sahədə əldə olunan nəticələri
necə xarakterizə etmək olar?
- Bəli,
beynəlxalq əlaqələr baxımından xeyli uğurlar
var. Ötən müddətdə beynəlxalq əlaqələr
istiqamətində Rusiyanın, Ukraynanın, Belorusun,
Qazaxstanın, Rumıniyanın, Bolqarıstanın,
Yunanıstanın, Makedoniyanın, İtaliyanın və
başqa ölkələrin partiyaları ilə yaxından əlaqələr
qurulub. Həmçinin, Avropa gənclər təşkilatlarının
bir sıra layihələrində YAP Gənclər Birliyi olaraq
fəal iştirak edirik. Bundan əlavə, YAP-ın Gənclər
Birliyinin təşəbbüsü ilə Avropanın enerji təhlükəsizliyi,
sülh və təhlükəsizliklə bağlı
Bakıda beynəlxalq konfranslar keçirilib və s. Bir
sözlə, ötən müddət ərzində beynəlxalq
əməkdaşlıq sahəsində də ciddi nəticələr
əldə olunub. Biz beynəlxalq əlaqələrin
inkişafı məsələsində fəaliyyətimizi
müxtəlif istiqamətlərdə qurmuşuq. Birinci istiqamət
gənclər sahəsində fəaliyyət göstərən
beynəlxalq təşkilatlar, həmçinin,
dünyadakı gənclər təşkilatları və
siyasi partiyaların gənclər birlikləri ilə əlaqələrin
qurulması, birgə layihələrin həyata keçirilməsi,
Azərbaycanın dostlarının sayının
artırılması yönündə işlərin
aparılmasıdır. İkinci istiqamət isə bu təşkilatlarda
fəaliyyət göstərən və ya həmin
qurumların fəaliyyətində iştirak etməyən
müxtəlif ölkələri təmsil edən gənclər
təşkilatlarının və siyasi partiyaların gənclər
birlikləri ilə əlaqələrin qurulmasıdır.
Sevindirici haldır ki, hər iki istiqamət üzrə müəyyən
addımlar atılıb, uğurlar qazanılıb.
İkitərəfli
əlaqələrin inkişafı, müxtəlif ölkələrdə
fəaliyyət göstərən gənclər və siyasi
partiyaların gənclər təşkilatları ilə
münasibətlərin qurulması istiqamətində də
müəyyən uğurlar əldə etmişik. Bilirsiniz ki,
müxtəlif təşkilatları, ölkələri təmsil
edən gənclərlə ikitərəfli müqavilələrin
imzalanması, o ölkələrin gəncləri ilə
qarşılıqlı səfərlərin edilməsi ilə
bağlı işlər aparılıb. YAP Gənclər
Birliyi olaraq beynəlxalq əlaqələrimizin daha da
genişləndirilməsi yönündə işlərimizi
davam etdiririk.
Yeni Azərbaycan.-
2012.- 20 sentyabr.- S.5.