Üzvlərinin sayını dinamik şəkildə artıran YAP Qaradağ rayon təşkilatı daha böyük uğurlara imza atmaq əzmindədir

 

Aydın Hüseynov: Prezident İlham Əliyevin təşkilatın iclaslarında iştirak etməsi qaradağlıların partiyanın ətrafında daha sıx birləşməsinə əlavə təkan verib

 

Bu il Azərbaycanın hakim partiyası Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ili tamam olur. Bu müddət ərzində böyük inkişaf yolu keçən YAP ölkənin avanqard qüvvəsinə çevrilməklə yanaşı, beynəlxalq aləmin də aparıcı siyasi təşkilatı statusunu qazanıb. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası ölkədə vətəndaşların iradəsinin ifadəçisi olmaqla bərabər, Azərbaycanın bütün sahələrdə uğurlar qazanmasında da əhəmiyyətli rol oynayıb. Əlbəttə ki, YAP-ın bu ümumi uğurunda isə partiyanın rayon və şəhər təşkilatlarının özünəməxsus payı var. Bu səbəbdən də, YAP-ın yaranmasının 20 illiyi ərəfəsində partiyanın yerli strukturlarının fəaliyyətinin daha geniş işıqlandırılması və təbliği məqsədilə reallaşdırılan layihə çərçivəsində növbəti təqdimat YAP Qaradağ rayon təşkilatı haqqındadır.

 

Uğurun ilkin faktoru mükəmməl iş strukturu və peşəkar işçilərdir

 

YAP Qaradağ rayon təşkilatı bütün texniki vasitələrlə təmin edilmiş və təmir olunmuş müasir binada yerləşir. İki mərtəbədən ibarət rayon təşkilatının binasında səmərəli fəaliyyət üçün müvafiq otaqlar və iş texniki avadanlıqlar var. Burada “dəyirmi masa” və konfrans zalları, deputat kabinetləri, Gənclər Birliyinin və Qadınlar Şurasının, rayon təşkilatının sədrinin, aparat rəhbərinin, təlimatçıların ayrı-ayrılıqda iş otaqları var. Təşkilatın binasında, həmçinin, arxiv otağı və “Heydər Əliyev irsini öyrənirəm” kitabxanası da fəaliyyət göstərir. Bununla yanaşı, bütün otaqlarda kompüter və yüksək keyfiyyətli internetin olması rayon təşkilatının işinin səmərəli qurulmasına kömək edir. Çünki, təşkilatın İdarə Heyətinin son yığıncağından sonra qərara alınıb ki, ərazi ilk partiya təşkilatları arasındakı yazışmalar və digər fəaliyyətlər elektron qaydada aparılsın. Məhz, YAP Qaradağ rayon təşkilatının Bakı şəhərinin nümunəvi təşkilatlarından birinə çevrilməsinin də sirri sadalanan amillərlə yanaşı, peşəkar işçi kadrları ilə bağlıdır. Təşkilatda aparat rəhbərilə yanaşı, 2 baş təlimatçı, 4 təlimatçı, 1 texniki işçi və mühasib fəaliyyət göstərir...

 

Rayon təşkilatının təsis tarixi hər kəsdə maraq doğurur

 

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaranması özü uzun bir mübarizə yoluna çevrilmişdi. Çünki, 1991-1992-ci illərdəki siyasi-ictimai proseslərdə Qaradağ rayonu da indiki radikal müxalifətin əsas dayaq məntəqələrindən biri olmuşdu. Lakin bütün bunlara baxmayaraq, Naxçıvanda təsis konfransı keçirilmiş Yeni Azərbaycan Partiyasının tezliklə Qaradağ rayon təşkilatı formalaşdırıldı. Həmin günləri xatırlayan YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov deyir ki, Heydər Əliyevçilik hərəkatının üzvlərinin təşkilatın yaradılması üçün ilk yığıncağı 1992-ci ilin dekabr ayının 13-də Sahil qəsəbəsində yerləşən 190 saylı BPM-də keçirilmişdi. “Rayon təşkilatının təsis konfransı isə 1993-cü ilin mart ayının 6-da keçirilmiş və orada sədr Yaqub Əliyev, müavin isə mən seçilmişdim”, - deyə həmin günləri böyük ruh yüksəkliyilə xatırlayan A.Hüseynov əlavə edib.

 

İlham Əliyev amili qaradağlılar üçün mənəvi-psixoloji dəstəkdir

 

1999-cu ildən təşkilata sədrlik edən A.Hüseynov böyük fəxr hissilə söyləyir ki, 1999 və 2001-ci illərdə cənab Prezident İlham Əliyevin də iştirak etdiyi rayon təşkilatının konfranslarını aparıb və orada sədr seçilib: “1995-ci ildə keçirilmiş parlament seçkilərində cənab İlham Əliyev Qaradağ rayonunun sakinlərinin mütləq əksəriyyətinin dəstəyini almaqla, Milli Məclisin üzvü seçilib. Məhz, o dövrdən Prezident İlham Əliyev YAP Qaradağ rayon təşkilatının möhkəmlənməsində və güclənməsində böyük qüvvə kimi iştirak edib. Hətta, əminliklə demək olar ki, rayon təşkilatının güclənməsində İlham Əliyev faktoru mühüm rol oynayıb. Təbii ki, bu tarixi fakt həm təşkilat, həm də qaradağlılar üçün böyük stimul olub. Çünki, Prezident İlham Əliyevin təşkilatın iclaslarında iştirak etməsi qaradağlıların partiyanın ətrafında daha sıx birləşməsinə əlavə təkan verib”.

 

Üzvlərinin sayını dinamik şəkildə artıran təşkilat daha böyük uğurlara imza atmaq əzmindədir

 

Qeyd edək ki, hazırda YAP Qaradağ rayon təşkilatının 122 ərazi ilk partiya təşkilatında 10 682 nəfər partiya üzvü birləşib. Onlardan 3859 nəfəri gəncləri, 3151 nəfəri qadınlar, 3797 nəfər üzv isə ali təhsillidir. 35-i gənc və 34-ü isə qadın olmaqla, 85 nəfər də bələdiyyələrdə təmsil olunur. Rayon təşkilatının İdarə Heyəti 19, Şurası 63 nəfərdən ibarətdir. Təşkilatın Nəzarət-Təftiş Komissiyasın isə 11 nəfərdən ibarətdir.

Rayon təşkilatının sədri Aydın Hüseynov deyir ki, təşkilatın əsas məqsədi partiya prinsiplərinə sadiq qalaraq, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləməkdir: “Yeni Azərbaycan Partiyası vahid orqanizm kimi fəaliyyət göstərir. Rayon və şəhər təşkilatları isə onun orqanlarını təşkil etməklə, üzərlərinə düşən funksiyaları yerinə yetirirlər. Bu baxımdan da, YAP Mərkəzi Aparatından daxil olan təlimatlar, göstərişlər və tövsiyələr işimizin əsas istinad nöqtəsidir”.

“Rayon təşkilatının əsas vəzifələrindən biri yerlərdə ideoloji təbliğat aparmaq, insanlarla daim ünsiyyətdə olmaq, həmçinin, partiya Sədri, cənab Prezident İlham Əliyevin siyasətinə dəstək vermək və seçkilərdə YAP-ın qələbəsini təmin etməkdir”, - deyən Aydın Hüseynov əlavə edib ki, bu işdə təşkilatın aparatı ilə yanaşı, Qadınlar Şurası və Gənclər Birliyi də aktiv rol oynayır.

 

Ümumi uğur aparatın işinin düzgün təşkilindən asılıdır

 

Əlbəttə ki, hər bir şəhər və rayon təşkilatının fəaliyyətinin uğurlu olmasının başlıca səbəblərindən biri aparatın işinin mükəmməl təşkililə bağlıdır. Məhz, Qaradağ rayonunda iş prosesilə tanışlıq zamanı bir daha bizə aydın oldu ki, bu rayon təşkilatının aparatının işi nümunə ola biləcək səviyyədə təşkil olunub.

2006-cı ildən YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri işləyən Ruslan İsmayılov bizimlə söhbəti zamanı bildirdi ki, burada çox dəqiq və prinsipial iş rejimi qurulub.

R.İsmayılov deyir ki, Mərkəzi Aparatdan daxil olan bütün tapşırıqlar həmin gün əmrləşdirilir və fəaliyyətə başlanır. Həmçinin, bütün seçkilərlə bağlı, mətbuata aid sənədləşmələr də aparılır: “Daxil və xaric olan sənədlərin, uçota gələn və uçotdan çıxanların, üzvlüyə qəbul olunanların, maliyyənin, təşkilatların protokollarının arxivi də yaradılıb. Eyni zamanda, kartotekada bütün ərazi təşkilatlarına aid məlumatlar yerləşdirilib”.

Aparat rəhbəri, həmçinin, vurğulayır ki, Gənclər Birliyinin və Qadınlar Şurasının fəaliyyəti də koordinasiya edilir.

 

Qadınlar Şurası rayon qadınlarının ictimai-siyasi fəallığını artırır

 

Əlbəttə ki, rayon təşkilatının Qadınlar Şurası da Qaradağdakı ictimai-siyasi və sosial proseslərdə yaxından iştirak edir və ümumi işə öz töhfəsini verir. Qadınlar Şurasının əsas fəaliyyəti rayon qadınlarının ictimai-siyasi aktivliyinin artırılması olduğundan qəsəbələrdə tez-tez görüşlər keçirilir, münasibətlər qurulur.

2008-ci ildən YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri olan Təranə İsmayılova deyir ki, onların iş planı ilin əvvəlindən tutulur və həyata keçirilməyə başlanır. “Lakin plandan kənara çıxmalar da olur. Yəni, elə tədbirlərimiz və görüşlərimiz olur ki, onlar plandan kənar baş tutur. Əlbəttə ki, bu cür görüşlərimiz də rayon təşkilatının fəaliyyətinə dəstək məqsədilə həyata keçirilir”, - deyə əlavə edən T.İsmayılova söyləyir ki, onların əsas məqsədi rayon ərazisində yaşayan hər bir qadınla ünsiyyət qurmaq, onların problemlərilə maraqlanmaq və həllinə dəstək olmaqdır.

 

Gənclər YAP Qaradağ rayon təşkilatının “vuran əlidir”

 

Əlbəttə ki, gənclər də rayonun həyatında böyük önəm kəsb edirlər. Bu bir faktdır ki, hazırda YAP-nın aparıcı qüvvəsi gənclərdir. Bu onunla bağlıdır ki, YAP-ın bütün şəhər və rayon təşkilatlarında gənclərin enerjisindən daha çox istifadə olunur. Çünki, gənclər daha enerjili, həmçinin, kreativ və təşəbbüskardır. Elə YAP Qaradağ rayon təşkilatının işində də gənclərin böyük rolu var. Daha doğrusunu desək, gənclər bu təşkilatın “vuran əlidir”.

Gənclər Birliyinin sədr müavini Tünzalə Muradova gənclər arasında aktivliyin yüksək olmasını onlara olan inam və etimadla əlaqələndirir. 2007-ci ildən YAP Qaradağ rayon təşkilatının üzvü olan GB sədrinin müavini vurğulayır ki, onlar hər bir tədbirdən və görüşdən öncə toplanırlar, məsləhətləşirlər, fikir mübadiləsi aparırlar və əlbəttə ki, partiya rəhbərliyindən lazımi tövsiyələri alırlar: “Biz çalışırıq ki, rayonun həyatında cərəyan edən bütün proseslərdə öndə gedək, ağırlığı çiyinlərimizə götürək. Düşünürəm ki, Qaradağ gəncləri bu işin öhdəsində layiqincə gəlir”.

Gənclər Birliyi sədrinin digər müavini Şahmar Hüseynov isə qaradağlı gənclərin facebook sosial şəbəkəsindəki fəallığından danışır. Onun sözlərinə görə, sosial şəbəkədə olmaq artıq hər bir gəncin gündəlik işinə çevrilib: “Biz çalışırıq ki, sosial şəbəkədə daha da aktiv olaq, oradakı həm neytral, həm də opponent gənclərə YAP-ın idealları haqqında danışaq, onlarda düzgün rəy formalaşdıraq. Eyni zamanda, dövlətin və YAP-ın əsas siyasəti haqqında təbliğat aparmaqla yanaşı, onun doğruluğunu, Vətənimizin gələcəyi naminə olduğunu başa salaq”.

Partiyanın Qaradağ rayon təşkilatının ümumi nəticəyə hesablanmış fəaliyyətinin uğurlu təşkil olunması həm də siyasi karyerası YAP-la bağlı “91”lərin nümayəndələrinin də təşkilatın İdarə Heyətində yer alması ilə əlaqəlidir. Təbii ki, həmin şəxslər partiyanın yarandığı o zamanki keşməkeşli dövrü indiki gənclərə anlatmaqla, Yeni Azərbaycan Partiyasının məhz, xalqın istəyi və tələbi əsasında yarandığını sübut edirlər. Belə şəxslərdən biri də YAP Qaradağ rayon təşkilatının İdarə Heyətinin üzvü Munis Bayramovdur.

 

Təşkilatın qurulmasında əməyi olanlara böyük diqqət var...

 

YAP Qaradağ rayon təşkilatının qərargahında olduğumuz müddətdə gənclərin və işçilərin təşkilatın yaradılmasında əməyi olmuş, təcrübəli partiya veteranlarına müraciət etdiyini və onlarla məsləhətləşdiyi müşahidə edirdik. Onların müraciət edənlərə qarşı səmimi münasibəti və məntiqli məsləhətləri işin daha düzgün qurulmasına öz təsirini göstərirdi. Həmin şəxslərdən biri YAP Qaradağ rayon təşkilatının sədr müavini, 7 saylı Bakı Peşə Məktəbinin direktoru Hicrət Qaradağlıdır.

O, bizimlə söhbətində rayon təşkilatının yaradıldığı zamandan partiya fəaliyyətilə məşğul olduğunu deyir. 1993-2008-ci illərdə YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri olmuş H.Qaradağlı hazırda sədr müavini kimi bütün tədbirlərdə iştirak edir və ümumi uğur naminə əlindən gələni əsirgəmir. “YAP Qaradağ rayon təşkilatı yaranmamışdan əvvəl Heydər Əliyevçilər Sahil qəsəbəsində 190 saylı BPM-də yığışırdı”, - deyən H.Qaradağlı əlavə edir ki, Yeni Azərbaycan Partiyası yaranandan sonra hər bir Qaradağ sakini Heydər Əliyev şəxsiyyətinə dəstək vermək və dövlətçiliyi qorumaq məqsədilə partiyaya axışdı...

İH-in digər üzvü İmran Şıxəliyev isə birbaşa rayon təşkilatının yaradıldığı dövrə nəzər salmaqla, həmin hadisələri böyük emosiya ilə xatırlayır. 1995-1996-cı illərdə təşkilat sədrinin müavini olmuş İ.Şıxəliyev YAP yaranandan onun üzvüdür. Partiyaya gəlişinin təsadüfi olmadığını deyən İ.Şıxəliyev söyləyir ki, bu, onun Ümummilli lider Heydər Əliyev şəxsiyyətinə olan hörməti əsasında baş tutmuşdu. “Qaradağ rayonunda YAP rayon təşkilatının yaradılmasından öncə Heydər Əliyevçilik hərəkatı formalaşmışdı ki, orada olan insanlar Heydər Əliyevin hakimiyyətə gəlməsini dəstəkləyirdilər”, - deyə vurğulayan rayon təşkilatının İH-in üzvü əlavə edib ki, Qaradağ rayon təşkilatını yaradanlar təmənna güdmədən bu işə atılmışdılar: “Bu gün də biz hər hansı təmənna güdmədən YAP-a xidmət edirik və bundan sonra da belə olacaq”.

 

Könüllü işləyənlərin də rayon təşkilatının güclənməsində payı var...

 

Əvvəldə qeyd etdiyimiz kimi, YAP Qaradağ rayon təşkilatının səmərəli fəaliyyətinin qurulmasında burada könüllü olaraq, fəaliyyət göstərənlərin də özünəməxsus payı var. Məhz, həmin könüllülər malik olduqları təcrübə ilə rayon təşkilatının işinə öz töhfələrini verməyə çalışırlar. Onlardan biri Zaməddin Ziyadoğlu, digər isə Hidayət Bayramovdur.

Göründüyü kimi, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı qurduğu səmərəli iş sxemi və prinsiplərilə YAP-ın respublika üzrə ən aparıcı təşkilatlarından birinə çevrilib. Əminik ki, bu rayon təşkilatı qarşıdan gələn ictimai-siyasi proseslərdə daha da aktiv olacaq və Yeni Azərbaycan Partiyasının yeni qələbələr qazanmasına özünəməxsus töhfələr verəcək.

 

 

Yeni Azərbaycan.- 2012.- 26 sentyabr.- S.5.