Bakı
“Eurovision-2012” mahnı müsabiqəsinə necə
hazırlaşır?
Mərasimdə müsabiqənin
loqosu və rəmzi açarı təqdim edilib,
püşkatma mərasimi olub
Dünən Bakıdakı “Buta Palace”da “Eurovision-2012”
mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk
təntənəli mərasim keçirilib. AzərTAc xəbər
verir ki, mərasim ölkəmizin “Eurovision-2011” mahnı
müsabiqəsində möhtəşəm qələbəsini
əks etdirən videoçarxın nümayişi ilə
başlayıb.
Bu
möhtəşəm tədbirdə hökumət rəsmiləri,
Milli Məclisin deputatları, Avropa Yayımları Birliyinin
(EBU), diplomatik korpusun nümayəndələri, xarici qonaqlar,
mədəniyyət və incəsənət xadimləri
iştirak ediblər.
Tədbiri
işıqlandırmaq üçün Azərbaycana gəlmiş
bir çox ölkələrin - Gürcüstan, Finlandiya,
Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai
yayımçıları və “Euronews” telekanalının
reportyorları mərasimdə olublar.
Mərasimin vacib məqamlarından biri isə müsabiqənin
konsepsiyasının təqdimatı olub. Möhtəşəm
“Eurovision” axşamında Azərbaycanın ev
sahibliyi edəcəyi müsabiqənin loqo və
şüarı açıqlanıb.
Odlar Yurdu
Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı
müsabiqəsinin loqosunda mədəniyyətimizdə
xüsusi yeri olan od, çox qədim tarixə
malik musiqimizi xarakterizə edən rəqs, şəffaflıq,
əmin-amanlıq və sülhpərvərliyi təcəssüm
etdirən günəş, ay və ulduzlar təsvir olunub.
Zəngin
mədəniyyətimizdə xüsusi yeri olan od
fəlsəfəsi bu gün də bayramlarımız, incəsənət
nümunələrimiz, memarlığımızda çox
aktualdır. Böyük bir coğrafiyanı əhatə
edən Novruz bayramında insanlar tonqalın ətrafında bir
araya gəlir, təbiətin oyanmasını, həyatın
sanki yenidən başlanmasını böyük şənliklərlə
qeyd edirlər.
Könlümüzə
hərarət verən od Azərbaycan
xalqının istiqanlı, qonaqpərvər
qayğıkeş xüsusiyyətlərində öz təcəssümünü
tapır. Həyatımızın enerji mənbəyi
hesab etdiyimiz alov demək olar ki, bir-birindən çox fərqli
naxışlarla mədəniyyət incilərimizdə əks
etdirilib.
Ona görə də “Eurovision-2012” mahnı müsabiqəsi
“Light your fire” (Öz məşəlini alovlandır)
şüarı altında keçiriləcək.
2004-cü
ildən etibarən “Eurovision” müsabiqəsinin içərisində
ev sahibliyi edən ölkənin
bayrağı əks olunmuş ürək şəkilli loqosu
var. Buna baxmayaraq, hər il ev sahibi olan ölkə həmin
loqoya əlavə olaraq öz loqosunu, başqa sözlə,
müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim
edir.
Təntənəli
mərasimdə Bakı şəhəri “Eurovision-2012”
mahnı müsabiqəsinə ev sahibliyini
rəsmən qəbul edib.
Almaniyanın Düsseldorf şəhərinin meri Dirk
Elsbers yarışmanın rəmzi açarını Bakı
Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbova təqdim edib. Bununla da Bakının
“Eurovision-2012”-yə ev sahibliyi rəsmən
qəbul olunub.
Düsseldorf
şəhərinin meri Dirk Elsbers mərasimdə
çıxış edərək deyib: “Bakı,
axşamın xeyir!
Möhtərəm
həmkarım Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov!
Xanımlar
və cənablar!
Burada olmağımdan çox böyük şərəf
duyuram. Dəvətinizə görə sizə dərin minnətdarlığımı
bildirmək istəyirəm. Ötən il
Düsseldorf da “Eurovision-2011” mahnı müsabiqəsinin ev
sahibi kimi, bu cür təntənəli mərasimi keçirməyə
müvəffəq olmuşdur. Bu da çox
yaddaqalan bir hadisəyə çevrilmişdir. “Eurovision-2011” mahnı müsabiqəsi, doğrudan
da, həm şəhər sakinləri üçün, həm
də qonaqlar üçün həddən artıq təntənəli
mərasimə çevrilmişdir. Biz o
unudulmaz anları indiyə qədər xatırlayırıq.
Beləliklə, Eldar Qasımov və Nigar Camal ötən il bu müsabiqənin çox qeyri-adi, çox
gözəl və istedadlı qalibləri olmuşlar. Bunun nəticəsində
Düsseldorfdan sonra bu mərasimə ev
sahibliyi edəcək şəhər məhz Bakı
olmuşdur. Ümidvaram ki, bu il - 2012-ci ildə
sizdə baş tutacaq bu mahnı müsabiqəsi bizdəki
kimi, təmtəraqlı və hərarətlə keçiriləcəkdir.
Bu rəmzi açarın Bakı merinə təhvil
verilməsindən həqiqətən böyük məmnunluq
və şərəf duyuram ki, bundan sonra “Eurovision” müsabiqəsinə
məhz Bakı rəsmən ev sahibliyi edəcəkdir”.
Bakı
Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov mərasim
iştirakçılarına müraciətlə deyib:
“Hörmətli qonaqlar!
Xanımlar
və cənablar!
Sizin hər birinizi Azərbaycanda, bizim gözəl
paytaxtımız Bakıda keçiriləcək
“Eurovision-2012” mahnı müsabiqəsinin rəmzi
açarının təqdimatı mərasimində öz adımdan
və paytaxt sakinləri adından ürəkdən
salamlayıram.
Ötən ilin mayında təmsilçilərimizin
Düsseldorf səhnəsində uğurlu
çıxışı Avropanın ən möhtəşəm
musiqi yarışmasında ölkəmizə parlaq qələbə
qazandırdı.
Dünya musiqi xəzinəsinə dəyərli töhfələr
vermiş Azərbaycanda bu qələbə böyük
coşğu ilə qarşılandı. Şəhərimizin
sakinləri bu qələbəni səhərə qədər
küçələrdə böyük təntənə ilə
bayram etdilər. Dünyanın ən gözəl şəhərlərindən
biri olan, Şərq və Qərb sivilizasiyasını, tarixi
varisliyi və müasirliyi özündə təcəssüm
etdirən doğma Bakımız “Eurovision-2012” mahnı
müsabiqəsini keçirməyə səylə
hazırlaşır. Bu gün bütün musiqisevərlərin
səbirsizliklə gözlədiyi bu müsabiqənin rəmzi
açarı ona ev sahibliyi etməyə
hazırlaşan doğma Bakımıza rəsmən təqdim
olundu. Bununla da gündən-günə
“Eurovision-2012” əhval-ruhiyyəsi artan şəhərimizdə
bu mötəbər tədbirin təməli qoyulmuş oldu.
“Eurovision-2012” mahnı
müsabiqəsi ilə bağlı həyata keçirilən
bütün tədbirlərin Azərbaycan rəhbərliyi tərəfindən
daim diqqət mərkəzində saxlanılması bizə tam
əminliklə deməyə əsas verir ki, bu möhtəşəm
musiqi bayramı ölkəmizə gələcək
bütün qonaqların yaddaşlarında silinməz iz
qoyacaqdır.
Onlar təkcə
“Eurovision-2012” mahnı müsabiqəsinin deyil, həmçinin
zəngin tarixi izlərin yaşadığı doğma
Bakımızın gözəlliyinin, müxtəlif mədəniyyətlərə
məxsus elementləri ahəngdar şəkildə
özündə birləşdirən adət və ənənələrimizin
və şəhər sakinlərinin qonaqpərvərliyinin
şahidi olacaqlar.
Sizin hər birinizi Bakıya - “Eurovision-2012” mahnı
müsabiqəsinə dəvət edirik.
Diqqətinizə görə təşəkkür edirəm”.
Rəmzi açarın təqdimat mərasimindən sonra
“Eurovision-2012” yarışmasının yarımfinal mərhələsinin
püşkatma mərasimi keçirilib. “Eurovision”
layihəsinin rəhbəri Yand Ola Sand çıxış edərək
müsabiqənin şərtləri barədə məlumat
verib.
Layihənin
rəhbəri bugünkü mərasimi mayda keçiriləcək
“Eurovision-2012”-nin ilk addımı
adlandırıb. Yand Ola Sand ilk “Eurovision”
müsabiqəsinin 1956-cı ildə keçirildiyini diqqətə
çatdırıb. O bildirib ki, bu təntənəli
musiqi bayramı həmin ildən bu günədək hər il keçirilməkdədir. Həmçinin bu
müddətdə “Eurovision”un əhatə
dairəsi də xeyli genişlənib və hazırda
müsabiqənin coğrafiyası Olimpiya Oyunları ilə təxminən
eynidir.
Yand Ola Sand qeyd edib ki, iki həftə ərzində
Bakıya minlərlə qonaq gələcək. O, müsabiqə ilə
bağlı Azərbaycanda indiyədək görülən
işlərin çox yüksək səviyyədə
aparıldığını deyib.
Layihənin rəhbəri müsabiqənin “Baku Crystall
Hall”da keçiriləcəyini qeyd etmiş və göstərilən
bütün dəstəyə görə “Eurovision” müsabiqəsinin
təşkilatçıları adından Azərbaycan rəhbərliyinə
təşəkkürünü bildirib. O, Azərbaycan tərəfinin
yüksək peşəkarlıq nümayiş etdirməsindən
məmnun qaldığını vurğulayıb. Bildirib ki, biz, eyni zamanda, sizin cəmiyyətinizin bu mərasimə
dəstəyini yüksək qiymətləndiririk. Qarşıda bizim 117 günümüz qalır.
Bu müddət ərzində hələ
çox işlər görülməlidir. Müsabiqə mayın 22-də Avropa vaxtı ilə
saat 21.00-da başlanacaq. Yarışmada iki
yarımfinal, bir final mərhələsi keçiriləcək.
Yand Ola Sand müsabiqəyə, ümumilikdə 43
ölkənin qatıldığını, onlardan 6-nın
bilavasitə finalda çıxış edəcəyini
bildirib. Layihənin
rəhbəri deyib ki, “Böyük beşlik” olan Almaniya,
Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə
də müsabiqənin ötənilki qalibi və builki ev
sahibi Azərbaycan birbaşa mayın 26-da keçiriləcək
final mərhələsində çıxış edəcək.
Püşkatma nəticəsində məlum olub ki, Azərbaycan,
İspaniya, İtaliya birinci, Böyük Britaniya, Almaniya və
Fransa ikinci yarımfinalda səs verəcək. Mayın 22-də
keçiriləcək birinci yarımfinalda 18, mayın 24-də
keçiriləcək ikinci yarımfinalda isə 19 ölkə
mübarizə aparacaq.
Mayın
22-də keçiriləcək ilk yarımfinalda Monteneqro,
İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka,
Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə,
Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan
təmsilçiləri yarışacaqlar.
Mayın
24-də keçiriləcək ikinci yarımfinalda isə
Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya,
Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya,
Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan,
Bosniya və Herseqovina təmsilçiləri iştirak edəcəklər.
Ümumilikdə 43 ölkənin iştirak edəcəyi
müsabiqənin final mərhələsi mayın 26-da
keçiriləcək.
Ötən
il yarışmaya qatılmamış
İtaliya, Macarıstan, Avstriya təmsilçiləri də
Bakı müsabiqəsinin iştirakçıları
arasında olacaqlar. “Eurovision” mahnı müsabiqəsində
son üç ildə iştirak etməyən Monteneqro təmsilçisi
də builki yarışmaya qatılacaq. “Eurovision”
mahnı müsabiqəsində iştirak edən ölkələrin
sayı 2008-ci və 2011-ci illərdəki rekordu təkrarlayıb.
Yarımfinal mərhələlərində iştirak edən
ölkələrin “Eurovision 2012”-də çıxış
ardıcıllığı isə cari ilin martında
nümayəndə heyətləri rəhbərlərinin
görüşü zamanı keçiriləcək
püşkatma nəticəsində bəlli olacaq.
Püşkatma
mərasimindən sonra Xalq Artisti Teymur Göyçayevin rəhbərlik
etdiyi Qara Qarayev adına Dövlət kamera
orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri
səslənib. Daha sonra milli musiqi alətimiz
olan balabanda lirik melodiya ifa olunub. Azərbaycanın
Xalq Artisti Alim Qasımovun və İsveçrədə
keçirilən 43-cü Beynəlxalq Montre caz müsabiqəsinin
qalibi İsfar Sarabskinin ifaları tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
Tədbirdə
müsabiqənin müxtəlif illərdə qalibi olmuş
iştirakçılarından Lena Mayer, Aleksandr Rıbak, Eldar
Qasımov, Nigar Camal və başqaları da
çıxış ediblər.
Yeni Azərbaycan.-
2012.- 6 yanvar.- S.5.