Neft strategiyasının bugünkü inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır

 

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının bugünkü inkişafı Ulu öndərin bütün sahələrdə olduğu kimi bu sahədə də uzaqgörənliyini təsdiq etməklə yanaşı, hər birimizin ürəyində böyük fəxarət hissi oyadır. Ümummilli liderin dediyi kimi, "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin çoxminli kollektivi də işini məhz bu prinsiplərə uyğun qurmaqla qaz təsərrüfatının xalqın rifahı naminə inkişafı üçün əlindən gələni əsirgəmir.

Məlumdur ki, Azərbaycanın mövcud qaz nəqli sistemi əsasən XX əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə formalaşmışdır. 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycanın qaz sənayesi dinamik inkişaf yolu keçmişdir. 1970-1971-ci illərdə diametri 1000-1200 millimetr, illik məhsuldarlığı 10 milyard kubmetr olan İran-Astara-Qazıməmməd-Qazax magistral qaz kəməri (MQK) istismara verilmişdir. Bu unikal kəmərin çəkilişinə rəhbərlik edən keçmiş SSRİ qaz sənayesi naziri Aleksey Kortunov demişdir: “Bu kəmərin çəkilib istismara verilməsində şəxsən Heydər Əliyevin təşkilatçılığını, tələbkarlığını və köməyini nazirlik daim hiss etmişdir”.

1970-1982-ci illərdə Yevlax-Laçın-Şahbuz-Naxçıvan və Naxçıvan-Culfa-Ordubad MQK tikilmiş və həmin magistral qaz kəmərindən Şuşa, Qubadlı, Zəngilan və Xankəndinə qaz xətləri çəkilmişdir. Rusiyadan təbii qazın alınması məqsədilə 1972-1982-ci illərdə diametri 1200 millimetr olan Şirvanovka-Qazıməmməd-Ağdaş-Qazax MQK tikilmişdir. Həmin magistral qaz kəməri vasitəsilə ildə 25 milyard kubmetr qaz nəql edilirdi. Naxçıvan MR-ə çəkilən 1804 kilometr uzunluğunda qaz xətti iqtisadiyyatın və əhalinin sosial durumunda əhəmiyyət kəsb edərək 7 rayon mərkəzində, kənd və qəsəbələrdə 36 min mənzilin təbii qazla təmin olunmasına imkan vermişdir. Həmin dövrdə Naxçıvanda illik məhsuldarlığı 6 min ton olan qazdoldurma-paylama stansiyası tikilmişdir.

Ötən əsrin 70-80-ci illərində Qərb istiqamətində “Qaradağ – Qazax – Gürcüstan sərhədi”, şimal istiqamətində “Rusiya sərhədi-Qazıməmməd” MQK çəkilmişdir. O zamanlar Zaqafqaziya respublikalarının təbii qazla təchizatı əsasən Azərbaycanın magistral qaz kəmərləri vasitəsilə həyata keçirilirdi. Şəxsən Heydər Əliyevin səyi nəticəsində qısa müddətdə Xaldan-Şəki-Qax-Zaqatala-Balakən MQK-nin çəkilişi başa çatdırıldı. Qaradağla Sumqayıt arasında 40 kilometrlik xətt çəkildi.

1970-ci ilə qədər respublikada qazlaşdırılmış mənzillərin sayı 250 min təşkil edirdisə, 1980-ci ildə bu rəqəm 1 milyona çatdırılmışdı.

1983-1993-cü illərdə digər sahələrdə olduğu kimi qaz təsərrüfatında da durğunluq yaranmış, elektrik stansiyalarına və mühüm sənaye obyektlərinə verilən qaz həcmi kəskin şəkildə azalmışdı. Qış mövsümündə qazın istehlakçılara çatdırılmasında fasilələrə yol verilirdi.

1993-cü ildən başlayaraq Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həm siyasi, həm də iqtisadi sahələrdə islahatlara başlanıldı.Bunun nəticəsidir ki, bu gün Azərbaycan iqtisadi sahədə dünyada ən inkişaf etmiş ölkələr sırasına daxil olmuş və Avropanın enerji təhlükəsizliyinin etibarlı qorunmasında mühüm rol oynamağa başlamışdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri artıq xəyaldan gerçəkliyə çevrilmişdir.

1993-cü ildə Yaponiya hökuməti Azərbaycana qaz layihəsinin hazırlanması üzrə tədqiqatın maliyyələşdirilməsi məqsədilə əvəzsiz maliyyə vəsaiti ayırdı. Yeni qaz layihəsinin məqsəd və vəzifələri aşağıdakılardan ibarət idi: təbii qazdan istifadənin səmərəliliyini artırmaq, beynəlxalq standartlara uyğun ölçü cihazlarını təkmilləşdirmək; sayğacların və yeni avadanlıqların tətbiqi hesabına qazın sərf olunması üzrə əməliyyatların kommersiya əsasına keçirilməsi; qaz xətlərində sızmanın aşkarlanması, qazların xüsusiyyətlərinin təyin edilməsi və katod mühafizəsi sisteminin maliyyələşdirilməsi və s.

Təbii ki, neft-qaz təsərrüfatının inkişafında dönüş nöqtəsi 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır. Prezident İlham Əliyevin dediyi kimi, o vaxt Azərbaycan gənc müstəqil dövlət idi və dünyaya hələ özünü tanıtdıra bilməmişdi: “O vaxt ölkəmiz gələcək inkişaf istiqamətlərini müəyyən edirdi. Azərbaycan necə inkişaf edəcək, hansı ölkəyə çevriləcəkdir?! Əlbəttə ki, bizim əsas potensialımız olan neft ölkənin ümumi inkişafına xidmət göstərməli idi. Bunu etmək üçün mütləq xarici tərəfdaşlar Azərbaycana sərmayə qoymalı idilər. Çünki o vaxt Azərbaycanın maddi imkanları çox məhdud idi. Biz buna nail ola bildik. Qısa müddət ərzində müxtəlif irimiqyaslı, böyük şirkətlər Azərbaycana gəldilər, sərmayə qoymağa başladılar. Beləliklə, Azərbaycanın uğurlu inkişafı başlandı. Məhz 1994-cü ildə ulu öndər tərəfindən Heydər Əliyev neft strategiyası elan edilmişdir ki, bu gün də bu strategiya davam etdirilir... 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur. 2006-cı ildə kəmər istifadəyə verilmişdir. Bu kəmər bütövlükdə bölgənin və bəlkə də qitənin enerji xəritəsini əsaslı şəkildə dəyişdirə bilmişdir. Bu kəmər təkcə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün deyil, eyni zamanda, yeni dəhlizin açılması üçün çox vacib, tarixi bir addım idi. Artıq bu dəhliz işə düşəndən sonra növbəti mərhələdə böyük “Şahdəniz” yatağının qaz ehtiyatlarının dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilmişdir. “Şahdəniz” üzrə kontraktın imzalanması “Azəri-Çıraq-Günəşli” kontraktının imzalanmasından iki il sonra baş vermişdir. O vaxt Azərbaycanın qaz potensialı haqqında dünyada heç bir məlumat yox idi. Çünki sovet dövründə bizim qaz imkanlarımız araşdırılmamışdır. Geoloqlarımız, mütəxəssislərimiz, əlbəttə, bilirdilər ki, bizim zəngin qaz ehtiyatlarımız vardır. Amma heç vaxt Azərbaycan xarici investorlar tərəfindən qaz ölkəsi kimi maraq doğurmurdu. Ancaq “Şahdəniz” qaz yatağının kəşfindən sonra, - bu yataq dünya miqyasında ən böyük yataqlardan biridir, - əlbəttə ki, bu sahəyə diqqət daha da çox olmuşdur. Beləliklə, düzgün strategiyanın icra edilməsi nəticəsində dəhlizin açılması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil etdirə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik”.

Bu uğurların ən mühüm göstəricilərindən biri də qaz sahəsində konkret planların mövcudluğu və bu planları reallaşdırmaq əzmidir: ” Bu gün, əlbəttə, Azərbaycanın qaz imkanları artıq dünyaya təqdim edilib. Biz qaz resurslarını müxtəlif istiqamətlər üzrə çatdırırıq. Dörd qaz kəmərimiz var, dördü də işlək vəziyyətdədir. Ancaq biz “Şahdəniz-2” layihəsinin işlənilməsinə yaxınlaşırıq. Eyni zamanda, “Ümid”, “Abşeron” və digər yataqlardan çıxarıla biləcək qaz ehtiyatlarını nəzərə almalıyıq. Biz uzunmüddətli qaz strategiyamızı indi hazırlayırıq. Demək olar ki, bu strategiya hazırdır”.

Qeyd etmək yerinə düşərdi ki, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi də öz növbəsində qaz strategiyasının gerçəkləşməsinə öz töhfəsini verməkdədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və 04 may 2011-ci il tarixli 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı mühüm işlər görən “Azəriqaz” İstehsalat Birliyi əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində bir sıra nailiyyətlər əldə etmişdir. Bu işlərin miqyası və sürəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə ərazisinin 90 faizinin 2013-cü ilin sonunadək qazlaşdırılması barədə tapşırığının uğurla yerinə yetiriləcəyinə inam yaradır.

Bildiyimiz kimi, bu gün qaz təchizatı şəbəkəsində istismar müddəti başa çatmış müxtəlif diametrli qaz kəmərləri təmir-bərpa edilir, həyətlərdə olan qaz xətləri küçəyə çıxarılır və qaz sayğaclarının küçə xətlərinin üzərində quraşdırılması işləri davam etdirilir. Təbii qaz itkilərinin azaldılması məqsədi ilə əhali istehlakçılarının mənzillərində istismar edilən mexaniki sayğaclar korreksiya edilmiş sayğaclarla əvəz olunur, sayğacsız təbii qazdan istifadə edən abonentlərin mənzillərinə yeni sayğaclar quraşdırılır, istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. Bundan əlavə, respublika ərazisinin qaz şəbəkəsində səmərəli texnika və texnologiyanın tətbiq edilməsinin əhatə dairəsi genişləndirilir.

Görülən genişmiqyaslı işlərin nəticəsi olaraq, 01 aprel 2013-cü il tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1527894-ə çatmışdır ki, bunların da 1509421-i əhali, 18473-ü isə qeyri-əhali abonentidir. Həmin abonentlərin 671284-ü Bakı şəhəri (661709 əhali, 9575 qeyri-əhali abonenti), 856610-u isə regionların (847712 əhali, 8898 qeyri-əhali abonenti) payına düşür.

Ümumilikdə 1527698 abonent (99,99 faiz) sayğaclaşdırılmışdır ki, bu rəqəmin də 1509225-i əhali (99,99 faiz), 18473-ü qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 661554 əhali abonenti (99,98 faiz), 9575 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 847671 əhali abonenti (100 faiz) və 8898 qeyri-əhali abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi 671129 abonent (99,98 faiz), regionlar üzrə isə 856569 abonent (100 faiz) sayğaclaşdırılmışdır.

01 aprel 2013-cü il tarixə olan məlumata görə, əhali abonentlərinin mənzillərində 700 mindən artıq “smart-kart” tipli sayğac quraşdırılmışdır. Yeri gəlmişkən, qeyd edim ki, “smart kart” tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemlərin meydana çıxmasının qarşısını almaq məqsədi ilə köklü şəkildə yeniliklər tətbiq edilmiş və müvafiq qaydada islahatlar aparılmışdır. Belə ki, kütləvi ödənişlərin artması daha güclü proqram təminatına ehtiyac yaratdığından mart ayından etibarən ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yenilənmiş proqram təminatının tətbiqinə başlanılmışdır. Bu isə təxminən 1 milyon abonentə keyfiyyətli xidmət göstərməyə imkan verəcəkdir.

“Smart kart” tipli qaz sayğaclarının ödəmə məntəqələrinin şəbəkəsi də genişləndirilmişdir. Belə ki, cari ilin mart ayından başlayaraq, ödənişləri hal-hazırda mövcud olan ödəniş terminalları ilə yanaşı, digər bir şirkət - “Modenis” MMC-yə məxsus ödəniş terminallarında da həyata keçirmək mümkündür.

Fəaliyyətimizin ən mühüm istiqamətlərindən biri kimi yaşayış məntəqələrinin qazlaşdırılması daim diqqət mərkəzindədir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti dövründə (2009-2013-cü illər) ölkə üzrə 451 yaşayış məntəqəsi qazlaşdırılmış, qazla təmin olunmuş yeni əhali abonentlərinin sayı 360 mini keçmişdir. Cəbhə bölgələrinə yaxın yaşayış məntəqələrinin və sərhəd rayonlarının qazlaşdırılmasına xüsusi diqqət yetirilmiş, Ağdam və Qazax rayonlarının qazlaşdırılması tam başa çatmışdır.

“Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti dövründə (2009-2013-cü illər) 19096,3 km yeni qaz kəməri quraşdırılmış, 6857,1 km qaz kəməri isə əsaslı təmir edilmişdir.

Bütün bu işlər Ümummilli liderin başladığı yolda atılan addımlardır və biz bundan sonra da Heydər Əliyev ideyalarına sadiqliyimizi nümayiş etdirəcəyik.

 

 

Əkbər Hacıyev,

ARDNŞ-nin “Azəriqaz” İstehsalat

Birliyinin Baş direktoru

yap.org.az

 

Yeni Azərbaycan.- 2013.- 18 aprel.- S.5.