Azərbaycan dünyanın enerji təhlükəsizliyinə öz töhfəsini verir

 

Almaniyanın “Wostok” jurnalında “NABUCCO və Azərbaycanın mühüm rolu” sərlövhəli analitik məqalə dərc edilib

 

Azərbaycan dövlətinin həm xarici, həm də daxili arenada mühüm uğurlar əldə etməsinin arxasında düzgün istiqamətləndirilmiş siyasi kurs dayanır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkənin sabit inkişafı və vətəndaş hüquqlarının müdafiəsinə, o cümlədən, milli mənafenin qorunmasına yönəlmiş xarici siyasət kursu hər zaman öz üstünlüyünü nümayiş etdirir. Sürətli iqtisadi inkişaf və sosial yüksəliş, o cümlədən, siyasi sabitlik ölkəmizin beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsinə zəmin yaradıb. Bu isə öz növbəsində dövlətimizin dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin inkişafına da xidmət göstərir. Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasət kursu açıq, aydın və səmimidir və bu fakt hamı tərəfindən təsdiqlənir. Nəticə etibarı ilə bu formatda inkişaf edən münasibətlər isə dünya tərəfindən yüksək diqqətlə və hörmətlə qarşılanır. Prezident İlham Əliyevin apardığı balanslaşdırılmış siyasət kursu Azərbaycanı münaqişələrdən, dövlətlərin və maraqların çəkişməsindən kənarda saxlamaqla yanaşı, öz milli maraqlarımızın yüksək səviyyədə qorunmasına da yol açıb. Azərbaycan hər kəsə müstəqil siyasət yürütdüyünü sübut edib. Bu isə son nəticədə ölkəmizin dünyanın enerji təhlükəsizliyində oynadığı rolu artırıb. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, Avrasiyanı birləşdirən enerji xəttinin mərkəzində yer alır. Bu isə zəngin karbohidrogen ehtiyatı olan ölkə olmaqla yanaşı, Azərbaycanı tranzit dövlət kimi məşhurlaşdırır. Digər tərəfdən, əməkdaşları ilə hər zaman demokratik və açıq münasibətlər quran Azərbaycan inkişafdan bütün əməkdaşlarına pay düşməsində maraqlıdır və bunu da əməli ilə sübut edir. Bundan başqa, Azərbaycan yerləşdiyi regionun sabitliyinə təminatçı rolunda çıxış edir.

Almaniyada çıxan “Wostok” jurnalında AzərTAc-ın xüsusi müxbiri Vüqar Seyidovun “NABUCCO və Azərbaycanın mühüm rolu” sərlövhəli analitik məqaləsi (alman dilində) dərc edilib. Məqalədə bildirilir ki, 1842-ci il martın 9-da İtaliyanın məşhur La Skala teatrının səhnəsində “NABUCCO” (Nabucodonosor) operasının premyerasında uvertüranın ilk notları səslənəndə bu əsərin müəllifi, dahi bəstəkar Cüzeppe Verdi heç ağlına da gətirməzdi ki, 160 ildən sonra Avropa yenidən onun operasının adı barədə, lakin tamamilə başqa kontekstdə danışacaq. 2002-ci il oktyabrın 10-da 5 enerji şirkətinin - Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın “Bulgargaz”, Rumıniyanın “Transgaz” və Türkiyənin BOTAŞ şirkətlərinin nümayəndələri Yaxın Şərqdən və Xəzər regionundan Avropaya, Aİ ölkələrinə enerji ehtiyatları nəqlinin şaxələndirilməsi üzrə strateji proqramın tərkib hissəsi kimi, o vaxt hələ adı məlum olmayan qaz kəməri çəkilməsi niyyəti haqqında protokol imzaladılar: “Protokol imzalandıqdan sonra həmin görüşün iştirakçıları bu hadisəni Cüzeppe Verdinin şedevrinə baxmaqla qeyd etmək üçün Vyana operasına getmişdilər. Tamaşadan sonra şam yeməyi zamanı tərəflər layihələşdirilən qaz kəmərini NABUCCO adlandırmağı yekdilliklə qərara aldılar. O vaxtdan ümumi isimə çevrilmiş bu söz avropalı siyasətçi və analitiklərin dilindən düşmür”.

Daha sonra məqalədə bildirilir ki, enerjidaşıyıcıları yüzilliklər boyu bəşər sivilizasiyasının iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi olub və heç şübhəsiz, gələcəkdə də olacaq. Yanacağın müxtəlif növlərinin oduncaq-torf, daş kömür, neft, qaz, atom və daha sonra alternativ və bərpa edilə bilən enerji mənbələrinə doğru təkamülündə bəşəriyyət üç əsas məqsəd güdürdü: istilik, işıq və sonrakı dövrdə mexaniki hərəkət istehsalı. Əcdadlarımızın vaxtilə bayağı sayılan bu məqsədləri bizim dövrdə - texnoloji tərəqqi və nanotədqiqatlar əsrində saysız-hesabsız yeni müxtəlif məqsədlər doğurub. Müəllif vurğulayır ki, bütün bunların əsasını yenə də enerji istehsalı təşkil edir: “Düzdür, bu gün dünya liderləri külək enerjisindən, günəş şüalarından və digər tükənməz enerji mənbələrindən istifadə edilməsi barədə getdikcə daha tez-tez danışırlar. Buna baxmayaraq, minilliklərin qovuşduğu bir dövrdə neft və qaz, onların yataqları və nəqledilmə marşrutları üzərində nəzarət məsələsi əvvəlki kimi dünya siyasətinin mərkəzindədir və çox vaxt səhnəarxası diplomatiyanın mövzusu, müharibələrin səbəbi olur”.

Müəllif bildirir ki, hətta “soyuq müharibə” illərində də Uraldan və Sibirdən “mavi yanacağın” nisbətən sabit nəql edilməsindən istifadə edən Avropa SSRİ dağılandan sonra gözlənilmədən dünya xəritəsində vaxtilə qırmızı-kommunist rəngində qeyd edilən planetin altıdabir hissəsində on beş yeni dövlətin yaranması, onlardan hər birinin öz məxsusi siyasi fəaliyyət xətti və oriyentasiya vektoru formalaşması faktı ilə üzləşdi. Bu halda vahid dövlətin hissələrə bölünməsi ilə yanaşı, vahid Sovet enerji nəqletmə sistemi, onun çoxsaylı yataqları və boru kəmərləri də müxtəlif milli seqmentlərə bölündü. Bununla əlaqədar gündəmdə elə yeni məsələlər yarandı ki, Sovet dövründə onlar yox idi və ola da bilməzdi: Xəzərin bölünməsi, onun beynəlxalq-hüquqi statusunun müəyyən edilməsi, indi artıq müstəqil dövlətlər olan Ukrayna və Belarus ərazisindən tranzitin şərtləri, qiymətlərlə bağlı fikir ayrılıqlarının aradan qaldırılması və s. Cənubi Qafqazda, neft və qaz yataqları ilə zəngin Xəzərin bilavasitə yaxınlığında mənasız ərazi iddiaları və aqressiv separatizm isə bu strateji əhəmiyyətli regionu hərbi əməliyyatlar burulğanına saldı: “Təbii ki, Şərq sərhədlərində dəyişmiş beynəlxalq şəraitdə Avropa öz sabitliyini riskə məruz qoyaraq kataklizmlərin nə vaxt baş verəcəyini sakitcə gözləyə bilməzdi. 2008-2009-cu illərin soyuq qış aylarında Rusiya ilə Ukrayna arasında yaranmış qaz münaqişəsi göstərdi ki, bir neçə il əvvəl enerji ehtiyatlarının nəql edilməsinin şaxələndirilməsi və bir ölkənin qaz inhisarından hədsiz asılılığın azaldılması yolunu seçmiş Avropa haqlı imiş. “Cənub dəhlizi” nəqliyyat-energetika marşrutunun məqsədi enerjidaşıyıcılarına ehtiyacı olan Avropanı bu ehtiyatlarla zəngin Xəzər regionu və Mərkəzi Asiya ilə birləşdirmək məqsədinə xidmət edirdi. Bu dəfə həmin marşrut SSRİ dövründə ola biləcəyi kimi Qara dənizin şimal tərəfindən deyil, cənub tərəfindən keçirdi”.

Qeyd olunur ki, 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin səyləri sayəsində imzalanmış “Əsrin müqaviləsi” Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin və işə salınmasının təməlini qoydu (13 iyul 2006-cı il, Ceyhan). 2007-ci il martın 25-də uzunluğu 970 kilometr olan Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi: “Məlum olduğu kimi, əvvəllər nefti və neft məhsullarını vaqon-sisternlərlə daşıyırdılar. Neft kəməri işə salınandan sonra dəmiryol daşımalarının aktuallığı xeyli azalsa da daşımaların bu üsulu fors-major vəziyyətlərində yenə də ehtiyat (sığorta) variant kimi nəzərdən keçirilir. Bakı-Axalkalaki-Qars dəmiryolunun tikintisi davam edir. Bu yol Xəzər regionunu Avropa dəmiryol şəbəkəsi ilə əlaqələndirəcək, yüklərin çatdırılması üçün sərf edilən vəsaiti və vaxtı xeyli azaldacaqdır. Bu işlər başa çatandan sonra artıq uzun illər boyu fəaliyyət göstərən və hazırda modernləşdirilməkdə olan Transxəzər bərə yolu Avropanı Mərkəzi Asiya, Çin və Sakit okeanla əlaqələndirəcəkdir”.

Müəllif bildirir ki, başlanğıcda bir sıra ekspert və siyasətçilər skeptik mövqe tutur, bu ambisiyalı layihələrin qeyri-rentabel və reallıqdan uzaq olduğunu proqnozlaşdırırdılar. Buna baxmayaraq, həmin layihələrin hamısı uğurla reallaşmışdır və ya başa çatmaq üzrədir. Təbii ki, onların uğuru Avropanı təxminən eyni marşrutla, yəni, Qara dənizi cənubdan dövrələyən “Cənub dəhlizi” vasitəsilə təbii qazla təmin etmək ideyasının müəlliflərini daha da ruhlandırmaya bilməzdi. Bu möhtəşəm ideyanın özəyini məhz NABUCCO təşkil edir. Yeri gəlmişkən, yeni layihə barədə skeptik fikirlər bu gün də səslənir, lakin əvvəlki bir neçə milyardlıq layihələrin uğurla reallaşdırılması nümunəsi NABUCCO-nun da uğurlu olacağına inam yaradır: “Uzunluğu 3300 kilometr olacaq bu qaz kəməri Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin şərqi Türkiyədəki son terminalını Avstriyanın Baumqarten şəhərindəki qazpaylayıcı terminal ilə birləşdirməlidir. Layihənin ilkin dəyəri hələlik 7,9 milyard avroya bərabərdir. 2008-ci ilin fevral ayında Almaniyanın RVE konsorsiumu NABUCCO layihəsinə qoşulmuş və altıncı tərəfdaş olmuşdur. Hazırda bu tərəfdaşların hər birinin nisbi payı 16,67 faizdir. Layihə üzərində iş hələ 2002-ci ilin fevralında, OMV və BOTAŞ arasında ikitərəfli danışıqların gedişində, yəni, elə həmin ilin payızında beş şirkətin nümayəndələrinin Vyana operasında tamaşaya baxdığı əlamətdar gündən əvvəl başlanmışdı. Layihəyə görə əvvəlcə boru kəmərinə Fars körfəzindəki İrana məxsus yataqlardan çıxarılan qazın doldurulması nəzərdə tutulurdu. Lakin 2006-cı ildə İran ilə münasibətlərin mürəkkəbləşməsi ilə əlaqədar diqqəti Türkmənistan və Azərbaycanda mövcud olan qaz ehtiyatlarına yönəltmək qərara alındı. Bu gün layihə gücü ildə 26-32 milyard kubmetr olan NABUCCO üçün qazın əsas təchizatçıları qismində Azərbaycanın “Şahdəniz”, Türkmənistanın “Dövlətabad” və “Cənubi İolotan-Osman” habelə ola bilsin ki, Şimali İraqdakı “Khor Mor” və “Chemchemal” yataqları nəzərdə tutulur”.

Bununla yanaşı, məqalədə qeyd olunur ki, Azərbaycan layihənin əsas iştirakçılarından biridir. NABUCCO üçün Azərbaycan təkcə istehsalçı və təchizatçı ölkə deyil, həm də Transxəzər borunun dənizin dibi ilə çəkilməsi planları reallaşdırılacağı halda tranzit dövlət rolu oynayır. Hərçənd, ABŞ-ın Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar bu yaxınlarda Türkmənistanı boru kəmərinin tam gücü ilə işləməsini təmin edən qaz təchizatçısı və istehsalçısı roluna “az ehtimal edilən namizəd” adlandırmış və bütün ümidini Azərbaycana bağlamışdır. Azərbaycan son onillikdə bizim gözümüzün qabağında neft ölkəsindən neft-qaz dövlətinə çevrilmişdir. Müstəqillik illərində bu gənc dövlət özünün bütün kontrakt öhdəliklərini dəqiq yerinə yetirən etibarlı tərəfdaş olduğunu göstərmişdir. Ölkədə daxili siyasi sabitlik və iqtisadi artım avropalı qaz istehlakçılarına boru kəmərinin bu hissəsindən “mavi yanacaq” axınının fasiləsiz olacağına əlavə inam hissi doğurur: “Azərbaycan özü dünya bazarına karbohidrogen nəqlinin şaxələndirilməsinin tərəfdarıdır. Ölkə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsi səylərini dəstəkləyəcəyini bildirmişdir. Avropanın aparıcı siyasətçiləri bu doktrinada Azərbaycan dövlətinin rolunu dəfələrlə qeyd etmişlər. Bakı bu uzunmüddətli strategiyanın reallaşdırılmasında tam müstəqil siyasət yürüdür və buna görə də haqlı olaraq ciddi və etibarlı tərəfdaş imici qazanmışdır”.

Vurğulanır ki, beləliklə, Azərbaycanın siyasəti özlüyündə bu möhtəşəm layihələrin həyata keçirilməsinə maneələrin mənbəyi və ya səbəbi ola bilməz. Lakin təəssüf ki, regionda Azərbaycandan asılı olmayan və beynəlxalq səylər tələb edən başqa maneələr vardır: “İyirmi ildən çoxdur ki, Cənubi Qafqaz separatizm yuvasına çevrilmişdir. Bu mənbələrin metastazları Şərqi Avropanın başqa regionlarında da özünü göstərir. Ermənistanın Azərbaycana qarşı təcavüzü, qonşu dövlətin ərazisinin 20 faizini işğal etməsi, etnik təmizləmələr, hərbi cinayətlər və dağıntılar Azərbaycanın qərb hissəsini, yəni, onun Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu nəzarətsiz zonaya çevirmişdir. ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri hələ bir nəticə verməmişdir, çünki bütün bu səylər erməni tərəfin münaqişənin həllini beynəlxalq hüquq çərçivəsində tapmaq əvəzinə işğal nəticəsində yaranmış status-kvo post bellum vəziyyətini dondurmaq cəhdləri ilə üzləşir. Beynəlxalq birlik və ilk növbədə, Avropa İttifaqı siyasi təhlükəsizlik təmin edilmədən enerji təhlükəsizliyinə nail olmağın çətinliyini nəzərə alaraq münaqişənin bu inadkar tərəfini inandırmaq (bəlkə də məcbur etmək) üçün əlavə səy göstərməlidir. Erməni tərəfi beynəlxalq normalara hörmət etməli və Dağlıq Qarabağın, onun ətrafındakı ərazilərin işğaldan azad edilməsini, məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruriliyini başa düşməlidir”.

Ermənistan-Azərbaycan münaqişəsi 1975-ci il Helsinki Yekun Aktı çərçivəsində dinc yolla həll ediləcəyi təqdirdə region qarşısında çox böyük imkanlar açılacaq, bu isə təkcə Cənubi Qafqaz ölkələrinin deyil, həm də Avropa İttifaqının xeyrinə olacaqdır. Almaniya Xarici Siyasət Cəmiyyətinin (DGAP) eksperti Ştefan Maysterin bu yaxınlarda verdiyi məlumata görə, Azərbaycanın SOCAR və Rusiyanın “Qazprom” şirkətləri arasında əməkdaşlığa və Azərbaycandan Rusiyaya nəql edilən qazın həcminin ikiqat artırılması barədə saziş imzalanmasına baxmayaraq, Xəzərdə Azərbaycana məxsus yataqlarda qalan ehtiyatlar NABUCCO üçün zəruri olan 30 milyard kubmetr qazı nəql etmək üçün kifayətdir. Daha sonra bildirilir ki, bundan əlavə, 2010-cu il sentyabrın 14-də Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri Bakıda “Azerbaijan-Georgia-Romania İnterconnector” (AGRİ) Konsorsiumunun yaradılması barədə saziş imzalamışlar. Sazişə əsasən, Konsorsiumun iştirakçılarının hər biri üçün bərabər - 33 faiz pay nəzərdə tutulur. Layihə gücü ildə 8 milyard kubmetr qaza bərabər olan AGRİ Konsorsiumu Azərbaycanda hasil edilən təbii qazın Gürcüstanın Qara dəniz limanına nəql edilməsini, orada qazın maye halına salınaraq tankerlərlə Rumıniyanın Konstansa limanına daşınmasını, daha sonra yenidən qaz vəziyyətinə qaytarılmış yanacağın Rumıniya bazarının və Avropanın qalan hissəsinin ehtiyaclarının ödənilməsinə sərf edilməsini nəzərdə tutur. Macarıstan hökumətinin başçısı Viktor Orban da bu layihəyə qoşulmağa hazır olduğunu bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev avropalı tərəfdaşları əmin etmişdir ki, hətta Rusiyaya nəql edilən qazın həcmi ikiqat artırılandan sonra da ölkədə təsdiqlənmiş qaz ehtiyatlarının həcmi həm AGRİ kəmərini doldurmaq, həm də NABUCCO layihəsində iştirak etmək üçün kifayətdir. Lakin məlum olduğu kimi, qaz elə məhsuldur ki, o, əvvəlcə istehlakçıların ehtiyaclarının dəqiqləşdirilməsini və yalnız bundan sonra hasilata başlamağı tələb edir. Başqa sözlə desək, qaz konkret istehlakçı üçün hasil edilir. NABUCCO ilə əlaqədar hələlik hər şey sona qədər aydın deyildir. Bu, müştərək layihədir və hər şey təkcə Azərbaycandan asılı deyildir. Buna görə də, bizə elə gəlir ki, Konsorsiumun iştirakçıları əvvəlcə öz aralarında razılığa gəlməli və qaz istehsal edən ölkələrə müraciət etməli, bundan sonra isə həmin ölkələr öz imkanlarını qiymətləndirərək qəti cavab verə bilərlər.

Bu gün Azərbaycan öz mövqeyini aşkar ifadə etmişdir: o, enerji ehtiyatları nəqlinin şaxələndirilməsi strategiyasının tərəfdarı kimi NABUCCO layihəsinin reallaşdırılmasında birmənalı olaraq maraqlıdır və qaz ehtiyatları onun həmin layihədə iştirak etməsinə imkan verir. Eyni zamanda, ölkə qazın dünya bazarı qiymətləri üzrə alıcılarından qıtlıq hiss etmir. Bu, Azərbaycanın yox, Avropa İttifaqının layihəsidir. Buna görə də, NABUCCO-nun reallığa çevrilməsi üçün ilk növbədə, Konsorsiumun iştirakçıları özləri səylərini ikiqat artırmalıdırlar, xüsusən ona görə ki, Brüssel və Vaşinqton da onları (hələlik yalnız sözdə) dəstəkləyir. Əgər Qərbdə Türkmənistan qazının nəql edilməsi üçün Xəzərdən başqa bir yol görmək istəmirlərsə, bu məsələ də siyasi və maliyyə dəstəyi yolu ilə həll edilməlidir və bu məsələ də məhz Avropa İttifaqının işidir, çünki Türkmənistanın mövqeyi kifayət qədər sadədir: qazın hansı yol ilə aparılacağından asılı olmayaraq, o, qazı sərhəddə kimə istəsə sata bilər. Avropalılar Azərbaycanın etibarlı tərəfdaş olmasına şübhə etməyə bilərlər. Uzunmüddətli uğur qazanmağın rəhni isə Ermənistan-Azərbaycan münaqişəsinin regionda beynəlxalq hüququn qüvvəsinin bərpa edilməsi və burada sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü çərçivəsində xalqların təyini-müqəddərat hüququ prinsipinə əsaslanan möhkəm sülhün bərqərar olması ola bilər və olmalıdır”.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2012.- 13 yanvar.- S.7.