Müstəqil Azərbaycanın
gömrük xidməti dinamik inkişaf yolu ilə uğurla
addımlayır
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-leytenantı Aydın Əliyev www.yap.org.az saytına
müsahibə verib:
-
Aydın müəllim, əvvəla Sizi və komitənin
bütün kollektivini qarşıdan gələn 30 yanvar-
gömrük işçilərinin peşə bayramı
günü münasibətilə təbrik edir, işlərinizdə
uğurlar arzulayırıq. Müstəqil Azərbaycanın
Dövlət Gömrük Komitəsinin
yaradılmasının 20-ci ildönümündə peşə
bayramınızı necə qarşılayırsınız?
-
2012-ci il yanvarın 30-u – Dövlət Gömrük Komitəsinin
yaradılmasının 20-ci ildönümü ölkəmiz
üçün “həqiqətən də” əlamətdar
bir hadisədir. Məlum olduğu kimi, 20 il bundan öncə,
Azərbaycan öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra 1992-ci il yanvarın 30-da Dövlət
Gömrük Komitəsi yaradılmışdır. Dövlət
Gömrük Komitəsi ötən müddət ərzində
sürətli inkişaf yolu keçmiş, ölkəmizdə
dünya standartlarına uyğun gömrük xidməti
formalaşmışdır.
Azərbaycan
Respublikası dövlət müstəqilliyini bərpa etdikdən
sonra ötən dövr ərzində xalqımızın
Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti
və gərgin fəaliyyəti nəticəsində,
ağır ilkin şərtlərə baxmayaraq, ölkənin
sosial-iqtisadi inkişafı və dünya təsərrüfat
sisteminə inteqrasiyası sahəsində çox böyük
nailiyyətlər əldə olunmuşdur. Bu gün Ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi və
xalqımızı daha parlaq gələcəyə aparan hərtərəfli
inkişaf yolunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla və inamla davam etdirilməsi, yaradılmış əlverişli
iqtisadi şərait davamlı və sürətli
inkişafı təmin etmişdir.
- Məlum
olduğu kimi, məhz 1997-ci ildə Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin
imzaladığı Sərəncam ilə gömrük
işçilərinin peşə bayramı qeyd olunur.
Ümumiyyətlə, Ulu öndərimizin ölkəmizdə
gömrük xidməti işinin gücləndirlməsi istiqamətindəki
fəaliyyətini necə səciyyələndirərdiniz?
-
Müstəqilliyimizin ilk illərində, 1991-1993-cü illərdə
xaos və tənəzzül içərisində yaşayan
Azərbaycan dövlətini və ölkə
iqtisadiyyatını bu fəlakətdən, hərc-mərclikdən
xilas edən Ulu öndər Heydər Əliyev ölkənin
iqtisadi yüksəlişi üçün təcili tədbirlər
görməyə başlamışdır. Milli
iqtisadiyyatın dirçəldilməsi üçün
ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi
və milli məhsulların xarici bazarlara çıxışının
təmin edilməsi mühüm əhəmiyyət kəsb
edirdi. Bu dövrdə xarici ticarət əlaqələrinin
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
əsas məsələlərdən biri idi. Dövlətin
daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid
gömrük siyasətinin həyata keçirilməsi əsas
məsələlərdən biri kimi gömrük xidmətinin
qarşısında vəzifə olaraq qoyulmuşdu.
Gömrük
xidmətinin ölkə iqtisadiyyatının
inkişafındakı rolunu yüksək qiymətləndirən
Ulu öndər Heydər Əliyev bu orqanın fəaliyyətini
daim diqqətdə saxlayırdı. Məhz Ümummilli lider
Heydər Əliyevin tələbkarlığı
gömrük orqanlarında uğurların təminatçısı
olmuş, beləliklə də, gömrük sistemi dövlətin
milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin
keşiyində dayanan, sosial-iqtisadi inkişafı
stimullaşdıran nüfuzlu bir orqana çevrilmişdir.
Yanvarın 30-nun gömrük işçilərinin peşə
bayramı günü kimi qeyd edilməsi də məhz Ulu
öndərin adı ilə bağlıdır. Belə ki, Azərbaycan
Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli Sərəncamı
ilə yanvarın 30-u gömrük əməkdaşlarının
peşə bayramı günü elan edilmişdir.
1997-ci
ildə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin yaradılmasının 5-ci ildönümünə
həsr olunmuş geniş iclasda Ulu öndər Heydər Əliyev
proqram xarakterli geniş nitq söyləyərək
sözügedən dövr və sonrakı illər
üçün gömrük xidmətinin
inkişafının prioritetlərini müəyyənləşdirdi.
Ulu öndər Gömrük nəzarətinin təşkili,
qaçaqmalçılığa qarşı mübarizə
və eyni zamanda, maliyyə intizamının möhkəmləndirilməsi
istiqamətində tövsiyə və
tapşırıqlarını verdi.
1995-ci
ildə Dövlət Gömrük Komitəsinin rəhbərliyində
aparılan kadr dəyişikliyinin müsbət nəticələri
elə ilk günlərdən özünü büruzə
verməyə başladı. İlk növbədə,
gömrük xidmətinə bilikli, bacarıqlı və
ixtisaslı kadrların qəbul edilməsinə
başlandı. Digər tərəfdən, Dövlət
Gömrük Komitəsinin yeni strukturunun yaradılması, yeni
gömrük idarələri və postlarının
açılması, eyni zamanda, inzibati binaların əsaslı
tikinti və təmirinin həyata keçirilməsi,
maddi-texniki bazanın inkişafı, yeni nəzarət cihaz və
avadanlıqların alınması, gömrük
qanunvericiliyinin müasir normalara
uyğunlaşdırılması və büdcənin
formalaşmasında gömrük xidmətinin rolu və əhəmiyyəti
nəzərə alınaraq hər il üçün müəyyənləşdirilən
büdcə proqnozu öhdəliyinin yerinə yetirilməsi bir
vəzifə olaraq qarşıya qoyuldu. Bunun üçün
ilk növbədə maliyyə intizamının möhkəmləndirilməsi,
ölkəyə idxal olunan mal və nəqliyyat vasitələri
üzrə gömrük ödənişlərinin
alınması və vergilərdən yayınma
hallarının qarşısının alınmasına nəzarətin
artırılması ən vacib məsələlər hesab
edilirdi. Tədricən qarşıya qoyulan vəzifələrin
həlli istiqamətində təxirəsalınmaz tədbirlər
həyata keçirilməyə başlandı və qısa
zaman kəsiyində müsbət nəticələr əldə
olundu.
-
Ötən illər ərzində gömrük xidmətinin
inkişafı və modernləşdirilməsi istiqamətində
görülən işlər haqqında da ətraflı məlumat
verməyinizi xahiş edirik...
- 20
illik zaman məsafəsində, xüsusilə 1995-ci ildən
başlayaraq gömrük xidmətinin inkişafı və
modernləşdirilməsi istiqamətində böyük
işlər görülmüşdür. Bu illər ərzində
gömrük qanunvericiliyi bazası möhkəmləndirilmiş,
Avropa standartlarına cavab verən normativ-hüquqi aktlar qəbul
edilmiş, nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
qurulmuşdur. Son 15 ildə gömrük infrastrukturunun
inkişaf etdirilməsi sahəsində bir sıra tədbirlər
həyata keçirilmişdir. Belə ki, bütün sərhəd-keçid
məntəqələri, gömrük idarələri və
postlarında əsaslı təmir və tikinti işləri
başa çatdırılmış, onlar müasir
avadanlıq və qurğularla təmin edilmişdir.
Azərbaycan
Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarıyla
təsdiq edilən dövlət proqramları, eləcə də,
“Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə
inkişafına dair Dövlət Proqramı”na əsasən,
ölkə iqtisadiyyatının bütün sahələrində,
o cümlədən, gömrük xidmətində yenidənqurma
işləri həyata keçirilmişdir. Bu illər ərzində
gömrük sisteminin infrastrukturu tamamilə yenilənmişdir.
Təkcə ötən 2010-2011-ci illərdə Astara
Gömrük İdarəsinin, Biləsuvar Gömrük
İdarəsinin “Biləsuvar” sərhəd-keçid məntəqəsinin
və Tovuz Gömrük İdarəsinin “Sınıq
körpü”, Balakən Gömrük İdarəsinin
“Mazımçay”, Xaçmaz Gömrük İdarəsinin
“Samur” gömrük postlarının beynəlxalq standartlara
uyğun yeni inzibati binaları Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə gömrük əməkdaşlarının
xidməti istifadəsinə verilmişdir. Hazırda isə Azərbaycan
Prezidentinin “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında” 14 aprel 2009-cu il tarixli Fərmanına uyğun
olaraq Xudat sərhəd-keçid məntəqəsinin əsaslı
tikintisi, eyni zamanda, Biləsuvar, Tovuz və Balakən
rayonlarında gömrük terminalı və anbarların
inşası həyata keçirilir.
Bundan
başqa, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası
dövlət sərhədinin buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi
haqqında” 11 noyabr 2008-ci il tarixli Fərmanına əsasən,
2009-cu il yanvarın 1-dən dövlət sərhədinin
buraxılış məntəqələrində “bir pəncərə”
prinsipi tətbiq edilərək, sərhəd-keçid məntəqələrində
nəzarət növlərini inteqrəedilmiş qaydada həyata
keçirməklə sərhəd-keçid
prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat
və mal axınına əlverişli şərait
yaradılması, qabaqcıl dövlətlərdə
olduğu kimi vaxt itkisinin minimuma endirilməsinə nail
olunmuşdur. Fərmana uyğun olaraq, Azərbaycan
Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılmasında “bir pəncərə” prinsipi üzrə
vahid dövlət orqanının səlahiyyətləri
Dövlət Gömrük Komitəsinə həvalə
olunmuşdur.
- Aydın
müəllim, Sizi bir daha təbrik edirik və dəyərli
müsahibəyə görə təşəkkürümüzü
bildiririk...
-
Çox sağ olun. Bu gün Heydər Əliyev yolunun layiqli
davamçısı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan
gömrüyünün öz ənənələrini qoruyub
saxlaması və daha da təkmilləşdirilməsi
işini daim diqqət mərkəzində saxlayır,
gömrük orqanlarının fəaliyyəti ölkə rəhbərliyi
tərəfindən qiymətləndirilir və
gömrükçülər daim diqqət və qayğı
ilə əhatə olunurlar. İnanıram ki, gələcəkdə
də gömrük xidməti respublikamızın iqtisadi
inkişafına təkan verməklə ölkənin iqtisadi
qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılmasında, möhtərəm
Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi
kursun reallaşmasında mühüm rol oynayacaq, gömrük
əməkdaşları bu vəzifələrin
reallığa çevrilməsinin təminatçısı
olacaqlar. Dövlət başçımızı, eləcə
də, hökumətimizi əmin edirəm ki, müstəqil Azərbaycanın
beynəlxalq nüfuzunun daha da artırılması və
xalqımızın firavan gələcəyinin təmin edilməsi
uğrunda apardığı mübarizədə yaxından
iştirak edəcək, qarşımızda qoyulan təxirəsalınmaz
vəzifələrin müvəffəqiyyətlə yerinə
yetirilməsi üçün bütün qüvvə və
bacarığımızı sərf edəcəyik.
Yeni Azərbaycan.-
2012.- 28 yanvar.- S.7.