Ulu öndər Heydər Əliyevin neft
strategiyası Azərbaycanın xoşbəxt gələcəyinə
xidmət edir
Ümummilli lider Heydər Əliyev:
Neft Azərbaycanın ən böyük sərvəti olub,
xalqa, özü də təkcə indiki nəslə deyil, həm
də gələcək nəsillərə mənsubdur
Məlum
olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yanvarın 21-də xalqımızın
Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında
Sərəncam imzalayıb. Dahi Heydər Əliyev şəxsiyyətinin
Azərbaycan dövlətçilik tarixində müstəsna
yeri olduğu bildirilən Sərəncamda qeyd edilir ki, azərbaycançılıq
məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu
öndər öz müdrik siyasəti, dönməz əqidəsi
və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna çatmasına
nail olub. Azərbaycanda müasir demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğunun, vətəndaş
cəmiyyətinin təşəkkülünün, milli-mənəvi
dəyərlərə qayıdışın, elmin, təhsilin,
mədəniyyətin inkişafının əbədi surətdə
Heydər Əliyevin adı ilə bağlı olduğu
vurğulanan Sərəncamda diqqətə
çatdırılır ki, respublikamızın dünya
miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə
çevrilməsi, milli neft strategiyasının uğurla həyata
keçirilməsi məhz Ümummilli liderin xidmətləridir.
Sərəncamda bildirilir ki, Azərbaycanda qeyri-neft sektorunun
inkişaf etdirilməsi, ölkəmizin dünya
iqtisadiyyatına uğurla inteqrasiyası, milli ordumuzun
formalaşması və Cənubi Qafqazda aparıcı hərbi
qüvvəyə çevrilməsi, ana dilimizin dövlət
dili kimi tətbiqi, onun imkanlarının genişləndirilməsi
və Azərbaycan xalqının ən böyük sərvəti
kimi dəyərləndirilməsi, mədəniyyətimizin və
zəngin tarixi irsimizin dünya ictimaiyyətinə
tanıdılması Ulu öndər Heydər Əliyevin
uzaqgörənliyinin və müdrikliyinin məntiqi nəticəsidir.
Ümummilli liderin rəhbərliyi altında milli maraqlara əsaslanan
və siyasi perspektivləri nəzərə alan xarici siyasət
kursunun müəyyənləşdirildiyinin, dünyanın
aparıcı dövlətləri və beynəlxalq təşkilatları
ilə qarşılıqlı münasibətlərin
qurulduğunun bildirildiyi Sərəncamda deyilir ki, Ulu öndər
Böyük İpək Yolunun mühüm mərkəzi olan,
mədəniyyətlərin və sivilizasiyaların
qovşağında yerləşən ölkəmizi
dünyada tolerantlığın və
dözümlülüyün məkanı kimi tanıdıb.
Müstəqil
Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində
Heydər Əliyev tərəfindən aparılan
ardıcıl və məqsədyönlü siyasət nəticəsində
Azərbaycan diasporunun təşkilatlandığı,
inkişaf etdiyi vurğulanan Sərəncamda diqqətə
çatdırılır ki, Ulu öndər XX əsrdə
totalitarizmin ölkəmizə qarşı törətdiyi faciələrin
davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə
hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirib.
Sərəncamda
deyilir: “Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin
ilk illərində Azərbaycanı vətəndaş
müharibəsi həddinə çatdırdığı
bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə gəldiyi gün - 1993-cü ilin 15
iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu
qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə,
həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə
və insanların gündəlik real həyatında büruzə
vermişdir”.
Sərəncama əsasən,
müstəqil Azərbaycan dövlətinin hərtərəfli
inkişafı yolunda əvəzsiz tarixi xidmətləri nəzərə
alınaraq, milli dövlətçilik ideyasının bərqərar
olması və ölkəmizin beynəlxalq aləmdə
nüfuzunun artması naminə misilsiz töhfələr vermiş
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin
90 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində
geniş qeyd edilməsi qərara alınıb.
Ümummilli lider
Heydər Əliyev Azərbaycanda neft sənayesinin möhkəm
təməlini yaradıb
Sərəncamda da qeyd olunduğu kimi, respublikamızın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi məhz Ümummilli liderin xidmətləridir. Lakin hər kəsə bəllidir ki, neft strategiyasının hazırlanması və həyata keçirilməsi heç də asanlıqla başa gəlməyib.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra digər sahələrdə olduğu kimi, neft-qaz sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş verdi. Ümumiyyətlə, birmənalı şəkildə vurğulamaq yerinə düşər ki, Azərbaycanın bugünkü neft strategiyasının əsasları məhz ötən əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaradılıb. Həmin illərdə mütərəqqi neftçıxarma texnikasının tətbiqi, neftayırmada ən müasir texnologiya əsasında yeni emal qurğularının tikilməsi nəticəsində Azərbaycanın neft sənayesi keçmiş SSRİ miqyasında ön mövqeyə çıxdı. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi yaradıldı və SSRİ Neft Sənayesi Nazirliyi dəniz şəraitində işləmək təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işləmə, istismar və digər işlərin aparılmasını məhz Azərbaycan neftçilərinə həvalə etdi.
Bəhs edilən dövrdə Xəzərin Azərbaycan
sektorunda 40 metrədək dərinlikdəki perspektiv sahələrdə,
demək olar ki, neft-qaz yataqlarının hamısı aşkar
olunmuşdu. Dənizdə hasilatın artırılması
daha böyük dərinliklərdəki neft-qaz
yataqlarının aşkarlanması və istismarı sayəsində
mümkün ola bilərdi. Bundan ötrü isə daha
müasir texnika tələb olunurdu. Beləliklə,
xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
və səyi nəticəsində ötən əsrin 70-80-ci
illərində Azərbaycana 75 növdə 400-dən çox
ağır yükqaldıran kran gəmisi, boruçəkən
gəmilər, seysmik, sərnişin və s. gəmi növləri
gətirildi. Xəzərdə 2500 ton
gücündə “Azərbaycan” kran gəmisi işə
başladı. Bundan başqa, ilk vaxtlarda dənizin 70 metr dərinliyində
olan sahələrdə geoloji-kəşfiyyat işləri
aparmaq üçün “Xəzər” tipli özüqalxan,
sonralar isə dənizin 200 metr dərinliyindəki sahələrdə
işləməyə imkan verən
“Şelf” tipli yarımdalma üzən qazma
qurğularının alınması nəticəsində dənizin
daha dərin sahələrində zəngin neft və qaz
yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə,
neft hasilatı iki, qaz hasilatı isə üç dəfə
artdı. 1975-ci ildə
respublikada neft və qazın ümumi
hasilatı 27,1 milyon ton yüksəldi. Ötən
əsrin 80-ci illərində respublikamızda üzən qazma
qurğularının sayı 11-ə
çatdırıldı. Onlardan istifadə
nəticəsində indi Azərbaycanda neft hasilatının əsasını
təşkil edən “Günəşli”, “Çıraq”, “Azəri”
və başqa yataqlar aşkar edildi. Həmin dövrdə
bütün dünyada analoqu olmayan Dərin Dəniz
Özülləri zavodunun Bakıda inşasına və bu məqsədlə
keçmiş ittifaq büdcəsindən 450 milyon ABŞ
dolları həcmində vəsaitin ayrılmasına nail
olunması Ulu öndər Heydər Əliyevin möhkəm
iradəsinin və yüksək nüfuzunun nəticəsi idi.
Neft
hasilatının artırılması ilə paralel surətdə
neftayırma zavodlarının yenidən qurulmasına start
verildi. Ulu öndərimizin qətiyyəti sayəsində
“Azərbaycanın neftayırma sənayesinin yenidən
qurulması” planının SSRİ rəhbərliyi tərəfindən
təsdiq edilməsi respublikamızda neftayırma sənayesinin
qarşısında yeni inkişaf perspektivləri
açdı. Həmin dövrdə Yeni Bakı Neft
Emalı və “Azərneftyağ” zavodlarında “ELOU-AVT-6”,
katalitik riforminq, neftin kokslaşdırılması, katalitik
krekinq və digər qurğuların inşası Ümummilli
lider Heydər Əliyevin qətiyyətinin və uzaqgörənliyinin
bariz ifadəsidir. Qeyd edək ki, bu nəhəng
qurğular bu gün də respublikamızda neftayırma sənayesinin
əsasını təşkil edir.
“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın yeni
neft erası başladı
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin
əvvəllərində, yəni, Azərbaycanın müstəqilliyinin
ilk çağlarında respublikamızda həyatın
bütün sahələri, o cümlədən də, neft-qaz
sektoru ciddi çətinliklərlə üzləşmişdi. Keçmiş
sovet respublikaları ilə iqtisadi əlaqələrin
qırılması, AXC-Müsavat iqtidarının səriştəsiz
idarəçiliyi ucbatından ölkədə daxili sabitliyin
pozulması, maliyyə və texniki təchizatın
sıfır həddinə düşməsi neft-qaz sektorunda
sözün əsl mənasında böhran vəziyyəti
yaratmışdı. Hasilat hədsiz dərəcədə
aşağı düşmüşdü, maliyyə və
texniki problemlər ehtiyatları təsdiqlənmiş “Azəri”,
“Çıraq”, “Günəşli” kimi yataqların işlənməsinə
imkan vermirdi. Bir sözlə, Azərbaycanda neft sənayesində
illər uzunu yığılmış müsbət ənənələr
itirilirdi...
Qeyd edək ki, yalnız Ümummilli lider Heydər Əliyev
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
Azərbaycanda yenidən hakimiyyətə gəldikdən sonra
ölkənin neft sənayesinin qarşısında yeni
inkişaf perspektivləri açıldı. Ulu öndər
Heydər Əliyev neft sənayesində yaranmış çətin
vəziyyəti aradan qaldırmaq və Xəzərin
karbohidrogen ehtiyatlarının işlənməsini təmin
etmək üçün özünəməxsus uzaqgörənliklə
ən optimal variant seçdi. O, Xəzərin dərin sulu hissəsində yerləşən “Azəri”,
“Çıraq”, “Günəşli” kimi yataqların birgə
işlənməsi üçün xarici neft şirkətlərini
Azərbaycana dəvət etmək qərarına gəldi. Ümummilli lider qısa müddətdə Azərbaycanın
sabahına, strateji hədəflərinə hesablanan yeni neft
strategiyasını işləyib hazırladı. Xarici şirkətlərlə aparılan
danışıqlar uğurlu sonluqla tamamlandı.
1994-cü il sentyabrın 20-də “Azəri”-”Çıraq”-”Günəşli”
yataqlarının işlənməsi üzrə
dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti
ilə “Məhsulun Pay Bölgüsü” sazişi-”Əsrin
müqaviləsi” imzalandı.
Beləliklə,
“Əsrin müqaviləsi”nin imzalanması
ilə Azərbaycanda neft sənayesinin yeni inkişaf erası
başladı. Hər şeydən öncə,
respublikanın neft sənayesinin keçmiş şöhrəti
özünə qayıtdı, Azərbaycan beynəlxalq birlik
üçün etibarlı tərəfdaşa çevrildi.
Bu gün artıq heç kəsdə
şübhə yoxdur ki, Azərbaycanın müstəqillik
illərində qazandığı misilsiz nailiyyətlərin
təməli Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
yeni neft strategiyası ilə qoyulub.
Təkcə
respublikamız üçün deyil, həmçinin, Avropa, Cənubi
Qafqaz, Orta Asiya regionu üçün də strateji əhəmiyyət
daşıyan “Əsrin müqaviləsi” Azərbaycanın
müstəqil dövlət kimi öz təbii sərvətlərinə
sahib çıxmaq, milli maraqlarını təmin etmək əzmində
olduğunu təsdiqlədi. Eyni zamanda, bu layihə
Azərbaycanın dövlət müstəqilliyinin və əhalinin
yüksək sosial rifahının təmin olunmasının
mühüm qarantına çevrildi. Məhz “Əsrin
müqaviləsi”nin uğurla
reallaşdırılması sayəsində respublikanın
iqtisadiyyatı sürətlə modernləşir və
dünya iqtisadiyyatına sıx inteqrasiya edir. Belə ki,
1994-cü ildən bu yana ölkənin neft
sektoruna 40 milyard dollardan artıq sərmayə qoyulub. Ötən illərdə xarici neft şirkətləri
ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında
30-dan çox “Hasilatın Pay Bölgüsü” sazişi
imzalanıb. Proqnozlara əsasən, həmin
sazişlər çərçivəsində Azərbaycan
iqtisadiyyatına qoyulacaq sərmayələrin həcmi 60
milyard dollara çatacaq.
Onu da vurğulamaq yerinə düşər ki, “Əsrin
müqaviləsi” imzalandıqdan ötən dövrdə Azərbaycanda
neft hasilatı 5-6 dəfə artaraq hazırda ildə 50 milyon
tonu ötüb. Bu gün Azərbaycan nefti ABŞ, Çin, İngiltərə,
Almaniya, Fransa, Hindistan, İsrail, Cənubi Koreya, Braziliya,
İndoneziya, Çili, İspaniya da daxil olmaqla dünyanın
33 ölkəsinə ixrac olunur.
Azərbaycan qaz idxal edən ölkədən
mavi yanacaq ixrac edən ölkəyə çevrilib
Yeri gəlmişkən, Ümummilli lider Heydər Əliyevin
müəllifi olduğu yeni neft strategiyasının uğurla
həyata keçirilməsi respublikamızda neftlə
yanaşı, qaz hasilatının da kəskin şəkildə
artmasına səbəb olub. Bütövlükdə,
Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatı 2 trilyon
kubmetr həcmində dəyərləndirilir. Bu həcmin hətta 5-7 trilyon kubmetrədək
artacağı ehtimal olunur. Hazırda Azərbaycanda
gün ərzində təxminən 75 milyon kubmetr qaz hasil
edilir ki, bu da dənizdə və quruda istismar olunan yataqlardan,
xarici şirkətlərlə birgə işlənən
“Şahdəniz” və “Azəri-Çıraq-Günəşli”
yataqlarından alınır. Ölkəmizdə
son illərdə qaz hasilatı 5 dəfə artaraq 2004-cü
ildəki 5 milyard kubmetrdən hazırda ildə təxminən
30 milyard kubmetrə çatıb. Nəticədə,
Azərbaycan qaz idxal edən ölkədən mavi yanacaq
ixracatçısına çevrilib. Bir neçə il əvvəl Azərbaycan Rusiyadan qaz idxal
edirdisə, artıq bu ölkəyə qaz
satışını həyata keçirir. Gürcüstan,
Türkiyə, Rusiya, İran, Yunanıstan Azərbaycan
qazının alıcıları sırasındadır.
2010-cu ildə Azərbaycanda dünya miqyaslı yeni
böyük qaz yatağı- “Ümid” kəşf edildi. Belə bir əlamətdar
hadisənin xüsusi özəlliyi ondadır ki, uzun fasilədən
sonra bu böyük qaz yatağında bütün qazma və
kəşfiyyat işləri məhz respublikanın öz
gücünə həyata keçirildi. “Ümid”
müstəqillik dövrünün ən böyük qaz
yatağıdır. Əgər bu yatağın
proqnozlaşdırılan ehtiyatlarının 200 milyard kubmetr
olduğunu nəzərə alsaq və platformanın
gücünü 6 milyard kubmetr götürsək, onda təkcə
bu yatağın təqribən 30 ildən artıq stabil ixrac
imkanına malik olduğu aydınlaşar. Bundan
başqa, “Ümid” yatağı digər perspektivli
yataqların, o cümlədən, ehtiyatlarının işlənmə
vəziyyəti daha əlverişli olan “Babək” blokunun
istismarına əlverişli perspektivlər açır.
İxrac marşrutlarının
diversifikasiyası Azərbaycanın müstəqil enerji siyasətini
hər hansı iqtisadi və siyasi təzyiqlərdən qoruyur
Ümummilli lider Heydər Əliyevin işləyib
hazırladığı yeni neft strategiyasında, eyni zamanda,
ixrac marşrutlarının şaxələndirilməsi prioritet
məsələlərdən biri kimi qarşıya qoyulub. Bu da ilk
növbədə Azərbaycanın müstəqil enerji siyasətini
hər hansı mümkün iqtisadi və siyasi təzyiqlərdən
qorumağa hesablanıb. “Əsrin
müqaviləsi” imzalandıqdan sonra ötən müddətdə
şaxələndirilmiş etibarlı ixrac neft-qaz kəmərləri
şəbəkəsi yaradılıb. Bunun
da nəticəsində bu gün Azərbaycanın nefti və
qazı dünya bazarlarına təhlükəsiz şəkildə
alternativ marşrutlarla nəql olunur.
Şimal istiqamətində uzanan Bakı-Novorossiysk boru xətti
əvvəllər mövcud olsa da, “Əsrin müqaviləsi”
çərçivəsində hasil olunan neftin dünya
bazarlarına etibarlı şəkildə
çıxarılmasını təmin etmək
üçün kəmər əsaslı şəkildə
yenidən qurulub. Uzunluğu 1330 kilometrə çatan
şimal xəttinin 231 kilometri Azərbaycandan keçir və
bu hissənin operatoru ARDNŞ-dir. Yenidən qurulduqdan sonra kəmərin
neftlə doldurulmasına 1996-cı ildə başlanıb.
Şimal xəttinin gündəlik ötürmə
qabiliyyəti 105 min bareldir.
Uzunluğu 833 kilometr olan Qərb İxrac Boru Kəməri
Azərbaycanın Səngəçal terminalından
başlayır və Gürcüstanın Supsa limanınadək
uzanır. Bakı-Supsa Xəzərin Azərbaycan sektorunda hasil
olunan neftin Gürcüstandan keçməklə dünya
bazarlarına nəqlini təmin edir. Kəmərin
inşası 1997-1998-ci illərdə həyata keçirilib.
Supsada ilk Azərbaycan nefti tankerlərə
1999-cu ildə yüklənib.
Bu gün “Əsrin müqaviləsi” çərçivəsində
hasil edilən əsas neft Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri
vasitəsilə Avropa bazarlarına çatdırılır. Bir vaxtlar bu kəmərin
inşasına septik yanaşılır, onu utopik layihə
adlandırırdılar. Ancaq uzaqgörən
siyasətçi Heydər Əliyev vəziyyəti real qiymətləndirirdi.
Bakı-Novorossiysk və Bakı-Supsa
böyük neftin dünya bazarlarına
çıxarılması üçün yetərli deyildi.
Buna görə də, Ümummilli lider Heydər
Əliyev yeni kəmərin perspektivlərini əsaslandırdı
və onun tikintisində israr etdi. Yalnız Heydər Əliyevin
yüksək nüfuzu və müxtəlif ölkələrin
dövlət və hükumət başçıları,
siyasi, işgüzar dairələrin nümayəndələri,
beynəlxalq neft şirkətlərinin rəhbərləri ilə
mütəmadi danışıqlar aparması nəticəsində
Azərbaycan neftinin Türkiyəyə nəql olunması və
oradan dünya bazarlarına çıxarılması barədə
mühüm hökumətlərarası sənədlər
imzalandı. Ümummilli lider Heydər Əliyevin
qətiyyətlə əsaslandırdığı ideyanın
gerçəkləşməsi istiqamətində Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının 1999-cu
ilin noyabrında İstanbulda keçirilən sammiti
mühüm mühüm rol oynadı. Belə
ki, sammit çərçivəsində “Xam neftin Azərbaycan
Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin
ərazisi ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
vasitəsilə nəql edilməsinə” dair saziş
imzalandı. Eyni zamanda, zirvə görüşündə
Azərbaycan, Türkmənistan, Gürcüstan, Qazaxıstan,
Türkiyə və ABŞ prezidentləri layihəni dəstəkləyən
“İstanbul Bəyannaməsi”ni
imzaladılar. Zaman Ulu öndərin uzaqgörənliyini
bir daha təsdiqlədi. Bu gün əsas
neftin daşınması üçün
Bakı-Tbilisi-Ceyhanın (BTC) ən optimal seçim olduğu
heç kəsdə şübhə doğurmur. Məlumat
üçün bildirək ki, uzunluğu 1768 kilometr, gündəlik
ötürmə qabiliyyəti 1 milyon barel olan əsas ixrac boru
kəmərinin inşası 2003-2005-ci illərdə həyata
keçirilib. Kəmərin neftlə doldurulmasına 2005-ci il mayın 10-da - Ulu öndərin anım
günündə başlanılıb. Kəmərlə Ceyhan
limanına nəql olunan xam neft doldurulan ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb. Sevindirici haldır ki, XXI əsrin ən böyük
enerji layihəsi sayılan Bakı-Tbilisi-Ceyhan onun ideya müəllifi
və reallaşmasının əsas təşəbbüskarı
olan Ümummilli lider Heydər Əliyevin adını
daşıyır.
İxrac
kəmərləri içərisində özünəməxsus
yeri olan Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri isə Xəzər
dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz”
yatağından çıxarılan qazın Gürcüstana
və Türkiyəyə nəqli üçün inşa
olunub. Uzunluğu 980 kilometrə çatan kəmər
ildə 20 milyard kubmetr qaz ötürmə gücünə
malikdir. Kəmərə ilk ixrac qazı
2007-ci ilin martında vurulub.
Bundan başqa, yaxın gələcəkdə mövcud
ixrac kəmərlərinin sırasına daha biri-Trans Anadolu
Qaz Boru Kəməri (TANAP) əlavə olunacaq. Layihəyə
əsasən, TANAP Azərbaycandan başlanan genişlənmiş
Cənubi Qafqaz qaz boru kəmərini Avropada bir neçə kəmərlə
birləşdirəcək. Yaxın beş
il ərzində reallaşdırılması nəzərdə
tutulan layihənin dəyəri 7 milyard ABŞ dolları həcmindədir.
Dörd mərhələdə həyata
keçiriləcək layihənin ilk mərhələsi
2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin
buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü
ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə
çatdırılacaq. İlk dövrdə TANAP kəməri
ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan
qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə
Türkiyəyə satılacaq. TANAP kəmərini
Şahdəniz-II layihəsi çərçivəsində
qaz hasilatına başlanılması ilə eyni vaxtda-2017-ci
ildə istismara vermək nəzərdə tutulub.
Neft Azərbaycanın milli sərvəti
olduğundan bu sərvətdən əldə olunan gəlirlər
də ölkənin vətəndaşlarına məxsusdur
Onu da qeyd
etmək yerinə düşər ki, Ümummilli lider Heydər
Əliyevin işləyib hazırladığı yeni neft
strategiyasının ayrılmaz hissəsi olan Dövlət Neft
Fondunun (DNF) yaradılmasının əsasında
xalqımızın milli sərvəti olan neftdən gələn
gəlirlərin nəsillər arasında ədalətli
bölüşdürülməsinin təmin edilməsi
dayanır. Bu ideya Heydər Əliyevin “Neft Azərbaycanın
ən böyük sərvəti olub, xalqa, özü də təkcə
indiki nəslə deyil, həm də gələcək nəsillərə
məxsusdur” kəlamında aydın ifadə olunub. Azərbaycanın
neft və qaz ehtiyatlarının işlənməsindən əldə
edilən gəlirlərin toplandığı Dövlət
Neft Fondu Ulu öndər Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə yaradılıb.
Beləliklə, hətta neft-qaz yataqları tam istismar olunsa belə,
DNF-a yığılan vəsait hələ
bir neçə nəsil Azərbaycan vətəndaşlarının
rifahına xidmət edəcək.
Dövlət Neft Fondu yaradılarkən onun aktivlərinin
həcmi 271 milyon dollar həcmində idi. Ötən il
bu göstərici 32 milyard dolları keçib. Ümumiyyətlə,
2012-ci ilədək fonda 70 milyard dollardan
artıq vəsait daxil olub ki, bunun da 45 faizdən çoxu
yığıma yönəldilib. Ölkənin
həcmi 46 milyard dollara çatan strateji valyuta
ehtiyatlarının təxminən 75 faizi DNF-nin vəsaitlərinin
hesabına formalaşıb.
Dövlət Neft Fonduna toplanan vəsaitlər səmərəli
şəkildə idarə olunaraq respublikaya əlavə gəlir
gətirir. Digər tərəfdən, fond ölkə
miqyasında ümummilli əhəmiyyət daşıyan layihələrin
maliyyələşdirilməsində fəal iştirak edir.
Məsələn, qaçqınların və
məcburi köçkünlərin sosial-məişət və
məskunlaşma problemlərinin həlli ilə əlaqədar
tədbirlərin həyata keçirilməsinə fond tərəfindən
mütəmadi qaydada vəsait ayrılır. Təkcə
ötən il bu məqsədlə 300
milyon manat vəsait ayrılıb və cari ildə də eyni
səviyyədə vəsait ayrılması nəzərdə
tutulub. Dövlət Neft Fondu indiyədək
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Oğuz-Qəbələ-Bakı
su kəməri, Samur-Abşeron suvarma sisteminin yenidən
qurulması və başqa böyük həcmli layihələrin
icrasına, Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə
kapitalının formalaşmasına vəsait ayırıb.
Məlum olduğu kimi, dövlətimizin
başçısı İlham Əliyev ölkəmizdə
neft kapitalının insan kapitalına çevrilməsi təşəbbüsünü
irəli sürüb. Ölkə Prezidentinin 16 aprel 2007-ci il
tarixli Sərəncamı ilə təsdiqlənən
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə” Dövlət
Proqramı neft kapitalının insan kapitalına çevrilməsi
yolunda çox mühüm addımdır. Proqramda əsas diqqət
ona yönəldilib ki, Azərbaycan gəncləri
dünyanın ən yaxşı ali məktəblərində
təhsil almaq imkanına malik olmalıdırlar. Proqrama əsasən, 5 min azərbaycanlı tələbənin
xaricdə təhsil alması nəzərdə tutulub. DNF 2008-ci ildən etibarən, Dövlət
Proqramını maliyyələşdirir və indiyədək
təhsil proqramlarına 30 milyon dollardan artıq vəsait xərcləyib.
Bu gün təhsilə qoyulan sərmayə
respublikanın gələcəyinə qoyulan sərmayədir.
Dövlət Proqramının icrası ilə
Azərbaycan özünü yüksək ixtisaslı kadrlarla
təmin edəcək ki, bu da ölkənin dinamik
inkişafına öz töhfəsini verəcək.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2013.- 3 aprel.- S.4.