“Demokratiyaya
yumşaq, yaxud bərk keçməkdən danışmaq
yersizdir”
Siyavuş
Novruzov: Çünki Azərbaycan demokratik ölkədir və
demokratik yolla gedir. Belə olan halda demokratiyaya hansı
keçiddən danışılır?
“Media
forum” saytının suallarını Yeni Azərbaycan Partiyası
İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov
cavablandırır.
-
Avropa Parlamentinə göndərilən müraciəti
imzalamaq üçün hakim və müxalif partiyaların
bir araya gəlməsini iqtidar-müxalifət dialoqu saymaq
olarmı?
- YAP
digər siyasi partiyaların ümummilli məsələ ilə
bağlı mövqe ortaya qoyması və sənəd
imzalaması üçün təşəbbüslə
çıxış etdi. On səkkiz siyasi partiya bir araya gələrək
bəyanat imzaladı və həmin sənəd Avropa
Parlamentinə, Avropa ölkələrinin Azərbaycandakı səfirliklərinə,
digər qurumlara göndərildi. Bu bir daha onu göstərdi
ki, hansı partiyanın üzvü olmasından asılı
olmayaraq ümummilli, dövlət əhəmiyyətli,
xalqın maraqları ilə bağlı məsələlərdə
hamı yekdildir.
Biz
bundan əvvəl də Dağlıq Qarabağ münaqişəsi,
Azərbaycanın ərazi bütövlüyü, BMT-nin qətnamələrinin
yerinə yetirilməsi və buna oxşar məsələlərlə
bağlı birgə qərar və bəyanatlar
imzalamışıq. Yəni bu ilk deyil, növbəti
addımlardan biridir. Bunun İctimai Palataya nə aidiyyəti
var? İctimai Palata bunu niyə müzakirə edir? Ümumiyyətlə
o nə qurumdur, onun nə səlahiyyəti var, orada kimlər təmsil
olunur? Onların dediklərinin hamısı mənasızdır.
Sadəcə olaraq orada yığışan adamlar
bekarçılıqdan bilmirlər nə etsinlər. Bekar
olmadıqlarını, guya nəyləsə məşğul
olduqlarını göstərmək üçün belə bir
müzakirə keçiriblər.
-
İctimai Palata, orada təmsil olunan partiyalar dəfələrlə
hakimiyyəti siyasi qüvvələrlə dialoqa
başlamağa çağırıblar. Xalq Cəbhəsi və
Müsavat partiyalarının YAP-ın təşəbbüsü
ilə bəyanata imza atılması göstərdi ki, bu təşkilatlar
iqtidarla müzakirələr aparmağa, hətta sənəd
də imzalamağa hazırdır. YAP müxalifətlə
dialoqu hansı formada davam etdirə bilər?
- YAP
dialoqu davam etdirməyə və istənilən məsələni
müzakirə etməyə hazırdır. YAP-ın buna həm
potensialı çatır, həm də bizim müzakirə
etmək üçün gördüyümüz işlər
var. İstənilən məsələ ilə bağlı
müzakirələrə tam hazırıq.
- Bir
qədər dəqiqləşdirsək, YAP hansı məsələləri
müxalifətlə müzakirə etməyə
hazırdır?
-
Dialoq ancaq ümummilli məsələlər haqda ola bilər.
Hər bir partiyanın nizamnaməsi, fəaliyyət
proqramı var. Digər hallarda hər bir siyasi partiya öz
nizamnamə və proqramına uyğun fəaliyyət göstərir,
qarşısına qoyduğu vəzifələri yerinə
yetirmək üçün işini davam etdirir. Hesab edirəm
ki, partiyaların fəaliyyəti konstruktiv olmalıdır, başqa
hallara yol verilməməlidir.
-
İctimai Palatanın Koordinasiya Şurasının qəbul
etdiyi sonuncu qərarda deyilir ki, qurum bir il əvvəl
“Demokratiyaya yumşaq keçidin yol xəritəsi” adlı sənəd
hazırlayaraq Prezident Administrasiyasına və YAP-a təqdim
edib. Amma indiyədək bu sənəd cavabsız qalıb və
bu istiqamətdə iqtidar tərəfi hər hansı
alternativ təşəbbüslə də
çıxış etməyib. YAP müxalifətlə
birlikdə demokratiyaya keçidin yol xəritəsini
müzakirə edə bilərmi?
- O,
yanlış bir sənəddir. Çünki Azərbaycan
demokratik ölkədir və demokratik yolla gedir. Belə olan
halda demokratiyaya hansı keçiddən
danışılır? Bəyəm Azərbaycan sosialist
ölkəsidir ki, demokratiyaya keçid eləsin? Bizim ölkə
demokratik, hüquqi dövlətdir, ölkədə
böyük işlər həyata keçirilir. Görülən
işlər kimisə qane etmirsə, bu işlərin daha
yaxşı olması üçün təkliflərini verə
bilər. Bütövlükdə Azərbaycan doğru
yoldadır, ölkə Konstitusiya əsasında idarə olunur
və atılan addımlar Konstitusiyaya, qanunlara uyğundur. Azərbaycan
Konstitusiyası dünyanın ən demokratik
konstitusiyalarından biridir. Eyni zamanda idarəçilik
sistemimiz şəffaf və ədalətlidir. Çünki
hakimiyyət qolları seçkilərlə
formalaşdırılır. Belə olan halda demokratiyaya
yumşaq, yaxud bərk keçməkdən danışmaq
yersizdir. Bunu ortaya atan bəzi adamlar bir neçə ərəb
ölkəsində baş verənləri yamsılayırlar.
Bunu edənlər gah rəngini, gah havasını dəyişir,
gah da gül gəzdirirlər. Ukraynada narıncı inqilab
baş verəndə hamısı paltarını dəyişdi,
narıncı geyməyə başladı. Gürcüstanda
qızılgül inqilabı olanda bunlar əllərinə
gül götürüb küçələrə
çıxmışdılar. İndi isə bəzi ərəb
ölkələrində hansısa proseslər baş verir.
Axı bunun Azərbaycana nə aidiyyəti var? Ərəb
ölkələrindən bəzi şeyləri öyrəniblər,
oradan nəsə götürüblər və bunu Azərbaycana
da şamil etmək iddiasına düşüblər. Bunu edənlərə
normal insan kimi baxmaq olmur. Ona görə də belə sənədlərin
hazırlanması, bununla bağlı deyilənlər əsassızdır,
mənasızdır, boş şeylərdir.
Mən
İctimai Palata adlı qurum tanımıram. Ora bir dərnəkdir.
Amma dərnəkdə toplananlar da lazımi işlərlə
məşğul olmurlar, ancaq dedi-qodu edirlər. Siyasətlə
məşğul olmaq partiyanın işidir,
funksiyasıdır, hansısa dərnəyin yox. Onlar bir qədər
faydalı işlərlə məşğul olsunlar,
küçələrdə təmizlik işləri
görsünlər, ağac əksinlər, kitabxanaya
yığılıb kitab oxusunlar... Dərnəyin
funksiyası bundan ibarətdir. Bütün bunlara görə
onların nəsə hazırlaması, təqdim etməsi, kiməsə
göstəriş verməsi mənasızdır.
-
Seçki Məcəlləsinin təkmilləşdirilməsi,
seçki komissiyalarının formalaşdırılması
mexanizminin dəyişdirilməsi və komissiyaların yenidən
formalaşdırılması iqtidar-müxalifət dialoqunun
mövzusu ola bilərmi?
-
Hazırda qüvvədə olan qanunda seçki
komissiyaları ilə bağlı bütün tərəflərin
mövqeyi nəzərə alınıb. Seçki məsələləri
qanunla tənzimlənir. Ona görə də bu məsələ
qapanıb və dialoq mövzusu ola bilməz. Düzdür,
Seçki Məcəlləsində müəyyən
boşluqlar var. Amma bu boşluqlar tamamilə başqa məsələlərlə
bağlıdır. Seçki qərargahlarının
yaranmasının hüquqi əsasları məcəlləyə
salınmalı, imza vərəqələrində dəyişiklər
edilməlidir. Mənim Seçki Məcəlləsinin təkmilləşdirilməsi
ilə bağlı xeyli təklifim var. Amma seçki
komissiyalarının formalaşması məsələsinə
yenidən qayıtmaq olmaz və buna ehtiyac da yoxdur.
Çünki 20 ildir bu müzakirə olunur və ən optimal
variant tapılıb. Hazırkı mexanizm təkmildir.
-
Müxalifətin təkliflərindən biri də seçki
sisteminin dəyişdirilməsi və parlament seçkisinin
eyni zamanda həm majoritar, həm də proporsional sistemlə
keçirilməsi haqdadır...
- Gündəmdə
belə bir məsələ var. Bununla bağlı xeyli təklif
olub. Vaxtilə Azərbaycanda iki parlament seçkisi
qarışıq - majoritar və proporsional - sistem üzrə
keçirilib. İki seçki isə sırf majoritar sistemlə
reallaşdırılıb. Majoritar qaydada təmsilçilik
norması proporsionaldan daha üstündür. Yenidən
qarışıq sistemin tətbiq olunması üçün
verilən təkliflər gələcəkdə
götür-qoy olunacaq, müzakirə ediləcək. Əgər
bunun ciddi formada əsaslandırılması olarsa, onda
qanunvericiliyə dəyişiklik etmək olar. Bunun
üçün referendum olmalıdır, əgər vətəndaşlar
səs verərlərsə, dəyişdirilə bilər.
- Yəni
bunu müxalifətlə müzakirə etmək olar...
- Bu
indinin mövzusu deyil artıq. İndi təkmil və yekdil
sistem var, bu sistemin əsasında seçki keçiriləcək.
-
Müsavat və Xalq Cəbhəsi partiyaları hesab edir ki, “Sərbəst
toplaşmaq azadlığı haqqında” Qanun sərbəst
toplaşmaq azadlığını məhdudlaşdırır.
Sərbəst toplaşmaq azadlığının təmin
olunması, qanunda dəyişiklik edilməsi, aksiyalara yerlərin
ayrılması məsələlərində dialoq aparmaq
olarmı?
-
Dünyada “Sərbəst toplaşmaq azadlığı
haqqında” ən mükəmməl qanun Azərbaycandadır.
Bu qanun Avropa Şurası Venesiya Komissiyasından da müsbət
rəy alıb. Sadəcə olaraq qanuna riayət etmək
lazımdır. Kim mitinq, aksiya keçirməklə
bağlı müraciət etsə, qanunla yer verilir, ayrılan
yerdə də aksiya keçirilməlidir. Sərbəst
toplaşmaq azadlığı nəyəsə etiraz etməkdir.
Amma hansısa müəssisənin qarşısında piket
keçirmək başqadır. Sərbəst toplaşmaq
azadlığı ilə hansısa müəssisənin
qarşısına toplaşmağı bir-birinə qatmaq
olmaz. Ayrılan yerin təhlükəsizliyini təmin etmək,
digər insanlara ziyan vurmamaq, insanların işinə mane
olmamaq kimi hallar da nəzərə alınmalıdır.
İnsan haqları üzrə Avropa Xartiyasında belə bir
maddə var ki, hüquqlar digərinin hüququnu pozanda məhdudlaşdırılır.
Sən mitinq keçirmək istəyirsən, başqası da
istirahət, yaxud işləmək istəyir. Sənin
keçirdiyin mitinq digər insanlara mane olmamalıdır.
Bütün bunlar nəzərə alınaraq yer
ayrılıb. Orada qəbul olunan bəyanatla şəhərin
ortasında qəbul edilən bəyanatın hansı fərqi
var? Harada keçirilməsindən asılı olmayaraq mətbuat
həmin aksiyaları işıqlandırır. Mətbuata
geniş şərait yaradılıb. İndi azad internet şəbəkəsi
var. Müxalifətin keçirdiyi aksiyalar haqqında məlumatlar
rahatlıqla yayılır, həmin məlumatlarda deyiləcək
ki, filan yerdə müxalifət etiraz aksiyası keçirib.
Söhbət
ondan gedir ki, müxalifət etiraz aksiyalarını hansısa
ticarət mərkəzinin qarşısında ora
bazarlığa gəlmiş insanların sayı hesabına
keçirmək istəyir. Demirlər ki, minlərlə, on
minlərlə tərəfdaşımız var?
Çağırsınlar. Qoy tərəfdaşları gəlsin,
hər cür şəraiti olan, normal meydanda
toplaşsınlar, etirazlarını bildirsinlər. Səbail
rayonu ərazisində, Dövlət Bayrağı Meydanı
yaxınlığında onlara yer verilmişdi. Ondan
yaxşı yer istəyirlər? Gedib aksiyalarını
keçirsinlər, sərbəst toplaşmaq
azadlıqlarını reallaşdırsınlar. Amma keçirtmirlər.
Çünki aksiya keçirəndə onların heç bir
potensiallarının olmadığı üzə
çıxır, hamı da bunu görür. Onların sosial
bazası, elektoratı yoxdur. Fəvvarələr meydanına
çıxsaq görəcəyik ki, orada bəlkə 20 min
adam hərəkət edir. Kimi gəzir, kimi işə tələsir,
uşağını gəzdirir, dostu ilə söhbət
edir... Onların hesabına sərbəst toplaşmaq
azadlığı həyata keçirmək olmaz. Burada nəyi
dialoq predmeti etmək olar? Yer verilib, gedib aksiyalarını
keçirsinlər.
- Yeni
konstitusiya layihəsinin hazırlanması, konstitusiya referendumu
keçirilməsi mümkündürmü?
-
Konstitusiyamız normaldır, çox yaxşıdır.
Konstitusiyada nəyi, niyə dəyişmək lazımdır?
Konstitusiyada lazım olan hər şey əksini tapıb, bu
gün nümunəvi konstitusiyalardan biridir.
- Burada da
müzakirə olunası bir şey yoxdur?
- Xeyr,
yoxdur.
- Bir nəfərin
iki dəfədən artıq prezident seçilməsinə
qoyulan məhdudiyyətin bərpa olunmasını necə,
müzakirəyə çıxarmaq olarmı?
-
Seçki üsulu ilə həyata keçirilən məsələdə
heç bir məhdudiyyət ola bilməz. Bu, seçkidir,
xalqın seçimidir. Xalq istəyər beş dəfə,
on dəfə, iyirmi dəfə seçər. Onun məsələyə
heç bir aidiyyəti yoxdur. Ona görə də heç kim
buna irad tuta bilməz. Seçmək xalqın birbaşa
hüquqdur.
- Siyasi
partiyaların fəaliyyətinə normal şərait
yaradılması, siyasi məhbusların azadlığa
buraxılması, vicdan və din azadlığı sahəsində
islahatlar...
- Azərbaycanda
siyasi məhbus yoxdur. Vicdan məhbusu kimi də yeni adlar
tapıb yazmasınlar. Azərbaycanda konkret qanunu pozan insanlar
var. Qanunu pozan insanlar da bu və ya digər şəkildə
qanun qarşısında cavab verir. Hər kəs partiya
üzvlüyündən, məşğuliyyət
formasından asılı olmayaraq qanun qarşısında bərabərdir.
Kimliyindən, peşəsindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq hamı qanun qarşısında bərabərdir.
Kimsə iddia edir ki, bu jurnalistdir, o biri hansısa partiyanın
aparatında işləyir, onlara güzəşt
olmalıdır. Onda müəllimə, həkimə, fəhləyə
niyə güzəşt olmamlıdır? Heç kəsə
xüsusi güzəşt tətbiq edilmir. Siyasi partiyaların
fəaliyyətinə də normal şərait
yaradılıb. Partiyalar mətbuatda çıxış edir,
görüşlər, aksiyalar keçirir. O ki qaldı
mülkiyyət məsələlərinə, konstitusiyada
dövlət, özəl və bələdiyyə mülkiyyəti
növləri nəzərdə tutulub. Kim istəsə
özünə mülk ala, mülk tikə və ya mülk
kirayə götürə bilər. “Siyasi partiyalar haqqında”
Qanuna yeni əlavə və dəyişikliklər edildikdən
sonra dövlət büdcəsindən maliyyələşmə
nəzərdə tutulub. Bu maliyyə əsasında istənilən
siyasi partiya özü üçün qərargah kirayə edər.
Bu normalar nəzərə alınıb.
-
Sosial-iqtisadi sahəni, iqtisadi islahatların aparılması,
leqallaşmış xüsusi mülkiyyətin
toxunulmazlığının təmin edilməsi məsələlərini
necə, müxalifətlə müzakirə etmək
mümkündürmü?
- Biz
onunla məşğul oluruq. Kimin əlavə təklifi varsa,
yazıb təqdim etsin. Dövlət bu proseslə məşğul
olur. Bu, dövlətin gündəlik işidir. Dövlətin
məşğul olduğu işlə bağlı hansısa
partiyanın müzakirələr aparması gülüş
doğurur. Amma hansısa qeyd varsa, fərq görünürsə,
bunu yazılı şəkildə bildirə bilər.
- Xalq Cəbhəsi,
Müsavat partiyalarının, bütövlükdə
müxalifətin indiyə qədər gündəmə gətirdiyi,
təklif etdiyi bir neçə məsələyə
münasibət bildirdiniz və bunlarla bağlı
iqtidar-müxalifət dialoquna ehtiyac olmadığını
dediniz. Belə olan halda müxalifətlə dialoq
üçün bir mövzu təklif edə bilərsinizmi?
- Elə
məsələlər var ki, özü ortaya çıxanda
onu müzakirə etmək olur. Belə olmadığı halda
hər hansı məsələnin müzakirəsinə
heç bir lüzum yoxdur.
Yeni Azərbaycan.-
2012.- 26 sentyabr.- S.3.