20
Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq
salnaməsidir
1990-cı ilin 20 Yanvar faciəsindən-müasir
Azərbaycan tarixinin həm kədərli, həm də qəhrəmanlıq
səhifəsinin yazıldığı gündən 22 il
ötür. Məlum olduğu kimi, həmin il yanvarın 19-dan
20-nə keçən gecə xalqın azadlıq və
istiqlal mübarizəsini “beşikdə” boğmaq məqsədilə
Sovet imperiyası fövqəladə vəziyyət elan edilmədən,
Bakı şəhərinə böyük hərbi qüvvə
yeritdi, günahsız insanlar qanına qəltan edildi, misli
görünməmiş vəhşiliklər törədildi.
Rəsmi məlumata görə, həmin gün təkcə
Bakı şəhərində 130-dan çox insan xüsusi
amansızlıqla qətlə yetirildi, 744 nəfər
yaralandı, 841 nəfər isə həbs olundu. Həlak
olanlar arasında qadınlar, uşaqlar, qocalar da vardı. Əsasını
ermənilər təşkil edən vəhşiləşmiş
hərbçilər tərəfindən 200 ev və mənzil
talan edilərək yandırıldı, 80 avtomaşın, o
cümlədən, təcili yardım maşını,
külli miqdarda şəxsi və dövlət əmlakı məhv
edildi. Üstündən 22 il ötməsinə baxmayaraq 20
Yanvar faciəsi bu gün də öz
aktuallığını saxlayır. Bu faciə bir xalqın
azadlıq mübarizəsinin təməli oldu. Təəssüf
ki, həmin dövrdə xalqın bu azadlıq istəyindən
öz maraqları üçün sui-istifadə etməyə
çalışanlar da tapıldı. Məhz, bütün
bunları müzakirə etmək üçün “Yeni Azərbaycan”
qəzeti dəyirmi masa keçirib. Dəyirmi masanın
qonaqları millət vəkili, Yeni Azərbaycan
Partiyasının (YAP) İcra katibinin müavini, politoloq
Mübariz Qurbanlı, millət vəkili, Ana Vətən
Partiyasının (AVP) sədri Fəzail Ağamalı və
politoloq Cümşüd Nuriyevdir.
-
Bildiyiniz kimi, 20 Yanvar faciəsinin 22-ci
ildönümüdür. Ümumiyyətlə,
20 Yanvar faciəsinin əsası haradan qoyuldu və həmin
dövrün siyasi situasiyasını nəzərə alaraq
baş verənlərdən yayınmaq, qanlı
qarşıdurmadan çəkinmək mümkün idimi?
Mübariz
Qurbanlı: 20 Yanvar faciəsi Azərbaycanın ən yeni tarixində
şanlı yerə malik qəhrəmanlıq səhifəsidir.
Azərbaycan xalqı məhz bu gün öz
suverenliyi, bütövlüyü uğrunda ayağa qalxıb.
Bu faciənin baş verməsinin bir sıra səbəbləri
və məqsədləri vardı. Təbii ki, 20 Yanvar
günü Bakı şəhərinə qoşun yeridilməsində
ən əsas məqsədlərdən biri Azərbaycan
xalqını istiqlalı, müstəqilliyi uğurunda
apardığı mübarizəni dayandırmağa məcbur
etmək, millətimizi qorxutmaq və bu cür qanlı vasitələrlə
bizə təzyiq göstərmək idi. Bu hadisələrin
anatomiyasına baxsaq, görərik ki, bu məsələ ilə
bağlı ilkin və tarixi qiymətlər var. Fikrimcə, bu
hadisələr Qərbdə hazırlanan böyük ssenarinin
tərkib hissəsi idi. Qeyd edim ki, o
dövrlərdə SSRİ-ni dağıtmaq üçün
müxtəlif ssenarilər işlənib
hazırlanmışdı. Bu prosesin əsası
isə Mixail Qorbaçov və ətrafındakıların
hakimiyyətə gətirilməsi ilə qoyulmuşdu. Amma Sovet İttifaqını konkret olaraq yox etmək,
çökdürmək üçün üç əsas
sütun darmadağın edilməli idi. Bunlar Kommunist
Partiyası, Dövlət Təhlükəsizlik Komitəsi və
ordu idi. Yeri gəlmişkən, Sovet sisteminin
mahiyyəti hər zaman gücə əl atmaqla müşahidə
olunub. Yəni, Sovet sistemi istəsəydi
20 Yanvar günü qanlı qarşıdurma baş verməzdi.
Digər tərəfdən, o zaman Azərbaycanın
siyasi rəhbərliyində güclü, iradəli rəhbərin
yoxluğu məhz bu cür qanlı qarşıdurmanın baş
verməsinə yol açdı. Bununla
yanaşı, bir sıra daxili qüvvələr də
vardı ki, onlar vəziyyəti gərginləşdirmək
üçün xalqı qəsdən qarşıdurmaya
çəkdilər. Həmin dövrdə
ortada olan problemi həll etmək, Ermənistanın torpaq
iddialarının qarşısını almaq əvəzinə
qarşıdurma dərinləşdirilirdi. Qeyd edim ki, Bakıda o zamanlar Sovet
İttifaqının kifayət qədər hərbi qüvvəsi
vardı və kənardan hərbi qüvvə gətirilməsinə
ehtiyac yox idi. Sadəcə, daha çox qan
tökülməsi üçün aralarında ermənilərin
çoxluq təşkil etdiyi hərbi qüvvələr
Bakıya yeridildi. Bu, Sovet rəhbərliyinin
kütləvi qırğına qərar verməsini göstərirdi.
Bir daha qeyd edirəm ki, SSRİ artıq
dağılmağa məhkum idi, sadəcə, həmin
dövrdə ordunu gözdən salmaq üçün bir
sıra planlar işlənib hazırlanmışdı. 20 Yanvar qırğını da bu planın tərkib
hissəsi idi. Biz hədəf
seçilmişdik və Dağlıq Qarabağ məsələsi,
ermənilərin torpaq iddiası bu məsələdə
detanator rolunu oynadı. Biz bu ssenaridə zəif
həlqə rolunda iştirak etməyə sürükləndik
və bunun da səbəbi həmin dövrdə ölkə rəhbərliyində
dayananların maymağlığı, səriştəsizliyi
oldu.
- 20 Yanvar
hadisələrində imperiya rəhbərlərinin rolu bəllidir
və onların bu addımı hansı səbəblərə
görə atdığı da ortadadır. Bəs,
o zaman prosesləri daxildə faktiki olaraq öz nəzarətinə
götürmək və istədiyi istiqamətə yönəltməyə
çalışan Azərbaycan Xalq Cəbhəsinin bu faciədə
məsuliyyəti hansı dərəcədədir?
Fəzail
Ağamalı: Baş verən hadisənin miqyasının
ağırlığından asılı olmayaraq, mən də
bu fikirdəyəm ki, 20 Yanvar hadisəsi Azərbaycan
xalqının tarixinin şanlı səhifələrindən
biridir. Bu emosional vəziyyətdən Kreml və
SSRİ-ni dağıtmaq istəyən qüvvələr, o
cümlədən, Azəbaycanda milli azadlıq mübarizəsinin
içində olan və başqa məqsədlərə xidmət
göstərən bir sıra qüvvələr istifadə edə
bildilər. 1989-cu ilin dekabr və
1990-cı ilin yanvar aylarında, həmin dövrdə Azərbaycanın
xalq hərəkatının önündə gedən və
onun idarəetmə missiyasını üzərinə
götürən Xalq Cəbhəsində (XC) böhran
yaşanırdı. XC radikallara və
liberallara bölünmüşdü. Bunun
nəticəsi olaraq indiki Prezident Administrasiyasının
qarşısında keçirilən mitinqləri XC rəhbərliyi
deyil, DTK-nın agentləri idarə edirdilər. Onlar isə xalqı
meydana çıxarıb onun qarşısından çəkildilər,
faktiki olaraq xalqı idarəolunmaz vəziyyətə
saldılar. Həmin insanlar lokal şəkildə
ayrı-ayrı yerlərdə güya xalqı geri çəkməyə
çalışırlar görüntüsü
yaradırdılar. Əslində isə
xalqı qırğına yönləndirdilər. Onlar hadisələrin daha da drammatik şəkildə
inkişafına “stimul” vermiş oldular. “Qurd
qapı”sından tutmuş, aeroport yolundan Şıxov yoluna qədər
bütün keçidlərdə təşkil olunmuş bir vəziyyətdə
tələbələr tərəfindən keşiş
çəkilirdi. Onların təbliğ
etdiyi məntiq isə ondan ibarət idi ki, milli azadlıq hərəkatı
qansız ötüşmür. Bu
mübarizədə Azərbaycan xalqının qanının
tökülməsinin milli azadlıq hərəkatının
dönməz xarakter daşıyacağında həllidici rol
oynayacağını deyənlər baş verəcək
qarşıdurmada bu və ya digər şəkildə
maraqlı idilər. Bu kimi ifadələri
XC rəhbərlərinin hamısının dilindən
eşitmək mümkün idi. Qarşıya
qoyulan məqsədlərdən biri isə siyasi hakimiyyətə
gəlmək idi. Sonradan bunun nəticəsi
olaraq da Demblok yarandı.
Cümşüd
Nuriyev: Həqiqətən də o dövrdə Sovet
imperiyasını dağıdılması
planlaşdırılırdı. İstər
Kissencerin, istərsə də Bzejinskinin əsərlərində
bu məqam yer alır. Mən hazırda 20
Yanvar faciəsinə gedən yolla bağlı araşdırma
aparıram. Hər kəsə maraqlıdır ki, 90-cı ildə
SSRİ-ni dağıtmaq üçün hazırlanan layihədə
nə üçün zəif həlqə, məhz, Azərbaycan
seçildi?! 1987-ci ildə Heydər Əliyevi Mərkəzi
Büro üzvlüyündən çıxardılar.
Daha sonra Aqambekyan - Qorbaçovun iqtisadi məsələlər
üzrə müşaviri bəyanat verdi
ki, Dağlıq Qarabağ iqtisadi cəhətdən Ermənistana
daha yaxındır. Artıq Yakovlevin
razılığından sonra ermənilər bu addımı
reallaşdırmağa başladılar. Bu
fakta diqqət yetirmək lazımdır ki, Xankəndində
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
ilə bağlı vilayətin deputatlarının qərarı
çıxarılandan dərhal sonra Bakıda “Dağlıq
Qarabağ Ermənistana birləşdirilməsin”
şüarı altında “Yurd” tərəfindən mitinqlər
başlanılır. Hələ heç
kimin xəbər tutmadığı bu informasiyanı “Yurd”
haradan almışdı?! Bəli, ortada bir
ssenari vardı və 20 Yanvar da bu ssenarinin son nöqtəsi
idi. Ermənilər və SSRİ rəhbərliyi
görürdü ki, onların layihəsi tam həyata
keçə bilmir. Bu səbəbdən də,
Movsesiyanın təkidi ilə 1988-ci ildə Qafandan 200 azərbaycanlını
qatara oturdub Bakıya yola salırlar. Çünki
Sumqayıtda törədiləcək hadisələrə
siyasi don geyindirmək lazım idi. Əslində,
bunu bacardılar da. Yanvar ayının
12-13-ü Bakıda keçirilən mitinqlərdə Əlikram
Hümbətovun əlində bir siyahı vardı. Bu siyahıda Bakı şəhərində
yaşayan, ermənilərin fonduna pul ödəməyən,
Azərbaycan qanunlarını qəbul edən və
yaşı 65-i ötən ermənilərin ünvanları
yazılmışdı. Burada məqsəd
Ermənistandan gələn köçkünlərlə
Bakıda yaşayan ermənilər arasında qarşıdurma
yaratmaq idi və buna da nail oldular. 20 Yanvar
faciəsi baş verməli idi, bundan qaçmaq mümkün
deyildi. Sadəcə, miqyas bu qədər
böyük olmaya bilərdi. Diqqət edək
ki, 20 Yanvar faciəsi günündə qətlə yetirilən
insanların arasında bir nəfər də olsun AXC idarə
heyətinin üzvü yox idi. Amma onlar hər
zaman xalqın önündə olduqlarını deyirlər.
Öndə idilərsə, niyə onlara
heç nə olmayıb? Mən bunu həm
də araşdırmışam. Orada
öldürülənlər xalqın səsinə gəlmiş
insanlar idi. Birmənalı şəkildə
20 Yanvar faciəsinin miqyasının bu qədər geniş
olmasının məsuliyyəti XC-nın üzərindədir.
- Ulu
öndər Heydər Əliyev 20 Yanvar faciəsi ilə
bağlı bu faciəni törədən imperiyanın
paytaxtından öz etiraz səsini ucaltdı. Sizcə,
Ulu öndər Heydər Əliyev həmin dövrdə Azərbaycanda,
Bakıda olsaydı proseslər fərqli məcrada inkişaf
edərdimi?
Mübariz
Qurbanlı: Çox maraqlı bir müzakirədir. Təbii ki, 20 Yanvardan zaman etibarı ilə nə qədər
uzaqlaşsaq da, bu mövzuya təkrar qayıtmaq vacibdir,
yaxın tariximizdəki hadisələri öyrənib ondan ibrət
dərsi almalıyıq. Mən bir daha o
fikrə qayıtmaq istəyirəm ki, 20 Yanvar hadisələrinə
siyasi qiymət verilib. 1990-cı ildə
Heydər Əliyev Naxçıvana gəldikdən sonra
Naxçıvan MR-nın Ali Məclisində bu faciəyə
siyasi qiymət verildi. 1993-cü ildə Azərbaycan
Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən
bu hadisəyə qiymət verilib. Lakin bu
qiymətlər məsələnin mahiyyətini tam aça
bilmədiyi üçün Ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə 1994-cü ilin martın 29-da
20 Yanvar hadisələri ilə əlaqədar təkmil bir sənəd
qəbul olunub. Bu sənədlə 20 Yanvar
hadisələrinə hüquqi-siyasi qiymət verilib. Burada hüquqi, siyasi, mənəvi məsuliyyət
öz əksini tapıb. Geriyə
boylandıqda etiraf edirik ki, Sumqayıtda törədilən
hadisələr, 90-cı ilin yanvarın əvvəllində
Bakıda törədilən faciələr DTK-nın fəaliyyətinin
nəticəsi idi. Məqsəd isə aydın idi. İqtisadi
cəhətdən dizi üstə olan Sovet
İttifaqını birdəfəlik yox etmək
üçün mütləq böyük hadisələrə
ehtiyac vardı. Müxtəlif
münaqişələr törədilməli idi. Həmin ssenarilər arasında həm Sumqayıt, həm
də Fərqanə, Almatı, Vilnüs və 20 Yanvar faciəsi
vardı. Sovet İttifaqı istəsəydi
“Krunk”u və buna rəvac verənləri bir anın içində
yerində oturdardı. Amma etmirdi,
çünki bu plan qəsdən həyata keçirilirdi.
Bakıda da istəsəydilər əhalini
sakitləşdirərdilər. Televiziyanın
enerji bloku təsadüfən partladılmadı. Bu o məqsədlə partladılmışdı ki,
əhalini geri çağırmaq imkanı olmasın. Qaldı ki, Ulu öndərin Moskvadakı Azərbaycan
daimi nümayəndəliyinə gəlişi, əlbəttə
Heydər Əliyev bu hadisələrə biganə deyildi,
böyük siyasətdə idi, prosesləri diqqətlə izləyirdi.
Ulu öndərin bu fəlakətə münasibət bildirməsi
böyük itkilərlə üzləşmiş
xalqımız üçün həm böyük təsəlli
oldu, həm də xalqa ruh verdi, eyni zamanda,
bu 20 Yanvar hadisələrinə verilən ilk qiymət idi. Qeyd edim ki, Azərbaycanda xalq hərəkatı 2 mərhələyə
bölünür. Birincisi, 1987-ci ildən
1990-cı ilə qədər olan hərəkatdır ki, bu
xalq hərəkatı idi. Həmin hərəkatda
cəmiyyətin bütün qüvvələri iştirak
edirdi. Sadəcə həmin dövrdə
siyasi rəhbərlikdə oturanlar satqın mövqedə idilər
və bu fəlakətdən xilas yolu axtarmaq əvəzinə
xalqı daha yüksək sürətlə uçuruma
yaxınlaşdırırdılar. Təbii
ki, bu məsələdə xalq hərəkatının rəhbərlərinin
də mənəvi məsuliyyəti var. Məsələnin əslinin
ortaya çıxması üçün Mərkəzi Kəşfiyyat
İdarəsinin və digər kəşfiyyat
orqanlarının arxivləri əldə olunmalıdır.
Xalq hərəkatının ikinci mərhələsi
isə məhz 20 Yanvardan sonra bu hərəkatın milli
azadlıq hərəkatına çevrilməsidir. Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi
qiymət xalq hərəkatından milli azadlıq hərəkatına
keçiddə böyük rol oynadı. Əgər o
zaman Azərbaycanda Heydər Əliyev kimi bir lider olsaydı yəqin
ki, xətalardan xilas ola bilərdik. Vəzirov həmin vəzifəyə zəif həlqə
yaratmaq üçün gətirilən zəif fiqur idi. Bundan da istifadə olundu. Amma
Kommunist Partiyasında elə adamlar vardı ki, vəziyyətin
fəlakətə doğru getdiyini görüb öz etiraz səslərini
ucaldırdılar. Təəssüf ki,
xalq hərəkatının rəhbərliyində olan
adamların təcrübəsizliyi, bəzilərinin isə məqsədyönlü
şəkildə irəli sürülən layihədə
iştirakı vəziyyəti daha da drammatikləşdirirdi.
Bütövlükdə isə xalq öz
suverenliyi uğrunda mübarizə aparırdı.
- Qeyd
olunduğu kimi, o zamankı xalq hərəkatının rəhbərlərinin
arasında öz konyuktur maraqlarını güdənlər
vardı. Təbii ki, Moskva
planlaşdırırdı ki, gələcəkdə
Qarabağ uğrunda mübarizə gedəcək. Bu mənada Kremllə həmin konyuktur marağa qulluq
edənlərin əlaqələri hansı şəkildə
tənzimlənirdi və
uyğunlaşdırılırdı?
Fəzail
Ağamalı: Həqiqətən də xalq hərəkatının
önündə gedən, AXC-nin idarəçiliyində fəaliyyət
göstərənlərin arasında DTK-nın agentura şəbəkəsinə
daxil olan insanlar vardı. “Gənc alimlər
klubu” başdan-başa onlardan ibarət idi. Bu klubdan bir
neçə şəxs-İsa Qəmbər, Leyla Yunusova, Hikmət
Hacızadə, Vurğun Əyyub, Tofiq Qasımov və s.
AXC-nin İdarə Heyətinə üzv seçilmişdi. Onlar eyni zamanda, çalışırdılar ki,
AXC-nin rəhbərliyinə o mətbəxtin içində
olan adamlardan birini gətirsinlər. Lakin həmin
dövrdə Xalq Cəbhəsini səmimi şəkildə
yaratmaq istəyən insanlar buna imkan vermədi. Təsadüfi deyil ki, 20 Yanvar faciəsi baş
verdiyi dövrdə həmin İdarə Heyətinin-XC-nin rəhbərlərinin
birinin də evinə bir əsgər getmədi. Amma AXC Məclisinin üzvü Fəzail
Ağamalının evinə 1990-cı ilin yanvar ayının
23-də 12 əsgər, 2 BTR gəldi, evi mühasirəyə
aldı və məni həbs etmək istədilər. Düşünürəm ki, 20 Yanvar faciəsinin
törədilməsində məhz AXC İdarə Heyətinə
daxil olan şəxslərin bilavasitə iştirakı
vardı. Sadəcə mən bir faktla razıyam ki, idarəolunmaz
hala gələn xalq öz taleyini həll etdi və Azərbaycanda ümumxalq hərəkatının
milli azadlıq hərəkatı mərhələsinə
keçməsi təmin olundu. Beləliklə,
90-cı ildən Azərbaycanda milli azadlıq hərəkatı
dönməz, ardıcıl xarakter aldı. Bunun ardıcıl xarakter daşımasında isə
heç şübhəsiz ki, əsas rolu Ümummilli lider Heydər
Əliyevin Moskvada Azərbaycan nümayəndəliyində
çıxış etməsi oynadı. 1990-cı il 20 Yanvar faciəsindən sonra Azərbaycanda
kütləvi şəkildə Kommunist Partiyasından imtina
başlanıldı. Sovet cəmiyyətinə
nifrət açıq xarakter daşıdı və Azərbaycan
xalqı birmənalı olaraq Sovet cəmiyyətində
yaşamağın mümkünsüzlüyünü dərk
edərək azadlıq uğrunda mübarizəni davam etdirdi.
Cümşüd
Nuriyev: Dağlıq Qarabağın Sovet imperiyasının dəstəyi
ilə ermənilər tərəfindən işğalına
aparan yolda 20 Yanvar faciəsinin böyük “xidməti” var.
1987-ci ildə ermənilər tərəfindən ard-arda bir
neçə hərəkat, o cümlədən, “Krunk”
yaranır. Həmin ilin dekabrında Xankəndində
Qarabağla bağlı ilk mitinq keçirilir. Bir haşiyə çıxım ki, Heydər Əliyevin
2002-ci ildə verdiyi müsahibələrinin birində qeyd
olunur ki, Dağlıq Qarabağda vəziyyət ayrı istiqamətə
yönəlirdi. Heydər Əliyev bildirir
ki, mən belə olan təqdirdə orada azərbaycanlıların
sayını çoxaltmağa çalışdım,
institut açdım, 3 istiqamətdən ora azərbaycanlıları
yerləşdirdim. Ən azı orada azərbaycanlıların
xüsusi çəkisini artırmağa
çalışdım. Təbii ki, bunu
ermənilər də görürdü. Ermənilər
1988-ci ilin yanvarın 11-də SSRİ Mərkəzi Komitəsinin
(MK) millətlər şöbəsinin müdiri Mixaylovun qəbuluna
gedir. Orada Zori Balayanla Koputikyan güya
toplanmış imzaları ona təqdim edirlər və
Dağlıq Qarabağın bilavasitə Ermənistana məxsus
olması barədə 74 sənəd təqdim edirlər.
Mixaylov onlara cavab verir ki, “idite deystvuyte!”. MK-nın şöbə müdiri bu ifadəni
özbaşına deyə bilməzdi.
-
Mübariz müəllim, nədən Qərb dünyası bu
faciəyə sükutla yanaşdı? Bunun özü göstərmirmi
ki, demokratiyadan danışan, dünyaya demokratiya dərsi vermək
istəyən Qərb dairələri bu faciənin törədilməsində
ya iştirakçı , ya ssenari müəllifi
idi?
Mübariz
Qurbanlı: Bu suallar tək bunlarla yekunlaşmır. SSRİ o dövrdə ATƏM, BMT kimi nüfuzlu təşkilatların
üzvü idi. Helsinki yekun aktını
imzalamış ölkələrdən biri idi. Onun öz xalqına qarşı silah işlətməsi
və ağır texnikadan istifadə edərək
böyük sənaye şəhərinə müdaxilə etməsi,
qırğın törətməsi niyə sükutla
qarşılandı?! Niyə 1989-cu il
Tbilisi hadisələri SSRİ Xalq Deputatları Qurultayında
müzakirə olundu, Zaqafqaziya qoşunlarının baş
komandanı Radionov məzəmmət olundu və müxtəlif
təhdidlərə məruz qaldı, nə üçün
Azərbaycanda baş verənlər sükutla müşayiət
olundu. Demək kimlərəsə böyük
qan, ordunu gözdən salmaq üçün bu cür faciə
lazım idi. Yalnız Türkiyə öz
səsini qaldıraraq etiraz etdi. Geridə qalan heç
bir ölkə - İngiltərə, ABŞ və s. ölkələrin
heç biri bu hadisəyə reaksiya vermədi. Hətta
Qorbaçovu müdafiə edən çıxışlar
oldu. Sonradan ona Nobel sülh mükafatı
verildi. Burada bir məsələ var ki, bu
hadisələri zəncirvari izlədikdə görürük
ki, 90-cı ilin yanvar hadisəsi, daha sonra Vilnüs hadisələri
1991-ci ildə QKÇB-yə lazım idi. Nəyə
görə o zaman artıq ordu 3-4 min nəfərlik mitinqin
üzərinə getmədi və xalqla birləşdi? O
zaman ordu xalqa qarşı silah işlətmənin nə qədər
ağır nəticələr verəcəyini gördü və
zabitlər silah işlətmək istəmədilər. Ona görə biz Azərbaycan xalqı bu şəhidlərimizi
həm də SSRİ-nin dağılması yolunda verdik. 20 Yanvar sözün hər bir mənasında Azərbaycanın
müstəqillik tarixində özünəməxsus yerə
və çəkiyə malik bir qəhrəmanlıq səhifəsidir.
Sevinc NUR
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2012.- 20
yanvar.- S.7.