Görülən
işlər müsbət nəticələrini verməkdədir
YAP Siyasi Şurasının
üzvü, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət
Qəhrəmanova www.yap.org.az saytına müsahibə verib:
- Sədaqət
xanım, 2011-ci il Komitənin fəaliyyətində
qadınların sosial-iqtisadi və məişət problemlərin
həlli yönündə hansı işlərlə yadda
qaldı?
-
Ümumiyyətlə, 2011-ci il hər bir azərbaycanlının
yaddaşında müstəqilliyimizin 20 ilinin tamam olması ilə
qaldı. Bildiyiniz kimi, Komitə ailə, qadın və
uşaq problemləri olmaqla üç istiqamətdə
dövlət siyasətini həyata keçirir. Ötən il
hər üç istiqamətdə həm 20 ildə
görülən işlər, həm də, gələcəkdə
qarşımızda duran problemlər komitənin şöbələri
və rəhbərlik tərəfindən
araşdırıldı. Hər il olduğu kimi, 28 dekabr
tarixində komitəmizin kollegiyasında ilin yekunları
müzakirə edildi. Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi başa vurduğumuz ildə
bir çox irimiqyaslı layihələr həyata keçirib.
Məlumdur ki, Azərbaycan bir müstəqil dövlət kimi,
qadın və uşaq problemləri ilə bağlı BMT-nin
konvensiyalarına qoşulub. Belə ki, Qadınlara
qarşı Ayrı-seçkiliyin Bütün
Formalarının Aradan Qaldırılması üzrə
Konvensiya və Uşaq Hüquqları konvensiyasının həyata
keçirilməsi xüsusi diqqət mərkəzində
olmuşdur. BMT-nin hər iki konvensiyasının yerinə
yetirilməsinə görə komitə vaxtaşırı
qurum qarşısında hesabat verir. Qadınlara qarşı
ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində
həyata keçirilən tədbirlərlə bağlı
komitə dördüncü dövri hesabatı vermişdir və
hesabatın nəticəsi olaraq BMT-nin müvafiq qurumunun
tövsiyələri komitəyə təqdim olunmuşdur. Bu
tövsiyələrə uyğun olaraq ötən il ərzində
Komitə qadın məssələləri üzrə BMT-nin
Bakıdakı ofisi ilə birgə Tovuz, Lənkəran, Biləsuvar,
Zaqatala, Göyçay, Şabran və İmişli
rayonlarında geniş maarifləndirmə kampaniyası həyata
keçirib. 2011-ci ildən etibarən BMT ilə birgə yeni
bir layihə həyata keçirməyə
başlamışıq. BMT-nin Qadınlara qarşı
Ayrı-seçkiliyin Bütün Formalarının Aradan
Qaldırılması üzrə Konvensiyasına uyğun
olaraq bizə qadınların sosial durumunun
yaxşılaşdırılması, stereotiplərin aradan
qaldırılması, qadınların ictimai fəallığının
yüksəldilməsi məqsədilə kənd və rayon
yerlərində yaşayan qadınların iqtisadi və sosial
həyatda iştirakının təşviqi yönündə
layihə həyata keçiririk. Hazırda pilot layihə kimi
Sabirabad rayonu seçilib.
Bildiyinz
kimi, sonuncu bələdiyyə seçkilərində
qadınların fəallığını artırmaq məqsədilə
aparılan maarifləndirmə işlərinin nəticəsi
olaraq bələdiyyələrin tərkibində
qadınların nisbəti 4 faizdən 26,7 faizə yüksəlib.
Azərbaycanın regionlarında fəaliyyət göstərən
bələdiyyə sədrlərinin 302-sinin qadın
olduğunu nəzərə alsaq, onlara dəstəyin verilməsinin
qarşıdakı illərdə də aktual məsələ
olduğunu deyə bilərik. Kənd qadınlarının
sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində
tədbirlər isə 2011-ci ildən başlanıb. Bildiyimiz
kimi, zorakılığın fiziki, mənəvi və
psixoloji növləri ilə yanaşı, iqtisadi forması da
var. İqtisadi zorakılığın
qarşısının alınması istiqamətində
kiçik sahibkarlığın dəstəklənməsi
mühüm rol oynaya bilər. Azərbaycanda qadın
sahibkarlığı demək olar ki, yalnız orta və
kiçik sahibkarlıq səviyyəsindədir. Hazırda Gəncədə
sahibkar qadınların regional mərkəzi fəaliyyət
göstərir. Belə mərkəzlərin digər regionlarda
da yaradılması üçün artıq işlər
görməyə başlamışıq. 2012-ci ildə
“Qadın sahibkarlığı inkişafı və problemlərinin
həllində Azərbaycan modeli” mövzusunda təcrübənin
öyrənilməsi və mübadiləsi məqsədilə
beynəlxalq konfransın keçirilməsi
planlaşdırılır. Bütün bu tədbirlər Azərbaycanda
sahibkar qadınların təkcə ölkə səviyyəsində
deyil, beynəlxalq səviyyəyə çıxmasına,
beynəlxalq təcrübənin öyrənilməsinə
şərait yaratmaq məqsədi daşıyır.
Dövlət
qadın siyasətinin həyata keçirilməsi istiqamətində
qadınları stimullaşdırmaq, fəallığını
artırmaq məqsədi ilə hər il 8 Mart Beynəlxalq
Qadınlar günü münasibətilə fəal
qadınlar müxtəlif nominasiyalara görə
mükafatlandırılır.
2011-ci
il yaddaşda həm də beynəlxalq kimya ili kimi qaldı. Azərbaycanın
böyük kimyaçı alimi İzzət Orucovanın 100
illiyinin tamam olması münasibətilə UNESCO ilə birgə
kimyaçı qadınlarla bağlı Bakı Dövlət
Universitetində böyük bir konfrans keçirdik.
-
Komitənin uşaqlarla bağlı ötənilki fəaliyyəti
barədə nələri qeyd edə bilərsiniz?
-
2011-ci ildə komitə uşaqlarla da bağlı bir sıra
mühüm tədbirlər həyata keçirib. Bunlardan ən
əlamətdar olanı Uşaqların II Ümumrespublika
Forumunun keçirilməsi idi. Bildiyimiz kimi, ilk forum 2009-cu ildə
keçirilib. Həmin tədbirdə hər iki ildən bir
uşaqların forumunun keçirilməsi qərara
alınıb. Forum uşaqların problemləri və onların
həlli üçün görüləsi işlər barədə
təklifləri, uşaqların özlərindən eşitmək
imkanı yaradır. 2012-ci ildə forumun internet
portalının yaradılması istiqamətində iş
aparılır.
Bu
ilin yanvar ayında BMT-nin Uşaq Hüquqları
Konvensiyasının yerinə yetirilməsi barədə Azərbaycan
hökumətinin dördüncü hesabatı veriləcəkdir.
Komitəmizin sədri Hicran xanım Hüseynovanın rəhbərliyi
ilə dövlət qurumlarının nümayəndələrindən
ibarət komissiya bu hesabatın verilməsini həyata
keçirəcəkdir.
Hər
il olduğu kimi, bu il də qarşıdan gələn 15 May
Beynəlxalq Ailə gününə hazırlıqlar gedir. Hər
il yanvar-may aylarında ailələrlə bağlı
qısametrajlı filmlərin müsabiqəsinin keçirilməsi
artıq ənənəvi hal alıb. Bu istiqamətdə tədbirlər
cari ildə də keçiriləcək.
2011-ci
ildə qazanılan uğurlardan biri də Milli Məclisdə
qəbul olunan qanuna əsasən qızlar üçün
nigaha daxil olma yaşının 17-dən 18 yaş həddinə
qaldırılması oldu. Bununla yanaşı, Cinayət Məcəlləsinə
edilən əlavəyə əsasən, qadını nigaha
daxil olmağa məcbur edənlərə qarşı 2 min
manatdan 3 min manatadək məbləğdə cərimə və
2 ilədək müddətə azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutulur. Eyni əməl nigah
yaşına çatmamamış şəxsə
qarşı törədilərsə, qanunla 3 min manatdan 4 min
manatadək cərimə və 4 ilədək müddətə
azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib.
Bu da bizim üçün çox önəmli idi,
çünki erkən nigahların qarşısının
alınması istiqamətində bir sıra maarifləndirmə
tədbirləri həyata keçirilsə də, bu məsələ
ilə bağlı narahatedici məqamlar hələ də
qalmaqdadır. Azərbaycanın bölgələrində
qızların erkən yaşda evləndirilməsi halları
hələ də mövcuddur və buna qarşı komitə
mübarizə tədbirlərini davam etdirir.
- Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi QHT-lərlə əməkdaşlıq sahəsində
hansı işləri görür?
-
Ötən illər komitənin fəaliyyətində
uşaqlar, qadınlar və ailələrlə işləyən
QHT-lərlə əməkdaşlıq sahəsində
görülən tədbirlərlə də yadda qalıb.
Komitə beynəlxalq təşkilatlar və yerli QHT-lərin
iştirakı ilə birgə layihələrin həyata
keçirilməsi, ailə, qadın və uşaq problemlərinin
aradan qaldırılması ilə bağlı maarifləndirmə
kampaniyalarının gerçəkləşdirilməsi
istiqamətində addımlar atır. Bu gün məhz birgə
fəaliyyətin nəticəsi olaraq 11 rayonda yaradılan
uşaq və ailələrə dəstək mərkəzləri
vasitəsilə ailələrə yardım həyata
keçirilir. Bu, əvvəlcə layihə şəklində
başlayıb və layihə bitdikən sonra artıq bizim
hökumətə müraciətimiz nəticəsində
sözügedən 11 mərkəz büdcədən maliyyələşir.
Regionlarda ailələrə böyük dəstək verilməklə
uşaqların hüquqları qorunur, ailələrdəki gərginlik
aradan qaldırılır, məişət
zorakılığına gətirib çıxaran amillər
aradan qaldırılır. Belə layihələrin 2012-ci ildə
də həyata keçirilməsi nəzərdə tutulub.
-
Nigahın rəsmiləşdirilməsi və nigah müqaviləsinin
imzalanması ilə bağlı maarifləndirmə tədbirləri
hansı səviyyədədir və öz nəticələrini
göstərirmi?
- Ailə
qurularkən rəsmi nigahın bağlanmamasının mənfi
nəticələri, fəsadları barədə əhali
arasında mütəmadi qaydada maarifləndirmə tədbirləri
həyata keçirilir. Ötən ildə də bələdiyyələrin,
icra hakimiyyəti nümayənəliklərinin dəstəyi
ilə regionlarda vətəndaş nigahında yaşayan şəxslərin
rəsmi nigaha dəvət edilməsi kampaniyasını həyata
keçirdik. Bu tədbirlər öz müsbət nəticələrini
verdi və elə ailələr oldu ki, iki, üç, hətta
dörd uşağının olmasına baxmayaraq, rəsmi
nigaha daxil oldular və onların şəhadətnaməsi təntənəli
surətdə təqdim edildi. Ümid edirəm ki, bu tədbir
yalnız kampaniya xarakteri daşımayacaq, yerli icra nümayəndələri,
bələdiyyələr bu işi davam etdirəcəklər.
Nigah
müqaviləsi məsələsi Komitənin 2006-cı ildə
yaradılışından etibrən diqqətdə
saxladığı problemlərdən biridir. Bu məsələ
ilə bağlı ailə məcəlləsinə dəyişikliklər
edilməsi məqsədilə Komitə Milli Məclisə
müraciət etmişdi. Əsas məqsəd ailələrin
qurulması zamanı, yaxud qurulan ailədə qadınla
kişi arasında nigah müqaviləsinin imzalanmasıdır.
Hər həftənin çərşənbə
axşamı Komitədə vətəndaşların qəbulu
həyata keçirilir. Müraciətlərdən də
görürük ki, nigah müqaviləsinin olmaması
boşanma zamanı bir sıra problemlərin ortaya
çıxmasına səbəb olur. Belə
görüşlərdə də müraciət edən vətəndaşlara
nigah müqaviləsinin vacibliyi izah olunur. Komitə bu məsələni
qaldırdığı ilk vaxtlarda bəzi insanlar bunun milli
mentalitetimizə yad olduğunu qeyd etsə də, bir qədər
keçmişə nəzər saldıqda elə bu ənənənin
bir zamanlar xalqımızın mentalitetinin tərkib hissəsi
olduğunu görürük. Qədimdə, hətta yaxın
keçmişdə də qızın cehizinə daxil olan əşyaların
siyahısı tutulardı.
Bu
sahədə aparılan maarifləndirmə tədbirləri də
müsbət nəticələr göstərməkdədir.
Belə ki, son dövrlərdə yeni ailə quranların nigah
müqaviləsi imzalaması faktları ilə bağlı
artım qeydə alınıb.
Bildiyimiz
kimi, 2010-cu ildə məişət zorakılığı
haqqında qanun qəbul olunub. Bununla bağlı 2011-ci ildə
Komitə tərəfindən ATƏT-in Bakı ofisi ilə
birlikdə Azərbaycanın bir sıra bölgələrində
bu istiqamətdə tədbirlər, o cümlədən
treninqlər həyata keçirilib. Həmçinin, məişət
zorakılığına məruz qalan şəxslər
üçün yaradılan reabilitasiya mərkəzlərində
qadınların, uşaqların, hətta yaşlı
kişilərin müdafiəsi həyata keçirilir.
Bütün bu problemlər ailədaxili münasibətlərin
düzgün qurulmamasının nəticəsində baş
verir. Məişət zorakılığı haqqında
qanunun icrası sadalanan problemlərin qarşısının
alınmasına imkan verəcək.
Yeni Azərbaycan.- 2012.- 17 yanvar.- S.5.