Bakıda Xəzər Beynəlxalq Su
Texnologiyaları Forumu keçirilib
Forum aprelin 11-13-də Azərbaycan paytaxtında ilk dəfə təşkil olunan Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbir - Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi (CATEF-2013) ilə paralel keçirilir.
«APA-Economics»in məlumatına görə, «Azərsu» ASC-nin təşəbbüsü və dəstəyi ilə təşkil olunan sərgi-forumun əsas təşkilatçısı «Iteca Caspian» şirkətidir.
Konfransda çıxış edən Azərbaycanın baş nazirinin müavini Abid Şərifov son illər Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini qeyd edib. O bildirib ki, bu inkişafın nəticəsində 2012-ci ildə Azərbaycan iqtisadiyyatına 25,18 mlrd. dollar investisiya yatırılıb. Onun sözlərinə görə, 15,05 mlrd. dolları daxili investisiya, 10,03 mlrd. dolları isə xarici investisiya təşkil edib: «Bütün investisiyaların 19,04 mlrd. dolları qeyri-neft sektoruna, 6,4 mlrd. dolları isə neft sektoruna yönəldilib».
Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışan baş nazirin müavini forumun yeni texnologiyalardan istifadənin öyrənilməsi baxımından əhəmiyyətli olacağını qeyd edib.
Forumda çıxış edən «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov ilk dəfə keçirilən beynəlxalq forumda nüfuzlu alimlərin iştirakının, yeni texnologiyalardan istifadəsinin və bu texnologiyaların gələcəkdə istifadəsinin əhəmiyyətli olacağını bildirib.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə vurğulayıb ki, bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da su problemlərinin həlli çox vacib bir məsələyə çevrilib. Bu istər qlobal, istərsə təsərrüfat, istərsə də əhalinin artım səviyyəsində özünü göstərir: «Onu deyə bilərəm ki, Azərbaycanın su ehtiyatı qonşu Gürcüstandan 6 dəfə azdır. Təbii ki, sudan səmərəli istifadə olunsa, bu problem yaşanmaz. Bu məsələyə ölkə başçısı da böyük diqqət yetirir. Əsas nəzərə çarpan nəticələrdən biri də odur ki, suyun qrafiklə verilən rayonlarda suyun istifadəsi daha çoxdur».
Türkiyənin meşə və su işləri naziri Veysəl Əroğlu bildirib ki, bugünkü forumun keçirilməsinin böyük əhəmiyyəti var: «Biz Azərbaycanla bu sahədə çox böyük və əhəmiyyət kəsb edən iş birliyi qura bilərik». Türkiyədə əvvəllər əhalinin su problemi ilə üzləşdiyini deyən nazir vurğulayıb ki, hazırda ölkəsində bu sahədə tətbiq olunan yeni texnologiyalar əsasında problem həllini tapıb. V.Əroğlu bu sahədə Azərbaycanı Türkiyə təcrübəsindən yararlanmağa dəvət edib.
Qeyd edək ki, tədbirdə Dünya Su Forumunun vitse-prezidenti Doğan Alınbiləy, Beynəlxalq Su Assosiasiyasının vitse-prezidenti Diana Daarsa, AMEA-nin prezident əvəzi akademik Akif Əlizadə Forumun əhəmiyyəti barədə danışıblar.
Forum öz işini bölmələr üzrə davam etdirir. Tədbirdə içməli su emalı üzrə innovativ texnologiyalar, tullantı suların təmizlənməsi, yağış sularının kənarlaşdırılması, su mənbələrinin qiymətləndirilməsi, bataqlıqların və süni göllərin qurudulması və s. mövzularla bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Sözügedən forumda dövlət strukturları, beynəlxalq təşkilatlar, xarici və yerli ekspertlər, iri sənaye müəssisələrinin rəhbər və ekoloqları, eko-texnologiyalar və eko-xidmətlərin təchizini həyata keçirən müəssisələrin nümayəndələri, ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə institutları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, habelə assosiasiyalar və qeyri-hökumət təşkilatları iştirak edir.
Azəri Nadir
Yeni Azərbaycan.-
2013.- 13 aprel.- S.5.