Türkiyə atdığı hər bir
addımda mütləq Azərbaycanın mənafelərini
düşünür
Səfir Alper
Coşkun: Bakı və Azərbaycan dedikdə, təsəvvürlərdə
mötəbər tədbirlərin uğurla baş tutduğu
meqapolis şəhər və sürətlə inkişaf edən
bir ölkə canlanır
Türkiyənin Azərbaycandakı
səfiri cənab Alper Coşkunun “Yeni Azərbaycan” qəzetinə
müsahibəsi:
- Cənab
səfir, Azərbaycanın dövlət müstəqilliyini
tanıyan ilk ölkə məhz qardaş Türkiyə
olmuşdur. Ötən müddət ərzində ölkələrimiz
arasındakı siyasi, iqtisadi və digər sahələrdəki
mövcud əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
-
1991-ci ildə də təkrar müstəqilliyinə
qovuşduqdan sonra, Azərbaycanın dövlət müstəqilliyini
tanıyan ilk ölkənin Türkiyənin olmasından
qürur duyuruq. Azərbaycana dost və qardaş ölkənin
səfiri olmaq mənim üçün bir şərəfdir.
Digər tərəfdən isə, müstəqilliyini bərpa
etdikdən sonra, Azərbaycanla Türkiyə arasında əlaqələr
o qədər inkişaf edib ki, bu əlaqələrin təməli
elə möhkəm dayaqlar üzərində qurulub ki, burada
özümü çox rahat, bir şanslı səfir kimi
hiss edirəm. Bəzən ikitərəfli əməkdaşlıqda
mövcud əlaqələrin səviyyəsi əskiklik
yaradır, bunun üçün dövlət
başçıları səviyyəsində siyasi iradənin
olması da lazım gəlir. Şükürlər olsun ki, Azərbaycan-Türkiyə
əlaqələrində bu siyasi iradə də ortadadır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycan
hökuməti, qarşı tərəfdə isə Türkiyənin
Prezidenti cənab Abdullah Gül, Baş nazir Rəcəb Tayyip Ərdoğan
və Hökumətimiz ölkələrimiz arasında əlaqələrin
inkişafına öz töhfələrini verməkdədirlər.
İki qardaş ölkə arasında əməkdaşlıq
çox sağlam bir bünövrə üzərində daim
inkişaf etməkdədir. Yeri düşmüşkən qeyd
edim ki, səfir kimi fəaliyyətə başlayarkən, ilk
görüşümüzdə cənab Prezident İlham Əliyev
mənə zarafatla dedi ki, ölkələrimiz arasında əlaqələr
o qədər inkişaf edib ki, bunu daha da irəli aparmaq bir səfir
kimi mənim üçün çox çətin olacaq. Bu
zarafatda, əslində bir həqiqət var.
Buraya
səfir təyin olunarkən dövlət rəhbərlərimiz
mənə Azərbaycanla Türkiyə arasında mövcud əlaqələri
daha da irəli aparmağı tapşırdılar. Odur ki, Azərbaycanın
özü üçün müəyyən etdiyi inkişaf
yolunda Türkiyə Cümhuriyyəti olaraq öz dəstəyimizi
verməyə çalışırıq. Bu dəstək həm
səfirlik səviyyəsində, həm hökumət, həm
də ayrı-ayrı nazirliklər səviyyəsində
müxtəlif səpkidə davam edir. Sevindirici haldır ki, ötən
il ölkələrimiz arasında ticarət dövriyyəsinin
həcmi artıq 4 milyard ABŞ dollarını keçdi. Bu
gün Türkiyə Azərbaycanın ən böyük ticarət
tərəfdaşıdır. Lakin biz bununla kifayətlənmirik.
Əgər əvvəlki illərdə Azərbaycanda
Türkiyə sərmayəsinin həcmi üstünlük təşkil
edirdisə, indi artıq Azərbaycan özü Türkiyə
iqtisadiyyatına sərmayə yatırmaqdadır və bu sərmayələrin
həcmi ildən-ilə artır. Bundan əlavə, artıq
bizim regionlarımız arasında iqtisadi əməkdaşlıq
güclənməkdədir ki, bu da bizi çox sevindirir.
- Cənab
səfir, ötən il Qəbələ şəhərində
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın
iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının ikinci iclası keçirildi. İclasda qəbul
edilən qərarların həyata keçirilməsi istiqamətində
hər iki ölkədə nə kimi işlər
görülməkdədir?
-
İkitərəfli əlaqələrin Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurası formatında davam
etdirilməsi çox önəmlidır. Çünki bu,
çox işlək bir formatdır. Bu, həm tərəflərin
ortaya qoyduğu siyasi iradəni möhkəmləndirməklə
yanaşı, eyni zamanda, nazirliklər və onlardan daha
aşağı səviyyədə olan qurumlar arasında əməkdaşlığın
daha da gücləndirilməsinə şərait yaradır,
onların fəaliyyətini istiqamətləndirir. İndiyədək
tərəflər arasında artıq iki dəfə belə
görüş keçirilib. İnşallah, bu il
üçüncü görüş Türkiyədə
keçiriləcəkdir. Qeyd edim ki, ötən il Prezident
İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğanın
iştirakı ilə Qəbələdə keçirilən
görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın
əsas hədəfləri müəyyənləşdirildi.
Bunların arasında, sözsüz ki, enerji sahəsində əməkdaşlıq
ön planda idi. Müzakirə olunan məsələlərdən
biri Trans Anadolu Qaz boru kəməri (TANAP) layihəsi ilə
bağlı oldu. Hazırda tərəflər arasında bu
layihənin maliyyələşdirilməsi ilə bağlı
danışıqlar aparılır. Bundan əlavə, Qəbələdə
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin
reallaşdırılması məsələsi də əsas
müzakirə mövzularından biri idi. Ötən müddət
ərzində layihənin icrasına nəzarəti həyata
keçirən işçi qrupun bir neçə dəfə
iclası keçirilib. Demək olar ki, Qəbələ
görüşündə qəbul edilmiş bütün qərarların
həyata keçirilməsi istiqamətində mühüm irəliləyişlər
əldə olunub. Düşünürəm ki, Türkiyədə
baş tutacaq üçüncü görüşdə tərəflər
Qəbələ görüşünün nəticələrini
müzakirə etməklə yanaşı, əməkdaşlıqda
yeni hədəflərə doğru irəliləmiş
olacaqlar.
- Bu
gün Avropa, eləcə də, dünyanı narahat edən əsas
məsələlərdən biri enerji təhlükəsizliyi
məsələsidir. Sizcə, iki qardaş ölkə olan Azərbaycan
və Türkiyə bu işdə nə kimi töhfələr
verməkdədirlər?
- Azərbaycanın
enerji mənbələrinin beynəlxalq bazarlara
çıxarılması ölkəniz üçün nə
qədər önəmlidirsə, Türkiyə
üçün də bir o qədər əhəmiyyətlidir.
Türkiyə enerji sahəsində Azərbaycanla əməkdaşlıq
etməkdən son dərəcə məmnundur.
Düşünürəm ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac
neft boru kəməri zamanında boş yerə “Əsrin
müqaviləsi” adlandırılmayıb. Ötən il isə
Azərbaycan Hökuməti təbii qazın dünya
bazarlarına Türkiyə ərazisindən Trans Anadolu Qaz Boru
kəməri (TANAP) vasitəsilə
çıxarılmasına dair qərar verdi. Fikrimcə, bu
marşrut Azərbaycanın təbii ehtiyatlarının Avropa
bazarlarına çıxarılması üçün ən
təhlükəsiz marşrutdur. Digər tərəfdən
isə, ilk mərhələdə TANAP kəməri ilə nəql
olunacaq 16 milyard m3 təbii qazın 6 milyard m3-ni Türkiyə
alacaqdır. Azərbaycan üçün təbii qazın
istehlakçıya çatdırılması
üçün, bu, böyük bir imkandır. Ümumiyyətlə,
Türkiyə, TANAP layihəsinə digər beynəlxalq boru kəmərlərinin
rəqibi kimi deyil, cənub enerji dəhlizlərinin
tamamlayıcısı kimi baxır. Çünki Avropanın
enerji təhlükəsizliyi baxımından mütləq
çoxşaxəli enerji mənbələrinə malik olmaq
çox böyük önəm daşıyır. Cənub dəhlizinin
bu baxımdan çox təhlükəsiz olduğu qənaətindəyik.
TANAP layihəsinin sonradan hansı beynəlxalq boru kəmərlərinin
tərkib hissəsi olacağını indidən demək
çətindir, bu haqda qərar önümüzdəki aylarda
bəlli olacaq. Amma bu gün böyük əminliklə
söyləmək olar ki, Azərbaycanda hasil olunan təbii
qazın Türkiyə ərazisi ilə Avropanın cənub
qapısınadək gətirilməsi iki qardaş ölkənin
Avropanın enerji təhlükəsizliyinə vermiş
olduğu töhfədir. Təbii, burada Gürcüstanın
da dəstəyini qeyd etməmək olmur.
- Qəbələ
görüşündə əsas müzakirə olunan məsələlərdən
biri də Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinin
reallaşması ilə bağlı idi. Bu layihə çərçivəsində
Qars-Naxçıvan dəmiryolu, ayrıca Ərzurum-Qars-İğdır-Naxçıvan
qaz kəmərinin tikintisi də planlaşdırılır.
Sizcə, bu layihələrin reallaşdırılması nəzərdə
tutulduğu müddətdə başa
çatdırılacaqmı?
-
Öncə onu qeyd edim ki, hazırda dünyada enerji
ehtiyatlarına tələbat böyük olduğundan ən
yüksək səviyyədə keçirilən
görüşlərdə enerji təhlükəsizliyi məsələlərinə
daha çox diqqət ayrılır. Düşünürəm
ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin
reallaşması Avropanın enerji təhlükəsizliyi məsələsini
belə kölgədə qoymuş olacaqdır. Belə ki, BTQ daha
böyük bir layihənin ortasında yer alan bir layihədir.
Burada söhbət Tarixi İpək Yolu xəttinin yenidən
işlək hala gətirilməsindən gedir. Bir anlığa
düşünün ki, bu dəmiryolu ilə Uzaq Şərqdən-Çindən
gələn qatarlar Azərbaycan-Türkiyə ərazisini
keçməklə Avropaya-oradan isə İngiltərəyədək
maneəsiz hərəkət edə biləcəklər.
Hazırda bu layihənin həlledici hissələrindən olan
Mərmərə dənizinin dibi ilə çəkilən
tunelin tamamlanması üzə işlər davam etdirilir.
Düşünürəm ki, ilin sonunadək bu tunel istismara
hazır olacaqdır. BTQ layihəsi beynəlxalq ticarət
baxımından son dərəcə əhəmiyyətli bir
layihədir. Bu dəmiryolu vasitəsi ilə təkcə
yüklər daşınmayacaq. Eyni zamanda, layihənin əhatə
etdiyi ölkələrin insanları da rahat şəkildə
bu dəmiryolundan istifadə edə biləcəklər.
Düşünürəm ki, BTQ-nin reallaşması, özəlliklə
bizim ölkələrin yerləşdiyi bölgənin
inkişafına mühüm töhfələr verəcəkdir.
Məndə olan məlumata görə, bu ilin sonundan BTQ
marşrutu üzrə sınaq səfərlərə
başlanılacaq. Gələn ilin əvvəlindən isə
BTQ-nin tədricən fəaliyyətə başlayacağı
nəzərdə tutulur. Əfqanıstanda xidmət edən
beynəlxalq koalisiya qüvvələrinin geri çəkilməsində
də bu dəmiryolu xəttindən istifadə olunacağı
planlaşdırılır. BTQ fəaliyyətə
başladıqdan sonra, bu xətdən, əlavə bir qol
Naxçıvana da çəkiləcəkdir. Beləliklə
də, Naxçıvanın dəmiryol blokadasına son
qoyulacaq. Hazırda həm Türkiyədə, həm də
Naxçıvanda bu layihənin iqtisadi əsaslandırılması
üzərində işlər davam etdirilir.
Qarşıdakı illərdə isə bu layihənin
gerçəkləşdirilməsinə başlanılacaq.
Eyni fikirləri də Ərzurum-Qars-İğdır-Naxçıvan
qaz kəmərinin tikintisi üçün də söyləmək
olar. Düşünürəm ki, bu iki layihə
qarşıdakı çox yaxın illərdə artıq
reallığa çevriləcəkdir.
- İki
qardaş ölkə arasında əlaqələr nə qədər
yüksək səviyyədə qurulsa, inkişaf etsə də,
bəzən elə məsələlər ortaya
çıxır ki, hər iki tərəfdə böyük
narazılıqlara səbəb olur. Məsələn, elə
götürək son hadisələri. Qondarma seçkilər
keçirməklə özünü yenidən Ermənistanın
prezidenti elan edən Serj Sarkisyanı ilk təbrik edən
ölkə başçılarından birinin məhz Prezident
Abdullah Gülün olması Azərbaycanda heç də
xoş qarşılanmadı. Yaxud, Van-Yerevan aviareysinin
açılması məsələsi Azərbaycan ictimaiyyətində
haqlı narazılıq doğurdu...
- Öndərlərimiz
əbəs yerə deyil ki, bizi tək millət-iki dövlət
adlandırıblar. Tam səsimi olaraq söyləyirəm ki,
elə bu səbəbdəndir ki, digər xalqlarla müqayisədə
bizim bir-birimizə qarşı həssasiyyatimiz çox
yüksəkdir. Bunu çox təbii qarşılamaq
lazımdır. Türk milləti bir qədər
duyğusaldır. Məhz bu səbəbdəndir ki, zaman-zaman
bir-birimizə qarşı ani, duyğusal hadisələr ortaya
çıxa bilir. Məsələn, o təbrik mesajı məsələsi
kimi. Amma bəzən, bu duyğusal hissləri cilovlamaq
lazım gəlir. Bəzən, hər şeyə ani baxmaq
lazım deyil, hər zaman qarşıdakı böyük
tablonu görməmiz lazım gəlir. Türkiyənin Azərbaycandakı
səfiri olaraq, hər zaman vurğulamaq istədiyim bir şey
var. Türkiyənin Azərbaycana olan sevgisi və
bağlılığı tamdır, təmənnasızdır,
əvəzində qarşılıqlı təmənna
gözlənilmir. Bilirəm ki, Azərbaycanda da Türkiyəyə
qarşı eyni sevgi və sayğı vardır. İkinci
vurğulamaq istədiyim məsələ budur ki, Türkiyədə
Azərbaycanın mənafelərinin əleyhinə hər
hansı bir hərəkət və fikir olmayıb və ola da
bilməz. Biz atdığımız hər bir addımda hər
zaman, mütləq Azərbaycanı da
düşünürük. Hər zaman belə bir məsuliyyətimizin
olduğunu düşünürük və bunu unutmuruq. Odur
ki, bu ilin fevralında Prezident Abdullah Gülün Serj Sarkisyana
göndərdiyi təbrik mesajı son dərəcə protokol
qaydasından başqa bir şey deyildir. Amma bir şeyi
xatırlamamız lazımdır ki, belə xırda məsələlərə
lazımından artıq diqqət yetirdikdə bunun
arxasında nələrin dayandığı həddindən
artıq soruşulanda, hətta bu müzakirələrin
Türkiyəni incidə biləcəyi yerlərə gətirildiyi
halda, əslində, mənasız bir şey üstündə
başlanan bu müzakirələr, nəticə etibarı ilə
bəzi maraqlı tərəfləri sevindirə biləcək
bir hala gəlib çıxır, lazımından daha
artıq bir əhəmiyyət kəsb etmiş olur. Odur ki, belə
kiçik məsələlər ortaya çıxan zaman, mən
də bunun ümumi işimizə nə kimi xeyir verə biləcəyinə
baxıram. Yenə təkrar edirəm, Türkiyə heç
zaman Azərbaycanın menafelərini nəzərə almadan
heç bir hərəkət etməyəcəkdir.
- Bu arada
Ermənistan tərəfinin tez-tez səsləndirdiyi fikrə-
Azərbaycanın işğal olunmuş ərazisində,
Xocalı şəhərində hava limanını
açması məsələsinə münasibətinizi bilmək
oxucularımız üçün maraqlı olardı...
- Bu məsələdə
Türkiyənin Xarici İşlər Nazirliyi artıq öz
mövqeyini səsləndirib. Bu mövqe ondan ibarətdir ki, bu
cür hərəkətlər, ortadakı əsas məsələdən
diqqətləri başqa istiqamətə çəkməyə
yönəlib. Çünki ortada olan məsələ
hamıya bəllidir. Bu, Azərbaycan torpaqlarının Ermənistanın
işğalından azad edilməsidir. Bunu nə mən, nə
Azərbaycan tərəfi söyləyir-bunu BMT-nin Təhlükəsizlik
Şurasında qəbul edilən qərarlar tələb edir.
Bu işğal nəticəsində Azərbaycanda çox
ciddi rəqəmlərlə sayılan qaçqın və məcburi
köçkün ordusu yaranıb. Başqa sözlə, Azərbaycanın
ərazi bütövlüyünün Ermənistan tərəfindən
işğalı faktı ortadadır. İlk növbədə,
bu məsələlərin öz həllini tapması
lazımdır, işğal faktı aradan
qaldılmalıdır. Bu istiqamətində Ermənistan tərəfindən
indiyədək hər hansı bir addım
atılmadığı halda, nə iqtisadi, nə beynəlxalq
ehtiyac duyulmadığı halda, birdən-birə Xocalıya təyyarə
reyslərinin açılması barədə məsələnin
ortaya atılması, sözsüz ki, təxribat xarakteri
daşıyır və aparılan sülh
danışıqlarının istiqamətinin başqa səmtə
yönəldilməsinə xidmət edir. Türkiyə olaraq,
biz bunu tərəflər arasında aparılan
danışıqların mahiyyətindən uzaq və
yalnış bir hərəkət kimi dəyərləndiririk.
Bu məsələdə Azərbaycanın haqlı
mövqeyini dəstəklədiyimizi bəyan etməklə,
sözügedən məsələnin bütün beynəlxalq
təşkilatların və dünya ictimaiyyətinin diqqətinə
çatdırmağa çalışırıq.
- Yeri gəlmişkən,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində vasitəçilik
missiyasını öz üzərinə götürən ATƏT-in
Minsk qrupunun nümayiş etdirdiyi passiv mövqeni necə qiymətləndirirsiz?
Sizcə ötən 20 il ərzində münaqişənin həllində
passiv mövqe tutan belə bir qurumun münaqişənin həllinə
nail ola biləcəyinə ümid etmək olarmı?
- Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
vasitəçilik missiyasını öz üzərinə
götürmüş ATƏT-in Minsk qrupunda
anlamalıdırlar ki, Azərbaycan torpaqlarının
işğaldan azad olunmayanadək sülhə nail olmaq
mümkün deyil. Və həmsədr ölkələrin
missiyası münaqişəni dondurmaq deyil, münaqişə
tərəfləri arasında sülhə nail olmaqdır. Kimsə
bunu yanlış anlamasın və hər kəs də bunu
yaxşı xatırlasın ki, ATƏT-in Minsk qrupunun vəzifəsi
Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsidir. 20 il bir münaqişənin həlli
üçün lazım olduğundan da artıq bir müddətdir.
Münaqişə həllini tapmadığı üçün,
cəbhə bölgələrində yaşayan Azərbaycan vətəndaşları-dinc
sakinlər, eləcə də, əsgərlər ermənilər
tərəfindən hələ də qətlə yetirilməkdədir.
Hələ də Azərbaycanda böyük sayda
qaçqın ordusu qalmaqdadır. Münaqişənin həllində
maraqlı olan böyük dövlətlər bunları
düşünməlidirlər. Ermənistanın
işğalı davam etdikcə, Qafqaz kimi mühüm əhəmiyyətli
bir bölgə hər an müharibə ocağına
çevrilə bilər. Digər tərəfdən isə, bu
işğal davam etdikcə, işğalçılıq siyasətini
davam etdirən Ermənistan, əslində, özünü cəzalandırmış
olur. Ermənistandakı demoqrafik durum, iqtisadi vəziyyət
gündən-günə daha da pisləşir, qonşulardan
izolyasiya olur. Dolayısı ilə,
işğalçılıq siyasətinə son verilməsi
bölgədə vəziyyətin
normallaşdırılmasına, rifahının yüksəldilməsinə
səbəb ola bilər. ATƏT-in Minsk qrupunun da bu
anlayışla hərəkət etməsi lazımdır və
bunu işğalı davam etdirən Ermənistan rəhbərliyinə
anlatmalıdır. Minsk qrupunun həmsədrlik etməsinə
önəm versək də, ATƏT-in Minsk qrupunun üzv
dövləti olaraq, Türkiyə qurumun fəaliyyətini daha
da canlandırmasına çalışır. Ümid edirik
ki, önümüzdəki illərdə beynəlxalq ictimaiyyət
məsələyə daha ciddi yanaşaraq, münaqişənin
həlli istiqamətində səylərini daha da
artıracaqdır.
- Ötən
il, belə demək mümkünsə, dünya bir ay müddətinə
Azərbaycana əmanət edildi. Ölkəmiz BMT Təhlükəsizlik
Şurasına sədrlik etdi. Eləcə də, bu ilin
mayında bu proses yenidən təkrarlanacaq. Sizcə, Azərbaycan
ona tapşırılan bu şərəfli vəzifənin
öhdəsindən gələ bilirmi?
-
Düşünürəm ki, Azərbaycanın ona həvalə
edilən bu şərəfli missiyanın öhdəsindən
gələ bilməməsi üçün heç bir səbəb
yoxdur. Bildiyim qədər Azərbaycan diplomatiyasının
çox böyük və professional bir kadr heyəti var. Digər
tərəfdən, bunun bizim üçün mənəvi bir
tərəfi də vardır. Azərbaycanın BMT TŞ-da təmsil
olunması türk diplomatlarını da bir növ
rahatlaşdırır içimizdəki hüzuru
artırır. Çünki hər şeydən öncə
Türk dünyasını təmsil edən Azərbaycanın
BMT-də təmsil olunması çox önəmlidir.
İkincisi, Azərbaycanın haqq və ədalət tərəfdarı
olduğunu bildiyimiz üçün, sadəcə Türkiyə
üçün deyil, beynəlxalq ictimaiyyət
üçün də etibarlı olduğunu
düşünürük. Odur ki, indiyədək əldə
etdiyi bu uğurlara görə Azərbaycanı təbrik
edirik.
- Cənab
səfir, mübaliğəsiz demək olar ki, bu gün
dünyanın diqqəti Azərbaycana yönəlib.
Dünyanın aparıcı telekanalları, informasiya agentlikləri,
mətbu orqanları ölkəmiz, onun iqtisadi inkişafı,
mədəniyyəti, turizm potensialı haqda silsilə
reportajlar hazırlayırlar. Bakı hazırda nəinki Şərqin
ən inkişaf etmiş bir paytaxt şəhəridir, eyni
zamanda, dünya meqapolisləri ilə rəqabət aparmaq
qabiliyyətindədir. Ötən il paytaxtımız
“Eurovision”a ev sahibliyi etdi, həmçinin, bir sıra beynəlxalq
forum və konfranslar, bu günlərdə isə Davos Forumunun
növbəti iclası Bakıda keçirildi. Bundan əlavə,
paytaxtımız 2015-ci ildə Avropada ilk dəfə
keçiriləcək Olimpiya Oyunlarını qəbul etməyə
hazırlaşır. Bir diplomat, eləcə də, xarici
ölkə vətəndaşı kimi ölkəmizdəki bu
inkişafı necə dəyərləndirirsiniz?
-
Türkiyənin Azərbaycandakı səfirliyi olaraq,
bütün bu sadaladıqlarınızla qürur duyuruq. Sevindirici
haldır ki, bu inkişaf təkcə Bakı şəhəri
ilə məhdudlaşmır və Azərbaycanın hər
bir bölgəsində bu inkişafı hiss etmək
mümkündür. Prezident İlham Əliyev başda olmaqla,
Azərbaycan Hökumətinin gördüyü məqsədyönlü
fəaliyyət nəticəsində ölkəniz sadəcə
bu bölgədə deyil, eləcə də, dünyanın
ağırlıq mərkəzinə çevrilməkdədir.
Bu, Türkiyə üçün də çox önəmlidir,
çünki bizim gücümüzə də güc
qatırsınız. Elə ay olmur ki, Bakıda hər
hansı bir beynəlxalq tədbir keçirilməsin və
orada Türkiyədən gəlmiş böyük nümayəndə
heyəti iştiak etməsin. Doğrudur, səfirlik olaraq, bu,
bizim işimizi çətinləşdirsə də, amma Azərbaycandakı
bu inkişafı dünya ölkələrinin də gəlib
görməsindən qürur duyuruq. Bu gün beynəlxalq aləmdə
Bakı və Azərbaycan dedikdə, o saat təsəvvürlərdə
mötəbər tədbirlərin uğurla baş tutduğu
meqapolis şəhər və sürətlə inkişaf edən
bir ölkə canlanır. Əminəm ki, paytaxtınıza gələn
hər bir xarici ölkə vətəndaşının cəmi
bircə dəfə dənizkənarı bulvarı gəzməsi
kifayətdir ki, Bakı haqqındakı xoş və əvəzolunmaz
xatirələr onu ömürboyu təqib etsin. Diplomat olaraq,
belə hesab edirəm ki, üzləşdiyi çətinliklərə
baxmayaraq, Azərbaycan çox sürətlə və
uğurla gələcəyə doğru irəliləməkdədir.
- Cənab
səfir, bu günlərdə Bakıda ənənəvi
turizm sərgisi keçirildi. Sərgidə qardaş Türkiyə
də geniş pavilyonla təmsil olunurdu. Digər tərəfdən
isə, bilirik ki, tez-tez Azərbaycanın bölgələrində
səfərlərdə olursunuz, ölkəmizin turizm
potensialı ilə az-çox tanışsınız. Azərbaycanın
turizm potensialını necə dəyərləndirirsiniz?
- Azərbaycanın
turizm potensialı çox zəngindir. Bildiyim qədər,
dünyadakı 11 iqlim qurşağının 9-na sahib olan Azərbaycan,
bu sarıdan nadir ölkələrdən biridir. Məsələn,
Naxçıvandakı “Duzdağ” sanatoriyasını
çoxdan dünyaya tanıtmaq lazımdır. Mən buraya gəlməzdən
əvvəl bu haqda heç bir məlumatım yox idi. Yaxud
Naftalandakı müalicəvi neft haqqında dünya ölkələrində
elə də çox informasiya yoxdur. “Şahdağ”
Qış-Yay Turizm Kompleksi, eləcə də, Qəbələ
şəhəri və onun ətrafı ayrıca söhbətin
mövzusudur. Gəncə, Quba, Şəki, Lənkəran-
daha hansı bölgəni sayım? Xəzərin qumsal sahillərini
necə unutmaq olar? Ölkənin bir ucunda yaz-yay olanda, o biri
ucunda hələ qışı və qarı görmək
mümkündür. Qısa olaraq, onu vurğulamaq istərdim
ki, Azərbaycanın çox böyük və zəngin
turizm potensialı vardır. Və əminəm ki, çox
yaxın illərdə Azərbaycan dünyanın turizm mərkəzlərindən
birinə çevriləcəkdir.
Səlim Loğmanoğlu
Yeni Azərbaycan.- 2013.- 16 aprel.- S.13.