“Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası ölkəmizi keyfiyyətcə yeni inkişaf mərhələsinə
çıxaracaq
Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin sədrliyi ilə “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının hazırlanması
ilə əlaqədar “dəyirmi masa” keçirilib
Məlum
olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 29-da “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının
hazırlanması barədə” Sərəncam imzalayıb. Sərəncamda
deyilir ki, son dövrdə ölkəmizdə həyata
keçirilən islahatlar bütün sahələrdə
müsbət nəticələrin əldə olunmasına
şərait yaradıb. Bu illər ərzində, xüsusilə
də son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə,
dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun
azaldılmasında və əhalinin sosial rifahının
yüksəldilməsində ciddi uğurlar qazanılıb.
Bütün bunlarla bərabər, sərbəst bazar
iqtisadiyyatı institutlarının yaradılması və
sahibkar təşəbbüskarlığına söykənən
iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial
infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək
inkişafı üçün geniş imkanlar açıb.
Hazırda
Azərbaycan yeni inkişaf mərhələsinə qədəm
qoyur. Bu mərhələnin əsas hədəfi
çoxşaxəli, səmərəli və innovasiya
yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır.
Sərəncamda
bildirilir ki, Azərbaycanın perspektiv inkişaf hədəf və
istiqamətlərinin müəyyən edilməsi məqsədi
ilə 2020-ci ilədək dövrü əhatə edən “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasının hazırlanması məqsədəuyğun
hesab olunsun. İnkişaf Konsepsiyasının layihəsinin
hazırlanmasına ümumi rəhbərlik, təşkilati və
əlaqələndirici səlahiyyətlərin həyata
keçirilməsi Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasına həvalə edilsin.
Sərəncama
əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına
tapşırılıb ki, İnkişaf Konsepsiyasının
layihəsini 2012-ci ilin sonunadək hazırlayıb təsdiq
olunmaq üçün Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin, layihə hazırlanarkən Azərbaycan
Respublikasının müvafiq dövlət orqanlarının,
elmi təşkilatların və yüksək ixtisaslı
mütəxəssislərin cəlb olunmasını təmin
etsin, bu sahədə qabaqcıl dünya təcrübəsindən
yararlanmaq məqsədi ilə Birləşmiş Millətlər
Təşkilatının İnkişaf Proqramı və digər
beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın
həyata keçirilməsi üçün zəruri tədbirlər
görsün, vətəndaş cəmiyyəti təsisatlarının
iştirakını, habelə layihənin açıq
müzakirəyə çıxarılması
üçün müvafiq tədbirlərin görülməsini
təmin etsin, layihənin hazırlanması ilə
bağlı aparılan işlər barədə mütəmadi
olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
və aidiyyəti dövlət orqanlarının rəhbərlərinə
tapşırılıb ki, İnkişaf Konsepsiyasının
layihəsi hazırlanarkən fəaliyyət istiqamətlərinə
uyğun olaraq zəruri tədbirlər görsünlər.
Prezident İlham Əliyev müxtəlif
sahələrə olduğu kimi, elmə və təhsilə də
xüsusi önəm verir
Ümumiyyətlə, Azərbaycanın 20 illik müstəqilliyi
dövründə keçdiyi inkişaf yolu və bu gün
regional və beynəlxalq miqyasda tutduğu mövqe ölkənin
daha uzaq gələcəyə yönələn planlar
qurmasına və addımlar atmasına şərait
yaradır. Azərbaycan müstəqil daxili və xarici siyasət
yeridir, öz yolunu özü müəyyənləşdirir,
eyni zamanda, ölkəmizin atdığı addımlar regional
proseslərə həlledici təsir göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan
keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm
qoyub və bu mərhələdə ölkəmiz
qarşısında daha yüksək tələblər və
imkanlar meydana çıxır. Azərbaycanın
beynəlxalq münasibətlərdə fəal aktor kimi artan
rolu ölkəmizin qarşıya daha böyük amallar
qoymasına, gələcəyə inamla baxmasına imkan verir.
Belə bir Konsepsiyanın hazırlanması isə
ölkənin ortamüddətli və uzunmüddətli
perspektivdə keçəcəyi inkişaf yolunun daha
aydın təsəvvür olunmasına, dövlətin elmi əsaslarda
səmərəli idarə olunmasına, qərarların qəbulunda
rasionallığın yüksəldilməsinə xidmət
edir. Məlum olduğu kimi, müasir dövrdə idarəçiliyin
elmi əsaslara söykənməsi bütün dünyada
mühüm əhəmiyyət kəsb edən məsələyə
çevrilib. Qeyd edək ki, Azərbaycan
geniş elmi potensiala malik olan bir ölkədir.
Ümummilli lider Heydər Əliyevin istər sovetlər birliyi
dönəmində Azərbaycana rəhbərlik etdiyi zaman, istərsə
də müstəqil respublikamızın Prezidenti olduğu illərdə
təhsilə, elmi kadrların hazırlanmasına verdiyi önəm
bu sahədə gedən dinamik inkişaf prosesi ilə
özünü göstərdi. Öz növbəsində,
Prezident İlham Əliyev də müxtəlif sahələrə
olduğu kimi, elmə və təhsilə xüsusi önəm
verir. Bu gün ölkədə elmin inkişafı əsas
etibarilə dövlət başçısının Sərəncamı
ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiya və onun həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı”nın
müəyyənləşdirdiyi prinsiplər əsasında
gerçəkləşir. Eyni zamanda, 2009-cu il
21 oktyabr tarixli Sərəncama əsasən Prezident yanında
Elmin İnkişafı Fondu yaradılıb. Fondun
yaradılmasında məqsəd, Azərbaycanda elmi
araşdırmaların stimullaşdırılması, ölkənin
təbii sərvətlərinin, mədəni və tarixi
irsinin öyrənilməsi işlərinin intensivləşdirilməsi,
elmin müxtəlif sahələri üzrə tədqiqatların
səmərəliliyinin artırılması və Azərbaycan
elminin dünya səviyyəsində layiqincə təmsil
olunmasına dövlət dəstəyinin təmin edilməsidir.
Çünki, qlobal miqyasda gedən siyasi, mədəni,
ideoloji dəyişikliklər fonunda Azərbaycanın
keçdiyi 20 illik müstəqil inkişaf yolu dövründə
respublikadakı ictimai, siyasi, ədəbi-mədəni
reallıqların tədqiqi və gələcəyə
yönələn müvafiq proqnozlar və tövsiyələrin
hazırlanması aktual məsələyə çevrilib.
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası ictimaiyyətin
sifarişidir
Qeyd edək
ki, Azərbaycanın uzunmüddətli İnkişaf
Konsepsiyasının hazırlanmasını nəzərdə
tutan 29 noyabr 2011-ci il tarixli Sərəncam
ölkə ictimaiyyətinin ən çox müzakirə
etdiyi aktual mövzuya çevrilib. Dekabrın 29-da “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının
hazırlanması ilə əlaqədar Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi
ilə “dəyirmi masa”nın keçirilməsi
də diqqəti cəlb edir. Çünki, “dəyirmi
masa”da Azərbaycanın dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, tanınmış elm xadimləri,
araşdırma mərkəzlərinin nümayəndələri
iştirak ediblər. Yəni, görünən
odur ki, Azərbaycanın uzun müddətli
inkişafını nəzərdə tutan konsepsiyanın
hazırlanması ictimaiyyətin sifarişidir.
Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “dəyirmi
masa”da çıxış edərək deyib ki, 2000-ci illərdə
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə
aparılan genişmiqyaslı islahatların daha da dərinləşdirilməsi
sürətli tərəqqinin təmin olunmasına əlverişli
imkanlar açıb, cəmiyyətimizin daha önəmli
sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə
şərait yaradıb: “Ölkədə investisiya
mühitinin yaxşılaşdırılmasında
mühüm addımlar atılıb, dövlət idarəçiliyi
sistemi müasir meyarlara uyğun yenidən qurulub”.
Bu illərdə
sosial problemlərin səmərəli həllində
dönüşlü irəliləyişə nail
olunduğunu, əhalinin sosial müdafiəsi sisteminin
qabaqcıl beynəlxalq standartlara uyğun yenidən
qurulduğunu diqqətə çatdıran akademik Ramiz Mehdiyev
deyib ki, yeni pensiya sistemi fəaliyyətə başlayıb,
ünvanlı yardım, sosial müavinətlər sistemi təsbit
olunub və inkişaf etdirilib: “Bununla yanaşı, qeyri-neft
sektorunda yeni istehsal sahələrinin açılması və
yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və
kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf
etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin
yaradılması, o cümlədən, yeni təhsil, səhiyyə,
idman müəssisələrinin inşası həmin
dövrdə bütövlükdə ölkəmizin dinamik və
dayanıqlı yüksəlişinin əsasını təşkil
edib”.
Konsepsiyanın
hazırlanmasının əsas istiqamətlərini şərh
edən akademik Ramiz Mehdiyev deyib ki, bunlar
aşağıdakılardır:
- dövlət müstəqilliyimizin daha da
gücləndirilməsi, ölkənin ərazi
bütövlüyünün təmin olunması və
qorunması;
- siyasi sahədə demokratiya
institutlarının daha da inkişaf etdirilməsi, dövlətin
funksiyalarının yerinə yetirilməsinin və vətəndaş
cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi,
qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi;
- iqtisadi
sahədə ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi
hesabına davamlı iqtisadi inkişafa nail olunması,
iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin
genişlənməsi, ölkəmizin ümumi daxili məhsulunun
tərkibində və dövlət büdcəsinin
formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması
və qeyri-neft amilinin üstünlüyünün təmin
edilməsi;
- iqtisadiyyatda innovasiyaların tətbiqinin təmin
edilməsi üçün güclü motivasiya mexanizmlərinin
yaradılması və inkişaf etdirilməsi;
- mövcud resurslardan və coğrafi mövqedən
istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin
sosial-iqtisadi inkişafının müasir tələblər
səviyyəsində təmin edilməsi;
- Azərbaycan
iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi,
milli məhsulların dünya bazarlarında layiqli yer
almasına nail olunması;
- sosial sahədə yoxsulluq səviyyəsinin
mümkün minimuma endirilməsi istiqamətində
yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı
ailələrin etibarlı sosial müdafiəsinin təmin
olunması, əhalinin orta təbəqəsi dairəsinin
genişləndirilməsi və onun cəmiyyətin həyatında
rolunun və əhəmiyyətinin artırılmasına nail
olunması;
- Azərbaycanda
təhsilin, səhiyyənin, humanitar sahələrin
inkişafına xüsusi diqqətin ayrılması, insan
amilinin yüksək inkişaf səviyyəsinə
çatdırılmasına nail olunması, Azərbaycan
xalqının bilik və bacarıqlarının səmərəli
tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın
üstünlüklərindən yararlanan önləyici
inkişaf modelinə keçidin təmin olunması;
- bölgədə və bütün dünyada
sülhün, sabitliyin və təhlükəsizliyin təmin
edilməsi üçün Azərbaycan dövlətinin səylərinin
artırılması istiqamətində tədbirlərin həyata
keçirilməsi.
Akademik Ramiz Mehdiyev vurğulayıb ki, Konsepsiyanın
hazırlanması zamanı dünya təcrübəsi
araşdırılmalı, bu işə xarici mütəxəssislər
cəlb olunmalı, dövlət və ictimai təşkilatlarla
geniş müzakirələr aparılmalıdır. Konsepsiyanın
hazırlanması üçün komissiya da yaradılmalı
və işçi qruplar müəyyən olunmalıdır.
İnkişaf
Konsepsiyasının hazırlanmasına ölkədə elmin,
ədəbiyyatın, təhsilin inkişafında xidməti
olan, xalqa doğru yol göstərən, ziyalı statusu qazanan
şəxslər cəlb edilib
Yeri gəlmişkən,
qeyd etmək yerinə düşər ki, akademik R.Mehdiyevin sədrliyi
ilə keçirilən yuxarıda bəhs etdiyimiz “dəyirmi
masa” ölkənin gələcək inkişafının
müəyyənləşdirilməsi naminə ölkə
ziyalılarının bilik və təcrübəsindən
istifadə etməklə, elmi idarəçiliyin
formalaşdırılması məqsədi daşıyır.
Bu, Azərbaycanın ictimai-siyasi həyatında,
eləcə də, elmində əlamətdar hadisə
sayıla bilər.
Səmərəli İnkişaf Konsepsiyasının
hazırlanması, ilk növbədə, dərin elmi təhlil,
analitik təfəkkür və araşdırma tələb
edir. Konsepsiya, həmçinin, ölkənin idarəçiliyinin
zamanın dəyişən tələblərinə
çevik uyğunlaşdırılması ilə
yanaşı, dəyişməz milli və dövlətçilik
maraqlarının etibarlı təminatına zəmin yaradacaq.
Ölkənin səmərəli elmi idarəçilik
əsaslarının müəyyənləşdirilməsi,
ilk növbədə, savadlı alimlərin, nəzəri və
praktiki biliklərə sahib olan mütəxəssislərin, vətənpərvər
və milli şüura malik olan ziyalıların bu işə
cəlb olunmasını tələb edir. Belə bir məsuliyyətli
işin həyata keçirilməsi üçün isə
heç şübhəsiz, Konsepsiyada qarşıya qoyulacaq məsələlərə
dərindən bələd olan, bu sahədə dünya təcrübəsi
ilə maraqlanan, müxtəlif sferalarda gedən prosesləri təhlil
etmək və gələcəyə yönələn, elmi
surətdə əsaslandırılmış proqnozlar vermək
bacarığına malik olan mütəxəssislər cəlb
olunub. Sözügedən tədbirin
iştirakçıları ölkədə elmin, ədəbiyyatın,
təhsilin inkişafında xidməti olan, xalqa doğru yol
göstərən, ziyalı statusu qazanan şəxslərdir.
Çünki, yalnız dərin biliyə,
yaradıcı təfəkkürə və geniş
dünyagörüşünə malik, cəmiyyətdə
nüfuz sahibi olan milli düşüncəli
ziyalılarımız belə bir məsuliyyətli işin
öhdəsindən gələ bilər. Eyni
zamanda, öz sahəsinin mütəxəssisi olmaqla
yanaşı, yüksək mənəvi keyfiyyətlərin
daşıyıcısı olan, xalqına və ölkəsinə
illər boyu xidmət göstərən və sözün əsl
mənasında ziyalı adını doğruldan
tanınmış siyasi və ictimai xadimlərimiz, görkəmli
elm adamlarımız dövlətin gələcəyi ilə
bağlı strateji addımların müəyyənləşdirilməsinə
mənəvi haqq qazanıblar.
Antimilli qüvvələrin
İctimaiyyətin iradəsinə qarşı çıxması
və ya qara yaxma kampaniyası nə məqsəd
daşıyır?
Lakin təəssüflər
olsun ki, Azərbaycanın gələcəyini düşünən,
xalqımızın problemlərinin həlli istiqamətində
yorulmaz fəaliyyət göstərən görkəmli
ziyalılarımız ölkəmizin gələcək taleyi
ilə bağlı çox önəmli məsələləri
müzakirə etdiyi bir vaxtda öz adının önünə
“ziyalı”, “alim”, “vətənpərvər” və bu kimi digər
təşbehləri təsbeh kimi düzən bəzi antimilli
qüvvələr də tədbir keçiriblər. “Eldar Namazovun dəstəsi” adlandırılan, əslində
isə xarici maraq qruplarının əlində girova
çevrilmiş mövqeyi bəlli olmayan bir neçə
şəxsin toplaşdığı bu qrup guya ölkəmizdəki
mövcud ictimai-siyasi durumu müzakirə ediblər.
Təbii
ki, sözün həqiqi mənasında ziyalı olan,
xalqının, millətinin problemləri ilə yaşayan,
sözünə, mövqeyinə hörmət olunan
insanların vətəndaşları narahat edən,
onların qayğılarının aradan
qaldırılmasına yönələn müxtəlif
disskusiyalar, fikir mübadilərələri aparması, çətinliklərdən
çıxış yolları ilə bağlı dəyərli
tövsiyələr verməsi həmişə müsbət
qarşılanır, Azərbaycan cəmiyyəti də bunu təqdir
edir. Amma, heç də vətəndaşlıq
mövqeyinə, milli, dövlət maraqlarımıza uyğun
olmayan, təxribat xarakterli tədbirlərin keçirilməsi,
dövlətimizə qara yaxılması üçün təşkil
olunan aksiyalar insanlarımızın haqlı
narazılığına səbəb olur. Son dövrlər xüsusən daha çox rast gəldiyimiz
belə hallar isə “Eldar Namazovun dəstəsi” adlanan qurumun fəaliyyəti
üçün heç də yad bir məsələ deyil.
Ermənipərəst mövqeyindən
çıxış edən bəzi güc mərkəzləri
Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində
güzəştə məcbur etmək üçün
mütəmadi olaraq, belə təzyiq qruplarının xidmətlərinə
müraciət edirlər. Heç də təsadüfi
deyil ki, Eldar Namazov kimi mövqeyi bəlli olmayan, siyasi fəaliyyəti
“transferlər” üzərində qurulan, cəmiyyətdə
mövqeyinin nədən ibarət olduğunu hələ də
müəyyənləşdirməyən bir şəxsin və
onun ətrafına toplaşan azsaylı ali təhsilli
(ziyalı deyil) adamların xaricdən aldığı təlimatlara
uyğun olaraq, Azərbaycan dövlətçiliyinə
qarşı fəaliyyət göstərməsi cəmiyyət
tərəfindən hiddətlə qarşılanmaqdadır. Cəmiyyətimizin
öndə gedən simaları istər bu və başqa
formatlı tədbirlərdə, istərsə də, kütləvi
informasiya vasitələrində işıqlandırılan
müsahibə və söhbətlərində bu kimi
halların yolverilməz olduğunu, Azərbaycan dövlətinin
yüksək inkişaf mərhələsinə qədəm
qoyduğu, dünyada yüksək nüfuz sahibi kimi
mövqeyinin möhkəmləndiyi bir dönəmdə bu kimi
cılız məsələlərlə gündəmə gəlməyin
yersiz olduğunu söyləyirlər.
Ölkəmizin uğurlarının müxtəlif dairələr
tərəfindən qısqanclıqla
qarşılandığı və hətta bəzilərinin
Azərbaycanı tutduğu düzgün yoldan çəkindirməyə
çalışdığı heç kəsə sirr deyil. Onun
üçündür ki, həmin dairələrin əlində
alətə çevrilən millət, dövlət
maraqlarını şəxsi, ambisioz maraqlarına qurban verən
bəzi daxili qüvvələrə Azərbaycanın
uğurlarına kölgə salmaq təlimatı verilir. Bu alətlər isə “vəzifələrini layiqincə
yerinə yetirirlər”, desək heç yanılmarıq.
Hər şeyi qara rəngdə görmək, bəlli
beynəlxalq təşkilatlara həqiqətə uyğun
olmayan, faktlardan uzaq məktublar yazmaq, dövlətini haqsız
yerə şikayət etmək, Azərbaycanın beynəlxalq
imicinə xələl gətirmək onların başlıca
amal və vəzifələridir. Amma bu
günə qədər olduğu kimi, bundan sonra da onların
arzuları ürəklərində daş bağlayacaq. Çünki nə qədər tarazı pozulmuş
bir dünyada yaşasaq da, hələ də haqqı görən,
həqiqətləri etiraf etməkdən çəkinməyən
insanlar var ki, onlar da istənilən beynəlxalq tribunadan Azərbaycanı
bütün dünya dövlətləri üçün
örnək göstərirlər.
Cəmiyyət kimin kim
olduğunu yaxşı bilir
Əslində, Eldar Namazov kimi insanların ictimai
müzakirə mövzusu olmasının özü Azərbaycan
cəmiyyətinin mövcud mənəvi-siyasi standartına
uyğun deyil.
Son illər ərzində, böyük
inkişaf yolu keçmiş, artıq dünyanın
bütün qabaqcıl dəyərlərini mənimsəmiş,
dünya cəmiyyətləri ilə bərabər
addımlayan Azərbaycan cəmiyyətinin dövlətimizin
gündəmində çox daha önəmli məsələlərin
olduğu bir vaxtda bu kimi dəyərsiz mövzulara vaxt
ayırması heç kəsə fayda verməz. Hətta bəzilərinin onun “ölçülərini
və standartını” böyütməyə
çalışmasına baxmayaraq, “Eldar Namazovun dəstəsi”
bu cəmiyyətdə müzakirə olunacaq qədər
önəmli deyil.
Elə
oxucularımız və Azərbaycan ictimaiyyətinin dəyərli
nümayəndələri də eyni gündə baş verən
iki şəhadəti - akademik Ramiz Mehdiyevin sədrliyi ilə
keçirilən “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının hazırlanması
ilə əlaqədar “dəyirmi masa”nı
və Eldar Namazovun ali təhsilli bir neçə şəxslə
birlikdə keçirməyə cəhd göstərdiyi
antimilli fəaliyyəti müqayisə etdikdə dərhal
kimin nəyə xidmət etdiyini müəyyənləşdirir.
Necə deyərlər: elin gözü tərəzidir. Yaxşı olar ki, fəaliyyəti və mahiyyəti
ziyalılıqla ziddiyyət təşkil edən bu dəstə
özlərini daha çox ifşa etmədən siyasi meydana
girmək arzusundan əl çəksin. Bu,
həm onların özləri, həm də xalqımız
üçün daha faydalı olar.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Yeni Azərbaycan.-
2012.- 7 yanvar.- S.3.