Bakının
yeni beşulduzlu hotelləri silsiləsindən...
“JW Marriott Absheron Baku”
mehmanxanası paytaxta xüsusi yaraşıq verəcək
Hər
hansı bir ölkədə turizm sənayesinin
inkişafında beynəlxalq standartlara uyğun mehmanxana
komplekslərinin mövcudluğu vacib şərtdir.
Çünki ölkə öz daxili potensialı, görməli
yerləri ilə turistlər üçün nə qədər
cəlbedici olsa da, əgər müasir tipli mehmanxana komplekslərinə
malik deyilsə, burada turizm sektoru uğurla inkişaf etməyəcək.
Bu baxımdan, Azərbaycanın şansları daha yüksəkdir.
Belə ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son iki ildə
təkcə Bakı şəhərində altı müasir
tipli, dünya standartlarına uyğun beşulduzlu
mehmanxananın istifadəyə verilməsi
planlaşdırılıb. Bunlar “Kempinski-Badamdar”, “Hilton-Bakı”, “Jumeirah Bilgah Beach
Hotel” “Four Seasons”, “JW Marriott Absheron Baku” və “Fairmont”
mehmanxanalarıdır. Ötən il dövlət
başçısı İlham Əliyevin iştirakı ilə
bunlardan ilk üçünün – “Kempinski-Badamdar”,
“Hilton-Bakı” və “Jumeirah Bilgah Beach Hotel”
mehmanxanalarının rəsmi açılış mərasimləri
keçirilib. Digər mehmanxanalarda tikinti işləri, demək
olar ki, başa çatdırılıb, son tamamlanma və tərtibatların
işlənməsi həyata keçirilməkdədir.
Yaxın vaxtlarda, daha dəqiq desək, yazın əvvəllərində
isə paytaxtın mərkəzi meydanı olan “Azadlıq”
meydanına xüsusi yaraşıq verəcək “JW Marriott
Absheron Baku” mehmanxanası istifadəyə veriləcək. Bəs
görəsən, xüsusi arxitekturası və dizaynı ilə
uzaqdan diqqət çəkən bu mehmanxana şəhərimizin
qonaqlarına hansı üstün xidmətlər təqdim edəcək?
Bununla bağlı “JW Marriott Absheron Baku”nun baş direktoru cənab
Guy Godet əməkdaşımızın suallarını
cavablandırıb:
- Cənab
Guy Godet, öncə oxucularımıza dünyada məşhur
olan “Marriott” hotellər şəbəkəsi haqda məlumat
verməyinizi istərdik.
-
Bildiyiniz kimi, “Marriott İnternational” şəbəkəsi
dünyada ən böyük mehmanxana şəbəkəsindən
biridir. Bizim şəbəkəyə dünya üzrə
3700-dən artıq mehmanxana daxildir. Dünyanın istənilən
qitəsində bu mehmanxana brendinə rast gəlmək
mümkündür. “Marriott İnternational” şirkəti
dünyada 19 brendi ilə təqdim olunur. Həmin brendlərdən
biri olan “JW Marriott” şirkəti isə öz müştərilərinə
münasib qiymətlərlə dəbdəbəli istirahət
və rahatlıq təklif edir. Və biz bu brendi Bakıda təmsil
etməkdən qürur duyuruq. Bizim brendlərdən olan “Marriott
İnternational Rewards” dünyada ən yaxşı mehmanxana
xidməti sahəsi kimi tanınır və dünya üzrə
30 milyondan artıq üzvü var.
- Azərbaycan
turizm ölkəsi kimi dünyada kifayət qədər
tanınmaqdadır. Hər il 1 milyondan artıq turist öz
istirahəti üçün məhz ölkəmizi
seçir. Bir çox məşhur hotel brendləri uzun illərdir
ki, Bakıda fəaliyyət göstərirlər.
Maraqlıdır, bəs “Marriott”un Azərbaycana belə gec “gəlməsinin”
səbəbi nə idi?
- Öncə
qeyd etmək istərdim ki, “Marriott İnternational” həm də
bir idarəetmə şirkətidir. Onun hər hansı bir
ölkədə tikdirdiyi mehmanxana “Marriott”un və əlbəttə
ki, sahibkarın uğurlu iş birliyinin nəticəsində ərsəyə
gəlir. Təbii ki, “Marriot” bu və ya digər ölkədə
öz şəbəkəsini yaradarkən həmin ölkələrdə,
eləcə də, ümumiyyətlə regionda tədqiqatlar
aparır. Bəzən də elə olur ki, investorlardan gələn
təkliflər bizi regionun başqa bazarlarına aparıb
çıxarır. Azərbaycana gəlincə deyərdim ki,
seçimimizi düzgün etmişik. Çünki burada
“Paşa Holdinq” şirkəti ilə yaxşı əlaqələr
qura bilmişik və Bakıya gəlişimizdən məmnunluq
hissi keçiririk. Biz çox şadıq ki, sahibkarın,
dizaynerlərin və “Marriott”un birgə əməkdaşlığı
çox uğurlu alındı və biz Bakıda əsl “JW
Marriott” mehmanxanasının yaradılmasına nail olduq.
Düşünmürəm ki, Bakıya belə gec gəlişimizə
görə çox şey itirmişik. Əsas odur ki, biz
artıq buradayıq və “JW Marriott Absheron Baku” öz qonaqpərvərliyi
və təqdim edəcəyi üstün xidmətlərlə
Azərbaycanın genişlənən mehmanxana sektoruna yeni beynəlxalq
xidmət standartı gətirəcək.
- Əgər
sirr deyilsə, bəs “JW Marriott Absheron Baku”nun rəsmi
açılışı nə zamana
planlaşdırılır?
- Burada elə
bir sirr yoxdur. Gördüyünüz kimi, mehmanxanada tikinti
işləri tam başa çatıb. Hazırda mərtəbələrdə
dizayn işləri aparılır, texniki avadanlıqlar, eləcə
də, otaqlara yataq dəstlərinin döşənməsi
prosesi davam etdirilir. Düşünürəm ki, tezliklə
biz bu işləri də başa çatdıra biləcəyik.
Və yazın ilk ayında “JW Marriott Absheron Baku” artıq ilk
qonaqlarını qəbul edə biləcək. Belə hesab
edirik ki, bu, Bakıda keçiriləcək möhtəşəm
tədbirdən – “Eurovision” musiqi yarışmasından əvvəl
baş verəcək.
- Yeri gəlmişkən,
“JW Marriott Absheron Baku” paytaxtdakı digər hotellərdən
hansı üstün cəhətləri ilə fərqlənəcək?
- “JW
Marriott Absheron Baku” müştərilərinə münasib
qiymətlərlə, eyni zamanda, yüksək keyfiyyətli, hətta
dəbdəbəli mehmanxana xidmətləri təqdim edəcək.
Bura rahatlığı sevən, komfort və gözəlliyin
vəhdətini dəyərləndirə bilən, bir sözlə,
hətta deyərdim ki, mehmanxanalar üzrə həqiqi ekspertlər
üçün bir istirahət məkanı olacaq. Bizim vəzifəmiz
isə müştərilərə-dünya ölkələrinə
səfərə çıxan səyyahlara orijinallıq bəxş
etməkdir, onlara özlərini lap evlərindəki kimi hiss
etmələri üçün şərait yaratmaqdır. Bu
mənada, biz hər kəsin arzu edə biləcəyi bir xidmət
təqdim edəcəyik, bizim göstərəcəyimiz bu
xidmət “sanki” incəsənət nümunələri olacaq. Əminəm
ki, qonaqlarımız da uzun illərin təcrübəsinə
əsaslanan bu xidmətlərdən çox məmnun
qalacaqlar.
Bundan əlavə,
mehmanxana kompleksinə böyük ziyafətlərin
toyların keçirilməsi üçün çox
münasib olan, sahəsi 1200 m2-dən artıq olan “Şərq
Zalı”, eləcə də, bir neçə konfrans zalı
daxildir. Bütün otaqlar, eləcə də, mehmanxananın
istənilən ərazisində Wi-Fi sistemli internet olacaq. Biz, həmçinin,
4 ədəd yüksək zövqlə tərtib olunmuş
qidalanma məkanını təqdim etməkdən qürur
hissi keçiririk. Bunlardan birincisi “Fireworks” restoranıdır.
Biz bu adı təsadüfən seçməmişik. Azərbaycan-odlar
yurdudur, onun simvolu isə alov olduğundan bu ideya üzərində
dayanmışıq. Burada müştərilərimiz Azərbaycan,
Türkiyə, İran və Hindistan mətbəxlərinin ləziz
təamlarından zövq ala biləcəklər.
Digər
istirahət məkanı isə “OroNero” restoranıdır.
İtalyan dilindən tərcümədə “Qara Qızıl”
deməkdir. Axı Azərbaycan öz nefti ilə dünyada məşhurdur.
Burada dincələn qonaqlar Bakının gözəl mənzərəsindən
zövq ala-ala, həm də italyan mətbəxinin təamlarından
dadacaqlar. “RazzMatazz” barı isə mehmanxanamızın ən dəbdəbəli
məkanıdır. Buradan qonaqlar paytaxtın mənzərəsini
seyr edəcək, Bakı gecələrinin füsunkar gözəlliklərinə
tamaşa edə-edə gözəl istirahət edəcəklər.
Və nəhayət, “Zest Kafe”yə gələn müştərilərimiz
burada hər zövqə uyğun kulinariya nümunələrindən
dadmaq imkanı qazanacaqlar. Düşünürəm ki, bizim
xidmətlərimizi müştərilərimiz uzun zaman
xatırlayacaqlar.
- Bəs
mehmanxanada çalışan kadr potensialı haqda nə deyə
bilərsiniz? Yerlilər buradakı işləyənlərin
neçə faizini təşkil edəcək?
-
Mehmanxanın idarəetməsinə cəlb olunmuş əcnəbi
vətəndaşları saymasaq, demək olar ki,
işçilərin böyük əksəriyyəti Azərbaycan
vətəndaşları olacaq. Deyərdim ki, işçilərimizin
90 faizdən çoxunu, məhz yerli vətəndaşlar təşkil
edəcək. Biz burada həm də onların təlimini təşkil
edəcək, peşə hazırlığına yüksək
diqqət yetirəcəyik. Həmçinin, qeyd etmək istərdim
ki, aşbazların böyük əksəriyyəti də, məhz
yerli mütəxəssislər olacaq.
- Cənab
Guy Godet, ümumiyyətlə, Azərbaycanı bir turizm
ölkəsi kimi necə xarakterizə edərdiniz? Sizcə,
“JW Marriott Absheron Baku” Azərbaycanda turizm sektorunun
inkişafına nə kimi töhfələr verəcək?
-
Düşünürəm ki, Azərbaycan gizli bir mirvariyə
bənzəyir, bu yer hələ tədqiq olunmalı və
dünya ictimaiyyətinə təqdim edilməlidir. Bu region,
ümumiyyətlə, dünyanın digər bölgələrindən
qat-qat fərqlənir. Azərbaycan zəngin tarixə və mədəniyyətə
malik, gəzməli-görməli yerlərlə zəngin olan
müasir bir ölkədir. Dünya ölkələrinə səyahətə
çıxan hər bir turistə bu füsunkar təbiətli
ölkəyə gəlməyi, buradakı gözəlliklərin
canlı şahidi olmasını tövsiyə edərdim. O ki
qaldı sualın ikinci hissəsinə, “Marriott
İnternational”, yuxarıda qeyd etdiyim kimi, dünyada ən
böyük mehmanxana şəbəkəsindən biridir,
şirkətimiz dünya ölkələri üzrə 3700-dən
artıq mehmanxanaya malikdir. Bundan əlavə, “Marriott”
böyük bir yayım zənciridir. Belə ki, müxtəlif
regionlarda, şəhərlərdə yerləşən
“Marriott” hotellərinin təbliği üçün
www.marriott.com səhifəsi mövcuddur. Bu səhifəyə
daxil olan turistlər sözsüz ki, Bakı haqqında, Azərbaycanın
turizm potensialı haqqında da informasiya əldə edirlər.
Bu isə, öz növbəsində Azərbaycanın
dünyada təbliği deməkdir. Bundan əlavə, şirkətimizin
“Qlobal Satış Ofisləri” vasitəsi ilə dünya
üzrə çoxsaylı və müxtəlif mənbələr
mövcuddur, qonaqlarımızı marketinq alətləri vasitəsi
ilə həvəsləndirir və
mükafatlandırırıq. Düşünürəm ki,
bütün bu vasitələr nəticə etibarı ilə
Azərbaycana turist axınının çoxalmasına gətirib
çıxaracaq. Bizim işimizin uğuru, sözsüz ki, Azərbaycanda
turizm sektorunun inkişafına müəyyən töhfələr
vermiş olacaq.
- Turizm
sahəsində çalışan bir peşəkar olaraq, sizcə,
ölkədə turizmin inkişafı üçün
dövlət tərəfindən daha hansı addımlar
atılmalıdır?
- Azərbaycanda
turizmin inkişafı üçün dövlət tərəfindən
kifayət qədər işlər görülüb, gözəl
investisiya mühiti yaradılıb. Amma bununla belə, əlavə,
ölkəyə daha çox sayda hava yolları şirkətlərini
cəlb etmək lazımdır. Sözsüz ki, bunlara daha bir
mühüm məsələni əlavə etmək istərdim
- bu, marketinqdir. Düşünürəm ki, marketinq
kampaniyaları yaratmaqla Azərbaycanın turizm
potensialını xaricdə təbliğ etmək çox zəruridir.
- Sonda bir
əcnəbi vətəndaş olaraq Azərbaycandakı
iqtisadı inkişafı necə dəyərləndirərdiniz?
Bildiyiniz kimi, bu il Azərbaycan paytaxtı, həm də
“Eurovision” musiqi yarışmasına ev sahibliyi edəcək.
Sizcə müsabiqəni izləmək üçün
paytaxtımıza gələn qonaqlar Bakıdan hansı təəssüratlarla
ayrılacaqlar?
- Bu suala
bir qədər geniş cavab vermək istərdim. Düzü,
indiyədək heç Azərbaycanda olmamışdım.
İlk dəfə 3 ay əvvəl Bakıya gəldim.
Asiyanın müxtəlif ölkələrində
işgüzar səfərlərdə olmuşdum, bir sıra
ölkələrdə işləmişdim. Dostlarımın
söhbətlərindən isə Azərbaycanın tipik bir
Asiya ölkəsi kimi təsəvvür edirdim. Heydər Əliyev
Beynəlxalq Hava Limanında yerə enəndən sonra ölkəniz
haqda təsəvvürlərim tamam dəyişdi. Şəhərə
gələrkən yol boyu inşa olunan müasir körpülər,
yol ötürücüləri, geniş şosselər
Bakının necə müasir, inkişaf etmiş bir şəhər
olduğundan xəbər verirdi. Şəhərə
çatarkən artıq axşam düşürdü. Mənim
üçün şəhərin mərkəzindəki
hündür mehmanxanaların birində, lap yuxarı mərtəbədə
otaq tutulmuşdu. Otağımın pəncərəsindən
ətrafa baxdım, şəhər başdan-başa nura qərq
olunmuşdu. Düzü Bakının axşamları məni
daha çox valeh etdi. Gündüz şəhərdə gəzintiyə
çıxdıq. Bakıda Avropa memarlıq üslubunda
tikilmiş, bir-birindən yarışıqlı çoxlu
binalar gördüm. Buradakı park və xiyabanlar,
hündür, müasir dizaynda inşa edilən binaları
gördükdən sonra anladım ki, Azərbaycan,
dostlarımın dediyi kimi, tipik bir Asiya ölkəsi deyil-bura
heç də Avropa ölkələrindən geri qalmayan,
onlarla ayaqlaşan bir məmləkətdir.
İnsanlarınızın səmimiyyəti, qonaqpərvərliyi
daha çox marağıma səbəb olmuşdu. Bir də
vazkeçilməz Azərbaycan mətbəxi. Mən
özüm, belə deyək, (gülür), yarı vegetarianam.
Tərvəz yeməklərini çox sevirəm. Burada, Azərbaycan
milli mətbəx nümunələrini görəndən
sonra, – nəzərə alsaq ki, bunların böyük əksəriyyəti
ət yeməkləridir, çox tutumludur, – deyəsən, mən
də artıq kökəlməyə başlamışam. Bir
sözlə, Azərbaycan, onun xalqı və mədəniyyəti
çox qədim və zəngin tarixə malikdir. Onun
paytaxtı – şəhərlər gözəli Bakı –
fantastik dərəcədə füsunkar və valehedicidir.
Buradakı iqtisadi inkişafı dünyanın heç bir
yerində müşahidə etmək olmaz. Sizə
sadaladıqları dostlarıma da deyirəm, onlara məktubda
yazıram ki, gəlib buradakı gözəlliklərin
canlı şahidi olsunlar.
O ki
qaldı “Eurovision”a, düşünürəm ki, Avropanın
builki mötəbər musiqi yarışmasında hər
şey çox gözəl və fərqli olacaq.
Çünki bu yarışmaya Bakı ev sahibliyi edəcək.
Bunun üçün, əminəm ki, Azərbaycanın kifayət
qədər potensial imkanları var. Düşünürəm
ki, müsabiqəni izləmək üçün Bakıya gələcək
qonaqlarda mənim kimi, buradakı gözəlliklərdən
çox heyrətlənəcəklər. Bu şəhər
qonaqlarda unudulmaz anlar, xoş xatirələrlə yadda qalacaq. Əminəm
ki, Bakı, müsabiqənin təşkili və keçirilməsi
ilə “Eurovision”un tarixində
önəmli iz buraxmış olacaq.
- Səmimi
söhbət üçün təşəkkür edirik.
- Mən
də fürsətdən istifadə edərək bütün
Azərbaycan xalqına minnətdarlığımı bildirir,
müstəqil Azərbaycan dövlətinə isə daim
iqtisadi inkişaf və yeni-yeni nailiyyətlər
arzulayıram.
Səlim Loğmanoğlu
Yeni Azərbaycan.- 2012.- 28 yanvar.-
S.7.