Azərbaycan
xalqının yaddaşına əbədi həkk olunmuş
20 Yanvar faciəsi əsla unudulmayacaqdır
Şeyxülislam
Allahşükür Paşazadə: Şəhidlik -
böyük məktəbdir. Yüz illər keçsə də,
şəhidlər hörmətlə anılacaq. Çünki
şəhidlik imanın ən yüksək zirvəsi, insan əxlaqının
ən gözəl nümunəsidir. Şəhidlər
bütün bəşəriyyət üçün fədakarlıq
örnəyidirlər
Qafqaz
Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə
www.yap.org.az saytına müsahibə verib:
- Şeyx həzrətləri, yanvar ayının 20-də
1990-cı ildə baş vermiş qanlı hadisələrin
ildönümüdür. İstərdik, tarixə yenidən
ekskurs edərək bu olaylara nəzər salasınız və
20 Yanvarı doğuran, baş verməsini şərtləndirən
səbəblərdən danışasınız...
-
Bismillahir-rəhmanir-rəhim!
1990-cı ilin qanlı hadisələrindən nə qədər
zaman keçsə də Azərbaycan xalqının
yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsi
əsla unudulmayacaqdır. Haqqı tələb
etdiklərinə görə minlərlə insanın gülləbaran
edilməsini yaddan çıxarmaq mümkün deyildir. Şəhid olanların, yaralananların, itkin
düşənlərin ağrı-acısı hələ də
qəlblərdədir. Allah şəhidlərimizə rəhmət
eləsin, ruhları şad olsun!
1990-cı ilin 20 yanvarında baş verən hadisələrin
təfsilatını çoxlarınız
xatırlayırsınız, lakin baş vermiş faciəni
törədən səbəbləri, qanlı
qırğına aparan yolları, bu siyasi təcavüz
aktının əsl ssenarilərini əksəriyyət
lazımınca bilmir. Əslində, bu, “böyük Ermənistan”
xülyası ilə yaşayan aqambekyanların,
şahnazarovların, balayanların əlində oyuncağa
çevrilmiş Qorbaçov kimi ləyaqətsiz dövlət
rəhbərinin xalqımıza qarşı öncədən
hazırlanmış planı idi. Onlar hələ
1987-ci ildə xalqımızın böyük oğlu Heydər
Əliyevi Siyasi Büro üzvlüyündən kənarlaşdırarkən
Azərbaycanı başsız qoymaq, yenilməz nüfuza malik
rəhbərdən məhrum etmək niyyətindəydilər.
Dağlıq Qarabağ və ətrafındakı hadisələr
cərəyan edərkən ölkəmizin və əhalimizin
başına gətirilən müsibətlərin əsas mənbəyi
yerli hakimiyyətin səriştəsizliyi, sapı
özümüzdən olan baltaların Sovetlərin havası
ilə oynaması, xalqın tələb və ehtiyaclarına
biganəlikdi.
Əsgəran qarşıdurmasını, Topxana meşələrinin
qırılmasını, azərbaycanlıların
qaçqınlar ordusuna çevrilməsini laqeydliklə seyr
edənlər Heydər Əliyevi siyasi arenaya dəvət etmək,
onun dövlət idarəçiliyi təcrübəsindən,
müdrikliyindən, iş bacarığından istifadə etmək
əvəzinə intriqalar qurur, müxtəlif qruplaşmalar
yaradır, əks-təbliğat kampaniyaları
aparırdılar. Beləliklə, ölkədəki
hakimiyyətin siyasi simasızlığına arxalanan Sovet
rejimi Azərbaycanın sahibsiz və arxasız
qaldığına dair tam əminlik əldə etdi və
növbəti təxribat onun planlarının davamı oldu.
Hadisələrin
sonrakı gedişatını əksəriyyətimiz
yaxşı xatırlayırıq: 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə sovet
qoşunları fövqəladə vəziyyət elan etmədən
Bakıya daxil olaraq öz vətəndaşlarına - qocalara,
qadınlara, uşaqlara, bir sözlə dinc əhaliyə qanlı
divan tutdular. Bu təcavüzkarlıq aksiyası
Azərbaycan xalqının demokratiya və milli azadlıq
uğrunda mübarizəsini boğmaq, xalqı təhqir etmək
və ona mənəvi zərbə vurmaq məqsədi
daşıyırdı.
Vəziyyətin ən acınacaqlı məqamı
ölkənin çətin günündə o zamankı respublika
rəhbərliyinin bacarıqsızlığı sayəsində
dövlətin bütün siyasi və inzibati
orqanlarının iflic vəziyyətinə düşməsi
ilə bağlıydı. Ölkədə tam
bir hakimiyyət boşluğu yaranmış, xalq və
dövlət arasında dəhşətli bir uçurum əmələ
gəlmişdi. Dövlətə və
Allahsız kommunist ideologiyasına inamını itirən Azərbaycan
xalqı bu məqamda kimə müraciət edəcəyini
bilmirdi. Digər tərəfdən, mərkəz
vəziyyətdən istifadə edərək baş verənləri
milli və dini münaqişə kimi qələmə verməyə
çalışır, xalqımızın istibdada
qarşı mübarizəsini dünya ictimaiyyətinə
İslam fundamentalizmi, ekstremizm kimi təqdim edirdi. Azərbaycanın taleyi, hətta xəritədəki
varlığı şübhə altındaydı - məqsəd
dövlətimizi parçalamaq, separatçılığa
sürükləmək, milli məhvə məhkum etməkdi.
Bütün faciəsi ilə yanaşı, 20 yanvar
günü xalqımızın milli suverenlik, azadlıq
uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz
iradəsinin rəmzinə çevrilmişdir. Təpədən
dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə
məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini
itirmədi, haqq səsini daha da yüksəkdən bəyan
etdi.
Bu səsi
ilk dəfə Moskvadan xalqımızın mərd oğlu,
müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı,
qanlı cinayətin təşkilatçılarını qəzəblə
ittiham etdi, onu hüquqa, demokratiyaya, humanizmə zidd hadisə
kimi xarakterizə etdi. Siyasi liderimizin kəskin
müraciəti xalqı ruhlandırdı və birləşdirdi.
Bir milyondan artıq insan təqiblərdən, hətta
ölümdən qorxmayaraq şəhərin baş
meydanına axışdı, azadlıq uğrunda qurban
getmiş şəhidlərin ruhuna and içərək
onları torpağa tapşırdı.
Azadlığın, müstəqilliyin yolu
ağırdır, daşlı-kəsəklidir. Bu yolda qurbanlarımız az olmamışdır. Bu gün
hər bir azərbaycanlının boynunda şəhid haqqı
var. Biz şəhid ailələrini unutmuruq və heç
zaman unutmayacağıq. Bu mənəvi
borc şəhidlərimizin unudulmaz xatirəsi
qarşısında illərdən bəri ürəklərimizdə
gəzdirdiyimiz vətəndaşlıq qürurunun və qan
yaddaşımızın əyani təzahürüdür.
Bu, Azərbaycanın müstəqilliyi, dövlətçiliyimizin
bərpası, torpaqlarımızın qaytarılması və
imansız bir imperiyanın dağılması uğrunda
mübarizənin ilk qurbanlarına - 20 Yanvar və Qarabağ
müharibəsi şəhidlərinə, Allah-taala nəzərində
ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə
ucalanlara sonsuz ehtiramımızdır.
- O
dövrdə Siz çox böyük əhəmiyyət
daşıyan, çox cəsarətli və
xalqımızın milli maraqlarını ifadə edən bəyanat
verdiniz. Bu bəyanatın mahiyyəti və o
dövr üçün əhəmiyyəti nədə idi?
- Həqiqət
bundan ibarətdir ki, həmin günlərdə ölkədə
çalışan, fəaliyyət göstərən, təcavüzkarlara
sinə gərən, minlərlə faciə
qurbanlarının, milyonlarla vətəndaşın yeganə
ümid yeri - Qafqaz Müsəlmanları İdarəsi oldu. Qafqaz Müsəlmanları İdarəsi hadisələrin
ilk dəqiqəsindən qərargaha çevrildi; yanvarın
22-də şəhidlərin misli görünməmiş dəfn
mərasiminin təşkilati rəhbərliyi, yaralılara dərman
və maddi yardım göstərilməsi, şəhid ailələrinə
ərzaq paylanması, 40 gün ərzində təmənnasız
dini xidmətin təşkili - bunlar bizim fəaliyyətimizin
yalnız görünən tərəfiydi. Əslində
o məqamda İdarə bütün şərəf və ləyaqəti
ilə imperiya siyasətinin riyakarlığına meydan oxudu,
informasiya blokadasını yararaq baş verənləri
dünyaya bəyan etdi və yalançı “qəhrəmanlardan”
fərqli olaraq xalqa həqiqi mənəvi dəstək oldu. Əgər o zaman keçmiş SSRİ rəhbərliyinin
siyasi avantüralarına aldanıb hakimiyyət təklifləri
qəbul edilsəydi, sonra xalqımızın, dövlətimizin
başına nə müsibətlər gələcəyini təsəvvür
etmək belə çətindir. Və nəhayət,
əgər o faciəli dünənimizdə Heydər Əliyevin
bizə və xalqımıza mənəvi dəstəyi
olmasaydı, bugünkü sabitliyi, əmin-amanlığı,
xalq və dövlət birliyini görmək bizə nəsib
olmaya bilərdi.
Bütün bunlar gəlişi gözəl sözlər
deyil, 20 illik tariximizin müqayisəli təhlilindən yaranan
mülahizələrdir. O qanlı dönəmdə belə məsuliyyətin
altına girməyin nə dərəcədə ağır və
təhlükəli olduğunu çoxlarınız
xatırlayırsınız. Fövqəladə
vəziyyətin elan edilməsinə baxmayaraq yanvarın 21-də
Təzəpir məscidinin həyətində minlərlə
insanın iştirak etdiyi mitinq keçirildi. Şəhidlər üçün dəfn yerinin təyin
olunması məsələsində hərbi komendaturanın
ciddi narazılığına baxmayaraq Dağüstü
parkın seçilməsində israr olundu. Yanvarın 22-də tarixdə görünməmiş
milyonluq izdihama başçılıq edərək dəfn mərasiminin
önündə durduq və ilk dəfə olaraq Allahsız
Sovet rejimini “mənfur imperiya” ifadəsi ilə lənətlədik.
Dəfn prosesində bir nəfər belə hərbçinin
iştirakına və müdaxiləsinə imkan verilmədi.
Ölkədə bütün informasiya agentliklərinin nəzarətdə
olduğu bir vaxtda biz “Vətən” cəmiyyətinin teleksi ilə
gizli şəkildə BMT-nin Baş katibliyinə,
dünyanın dövlət başçılarına və
dini rəhbərlərə, SSRİ Ali Sovetinin sədri
sayılan Mixail Qorbaçova bəyanatımızı
ünvanlaya bildik.
1990-cı
ilin 21 yanvarında bu cəllada etiraz müraciətimdə mən
xalqımın səsini çatdırdım: “Siz bilin ki, bu
faciə ilə bağlı əsl həqiqəti dünya
ictimaiyyətinə çatdırmaq üçün əlimizdən
gələni edəcəyik. Çünki o dövlət ki
imperiya hökmranlığı niyyəti ilə millətlərarası
çaxnaşmaları aradan qaldırmaq əvəzinə onu
daha da qızışdırır, o dövlət ki öz
ordusunu öz vətəndaşlarının qatilinə
çevirir, o dövlət ki öz adamlarına layiqli güzərandan
daha çox ölmək hüququ verir, belə dövlət
ancaq nifrətə layiqdir... Özlərini əsl
işğalçı kimi aparan cəza qoşunlarını
Bakıya yeritməklə siz Sovet hökumətini rüsvay
etdiniz və bununla təsdiq etdiniz ki, müstəqillik və
xalqların ləyaqəti kimi anlayışlar bu hökumətə
tamamilə yaddır. Siz bununla
özünüzü bir siyasi xadim və bacarıqsız
dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanə
də puç oldu, çünki bir əli ilə xarici məmləkətlərdə
sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına
qarşı cəza tədbirləri imzalayan adamı “Sülh
uğrunda mübariz” adlandırmaq ən azı ləyaqətsizlikdir.
Bütün Azərbaycan xalqının iradəsini
ifadə edərək mən Bakıdan qoşun hissələrinin
dərhal çıxarılmasını qətiyyətlə
tələb edirəm. Heç bir xalqla, həmçinin,
azərbaycanlılarla silah gücüylə danışmaq
olmaz. Bu, 10 gün, yaxud Əfqanıstandakı kimi 10 il davam edə bilər. Amma gec-tez
ədalət və haqq işi qələbə
çalmalıdır”.
Həmin günlərdə İtaliyanın “Reppublika” qəzetinin
müxbiri Entso Mauro ilə görüşüb Bakıda
törədilən cinayətlər haqqında həqiqətləri
o zamankı Roma Papası II İoann Pavelə
çatdırdıq. Daha sonra, ilk günlərdə bir sıra rəsmi şəxslərin
etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün
qurbanlarının müqəddəs şəhid kimi
tanınmasına və “şəhid” ifadəsinin qəbul
edilməsinə nail olduq.
Bu gün
o dövr hadisələrinin tarixi
ardıcıllığını izləyən hər kəs
Qafqaz Müsəlmanları İdarəsinin təmənnasız
və fədakar fəaliyyətinin şahidi ola
bilər. Qorbaçova ünvanladığım
bəyanata gəlincə, bu mənim din xadimi olaraq Allah və
Vətənim qarşısında mənəvi borcumdan irəli
gəldi. Heç bir təhlükəyə
baxmayaraq ədalət naminə xalqımızın haqq səsi
qaldırıldı, mənfur qatil öz adı ilə
çağırıldı, dünyanın iki böyük
dövlətindən birinin üzdəniraq rəhbəri “əli
xalqımızın qanına batmış cəllad” kimi
damğalandı. O an bunun nə demək
olduğunu təsəvvür etmək çətin deyil. Həmin
anlarda xalqıma dəstək ola, onun
yaralı qəlbinə məlhəm ola bildimsə, mənimçün
bundan böyük dəyər ola bilməz. Düşünürəm
ki, bu bəyanata tarixi qiyməti elə tarix özü və
insanlarımız verə bilər.
- O
dövrdə qanlı hadisələr davam edərkən, Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev Azərbaycanın
Moskvadakı Daimi Nümayəndəliyinə gələrək,
bu hadisələri qınadı və kəskin etiraz bildirdi. Ulu öndərin bu münasibəti Azərbaycanın
ictimai-siyasi həyatında və olayların gələcək
inkişafında hansı təsiri göstərdi?
- Bəli,
o ağır günlərdə, apardığımız
mücadilədə bizim mənəvi dəstəyə, yol
göstərən rəhbərə, zülməti
işıqlandıran bir insana böyük ehtiyacımız
vardı. Həmin günlərdə Qafqaz
Müsəlmanları İdarəsinin ünvanına daxil olan
ilk başsağlığı teleqramı Moskvadan, Ulu öndərimiz
mərhum Heydər Əliyevdən gəldi. Qəlbi daim xalqın taleyi ilə döyünən
bu böyük insan baş verənləri Azərbaycan
xalqına qarşı törədilmiş cəza tədbirləri
kimi dəyərləndirirdi. Moskvadakı
Daimi Nümayəndəliyimizdə həmvətənlərimiz
qarşısında çıxışıyla Sovet imperiya
siyasətini kəskin tənqid edən, kommunist ideallarından
və partiya biletindən imtina edən Heydər Əliyev
xalqın həqiqi mənəvi atasının, əsl dövlət
xadiminin və mübariz başçının dəyişməz
ləyaqətini nümayiş etdirdi. Elə
buna görə də, sonralar məhz Onun hakimiyyətə
yenidən qayıdışı dönəmində 20 Yanvar
hadisələri siyasi qiymət alaraq SSRİ dövlətinin
Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz
aktı kimi qiymətləndirildi. Onadək
ölkəyə rəhbərlik edənlərin buna siyasi
savadı və iradəsi yetərli olmadı.
Bu bir həqiqətdir ki, 20 Yanvar Azərbaycanı
gözləyən bəlaların ilkin mərhələsi idi. O zaman xalqın haqq səsini,
harayını dünyaya yaya bilməsəydik - Moskvadan Heydər
Əliyev, Bakıdan isə biz təcavüzü ifşa edən
bəyanatlarla çıxış etməsəydik, xalq birləşərək
Vətənə sədaqətini nümayiş etdirə bilməsəydi
gələcəkdə Azərbaycan bəlalardan qurtula bilməyəcəkdi.
Məhz bu birliyimiz sayəsində Azərbaycanın
parçalanması ilə bağlı xain planların
reallaşmasına imkan vermədik.
- 20 Yanvar
hadisələrindən 22 il ötməsinə
baxmayaraq, hələ də günahkarlar layiqli cəzalarını
almayıblar. Sizcə, bu istiqamətdə
hansı tədbirlər görülməlidir?
- Qafqaz
Müsəlmanları İdarəsi qanlı hadisələrin
ilk günündən çalışdı ki, Qarabağ
münaqişəsinin davamı olan 20 Yanvar faciəsini
dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara
çatdırsın, haqq işimizə dəstək
qazansın, törədilən cinayət bəşəriyyətə
qarşı yönəldilən amansız cəza tədbiri
kimi qiymətləndirilsin.
Ulu
öndərimiz Heydər Əliyevin sayəsində Azərbaycan
dövləti tərəfindən hüquqi-siyasi qiymətini
almış 20 Yanvar faciəsinə, təəssüf ki, bu
günə qədər beynəlxalq müstəvidə
hüquqi qiymət verilməyib, cinayətkarlar məsuliyyətə
cəlb olunmayıb və Azərbaycan xalqının cəlladları
layiqli cəzalarını almayıblar. Azərbaycan
xalqının tam mənəvi haqqı vardır ki, öz
qatillərini - Mixail Qorbaçovu və onun əlaltılarını,
o cümlədən, sapı özümüzdən olan
baltaları məhkəməyə cəlb etsin. Əyani, ya qiyabi - fərq etməz, elə
açıq məhkəmə qurulmalıdır ki, orada dəlil
və sübutlar, sənədlər və canlı şahidlərin
ifadələri, beynəlxalq qanunlar zəminində və
ekspertlərin rəyi əsasında canilərin qəddarlığı,
riyakarlığı, vəhşiliyi, əsl niyyətləri
dünya ictimaiyyətinə tam şəkildə
açılsın. Önəmli məqamlardan biri də
o olmalıdır ki, bu cinayətə, çirkin əmələ
bəraət qazandırmaq üçün guya Azərbaycanda
“İslam fundamentalizmi” bəhanəsi kimi əsassız
ittihamların yürüdülməsi faktı ifşa olunsun.
Şəhidlərimizə
münasibətdə haqq-ədalətin tam yerini tutması
üçün biz geniş və hərtərəfli
araşdırmalar aparacaq yeni istintaq komissiyasının
yaradılmasını, bu hadisələri törədənlərin,
başda Qorbaçov olmaqla ona rəvac verənlərin cinayət
məsuliyyətinə cəlb olunmasını, beynəlxalq
Haaqa məhkəməsinə çıxarılmasını
vacib hesab edirik. Çox istərdik ki, tarixin
acı dərslərinin təkrar olunmaması
üçün hadisələrin siyasi xarakterini
açıqlayan sənədli xronikalar, filmlər, əsərlər
yaransın və əsl həqiqətlərlə illərdən
bəri xalqı narahat edən şübhələrə son
qoyulsun. Biz bu təşəbbüslə iki il əvvəl - faciənin 20 illiyi zamanı
çıxış etmişik və Milli Məclisə
müraciətimizi ünvanlamışıq.
Şəhidlik - böyük məktəbdir. Yüz illər
keçsə də, şəhidlər hörmətlə
anılacaq. Çünki şəhidlik
imanın ən yüksək zirvəsi, insan əxlaqının
ən gözəl nümunəsidir. Şəhidlər
bütün bəşəriyyət üçün fədakarlıq
örnəyidirlər. Elə buna görə də, biz
Qanlı Yanvar hadisələrinin ildönümü mərasimlərinin
Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət
günü kimi qeyd olunmasının tərəfdarıyıq
və hər il din xadimlərimizə, qazilərimizə, səlahiyyətli
nümayəndələrimizə və ruhanilərimizə tədbirlərin
bu səpkidə keçirilməsini tövsiyə edirik.
Mən 20
Yanvar hadisələrinin növbəti ildönümü ilə
bağlı bir daha ruhanilərimiz və dindarlarımız
adından 20 Yanvar şəhidlərinin, eləcə də, Vətənimizin
bütövlüyü və milli müstəqilliyimiz
uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin
ailələrinə, yaxınlarına, bütün Azərbaycan
xalqına Qadir Allahdan rəhmət, səbr və dəyanət
diləyirəm. Və bu gün də 20 il
əvvəlki müraciətimdə dediyim kimi, bir daha əmin
olduğumu bildirmək istəyirəm ki, “şəhidlərin
müqəddəs qanlarının axıdılmasına bais
olanlar həm bu dünyada tarix qarşısında, həm də
qiyamət günü Allah-taala qarşısında layiqli cəzadan
yaxa qurtara bilməyəcəklər!” Bu - bizim duamız və
hər birimizin ədalətə ümididir! Allah şəhidlərimizə
rəhmət eləsin və hər zaman xalqımızın
köməyi olsun!
-
Xalqımızın başına gətirilən bu kimi dəhşətli
faciələrə baxmayaraq, Azərbaycan xalqı öz
müstəqil dövlətini qura bildi. Bu
gün Azərbaycan dövləti özünü
güclü, inkişaf edən dövlət kimi təsdiq edə
bilib. Bu məsələdə ölkəmizdə
mövcud olan tolerantlığın əhəmiyyətini necə
qiymətləndirirsiniz?
- Mən
hər zaman deyirəm ki, 20 Yanvar bizi müstəqilliyə,
iqtisadi tərəqqiyə, milli və dini dəyərlərin
bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi
qələbəsi idi. Heç bir mübarizə
qansız olmadığı kimi bizim də mücadiləmiz, təəssüf
ki, qurbansız olmadı. Amma biz
dözüm və fədakarlığımızla
düşmənlərə meydan oxuduq, Allahın köməyi
ilə dövlətçiıliyimizi və milli
varlığımızı qoruyub saxladıq, yeni, daha gözəl
bir Azərbaycan yaratdıq. Şükürlər
olsun ki, İlahinin bizə böyük lütfü sayəsində
ölkəmizin siyasi rəhbərliyinə Heydər Əliyev
kimi müdrik rəhbər və İlham Əliyev kimi
nüfuzlu lider gəldi. Ölkənin ən
çətin məqamlarında, iqtisadi böhranlar və
ictimai gərginliklər dönəmində belə möhtərəm
Prezidentimiz milli dəyərlərimizə,
dindarlarımızın arzu və ehtiyaclarına həssaslıqla
yanaşdı. Biz dindarlar Azərbaycan
xalqının gələcəyi naminə aparılan daxili və
xarici siyasəti hər zaman bəyənir və ürəkdən
dəstəkləyirik. Ürəkdən inanırıq
ki, Allahın köməyi və Ali Baş
Komandanımızın rəhbərliyi ilə Qarabağ
torpaqlarımızın qaytarılması uğrunda haqq
mücadiləmizi qalib kimi başa vuracaq, dövlətimizin
qüdrətini dünyaya bəyan edəcəyik, inşallah! Həqiqətən, şəhidlərin ruhuna ən
böyük töhfə Vətənimizin qüdrəti,
xalqımızın firavanlığı, səadətidir.
Təbii ki, Azərbaycan dövlətinin
uğurlarını təmin edən dəyərlər
sırasında tolerantlıq amilinin rolu böyükdür. Bu, əsrlərlə
formalaşmış dəyər Ulu öndər Heydər Əliyevin
azərbaycançılıq məfkurəsi sayəsində
dövlət siyasətinin tərkib hissəsinə
çevrilmişdir. Bu isə
xalqımızın mənəvi üstünlüyünü
şərtləndirir. Dünya
çapında iştirak etdiyimiz mötəbər beynəlxalq
forumlarda Azərbaycandakı mövcud tolerantlıq mühitindən,
müxtəlif dinlərin və millətlərin nümayəndələri
arasında dostluq və qardaşlıqdan fəxrlə
danışırıq. Dünya bizim
tolerantlığımızı, sülhpərvər ruhumuzu qəbul
edir. Bəşər ailəsində Azərbaycanın
möhtərəm, ləyaqətli məqamını təmin
edən tolerantlıq dəyəri ilə öyünməyə
haqqımız çatır. Azərbaycanda
müxtəlif din və millət mənsublarının dinc
birgə yaşamı vətəndaş həmrəyliyimizi,
milli maraq və dövləti mənafelərimizi birgə
qorumağımızı təmin edir. Bu
isə Vətənimizin ümumi rifah və səadətinə
xidmət edir.
Təsadüfi deyildir ki, dini liderlərin ümumdünya
sammitinin 2010-cu ildə Bakıda keçirilməsini şərtləndirən
cəhətlərdən biri də məhz ölkəmizin
tolerantlıq məkanı kimi tanınması, bu sahədə
təcrübəmizin təqdir olunması idi. Bu tarixi təcrübənin
bu gün dövlət başçımızın real
addımları ilə daha da dərinləşdirilməsi
olduqca önəmlidir. Ulu öndərimiz
Heydər Əliyevin adını daşıyan və irsini
yaşadan Fondun mədəniyyətlərarası dialoqa dair həyata
keçirdiyi dəyərli tədbirlər, Fondun rəhbəri
hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə tolerantlığa dair gerçəkləşdirilən
layihələr ölkəmizin beynəlxalq müstəvidə
yüksək səviyyədə tanıdılması işinə
xidmət edir. Qafqaz Müsəlmanları
İdarəsi də, öz növbəsində, bu yöndə
səylərini əsirgəmir.
Birmənalı şəkildə deyə bilərəm
ki, tolerantlıq dəyəri həm daxili, həm də beynəlxalq
müstəvidə bir çox uğurlarımızın rəhni,
gələcək qələbələrimizin təməllərindəndir.
- Bu
gün Azərbaycan dünyada multikulturalizmin bərqərar
olduğu ölkələrdən biridir. Bu cəhətdən,
Azərbaycanın digər region ölkələrindən fərqi
nədədir?
- Azərbaycanda
mövcud olan mənəvi mühit həqiqətən unikal və
dəyərlidir. Bu gün dünyanın ən
inkişaf etmiş, adətən hamıya humanizm və sivil
münasibətlərə dair tövsiyələr verən
ölkələrində belə müxtəlif mədəniyyətlərin
birgə yaşayışına dair fikir ixtilafı
yaşandığı məlumdur. Azərbaycan isə
müstəqilliyini bərpa etdiyi 20 il ərzində
çoxəsrlik tarixi olan mənəvi ənənələrinə,
İslami dini dəyərlərinə və müdrik, tolerant
dövlət siyasətinə söykənərək
bütün dünyaya multikulturalizmin əsl nümunəsini
nümayiş etdirir. Bu olduqca vacib məqamdır.
Bu yaxınlarda möhtərəm dövlət
başçımız Prezident İlham Əliyev həzrətləri
möhtəşəm şəkildə bərpa və yenidənqurmadan
sonra açılan Əjdərbəy məscidində etdiyi
çıxışda bir məsələni haqlı olaraq
xüsusi vurğuladı. O dedi: “Azərbaycan burada
yaşayan bütün xalqların doğma vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli
vətəndaşımızdır. Biz
bütün dinlərin nümayəndələrinə
böyük hörmətlə və rəğbətlə
yanaşırıq. Bu gün Azərbaycanda
xristian kilsələri, katolik kilsəsi, yəhudi
sinaqoqları məscidlərlə yanbayan dayanır. Bunlar Azərbaycanın reallıqlarıdır və
dünya xəzinəsinə verdiyimiz töhfələrdir.
Mən hesab edirəm ki, bizim təcrübəmiz
hələ ki, lazımi səviyyədə öyrənilməyib.
Əgər öyrəniləcəksə, mən
tam əminəm ki, bizdə mövcud olan vəziyyət
nümunə kimi istifadə oluna bilər”.
Mən dövlət başçımızın dəfələrlə
səsləndirdiyi daha bir fikirlə tam razıyam ki,
multikulturalizmdən imtina özünütəcriddir. Biz, Azərbaycan
dövləti, Azərbaycan xalqı hər zaman bunun əleyhinə
olmuşuq. Və bu cür monoetnik siyasət
yeridən region dövlətlərinə qarşı öz təcrübəmizi
əks-müqabil olaraq qoyuruq. Bugünkü
reallıqlar bizim tərəqqimizin timsalında kimin daha
düzgun yolda olduğunu, daha doğru seçim etdiyini
göstərir. Bu həm də Allahın bəyəndiyi
yoldur.
Vəs-səlamu
əleykum və rəhmətullahi və bərəkatuhu!
Yeni Azərbaycan.-2012.-
19 yanvar.- S.3.