Dünya miqyasında nüfuzlu siyasətçi,
harizmatik lider İlham Əliyev “İlin adamı” elan edilib
Dövlətimizin başçısı bu mükafata son beş ildə Azərbaycanın dinamik inkişafına, beynəlxalq münasibətlərdə fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, “Azərspace” ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgə də və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, həmçinin, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülüb
Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlar qazanan, regionda və dünyada nüfuzu artan Azərbaycanın inkişaf modelinə beynəlxalq maraq artmaqdadır. Azərbaycanın inkişafı ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə bərabər, həm də regional və qlobal əhəmiyyət daşıyır. Makroiqtisadi göstəriciləri durmadan müsbət dinamika ilə irəliləyən Azərbaycan regional liderə çevrilməklə yanaşı, dünya iqtisadiyyatına ildən-ilə daha böyük töhfələr verir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri, siyasi xadimləri, ayrı-ayrı nəşrlər Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti yüksək qiymətləndirirlər.
Xatırladaq ki, bugünlərdə Bakıda Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının və nüfuzlu
“The Business Year” jurnalının təşkilatçılığı
ilə nəşrin “Azerbaijan-2013” xüsusi
buraxılışının (“The Business Year-Azerbaijan 2013”) təqdimat
mərasimi keçirilib. Böyük Britaniya nəşrinin
budəfəki xüsusi buraxılışı Ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Həmçinin,
“The Business Year” jurnalı Prezident İlham Əliyevi dünyada
“İlin adamı” elan edib. Dövlət başçısı
bu mükafata son beş ildə Azərbaycanın dinamik
inkişafına, beynəlxalq münasibətlərdə fəal
iştirakına, BMT-nin Təhlükəsizlik
Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin
təmin olunmasına, “Azərspace” ilk telekommunikasiya peykinin
orbitə buraxılması ilə Azərbaycanda, bölgədə
və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları
sektorunun inkişafına verdiyi önəmli töhfələrə
görə layiq görülüb. Həmçinin,
dövlət başçısının Azərbaycanın
mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar
forumların, konfransların, idman yarışlarının
keçirildiyi mərkəzə çevrilməsindəki xidmətləri
də adın verilməsi zamanı nəzərə
alınıb.
Qeyd edək ki, artıq üçüncü ildir ki,
jurnalın xüsusi buraxılışı Azərbaycana həsr
olunur. Nəşrdə Azərbaycanın siyasi,
sosial-iqtisadi inkişafının əsas göstəriciləri,
beynəlxalq miqyasda artan nüfuzu barədə ətraflı məlumat
verilib. Xüsusi buraxılışda
Prezident İlham Əliyevin müsahibəsi, Ümummilli lider
Heydər Əliyevin zəngin həyat və fəaliyyəti
ilə bağlı geniş məqalə dərc olunub. Nəşrin
budəfəki qonaq müsahibləri NATO-nun baş katibi Anders
Foq Rasmussen, Avropa İttifaqı Şurasının prezidenti
Herman Van Rompuy, eləcə də, ABŞ, Böyük Britaniya
və Norveçin görkəmli dövlət xadimləridir. Onlar müsahibələrində Azərbaycanın
bölgədə və dünyada artan nüfuzundan, inkişaf
dinamikasından, beynəlxalq əlaqələrindən bəhs
ediblər. Jurnalda Prezident İlham Əliyevin
uğurlu daxili və xarici siyasəti nəticəsində
ölkəmizin bütün sahələrdə əldə
etdiyi uğurlardan bəhs edən məqalələr də əksini
tapıb.
Ümumiyyətlə, “The Business Year” jurnalı ölkələrin
iqtisadiyyatı haqqında geniş məlumat verir. Jurnalda ölkələrin
illik ticarət və investisiya resursları barədə
göstəriciləri də dərc olunur. Jurnalda
dünyada nüfuzlu siyasi liderlərin,
iş adamlarının, şirkət rəhbərlərinin dərin
iqtisadi təhlil və strateji məsləhət xarakterli fikirləri,
müsahibələri əksini tapır. Dünya
iqtisadiyyatı və biznes məsələlərinin təhlili
üzrə sanballı məqalələrin yer
aldığı jurnalda peşəkar ekspertlər
çalışır. Bu baxımdan, belə bir
nüfuzlu nəşrin Azərbaycana bu qədər diqqət
ayırması, ölkəmizin uğurlarını yüksək
qiymətləndirməsi və nəhayət, Prezident İlham
Əliyevi dünyada “İlin adamı” elan etməsi ölkəmizin
beynəlxalq nüfuzunun artmasının göstəricilərindəndir.
Bu həm də Prezident İlham Əliyevin
dünyanın nüfuzlu siyasi liderlərindən biri
olduğunu bir daha təsdiq edir.
Ümumilikdə, dövlətimizin
başçısının “İlin adamı” elan edilməsini
şərtləndirən strateji faktorlara nəzər salmaq
üçün ölkəmizin daxili və xarici siyasət
kursunun əsaslarına diqqət yetirmək lazımdır.
Dinamik iqtisadi inkişaf Azərbaycanın
milli gücünü artıran faktor kimi
Beləliklə, ilk növbədə, qeyd etmək
lazımdır ki, dövlətimizin
başçısının rəhbərliyi ilə həyata
keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən
biri Azərbaycanın mütəmadi səciyyə
daşıyan dinamik iqtisadi inkişafıdır. Belə ki, Azərbaycanın
dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə
daşıyır. Ölkəmiz heç
bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi
siyasət yürüdür ki, bu da milli inkişafın
fundamental komponenti kimi çıxış edir.
Ölkəmizdə aparılan uğurlu, məqsədyönlü
siyasət nəticəsində ildən-ilə daha yüksək
inkişaf göstəriciləri nümayiş etdirən
iqtisadiyyatın formalaşdırılması ölkədə
işgüzar fəallığın daha da yüksəldilməsinə,
yoxsulluğun azaldılmasına əlverişli şərait
yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin
edib. Ötən illərdə dünyada baş verən
qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının
davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə
və vaxtında yerinə yetirilməsi əsası
xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər
üzərində qurulmasının əyani göstəricisidir.
Təbii ki, dünya iqtisadi sisteminə fəal
inteqrasiya yolu seçən Azərbaycanın
qazandığı nailiyyətləri şərtləndirən
mühüm faktorlardan biri də qloballaşma prosesindən irəli
gələn meyarların ölkə reallıqları ilə məharətlə
uzlaşdırılması, onların milli maraqları təmin
edən uğurlu vəhdətinin yaradılması olub.
Hazırda makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq
və ekoloji təhlükəsizliyin təmin olunması,
iqtisadiyyatının diversifikasiyası, bütün sahələrdə
ardıcıl inkişaf strategiyası uğurla həyata
keçirilməkdədir. Ölkənin qeyri-neft
sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın
diversifikasiyası ilə bağlı həyata keçirilən
siyasətin mühüm nəticəsi hesab etmək olar.
Xüsusilə, Azərbaycan zəngin neft resurslarının
satışından daxil olan valyuta ehtiyatlarını səmərəli
şəkildə xərcləməklə, iqtisadiyyatın
bütün sektorlarının dinamik inkişafı
üçün əlverişli baza yaratmağa nail olub və
hazırda qeyri-neft (turizm, sənayeləşmə, İKT və
s.) sektoru valyuta gətirə biləcək strateji bölməyə
çevrilib.
Göründüyü kimi, ölkəmizdə həyata
keçirilən mütərəqqi iqtisadi tədbirlər
respublikamızın daha da güclənməsini təmin edib. Bu gün hər
bir sektorda iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən iqtisadi siyasət dayanır.
Ümumiyyətlə,
2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi
sistemin qurulması, sahibkarlığın inkişafına
geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən
və regionların potensialından səmərəli istifadə,
qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da
yaxşılaşdırılması, yerli məhsulların rəqabət
qabiliyyətinin yüksəldilməsi istiqamətində
görülən tədbirlər ölkə
iqtisadiyyatının yüksələn xətlə
inkişafını təmin edib. Ümumi daxili
məhsul (ÜDM) istehsalının strukturuna diqqət yetirdikdə,
bütün iqtisadi sahələrdə artım meyillərinin
nəzərə çarpdığını görmək
mümkündür. Proqnozlara görə,
2020-ci ilədək ÜDM-nin 2 dəfə
artırılmasına yalnız qeyri-neft sektorunun
inkişafı sayəsində nail olunacaq.
Azərbaycanın beynəlxalq iqtisadi
reytinqi pozitiv xarakter daşıyır
Qeyd etmək lazımdır ki, bütün bu göstəricilər
beynəlxalq təşkilatların, dünya mətbuatının,
xarici dövlətlərin marağına səbəb olur və
haqlı rəğbətlə qarşılanır. Dünyanın
aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın
uğurlarını qeyd edir. Bütün
hesabatlarda ölkəmiz öncül mövqelərdə
dayanır. Ötən il dünyanın aparıcı
“Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri əksər
inkişaf etmiş ölkələrin kredit reytinqini
aşağı saldıqları halda, respublikamızın
reytinqini artırıblar. Azərbaycan BMT-nin
İnkişaf Proqramının insan inkişafı ilə
bağlı hesabatına əsasən “yüksək insan
inkişafı” ölkələri qrupuna yüksəlib. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik
Hesabatı”nda Azərbaycan dünyada 46-cı, MDB məkanında
isə 1-ci yerdə qərarlaşıb. Bu il Davos İqtisadi Forumunun Azərbaycanda
keçirilməsi isə ölkəmizin iqtisadi nailiyyətlərinin
dünya birliyi tərəfindən təsdiq edilməsi deməkdir.
Səmərəli sosial siyasət vətəndaşların
rifah halının yaxşılaşdırılmasına xidmət
edir
Azərbaycanda sürətli inkişaf təbii olaraq,
dövlət quruculuğunun bütün sahələrinə,
o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir
çox sosial proqram və layihələrdə real əksini
tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin
artması vətəndaşların sosial rifahının
yüksəldilməsinə yönəlmiş layihələrin
həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sosial siyasət elə şəkildə
həyata keçirilir ki, dövlət ümummilli məhsulun
təkrar bölüşdürülməsinin bazar mexanizmini
tamamlayır və dəqiqləşdirir. Bu
zaman minimal baza tələblərinin təminatlı şəkildə
ödənilməsi və əhalinin daha artıq sosial
müdafiə tələb edən hissəsinə sosial
yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də
yuxarıda göstərilən prinsiplərə uyğun olaraq
formalaşdırılır. Belə ki,
büdcənin 30 faizdən çoxu sosial məsələlərə
yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə
məqbuldur.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə
həyata keçirilən layihələr onu göstərir
ki, Azərbaycan hökuməti əhalinin maddi rifah
halının yaxşılaşdırılması və
onların bütün sosial qayğılarla əhatə
olunmaları üçün güclü maliyyə
imkanlarına və islahatları dərinləşdirmək
iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə
bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət
siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır”.
İctimai-siyasi sabitlik ölkəmizin
inkişafına təkan verən strateji faktordur
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən rasional daxili və xarici siyasət kursunun
qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan
ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin
edildiyi ölkələr sırasındadır. Ölkəmizdə
bütün sahə və sektorların dinamik inkişafına
təkan verən mühüm amillərdən biri olmaq etibarilə
ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyin
strateji qarantı qismində çıxış edir.
Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda
hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını
dövlət tərəfindən həyata keçirilən
uğurlu islahatlar və tətbiq edilən yeniliklər,
inkişaf modelləri təşkil edir. İnsan və
vətəndaş hüquq və azadlıqlarının ən
yüksək səviyyədə təmin edilməsi,
qanunvericilik bazasının zənginləşdirilməsi,
sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların
siyasi həyatda iştirakına maksimum şərait
yaradılması kimi göstəricilər və nəticələr
deyilənləri təsdiq edir. Digər tərəfdən,
seçki prosesi, onların reallaşdırılma vasitələri
və demokratiklik səviyyəsi baxımından da Azərbaycan
olduqca yüksək səviyyədə qiymətləndirilir.
Əlbəttə, bütün bunlar vətəndaşların
siyasi həyatda daha azad və layiqli şəkildə
iştirakına spesifik töhfələr verməkdədir. Nəticə
etibarilə, vətəndaş-dövlət münasibətləri
bütün sahə və sektorlarda ən yüksək səviyyədə
təmin edilməkdə və arzulanan nəticələri verməkdədir.
Siyasi-hüquqi islahatların mütəmadi
qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin
təmin olunmasına önəmli töhfələr verməklə
yanaşı, demokratik inkişafı sürətləndirməkdə
və ictimai-siyasi sabitliyin əsaslarını möhkəmləndirməkdədir.
Azərbaycan demokratik inkişaf yolunda
qətiyyətlə irəliləyir
Ölkəmizin daxili siyasət kursunun əsaslarına
diqqət yetirərkən tərəddüdsüz qeyd etmək
olar ki, Azərbaycan demokratik inkişaf indeksinə görə
yüksək səviyyədə qiymətləndirilən
ölkələr sırasında yer alır. Demokratik dəyərlərin
və təsisatların təşəkkül tapması,
mütəmadi surətdə yenilənərək inkişaf
etdirilməsi, insan və vətəndaş hüquq və
azadlıqlarının təmin və müdafiə edilməsi
kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan
dövlətinin milli siyasət kursunun əsasını təşkil
etməkdədir. Odur ki, bütün bunların
fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən
avanqard ölkələr sırasında yer almaqdadır.
Ölkəmizdə demokratiya və onun
başlıca atributları olan vətəndaş cəmiyyəti
və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül
tapması və inkişafını təmin edən
başlıca amil isə mütəmadi surətdə
sistem-struktur islahatlarının həyata keçirilməsidir.
Məhz bütün bunların qanunauyğun nəticəsidir
ki, Qərbin aparıcı demokratik dövlətləri və
təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq
qaldığını və demokratikləşmə prosesini
sürətləndirdiyini bəyan etməkdədirlər.
Digər tərəfdən, insan və vətəndaş
hüquq və azadlıqlarının yüksək səviyyədə
təmin və müdafiə olunması demokratikləşmə
prosesinin də operativ və effektiv səciyyə
almasını şərtləndirir. Odur ki, əminliklə
söyləmək olar ki, bütün bunların fonunda Azərbaycan
demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
Rasional xarici siyasət kursu ölkəmizin
beynəlxalq nüfuzunu artıran amil kimi
Bir məqama xüsusi diqqət yetirmək lazımdır
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən çoxtərəfli və
balanslaşdırılmış xarici siyasət nəticəsində
Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə
də yüksək beynəlxalq nüfuza malik olan milli dövlətə
çevrilib.
Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası
bir neçə istiqamətdə ölkəmizi nəzərə
alınan lokomotiv aktorlardan birinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq
münasibətlər sistemində mövqeyi getdikcə
güclənməkdədir. Həyata
keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi
beynəlxalq münasibətlər sistemində müstəqil
xarici siyasət həyata keçirən milli dövlət kimi
etibarlı strateji tərəfdaşa çevirib.
Hazırda praqmatik xarici siyasət kursu həyata
keçirən müstəqil milli dövlətlər ölkəmizi
etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor
kimi qəbul edirlər. Bu kontekstdə son olaraq 2011-ci ilin oktyabr ayının
24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin
nəticələrinə əsasən, Azərbaycan
2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini
Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik
Şurasında (BMT TŞ) təmsil edəcək yeni qeyri-daimi
(müvəqqəti) üzv seçilməsi və ötən
il quruma 1 ay müddətində Sədrlik etməsi bunun
başlıca göstəricisidir.
Dolayısıyla, Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən çoxşaxəli və
balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan
Respublikasının milli dövlət kimi müasir beynəlxalq
münasibətlər sistemində gücünü və
nüfuzunu artıran mexanizm qismində çıxış
etməkdədir.
Ölkəmiz beynəlxalq təhlükəsizliyə
fundamental töhfələr verən aktor kimi tanınır
Ölkəmizin xarici siyasət kursunun əsaslarından
bəhs edərkən vurğulamaq gərəkdir ki, Azərbaycan
regional və qlobal təhlükəsizliyin təmin olunması
işində özünəməxsus rol oynamaqdadır. Dövlətimiz
beynəlxalq təhlükəsizliyin təmin olunması,
regional və qlobal təhdidlərin qarşısının
alınması istiqamətində dünya siyasətinin
müstəqil aktorları ilə çoxtərəfli, bərabərsəviyyəli
əməkdaşlıq etməkdədir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən praqmatik xarici siyasətlə Azərbaycan Cənubi
Qafqaz bölgəsinin, Avrasiya subregionunun və
bütövlükdə dünyanın hərbi-siyasi, iqtisadi,
ekoloji, demoqrafik və enerji təhlükəsizliyinin təmin
olunmasında aktiv surətdə iştirak edir. Bu tezisi konkret
faktlar və istiqamətlər üzərində əsaslandırmaq
heç də çətin məsələ deyil:
Birincisi,
Azərbaycan özünün
balanslaşdırılmış rasional xarici siyasət
strategiyası ilə Cənubi Qafqaz regionunda təhlükəsizlik
qarantı qismində çıxış etməkdədir;
İkincisi,
Azərbaycanın iştirakı ilə
reallaşdırılan transmilli layihələr həm bölgənin,
həm də subregionun iqtisadi və enerji təhlükəsizliyinin
təmin olunmasında birbaşa fundamental önəm kəsb
edir;
Üçüncüsü, Azərbaycan rasional
seçim strategiyası ilə yerləşdiyi bölgənin
və bölgəətrafı ərazilərin hərbi təhlükəsizliyinin
təmin olunması işində fəal oyunçu qismində
çıxış edir.
Bunlarla yanaşı, Azərbaycan bir sıra istiqamətlərdəki
rasional fəaliyyəti ilə qlobal təhlükəsizliyin təmin
olunmasında önəmli rol oynayır. Beynəlxalq arenada
qeyri-dövlət aktorları qismində çıxış
edən beynəlxalq terrorçu qruplaşmaların
dağıdıcı fəaliyyətinin, hərbi-siyasi
xarakterli separatçı hərəkatların, etnik və
dini ekstremizmin, mütəşəkkil cinayətkarlığın,
habelə qeyri-qanuni miqrasiyanın, insan alverinin, kütləvi
qırğın silahlarının yayılmasının, vacib
enerji və nəqliyyat infrastrukturunda sabotaj riskinin və son
illərin fenomeni olan kiber hücumların
qarşısının alınmasında ölkəmiz
dünya dövlətləri ilə sıx əməkdaşlıq
edir. Ölkəmiz “Kütləvi
qırğın silahlarının yayılmaması
haqqında Saziş” çərçivəsində ixraca nəzarət
və sərhəd təhlükəsizliyi tədbirləri
vasitəsilə kütləvi qırğın
silahlarının yayılmaması istiqamətində də təqdirəlayiq
fəaliyyət göstərir. Azərbaycan
kütləvi qırğın silahlarının
yayılmaması ilə bağlı beynəlxalq rejimin
gücləndirilməsinə tərəfdardır və
müvafiq nəzarətin həyata keçirilməsi
üçün qlobal aktorlarla (buraya milli dövlətlər
və müxtəlif beynəlxalq təşkilatlar aiddir) və
müvafiq təşkilatlarla əməkdaşlığı
davam etdirir.
Bir sözlə, bütün bu strateji istiqamətlərdəki
fəaliyyətinə və töhfələrinə görə,
Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin
olunması işində vacib tərəfdaş aktor kimi qəbul
edilməkdədir.
Azərbaycan beynəlxalq dialoq mərkəzinə
çevrilib
Bütün bunlarla yanaşı, Azərbaycanın
inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən
nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk
növbədə, siyasi sahədə qazanılan nailiyyətlər
Azərbaycanı beynəlxalq ictimaiyyətə daha
yaxşı tanıtdırmaqla bərabər, dünyanın
diqqətini respublikamıza yönəldə bilib. Bunun ən
böyük təsdiqi, qeyd etdiyimiz kimi, 2011-ci ildə Azərbaycanın
155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya
miqyasında böyük hörmətə malik olan bir dövlətdir.
Ölkəmiz beynəlxalq birliyin müstəqil
və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini
qarşılıqlı hörmət və ortaq faydalanma
prinsipləri çərçivəsində həyata
keçirir. Bu isə Azərbaycanın
müstəqil inkişafını təmin etməklə
yanaşı, öz gücünə inamını, eləcə
də ölkəmizə olan etimadı artırır.
Azərbaycanın qlobal mərkəzə çevrilməsini
göstərən ən bariz cəhətlərdən biri
ölkədə çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərin
keçirilməsidir. Ötən ildə keçirilən beynəlxalq tədbirlərdən
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının
(İCAPP) VII Baş Assambleyasını, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
(QİƏT) Parlament Məclisinin Baş Assambleyasının
40-cı plenar iclasını, QİƏT ölkələri
qeyri-hökumət təşkilatlarının birinci forumunu,
İqtisadi Əməkdaşlıq Təşkilatının
XII sammitini, II Bakı Beynəlxalq Humanitar Forumu, İnternet
İdarəçilik Forumunu, “Eurovision-2012” mahnı müsabiqəsini
və başqalarını qeyd etmək olar. Bu
cür beynəlxalq tədbirlərdə dünyanın
müxtəlif ölkələrindən olan yüzlərlə
nüfuzlu siyasi xadimi, ayrı-ayrı sahələr üzrə
ekspertləri, həmçinin, mətbuat nümayəndələri
bir araya gələrək müxtəlif məsələlər
üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul
edirlər. Qeyd edək ki, Azərbaycan bu il
də mötəbər beynəlxalq tədbirlərə ev
sahibliyi ənənəsini davam etdirir. Bu
günlərdə İCAPP-ın Yeni Azərbaycan
Partiyasının təşəbbüsü ilə yaradılan
Qadın Qolunun Bakıda 1-ci iclasının və Dünya
İqtisadi Forumunun Bakıda keçirilməsi bunu təsdiq
edir. Bu, o deməkdir ki, Azərbaycan,
xüsusən də, paytaxt Bakı qlobal problemlərin
müzakirə olunduğu beynəlxalq əməkdaşlıq
məkanına çevrilməkdədir.
Dünyanın nüfuzlu siyasi xadimlərinin, dövlət
və hökumət başçılarının, iri
şirkətlərin rəhbərlərinin
qatıldığı Davos Forumunun Bakıda keçirilməsi
Azərbaycan iqtisadi mərkəzə çevrilməkdə
olduğunu təsdiq edir. Bu, hadisə Azərbaycanın qlobal
iqtisadiyyatda artan rolunun beynəlxalq səviyyədə qəbul
olunması deməkdir. Davos Forumuna ev
sahibliyi etməklə, Bakı şəhəri regional və
qlobal iqtisadi, siyasi məsələlərin ən yüksək
səviyyələrdə müzakirə platformasına
çevrilir. Ölkəmizin qlobal mədəniyyətlərarası
dialoq mərkəzinə çevrilməsi təsadüfi
xarakter daşımır. Çünki
Avropa və Asiya qitələrini enerji layihələri və
TRASECA çərçivəsində iqtisadi cəhətdən
birləşdirmək imkanlarına sahib olan, beynəlxalq siyasi
görüşlərin aparıldığı Azərbaycan
tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və
mədəniyyət sahələrində də qlobal əməkdaşlıq
üçün əlverişli məkandır.
Onu da qeyd edək ki, Azərbaycan təkcə siyasi,
iqtisadi məsələlərdə deyil, humanitar, mədəni
sahələrdə də yeni qlobal mərkəz rolunu
oynayır. Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun və Humanitar Forumun keçirilməsi Azərbaycanın
mədəniyyətlərin inteqrasiyasına verdiyi töhfələrdən
xəbər verir. Bu tədbirlərin həyata
keçirilməsində dövlət
başçısının siyasətinə Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, millət vəkili, Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva da dəstək olur.
Azərbaycan bu gün dünyaya istər tolerantlıq,
istərsə də iqtisadi inkişaf baxımından yeni model
bəxş edib. Azərbaycan xalqının
keçmişindən gələn dözümlülük,
xoşgörü kimi xüsusiyyətlər multikulturalizm, bərabərlik,
tolerantlıq prinsipləri şəklində dövlətin
siyasətində əksini tapır. Azərbaycan
mədəniyyətlərin inteqrasiyası və tolerantlıq
təcrübəsinə malik olan bir ölkədir. Bununla əlaqədar olaraq, ölkəmiz dünya
sivilizasiyalarının qovşağı və multikulturalizmin
nəzərə çarpan nümunəsi kimi dünyada
tanınır. Həmçinin, dünyada
“sivilizasiyaların toqquşması” prosesinin cərəyan
etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili
parçalanmalar nəticəsində dini, etnik zəmində
konfliktlərin yaşandığı bir vaxtda Azərbaycan
sabit və tolerant mühiti ilə diqqət çəkir.
Təsadüfi deyil ki, bu gün tolerantlığın Azərbaycan
modeli dünyada nümunə ola biləcək
səviyyədə qiymətləndirilir.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Yeni Azərbaycan.-
2013.- 11 aprel.- S.5