HEYDƏR ƏLİYEV - İSTİQLAL CARÇISI

 

 XX əsrin 90-cı illərinin əvvəllərində ən böyük arzusunu - dövlət müstəqilliyinin bərpasını reallaşdırmaq üçün Tanrı xalqımıza şans verdi. Yetmiş il dünyanı lərzəyə salan bir imperiyanın tərkibindən çıxaraq öz müstəqilliyinə nail olmaq isə elə də asan başa gəlmədi. Ölkəmizi müstəqilliyə aparan yol 20 Yanvar faciəsindən keçdi. SSRİ rəhbərliyi xalqın azadlıq arzusunu boğmaq üçün, hətta ordunun gücündən istifadə edərək qan tökməkdən belə çəkinməsə də, öz istəyinə çata bilmədi - Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Bərpa olunan sadəcə dövlət müstəqilliyimiz deyil, həm də XX əsrin əvvəllərində cəmisi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları oldu.

Azərbaycanın dövlət müstəqilliyinə nail olması ilə yanaşı, azadlıq uğrunda mübarizənin əhəmiyyəti bir də o oldu ki, xalqımız həm də özünün Liderini bir daha təsdiq etdi və yenidən qazandı. O lideri ki, hələ SSRİ kimi nəhəng bir imperiyanın sərt qanunlarının hökm sürdüyü bir vaxtda üçrəngli bayrağımızı Naxçıvanda rəsmi şəkildə yüksəltdi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra isə dövlət müstəqilliyimizin qorunub saxlanılması, dövlət atributlarımızın qürur mənbəyimizə çevrilməsi üçün böyük işlər gördü. Dünya birliyində öz mövqeyini gündən-günə möhkəmləndirən, bütün sahələrdəki dinamik inkişafı sayəsində bölgədə söz sahibinə çevrilən Azərbaycanın memarı Ümummilli liderimiz, Ulu öndərimiz, istiqlal carçısı böyük azərbaycanlı Heydər Əliyevdir.

 

Qanla gələn istiqlal

 

Xalqımıza qarşı törədilən qanlı 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tariximizə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu gün 20 Yanvar qurbanlarının uyuduğu Şəhidlər Xiyabanı ən müqəddəs zirvə kimi xalqımızın qürur mənbəyinə çevrilib. Həmin gecə yaralananlar isə istiqlal mücahidləri kimi hərtərəfli qayğıyla əhatə olunublar, sosial müdafiələri təmin olunub. Və aradan keçən illər imkan verib ki, o müdhiş gecədə baş verənlərə həqiqətin gözü ilə baxaraq hüquqi qiymət verilsin.

Müstəqilliyə can atan Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu və azadlıq uğrunda mübarizə əzmini bir daha dünyaya bəyan edən və böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən qanlı 20 Yanvar gecəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyərək öz azadlığına, müstəqilliyinə can atan insanların etiraz səsiydi və bu etirazı boğmaq üçün geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin gecə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları şəhid oldular. Sovet hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qətllər bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.

Xalqımıza qarşı ağlasığmaz bir faciə, bəşəri cinayət törədilməsinə baxmayaraq, Azərbaycanın o vaxtkı rəhbərliyinin mövqeyi cəsarətsizlik və siyasi təslimçilikdən başqa bir şey deyildi. O vaxt Azərbaycan xalqı adından yeganə bəyanat Bütün Qafqazın Şeyxi, Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən verilmişdi. Kəskinliyi ilə seçilən həmin bəyanat BMT-yə, dünya dövlətlərinə və digər beynəlxalq təşkilatlara ünvanlanmışdı və 20 Yanvar faciəsinin törədilməsinin bütün məsuliyyətinin Kremlin və bilavasitə M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Dünyada analoqu olmayan bu faciə ilə bağlı digər bir bəyanatı isə o ərəfədə Moskvada yaşayan Ulu öndər Heydər Əliyev verdi. İmperiyanın paytaxtında - bu faciənin törədilməsinin planı cızılmış bir şəhərdə dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında verilən bu bəyanat beynəlxalq aləmdə böyük əks-səda doğurdu.

 

O, xalqı ilə birgə oldu

 

Heydər Əliyev xalqın səsinə səs verməklə sübut etdi ki, bu ağır günlərdə Azərbaycanda - öz xalqı ilə birlikdə olmasa da, bu ağrını xalqla bir yaşayır. Moskvada xüsusi nəzarət altında olduğunu, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyduğunu bilə-bilə, Ümummilli liderimiz 1990-cı il yanvarın 21-də təkcə oğlu deyil, həm də yaxın silahdaşı, hər bir çətin məqamda atasının yanında olan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına qarşı Sovet ordusunun etdiyi təcavüzü pislədi, faciəni törədənləri, ayrıca da M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların dərhal Bakıdan çıxarılması tələbini irəli sürdü. Bu gün bəlkə də kimlərəsə bütün bunlar asan görünə bilər. Amma SSRİ-nin sərt qanunlarının hökm sürdüyü o dövrdə dünyanın ən böyük dövlətlərindən birinin rəhbərini elə onun öz vətənində belə kəskin tənqid etmək, doğrudan da, böyük cəsarət tələb edirdi. Ulu öndərimiz Heydər Əliyevin və möhtərəm İlham Əliyevin bu addımları Vətən və xalq qarşısında bir vətəndaşlıq məsuliyyətinin nümayişi, Vətənə məhəbbət və sədaqətin nümunəsi idi. Və həmin bəyanatı 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymət kimi də qəbul etmək olar.

Heydər Əliyevin Moskvada səsləndirdiyi bu bəyanat, eyni zamanda, artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasının anonsu idi. Onun bu istiqamətdə atdığı digər sərt addım 1990-cı il iyulun 19-da SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı ərizədir. Ulu öndər Kommunist Partiyasının sıralarından çıxmasına dair yazdığı bu ərizədə kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq şəkildə bəyan edirdi. 20 Yanvar faciəsi ilə bağlı isə bunları bildirirdi: “Bu antihumanist, konstitusiyaya zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməməsi daim Heydər Əliyevi düşündürürdü. 1993-cü ilə qədər bu istiqamətdə faktiki olaraq heç bir iş görülməmişdi. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə belə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

20 Yanvar faciəsinin günahkarlarının cəzalandırılması, bu faciəyə siyasi-hüquqi qiymət verilməsi yönündə apardığı işlərlə yanaşı, Heydər Əliyev şəhid ailələrini və əlil olanları daim diqqətdə saxlayırdı. 20 Yanvar faciəsinin ildönümlərində Şəhidlər Xiyabanını ziyarət edir, şəhid ailələrinin problemləri ilə yaxından tanış olur və tövsiyə edirdi: “...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır”.

1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də Ümummilli liderimiz mühüm tədbirlər həyata keçirdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi və tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Məhz Onun Sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Şəhidlər Xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi. Şəhid ailələri dövlət qayğısı ilə əhatə olundu. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsini və müavinət təminatını da daim diqqət mərkəzində saxladı. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verildi, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli Sərəncama əsasən isə, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırıldı və bu iş davamlı olaraq həyata keçirilir.

 

Tükənməyən qayğılar

 

Müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində bünövrəsini Ümummilli liderin qoyduğu işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu yöndə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir...

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırıldı.

2006-cı il yanvarın 19-da dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə 20 yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdü təsis edildi.

Ölkə başçısının Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı almış 140 nəfər şəxsin 180 nəfər ailə üzvünə hazırda ayda 300 manat məbləğində Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanuna əsasən isə 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilir.

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür.

...Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlər isə beynəlxalq aləmdə böyük əks-səda doğurub. Qarabağ münaqişəsi, xalqımızın tarixi yaddaşı ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunub, filmlər çəkilib ki, bu da Azərbaycan həqiqətlərinin, xalqımıza qarşı törədilən ağlasığmaz cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında, həmən cinayətlərə hüquqi-siyasi qiymətin verilməsində böyük əhəmiyyət kəsb edir...

 

Bir dəfə yüksələn bayraq...

 

Bütün dünyada hər bir xalqın güvənc və qürur yeri, onun mövcudluğunun, öz dövlətini qurub ona sahib çıxa bilmək bacarığının göstəricisi və sübutu olan ən müqəddəs rəmzlərindən biri bayraqdır. Bayraq hər bir xalqın və dövlətin azadlıq mübarizəsinin və milli kimliyinin göstəricisidir. Xalqımızın öz azadlığı, müstəqilliyi və istiqlalı uğrunda mübarizəni tərənnüm edən üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da qəbul olunsa da, 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutundan sonra bu bayraqdan imtina edildi. Yalnız 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən üçrəngli bayrağımız ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi.

Burada qürur duyulası əsas məqam isə ondan ibarətdir ki, üçrəngli bayrağımız hələ Azərbaycan respublikasının dövlət müstəqilliyinin bərpa olunmasından əvvəl xalqımızın böyük oğlu Heydər Əliyev tərəfindən Naxçıvanda ucaldılmışdı. Belə ki, 1990-cı il iyulun 22-də Naxçıvana və bununla da yenidən böyük siyasətə qayıdan Heydər Əliyevin Sədrliyi ilə həmin ilin noyabr ayının 17-də Naxçıvan Ali Məclisinin sessiyası üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə tarixi qərar qəbul etdi. Həmin tarixi sessiyada qəbul olunmuş qərarda, həmçinin, təklif edilirdi ki, Azərbaycanın dövlət rəmzlərinə - bayrağa, gerbə və himnimizə milli-tarixi ənənələrə uyğun olaraq yenidən baxılsın.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri bərpa edildi, “Azərbaycan Respublikasını Dövlət bayrağı haqqında” Qanun qəbul olundu. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, ölkədəki separatçı meyillərin qarşısını qətiyyətlə alaraq Azərbaycanın üçrəngli bayrağının bütün bölgələrdə dalğalanmasını təmin etdi. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında isə üçrəngli bayrağımız dövlət rəmzi kimi bir daha təsbit edildi. “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, - deyən Ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı bu baxımdan mühüm əhəmiyyət daşımışdır.

Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Onun rəhbərliyi altında dövlət bayrağı ilə bağlı qanunvericilik bazası daha da təkmilləşdirilərək 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu.

Azərbaycan Respublikasının Dövlət bayrağı ilə bağlı həyata keçirilən ən mühüm tədbirlərdən biri isə Dövlət bayrağı gününün təsisi edilməsi oldu. Belə ki, Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edildiyini nəzərə alan möhtərəm Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncama əsasən hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət bayrağı günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alan möhtərəm Prezident İlham Əliyev onun təbliğini daha da genişləndirmək üçün 2007-ci il noyabrın 17-də Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzaladı. Bu Sərəncam həm də cənab Prezidentin dövlət atributlarına olan yüksək ehtiramının təcəssümüdür. Elə həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyuldu. Paytaxtımızın müxtəlif nöqtələrindən görünə bilən yerdə xüsusi layihə əsasında ucaldılan Bayraq Meydanının tikinti işlərini xarici və yerli mütəxəssislər apardılar.

 

Dilimiz - sərvətimiz

 

Hər bir xalqın varlığının yeganə təminatçısı kimi onun milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülməsində dil mühüm rol oynayır. Azərbaycan dili də xalqımızın milli varlığını müəyyənləşdirən başlıca amillərdəndir və dövlət rəmzlərimiz olan himn, gerb və bayraq kimi müqəddəsdir. Ulu öndərimiz deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Bu gün müstəqil ölkəmizin rəsmi dövlət dili Azərbaycan dilidir və heç kəsə sirr deyil ki, bu, birbaşa Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Əhalisinin əksəriyyəti azərbaycanlılar olmasına baxmayaraq, Sovet hakimiyyəti illərində, xüsusilə də ötən əsrin 70-ci illərinədək respublikamızda Azərbaycan dili ikinci dərəcəli dil statusunda idi və bu səbəbdən də qorunması və daha da zənginləşdirilməsi qeyri-mümkün idi. Bu məqsədlə dövlət səviyyəsində heç bir tədbir görülmürdü.

O vaxtlar milli dillər sıxışdırılır, rus dilinin hüquqlarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir, SSRİ məkanında “vahid dil” siyasəti təbliğ olunurdu və bu məqamda kiminsə ana dili məsələsinin təbliği ilə məşğul olması çox riskli iş idi və insanın həyatı bahasına başa gələ bilərdi. Yerlərdə dil məsələsini gündəmə gətirənləri təhlükəli tale, sürgün həyatı gözləyirdi. Ancaq bu çətinliklərə baxmayaraq, o dövrdə Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev bu məsələdə güzəştə getmir, qətiyyətlə öz mövqeyini ortaya qoyurdu.

1977-ci ilin dekabrında SSRİ Konstitusiyasının qəbulundan sonra müttəfiq respublikaların Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycan SSR-in Konstitusiya layihəsində də dövlət dili özünün tam əksini tapmamışdı, yəni Azərbaycan dilinin hansı status daşımasıyla bağlı məsələyə toxunulmurdu.

Doğrudur, 1978-ci ilin yazında respublikada layihənin ümumxalq müzakirəsi keçirilirdi, amma kommunist ideologiyasının hakim olduğu bir vaxtda bu müzakirələr əsasən formal xarakterdə olurdu. Bununla belə, milli ruhlu ziyalılar layihəyə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunduğu maddənin salınmasında təkid edirdilər. SSRİ rəhbərləri isə müxtəlif bəhanələrlə diqqəti bu məsələdən yayındırmağa çalışırdılar. Xalqımız üçün taleyüklü bu məsələnin həllində də Heydər Əliyev cəsarəti, Heydər Əliyev qətiyyəti öz sözünü dedi. Bu böyük şəxsiyyət bütün karyerasını və həyatını risk altında qoyaraq bu istiqamətdə daha kəskin və cəsarətli mübarizəsini inadla davam etdirərək SSRİ-nin o vaxtkı rəhbəri L.İ.Brejnevlə danışdıqdan sonra nəhayət ki, istəyinə nail oldu - Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Ümummilli liderimizin bu əvəzsiz və gərgin zəhməti öz bəhrəsini verdi və ümumxalq səsverməsindən sonra Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət dili statusu aldı.

Bu gün hər bir Azərbaycan vətəndaşı böyük minnətdarlıq hissi ilə etiraf edir ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və Onun xalq qarşısında ən böyük xidmətlərindən biri kimi tariximizin qızıl səhifəsini təşkil edir. Bu, həm də Ulu öndər tərəfindən gələcək müstəqil dövlətçiliyin milli atributlarından birinin qorunması demək idi. Bu cəsarətli addımdan sonra Ulu öndərin bilavasitə rəhbərliyi ilə Azərbaycan dilinin inkişafı və qorunması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirildi. O zaman Heydər Əliyev deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

 

Dilimizin dadı - əsl adı, öz adı

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra qısa müddətdə hakimiyyətdə olan AXC-Müsavat hakimiyyətinin səriştəsiz idarəetməsi bir sıra sahələrdə olduğu kimi, dil sahəsində də yeritdikləri siyasət ölkəmizin müstəqilliyinə təhlükə törədirdi. Dövlət dilinin dəyişdirilərək “türk dili” adlandırılması heç bir məntiqi əsasa söykənmirdi. Bu addım, hətta Azərbaycanı bir dövlət, xalq kimi xəritədən birdəfəlik silə bilərdi. 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanun qəbul edilərək Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul edilməsi, orta məktəblərdəki ana dili dərsliklərinin “Türk dili” adlı dərsliklərlə əvəzlənməsi kökündən yanlış bir addım idi.

Əslində AXC-Müsavat hakimiyyətinin qəbul etdiyi bu qanunun hüquqi qüvvəsi də yox idi. Belə ki, həmin ərəfədə respublikada 1978-ci ildə qəbul olunmuş Konstitusiya qüvvədə idi və həmin Konstitusiyanın 73-cü maddəsi hüquqi qüvvəsini itirməmişdi. 1992-ci ildə Milli Məclisin dövlət dilinin türk dili olması ilə bağlı qərarının qəbulu zamanı ciddi hüquqi pozuntulara yol verilmişdi.

1993-cü ildə Heydər Əliyev yenə də Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verərək Azərbaycan dilini yenidən özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olsa da, müzakirələrin məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində öz əksini tapdı.

Dilimizin inkişafına xüsusi diqqət yetirən Ulu öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılmasını da nəzərdə tutan bu sənəd Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsinin genişlənməsinə böyük imkanlar açdı.

Dilimizin sadiq keşikçisi olan Ümummilli liderimiz 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” yeni bir Fərman da imzaladı. Həmin Fərmanda deyilir: “Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin”.

Bu Fərman bütün sahələrdə Azərbaycan dilinin daha mükəmməl səviyyədə tətbiq olunması işini bir az sürətləndirdi, bundan sonra bütün yazılı sənədləşmələr latın qrafikalı Azərbaycan əlifbası ilə aparıldı.

Ulu öndərin xalqa xidmət edən qlobal siyasətini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də dilimizin inkişafı istiqamətində bir sıra uğurlu addımlar atdı. “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentimizin milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirməsinin bariz göstəricisi olan bu sərəncamlara əsasən 2004-cü ildən Azərbaycan və dünya ədəbiyyatının inciləri latın qrafikası ilə nəşr olunaraq ölkənin bütün kitabxanalarına paylanılmağa başlanıldı.

Möhtərəm Prezidentimiz İlham Əliyevin bu gün yeritdiyi dil siyasəti Ulu öndərimizin vaxtilə söylədiyi bu dahiyanə fikirlərdən mənəvi qida alır: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi sox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Cənab İlham Əliyev öz şəxsi nümunəsi ilə, dilimizdə ləyaqətli nitqləri ilə, hamımıza örnək və güvənc yeridir.

 

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin komitə sədri

 

Yeni Azərbaycan.- 2013.- 9 aprel.- S.4.