İnsanlara nur bəxş edən böyük oftalmoloq alim...

 

 Müdriklər deyirlər ki, çox vaxt insanın dünyaya gəldiyi fəsil onun təbiəti ilə uyğunluq yaradır. Bu baxımdan, Onu nur və həyat rəmzi də adlandırmaq olar. Çünki O, təbiətin oyandığı, torpağın canlandığı, istinin və işığın artdığı bir fəsildə dünyaya göz açmışdı. O, elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. O, sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilmişdi. Ömrü vəfa etsəydi, bir neçə gün sonra, O, 90 yaşını qeyd edəcəkdi. Lakin ətrafındakılara daim nur, eləcə də, yaşamaq və həyat eşqi bəxş edən bu dahi İNSAN bu işıqlı dünya ilə elə aprel ayında da vidalaşdı...

Aprelin 28-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 90-cı ildönümü tamam olur. Zərifə xanım 1923-cü ildə qədim Naxçıvan torpağının Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının ömür yolu sonradan onun üçün əsl həyat məktəbinə çevrilib. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri, yaxşı bir təcrübə kimi, ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda ONUN köməyinə çatıb. O, Ulu öndərimizə mənəvi dayaq olub. Zərifə xanım Əliyeva 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

 

GÖRKƏMLİ ELM XADİMİ

 

Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəlidir. O, istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil edib. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə xanım Əliyeva bütün həyatı boyu itirməyib. Alim dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib. Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q.Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndiriblər. Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib.

 

SOVET TİBB TARİXİNDƏ İLKƏ İMZA ATAN ALİM

 

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

 

QAYĞIKEŞ İNSAN

 

Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin “sözlə” müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq təşkil edir. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, ÜmumittifaqBilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

 

AZƏRBAYCAN ELMİNDƏ MÜSTƏSNA XİDMƏTİ OLAN ALİM

 

Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimyaelektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir.

 

HƏMKARLARI ONU BELƏ XATIRLAYIRLAR

 

Dünya oftalmologiya elminin tanınmış simaları da Zərifə xanım Əliyeva haqqında yüksək fikirlər söyləyiblər. Görkəmli oftalmoloq, akademik A.Nesterov deyib: “Zərifə Əliyeva çox ağıllı insanböyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”.

Akademik N.Puçkovskaya “xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb.

Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: “Biz onu sevmişik, sevirikömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü. Bir qadın kimi də Zərifə Əziz qızı haqqında bir neçə kəlmə deməyə bilmərəm. Təbiət ona qeyri-adi qadın cazibədarlığı bəxş etmişdi. Onun görkəmi, qalın saçları, sifətinin qövsvari cizgisi, açıq alnı, insanın qəlbini riqqətə gətirən qara gözləri heyranlıq doğurmaya bilməzdi. Zərifə Əziz qızının bütün varlığı hərəkətlərindən və üzünün mimikasından oxunurdu. Mən onu heç zaman əsəbi, qəzəbli görməmişəm. O, həmişə gülərüz, xeyirxah idi. Zərifə xanımın əlləri xüsusilə insanı valeh edirdi. Bu balaca qadın-cərrah əlləri sanki təmasda olduğu hər şeyə istilik verirdi, eyni zamanda, bu əllərdə ailə qayğılarının, qadın əməyinin izlərini də sezmək mümkün idi. Belə ki, Zərifə xanım yüksək təbəqəyə mənsub olsa da ev işlərindən boyun qaçırmazdı”.

Professor A.Brovkina onu “nəciblik və mənəvi paklıq timsalı” adlandırıb. Professor V.V.Şmelyeva isə Zərifə xanımı belə təsvir edib: “Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım”.

 

SON SÖZ ƏVƏZİ

 

Zərifə xanım Əliyeva istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görməyi düşünürdü. Ömrünün sonuncu anına kimi, O, həyatla, gələcək planlarla yaşayırdı. Yüksək səviyyəli peşəkar alim kimi neçə-neçə insanın gözlərinə işıq verən, onları həyata qaytaran akademik Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində bu işıqlı dünyaya gözünü yumaraq, əbədiyyətə qovuşdu. 1994-cü ildə isə Onun nəşi Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri xiyabanda, atasının qəbri yanında dəfn olundu. İndi bura xalqımızın bir anım yerinə, ziyarətgaha çevrilib. İndi Bakıda Göz Xəstəlikləri İnstitutu, Naxçıvanda isə şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində Zərifə xanımın adına istirahət parkı salınıb. Paytaxtda, eləcə də, Naxçıvan şəhərində Zərifə Əliyevanın adını daşıyan küçə var.

Zərifə xanım ləyaqətli, humanist, xeyirxah, mehriban insan idi. Peşəsində qazandığı uğurlar da ONUN bu xüsusiyyətləri ilə bağlıdır. Xeyirxahlıq, bir növ, onun həyat tərzinə çevrilmişdi. O, həmişə xüsusi qayğıya ehtiyacı olan tənha insanlara, kimsəsiz yetim uşaqlara böyük diqqətlə yanaşırdı. Onun xatirəsini sadə xalqın yaddaşında ehtiramla yaşadan, həm , bu mərhəmət şəfqətdir. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan qadınının problemlərinə böyük diqqət yetirməsində, sözsüz ki, Zərifə xanımın şəxsi nümunəsi mühüm rol oynayırdı. Güclü şəxsiyyət dərin zəka sahibi olan Zərifə xanım Ulu öndərə etibarlı mənəvi dayaq idi. Odur ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

 

 

Səlim Loğmanoğlu

 

Yeni Azərbaycan.- 2013.- 4 aprel.- S.4.