Mübariz Qurbanlı: Radikal müxalifət nümayəndələri Azərbaycana şər-böhtan atmaqdan, bir növ, ləzzət alırlar

 

Artıq 2011-ci il geridə qaldı. SİA ötən il ərzində Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətləri, qazandığı uğurlar, partiyanın yaddaqalan addımları, eyni zamanda, müxalifətin radikal qanadının bəzi çıxışları barədə YAP-ın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SəsTV-yə verdiyi müsahibəni təqdim edir:

 

- Artıq 2011-ci il geridə qaldı. Ötən il Yeni Azərbaycan Partiyası üçün hansı hadisələrlə yadda qalıb?

- Başa vurduğumuz 2011-ci il Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm hadisələrlə yadda qalıb. Eyni zamanda ötən il ərzində ölkəmiz sosial-iqtisadi sahədə bir sıra uğurlara imza atıb. Azərbaycan üçün ən mühüm hadisə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi olub. Bütün bu uğurlar isə ictimaiyyətdə öz təsirlərini göstərib. Təbii ki, Azərbaycan üçün yaddaqalan hadisələrlə zəngin olan 2011-ci il Yeni Azərbaycan Partiyası (YAP) üçün də önəmli olub. Əvvəla qeyd etmək istəyirəm ki, YAP-ın qurucusu olan Ulu öndər Heydər Əliyev partiyanın qarşısında çox vacib vəzifələr qoymuşdu. Bunlardan ən önəmlisi müstəqil Azərbaycanın quruculuğu idi. Faktiki olaraq, Ulu öndərin hakimiyyəti dövründə müstəqil Azərbaycanın quruculuğu istiqamətində ciddi nailiyyətlərə imza atılıb. Bu gün artıq biz istiqlaliyyətin dönməzliyini təmin edə bilmişik. Aydındır ki, yeni dövr yeni vəzifələr təyin edir. Ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi strategiyanın həyata keçirilməsində YAP yaxından iştirak edir. Bu baxımdan 2011-ci ildə Azərbaycanda baş verən hadisələrdə YAP-ın da əhəmiyyətli rolunun olduğunu xüsusi qeyd etmək lazımdır.

Keçən il ərzində YAP-ın fəaliyyətini əsasən 3 istiqamətdə müəyyənləşdirə bilərik. Birincisi, partiyanın təşkilatlanması ilə əlaqədar görülən işlər. Bu barədə deyə bilərəm ki, hər il demək olar, orta hesabla 25-30 min Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasına daxil olur. Partiyanın fəaliyyətinin ikinci əsas istiqaməti isə Ulu öndər Heydər Əliyev irsinin təbliğ olunmasıdır. İl ərzində məhz bu istiqamətdə bir sıra addımlar atılıb və çox mühüm işlər görülüb. Partiyamızın rayon-şəhər təşkilatlarında Heydər Əliyev məktəbləri fəaliyyət göstərir. Həmin məktəblərdə gənclərə Ulu öndərin irsinin öyrədilməsi məqsədilə mühazirələr təşkil olunub. Bununla yanaşı, biz hər il Ulu öndərin ad günü ərəfəsində böyük konfranslar təşkil edirik. 2011-ci ilin may ayında da “Gülüstan” sarayında Ulu öndərin irsinin tədqiqi və təbliği ilə bağlı 80-dən çox məruzə dinlənilib və bu məruzələr kitab formasında çap edilib. Keçən il partiyanın fəaliyyətinin üçüncü istiqaməti isə ölkə başçısı İlham Əliyevin siyasətinin təbliğ olunması və bu siyasətin geniş kütlələrə çatdırılması olub. Bu istiqamətdə də bir sıra konfranslar təşkil edilib, görüşlər keçirilib. Partiyanın Sədr müavini-İcra katibi Əli Əhmədov Bakı şəhərində bütün partiya təşkilatlarında gənclərlə görüşlər keçirib. Eyni zamanda Gəncə, Şəki, Lənkəran kimi rayonlarda da gənclərlə keçirilən görüşlərin əsas məqsədi gənclər siyasətinin uğurla inkişaf etdirilməsi və onların mədəni tədbirlərdə iştirakını təmin etməkdən ibarətdir. Bununla əlaqədar keçən il YAP-ın üzvü olan gənclər üçün Oğuz, Lerik və Qəbələ rayonlarında yay məktəbləri təşkil etdik. Həmin məktəblərdə təqribən 800-ə qədər YAP-ın üzvü olan gənc həm istirahət edib, həm də tanınmış siyasətçilərin, elm, ictimaiyyət xadimlərinin iştirakı ilə keçirilən dəyirmi masalarda müxtəlif mövzuları müzakirə ediblər. Bu gün YAP-ın üzvü olan minlərlə gənc sosial şəbəkələrdə Azərbaycanın mövqeyinin müdafiə olunması istiqamətində mühüm işlər görürlər. Bütün bunlarla yanaşı beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də YAP çox uğurlu addımlar atıb. 2011-ci il ərzində bir çox ölkələrin siyasi partiyaları ilə qarşılıqlı əlaqələrin təmin olunmasını nəzərdə tutan memorandumlar imzalanıb, müqavilələr bağlanıb. Serbiya, Monteneqro, Tacikistan kimi ölkələrlə bağlanan müqavilələr də beynəlxalq əlaqələrimizin inkişafının bariz nümunəsidir. Ötən ilin sonunda isə YAP çox önəmli bir konfransa ev sahibliyi edib. “Modernləşdirmə siyasəti, yeni iqtisadi və sosial çağırışlar” adlı konfransda 33 ölkədən 60-dan çox nümayəndə iştirak edib. YAP-ın təşəbbüsü ilə keçirilən bu tədbir Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurların təbliğ və təşviq edilməsi baxımından çox əhəmiyyətli rol oynayıb.

- 2011-ci ilin əsas uğurları haqda danışdınız. Bəs 2012-ci il üçün YAP-ın qarşısında dayanan vəzifələr və əsas fəaliyyəti hansı istiqamətdə olacaq?

- Təbii ki, biz hər il olduğu kimi bu il də sadaladığımız 3 əsas istiqamətdə faəliyyətimizi davam etdirəcəyik. İlk növbədə partiyanın təşkilatlanmasının daha da güclənməsi, beynəlxalq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması. Eyni zamanda 2012-ci il partiyanın tarixində fərqli əhəmiyyətə malikdir. Çünki 1992-ci ilin noyabr ayında Naxçıvanda yaradılan partiyamızın bu il 20 yaşı tamam olacaq. Bu tarixi isə hamımız xüsusi olaraq qeyd etmək niyyətindəyik. Hesab edirik ki, partiyamızın yaranmasının 20 illiyini qeyd etmək gücümüzü bütün dünyaya nümayiş etdirəcək. Yeni Azərbaycan Partiyası gücünü xalqdan alır. Ona görə də bu cür uğura hesablanmış hədəflərə doğru sürətli və kəskin addımlarla irəliləyir. Bununla yanaşı, bu il də Ulu öndər Heydər Əliyevin ad günü ilə əlaqədar böyük bir konfrans təşkil etməyi planlaşdırırıq. May ayında baş tutacaq konfransda tanınmış şəxslərin Ulu öndər haqqında bir sıra məruzələrini dinləyəcəyik. Bu məruzələr ətrafında müxtəlif müzakirələr keçirəcəyik ki, bu da öz növbəsində Ulu öndərin siyasətinin təbliği istiqamətində əsas rol oynayacaq. Eyni zamanda, bildiyiniz kimi, YAP Asiya Ölkələri Siyasi Partiyaları Konfransının rəhbərliyində olan partiyalar sırasındadır. Bu ilin sonunda Asiya Ölkələri Siyasi Partiyaları Baş Assambleyası Bakıda YAP-ın himayədarlığı ilə keçiriləcək. Bu isə çox böyük əhəmiyyətə malik xüsusi hadisə olacaq. İyun ayında isə həmin Assambleyanın komitə iclası Bakıda keçiriləcək. Yəni, bir sözlə, 2012-ci il bizim üçün çox zəngin proqramla müşayiət olunacaq. Eyni zamanda bu il ölkəmizin qarşısında çox önəmli bir məsuliyyət də “Eurovision-2012” müsabiqəsinə ev sahibliyi etməyimiz olacaq. Müsabiqə ərafəsində ölkəmizə gələn xaricilərlə ünsiyyətdə olmaq, Azərbaycanı onlara tanıtmaq hər bir vətəndaşımızın borcudur. Lakin bu istiqamətdə YAP-nın könüllüləri, gəncləri xüsusi çalışacaqlar. Bu il ərzində inkişafını daha da genişləndirəcək sahələrdən biri də gənclər siyasətimizdir. YAP-nın təşkil etdiyi yay məktəbləri bu il də öz növbəsində davam etdiriləcək. Bunlardan əlavə fərqli bir istiqamətdə də fəaliyyətimizi daha da genişləndirəcəyik ki, bu da Ermənistanın törətdiyi vəhşiliklərin, Xocalı soyqırımının dünyaya çatdırılmasıdır.

- YAP-nın 2011-ci ildən başlayan rayon təşkilatlarının hesabat seçki konfransları 2012-ci ildə də davam etdiriləcəkmi?

- Hesabat seçki konfransları hansı rayonlarda keçirilibsə, onlar başa çatmış hesab olunur. Bu konfranslar bir qayda olaraq Nizamnaməyə uyğun həyata keçirilir. Bütövlükdə rayon, şəhər təşkilatlarında gənclərin sayının artırılması tendensiyası nümayiş olunur. Hansı rayonda bu cür konfranslar keçirilməyibsə 2012-ci ildə tamamlanacaq. Bu konfranslar, eyni zamanda, rayon-şəhər təşkilatının fəaliyyətinə baxış xarakteri də daşıyır. YAP gələcəyə baxış istiqamətində müxtəlif layihələr hazırlayıb və bunun ətrafında da geniş müzakirələr aparılacaq. Ümumiyyətlə, elə bir sahə yoxdur ki, YAP orda öz sözünü deyə bilməsin. Məsələn, bu gün Milli Məclisin fəaliyyətinə nəzər yetirsək görərik ki, YAP-ın üzvləri qanun yaradıcılığında fəal iştirak edirlər.

- Mübariz müəllim, radikal müxalifətçilərdən olan Rəsul Quliyev deyilən şəxs aprel ayında 100 min nəfərdən ibarət mitinq keçirəcəyini iddia edib. Sizcə, bu, Quliyevin eyforiyaya qapıldığını göstərmirmi?

- Ümumiyyətlə, biz son 15 il ərzində Azərbaycanda siyasi hakimiyyətini və xalq arasında nüfuzunu itirmiş qüvvələrin müxtəlif təşkilatlar adı altında birləşdiyini, müxtəlif ölkələrdə baş verən hadisələrin Azərbaycanda da təkrar olunacağı iddiaları ilə çıxış etdiklərini görmüşük. Hətta uzaq Latın Amerikasında baş verən hadisələrin belə Azərbaycanda təkrarlanmasına ümid edirdilər. Məsələn, keçən il ərəb ölkələrində baş verən qarmaqarışıqlıq, hakimiyyət uğrunda gedən mübarizələr hamımıza məlumdur. Lakin hər bir ölkədə baş verən istənilən hadisə məhz həmin ölkəyə məxsusdur. Bu hadisələrin baş verməsinin də daxili və xarici səbəbləri var. Azərbaycanda da müxalifət ötən il dırnaqarası desək, ruhlanaraq bu cür hadisələrin ölkəmizdə təkrarlanmasına çalışdılar. Lakin unutmaq lazım deyil ki, Azərbaycan azad ölkədir. Azərbaycanda söz, mətbuat, iqtisadi, sosial sahədə azadlığı var. Yəni Azərbaycanda söz demək üçün küçələrə axışmağa ehtiyac yoxdur. Əlbəttə, mitinqlər, nümayişlər, toplantılar keçirilə bilər. Bunlar hamısı Azərbaycan Konstitusiyasında, “Sərbəst toplaşmaq haqqında” Qanunda öz əksini tapmış müddəalardır. Lakin verilmiş demokratik azadlıqlardan sui-istifadə etməyə imkan verilmir və verilməyəcək. Ona görə də müxalifətin radikal qanadının Azərbaycanda qarşıdurma yaratmaq cəhdləri iflasa uğradı. Çünki ölkə başçısının yeritdiyi siyasət və Azərbaycanın qarşılaşdığı problemlərdən azad etmək uğrunda göstərdiyi fəaliyyət məlumdur. Ölkədə mitinqlər keçirmək istəyənlər üçün meydanlar da var. Lakin mitinq keçirmək üçün ilk növbədə sosial dəstəyin verilməsinə ehtiyac var. Gəlin görək, radikal müxalifət özünü dəstəkləyəcək böyük bir ordu yarada bilirmi? Hakimiyyət arasında qarşıdurma yaratmağa cəhd göstərən narazı müxalifət ümumilikdə kütlənin 2 faizini təşkil edir. Ona görə də demək istəyirəm ki, Rəsul Quliyevin 100 min nəfərdən ibarət mitinq keçirəcəyi iddiası yalnız iddia olaraq qalacaq.

- Ümumiyyətlə, iqtidar-müxalifət dialoqundan çox danışılır. Bu dialoqun baş tutmasında müxalifətin maraqlı olmadığı da hamıya məlumdur. Bəs YAP-nın bu məsələyə yanaşması necədir?

- Bu məsələ ilə bağlı dəfələrlə fikirlər açıqlanıb. Dialoq siyasi müstəvidə müxtəlif mövqelərin bir araya gələrək bu və ya digər mövzu ətrafında müzakirəsidir. Azərbaycan cəmiyyətində dialoq mühiti mövcuddur. Dialoq mühiti olmayan cəmiyyətlər qarşıdurma və müharibə vəziyyətində olan cəmiyyətlərdir. Lakin, Azərbaycanda dialoq sözünü istismar etmə halı mövcuddur. Bunu isə radikal müxalifət həyata keçirir. Onlar çalışırlar ki, Azərbaycanda dialoq mühitinin olmadığı uydurmasını xarici qüvvələrə inandırsınlar. Lakin unudurlar ki, biz nə Afrika, nə Əfqanıstan, nə də digər ölkə deyilik. Biz artıq inkişaf etməkdə olan və böyük hədəflərə doğru irəliləyən ölkəyik. Kimsə Azərbaycanda mövcud olan dialoq mühitini istismar edirsə, bu, birbaşa ideoloji təxribata xidmət edir. Azərbaycanda dialoq mühiti var. Sadəcə radikal müxalifət cəmiyyətdə özünü bu mühitdən kənarda qoymuş azlıqdır. Onlar Azərbaycana şər-böhtan atmaqdan bir növ ləzzət alırlar. Onlar Azərbaycanın gələcəyi naminə deyil, Azərbaycanda gələcəkdə hakimiyyətə gəlmək naminə hər şeyi qurban verən insanlardır.

 

 

Yeni Azərbaycan.- 2012.- 7 yanvar.- S.2.