Fədakar alim, dəyərli ziyalı, əsl vətəndaş...
Ta qədim
zamanlardan bəri həmişə torpaqlara və ekologiyaya təbii
və antropogen (insan amili) təzyiqlər olmuşdur, vardır
və olacaqdır (biz bunu istəsək də, istəməsək
də). Bu, qaçılmaz bir həqiqətdir. Elə buna
görə də, bizi əhatə edən ekologiyanı
qorumaq, torpaqları bu kimi təsirlərdən mühafizə
etmək hər birimizin borcudur.
Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev bu sahədə
görülən işlərə daim xüsusi diqqət
yetirmiş, aqrar sektorun inkişafını dövlət siyasətinin
tərkib hissəsi kimi qiymətləndirmişdir. Hələ
keçmiş SSRİ dövründə Azərbaycana rəhbərliyi
müddətində Ulu öndər Heydər Əliyev
torpaqların qorunması və onların məhsuldarlığının
artırılması istiqamətində tədbirlərin
reallaşdırılması məsələlərinə həssaslıqla
yanaşmışdır. Sonradan 1993-cü ildə yenidən
hakimiyyətə gələn Heydər Əliyevin qəbul
etdiyi qərarlardan biri də məhz yeni müstəqil Azərbaycan
Respublikasının qarşısında duran məqsədlərə
uyğun torpaq islahatlarının həyata keçirilməsi
olmuşdur. Ulu öndərimizin rəhbərliyi ilə
dünyada analoqu olmayan torpaq islahatları aparılmış və
tarixin heç bir dövründə Azərbaycan kəndlisinə
məxsus olmayan torpaqlar kəndliyə paylanmışdır. Hələ
o vaxtlar çoxları bu islahatları utopiya
adlandırırdı. Amma dünyaşöhrətli dövlət
xadimi Heydər Əliyev bunu həyata keçirmişdir. Ulu
öndərimiz Heydər Əliyev o zaman qeyd etmişdir: “Biz
torpaq islahatının aparılmasında radikal tədbirlərə
əl atmışıq. Deməliyəm ki, nəticə
idealdır. Özü də bu, hələlik
başlanğıcdır”.
Prezident
İlham Əliyev də bütün digər sahələrdə
olduğu kimi, bu istiqamətdə də əsası Ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş
islahatları yeni dövrün şərtlərinə
uyğun olaraq davam etdirir.
Bu
işdə müstəsna xidmətlər göstərmiş,
tükənməz təbii sərvətimiz olan torpaqlarımızın,
ekologiyamızın qorunması uğrunda əsl fədai kimi
çalışan insanlardan biri də akademik, biologiya elmləri
doktoru, professor, AMEA-nın aqrar bölməsinin akademik-katibi,
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
sədri Qərib Şamil oğlu Məmmədovdur.
Qərib
Məmmədov hələ orta məktəbdə oxuduğu illərdə
erməni qaniçənlərinin azərbaycanlıları
öz doğma Azərbaycan-türk torpaqlarından (İrəvan
və onun ətraf torpaqlarından) zorla qovulmasının
şahidi olmuşdur. Qərib Məmmədov üçün
torpağın qədrini bilmək, onu qorumaq məhvumları
elə o dövrdən amala çevrilmişdir, desək,
heç də yanılmarıq. Hələ tələbəikən
erməni daşnakları tərəfindən əzəli Azərbaycan-türk
yer adlarının dəyişdirilməsinə etiraz bildirən
yazıları mətbuatda yer almağa
başlamışdır. Bu yazılara görə Qərib Məmmədova
hədə-qorxu gələnlər də olmuşdur.
Bütün bunlara baxmayaraq o heç vaxt öz mövqeyindən
dönməmişdir.
Elə
SSRİ dövləti dağıldıqdan sonra hakimiyyətə
gələn Azərbaycan Xalq Cəbhəsinin bəzi məmurları
bizim Dağlıq Qarabağ torpaqlarının ermənilərə
guya “əlborcu” verildiyini bəyan etdiyi vaxt da Qərib Məmmədov
öz cəsarətini yenə də nümayiş etdirirdi ki,
torpaq əşya və ya başqa şeyd deyildir ki, onu kiməsə
borc verəsən. Bu, Qərib Məmmədovun əsl
(çox insanlarda olmayan) vətəndaşlıq və
insanlıq mövqeyini göstərirdi.
Yeri
gəlmişkən, qeyd edək ki, Qərib Məmmədov
1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin
coğrafiya-biologiya fakültəsini bitirdikdən sonra Kənd
Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya
sektorunda əmək fəaliyyətinə
başlamışdır. Orduda hərbi xidmətini
tamamladıqdan sonra Azərbaycan Elmlər Akademiyasının
Torpaqşünaslıq və Aqrokimya institutunda əvvəlcə
işə, sonra isə həmin institutun aspiranturasına qəbul
olunmuşdur. O dövrün bütün çətinliklərinə
baxmayaraq, Qərib Məmmədov 1978-ci ildə namizədlik
dissertasiyasını (indiki fəlsəfə doktoru) müdafiə
etmişdir. O, bu institutda Əvvəlcə kiçik elmi
işçi, sonra böyük elmi işçi və daha
sonra laboratoriya müdiri vəzifəsinə qədər
yüksəlmişdir. 1991-ci ildə Qərib Məmmədov
Ukraynanın Dnepropetrovsk Dövlət Universitetində doktorluq
dissertasiyasını müdafiə edərək “ekologiya”
ixtisası üzrə Azərbaycanda ilk elmlər doktoru
olmuşdur. Elə o dövrdən də Qərib Məmmədov
əsl alim kimi torpaqlarımızın və
ekologiyamızın müdafiəçisi kimi
çıxış etməyə başlamışdır.
1994-cü
ildə Qərib Məmmədov Azərbaycan Elmlər
Akademiyasının Torpaqşünaslıq və Aqrokimya
İnstitutunun direktoru vəzifəsinə təyin
edilmişdir. 1997-ci ilin iyun ayının 25-də Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə Qərib Məmmədov
Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci il tarixdən isə
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
sədri vəzifəsinə təyin olunmuşdur. 1996-cı
ildə birinci çağırış Azərbaycan
Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Elə həmin ildə də akademik Həsən Əliyev
adına mükafat, fəxri diplom və medalla təltif
olunmuşdur.
Qərib
Məmmədov həm də bu sahədə çox geniş
elmi fəaliyyəti ilə də daim diqqət mərkəzində
olmuşdur. Onun elmi əsərləri tədqiqatçılar
üçün dəyərli mənbə kimi öz əhəmiyyətini
qoruyur. Tədqiqatçı alim Qərib Məmmədovun “Azərbaycan
torpaqlarının ekoloji qiymətləndirilməsi” (Bakı,
“Elm”, 1998) adlı monoqrafiyası Azərbaycan
torpaqşünaslığında analoqu olmayan bir əsərdir.
Onun bütövlükdə biologiya elminin kompleks problemlərinin
ayrı-ayrı istiqamətlərini əhatə edən “Azərbaycanın
ekonomik problemləri: elmi, hüquqi, mənəvi aspektləri”
(Bakı, “Elm”, 2004) adlı əsəri isə bu məzmunda
yazılmış ilk əsəridir. Qərib Məmmədov
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, 2007-ci ildə isə həqiqi
üzvü seçilir. Akademik Qərib Məmmədovun rəhbərliyi
altında 48 fəlsəfə doktorları və elmlər
doktorları dissertasiya müdafiə etmişlər. Onun müəllifliyi
ilə 23 monoqrafiya və 45 kitab nəşr olunmuşdur.
Çap olunan məqalələrinin sayı 600-dən
artıqdır. Qərib Məmmədovun məhsuldar alim əməyinin
əyani nəticələrindən biri də alimin “Azərbaycan
Respublikasının dövlət kadastrı: hüquqi, elmi və
praktiki məsələləri” (Bakı, “Elm”, 2003) əsəridir.
Bu fundamental əsərdə bir neçə ümumi məsələlərlə
yanaşı, dövlət torpaq kadastrının tərkib
hissələrindən, respublika ərazilərinin torpaq-kadastr
rayonlaşdırılmasından, inzibati rayonların torpaq
kadastrlarından, xarici ölkələrdəki torpaq kadastr
işlərindən ətraflı bəhs olunur.
Sirr
deyil ki, zaman keçdikcə ölkəmizdə biologiya təmayüllü
ixtisaslara tələbat artır. Amma müxtəlif subyektiv
amillərdən elmin bir neçə başqa istiqamətləri
üçün vacib olan ixtisaslar üzrə mütəxəssislər
hazırlanmır. Bu çatışmazlıqların aradan
qaldırılmasında Qərib Məmmədovun əməyi
nəzərəçarpacaq dərəcədə
böyükdür. Belə ki, Qərib Məmmədovun təklifi
ilə 2004-cü ildə Bakı Dövlət Universitetinin
Biologiya fakültəsi nəzdində torpaqşünaslıq
ixtisası üzrə kafedra təşkil edilmişdir. Bundan
başqa, keçən il həmin universitetdə Ekologiya və
torpaqşünaslıq fakültəsi
açılmışdır. Burada da Qərib Məmmədovun
əməyi danılmazdır.
Akademik
tərəfindən 25 metodiki tövsiyə və kitabça
nəşr etdirilmişdir. Daha sonra, 36 patent və müəlliflik
şəhadətnaməsinin, 5 səmərələşdirici
təklifin, respublika torpaqlarının və torpaqların
ekoloji qiymətləndirilməsi xəritələrinin müəllifidir.
Bir
sıra xarici dövlətlərdə, o cümlədən,
ABŞ, Fransa, İsveç, İtaliya, İspaniya, Türkiyə,
MDB və Baltikyanı dövlətlərdə keçirilən
simpoziumlarda Azərbaycanı layiqincə təmsil edən
akademik Qərib Məmmədov respublika elmini yüksək səviyyədə
təmsil edərək torpaqşünaslıq və ekologiya
elmlərinin müxtəlif problemləri haqqında çox
maraqlı məruzələrlə çıxış
etmiş, elmi yığıncaqların rəhbər
orqanlarına üzv seçilmiş, fərman və
mükafatlara layiq görülmüşdür. Heç təsadüfi
deyil ki, O, professor Qərib Məmmədov bir neçə
akademiyanın üzvü, Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin
sədri, Beynəlxalq və Rusiya Torpaqşünaslar Cəmiyyətinin
üzvü seçilmişdir.
2011-ci
ildə Azərbaycan Respublikasının möhtərəm
Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə
Azərbaycan Milli Elmlər Akademiyasında Aqrar bölmə
yaradılmış və həmin bölmənin
akademik-katibi, anadan olmasının 65 illiyini qeyd etdiyimiz,
akademik Qərib Məmmədovun seçilməsi heç
şübhəsiz ki, Qərib Şamil oğlu Məmmədova
göstərilən böyük inamın nəticəsidir.
Akademik,
biologiya elmləri doktoru, professor, AMEA-nın aqrar bölməsinin
akademik-katibi, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Şamil oğlu Məmmədovun
ad gününü təbrik edirik, ona möhkəm can
sağlığı, şəxsi həyatında və elmdə
böyük uğurlar diləyirik!
Mahmud Abdullayev,
AMEA-nın Radiasiya Problemləri
İnstitutunun Radioekologiya
laboratoriyasının
rəhbəri, AMEA-nın müxbir
üzvü, kənd təsərrüfatı
elmləri doktoru
Yeni Azərbaycan.- 2012.- 18 yanvar.- S.4.