Ümummilli lider Heydər
Əliyev klassik irslə varisliyin
əlaqələndiricisi idi
Ümummilli lider Heydər Əliyev xalqı, milləti və Vətəni qarşısında o qədər böyük işlər görmüşdür ki, Azərbaycanın hansı tərəfinə baxsan orada bu müdrik və qurucu insanın imzasını - nəhəng tikililəri, yaratdığı möhtəşəm abidələri görürsən. Ona görə də, Heydər Əliyev deyəndə öncə müstəqil dövlətçiliyimiz, yaradılmış möhkəm sabitlik, əmin-amanlıq, inkişaf və tərəqqi yada düşür.
Məlumdur ki, gəncliyində Heydər Əliyev memar olmaq arzusu ilə yaşayırdı. Həqiqətən də, əgər Heydər Əliyev memar olsaydı, şübhəsiz ki, Azərbaycanda möhtəşəm memarlıq abidələri yaradardı. Lakin tale Onun qarşısında ayrı-ayrı fərdlərin və ya şəxsiyyətlərin, yaxud bina və komplekslərin deyil, bütövlükdə müstəqil Azərbaycanımızın abidəsini ucaltmaq missiyasını və məsuliyyətini qoydu. O, bu məsul vəzifənin öhdəsindən ləyaqətlə gəldi və özünün ən böyük şah əsəri olan müstəqil Azərbaycanı yaratdı. İndi isə Azərbaycanın ən mütəfəkkir sənət adamları, elm fədailəri Onun fəaliyyətinin müxtəlif - siyasi, elmi, diplomatik aspektlərini işıqlandırmağa və bu siyasət nəhənginin əzəmətindən, nurundan və ülvi amallarından bəhrələnməyə çalışırlar.
Ümummilli lider Heydər Əliyev klassik irslə varisliyin əlaqələndiricisi idi. Əmək fəaliyyətinə təhlükəsizlik orqanlarından başlayan Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixinin qədimliyini və zənginliyini qeyd edərək onun xüsusi xidmət orqanlarının üç epoxa, üç mərhələ yaşadığını göstərir, eyni zamanda, bu tarixi mərhələlərin əsas xarakterik xüsusiyyətlərini, spesifikasını əsl tədqiqatçı alim səriştəsi ilə açıqlayırdı.
Dahi siyasətçi birinci mərhələ kimi Azərbaycan Xalq Cümhuriyyəti dövründə, yəni 1918-1920-ci illərdə mövcud olan xüsusi xidmət orqanlarının fəaliyyətini yüksək qiymətləndirir və göstərirdi ki, az yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermiş, onun yaşaması üçün əllərindən gələni əsirgəməmişdir.
Ümummilli liderimiz klassik irsə laqeyd münasibət bəsləyənlərdən, inkarçı mövqedə dayananlardan fərqli olaraq Azərbaycanın digər güc nazirliklərinə və hüquq-mühafizə orqanlarına da öz yaranma tarixlərini məhz bu dövrdən başlamağı tövsiyə edirdi. Bu, Heydər Əliyevin tarixə və klassik ənənələrə sədaqətinin nümunəsi idi.
Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətinin Sovet dövründən bəhs edəndə Ümummilli liderimiz böyük bir tarixi mərhələnin üzərinə qara xətt çəkmək istəyənlərə qarşı çıxır və bu dövrün müsbət ənənələrindən lazımi şəkildə bəhrələnməyi tövsiyə edirdi: “Sovet dövründə də Azərbaycan xalqının yaşadığı dövlətdə, respublikada belə bir orqan mövcud olmuş, belə bir orqanda bir neçə nəsil insanlar xidmət göstərmişlər. Onların bir qismi xalqına, millətinə, torpağına sadiq olaraq xidmət göstərmiş, bir qismi isə xalqa xəyanət etmiş, yaxud da xalqının etimadını qiymətləndirə bilməmiş və özlərini mənfi cəhətdən göstərmişlər”.
Göründüyü kimi, 1920-1950-ci illərdə Sovet xüsusi xidmət orqanlarının Azərbaycan xalqının tarixində və taleyində oynadığı rolu obyektiv qiymətləndirən Heydər Əliyev bu orqanların Azərbaycan xalqının genefonduna vurduğu zərbələri göstərməklə yanaşı, burada çalışan azərbaycanlılar arasında da öz xalqına və millətinə sədaqətlə xidmət edən şəxsləri də xüsusi qeyd edirdi.
Ulu öndər Heydər Əliyev 50-ci illərdən sonrakı dövrü yeni bir mərhələ adlandırır və göstərirdi ki, həmin illərdə təhlükəsizlik orqanlarında azərbaycanlılaşma prosesi başlamış və bu orqanlarda milli kadrların say tərkibi artmışdır. Sovetlər dönəmində milliləşməyə xüsusi əhəmiyyət verən Ulu öndər Heydər Əliyev göstərirdi ki, bu orqan dövlət quruculuğunda mühüm rol oynayır, bəlkə də kənd təsərrüfatı sahəsində milliləşməyə o qədər də fikir vermək lazım deyildi, lakin bu orqanlarda isə bunun böyük əhəmiyyəti vardır. Həqiqətən də, hər şeyin Dövlət Təhlükəsizlik Komitəsinin nəzarəti altında olduğu bir dönəmdə bu sistemdə Moskvanı ayıq salmadan milliləşdirilmə siyasəti aparmaq böyük hünər, cəsarət və vətəndaş yanğısı tələb edirdi.
Ümummilli lider Heydər Əliyev təhlükəsizlik orqanlarının üçüncü mərhələsi kimi müstəqil Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyini göstərirdi. Bu dövrdə milli təhlükəsizlik orqanlarının fəaliyyətinin tədricən təkmilləşdirildiyini və milli maraqlara xidmət etdiyini xüsusi qeyd edirdi.
1997-ci ildə MTN əməkdaşları ilə görüşdə Heydər Əliyev onlara müraciətlə bildirirdi ki, tarixən bu xalq çox repressiyalara, günahsız təqib və təzyiqlərə məruz qalmışdır. Siz MTN əməkdaşları bu repressiyalardan ibrət dərsi almalısınız, çalışmalısınız ki, bir nəfər də olsun günahsız insan cəzalandırılmasın.
Hələ ötən əsrin ortalarından azərbaycanlı kadrların hazırlanmasına xüsusi önəm verən Ulu öndər müstəqillik illərində də bu məsələyə diqqətlə yanaşmışdır. Ümummilli liderimiz Heydər Əliyev 1998-ci il dekabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması barədə imzaladığı Sərəncamla Azərbaycanda ilk dəfə olaraq xüsusi xidmət orqanları üçün milli kadrların hazırlanması işinin əsaslı təməlini qoymuşdur. Müstəqil respublikamızda Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının təsis edilməsi ölkənin elmi-ictimai həyatında, o cümlədən, təhlükəsizliyinin təminatı işində çox əlamətdar bir hadisə idi. Prezident İlham Əliyev 2006-cı ildə MTN-in Heydər Əliyev adına Akademiyasında olarkən demişdir: “İndi Akademiya ən yüksək dövlət standartlarına cavab verir və burada, əlbəttə ki, bütün bu səmərəli imkanlardan istifadə etməli, yaxşı oxumalı, bu peşəyə yiyələnməlidirlər. Akademiya Heydər Əliyevin adının daşıyır və bu əlavə məsuliyyət deməkdir. Akademiyanın bütün fəaliyyəti gərək bu ada layiq olsun. Mən ümid edirəm ki, belə də olacaq və bu akademiyada oxuyan kursantlar gələcəkdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaqlar”.
Yeri gəlmişkən, qeyd etməliyəm ki, mən böyük qürur hissi duyur və eyni zamanda, böyük məsuliyyət hissi keçirirəm ki, Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı Akademiyada təhsil alıram.
Bu gün Ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik siyasəti və strategiyası Onun siyasi varisi Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev məktəbinin ən layiqli davamçısı cənab Prezident İlham Əliyev Heydər Əliyev siyasətini və Heydər Əliyev irsini ləyaqətlə həyata keçirir. Ümummilli liderimiz kimi İlham Əliyev də Azərbaycan xalqının tarixi keçmişinə, milli-mənəvi irsinə xüsusi qayğı və diqqət göstərir. Ulu öndərin siyasi varisi sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir. Dövlət başçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir.
Anadan olmasının 90 illiyini təntənəli surətdə qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyevin həyat yolu öz xalqına, regionda və bütün dünyada sülhə və sabitliyə xidmətin nümunəsidir. Onun cəmiyyətimiz naminə ölçüyəgəlməz zəhməti, əzmkarlığı sayəsində Azərbaycan möhkəm, iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevrilmişdir. Qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi yolunda Ulu öndərimizin həyat prinsipi həmişə ədalət, sülh, əmin-amanlıq və xalqın rifahı, dövlətin qüdrətinin və təhlükəsizliyinin möhkəmləndirilməsi olmuşdur. O səbəbdən Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı xalqımız tərəfindən daim uca tutulmuş və bundan sonra da uca tutulacaqdır.
N.Əlizadə,
MTN-in Heydər Əliyev adına
Akademiyasının kursantı,
Prezident
təqaüdçüsü
Yeni Azərbaycan.- 2013.- 19 aprel.-
S.7.