“Bakının
yaddaşımda öz yeri olacaq”
İskəndər Pala: Tarixi, əslində,
neytral insanlar yazmalıdır, hadisələrə
yaxından-uzaqdan ilgisi olmayan tarixçilər
Sentyabr
ayının 16-dan 18-dək Bakıda səfərdə
olmuş ədəbiyyatşünas alim, Türkiyənin
tanınmış yazıçısı professor-doktor İskəndər Pala “Yeni Azərbaycan”ın
suallarını cavablandırıb:
- Ustad,
biz Sizinlə Bakı səfərinizin son günü, son
saatlarında söhbət edirik. Səfərinizin
ilk saatlarından bir yerdə olsaq da, hesab edirəm, söhbət
üçün ən münasib vaxt məhz indidi - artıq
görüşlər, ziyarətlər başa çatıb,
bir neçə saatdan sonra Bakını tərk edəcəksiniz.
Öncə, təəssüratlarınızı bilmək istərdim...
- Bəli,
doğru buyurursunuz, bu saatda söhbət etməyin öz
anlamı var. Hesab edirəm, çox yoğun, amma çox da
maraqlı iki gün yaşadıq. Görüşdüyümüz,
fikir mübadiləsi apardığımız bütün
insanlar üçün bu iki günün yaddaqalan
olacağına ümid edirəm. Şəxsən mən
və həyat yoldaşım, çox böyük məmnunluq
və deyərdim, sürprizlər dolu bir səfərdən
dönürük... Örnək verim, mən professor-doktor
olsam da, ilk dəfə burda - Azərbaycanda -
çalışdığım ali təhsil
ocağından kənarda “fəxri doktor” ünvanı ilə
təltif olundum. Eyni zamanda, sizin dünya Gənc Türk
Yazarlar Birliyi və “Avrasiya Beynəlxalq Araşdırmalar
İnstitutu” İctimai Birliyi tərəfindən özəl
plaketlə təltif olundum. Habelə hər nə qədər
8 il öncə Bakıda olmuş olsam da, məhz bu səfərim
sırf ədəbiyyatçı olaraq, yazar olaraq dəvət
olunduğum və burada nəşr edilmiş
kitablarımın təqdimatına qatıldığım bir
özəl səfər oldu; burada çoxsaylı
oxucularımla təmas qurmaq, onların əsərlərim
haqqında düşüncə və fikirləri ilə
yaxından tanış olmaq fürsətim oldu və s.
Mən də ilk dəfə Azərbaycanda olan
xanımım da qardaş ölkənizdən, Bakıdan zəngin
təəssüratlarla ayrılırıq. Fürsətdən
yararlanaraq, görüşdüyümüz, söhbət
etdiyimiz hər kəsə, özəlliklə bizim bu səfərlə
bağlı zəhmət çəkmiş dostlara təşəkkürlərimi
yetirirəm.
- İskəndər bəy, Bakıya daha öncəki səfərinizlə
bu səfərinizdə gördüklərinizi, şahid
olduqlarınızı müqayisə etsək, hansı dəyişiklikləri
qeyd edərdiniz?
- Dediyim
kimi, Bakıya bundan səkkiz il öncə
gəlmişdim. O zaman paytaxtınız mənə
hüznlü görünürdü, şəhərin
üz-gözündən qəm-kədər
tökülürdü. Bu dəfə isə
şəhərinizi, insanınızı təbəssümlü
gördüm. Şəhərin gur
işıqları, özəlliklə gecə mənzərələri
ayrı bir aləmdi. Mən dünyanın
bir çox şəhərlərində olmuşam, deyim ki,
Bakının yaddaşımda öz yeri olacaq. Bu, yəqin ki, həm qardaş ölkənin
paytaxtı olmaqdan, həm də özünəməxsus
gözəlliyindən, tarxiliklə modernliyi bir arada
yaşatdığı üçündür.
Şəhərinizin, insanlarınızın
simalarında solğunluğun öz yerini gözəl
duyğuların, ümidin təcəllasına
buraxmasını görmək çox xoşdu. Artıq şəhərinizdə
mürəkkəb yol qovşaqları, körpülər,
keçidlər, gözəl tikililər, qəlboxşayan
yeniliklər var. Dünyanın ən hündür bayraq dirəyini
tikmisiniz. Qardaş Azərbaycanın gələcəyinə
olan ümidlərim çox yüksəkdir.
- Siz Bakıya gələrkən, yəqin, daha çox
“Şah və Sultan”la bağlı suallarla üzləşəcəyinizi
təxmin etmişdiniz. Artıq oxucuların, məsləkdaşlarınızın,
həmkarlarınızın münasibətləri ilə
bilavasitə tanış oldunuz, - bu
mövzuda nə deyərdiniz?
- Bəli,
Türkiyədə olduğu kimi, burada da tənqidlər
olacağını bilirdim və normal da yanaşırdım. Sizə deyim, öz ölkəmdə “Şah və
Sultan”la bağlı təqribən hər yüz insanın
90-ı olumlu, 10-u olumsuz münasibət göstərir. Olumlu, olumsuz münasibət göstərənlərin
də yarıbayarısı, kitabın məzmunu
baxımından yanaşsaq, sünni və ələvilərdir.
Amma mən fikir mübadiləsindən
qaçan insan deyiləm. Bu tarixi
romandı və mən tarixi faktları
saxtalaşdırmadığımı düşünürəm,
çünki əlim çatdığı qədər
tarixi qaynaqlara istinad etmişəm. Hə, ola
bilər, mənim baxdığım sənədlə bir
başqasının əlində olan sənəd fərqli
bilgi verir, bu artıq mənim problemim deyil. Bilirsiz,
“Şah və Sultan” yazıldığı andaca - dərhal nəşr
edilmiş bir əsər deyil. Mənim əsərimə
rəy verənlər içində həm ələvi, həm
də sünni məzhəbinin tanınmış biliciləri
var. Başqa fikir bildirən mötəbər insanlar da var. Demək
istəyirəm, əlinizə ovuc içi boyda bəlgə
keçdisə, siz artıq nə irad, nə tənqidlə
üzləşsəniz də, haqlısız, güvənlisiz.
Onu da əlavə edim ki, mən tarixi roman
yazarı olaraq, bir tarixi roman yazmağın sevgi romanı
yazmaqdan daha asan olduğunu deməliyəm. Tarixdə
olub-bitən hadisələr var, tarix mazidi - keçmişdi... Romanlar isə bu hadisələrin arasına daxil
etdiyimiz süjet xəttindən, obrazlara yaxınlaşma
biçimimizdən, yazıçı fəndindən
asılıdı. Dünən bir
görüşdə də vurğuladığım kimi,
sevgi, eşq romanları yazanda, hətta yazar öz
yaşamından, təcrübəsindən, olsun ki, yaxın
dostlarının yaxud ayrı bir qaynaqdan yararlana bilər, ancaq
tarixi romanda bunu edə bilmirsən. Bu
baxımdan, tarixi roman yazmaq mənimçün daha asandır.
Çünki tarix tarixdi, bəlgəli, arxivli... Bizə qalan
da o bəlgələrin, arxivlərin üzərində
necə çalışmaq, faktları necə ətə-sümüyə
doldurmaqdı...
- Rəşid
Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən
“fikir gecəsi”ndə millət vəkili Qənirə
Paşayevanın “Şah İsmayıl Xətai də, Sultan Səlim
də mənim babamdı” deməsindən sonra bir oxucunuz
“İskəndər bəy, Siz də eyni şəkildə
“Sultan Səlim də, Şah İsmayıl Xətai də mənim
babamdı” deyə bilərsizmi” deyə sual etdi və siz “maraq
etməyin, mən “Şah İsmayıl Xətai də mənim
babamdı” sözünü çox demişəm”
cavabını verdiniz. Bu mövzuda əlavə
etmək istədiyiniz bir söz varmı?
- Bilirsiniz, hadisələrə birtərəfli
baxmaq olmaz. Yenə deyirəm, tarixi roman
yazarına bəlgələrə istinad etmədiyi şeyi
yazmağa haqq vermirəm. Bir də,
“kültür” və “mədəniyyət” dediyimiz iki qavram var
- biri keçmişi, biri bu gün və gələcəyi
anladan, ifadə edən. “Kültür”
dediyinizdə, insanoğlunun keçmişdə
yaratdıqları gözönündə tutulursa, “mədəniyyət”
dedikdə insanoğlunun bugünkü quruculuğu,
yapdıqları, gələcəyə necə boylanması,
baxışlarının təcallası gözönündə
tutulur. Bu anlamda, Şah İsmayıl Xətai
ilə Yavuz Sultan Səlimin yanlışlıqlarına tarixi
baxımdan qiymət vermək, tarix üçün,
onların yanlışlarından dərs almaq gələcək
üçün önəmlidir. Biz mədəniyyəti
kültürün üzərindən qururuqsa da, gələcəyimizi
gözəl, layiqli şəkildə qurmağa borcluyuq. Özəlliklə də, tarixi yazan aydın, tarixi
roman yazarı keçmişdə ilişib qalmamalı, ulusuna
doğru yol göstərməlidir. Mən
çox istərdim, insanlar “Şah və Sultan”ı oxuyaraq,
oradakı ideyanı, fəlsəfəni idrak edərək
düşüncə və fikirlərini
bölüşsünlər. Bax, o zaman bir
yazıçı olaraq mənə haqq verəcəklərinə
inanıram. Çünki mən
özümə inanıram, yalan, riya peşində
olmadığımı bilirəm. Eyni zamanda, onu da
anlayır və müdafiə edirəm ki, mənim
yazdığımdan daha səlis yazan ola
bilər və olmalıdır, başqa sözlə, mənimlə
razı olmayanlar, buyursunlar daha gözəl bir roman
yazsınlar, özlərini bu şəkildə ifadə etsinlər.
Bu daha yaxşı olmazmı?
Bir
söz də deyim, - “Şah və Sultan” nəşr olunduqdan
sonra, bir ələvi aydını mənə bir qaynaq gətirdi
- orada Sultan Səlim Təbrizdə ikən Şah
İsmayılın ona məktub yazdığı və
Taclı xatun əlindəsə, onun azad edilməsini istədiyi
yazılırdı. - Açığı, mənim daha
öncə tanış olduğum qaynaqlar fərqli bilgi verirdi
və mən də əsərimi ona görə
yazmışdım, ancaq haqqında bəhs etdiyim digər bəlgə əlimdə
olsaydı, bəlkə süjet ona görə qurula bilərdi.
Yaxud bu gün sizin də iştirakınızla Azərbaycan
Yazıçılar Birliyində keçirilən
görüşdə, hörmətli Anar dedi ki, onun çox dəyər
verdiyi, güvəndiyi tarixçi alim Oktay Əfəndiyev
Şah İsmayılın öz anasını öldürməsi
fikrinə kəsinliklə qarşı olaraq, belə bir tarixi
faktın olmadığını deyir, amma mənim
baxdığım bəlgələr başqa şey deyirdi. Bu da ondan irəli gəlir ki, tarixçilər tarixi
bəlkə öz hökmdarlarının siyasətinə, istək
və arzularına uyğun yazıblar. Mən
deyirəm, tarixi, əslində neytral insanlar yazmalıdır,
hadisələrə yaxından-uzaqdan ilgisi olmayan tarixçilər.
...Belə şeylər olur, o üzdən deyirəm ki, mənim
əsərimlə razı olmayanlar başqa bir əsərdə
özlərini ifadə etsələr, daha məntiqli
olardı.
- İskəndər
bəy, siz yetərincə çox dəvət alan
yazıçılardansınız. İstərdim,
bir qədər də Azərbaycana budəfəki gəlişinizə
səbəb olan dəvət barədə
danışasınız.
- Mən
çalışmağa, yazmağa, öz doğma iş
otağımdan uzaq durmamağa diqqət göstərən bir
insanam. Lakin elə dəvətlər var ona cavab
verməmək mümkün deyil. Bakıda “Şah və
Sultan” romanım işıq üzü gördüyü zaman əsərin
tərcüməçisi Nəriman Əbdülrəhmanlı
ilə birlikdə bura gəlməyim üçün çox
danışıqlar aparmışdıq, Türkiyənin Azərbaycandakı
səfirliyi də bu işdə maraqlı idi, ancaq gəlmək
üçün uyğun zaman tapa bilmədiyim
üçün onların təkliflərinə müsbət
cavab verə bilmədim. Sonra da İstanbulda
hörmətli millət vəkili Qənirə Paşayeva ilə
görüşümüz oldu. O, “OD” romanımı azərbaycancaya
çevirməyi təklif etdi,
mən də razılaşdım. Beləliklə,
ard-arda iki kitabım nəşr olununca Azərbaycana gəlmək
şərt oldu və ikigünlük də olsa bir tarix müəyyənləşdirərək,
Qənirə xanımın, Nəriman bəyin və təbii,
səfirliyimizin dəvətlərini ümumiləşdirərək,
Bakıya gəldik. - Türkiyədəki üç
günlük proqramımı təxirə salmaq bahasına
olsa da, artıq deyə bilərəm ki, yaxşı ki, gəldik.
-
Bakıda keçirdiyiniz görüşlər, ziyarətlər
haqqında oxucularımız bir də Sizin
özünüzdən bilgi alsınlar...
-
Sentyabrın 16-da Bakıya gəldik. Öncə,
bizi dəvət edən “Azərbaycan Beynəlxalq
Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ
İB) başqanı xanım Paşayeva və rəhbər
heyətin üzvləri ilə görüşdük. Sonra Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin
və Onun xanımı Zərifə Əliyevanın məzarını,
Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyini
ziyarət etdik. Daha sonra İçərişəhərlə,
Şirvanşahlar Saray Kompleksi ilə tanış olduq.
Ayın 17-də ilk ziyarətimiz Azərbaycan Tarix Muzeyinə
oldu. Muzeyin direktoru hörmətli Nailə Vəlixanlı
xanıməfəndi ilə görüşdük. Qardaş Azərbaycanın zəngin mədəni
irsini və qədim tarixini özündə əks etdirən
muzeyin tarixi, ümumən Azərbaycan
tarixşünaslığının dünəni və bu günü
barədə bilgi aldıq.
Daha sonra
Nizami adına Ədəbiyyat Muzeyini ziyarət
etdik. Muzeylər kültürün, tarixin saxlanc
yeridir və mən tarixlə, ədəbiyyatla məşğul
olan bir yazar olaraq bu iki muzeydə olmağı çox
anlamlı sayıram. Bunu ziyarət sonrası “rəy kitabı”na yazdığım ürək sözlərimdə
də ifadə etdim.
Həmin gün Azərbaycanda Atatürk Mərkəzində
olduq. Mərkəzin direktoru, Azərbaycan-Türkiyə
Parlamentlərarası Dostluq Qrupunun sədri professor Nizami Cəfərovla
görüşdük. Onunla daha öncədən
tanışırdıq, bir-birimizin
yaradıcılığına müəyyən bələdliyimiz
var.
Axşam oxucularımızla görüş ortamında “ədəbi-fəlsəfi fikir gecəsi” keçirdik. Görüş gözləniləndən təqribən iki dəfə uzun çəkdi və nə xoşbəxtəm ki, qardaş ölkənin insanları məni sonunadək səbrlə dinlədi, təbii mən də onları dinlədim. Görüşdən öncə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”nun bir layihəsi çərçivəsində Azərbaycan dilinə uyğunlaşdırılaraq yenicə çapdan çıxımış mənim “OD” romanımın satışı həyata keçirildi. Satışı deyərkən, bu, bir xeyriyyə aksiyası idi - romanın satışından əldə edilən vəsait xeyriyyə məqsədi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Təbriz və ətrafında baş vermiş son dağıdıcı zəlzələdən ziyan çəkmişlərə göndəriləcək.
Gecədə sevgili dostum Əsgər Rəsulovun etdiyi çıxış məni çox təsirləndirdi. Nəhayət, sonda “OD”un imzalanma mərasimi oldu, oxucularımla qısa da olsa, könül söhbəti etmə, üz-üzə gəlmə fürsətim oldu, xatirə şəkilləri çəkdirdik.
Ağrılı, amma vacib ziyarətlərdən biri də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini və Şuşada erməni vandalizminə uğramış “güllələnmiş heykəllər”i ziyarət etməyimiz oldu...
Odlar Yurdu Universitetində də maraqlı görüş keçirdik. Sağ olsunlar, söhbətin başında da vurğuladığım kimi, lütf edib, mənə “fəxri doktor” ünvanı verdilər. Universitetin kitabxanası ilə tanış olduq, biz də bir neçə kitabımızı universitet kitabxanasına hədiyyə etdik.
Sonra, sağ olsunlar, zaman ayırıb bizi Milli Məclis sədrinin I müavini cənab Ziyafət Əsgərov qəbul etdi. Cənab Əsgərovla da “bir millətin iki dövləti”ni təmsil edən elm və sənət adamları arasında işbirliyinin dünəni, bu günü və perspektivi barədə danışdıq, qardaş ölkələrimiz arasında parlamentlər səviyyəsindəki yüksək ilişkilər barədə bilgi aldıq.
Nəhayət, sizinlə söhbətdən bir xeyli öncə Yazıçılar Birliyində Birlik başqanlığı və bir qrup yazıçı, şairlə görüşümüz oldu. Göründüyü kimi, yetərincə zəngin və necə deyərlər, protokol kimi bir səfər olmuş, maraqlı görüşlər keçirilmişdir. Bax, işbirliyi, ilişki dediyimiz nəsnələr, hadisələr belə görüşlərlə, təmaslarla, belə deyim, könül bağı ilə daha da zənginləşir, möhkəmlənir, bir sözlə, məzmun qazanır.
- İstərdim, gələcək yaradıcılıq planlarınız barədə bilgi verəsiniz. Oxucularınız İskəndər Pala qələmindən çıxacaq hansı əsərə hazırlasınlar özlərini...
- Yeni romanım “Seyr dəftəri” adlanır, Barbaros Xeyrəddin Paşanın həyat və mübarizəsindən ilham alınaraq, bayaqdan söz etdiyimiz tarixi roman yazma texnologiyamıza uyğun olaraq yazılmışdır - yəni, bəlgələrə istinad edərək... Roman “Qapıyayınları”nda çıxacaq və 2013-cü il yanvarın 1-dən oxucuların ixtiyarına veriləcək. İnşallah, oxucularımın, azərbaycanlı oxucularımın da ilgisini çəkəcəyinə inanıram.
Əkbər QOŞALI
Yeni Azərbaycan.-2012.- 21 sentyabr.- S.6.