Terror ermənilərin siyasi,
ideoloji, iqtisadi və humanitar sahələrdə
uğradıqları məğlubiyyətləri pərdələmək
üçün bir
vasitədir
Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Vilayət müəllim, qarşılıqlı faydalı maraqlara və bərabərhüquqlu əsaslara söykənən Macarıstan-Azərbaycan münasibətlərinin hazırki durumu barədə nə deyə bilərsiniz?
- Son illər ərzində Azərbaycanla Macarıstan
arasındakı əlaqələr
daim yüksələn
xətt üzrə inkişaf etmişdir. Macarıstanın keçmiş prezidenti
Pal Şmittin 2011-ci ilin
noyabr ayında, baş nazir Viktor Orbanın 2010-cu ilin sentyabr və 2012-ci ilin iyul aylarında
Azərbaycana rəsmi
səfərləri həmin
artan marağın diqqətəlayiq təzahürlərindən
biridir. Həm də bu səfərlərin heç
biri regional xarakter daşımamışdı. Yüksək
səviyyəli macar qonaqların səfər proqramına yalnız Azərbaycan daxil idi. Bakıda keçirilən görüşlər və
aparılan danışıqlar
ölkələrimiz arasındakı
münasibətlərin bütün
sahələr üzrə
fəallaşmasına təkan
vermişdir.
Bu ilin son üç ayı ərzində həyata keçiriləcək
işlər də dediyimə sübut ola bilər.
8-9 oktyabr tarixlərində
Budapeştdə Azərbaycan-Macarıstan
hökumətlərarası birgə iqtisadi komissiyasının üçüncü
iclası olacaq. Azərbaycan Respublikasının iqtisadi
inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi altında
komissiya üzvləri
tam tərkibdə iclasda
iştirak edəcək.
Tədbirin gedişi zamanı
bir sıra sənədlərin imzalanması
nəzərdə tutulur.
Müxtəlif sahələrdə
qarşılıqlı əməkdaşlıq
məsələlərinin müzakirəsi
məqsədi ilə
50 nəfərə yazın
azərbaycanlı iş
adamı da həmin günlərdə
Budapeştə gələcək,
macar həmkarları ilə görüşüb
müzakirələr aparacaqlar.
Hər iki tərəfin səyləri göstərir
ki, komissiyanın qarşıdan gələn
iclası sadəcə
protokol xarakteri daşımayacaq. Burada
hər iki tərəf üçün
maraq doğuran bir sıra layihələrin
həyata keçirilməsinə
start veriləcək.
Noyabrın 18-də “Duna plaza” konsert
salonunda F.Əmirovun
90, Niyazinin 100 illiyi münasibəti ilə
professor F.Bədəlbəyli başda olmaqla Azərbaycan incəsənət
ustalarının Budapeştin
“Dunay” simfonik orkestri ilə birgə böyük konserti olacaq. Konsertdə F.Əmirov və Niyazinin simfonik və vokal əsərləri
səslənəcək.
25-26 noyabr tarixlərində səfirliyin iki ölkənin elmi-ictimai qurumları ilə birlikdə hazırladığı
“Azərbaycan-Macarıstan: Mədəniyyətlərin
dialoqu” mövzusunda
VII Beynəlxalq konfrans
keçiriləcək. Bu ilki konfrans ölkələrimiz
arasında diplomatik əlaqələrin qurulmasının
20 illiyinə həsr olunur.
Dekabrın 12-də Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü
münasibəti ilə
səfirlikdə Budapeşt
Musiqi Akademiyası tələbələrinin hazırladığı
konsert olacaq.
Öz növbəsində
macar tərəfi də yetərincə fəallıq göstərir. 3-7 oktyabr tarixində Bakıda keçiriləcək
Beynəlxalq Humanitar forumda Macarıstanı 15 nəfər təmsil edəcək. Onların arasında
dünya miqyasında tanınmış görkəmli
alimlər, yazıçılar,
ictimai xadimlər var.
7 nəfərdən ibarət
macar jurnalistlər qrupu da oktyabr
ayında ölkəmizin
qonağı olacaq.
İnanıram ki, onların
həqiqətə sədaqət
və obyektivlik hissi ilə qələmə alacaqları
yazılar xalqımız
haqqında gerçək
təsəvvür yaradılmasında
pozitiv rol oynayacaq. Səfirliyin keçirdiyi “Mən
Azərbaycan haqqında
nə bilirəm” esse müsabiqəsinin qalibləri, habelə Macarıstanın turizm üzrə ekspertləri də bu ilin
sonuna qədər ölkəmizlə tanışlıq
imkanına malik olacaqlar.
Bu son rübdə görəcəyimiz işlərin tam
olmayan siyahısıdır. Belə addımlar
xalqlarımızı biri-birinə yaxınlaşdırır,
insanlar arasında qarşılıqlı anlaşma və
hörmət hissini gücləndirir. Qeyd
etməliyəm ki, R.Səfərovun ekstradisiyası nəticəsində
son bir ay ərzində Azərbaycan adı Macarıstanda
elektron medianın və digər kütləvi informasiya vasitələrinin
gündəliyindən düşmür. Əlbəttə,
fikirlər və rəylər müxtəlifdir. Lakin biz bütün mümkün vasitələrlə
bu marağı müsbət istiqamətə yönəltməyə
çalışırıq. Həm də
deyə bilərəm ki, niyyətimizə müəyyən dərəcədə
nail oluruq. Çünki son günlərdə
macar vətəndaşları arasında keçirilən rəy
sorğusu erməni təbliğatının bütün səylərinə
baxmayaraq Azərbaycana münasibətin mənfi istiqamətə
dəyişmədiyini göstərməkdədir. Hesab edirəm ki, təkcə elə bu faktın
özü gələcək işlərimiz üçün
diqqətəlayiq stimuldur.
- Məlum
olduğu kimi, son zamanlar ən çox müzakirə olunan və
mübahisə obyektinə çevrilən başlıca məsələlərdən
biri də Azərbaycan zabiti Ramil Səfərovun ölkəmizə
ekstradisiya olunması və ölkə Prezidenti tərəfindən
əfv edilməsidir. Bu proses necə baş tutdu və bu barədə
nə deyə bilərsiniz?
- Ramil Səfərov səkkiz ildən çox idi ki,
Macarıstan həbsxanasında cəza çəkirdi. Bir sıra
macar hüquqşünaslarının özlərinin də
etiraf etdikləri kimi, törətdiyi əməl müqabilində
ona həddən artıq ağır hökm
çıxarılmışdı. Həmin
ədalətsiz addım ilk növbədə erməni
diasporunun təzyiqi altında atılmışdı. Ona görə də, gizlətmirəm ki, Azərbaycan
öz vətəndaşına münasibətdə yol verilən
ədalətsizliyi aradan qaldırmağa can atır, bu istiqamətdə
təşəbbüslər göstərirdi. Son bir
neçə ay ərzində bu iş daha intensiv xarakter
almışdı. R.Səfərovun
ekstradisiyası əvvəldən sona qədər Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
altında ölkəmizin müvafiq hakimiyyət qurumları tərəfindən
həyata keçirilmişdir. Burada hansısa nüfuzlu
iş adamlarının, oliqarxların iştirakı ilə
bağlı səslənən fikirlər onların özlərinin
uydurmalarından başqa bir şey deyildir. Eyni
sözləri müxalifətin guya işin əvvəlindən
prosesdən xəbərdar olması, hökumətə müəyyən
zəmanətlər verməsi haqqında da demək olar.
Təbii ki, müxalifət də R.Səfərovun
ekstradisiyasından yalnız o, Bakı hava limanında yerə
endikdən sonra xəbər tutmuşdu. Dediyim
kimi, dövlət dövlətlə anlaşıb, həmin
işi isə yalnız dövləti, hakimiyyəti təmsil
edən rəsmi şəxslər yerinə yetirə bilərdilər.
Heç bir macar məmuru, xüsusən də ədliyyə və
təhlükəsizlik sistemində çalışanlar
pulunun miqdarından, yaxud əlaqələrinin genişliyindən
asılı olmayaraq küçədən gələn hər
hansı bir iş adamı, yaxud oliqarxla dövlətlərarası
münasibətlərin predmeti olan belə bir məsələni
müzakirə etməzdi.
Səfirlik əvvəldən sona qədər bu prosesin
içərisində olub. Hazırlıq mərhələsi
kifayət qədər uzun çəkdi. Biz ilk növbədə
ciddi maarifçilik fəaliyyəti ilə məşğul
olduq. Macar cəmiyyətində ilk növbədə və bir
qayda olaraq R.Səfərovun törətdiyi cinayətdən
danışılırdı. Bu cinayəti ortaya
çıxaran səbəb və amillər isə cəmiyyətə
məlum deyildi. Yaxud onların üzərindən sükutla
keçilirdi. Əgər Azərbaycan torpaqları, ilk növbədə
isə Ramilin kiçik vətəni sayılan Cəbrayıl
işğal olunmasaydı, minlərlə həmvətənimiz,
eləcə də Ramilin yaxınları və doğmaları
erməni zülmünə məruz qalmasaydılar, o, gəncliyini,
həyatını, bütün gələcəyini riskə
ataraq belə bir iş görərdimi? Təbii ki, yox. Bu sadə,
lakin prinsipial həqiqəti macar cəmiyyətinə
açıqlamaq üçün biz macar jurnalistlərinin Azərbaycana
səfərlərini təşkil etdik. Burada onlar
qaçqınların həyatı ilə tanış oldular,
Ermənistanın elan olunmamış müharibəsinin
ölkəmizə vurduğu ağır yaraları gözləri
ilə gördülər, Ramilin atası və digər
yaxınları ilə görüşdülər. Nəticədə,
təkcə son bir il ərzində nüfuzlu macar qəzetlərində
2004-cü ilin fevralında baş vermiş dəhşətli
hadisənin pərdə arxasını açan 10-a yaxın
obyektiv ruhlu, gerçəyi əks etdirən məqalə
çap olundu.
Bir il əvvələ
qədər macar mətbuatı Ramili sadəcə “baltalı
adam” kimi təqdim edir, ermənilərin təsiri altında
onun intellektual potensialının məhdudluğu, əqli səviyyəsinin
aşağılığı haqqında əsassız
nağıllar uydururdu. Biz bu mifi də dağıda bildik.
Hazırlıq və istedadını nəzərə alaraq
onu yaradıcı işə təşviq etdik, macar dilindən
çevirdiyi və milli ədəbiyyatın diqqətəlayiq
nümunələri sayılan “Qapı”, “Pal küçəsinin
oğlanları” kitablarının Bakıda nəşrinə,
ictimaiyyətin iştirakı ilə təqdimatına nail
olduq. Eyni zamanda bu kitabları Macarıstanda geniş təbliğ
etdik. Macar həbsxanasında cəza çəkən azərbaycanlı
zabitin macar ədəbiyyatını tərcümə və təbliğ
etməsi öz effektini verdi. Nəticədə qısa
müddət ərzində “baltalı adam” mifi də
dağıldı, macar ictimai fikrində Ramil özü də,
hətta onun affekt vəziyyətində əl
qaldırdığı erməni zabiti Markaryan da Ermənistan
rəhbərliyi tərəfindən həyata keçirilən
daha böyük və dəhşətli cinayətin
qurbanları kimi qəbul olunmağa başladılar.
Prinsipial
qərar Macarıstanın baş naziri Viktor Orbanın bu il
Bakıya 30 iyun-1 iyul tarixli səfəri zamanı qəbul
edildi. Bundan sonra iki ölkənin Ədliyyə nazirlikləri
fəal şəkildə prosesə qoşuldular. Nəticədə
avqustun 6-da Macarıstanın ədliyyə naziri Tibor
Nuvroçiç tərəfindən R.Səfərovun
ekstradisiyası ilə bağlı müvafiq sənəd
imzalandı. Macar dostlarımızın və ölkəmizin
müvafiq qurumlarının səyi nəticəsində
ekstradisiya prosesi avqustun 31-də son dərəcə
böyük məxfilik şəraitində və yüksək
professionallıqla həyata keçirildi.
Macarıstan
bu addımı atarkən beynəlxalq hüquqa, ilk növbədə
isə 1983-cü ildə imzalanan “Məhkum edilmiş şəxslərin
verilməsi haqqında” Strasburq konvensiyasına əsaslanmışdır.
Məlum olduğu kimi, Azərbaycan da, Macarıstan da həmin
konvensiyaya qoşulmuşdur. Digər tərəfdən, R.Səfərovla
bağlı Macarıstanın Ermənistan
qarşısında heç bir öhdəliyi yox idi. Azərbaycan
Prezidenti isə ölkə qanunvericiliyi və Konstitusiya ilə
Ona verilmiş hüquqdan istifadə edərək R.Səfərovun
əfvi ilə bağlı qərar qəbul etdi.
Bütünlükdə
bu çətin və mürəkkəb proses Azərbaycan
Prezidentinin qətiyyəti, ölkəmizin beynəlxalq miqyasda
artan nüfuzu, nəhayət Azərbaycan dövlətinin
özünün hər bir vətəndaşına sahib
çıxmaq əzmi və qətiyyəti sayəsində
uğurla nəticələndi.
- Məlumdur
ki, Ramil Səfərovun ekstradisiya olunması və Prezident
İlham Əliyev tərəfindən əfv edilməsindən
sonra erməni terrorçu təşkilatlarından təhdid məktubları
aldınız. Bu, nəyə dəlalət edir və yaxud nəyin
göstəricisidir?
- Bu, ilk
növbədə terrorun erməni siyasətbazlarının
başlıca silahı kimi indi də öz
aktuallığını saxlamaqda olduğunu göstərir.
Ötən əsrin əvvəllərindən başlayaraq
onlar sui-qəsd və terroru öz məqsədlərinə
çatmaq, cəmiyyətdə qorxu və xof əhval-ruhiyyəsi
yaratmaq üçün əsas vasitələrdən birinə
çevirmişlər. Osmanlı imperiyası və Azərbaycan
Demokratik Respublikasının dövlət xadimlərinə
qarşı çevrilmiş “Nemezis” əməliyyatı,
yaxud 1973-1991-ci illərdə türk diplomatlarına
qarşı çevrilmiş terror aktları bunun sübutudur.
Aparıcı erməni terror təşkilatlarından biri kimi
tanınan ASALA indi də eyni üsula əl atır, Azərbaycan
diplomatları, xarici ölkədə yaşayan Azərbaycan vətəndaşları
arasında xof yaratmağa çalışır.
Çünki indiki məqamda terror onların siyasi, ideoloji,
iqtisadi və humanitar sahələrdə uğradıqları
məğlubiyyətləri pərdələmək
üçün bir vasitədir.
Digər
tərəfdən, erməni ideoloqları hələ də
özlərinin “istisna təşkil etmələri”
haqqındakı mifdən xilas ola bilməyiblər. Belə
çıxır ki, onlar erməni əsilli ən qatı
cinayətkarları da Ermənistana gətirə, əfv edə,
milli qəhrəmana çevirə bilərlər. Başqa
dövlətlər və xalqlar isə özlərinin
situasiyanın qurbanı olmuş vətəndaşlarına
münasibətdə eyni humanizm və şəfqət
göstərə bilməzlər. Bu erməni
iddialarının cəfəngliyini bir daha bütün
çılpaqlığı ilə göstərir. Biz hədə
məktubları almışıq və alırıq. Hətta
müəyyən təxribat əməllərinin həyata
keçirilməsini istisna etmirik. Lakin bu bizi qorxutmur. İlk hədə
məktubu alındıqdan sonra mən səfirliyimizin
kiçik kollektivini topladım, onlara son dərəcə diqqətli
və ehtiyatlı davranmaları ilə bağlı ətraflı
təlimat verdim. Eyni zamanda tərəddüd hissi keçirənlərin,
mürəkkəb situasiyada Budapeştdə qalıb fəaliyyətini
davam etdirmək istəməyənlərin ən qısa
zamanda Bakıya qayıtmalarına şərait
yaradacağımı bildirdim. Lakin heç kim qayıtmaq
fikrini yaxın belə buraxmadı. Azərbaycan dövləti
öz vətəndaşlarını qorumağa qadirdir. Bu da
ASALA-nın və digər erməni terror təşkilatlarının
təhdidləri qarşısında bizim ən güclü
silahımızdır.
-
Bildiyimiz kimi, Azərbaycanın digər ölkələrdəki
diplomatik nümayəndələrinə qarşı da ermənilərin
terror çağırışları, təhdid mesajları
yönəldi. Macarıstanın Azərbaycandakı səfirliyi
ölkəmizin digər ölkələrdəki diplomatik
nümayəndəlikləri ilə bu məsələlərlə
bağlı koordinasiyalar edirmi?
- Azərbaycanın
son illərdə nail olduğu yüksək inkişaf, beynəlxalq
miqyasda nüfuzunun artması, onun Cənubi Qafqazın
aparıcı ölkəsinə çevrilməsi Ermənistan
rəhbərliyində böyük həsəd və
paxıllıq hissləri doğurur. Məlum ekstradisiya hadisəsindən
sonra bu çağırışlar daha geniş vüsət
almış və açıq hədələrə
çevrilmişdir. Ona görə də Azərbaycanın
dilomatik nümayəndəliklərinin, eləcə də
xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının
müdafiəsi və mühafizəsi daha yüksək səviyyədə
təşkil olunmalıdır. Təbii ki, biz digər ölkələrdəki
həmkarlarımızla təhlükəsizlik məsələsini
müzakirə edirik, əlimizdəki mövcud
informasiyaları onlarla bölüşürük. Eyni zamanda
onlardan da bəzi məlumatlar alırıq. Amma
bütünlükdə bu işin mərkəzləşdirilmiş
qaydada təşkili son dərəcə vacibdir.
-
Ümumiyyətlə, ermənilərin terror
çağırışlarına yönəlik Azərbaycan
hökuməti və Macarıstan tərəfinin
gördüyü təhlükəsizlik tədbirləri
hansı səviyyədədir?
- Hələlik
təhlükəsizlik tədbirləri yalnız Macarıstan tərəfindən
görülür. Ekstradisiyasının həyata keçirilməsindən
bir neçə gün əvvəl bu ölkənin Daxili
İşlər Nazirliyi Azərbaycan səfirliyinin binası və
səfirin iqamətgahı qarşısında 24 saatlıq
mühafizə təşkil etmişdir. Hazırda bu mühafizənin
daha uzunmüddətli olması ilə bağlı
danışıqlar aparırıq. Macar polisi eyni zamanda həm
də səfirlik əməkdaşlarının
yaşadıqları binaları nəzarətə
götürmüşdür. Bizə daxil olan hədə
xarakterli elektron məktublar və zənglər barəsində
dərhal Macarıstan tərəfini məlumatlandırırıq.
Bütün belə təsadüflərdə onların
reaksiyası son dərəcə professional və operativ olur.
Erməni
terror təşkilatları Azərbaycanın yalnız
Macarıstanda deyil, digər ölkələrdəki səfirliklərini
də hədəfə götürə bilərlər. Ona
görə də xaricdəki diplomatik nümayəndəliklərin
rəhbərlərinin bu günlərdə öz işini
başa çatdıran toplantısında
diplomatlarımızın təhlükəsizliyinin təmin
olunması məsələsi bir qədər epizodik şəkildə
də olsa, müzakirə edildi. İnanmaq istərdik ki, vəziyyətin
ciddiliyi nəzərə alınaraq bu istiqamətdə ən
qısa zamanda operativ və səmərəli tədbirlər
hazırlanacaq və həyata keçiriləcək.
- Yenidən
Azərbaycan-Macarıstan münasibətlərinə
qayıtmaq istərdik. Münasibətlərin hazırki
durumunu əsas götürərək perspektiv inkişaf
istiqamətləri barədə nə deyə bilərsiniz?
-
Ekstradisiya məsələsi müəyyən mənada Azərbaycan-Macarıstan
iş birliyinin bu günü və gələcəyi
üçün bir sınaq odu. Həm də tam əminliklə
demək mümkündür ki, bir sıra formal prosedurları
istisna etmək şərti ilə iki ölkə rəhbərliyinin
qarşılıqlı etimada əsaslanan münasibətləri
bu sınaqdan layiqli şəkildə çıxdı. Bu da bizə
əsas verir ki, gələcək münasibətlərimizə,
onların inkişaf dinamikasına və potensialına daha
böyük nikbinliklə baxaq. Macar və Azərbaycan
xalqlarının tarixi taleyində oxşar cəhətlər
çoxdur. Məhz bu tale ümumiliyi dövlətlərimizi və
xalqlarımızı təhlükələri, hədə və
riskləri günbəgün artan dünyada daha sıx əlaqələr
saxlamağa, birlikdə addımlamağa vadar etməlidir. Əlamətdar
haldır ki, həm Azərbaycanda, həm də Macarıstanda
bunun fərqində olan çoxsaylı insanlar, ilk növbədə
isə dövlət adamları vardır. Münasibətlərimizin
inkişaf perspektivləri güman edirəm ki, hər şeydən
öncə bu mühüm mənəvi-tarixi amilə əsaslanmalıdır.
Yeni Azərbaycan.- 2012.- 26 sentyabr.- S.4.