Görkəmli
torpaqşünas alim - Muxtar Abduyev
Azərbaycan torpaqşünaslıq elminin
görkəmli nümayəndələrindən biri olan Muxtar
Abduyevin əsas elmi araşdırmaları əsasən ölkəmizdə
yayılmış şoran və şorakət torpaqların tədqiq
edilməsinə həsr olunmuşdur. Görkəmli alim
torpağın su rejimi və onun öyrənilmə
metodikası, torpağın su-duz dinamikası, torpağın
şorlaşması dinamikası, torpaqların yuyulması və
istifadə edilməsi məqsədilə aqromeliorativ tədqiqatlar
aparmaqla yanaşı, şorakətlərin vaxtında
yuyulması tədbirləri, şorakət torpaqların
yayıldığı ərazilərin geomorfologiyası,
şoran torpaqların meyvə və üzüm bitkiləri
altında istifadə edilməsi yolları, torpaqların
şorlaşması və onunla mübarizə tədbirləri
barədə geniş və dəyərli tədqiqat işləri
aparmışdır. Muxtar müəllim dağətəyi
düzənliyin şorlaşmış torpaqlarının
duzlardan təmizlənməsi, şorlaşmanın tipləri
və təsnifatı, şorlaşmış və şorakətləşmiş
torpaqların yuyulmasının sürətləndirilməsi
yolları, şorlaşmış və şorakətləşmiş
torpaqların dellüvial formalarının spesifikası və
onların meliorasiyası, torpaqların
şorlaşmasının və şorakətləşməsinin
genetik formaları, şorakət torpaqlar və onların
yaxşılaşdırılması barədə onlarla elmi
yazıları ilə həmişə diqqəti cəlb
etmişdir.
Şorlaşmış sahələrin
dinamikası, diffuziyanın duzların miqrasiyasında (yerdəyişməsində)
əhəmiyyəti, şoran və şorakət torpaqlarda
kimyəvi meliorasiyanın aparılması təcrübələri,
şorakətləşmiş torpaqların dellüvial
formalarının əsas meliorativ xüsusiyyətləri, duz
kütləsinin miqrasiyasının və akkumuliyasiyasının
qanunauyğunluqları və genetik formaları, dağətəyi
ərazilərin özünəməxsus şorlaşma rejimlərinin
müəyyən edilməsində Muxtar müəllimin öz
dəsti-xətti var desək, mütləq yerinə
düşər. Heç şübhəsiz ki, görkəmli
torpaqşünas alim kimi Muxtar Abduyev şorlaşmış torpaqların
meliorativ müxtəlifliyi və əsas xüsusiyyətləri,
çətin meliorasiya olunan şorakətlərin
yaxşılaşdırılması, Azərbaycanın
suvarılan torpaqlarının duz rejimi, neftlə çirklənmiş
torpaqların rekultivasiyası sahələrində uğurlu
elmi tədqiqat işləri aparmışdır.
Bu gün Azərbaycanın şoran və
şorakət torpaqlarının
yaxşılaşdırılaraq kənd təsərrüfatı
bitkiləri altında geniş istifadə edilməsi
qarşıda duran problemlərdən biridir. Muxtar Abduyevin
keçən əsrin ortalarında başladığı
elmi tədqiqat işləri öz uğurlu həllini demək
olar ki, bu gün də itirməmişdir. Onun çox yüksək
yaradıcılıq imkanlarına, böyük elmi potensiala və
nadir təşkilatçılıq qabiliyyətinə malik
olması alimin elmdəki və həyatdakı uğurunu təmin
etmişdir.
Muxtar Abduyev Azərbaycanın görkəmli
alimi akademik Həsən Əliyevin, akademik V.R.Volobuyevin müəyyən
etdiyi çox böyük elmi, elmi-təşkilati yolu
uğurla davam etdirməklə bərabər, həmin alimlərin
torpaqşünaslıq sahəsindəki
araşdırmalarını dövrün tələblərinə
uyğun elmin kontekstində inkişaf etdirməyə nail
olmuşdur.
SSRİ dövründə Azərbaycan
torpaqlarının tədqiqinə
böyük elmi maraq göstərən XX əsrin ilk illərində
Rusiya torpaqşünaslıq elminin əsasını qoymuş
Dokuçayevin Azərbaycanda olması və onun Böyük
Qafqaz silsiləsinə doğru etdiyi səfərdə
torpaqların yüksəkliyi istiqamətində (şaquli
zonallıq) yayılmasını müşahidə etməsi
Azərbaycan torpaqşünaslarından biri kimi Muxtar Abduyevin də qarşısında geniş
yaradıcılıq üfüqləri açdı. İlk dəfə
olaraq 1953-cü ildə “Azərbaycan torpaqları” kitabı
çap olundu. Burada torpaq tipləri, növləri müəyyən
edilmiş və onların coğrafi yayılması göstərilmişdir.
Elə həmin ildən başlayaraq Muxtar Abduyev Azərbaycanın
şoran və şorakət torpaqlarında elmi tədqiqatlar
aparmağa başladı. Kür-Araz ovalığının
şorlaşmış və şorakətləşmiş
torpaqlarını qarış-qarış gəzdi. Nə qədər
çətin şərait olsa belə o, öz işinin
öhdəsindən uğurla gəlməyə
çalışdı. Muxtar müəllim yaxşı bilirdi
ki, şorlaşmış torpaqları su ilə tam yumaq
mümkün deyil və elə həmin su özü torpaqda əlavə
şorlaşma yaradır. Həmçinin, Kür-Araz
ovalığının relyefi də imkan vermirdi ki, torpaq
intensiv duzlardan yuyulsun.
Kür-Araz ovalığına Azərbaycan
Respublikasının 24 inzibati rayonu daxil olmaqla, Qarabağ,
Şirvan, Muğan, Salyan və Mil düzləri aiddir. Azərbaycanın
ən böyük kənd təsərrüfatı
regionlarından biri Kür-Araz ovalığı hesab olunur.
Ovalığın iqtisadiyyatının əsas hissəsini kənd
təsərrüfatı təşkil edir. Burada
taxılçılıq, pambıqçılıq,
üzümçülük, meyvəçilik, ipəkçilik
və heyvandarlıq çox inkişaf etmişdir.
Respublikanın bütün əkin sahələrinin az qala
yarı hissəsi Kür-Araz ovalığındadır.
Azərbaycanın taxıl və yem bitkilərinin
əkilib becərilməsində Kür-Araz ovalığı
rayonları əhəmiyyətli rola malikdir. Burada dənli
bitkilərin əkini üçün böyük imkanlar
yaradılmışdır.
Bu gün olduğu kimi keçən əsrin
50-ci illərində də Kür-Araz ovalığı kənd təsərrüfatı
baxımından həmişə yüksək qiymətləndirilmişdir.
Bu ovalıq o vaxt daha da diqqət cəlb edirdi və Azərbaycan
alimləri də bu zonaya xüsusi maraq göstərirdilər.
Geniş Kür-Araz ovalığı Azərbaycanın
mərkəzi hissəsində yerləşərək okean səviyyəsindən
- 28 m-dən yüksəkliyi əhatə edir. Ərazi quru
subtropik zonada yerləşib, şimal-qərbdən cənub-şərqə
doğru uzanır və şərqdə Xəzər dənizinə
sərhədlənir. Burada atmosfer yağıntıları zəif
düşür, illik yağıntıların miqdarı orta
hesabla 280 mm-ə çatır.
Həmin vaxtlarda alimlərin
qarşısında duran əsas vəzifələrdən biri
kimi Kür-Araz ovalığının hidrogeoloji
rayonlaşdırılması və hidrokimyəvi xüsusiyyətlərinin
öyrənilməsi məsələsi dururdu. Olduqca ciddi olan
bu məsələnin həlli ovalığın yeraltı
sularının su-duz balansı problemi ilə əlaqədar
idi.
Kür-Araz ovalığının təbii
şəraiti olduqca çox müxtəlif tip sahələrin
əmələ gəlməsinə səbəb olmuşdur.
Meliorativ torpaq tiplərinin ayrılması üçün
su-duz kütlələrinin miqrasiya amilləri, bu
miqrasiyanın yolları, torpaq qruntda onların hərəkət
şəraiti, eyni zamanda, torpaqda, qruntda və qrunt suyunda həmin
su-duz kütlələrinin toplanması vaxtları öyrənilməli
idi.
Su-duz miqrasiyası yolları və amillərini
təyin etmək üçün geomorfoloji analiz və
coğrafi-kimyəvi tədqiqatlar çox əhəmiyyət
daşıyırdı.
Qarşıda duran belə mühüm vəzifələri
yerinə yetirmək üçün bütün
torpaqşünas alimlər kimi Muxtar müəllim də bu
zonada şoran və şorakət torpaqlarda işləmək
arzusunda olduğu üçün, bu arzu onu Azərbaycan
Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan SSR EA
Torpaqşünaslıq və Aqrokimya İnstitutuna gətirmişdi.
Muxtar Abduyevin şoran və şorakət
torpaqlarda tədqiqat apardığı dövrlərdə
SSRİ miqyasında suvarma əkinçiliyinə görə
Azərbaycan ikinci yerdə idi. Günəş enerjisinin bol
olması boz torpaqlarda pambıqçılığın
inkişaf etdirilməsinə imkan verirdi. Nəticədə isə
torpaqşünas alim apardığı araşdırmalarla,
çöl və laboratoriya təcrübələri ilə
müəyyən edirdi ki, həmin torpaqlarda
vaxtaşırı şorlaşma dərəcəsi artır,
buna müvafiq olaraq məhsuldarlıq aşağı
düşür. Beləliklə də, Kür-Araz
ovalığında olan torpaq ehtiyatı öz keyfiyyətini
itirdi. Buna görə də, Muxtar Abduyev həmin ərazilərdə
torpaq tədqiqatını genişləndirir, gətirdiyi
torpaq nümunələrini laboratoriya şəraitində
analiz edir və onlardan mühüm nəticələr
alırdı.
Torpaqşünaslıq elminin mahir bilicisi
olan Muxtar müəllim Azərbaycanın şoran və
şorakət torpaqlarında apardığı elmi tədqiqatları
get-gedə dərinləşdirirdi. Belə axtarışlar nəticəsində
hər gün, hər ay daha bir yeniliyə imza atırdı.
Şoran və şorakət torpaqlara aid olan elmi yenilikləri
Muxtar Abduyev Azərbaycan torpaqşünaslığına gətirmiş,
onu inkişaf etdirmək üçün yaradıcı bir
mövqe tutmuşdu. Onun bu yaradıcılığı isə
öz bəhrəsini verdi. O, yenilikçi alimlər
arasında xüsusi imzası ilə seçilən
torpaqşünas alimlərin daim diqqət mərkəzində
oldu.
Muxtar Abduyev çox böyük zəhmətlərin,
yuxusuz gecələrin hesabına elmi tədqiqat işlərini
uğurla davam etdirirdi. Torpaqşünaslıq elminin
bütün istiqamətləri kimi, şoran və şorakət
torpaqların meliorasiyası da həyata tətbiq edilən,
aramsız olaraq gəlir gətirən elmdir. Bu baxımdan
Muxtar müəllimin apardığı bütün elmi-tədqiqat
işləri başa çatan kimi istehsalatda öz tətbiqini
tapdı.
Azərbaycan torpaqşünaslıq elminin
yaranmasında və inkişaf etdirilməsində görkəmli
alimlərdən Həsən Əliyev, Cəbrayıl
Hüseynov, Vladimir Volobuyev, Məmmədəmin Salayev,
Kazım Ələkbərov, Şahalı Həsənov, Xəlil
Mustafayev kimi görkəmli torpaqşünas alimlər
arasında Muxtar Abduyevin də adı həmişə
xüsusi hörmətlə çəkilir.
Torpaqşünaslıq elminin
inkişafı tarixində belə görkəmli alimlərlə
birgə işləmək çətin olmaqla bərabər,
həm də çox şərəfli idi. Muxtar müəllimin
torpaqşünaslıq elminin aktual məsələsi ilə məşğul
olması özünün yaradıcılıq
imkanlarını daha yeni məzmunlu elmi problemlərin həllinə
yönəltmişdir. Müntəzəm olaraq görkəmli
torpaqşünas alimlərlə
əlaqədə olması, onlardan məsləhətlər
alması, fikir mübadiləsi aparması elmin bu mühüm
problemlərinin həllində Muxtar müəllimə
yardımçı olurdu.
Heç şübhəsiz ki, alimin alimliyi
onun elmi əsərlərinin aktuallığı və
uzunömürlülüyü ilə ölçülür.
Sanballı elmi əsərlər alimi ucaldır, ona elm tarixində
xüsusi yer tapmağa əsas verir.
Bu baxımdan kənd təsərrüfatı
elmləri doktoru, professor Muxtar Abduyevin yazıb ərsəyə
gətirdiyi elmi əsərlər, kitablar təqdirəlayiqdir.
Geniş oxucu kütləsinə, mütəxəssislərə,
universitetlərdə təhsil alan tələbələrə
elmi-nəzəri fayda, bilik verən əsərlərdir.
Professor Muxtar Abduyevin məhsuldar alim əməyinin
əyani nəticələrindən biri onun “Şirvan
düzü torpaqlarının şorlaşması və onunla
mübarizə tədbirləri” (Bakı, “Elm”, 1957) əsəridir.
Bu əsərdə giriş sözündən
sonra müəllif Şirvan düzü torpaqlarının
qısa təsvirini verir.
H.Ə.Əliyev və V.R.Volobuyev (1953) tərəfindən
Şirvan düzünün boz torpaq zonasında müəyyən
edilmiş qaysaqlı çəmən, çəmən boz,
açıq-çəmən boz, qonur və s. torpaq növləri
haqqında geniş məlumat verilir, sonra
şorlaşmış torpaqlar və onların kənd təsərrüfatı
bitkilərinə təsiri analiz edilir. Şirvan düzü
torpaqlarının şorlaşma səbəbləri alim tərəfindən
araşdırılır. Qrunt sularının səviyyəsini
yuxarı qaldıran 7 amil
haqqında məlumat verilir.
Muxtar Abduyev Şirvan düzündə
şorlaşmış torpaqların coğrafi yayılması
qanunauyğunluqlarını da bu əsərdə çox
geniş təhlil etmişdir. Həmin ərazi torpaqlarının
şorlaşmasını göstərən sxematik xəritə
hazırlamışdır. O, Şirvan düzünün
şorlaşmış torpaqlarının növlərini
“şorlaşma dərəcəsi və tipinə görə”,
“duzların kimyəvi tərkibinə görə”, “əmələgəlmə
şəraiti və morfoloji quruluşuna görə” təhlil
etmişdir.
Kitabda, həmçinin,
şorlaşmış torpaqların meliorasiyası
(yaxşılaşdırılması) yolları göstərilir.
Professor Muxtar Abduyevin
torpaqşünaslıq elminə verdiyi töhfələrdən
biri də “Mil düzü torpaqlarının meliorativ
yaxşılaşdırılması” (Bakı, “Elm”, 1973) əsəridir.
Əsər Mil düzü torpaqlarına həsr olunub.
Giriş hissəsində Mil düzündə torpaqların
şorlaşma şəraiti, həmin torpaqların
şorlaşmasına təsir edən amillər, Mil
düzü torpaqlarında duzların coğrafi
yayılması haqqında məlumat verilir. Sonra müəllif
Mil düzü torpaqlarının su-duz rejimini
ayrı-ayrılıqda təhlil edir. Mil düzü
torpaqlarının meliorativ
yaxşılaşdırılması yollarını göstərir.
Qrunt sularının səviyyəsini, minerallaşma dərəcəsini
və şorlaşmış torpaqların dinamikasını təqdim
edir. Azərbaycanın kənd təsərrüfatının
inkişafında böyük əhəmiyyət kəsb edən
Mil düzü haqqındakı bu əsər böyük alim əməyinin
məhsuludur.
Muxtar Abduyevin ən böyük əsərlərindən
biri onun böyük zəhmət hesabına
apardığı elmi tədqiqatların nəticəsi olan
“Azərbaycanın gilli şoranlıqlarının sürətli
meliorasiyası” adlı monoqrafiyasıdır (Bakı, “Elm”, 1977). Monoqrafiya 10 fəsildən
ibarətdir. Bu fəsillərdə Azərbaycanın düzən
ərazilərinin təbii və torpaq - meliorativ xüsusiyyətləri;
Azərbaycanın düzən şorlaşmış
torpaqlarının yaxşılaşdırılmasının
əsasları; torpaq hidroloji şəraiti haqqında;
torpağın su ilə yuyulması; gips tətbiq etməklə
torpağın yuyulması; gips və peyinin birgə tətbiqi
ilə torpağın yuyulması; sulfat turşusunun tətbiqi
ilə torpağın yuyulması; torpağın üzvi-gips
qarışığı ilə yuyulması; torpağın
üzvi-mineral turşularla yuyulması və nəhayət
şorlaşmış torpaqların meliorasiyasına dair
tövsiyələr öz əksini tapmışdır.
Geniş oxucu kütləsi, alimlər,
doktorantlar, tələbələr üçün nəzərdə
tutulmuş bu kitab fundamental bir elmi əsərdir.
Nümunə göstərdiyimiz bu əsərlərdən
başqa Muxtar Abduyevin bir sıra xarici ölkələrdə,
o cümlədən, Amerikada (Vaşinqton, 1955), Rusiyada (Moskva,
1954, 1959, 1967, 1970, 1972, 1973; Nalçik, 1971), Ukraynada (Xarkov,
1962, 1972), Özbəkistanda (Daşkənd, 1964, 1969), Qazaxıstanda
(Alma-Ata, 1970), Misirdə (Qahirə, 1972), Belarusiyada (Minsk, 1977),
Krasnoyarskda (1978), Dağıstanda (Mahaçkala, 1978) müxtəlif
beynəlxalq konfranslarda əsərləri çap
edilmişdir.
Görkəmli alimin Azərbaycanın
populyar jurnallarında və qəzetlərində də elmi əsərləri
çap olunmuşdur (Azərbaycan SSR EA
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsərləri;
“Azərbaycanın kənd təsərrüfatı”
jurnalı; Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri”;
“Azərbaycan SSR Elmlər Akademiyasının Məruzələri”;
“Kommunist” qəzeti; “Azərbaycan qadını” jurnalı; “Azərbaycan
sosialist kənd təsərrüfatı” jurnalı;
“Pambıqçılıq” jurnalı; “Sovet kəndi” qəzeti;
“Ədəbiyyat və incəsənət” qəzeti və s.).
Muxtar Abduyev Azərbaycanın şoran və
şorakət torpaqlarının meliorasiyası elminin inkişafına,
bu elmin yeni istiqamətlərinin daha da dərinləşməsinə
əməli kömək göstərmişdir. Alimin
apardığı elmi tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, Azərbaycanın
suvarılan torpaq fondunun əsas ərazisi olan Kür-Araz
ovalığında torpaqlar təbii şəraitdən
asılı olaraq şorlaşmışdır. Belə ki,
burada arid iqlim hökm sürdüyündən torpaqlar təbii
yolla şorlaşır, antropogen təsirlər nəticəsində
torpaqların suvarılması onun şorlaşma dərəcəsini
daha da sürətləndirir və sahəsini artırır.
Su anbarlarının tikilməsi, oradan çəkilən
kanallar, kollektorlar və arxlar torpağın
şorlaşmasını artırmaqla yanaşı,
Kür-Araz ovalığında qrunt sularının səviyyəsinin
kəskin artmasına, bataqlaşmanın yaranmasına,
torpağa əlavə yükün verilməsinə səbəb
olur. Bütün bunları bilən Azərbaycanın
torpaqşünas alimləri Kür-Araz
ovalığının torpaqlarının
şorlaşmasına qarşı mübarizə
aparırdılar. Akademik V.R.Volobuyevlə çiyin-çiyinə
M.R.Abduyev bu sahədə uzun illər zəhmət çəkənlərdən
biri olmuşdur. Onların zəhmətlərinin bəhrəsi
bu gün göz qabağındadır. Şorlaşmış
torpaqların yaxşılaşdırılması yolları,
şorlaşmış və şorakətləşmiş
torpaqlarda su-duz rejiminin idarə olunması prinsipləri,
şorlaşmış torpaqların meliorativ vəziyyətə
görə təsnifatı bu alimlərin elmdə böyük
nailiyyətləri hesab edilə bilər.
M.R.Abduyev 1956-cı ildə “Şirvan
düzünün şərq hissəsi torpaqlarının
su-duz dinamikası” mövzusunda namizədlik dissertasiyası
müdafiə etmiş, SSRİ AAK tərəfindən ona kənd
təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi
verilmişdir.
1966-cı ildə isə “Azərbaycanda torpaqların
dellüvial formada şorlaşması məsələləri
və onların meliorasiyası” mövzusunda doktorluq
dissertasiyası müdafiə edir və ona SSRİ AAK tərəfindən
kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi
verilir. Muxtar müəllim elmi fəaliyyətlə məşğul
olduğu illərdə onun
aspirant və dissertantları Azərbaycanın müxtəlif
rayonlarında şorlaşmış və şorakətləşmiş
ərazilərdə elmi-tədqiqat işləri aparmaqla Muxtar
müəllimin işlərini davam etdirirdilər.
Bu elmi-tədqiqat işlərinin nəticəsi
olaraq onlar şoran və şorakət torpaqlara həsr
olunmuş müxtəlif mövzularda dissertasiyalar müdafiə
edərək alimlik dərəcəsi aldılar və beləcə
Muxtar Abduyevin yaratdığı məktəbin
davamçıları oldular.
Muxtar Abduyev Azərbaycan SSR EA-nın
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya
müdiri olmaqla yanaşı, həm də institut direktorunun
elmi işlər üzrə müavini vəzifəsində
işləyirdi. Bu vəzifəni Azərbaycan SSR EA-nın Rəyasət
Heyəti ona böyük etimad göstərərək layiq
görmüşdür.
Professor Muxtar Abduyev elmi-tədqiqat işlərindən
əlavə geniş pedaqoji fəaliyyətlə də məşğul
olmuşdur. O, S.M.Kirov adına ADU-də (indiki BDU),
Ç.İldırım adına Azərbaycan Politexnik
İnstitutunda (indiki Texniki Universitet) dəfələrlə tələbələr
qarşısında mühazirələr oxumuşdur. Muxtar
Abduyev mühüm elmi fəaliyyətinə
görə müxtəlif fəxri fərman, orden və
medallarla təltif edilmişdir. 1970-ci ildə Ümumittifaq
Torpaqşünaslar Cəmiyyətinin V.V.Dokuçayev adına
fəxri medal və mükafatına layiq
görülmüşdür.
Muxtar Rzaqulu oğlu Abduyevin məhsuldar elmi
və pedaqoji fəaliyyəti, Azərbaycan kənd təsərrüfatı
elminin inkişafında, yüksək ixtisaslı kadrların
hazırlanmasında mühüm xidmətləri vardır.
Bu qayğını mən elmə gəldiyim
ilk anlardan hiss etmişəm. Belə ki, 1973-cü ildə Azərbaycan
SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda əyani
aspiranturaya qəbul imtahanı keçirilirdi. Sənədlərimi
aspiranturaya vermişdim. İmtahan zamanı məlum oldu ki,
torpaqşünaslıq ixtisası üzrə 1 yerə 8 nəfər
sənəd verib. Əsl döyüş meydanına getdiyimi
hiss etdim. Həyəcan, imtahan vahiməsi məni birtəhər
etmişdi. Bilmirəm hansısa bir qüvvə hisslərimə
qalib gəldi və suallara fikirləşmədən cavab vermək
qərarına gəldim.
İmtahan komissiyasının üzvləri
akademik V.Volobuyev, elmlər doktorları akademik Cəbrayıl
Hüseynov və professor Muxtar Abduyev idi.
Fikrimi imtahan komissiyasının üzvlərinə
deyəndə hiss etdim ki, mənə görə bir
narahatlıq keçirdilər. Ancaq həm də bu fikrimə
təbii yanaşaraq mənə cavab verməyə icazə
verdilər. Sualların hamısına ətraflı cavab verəndən
sonra əlavə suallar da verildi. Artıq hiss edirdim ki, komissiya
üzvləri mənim cavablarımdan razı qaldılar. Digər
komissiya üzvləri kimi professor Muxtar Abduyev məni çox
sınağa çəkdi. O,
torpaqşünaslığın bütün sahələrindən,
o cümlədən, Kür-Araz ovalığının
şoran, şorakət torpaqlarının vəziyyəti ilə,
yaxşılaşdırılması yolları ilə, kimyəvi
tərkibi və laboratoriya şəraitində aparılan
torpaq analizləri ilə bağlı suallar verdi. Elə oradaca
öz müsbət fikrini bildirdi.
İmtahan qiymətlərimiz oxunanda
Komissiya üzvləri torpaqşünaslıq ixtisası
üzrə olan 1 yerə mənim qəbul olunduğumu bildirdilər.
Sonralar öyrəndim ki, burada Muxtar müəllimin ilkin
fikrinin çox böyük əhəmiyyəti olmuşdu. Həyatımda
birinci dəfə rastlaşdığım bir insanın mənim
biliyimə belə obyektiv qiymət verməsinin təsirini indi
də unutmamışam desəm səhv etmiş olmaram.
Heç şübhəsiz ki, Muxtar müəllim
təkcə elmi xidmətlərinə görə deyil və ən
əsası insana xas olan müsbət keyfiyyətlərinə
görə Azərbaycan alimlərinin, yaradıcı
insanların ürəyində əbədi olaraq
yaşayır.
Qərib Məmmədov,
Dövlət
Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri,
Akademik
Yeni Azərbaycan.-
2012.- 25 yanvar.- S.8.