2011-ci ildə
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
verilən kreditlərin 75 faiz regionların, 25 faizi isə
Bakı qəsəbələrinin payına düşüb
Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında
Sahibkarlığa Kömək Milli Fondunun icraçı
direktoru Şirzad Abdullayev www.yap.org.az saytına müsahibə
verib:
-
Şirzad müəllim, Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun hazırkı fəaliyyətni
necə xarakterizə edərdiniz?
- Azərbaycan
dövlət müstəqilliyini yenidən bərpa etdikdən
sonra yeni iqtisadi münasibətlərə keçidin əsası
qoyuldu, ölkədə sahibkarlığın
formalaşması və inkişaf etdirilməsi zərurətə
çevrildi. Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il
27 avqust tarixli Fərmanı ilə “Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”
və “Azərbaycan Respublikası Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”nın təsdiq
edilməsi özəl bölmənin inkişafı və
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin
təmin edilməsi sahəsində atılmış
mühüm addım oldu. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən, davamlı və dinamik
inkişaf konsepsiyasına əsaslanan sosial-iqtisadi siyasət nəticəsində
sərbəst bazar münasibətlərinə əsaslanan,
sosialyönümlü, dünya təsərrüfat sisteminə
inteqrasiya olunmuş milli iqtisadiyyatımızın
uğurları daha da möhkəmləndirilmiş,
sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş,
əhalinin sosial rifahı davamlı olaraq
yaxşılaşdırılmışdır. Dövlət
başçısının diqqət və
qayğısı sayəsində sahibkarlıq mühitinin inkişafı
üçün yaradılan əlverişli şəraitə
uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin
istifadəsi Qaydalarının təkmilləşdirilməsi
istiqamətində işlər növbəti illərdə də
müvəffəqiyyətlə davam etdirilmişdir.
Sahibkarlığın
inkişafı sahəsində qəbul olunmuş dövlət
proqramlarının bu sahənin inkişafında xüsusi rolu
olmuş, kiçik və orta sahibkarlığın
inkişafı üzrə tədbirləri iqtisadi siyasətinin
prioritet istiqamətlərindən birinə çevirmişdir.
Artıq ölkəmizdə sahibkarlara təkmil dövlət
maliyyə dəstəyi sistemi
formalaşdırılmış, sahibkarlara zəruri texniki
yardım (məsləhət, informasiya və s. xidmətlər)
göstərən strukturlar yaradılmışdır.
İqtisadi
İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu hazırda güzəştli kreditlərin sahibkarlıq
subyektlərinə çatdırılmasında 38 müvəkkil
kredit təşkilatı, o cümlədən, 30 bank, 1 bank
olmayan kredit təşkilatı və 7 kredit ittifaqı ilə
əməkdaşlıq edir. Fondun fəaliyyəti
dövründə 12500-dən çox sahibkarlıq subyektinə
720 milyon manatadək güzəştli kredit verilmişdir. Aqrar
sahənin inkişafına yönəldilmiş güzəştli
kreditlərin 80 faizi kənd təsərrüfatı məhsullarının
istehsalı və emalına, 20 faizi aqrar sahənin
inkişafını stimullaşdıran infrastruktur sahələrinin
(taxıl anbarları və soyuducu anbar komplekslərinin)
yaradılmasına verilmişdir. Bu kreditlər hesabına
maliyyəşdirilən layihələrin
reallaşdırılması 95000-dən çox yeni iş
yerinin açılmasına şərait
yaratmışdır.
-
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində
şəffaflıq necə təmin olunur? Yəni, Fondun maliyyələşdirdiyi
layihələr və sahibkarlığın inkişafı ilə
bağlı gördüyü digər işlər barədə
cəmiyyət necə məlumat əldə edir?
-
İlk növbədə qeyd etmək istərdim ki, Fondun fəaliyyətində
şəffaflığın təmin edilməsi,
sahibkarlığın inkişafına verilən güzəştli
kreditlər, ən son texnologiyaların tətbiqinə əsaslanan
layihələr haqqında daha geniş məlumat əldə
edilməsi məqsədi ilə hər il Sahibkarlığa
Kömək Milli Fondunun Azərbaycan və ingilis dillərində
illik hesabatları dərc olunur, beynəlxalq audit şirkəti
tərəfindən maliyyə hesabatlarının auditi
keçirilir, daim yeniləşdirilən veb-saytı
(www.anfes.gov.az) fəaliyyət göstərir, eyni zamanda, Fondun
keçirdiyi bütün tədbirlərdə kütləvi
informasiya vasitələrinin iştirakı təmin edilir.
Sahibkarlığın inkişafına dövlət dəstəyinin
gücləndirilməsi məqsədilə, Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən mütəmadi olaraq
regionlarda və Bakı qəsəbələrində
sahibkarlığın inkişafına dövlət dəstəyinə
dair tədbirlər keçirilir. Həmin tədbirlərdə
sahibkarlara güzəştli kreditlər verilir, maarifləndirici
treninqlər təşkil olunur, nümunəvi investisiya layihələrinin
təqdimatı keçirilir, həmçinin, yerli icra hakimiyyəti
orqanlarının nümayəndələri və sahibkarlarla
mövcud iqtisadi potensialdan daha səmərəli istifadə
edilməsi məqsədi ilə müzakirələr
aparılır, tədbir keçirilmiş şəhər və
rayonlar üzrə investisiya təkliflərinin qəbulu
üçün elanlar verilir.
- Siz
regionlarda və Bakı şəhərinin qəsəbələrində
təşkil olunan tədbirlər və həmin tədbirlər
çərçivəsində sahibkarlığın maarifləndirilməsi
məsələlərini qeyd etdiniz. Ümumiyyətlə, bu tədbirlərin
əsas mahiyyəti nədən ibarətdir?
-
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
“Regionlarda sahibkarlığın inkişafına dövlət
dəstəyi” və Bakı şəhərinin qəsəbələrində
isə “Bakı qəsəbələrində
sahibkarlığın inkişafına dövlət dəstəyi”
mövzularında silsilə tədbirlər keçirilir. Bu tədbirlərin
əsas mahiyyəti regionlarda və Bakı şəhərinin
qəsəbələrində mövcud iqtisadi potensialın
reallaşdırılması istiqamətində sahibkarlarla
müzakirələrin aparılması, onların təkliflərinin
öyrənilməsi, güzəştli kreditlərin verilməsi
mexanizminin izah olunması, o cümlədən, investisiya layihələrinin
hazırlanması və təqdim olunmasına dair maarifləndirici
treninqin keçirilməsi və sahibkarlara güzəştli
kreditlərin təqdim olunmasıdır. Bir məsələni
də qeyd edim ki, bu tədbirlər çərçivəsində
sahibkarlar ilə görüşlərin keçirilməsi,
müzakirələrin aparılması ilə yanaşı, həmin
qəsəbələrdə potensial biznes imkanları,
reallaşdırılması məqsədəuyğun olan
layihələr də müəyyən edilir. Başqa sözlə,
dövlətin güzəştli kreditləri hesabına dəstəyə
ehtiyacı olan real sahibkarlıq subyektləri, iş
adamları üzə çıxarılır və Fond tərəfindən
həmin layihələrin maliyyələşdirilməsi
istiqamətində müvafiq tədbirlər həyata
keçirilir.
Məlumat
üçün bildirim ki 2011-ci ildə 34 belə tədbir
keçirilmiş, tədbirlərin 24-ü regionlarda, 10-u isə
Bakı qəsəbələrində olmuşdur. Həmin tədbirlərdə
7000-ə yaxın sahibkar iştirak etmişdir. Bu tədbirlərdən
5-i biləvasitə məcburi köçkünlərin
sıx məskunlaşdıqları ərazilərdə
(Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Ağcakənd
(Xocalı məcburi köçkünləri), Ağdam
rayonunun Quzanlı və Ağcabədi rayonunun
Taxtakörpü (Laçın rayonundan olan məcburi
köçkünlər üçün) qəsəbələrində
və Biləsuvar rayonunun 4 saylı qəsəbəsi (Cəbrayıl
rayonundan olan məcburi köçkünlər
üçün) keçirilmişdir.
2011-ci
ildən “Regionlarda sahibkarlığın inkişafına
dövlət dəstəyi” tədbirləri kənd yerlərində
keçirilməsinə başlanılmışdır. Belə
ki, Fond 2011-ci ildə Saatlı rayonunun Qıraqlı, Cəlilabad
rayonunun Qarazəncir, Quba rayonun Ağbil, Ağdam rayonun
Quzanlı, Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi
köçkünlərin məskunlaşdığı 4
saylı qəsəbədə və Qazax rayonun I
Şıxlı kəndlərində keçirmişdir. Tədbirlərin
kəndlərdə keçirilməsində məqsəd
fermerlərin güzəştli kreditlərə olan
ehtiyacına daha operativ münasibət göstərmək,
fermerlərlə müvəkkil kredit təşkilatlarının
işgüzar münasibətlərinin daha da genişləndirməsinə
nail olmaq, hər bir kəndin mövcud potensialını
yaxından öyrənmək, həmin yerin potensial və tələbatına
uyğun olaraq sahələri müəyyənləşdirməkdir.
Sahibkarların istəyinə əsasən, bu cür layihələrin
dəyərinin 100 faizədək hissəsi dövlətin
güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir.
Yəni sahibkarın layihəni həyata keçirmək
üçün ilkin kapitalı olmasa belə, əgər
layihə iqtisadi cəhətdən əsaslandırılıbsa
tam şəkildə dövlətin güzəştli kreditləri
hesabına maliyyələşdirilə bilər.
-
Fondun vəsaitlərinin daha çox yönəldiyi sahələrdən
biri də müasir texnologiyaların tətbiqinə əsaslanan
layihələrin reallaşdırılmasıdır.
-
Tamamilə doğrudur. Qeyri-neft sektoru sahələrinin
inkişafının sürətləndirilməsi və yeni
texnologiyaların tətbiqinə əsaslanan layihələrin
güzəştli şərtlərlə maliyyələşdirilməsinə
xüsusilə diqqət göstərilir. Bu da əsasən,
qabaqcıl texnologiyaların tətbiqi ilə rəqabət
qabiliyyətli, idxalı əvəz edən və
ixracyönümlü məhsulların istehsalı və
emalı, kənd təsərrüfatında infrastruktur obyektlərinin
yaradılmasıdır. Fond tərəfindən son 3 ildə
müasir texnologiyalara əsaslanan 185 layihəyə 313.3 mln.
manat güzəştli kredit vəsaiti verilmişdir. Müəssisələrdən
88-i (48 faizi) istifadəyə verilmiş, digər 97-si üzrə
tikinti-quraşdırma işləri aparılır. Bunlardan 34
müasir soyuducu və 19 taxıl anbarı kompleksləri, 11
çörək zavodu, 6 südlük istiqamətli müasir
heyvandarlıq kompleksi, 4 ət emalı fabriki, 28
quşçuluq təsərrüfatı, 18 istixana kompleksi, 7
süd emalı və s. müəssisələridir.
Yeni
texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli
qaydada maliyyələşdirilməsi sahəsində işlər
ötən ildə də davam etdirilmiş və 85 investisiya
layihəsinin maliyyələşdirilməsinə 116.5 milyon
manat, 11 kənd təsərrüfatı müəssisəsinin
maliyyələşdirilməsinə 1.9 milyon manat, digər sahələrin
inkişafı ilə bağlı 3 layihənin maliyyələşdirilməsinə
0.3 milyon manat və kiçik sahibkarlığın dəstəklənməsi
məqsədilə 1550 sahibkarlıq subyektinin investisya layihələrinin
maliyyələşdirilməsinə 19.3 milyon manat güzəştli
kreditlər verilmişdir.
“2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na
uyğun olaraq, Bakı qəsəbələrinin
inkişafının sürətləndirilməsi, qəsəbələrdə
yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə
xüsusi diqqət yetirilmiş, 210 sahibkara 35 mln. manat, bunlardan
müasir texnologiyaların tətbiqinə əsaslanan 27 layihənin
maliyyələşdirilməsinə 32.4 mln. manat, digər sahələrin
inkişafı ilə bağlı 2 layihənin maliyyələşdirilməsinə
0.3 mln. manat, həmçinin, 181 kiçik həcmli layihənin
maliyyələşdirilməsinə 2.3 mln. manat güzəştli
kreditlər verilmişdir. Bu kreditlər hesabına 1500-ə
yaxın yeni iş yerinin yaradılması nəzərdə
tutulub.
2011-ci
ildə Fond tərəfindən maliyyələşdirilımiş
33 istehsal, emal və infrastruktur müəssisəsi (7 soyuducu və
4 taxıl anbarı, 4 quşçuluq təsərrüfatı,
1 heyvandarlıq kompleksi, 4 müasir istixana, 1 meyvə-tərəvəz
və 1 süd emalı zavodu, 3 çörək zavodu və
s.) istifadəyə verilmişdir. 2012-ci ildə isə minimum
96 belə müəssisəsinin istifadəyə verilməsi nəzərdə
tutulmuşdur.
2011-ci
ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına müvəkkil kredit təşkilatları vasitəsilə
1643 sahibkarlıq subyektinə 138 milyon manat güzəştli
kredit verilmişdir ki, bunun da 25 faizi dövlət büdcəsindən
ayrılan və 75 faizi isə qaytarılan vəsaitlər təşkil
etmişdir. Bu kreditlər hesabına reallaşan layihələrin
icrası 6500-dək yeni iş yerinin yaradılmasına imkan
verəcəkdir. Verilən kreditlərin 75 faiz regionların,
25 faizi isə Bakı qəsəbələrin payına
düşüb. 2010-cu illə müqayisədə maliyyələşdirilmiş
layihələrin sayı 15 faiz, güzəştli kreditlərin
həcmi 20 faiz artmışdır.
- Bəs
kiçik sahibkarlığın maliyyələşdirilməsi
hansı səviyyədədir? Gənclər, məcburi
köçkünlər, qadınlar və digər az təminatlı
ailələr bu kreditlərdən necə bəhrələnirlər?
Başqa sözlə, onların güzəştli kreditlərə
çıxış imkanlarını necədir?
-
Kiçik sahibkarlığın, o cümlədən ailə
təsərrüfatlarının, gənc sahibkarların
investisiya layıhələrinin maliyyələşdirilməsi
Fondun əsas prioritetlərindəndir. Qeyd etmək
lazımdır ki, 2011-ci ildə Fondun güzəştli kreditləri
hesabına maliyyələşdirilmiş investisiya layihələrinin
94 faizi kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul
olanların payına düşmüşdür. Belə ki,
2011-ci ildə 1550 sahibkara 19.3 mln. manat kiçikhəcmli
güzəştli kredit verilmişdir. Bu kreditlər
hesabına 3300-dən çox yeni iş yerləri
yaradılacaqdır.
Bununla
yanaşı, Fondun vəsaitlərinin yerləşdirilməsi
məqsədli dövlət proqramlarının, o cümlədən,
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
üzrə Dövlət Proqramı” və
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”
üzrə nəzərdə tutulmuş tədbirlərin
reallaşdırılmasına yönəldilir. Belə ki,
Fondun fəaliyyəti dövründə respublikanın
regionlarında sahibkarlıq fəaliyyəti ilə məşğul
olan 660 məcburi köçkünə 9.6 milyon manat güzəştli
kredit verilmişdir. Ümumilikdə isə, məcburi
köçkünlərin də sıx məskunlaşdığı
Goranboy, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar,
Ağdam və Tərtər rayonlarında fəaliyyət
göstərən 2400-dən çox sahibkarın investisiya
layihələrinin maliyyələşdirilməsinə 61.6
milyon manat güzəştli kredit verilmişdir.
Bu
gün ölkədə qadınların iqtisadi sferada fəallığının
artırılması üçün müxtəlif
stimullaşdırıcı və təşviqedici tədbirlər
görülür. Qadınların biznes sahələri
yaratması üçün güzəştli kreditlərin
verilməsi, evdar qadınların sahibkarlığa cəlb
olunması da bu tədbirlərdəndir. Eyni zamanda,
respublikanın ucqar və dağlıq regionlarında, məcburi
köçkünlərin sıx məskunlaşdığı
ərazilərdə yaşayan qadınların özəl
biznes yaratması üçün də tədbirlər həyata
keçirilir. Bunun nəticəsidir ki, son illərdə
qadın sahibkarların sayının artdığı
müşahidə olunur. 2002-2011-ci illərdə Fond tərəfindən
qadın sahibkarların 1452 investisiya layihəsinin maliyyələşdirilməsinə
33.4 milyon manat güzəştli kredit verilmişdir.
Fondun
keçirdiyi tədbirlərdə qadınların
sahibkarlıq fəaliyyətinə cəlb olunması və
xüsusilə evdar qadınların məşğulluğunun
təmin edilməsi məqsədi ilə
xalçaçılıq, tikişçilik və daha
çox qadın əməyinə ehtiyac duyulan sahələrdə
nümunəvi investisiya layihələri hazırlanaraq onlara təqdim
edilir. Bu, qadınların bizneslə məşğul olmaq sahəsində
lazımi bilik və məlumat əldə etməsinə imkan
yaradır. Güzəştli kreditlərin minimal həddinin
endirilməsi, müddətinin isə artırılması
yuxarıda qeyd olunan təbəqədən olan şəxslərin
sahibkarlıq fəaliyyətinə cəlb olunmasını
daha da sürətləndirəcəkdir.
- Məlum
olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13
oktyabr tarixli Fərmanı ilə Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizmi daha da təkmilləşdirildi.
Fondun vəsaitlərinin istifadəsi Qaydalarında edilmiş
bu əlavə və dəyişikliklərin
sahibkarlığın inkişafına təsirini necə izah
edərdiniz?
-
Yeni mexanizmə əsasən güzəştli kreditin növləri
beynəlxalq maliyyə institutlarının praktikasına
uyğunlaşdırılaraq, kiçik, orta və
böyükhəcmli kreditlər kimi təsnifləşdirilmişdir.
Kiçik həcmli kreditlərin aşağı həddinin 10
min manatdan 5 min manata endirilməsi və müddətinin 2 ildən
3 ilədək artırılması məcburi
köçkünlərin, xırda fermer və ailə təsərrüfatlarının,
qadınların, aztəminatlı ailələrin
sahibkarlıq fəaliyyətinə cəlb olunmasını
stimullaşdıracaqdır. Orta həcmli kreditlərin
yuxarı həddinin 250 min manatdan 500 min manatadək və
kreditlərin müddətinin 3 ildən 5 ilə ilədək
artırılması dövlət başçısı tərəfindən
verilən tapşırıqlara uyğun olaraq, ölkədə
ən son texnologiyaların tətbiqi ilə rəqabət
qabiliyyətli, idxalı əvəz edən və
ixracyönümlü məhsulların istehsalına, o cümlədən,
infrastruktur müəssisələrinin yaradılmasına təkan
verəcəkdir. Böyük həcmli kreditlərin yuxarı
həddinin 5 milyon manatdan 10 milyon manatadək, müddətinin
isə 7 ildən 10 ilədək artırılması əsasən
iri investisiya tutumlu sənaye müəssisələrinin
yaradılmasında, o cümlədən, kənd təsərrüfatının
uzunmüddətli investisiya tələb edən
çayçılıq, üzümçülük, meyvəçilik
və digər sahələrin inkişafında xüsusilə
əhəmiyyətli olacaqdır.
Bunlarla
yanaşı, kreditlərin güzəşt müddətinin dəyişdirilməsi
praktik olaraq güzəşt müddətinin
artırılmasına, kreditlərin qaytarılmasının
daha da asanlaşdırılmasına, maliyyələşdirilmiş
layihələrin tam başa çatdırılmaması ilə
bağlı risklərin maksimum
minimallaşdırılmasına və güzəştli
kredit vəsaitlərindən səmərəli istifadə
edilməsinə şərait yaradacaqdır.
Yeni
dəyişikliklərdən biri də müvəkkil
bankların Fonddan cəlb etdikləri vəsaitlərin
ümumi məbləğinin qalığının onların
məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının
isə nizamnamə kapitalının 100 faizinədək müəyyən
edilməsidir ki, bu da Fondun həmin kredit təşkilatlarına
ayrılan vəsaitlərinin riskini azaltmaqla yanaşı,
müvəkkil kredit təşkilatlarının daha
etibarlı kapital ehtiyatı yaratmasına və sahibkarlarla daha
səmərəli əməkdaşlıq əlaqələrinin
qurulmasına imkan yaradacaqdır.
-
Qeyd etdiklərinizdən aydın olur ki, Fond daha çox
qayıdan vəsaitlər hesabına güzəştli kreditlər
verir. Ümumiyyətlə, kreditlərin qaytarılması
dinamikası necədir və 2012-ci ildə nə qədər
vəsaitin qaytarılacağını proqnozlaşdırmaq
olar?
- “Azərbaycan
Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin
istifadəsi Qaydaları”na və Fondun vəsaitlərindən
istifadə edilməsinin şərtləri haqqında müvəkkil
kredit təşkilatları ilə bağlanmış
müqaviləyə əsasən, verilmiş güzəştli
kreditlər üzrə yaranmış öhdəliklərin
vaxtında yerinə yetirilməsinə gündəlik nəzarət
edilir. Belə ki, nəzarət-uçot proqramı vasitəsilə
hesablanmış və Sahibkarlığa Kömək Milli
Fonduna ödənilməli olan kredit və faiz məbləğlərinin
müvəkkil kredit təşkilatları ilə dəqiqləşdirilməsi
aparılır və onların vaxtında ödənilməsini
təmin etmək məqsədi ilə müvəkkil kredit təşkilatları
ilə müntəzəm əlaqə saxlanılır. Eyni
zamanda, güzəştli kreditlərlə bağlı məlumatların
qeydiyyatının və kredit vəsaitlərinin dövriyyəsinə
nəzarətin daha səmərəli təşkil edilməsi
və müvafiq məlumatların daha çevik əldə
olunmasına şərait yaradılması məqsədi ilə
“Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin
dövriyyəsinə nəzarət Proqramı” adlı yeni
proqram təminatı yaradılmış və fəaliyyət
göstərir.
Əvvəlki
illərdə verilmiş kreditlərin qaytarılması
hesabına 2011-ci ildə sahibkarlığa Kömək Milli
Fondunun xəzinə hesabına 104 mln. manat daxil olmuş və
sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə
yönəldilmişdir. 2012-ci ildə sahibkarlara 200 milyon manat
güzəştli kredit verilməsi
proqnozlaşdırılır. Bundan 90 milyon manatı dövlət
büdcəsindən ayrılacaq (2011-ci ilə nisbətən
2.6 dəfə çox), 110 milyon manat isə geri qaytarılan
kredit məbləğləri və faizləri hesabına
formalaşacaq.
Sahibkarlar,
eləcə də, sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq istəyənlər ölkəmizdə özəl
bölmənin inkişafı üçün yaradılan
şəraitdən, əlverişli biznes mühitindən
yararlana bilər, dövlətin maliyyə vəsaitlərindən
güzəştli qaydada istifadə etmək üçün
Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə
bilərlər.
Yeni Azərbaycan.-
2012.- 13 yanvar.- S.6.