Akademik Milli Dram
Teatrı öz inkişafının yeni mərhələsindədir
İsrafil İsrafilov: Teatr sənətinə
göstərilən dövlət qayğısı müasir
teatrımızın inkişafına böyük töhfələr
verir
Müsahibimiz
Azərbaycan Akademik Milli Dram Teatrının direktoru İsrafil
İsrafilovdur:
- İsrafil müəllim, ilk növbədə, Azərbaycanın
mədəni həyatında mühüm yerlərdən birini
tutan teatr sənətinə dövlətin göstərdiyi
diqqət və qayğı barədə fikirlərinizi bilmək
istərdik.
- Teatr sənəti
Azərbaycanda tarixən populyar və xalq tərəfindən
sevilən bir yaradıcılıq sahəsi olub. 140 ilə yaxın bir dövr ərzində fəaliyyət
göstərən Azərbaycan teatrı olduqca böyük,
şərəfli tarixi inkişaf yolu keçib. Ötən əsrin ikinci yarısında
böyük və mürəkkəb teatr dövrü
yaşanıb. Təəssüf ki, XX əsrin
son onilliyinin ilk illərində bu zəncir məlum səbəblərdən
qırıldı və digər sahələr kimi teatr sənəti
də tənəzzül dövrünə qədəm
basdı. Düzdür,
yaradıcılıq sahəsi olduğu üçün teatr
özünü daha tez bərpa etmək qabiliyyətinə
malik oldu, amma, bununla belə, dövlətin bu sahəyə
diqqəti və qayğısı bu bərpa prosesində əsaslı
rol oynadı. Ulu öndər Heydər Əliyevin
ölkəyə rəhbərliyi dövründə teatr sənəti
dövlət səviyyəsində özünün layiqli dəyərini
alıb. Mənəvi zənginliyi
xalqın böyük sərvəti sayan Ümummilli lider Heydər
Əliyev teatrın inkişafını da daim diqqətdə
saxlayırdı. Bu ənənəni davam
etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev
də bu gün teatr sənətinin inkişafına
böyük töhfələr verir. Dövlət
başçısının məqsədyönlü qərarları
ilə teatr sənətinin tərəqqisi, yeniləşməsi,
beynəlxalq teatr məkanında layiqli yer tutması kimi ictimai
rəydə yüksək dəstək qazanıb. Məlum
olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı
“Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi
haqqında” və “Azərbaycan teatrı 2009-2019-cu illərdə
Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında” sərəncamlar, “Teatr və teatr fəaliyyəti
haqqında” Qanunun qəbul edilməsi teatrların müasir
inkişafında yeni bir mərhələnin əsasını
qoydu. Məhz bu hüquqi sənədlər
paketi Azərbaycan teatrında canlanmanın yaranmasında,
müasirləşmə dövrünün başlanmasında
təməl rolunu oynadı. Bu Sərəncamlar
teatr sənətinin ictimai-estetik məramının, müstəqil
dövlət quruculuğu işində onun yerinin müəyyənləşməsini
təmin etdi, bu sahənin inkişafı üçün
geniş perspektivlər açıldı. Sənət ocaqlarının əksəriyyəti əsaslı
təmirə dayandırıldı, yenidənqurma işlərinə
start verildi. Qeyd etmək lazımdır ki,
teatrlara qayğı müasir teatr sənətimizin real mənzərəsini
də göz önünə gətirir. Artıq
Azərbaycanda beynəlxalq teatr festivallarının
keçirilməsinə də böyük imkan yaranır.
Prezident İlham Əliyevin “Azərbaycan teatrı 2009-2019-cu
illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında” Sərəncamına uyğun olaraq, Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü, təşkilati
və maliyyə dəstəyi nəticəsində 2010-cu ildə
Bakıda ölkəmizdə fəaliyyət göstərən
27 teatrın iştirakı ilə ilk Milli Teatr festivalı (22
fevral 2010-da açılış), bu sahənin tarixində
ilk dəfə dünyanın 32 ölkəsindən 70-ə
yaxın teatr mütəxəssisinin qatıldığı
Beynəlxalq Teatr konfransı (2010-cu ilin noyabr ayı), həmçinin,
A.P.Çexov Beynəlxalq Teatr Festivalının İpək
yolu mərhələsi keçirildi. Bu
özü böyük bir inkişafdan xəbər verir.
Bundan başqa, bu gün teatr xadimlərinə,
aktyorlara, yaradıcı insanlara qayğı, istedadlı gənclərin
üzə çıxarılması, onların bədii axtarışlarının
dəstəklənməsi məqsədi ilə həyata
keçirilən tədbirlər də dövlətin diqqətindədir.
Teatrlarda çalışanların maaşlarının
artırılması, fəxri adların, Prezident təqaüdlərinin
verilməsi, onların sosial şəraitinin
yaxşılaşdırılması haqqında Dövlət
başçısının imzaladığı sənədlər
bu insanlar üçün zəhmətlərinə,
istedadlarına verilən qiymət olmaqla yanaşı, bir
stimula da çevrilir, yaradıcılıq əhval-ruhiyyələrini
daha da artırır.
- Uzun illərdən
sonra 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrı əsaslı təmir-yenidənqurma işlərindən
sonra istifadəyə verilib. Nə kimi dəyişikliklər
edilib və bu dəyişikliklər hansı yeniliklərlə
yadda qalıb?
- Bu yenidənqurma
bir çox dəyişikliklərlə yadda qalıb. Ən əsası,
qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının təmirinə
şəxsən diqqət göstərib və təmir
dövründə bir neçə dəfə
teatrımıza gələrək vəziyyətlə yerində
tanış olub, öz məsləhətləri ilə bir
sıra məsələləri elə yerindəcə həll
edib. Bir məqamı xüsusi vurğulamaq istəyirəm
ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
binasında heç vaxt indiki səviyyədə əsaslı
bərpa və yenidənqurma işləri aparılmayıb.
Təmir və yenidənqurma işləri
zamanı əvvəlki memarlıq üslubunun qorunub
saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə
xüsusi diqqət yetirilib. 561 yerlik
tamaşaçı zalı ən müasir avadanlıqla təchiz
olunub, səhnə yenidən qurulub, burada ən müasir səs
və işıq sistemləri quraşdırılıb,
orijinal ekran yerləşdirilib. Yenidənqurma
işlərindən sonra səhnə tərtibatımız ən
yüksək tələblər səviyyəsində qurula
bilmə qabiliyyəti əldə edib. Hazırda
bizim rejissorlar səhnə tərtibatı ilə bağlı
istədlikləri möcüzəni yarada bilərlər.
Yəni, texniki baxımdan bütün şərait
var. Tamaşa zalımız olduqca yüksək səviyyədədir,
oturacaqlar rahatdır. Bundan başqa, teatrda
130 yerlik, studiya üçün nəzərdə
tutduğumuz başqa bir zalımız da var ki, orada da
tamaşalar göstərmək və ya məşq prosesini
aparmaq mümkündür. Bununla yanaşı, olduqca
yüksək keyfiyyətdə təmir olunan, bütün
lazımi təchizatlarla təmin edilən 27 qrim otağı,
yaradıcı heyətin fiziki formasını qoruması
üçün idmançı mütəxəssislərin rəhbərlik
etdiyi trenajor zalı, quruluş hissəsinin sexləri və
digər yardımçı bölmələr, bunlardan
başqa, üçmərtəbəli yardımçı təsərrüfat
binası da fəaliyyət göstərir. Yəni,
bu gün teatrmızda bütünlüklə kollektivimizin
olduqca keyfiyyətli və yüksək fəaliyyəti
üçün lazımi şərait qurulub.
-
Nizam-intizam məsələləri də kollektiv
üçün olduqca vacib bir amil sayılır. Teatrda bu sahədə vəziyyət necədir?
- Bəli,
həqiqətən də, intizam bütün sahələrdə
ən vacib məsələlərdən biridir. Yaradıcı
kollektivdə intizamın gözlənilməsi xüsusilə
vacibdir. Mən bir məsələyə
toxunmaq istəyirəm ki, insan azadlığı ona
qanunları pozmaq üçün verilmir. Bu
mənada, istər aktyorlar, istərsə də digər sahələrin
nümayəndələri yalnız öz işinə məsuliyyətlə
yanaşanda keyfiyyətli nəticə ortaya qoymaq mümkün
olur. Bu gün teatrlarımız
tamaşaçını öyrənməli, onun estetik tələbinə
müvafiq səhnə əsərləri yaratmalı, illər
öncə olduğu kimi cəmiyyətin yeni nəslini cəlb
etməlidir. Digər tərəfdən,
artıq tamaşaçıda müasir zövq
formalaşıb və bu zövqü azərbaycançılıq
ruhunda, yeni baxışla, mənəvi dəyərlər səviyyəsində
təkmilləşdirmək lazımdır. Aktyorlarımız, rejissorlarımız yerlərində
saysalar, heç bir nailiyyətə imza atmaq mümkün
olmaz. Hər bir uğurun arxasında
böyük zəhmət, məsuliyyətli fəaliyyət,
kamil istedad və intizam dayanır. Mənim
fikrimcə, teatr işçisi cəmiyyət həyatında
öz əxlaqi, nəcib xüsusiyyətləri ilə bir
nümunə olmalıdır. O mənada ki, səhnədə
canlandırılan personajların müsbət keyfiyyətlərini
təbliğ edəndə onun cəmiyyətin nəzərində
dəyərləndirilən şəxsi nümunəsi olduqca əhəmiyyətlidir.
Aydın məsələdir ki, hər hansı
bir sahədə inkişafa nail olmaq üçün, ilk
növbədə, müşahidə edilən geriləmənin
qarşısını almaq lazımdır. Bu baxımdan, Akademik Milli Dram Teatrının 2011-ci
ilin əvvəllərindən başlayan fəaliyyəti
teatrdakı geriləmənin qarşısını almaqda
böyük əhəmiyyətə malik oldu. Hər şeydən əvvəl teatrda uzun illər
boyu yığılıb qalan problemlərin həllinə
başlanılıb, kollektivdə mənəvi-psixoloji iqlimin
müvazinət tarazlığına nail olunub. Digər tərəfdən, fəaliyyətimizin
prioritet istiqamətləri müəyyənləşdirilib.
Bu gün müəyyən zaman məsafəsindən nəzər
salanda görürük ki, qısa müddət ərzində
teatr buna, əsasən, nail ola bilib.
- İsrafil müəllim, yeni direktor özü ilə həm
də yeni keyfiyyət dəyişiklikləri gətirir. Sizin gəlişiniz, Akademik
Milli Dram Teatrında hansı keyfiyyət dəyişiklikləri
ilə yadda qalıb və bundan sonra hansı dəyişikliyi
nəzərdə tutursunuz?
- Fikrimcə,
teatrımızda baş verən keyfiyyət dəyişikliyinə
tamaşaçılarımız daha yaxşı qiymət
vermək iqtidarındadırlar. Bununla
yanaşı, mən bir sıra yenilikləri vurğulamaq istərdim.
Məlum Dövlət Proqramında nəzərdə tutulan
islahatların həyata keçirilməsi ilə bağlı,
Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər
planına uyğun olaraq, Akademik Milli Dram Teatrında 2011-ci ildə
ilk dəfə olaraq, milli teatr sənətinin kompleks
inkişafını təmin edən konkret addımlar
atıldı, yeni fəaliyyət mexanizminin tətbiqinə
başlanıldı. Belə ki, rejssorlarla qonorar sisteminə
keçid, yəni rejissorların konkret bir tamaşanın
quruluşu üçün dəvət olunması və o
quruluşa görə müqavilə əsasında müvafiq
qonorarın verilməsi, kollektivin üzvlərinin kontrakt əsasında
işə qəbulu, yaradıcı heyətlə əməkdaşlıq
münasibətlərində bir teatr mövsümü ərzində
qüvvədə olan müqavilə münasibətlərinə
üstünlük verilməsi, truppanın yeni qüvvələrlə
möhkəmləndirilməsi məqsədi ilə ölkənin
müxtəlif teatrlarından istedadlı aktyorların dəvət
olunması, repertuarın ideya-bədii, həmçinin,
yaradıcı heyətin yaradıcılıq
potensialının formalaşması və ölkəmizdən
kənarda milli teatr sənətimizin təbliği məqsədləri
ilə ayrı-ayrı mərhələlər üzrə
(2011-2015) tərtib edilməsi, teatrın xarici əməkdaşlıq
əlaqələrinin qurulması, qarşılıqlı
qastrolların təşkil edilməsi, mütəxəssis
mübadiləsinin, beynəlxalq tədbirlərdə
iştirakın təmin edilməsi və digər tədbirlər
teatrda faydalı iş əmsalının yüksəldilməsinə
xidmət edib.
Qeyd etmək
lazımdır ki, nəzərdə tutulanlar teatrın ilkin fəaliyyətinin
2011-2015-ci illərini əhatə edir və Dövlət
Proqramında nəzərdə tutulan sonrakı illərdə
də həmin proses istiqamətlər üzrə davam etdiriləcək.
Bir məsələni vurğulayım ki,
Türkdilli Dövlətlərin Teatr Rəhbərləri
Şurasına sədr seçilmişəm. Bu, o deməkdir ki, türkdilli dövlətlərin
teatr prosesində Azərbaycan teatrı başlıca orientir
mövqeyə malikdir. Həmin faktın
özünü bütün Azərbaycan teatrının
uğuru hesab edirəm. Bununla
yanaşı, hazırda teatra müxtəlif tamaşalara
quruluş vermək üçün fərqli yaradıcı
üsluba, özünəməxsus teatr konsepsiyasına malik
olan yerli və əcnəbi rejissorlar dəvət olunub. Bir faktı qeyd edim ki, biz GUAM ölkələrinin mədəni
əməkdaşlığı çərçivəsində
teatr sənətinin əlaqələndirilməsi, “GUAM-ın
teatr məkanı” layihəsini həyata keçiririk. Hazırda teatrmızın səhnəsində
Gürcüstandan, Moldovadan olan rejissorlar tamaşalar
hazırlayırlar. Bundan başqa, yeni
estetik baxışları və yaradıcılıq
imkanları olan cavan rejissorların quruluş işinə cəlb
edilməsinin, eləcə də, teatrda cavan
teatrşünasların laboratoriyasının fəaliyyətinin
bu sənət ocağının yaradıcılıq ahənginə
müsbət təsir göstərəcəyinə əminik.
Truppanın yaradıcılıq
potensialının artırılması məqsədi ilə
ölkənin müxtəlif teatrlarında çalışan
istedadlı sənətçilər teatra dəvət
olunublar. Həmin aktyorlar truppaya
uyğunlaşaraq, repertuardakı tamaşalarda bacarıqla
iştirak edirlər. Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən
tədbirlər nəticəsində teatrımızın beynəlxalq
tədbirlərdə çıxışlarının
sayı çoxalıb. Teatrımızın
istər MDB-də, istərsə də Avropa teatr məkanında
yaradıcılıq nüfuzu artmaqdadır.
- Məlum
olduğu kimi, yeni teatr mövsümünə start verilib. Teatrın repertuarı hansı əsərlərlə
zənginləşdirilib və səhnələşdirilən
əsərlərin seçilməsi nəyə əsasən
aparılır - tamaşaçı zövqü, yoxsa əsərin
populyarlığı?
-
Ümumiyyətlə, teatrın qarşısında dayanan ən
vacib və mürəkkəb məsələlərdən
biri də repertuar işinin məqsədəuyğun şəkildə
qurulmasından ibarətdir. Çünki
teatrın bədii səviyyəsinin əsas göstəricisi
repertuardır. Repertuarı teatrın siması
hesab edirlər. Repertuar qurularkən
truppanın real yaradıcılıq imkanları və
teatrın strateji məqsədləri nəzərə
alınmalıdır. 2011-ci ildə Akademik
Milli Dram Teatrının sistemli repertuar siyasəti
formalaşdı və yaradıcı heyətin potensial
imkanlarını nəzərə almaqla və truppada olan
aktyorların bədii özünüifadəsi
üçün şərait yaradan, müxtəlif sənət
şərtlərini, esetik prinsipləri nəzərdə tutan
repertuar müəyyən edildi. Akademik
Milli Dram Teatrı çox qısa bir müddət ərzində
maraqlı və rəngarəng repertuar qurmağa müəssər
olub. Bu gün teatrın repertuarında həm
klassik və müasir Azərbaycan dramaturgiyasının, həm
də dünya dramaturgiyasının nümunələri əsasında
hazırlanan tamaşalar yer tutur. Milli klassika əsasında
hazırlanan tamaşalara M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”,
İlyas Əfəndiyevin “Hökmdar və qızı”, “Boy
çiçəyi”, çağdaş dramaturgiya əsasında
hazırlanan tamaşalara Elçinin “Teleskop”, A.Məsudun
“Qatarın altına atılan qadın” əsərlərinin səhnə
təcəssümlərini misal göstərə bilərik.
Teatrın repertuarında yer alan “Kabuslar”
(E.de Flippo), “Qanlı Nigar” (S.Şendil), “Xanuma” (A.Saqareli)
“Qadın məhəbbəti” (V.Hüqo “Mariya Tüdor”)
tamaşaları isə dünya dramaturgiyasının parlaq
nümunələri əsasında hazırlanmış
tamaşalardır. Səhnələşdirilməsi
nəzərdə tutulan hər hansı bir əsər
teatrın Bədii Şurasında müzakirədən sonra qəbul
edilir. Dövlət sifarişi əsasında
repertuara daxil edilən əsərlər Mədəniyyət və
Turizm Nazirliyinin müvafiq əmrinə uyğun olaraq həyata
keçirilir.
- Qastrol səfərləriniz
reallaşırmı və yaxın perspektivdə hansı
qastrol səfərləri nəzərdə tutulur?
- 2011-ci
ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələrinin
qurulması istiqamətində də böyük işlər
görülüb. Belə ki, Dövlət
Proqramında nəzərdə tutulan başlıca vəzifələrdən
biri də Azərbaycan teatrının dünya teatr məkanına
inteqrasiyası məsələsidir. İnteqrasiya
problemini həll etmək, milli teatrımızın dünya
miqyasına çıxmasını təmin etmək
üçün, ilk növbədə, teatrlararası beynəlxalq
əlaqələrin qurulması vacib şərtdir. Bunu nəzərə alaraq, Akademik Milli Dram Teatrı
2011-ci ildə qarşılıqlı beynəlxalq əlaqələrin
yaradılmasına xüsusi diqqət ayırıb. Bu
istiqamətdə atılan məqsədyönlü
addımların nəticəsi olaraq, İtaliya, Kanada,
Polşa, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Türkiyə və
bütün türkdilli dövlətlərin teatrları ilə,
həmçinin, Milanın Pikkolo Teatrı, Moskva Bədaye
Teatrı, K.Marcanişvili adına Gürcüstan Akademik Dram
Teatrı, Polşanın Lyüblin Rəqs Teatrı,
A.Mitskeviç adına Tədqiqatlar Mərkəzi, Moldovada fəaliyyət
göstərən E.İonesko adına Mərkəz,
Krım-tatar Akademik Musiqili Dram Teatrı ilə uzunmüddətli
qarşılıqlı əməkdaşlıq əlaqələrimiz
var. Akademik Milli Dram Teatrının kollektivi ötən il ərzində
Gürcüstanda (“M.F.Axundzadə “Lənkəran
xanının vəziri”, H.Mirələmov “Xəcalət”),
Krımın Simferopol şəhərində (H.Mirələmov
“Xəcalət, 30-31 may), ölkəmizin müxtəlif
bölgələrində qastrol səfərlərində olub.
Son bir il ərzində teatr iki beynəlxalq,
bir respublika festivalında iştirak edib və yüksək nəticələr
əldə edib. Akademik Milli Dram Teatrı
dünyanın ən nüfuzlu və tanınmış
teatrlarının - İngiltərə, İspaniya, Fransa,
İsrail, Estoniya, Qazaxıstan, Rusiya və Ukraynanın
müxtəlif teatrlarının qatıldığı “Teatr.
Çexov. Yalta” IV Beynəlxalq Teatr
Festivalında (11-18 sentyabr) iştirak edib və bir sıra hədiyyə
və mükafatlara, o cümlədən, Ukrayna Teatr Xadimləri
İttifaqının Diplomuna, Krım şəhəri
başçısının təşəkkür diplomuna,
“Nika” mükafatına layiq görülüb. Mənə
isə Ukrayna Teatr Xadimləri İttifaqının xüsusi
diplomu təqdim olunub. Nominasiyalar üzrə
mükafatların olmadığı digər iki festivaldan -
“Teatr.UZ” (Özbəkistan, Daşkənd) və “Yeni teatr” (Azərbaycan,
Lənkəran) isə teatr iştirak diplomu və simvolik hədiyyələrlə
qayıdıb. Onu da qeyd edim ki, 2012-ci ildə
də teatrımız bir sıra xarici festivallara dəvət
alıb. Bunlardan konkret olaraq ikisinin - Serbiyada keçiriləcək
Slaviya Festivalının və Moldovada keçiriləcək
Ejen İonesko adına Beynəlxalq
Festivalın (BİTEİ) adlarını çəkə bilərəm.
Akademik Milli Dram Teatrının 2011-ci ildəki fəaliyyətinə
nəzər saldıqda birmənalı şəkildə deyə
bilərik ki, ötən il teatr
üçün olduqca gərgin və məhsuldar keçib.
Belə ki, ötən 2011-ci ilin mart ayının 10-da fəaliyyətə
başlayan teatr, əgər həmin ilin iyul-avqust
aylarını (məzuniyyət dövrü olduğu
üçün) nəzərə almasaq, cəmi 8 ay ərzində
10 yeni tamaşa (onlardan 5-i daxili imkanlar hesabına), 5 bərpa
tamaşası hazırlayb. Bu rəqəmlərin özü
teatrın yaradıcılıq fəaliyyətinin faydalı
iş əmsalı haqqında aydın təsəvvür
yaradır. Əldə edilən nəticələr
teatr kollektivinin son dərəcə gərgin zəhməti,
böyük yaradıcılıq səyləri sayəsində
mümkün olub. Odur ki, yeri gəlmişkən,
kollektivə qəzetiniz vasitəsilə dərin təşəkkürümü
bildirirəm.
-
Perspektivdə hansı planlar var? Yeni tamaşalar
hazırlanırmı?
-
Hazırda teatrda paralel olaraq bir neçə tamaşanın məşqləri
gedir. Teatrda M.Frişin “Don Juan və həndəsə”
(quruluşçu rejissor Levan Tsuladze), F.Dürrenmattın
“Yaşlı xanımın gəlişi” (quruluşçu
rejissor - Rövşən Almuradlı), Elçinin “Şekspir”
(quruluşçu rejissor - Petru Vutkerau), B.Brextin “Kuraj və
uşaqları” (quruluşçu rejissor-Rafiq Əliyev) əsərləri
əsasında yeni tamaşalar hazırlanır. 2012-ci ildə də Akademik Milli Dram Teatrı
maraqlı tamaşalar, uğurlu işlər, beynəlxalq
qastrollarla tamaşaçılarını sevindirəcək.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2012.- 17 yanvar.-
S.6.