“Kənar müdaxilələrə
açıq çağırış edənlər var”
Bahar Muradova: Kənar
müdaxilələrin olmasını, ölkədə sabitliyin pozulmasını istəyirlər
Azərbaycan
ətrafında müxtəlif beynəlxalq güclərin,
xarici qüvvələrin daim müəyyən maraqları
olub. Bəzən toqquşan maraqlarda hər bir cəbhə
müxtəlif yollarla Azərbaycana təsir etməklə
öz maraqlarının təmin edilməsinə cəhd edirlər.
Son hadisələr isə bu proseslərin daha da intensivləşdiyini
göstərir ki, bu da daha çox seçki ili ilə əlaqləndirilir.
Baş verən prosesləri Milli Məclisin sədr müavini,
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının
üzvü Bahar Muradova “Publika.Az”-a müsahibəsində
şərh edib.
“Sərhəd
toxunulmazlığını yaddan
çıxarmamalıdırlar”
- Son
günlər İranda bəzi şəxslər Azərbaycanla
bağlı xoşagəlməz fikirlər səsləndirirlər.
Belə bir məqamda İran parlamentinin bəzi üzvləri
Azərbaycanın İrana birləşdirilməsini gündəmə
gətirdilər. Bununla bağlı nə deyə bilərsiniz?
-
Hesab edirəm ki, bu cür fikirlər rəsmi və qeyri-rəsmi
dairələrdə olan münasibətlərə uyğun
deyil. Ona görə də bu cür fikirləri səsləndirən
şəxslər BMT-nin, beynəlxalq qanunvericiliyin müvafiq
prinsiplərini, ölkələrin ərazi
bütövlüyünü və sərhəd
toxunulmazlığını yaddan
çıxarmamalıdırlar və bu cür fikirlər səsləndirməklə
münasibətlərə mənfi təsir göstərə biləcəklərini
düşünməlidirlər.
“Hakimiyyətə gəlmək
perspektivi onlar üçün həddən artıq çətindir”
-
Ümumiyyətlə, son dövrlər Azərbaycana kənar
dairələrin təzyiq cəhdləri daha da intensivləşib.
Sizcə, seçki ilində belə cəhdlərlə
hansı məqsədlər güdülür?
- Azərbaycanda
bu kimi əhəmiyyətli hadisələr həyata
keçirildikdə kənar qüvvələrin ölkəmizə
təsir göstərən addımlar atmasını istəyən
dairələrin olduğunu bilirik. Bəziləri var ki, onlar Azərbaycana
bu və ya digər istiqamətdə müəyyən ölkələr,
beynəlxalq təşkilatlar tərəfindən təsirlər,
təzyiqlər göstərilməsini istəyirlər. Hətta
buna açıq çağırışlar da edirlər. Bu
çağırışlar, istəklər Azərbaycandakı
məhdud sosial bazaya malik və heç bir perspektivi olmayan bəzi
dairələr tərəfindən edilir. Lakin istər bu
çağırışların, istərsə də buna kənardan
cavab verən və qoşulmaq istəyən xarici dairələrin
olmasına baxmayaraq, Azərbaycan ölkə daxilində
qarşısına qoyduğu hədəflərə
addım-addım çatır. Çox ardıcıllıqla
da öz xarici siyasət kursunu yürüdür. Azərbaycan
bu gün getdikcə inkişaf edir və müasir
dünyanın həlledici geosiyasi aktorlarından birinə
çevrilir.
Kənar
müdaxilələri istəyənlər var, amma bunun necə,
hansı səviyyədə olacağı məlum deyil və
bunu indidən proqnozlaşdırmaq da mümkün deyil. Amma Azərbaycanda
marağı olan və daxildəki ictimai-siyasi proseslərə
təsir göstərməklə hansısa bir hərəkətləri
stimullaşdıraraq öz maraqlarına çatmaq istəyən
dairələrin mövcud olması məlumdur. Bu dairələr
müxtəlif formalarda fəaliyyət göstərirlər.
Azərbaycan bütün bunları yaxşı bilir və
müvafiq addımlarını zamanında atır, bu cür hərəkətləri
neytrallaşdırır. Bildirmək istəyirəm ki, Azərbaycanı
yolundan döndərməyi və ölkədə sabitliyi
pozmağı bacarmayacaqlar.
- Kənar
qüvvələrin müdaxiləsinə
çağırış edənlər nə
üçün bunu istəyirlər?
- Bu
qruplar məhdud sosial bazaya malikdir və siyasi hədəfləri
var. Amma bu hədəflərə çatmağın
yollarını bilmirlər, həmçinin, buna imkanları
yetərincə deyil. Onlar ümidlərini bu və ya digər
xarici faktora, başqa ölkələrdəki müəyyən
məsələlərə, ayrı-ayrı beynəlxalq dairələrin
Azərbaycandakı maraqlarına və bu maraqların
reallaşması prosesində onlar üçün yarana biləcək
münbit imkanlara bel bağlayaraq kənardan Azərbaycana təsirlərin
olmasını istəyirlər. Yalnız bu zəmində
yarana biləcək şəraitə istinad edərək nələrsə
əldə edə biləcəklərinə özlərini
inandırmağa çalışırlar. Çünki bu
qrupların başqa perspektivləri yoxdur. Seçicilər, vətəndaşlar
arasında geniş nüfuza malik deyillər, sosial bazaları
yoxdur. İnsanlara siyasi cəhətdən yenilik göstərə,
Azərbaycan dövlətinin daha yaxşı inkişafa gətirib
çıxara biləcək siyasi proqramları ortaya
çıxara bilmirlər. Buna görə də, kənar
faktorlardan yararlanmaq istəyirlər. Azərbaycanda başqa
cür perspektivlərini görmürlər. Hakimiyyətə
gəlmək, bu və ya digər müddət hakimiyyətdə
olmaq perspektivi onlar üçün həddən artıq
çətindir. Ona görə də, bu kimi faktorlara bel
bağlayırlar və kənar müdaxilələrin
olmasını, ölkədə sabitliyin pozulmasını istəyirlər.
“İlham Əliyevin namizəd
olduğu müddətdə onların qələbə qazanmaq
ümidləri sıfıra bərabərdir”
-
Builki seçkilərin nəticələrini necə
görürsünüz?
- Hər
şeydən əvvəl seçki prosesində bu və ya digər
namizədin taleyini konkret olaraq həll edən xalqın
mövqeyidir, seçicilərin istəyidir, Azərbaycan
insanının iradəsidir. Kənar dairələrin, kənar
amillərin bu proseslərə təsiri cüzi ola bilər.
Siyasi fəaliyyəti geniş əhali kütləsi tərəfindən
dəstəklənməyən, müxtəlif qrup və təbəqələrin
etimadını qazanmayanlar hansısa kənar qüvvələrin
əli ilə Azərbaycanda hakimiyyətə gələ bilməzlər.
Hətta bu və ya digər formada təsadüf baş versə
belə, hakimiyyəti əllərində saxlaya bilməzlər.
Halbuki Azərbaycanda belə təsadüflərin
olmasını, ümumiyyətlə, ehtimal etmirəm.
-
Prezident İlham Əliyevin imkanlarını necə qiymətləndirirsiniz?
- Cənab
İlham Əliyevin imkanlarını geniş qiymətləndirirəm.
Çünki əhalinin mütləq əksəriyyəti
İlham Əliyevi, Onun yeritdiyi siyasəti, vaxtilə Heydər
Əliyev tərəfindən müəyyən olunmuş,
zamanın, dövrün ictimai-siyasi proseslərin tələblərinə
cavab verən, çox dinamik və çevik bir siyasəti dəstəkləyirlər
və buna da öz münasibətlərini bildirirlər. Builki
prezident seçkilərində çoxsaylı namizədlər
olacaq, artıq bir sıra şəxslər namizədliklərini
irəli sürdüklərini bəyan ediblər. Bu, təbii
və normal haldır. Azərbaycan qanunvericiliyi imkan verir ki, hər
kəs imkanından asılı olmayaraq hüququndan istifadə
etsin. Ya öz namizədliyini irəli sürsün, ya da digər
şəxsin namizədliyinə dəstək versin. Bu proseslər
artıq başlayır. Lakin bütün bunlara rəğmən
hesab edirəm ki, namizədlərin sayı nə qədər
çox olsa belə, İlham Əliyevin siyasi gücünə,
Onun imkanlarına, xalq arasında nüfuzuna bərabər ola
biləcək, Onu üstələyə biləcək namizəd
və yaxud da namizədlər, hətta bütövlükdə
bir yerdə olsalar da, alternativ ola bilməzlər. İlham Əliyevin
namizəd olduğu müddətdə onların qələbə
qazanmaq ümidləri sıfıra bərabərdir.
“Eldar Namazov rəqib ola biləcək
fiqur deyil”
- Bu yaxınlarda “El” hərəkatı
yaradıldı və
hərəkatın rəhbəri
Eldar Namazov öz namizədliyini irəli sürəcəyini
açıqladı. Onların perspektivini
necə görürsünüz?
- Azərbaycanda seçki qanunvericiliyi çox demokratikdir. Ölkəmiz demokratiya yolunda
olan ölkədir və getdikcə də proseslər dərinləşir. Hər bir
Azərbaycan vətəndaşı
qanun çərçivəsində
öz namizədliyini irəli sürə və ya digərlərini
dəstəkləyə bilərlər.
O cümlədən dediyiniz
şəxsin öz namizədliyini bəyan etməyə və sona qədər getməyə hüququ
var. Bunu heç kim ona qadağan etmir. Amma imkanları ölçüyəgəlməz
dərəcədə fərqlidir.
Mən əminəm ki, Eldar Namazov
İlham Əliyevə
rəqib ola
biləcək siyasi fiqur deyil.
“Son dövrlərə
qədər hansısa
siyasi dairələr əngəllər yaratmağa
çalışırdı”
- Davos Forumunun Bakıda keçirilməsi
dünyanın nəzərlərini
bir daha Azərbaycana yönəltdi. Bunun Azərbaycan
üçün əhəmiyyətini
necə qiymətləndirirsiniz?
- Bu forumun Azərbaycanda keçirilməsinin özü
ölkəmizin həm
iqtisadi, həm də siyasi cəhətdən buna imkanlarının olmasının
sübutudur. Bu gün hər ölkə belə bir tədbiri keçirməyə qadir deyil. Digər tərəfdən Davos Forumu bu
günə qədər
fəaliyyət göstərdiyi
yerdən kənarda keçirilməmişdi. Bu,
bir ilk olaraq Azərbaycanda baş tutdu. Buna səbəbsə
Azərbaycanın hazırkı
durumu, iqtisadi vəziyyəti, siyasi sabitliyi və əldə etdiyi nailiyyətlər, beynəlxalq
aləmdə qazandığı
uğurlardır. Həmçinin, dünyada gedən iqtisadi proseslərə rəğmən özünün
daxili sabitliyini, həm siyasi, həm iqtisadi inkişaf tempini qoruyub saxlamağı bacarmasıdır. Bu amillər belə tədbirlərin Azərbaycanda
keçirilməsinə imkan
verir. Bunun özünün siyasi əhəmiyyəti böyükdür. Bunu tədbir
çərçivəsində Azərbaycana gələn qonaqların tədbirin təşkilatçılığı ilə bağlı rəyləri də sübut edir. Eyni zamanda, dünya mətbuatında və siyasi çevrələrdə
münasibət bunun göstəricisidir.
Bu, bir daha sübut edir ki, Azərbaycan artıq o dərəcədə
inkişaf səviyyəsinə
çatıb ki, bu cür beynəlxalq
tədbirlərin təşkilatçısı,
təşəbbüskarı kimi yüksək səviyyədə çıxış
edir. Başqalarına da, beynəlxalq
tədbirlərin, forumların
necə təşkil edilməsini, daha yaxşı həyata keçirilməsinin nümunəsini
göstərir. Bəlkə də
əvvəllər belə
tədbirlərin necə
keçirilməsini, öhdəsindən
gəlib-gəlməyəcəyimizi düşünürdük. Yaxud da son dövrlərə qədər hansısa siyasi dairələr əngəllər yaratmağa
çalışırdı. Lakin bu gün belə
məsələlər Azərbaycan
üçün çətinlik
törətmir. Əksinə olaraq Azərbaycan bu sahədə öz standartlarını müəyyənləşdirir. Əminəm
ki, forumun bundan sonra necə
təşkil edilməsinə
Azərbaycan müəyyən
ştrixlər əlavə
etdi. Hesab edirəm ki,
Azərbaycanın müəyyən
standartlarından istifadə
edəcəklər.
Yeni Azərbaycan.- 2013.-11
aprel.- S.3.