Türkiyə-Azərbaycan:
ümumi maraqlar, ümumi təhdidlər
Bu gün Türkiyənin qardaş
Azərbaycandan dəstək gözləməsi təbiidir.
Bizim dəstəyimiz qarşılıqlıdır, Azərbaycan
hakimiyyəti çətin anlarda daim Türk dövlətinin
yanında olmuşdur
Məlum
olduğu kimi, Sovet İttifaqı dağıldıqdan sonra
Türkiyənin xarici siyasəti yeni geosiyasi mühitin
reallıqlarına uyğunlaşaraq, onun mənfəətlərindən
yararlanmağa, doğurduğu yeni
çağırışların aradan qaldırılması
yollarını araşdırmağa çalışdı.
Bu, beynəlxalq aləmdə Türkiyənin mövqeyini daha
da gücləndirdi. Eyni zamanda, uzun müddət beynəlxalq
aləmdə tənhalığı ilə seçilən
Türkiyə hazırda Azərbaycanın timsalında
özünə yeni təbii müttəfiq və qardaş
tapıb. Bu iki ifadə həqiqətən hər iki dövlət
arasında münasibətlərin səciyyəvi xüsusiyyətləridir.
Son
iyirmi ildə Azərbaycanla Türkiyə arasında inkişaf
edən münasibətlər, yeni enerji kəmərlərinin
hər iki dövlətin ərazisindən keçməsi
onların strateji əhəmiyyətini daha da artırıb. Azərbaycan
və Türkiyə bu gün mühüm tranzit zonasına
çevrilib. Məhz Azərbaycanın siyasi seçiminin nəticəsidir
ki, neft və qaz kəmərləri, o cümlədən,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və yenicə
imzalanmış Trans-Anadolu qaz kəməri Türkiyə vasitəsilə
Azərbaycanın enerji resurslarını Avropa bazarına
çıxarır. Azərbaycandan təbii qazın idxalı
uğrunda güclü qlobal rəqabətin olmasına
baxmayaraq, ölkəmiz ilk dəfə böyük həcmdə
qazı sərfəli qiymətə Türkiyəyə
satmağa razı oldu. Belə ki, “Şahdəniz”
yatağının ikinci mərhələsindən əldə
ediləcək qazın 6 milyard kub metri türk istehlakçılarına
çatacaq.
Lakin
bu mənfəətlərlə yanaşı, regionda
münaqişələrin mövcudluğu, Ermənistanın əsassız
ərazi və soyqırımı iddiaları Türkiyənin
qarşısında yeni çağırış və təhdidlərə
yol açıb. Bu iddialar rəsmi Ankaranı daha çevik
siyasət yeritməyə, irəli sürülən
yalanların ifşa olunması üçün zəruri tədbirlər
görməyə vadar edib.
Qeyd
etmək lazımdır ki, erməni diasporunun
“soyqırımı” iddiası ermənipərəst
deputatların köməyi ilə bəzi ölkələrin
parlamentlərində müvafiq qərarların qəbulu ilə
müşahidə olunub. Hazırda 23 ölkənin parlamenti tərəfindən
1915-ci il hadisələri “soyqırımı” kimi
tanınıb. Bu vaxta qədər atılan müvəqqəti
addımların real nəticə vermədiyini nəzərə
alan rəsmi Ankara isə diplomatik təsirlərin
artdığı belə bir kontekstdə bu
“soyqırımı” iddialarının beynəlxalq aləmdə
qəbulunun qarşısını almaq üçün
sistemli şəkildə mübarizə aparmağa
başladı. Fransa parlamentinin aşağı palatası olan
Milli Assambleyada “erməni soyqırmı”nı inkara görə
cinayət məsuliyyəti müəyyənləşdirən
qanun layihəsinin qəbul olunması isə Türkiyənin
xarici siyasətində erməni iddiaları ilə mübarizə
strategiyası üçün yeni, lakin mühüm əhəmiyyət
kəsb edən bir sınaqdır.
Ümumiyyətlə,
qondarma erməni “soyqırımı” məsələsinin
tanınmasına qarşı mübarizə yolları
haqqında Türkiyədə iki istiqamətdə müzakirələr
aparılıb. Birinci istiqamətin tərəfdarları beynəlxalq
aləmdə konkret hədəflərə hesablanmış
yeni kommunikasiya strategiyasının həyata keçirilməsinin
zəruriliyini vurğulayırlar. Onlar bu mövqeyi onunla əsaslandırırlar
ki, Ankaranın təbliğat işində ləng fəaliyyəti
ermənilərin uğur qazanmasını şərtləndirib.
Halbuki bizim ermənilərə qarşı, - onların
Anadoluda və Azərbaycanda həyata keçirdikləri
soyqırımı və qətliamlarla bağlı, - istifadə
edə biləcəyimiz kifayət qədər dəlillərimiz
var. İkinci istiqamətin tərəfdarları isə qeyd
edirlər ki, Ermənistanla sərhədlərin
açılması və 1915-ci il hadisələrinin
Türkiyə daxilində müzakirəyə
çıxarılması, məsələnin daha çox
ikitərəfli müstəviyə yönəldilməsinə,
dünya ictimaiyyətinin obyektiv məlumatlandırılmasına
və digər dövlətlərin qanunverici
orqanlarının oxşar addımlar atmasının
qarşısının alınmasına kömək edə
bilər.
Onu
da qeyd edək ki, Ədalət və İnkişaf Partiyası
(AKP) hakimiyyətə gələndən sonra erməni
iddialarına qarşı fəal siyasət yeritməyə
başladı. Yeni strategiya Türkiyənin regional güc
statusunu dəyərləndirməklə yanaşı, birgə
əməkdaşlıq sayəsində
anlaşılmazlıqların aradan
qaldırılmasını, ümumi mənfəətlərdən
qarşılıqlı şəkildə hər iki tərəfin,
- Türkiyənin və Ermənistanın, - bəhrələnməsini
nəzərdə tuturdu. Bu məqsədlə son illər
Türkiyədə iki istiqamətdə mühüm
addımlar atıldı: birincisi, türk millətinin vahidliyi
konsepsiyasının hakim olmasına baxmayaraq, ermənilərin
milli azlıq kimi mədəni hüquqları tanındı;
ikincisi, 1915-ci il hadisələri ilə bağlı yeni
müzakirələrə start verildi. Bunun nəticəsi
olaraq, bir qrup universitet müəllimi və jurnalist 1915-ci il
hadisələrinə görə “Ermənilərdən
üzr istəyirik” kampaniyasına başladı, ermənilərin
Vandakı tarixi Ağdamar kilsəsi açıldı və
digər müxtəlif erməni kilsələri təmir
olundu. Bu günlərdə isə Türkiyə cəmiyyətində
“Hepimiz ermeniyiz”, “Hepimiz Hrant Dinkik” şüarlarının səslənməsi
yenidən aktuallaşır. Halbuki, bu ərəfədə Azərbaycan
20 Yanvar şəhidlərinin ruhunu yad edib, erməni qəddarlığının
nümunəsi olan Xocalı soyqırımının
ildönümünü qeyd etməyə hazırlaşır.
Bundan
başqa, Türkiyə hökuməti Ermənistanla münasibətlərin
normallaşması prosesi çərçivəsində, sərhədlərin
açılması və diplomatik əlaqələrin
qurulması üçün 10 oktyabr 2010-cu il tarixində
Sürix protokollarını imzaladı. Bu, Türkiyə
üçün ermənilərin beynəlxalq aləmdə
“soyqırımı” iddiaları ilə bağlı təbliğatının
qarşısını almaq məqsədi
daşıyırdı.
Lakin
elə ilk gündən işğalçı Ermənistanın
məkrli iddiaları və Türkiyənin sadəlövhlüyü
tərəflər arasında ciddi fikir
ayrılığının olmasını, mövqelərin kəskin
şəkildə fərqləndiyini üzə
çıxardı. Tarix komissiyası məsələsi ətrafında
gedən fərqli interpretasiyalar onu göstərdi ki,
onların reallaşması üçün siyasi iradə hələ
yetişməyib. Çünki Ermənistan həm hiyləgər
niyyətlərinə nail olmağa, həm də Türkiyə
ilə diplomatik, iqtisadi münasibətləri səhmana
salmağa çalışırdı.
İşğalçı ölkənin mövqeyi
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli üçün aparılan danışıqlarda
olduğu kimi kompromisə deyil, maksimum mənfəətlərə
əsaslanır. Təsadüfi deyil ki, Ermənistanın
Konstitusiya Məhkəməsi 1915-ci il hadisələrinin
“soyqırımı” adlandırılması ilə
bağlı yenidən müzakirə predmeti olmayacağı
haqda qərar qəbul etdi. Bunun ardınca isə Ermənistan
prezidenti Serj Sarkisyan Avropada ermənilərin
qarşısında sərt bəyanatlar verdi. Bu, bir daha
göstərir ki, Ermənistan hakimiyyəti
danışıqlar prosesindən daha çox
“soyqırımı” məsələsini beynəlxalq gündəliyə
gətirmək üçün istifadə edib. Türklər
isə düşünürdülər ki, ermənilərlə
ümumi dil tapacaqlar. Onlar Ermənistanın təcavüzündən
əziyyət çəkən azərbaycanlı
qardaşlarının üzləşdiyi acı həqiqətlərə
baxmayaraq, erməni yalanına inandılar. Lakin Türkiyə
danışıqlara başlayanda bilməli idi ki, Ermənistan
etibarlı tərəfdaş ola bilməz.
20
ildir ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinə
dəstək olublar, müxtəlif məsələlərdə
xarici siyasət fəaliyyətlərini koordinasiya etməyə
çalışıblar. Onların ümumi maraqları, mədəni
əlaqələri, qardaşlıq telləri mövcud çətinlikləri
aradan qaldırmağa yardımçı olub. Sürix protokolları
imzalananda Azərbaycan etiraz etmiş, Türkiyəni erməni
riyakarlığına inanmamağa
çağırmışdı. Hadisələrin gedişi
isə Azərbaycanın haqlı olduğunu bir daha sübut
etdi.
Əslində,
bu gün Türkiyənin qardaş Azərbaycandan dəstək
gözləməsi təbiidir. Bizim dəstəyimiz
qarşılıqlıdır, Azərbaycan hakimiyyəti
çətin anlarda daim Türkiyə dövlətinin
yanında olub. Lakin Türkiyə hakimiyyətinə
yaxınlığı ilə seçilən “Yeni Şafak” qəzetinin
17 yanvar 2012-ci il tarixində nəşr edilən nömrəsində
“Aliyev Fransız qaldı Türkiyəni üzdü”
başlıqlı yazısı bəzi iranlı mollaların
Azərbaycana qarşı istifadə etdiyi yazı stilini
xatırladır.
Türkiyədə
hesab edirlər ki, Fransanın qəbul edəcəyi qərar
Azərbaycana təsirsiz ötüşməyəcək. Onlar
aşağıdakı üç amili xüsusi qeyd edirlər:
1) “Soyqırımı” Dağlıq Qarabağ münaqişəsinə
bağlı olduğu üçün bizim birgə
narahatçılıq mənbəyimizdir; 2) Protokolların təsdiqlənməsini
Azərbaycan əngəllədiyinə görə, Fransa bu məsələni
gündəmə gətirdi; 3) Fransa parlamentinin məlum qərarı
qəbul edəcəyi təqdirdə tərəf tutduğunu
nümayiş etdirməsi, onun tərəfsiz vasitəçi
missiyasını sual altına alır və Minsk qrupunda
qalmasını qeyri-mümkün edir.
Əslində,
Azərbaycan hər zaman bildirib ki, erməni iddiaları həm
Türkiyəyə, həm də Azərbaycana qarşı
yönəlib. Ümummilli lider Heydər Əliyevin “Bir millət,
iki dövlət” ideyası hər iki dövlət arasında
münasibətləri səciyyələndirməklə
yanaşı, təhdidlərin və uğurların ümumi
xarakter daşıdığını bir daha
vurğulayıb. Dünyanın hər yerində azərbaycanlılar
türklərlə birgə erməni diasporuna qarşı
mübarizə aparırlar. Onların fəaliyyətinin səmərəliliyini
artırmaq və qarşılıqlı əlaqələri
gücləndirmək üçün Prezident İlham Əliyevin
təşəbbüsü ilə 2007-ci ildə Bakıda Azərbaycan
və Türkiyə diaspor təşkilatlarının birinci
Forumu keçirilib. Avropanın müxtəlif ölkələrində
Azərbaycanın haqlı mövqeyini dəstəkləyən
bir çox millət vəkilləri, dostlar bu gün Türkiyənin
də müdafiəsinə qalxıblar.
Ancaq
təəssüf ki, bir neçə il öncə “Aqost” qəzetinin
baş redaktoru Hrant Dinkin qətlə yetirilməsi ilə
bağlı başladılmış cinayət işi məhz
Fransa Senatında “erməni soyqırımı” ilə
bağlı məsələlər müzakirə edilərkən
yekunlaşdırıldı və yenidən Türkiyənin
siyasi gündəliyinin əsas məsələlərindən
biri kimi aktuallaşdırıldı. Məhkəmə qərarını
ittiham edən siyasi bəyanatlar səsləndi. Sanki fransız
Senatına dəstək verircəsinə Türkiyədə
yenidən “Həpimiz Hrant Dinkiz” şüarları ilə
böyük mitinq təşkil edildi. Elə bil ki, antitürk
mərkəzləri bununla “hazırda da Türkiyədə ermənilərə
qarşı cinayətlər törədilir və bunlar cəzasız
qalır” demək istəyirdilər.
Əlbəttə,
hər hansı bir vətəndaşın, yaxud jurnalistin
öldürülməsi hansı motivlə baş verməsindən
aslı olmayaraq, cinayətdir və cinayətkar cəzasını
almalıdır. Ancaq bunun siyasi şouya çevrilməsi,
xüsusən Fransa Senatı ilə az qala sinxron hərəkət
edilməsi əsla yolverilməzdir. Yaxşı olar ki, “Yeni
Şafak” qəzeti “analitik” düşünüb, siyasi
uşaqgörənlik etmək istəyirsə, Azərbaycanı
ittiham etməsin. Bu mitinqi təşkil edənlər barədə
düşünsün, Azərbaycanı hədəf göstərməsin.
Əslində, “Yeni Şafak” qəzetinin antiazərbaycan
mövqeyi, eləcə də, “Türkiyə” qəzetinin
yazdıqları Türkiyədə və Azərbaycanda “Bir
millət, iki dövlət” fəlsəfəsini mənimsəmiş
və bu iki dövlətin əhalisinin mütləq əksəriyyətini
təşkil edən yurdsevər vətəndaşlarda belə
bir sual doğurur: Əcaba, bu qəzet yazdığı
yazılarla Türkiyədə anti-azərbaycan əhval-ruhiyyəsi
yaratmaqla, gələcəkdə “Sürix protokolu”nu icra etmək
üçün Türkiyə ictimai şüurunda antiazərbaycançı
ovqat hazırlanmasına xidmət etmirmi? Azərbaycan və
Türkiyə xalqlarının həmrəyliyini pozmağa
çalışmaqla ermənipərəst mövqeləri
gücləndirmirmi? Artıq neçə illərdir 24 aprel
qondarma “erməni soyqırımı” tarixinə
dünyanın bütün ölkələrində birlikdə
etiraz edən Türk-Azərbaycan diaspora nümayəndələrinin
birliyini, həmrəyliyini dağıtmaq istəmirmi? “Yeni
Şafak”a bu sifarişi verən kimlərdir?
Ancaq
kifayət qədər kamil olan Türkiyə və Azərbaycan
ictimaiyyəti artıq bəzədilmiş, sistemli
azdırıcı yalanlara nəinki inanmır, hətta yalan və
əsassız ittiham istehsal edən ideya generatorlarının
harada quraşdırıldığını yaxşı
bilirlər. Hətta belə generatorları sıradan
çıxarmağın yollarını və mexanizmlərini
də öyrəniblər.
Türkiyədə
bəzi insanlar düşünürlər ki, Azərbaycanın
Fransaya qarşı ciddi təsir imkanları var, amma onlardan yetərincə
istifadə edə bilmir. Hər şeydən əvvəl qeyd
edilməlidir ki, Azərbaycan siyasətçiləri, Prezident
Administrasiyasının şöbə müdirləri, Xarici
İşlər Nazirliyi və Milli Məclis Fransanın bu qərarına
sərt reaksiya veriblər. Azərbaycan öz mövqeyini daim səsləndirir.
Milli Məclis bununla bağlı qərar da qəbul edib. Bundan
başqa, Milli Məclisin sədri, müavinləri, komitə sədrləri,
iqtidar və müxalif millət vəkilləri bəyanatlar
verib, Fransanın mövqeyinin ədalətsiz və qəbul
edilməz olduğunu bildiriblər. Vətəndaş cəmiyyəti
institutları, qeyri-hökumət təşkilatları, siyasi
qurumlar birmənalı şəkildə bu addımı
qınayıblar. Azərbaycan mətbuatında bu mövzu ilə
bağlı çoxlu tənqidi məqalələr
yazılıb, Fransa daha ədalətli və demokratik
olmağa, daxili siyasət məqsədləri
üçün digər xalqların hissiyyatına toxunmamağa
çağırılıb. Azərbaycan hakimiyyəti və
xalqı türk qardaşları ilə həmrəyliyini daim
nümayiş etdirir, ermənilərin hər il aprelin 24-də
qondarma “soyqırımı”nın ildönümü
münasibətilə keçirdikləri təbliğat
kampaniyasına qarşı türklərlə
çiyin-çiyinə mübarizə aparır. Hazırda
Fransada keçirilən və nəzərdə tutulan etiraz
aksiyalarında xaricdə təhsil alan azərbaycanlı tələbələrin
forumu (ASAİF) fəal iştirak edir. Lakin Türkiyə ilə
müqayisədə Azərbaycanın Fransaya birbaşa təsir
mexanizmləri olduqca azdır.
Baş
nazir Rəcəb Tayyib Ərdoğan keçən il
dekabrın 22-də Fransaya qarşı hökumətin ilk tədbirini,
8 maddəlik planını açıqladı. Əslində,
sadalanan səkkiz maddə Türkiyə və Fransa arasında
əlaqələrin daha geniş olduğunu göstərir. Ərdoğan
bu addımların başlanğıc olduğunu, Senatın qərarından
asılı olaraq daha da sərtləşəcəyini
bildirdi. Onun hələ də ümidinin olması Azərbaycanın
baxışı ilə üst-üstə düşür.
Fransız şirkətlərinin Türkiyədə 8,6 milyard
dollarlıq sərmayəsi var. İki ölkə
arasındakı ticarət həcmi 11 milyard dollardır.
Gözləmək olardı ki, Türkiyə bu şirkətlərdən
Fransa hökumətinə təsir vasitəsi kimi istifadə edəcək.
Lakin bunu etmədi. Türkiyənin Fransadakı səfiri əvvəlcə
ölkəyə çağırıldı, lakin təkrarən
geri döndü.
Türk
mətbuatının verdiyi xəbərə görə, yeni ildə
Fransaya gedən türkiyəli turistlərin sayı 10 faiz
artıb və bu turistlərdən sadəcə biri Fransaya
etiraz əlaməti olaraq səyahətini ləğv edib, lakin
sonradan bərpa edib. Yəqin ki, yeni ildə Azərbaycandan
Fransaya gedən turistlərin sayı Türkiyədən
qat-qat az oldu.
28
dekabr 2011-ci il tarixində Türkiyə Qara dənizdən
keçməsi nəzərdə tutulan “Cənub axını”
qaz boru kəməri müqaviləsini təsdiq etdi. Bu layihədə
Fransanın “Electricite de France” şirkətinin payı 15
faizdir. Türkiyə bu məsələdən Fransaya
qarşı təzyiq vasitəsi kimi istifadə edə bilərdi.
Türkiyənin malik olduğu təsir mexanizmlərindən
yetərincə yararlanmadığı müşahidə
edilir.
Digər
tərəfdən, Türkiyə cəmiyyəti və hakimiyyətinin
səylərini daha çox ermənilərin əsl
simasını dünya ictimaiyyətinə göstərməyə
yönəltməklə, beynəlxalq ictimai rəyi daha həssas
olmağa, müxtəlif ölkə rəhbərlərinin məsələyə
daha rasional yanaşmasını təmin edə bilər.
Heç
kimə sirr deyil ki, erməni iddialarının arxasında təzminat
və ərazi məsələləri ilə bağlı
planlar durur. Azərbaycanda isə ermənilər beynəlxalq
hüququn prinsiplərini kobud şəkildə pozaraq təcavüz
aktı həyata keçirib, digər dövlətin ərazilərini
işğal edib. Bundan başqa, silahlı münaqişə
zamanı azərbaycanlı dinc əhalini məqsədyönlü
şəkildə qıraraq, insanlığa qarşı cinayət,
soyqırımı törədib.
Təəssüflər
olsun ki, Xocalı soyqırımının Türkiyə
Böyük Millət Məclisi tərəfindən
soyqırımı kimi tanınması məsələsi
gündəmə gələndə, bəzi türk ekspertlər,
diplomatlar və millət vəkilləri bu məsələnin
tarixçilərin işi olduğunu və qanunverici
orqanın buna qərar verə bilməyəcəyini
bildirmişdilər. Hətta ən yaxın dostlarımız
belə Xocalı hadisələrinə münasibətdə
soyqırımı ifadəsindən çəkinib “qətliam”a
üstünlük verirdilər. Eyni zamanda, Xocalı
qırğınını soyqırımı adlandıran məqalələrin
türk mətbuatında çap edilməsi müşkül
məsələyə çevrilir. Ümid edirik ki, Fransa
parlamentinin bu addımı Xocalıda ermənilərin 600-dan
çox dinc sakinin etnik mənsubiyyətinə görə qətlə
yetirərək həyata keçirdiyi soyqırımına
Türkiyənin daha həssas münasibəti, müvafiq
hüquqi normativ aktın qəbuluna təkan verəcək.
Qeyd
etmək lazımdır ki, Fransanın fəaliyyəti
zamanı nümayiş etdirdiyi qərəzli mövqeyinə
görə, onun Minsk qrupunda həmsədr olmasına əvvəlcədən
Azərbaycan etirazını bildirib. Bu gün Türkiyə mətbuatının
bəzi nümayəndələri tərəfindən gündəliyə
gətirilən bu məsələ Azərbaycanın
mövqeyinə Türkiyənin dəstəyinin ifadəsidir.
Lakin Minsk qrupunun həmsədrlik statusunun dəyişdirilməsi
müşkül bir prosesdir, bu, ATƏT çərçivəsində
ümumi konsensusun əldə edilməsini tələb edir.
Bir
sözlə, son hadisələr bir daha onu göstərir ki,
erməni məsələsi birgə problemdir. Türkiyə və
Azərbaycan ermənilərin yaxın tarixdə Dağlıq
Qarabağda törətdikləri “soyqırımı” cinayətini
birlikdə dünya ictimaiyyətinin diqqətinə
çatdırmalı, Ermənistan rəhbərliyinin beynəlxalq
məsuliyyətə cəlb edilməsinə
çalışmalıdırlar. Xocalı
soyqırımının 20-ci ildönümündə
Türkiyə Böyük Millət Məclisinin müvafiq qərar
qəbul etməsi ilkin addımlardan hesab edilə bilər.
Bir-birimizi ittiham etməkdənsə, birgə mübarizə
metodlarını müəyyənləşdirib, fəaliyyətimizi
gücləndirməliyik.
Türkiyədə
hakim partiyaya yaxınlığı ilə seçilən,
Baş nazir Ərdoğanın qudasının qardaşına
mənsub olduğu bildirilən “Yeni Şafak” qəzetinin
mövqeyi isə anlaşılmazdır. İki qardaş xalq
arasında nifaq salmağa çalışan bu qəzet
türk cəmiyyətinə yalan məlumatlar verir, ümumi
işə əngəl törədir. Bizim gücümüz
birliyimizdədir. Biz ermənilərin hədəfindəyik,
ona görə də, fəaliyyətimizi mükəmməl
şəkildə əlaqələndirib erməni
iddialarına qarşı səmərəli mübarizə
aparmalıyıq. Prezident İlham Əliyevin məqsədi də
budur. “Yeni Şafak” qəzeti isə öz fəaliyyəti ilə
düşmən dəyirmanına su tökür.
“Yeni Azərbaycan”
Yeni Azərbaycan.-
2012.- 24 yanvar.- S.5.