HEYDƏR ƏLİYEV ZƏMANƏMİZİN GÖRKƏMLİ DİPLOMATIDIR

 

Azərbaycan diplomatiyasının xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, tarix boyu sülhpərvər, tolerant xarakteri ilə fərqlənmişdir. Azərbaycan diplomatiyasına retrospektiv baxış göstərir ki, tarixin, ilk növbədə, Azərbaycanın geosiyasi mövqeyindən irəli gələn bütün gözlənilməz dəyişikliklərinə baxmayaraq, Azərbaycan hökmdarları hər zaman regional sabitliyə, dövlətlərin maraqlarının tarazlaşdırılmasına, mübahisəli məsələlərin ədalətli həllinə, bütün münaqişələrin nizama salınmasında sülhün əsas şərt olmasını dəstəkləyən siyasətin yürüdülməsinə nail olmağa çalışırdılar.

Azərbaycan qədim və inkişaf etmiş dövlətçilik ənənələrinə malik olan ölkədir. Azərbaycanın ilk dövlət qurumları hələ e.ə. III-II minilliklərdə yaranmışdır. Azərbaycan diplomatiyasının rüşeymləri də həmin dövrdən qaynaqlanır. Qədim dünyanın siyasi, iqtisadi və mədəni mərkəzi olmuş Mesopotamiyada cərəyan edən coşqun siyasi hadisələrə cəlb edilmiş ilk Azərbaycan dövlətləri yarandıqları andan öz müstəqilliyini qoruyub saxlamaq üçün mübarizə aparmağa məcbur idilər. Xarici siyasətin özünəməxsus cəhətləri, ilk diplomatik addımların istiqamətləri (ikitərəfli müqavilələr imzalanması, hərbi və iqtisadi ittifaqlar bağlanması, qarşılıqlı təhlükəsizlik sisteminin yaradılması) məhz bu amillərlə müəyyən olunurdu. Qədim Azərbaycan dövlətləri - Manna, Midiya, Aşquz, Sakasena, Atropatena, Albaniya diplomatiya sahəsində Babilistan, Şumer, Assuriya, İran, Parfiya, qədim Yunanıstan, Roma, Bizans və başqa güclü dövlətlərlə intensiv əlaqə saxlayırdılar.

Orta əsrlərdə Azərbaycanda Sacilər, Salarilər, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər sülalələri bir-birini ardıcıllıqla əvəz edərək, qüdrətli Azərbaycan dövlətini yaratmış və diplomatik fəaliyyəti daha da intensivləşdirmişlər. Bu diplomatik fəaliyyətin öz dövrünün ən böyük dövlətlərindən birinin hökmdarlarının adı ilə bağlı olmasına baxmayaraq, həmin fəaliyyət təcavüzkar xarakter daşımır, siyasi müqavilələr və ittifaqlar bağlanmasına yönəlirdi. Dövlət başçıları arasında fəal yazışmalar aparılır, Fransa, Türkiyə, Almaniya, İngiltərə, Rusiya, İspaniya, İtaliya, Vatikan, Portuqaliya, Hindistan, Çin, Orta Asiya... məmləkətlərindən Azərbaycan hökmdarlarının saraylarına elçilər göndərilirdi. Öz növbəsində Azərbaycan hökmdarları da bu dövlətlərin paytaxtlarına səfir missiyaları göndərirdilər. Bağlanmış ittifaqlar, müqavilələr, bir qayda olaraq, yalnız bir məqsədə - regionda sülhün qorunub saxlanmasına, hərbi təhlükənin, ekspansiya və işğal təhdidlərinin aradan qaldırılmasına yönəlmiş olurdu.

XVIII-XIX əsrlərdə yaranmış müstəqil Azərbaycan dövlətlərinin - xanlıqların hökmdarlarının diplomatiyası da eyni dərəcədə sülhsevər xarakteri ilə seçilirdi. Onlar bu prinsipi pozurdularsa, belə hallar yalnız bir-birinə münasibətdə və yalnız bir məqsədlə - yenidən vahid mərkəzləşdirilmiş Azərbaycan dövləti yaratmaq naminə baş verirdi. Xanlıqların qonşu dövlətlərlə - Rusiya, İran ilə bağlı diplomatik addımları, onlarla sülh, mehriban qonşuluq və bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qorunub saxlanmasına yönəlmiş olurdu.

... Lakin tale öz hökmünü verdi: Gülüstan və Türkmənçay “sülh” müqavilələri, əslində, müstəqil Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıtmış oldu...

Müstəqil Azərbaycan diplomatiyası 1918-ci ildə Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) elan edildiyi vaxtdan yenidən dirçəlir. Onun əsas məqsədi ondan ibarət idi ki, Azərbaycan beynəlxalq hüququn subyekti, millətlərin və dövlətlərin dünya birliyinin bərabərhüquqlu üzvü olsun. 1920-ci ilin əvvəlində Versal Konfransının Ali Şurasının iclasında Azərbaycan nümayəndə heyəti respublikanın müstəqilliyinin tanınmasına nail olur və konfransda iştirak edən ölkələrin nümayəndələrini Cənubi Qafqazda sülhün qorunub saxlanmasına kömək etməyə, suveren dövlətlərin sərhədlərinin toxunulmazlığına zəmanət verməyə çağırır... 1920-ci ilin aprelində hökumətin dəyişməsi yekunda Azərbaycanda məhdud müstəqillik dövrünün bərqərar olmasına gətirib çıxardı.

Bu gün, milli müstəqilliyimizin yeni mərhələsini yaşadığımız vaxtda Azərbaycan diplomatiyasının vəzifələri, prinsip etibarilə, dəyişməmişdir. Minilliklər ərzində inkişaf prosesində dünya da, siyasət də əhəmiyyətli təkamülə məruz qalsa da, Azərbaycan, onun rəhbərləri, onun diplomatik təsisatları öz tarixinin başlanğıcında, bir neçə əsr bundan əvvəl, bu əsrin əvvəlində olduğu kimi, indi də ölkənin dövlət müstəqilliyini, ərazi bütövlüyünü, onun xalqının azad və firavan cəmiyyətdə yaşamaq hüququnu müdafiə edir. XX əsrin axırlarında bu son dərəcə məsul tarixi missiyanın icrası Azərbaycan xalqının tanınmış lideri Heydər Əliyevin üzərinə düşmüşdür.

Heydər Əliyevin diplomatik fəaliyyəti ölkə rəhbərinin yeni tərəfdaşlar axtarışına, güclü iqtisadi və siyasi strukturlar sisteminin yaradılmasına yönəlmiş çoxşaxəli əzmkar fəaliyyət idi. Təqdim edilən məqalədə Ulu öndər axtarış və yeniliklərlə səciyyələnən diplomatik fəaliyyətinin bütün ab-havası, Onun böyük beynəlxalq forumlarda və sammitlərdə, ikitərəfli danışıqlar zamanı apardığı iş barədə dolğun təsəvvür yaratmaq çətindir. Azərbaycanın xarici siyasətinin yeni strategiya və taktikasının təkmilləşdirilməsində xarici səfərlərin əhəmiyyətli rolunu vurğulamaqla bərabər, Heydər Əliyevin xarici ölkələrin rəhbərləri - Süleyman Dəmirəl, Fransua Mitteran, Bill Klinton, Con Meycor, Roman Hersoq, Helmut Kol, Boris Yeltsin, Jak Şirak, Tszyan Tszemin, Tansu Çillər, Bənazir Bhutto, Əli Əkbər Haşimi Rəfsəncani, Əhmədxan Leqari, Eduard Şevardnadze, İslam Kərimov, Nursultan Nazarbayev, Əsgər Akayev, Saparmurat Niyazov, Butros Qali və bir sıra başqaları ilə diplomatik təmaslarında söylənilən fikirlərin dinamizmini və dərinliyini qeyd etməmək olmaz. Onun Paris, Ankara, İstanbul, Oslo, Qahirə, London, Moskva, Brüssel, Kopenhagen, Tehran, İslamabad, Pekin, Nyu-York, Lüksemburq, Aşqabad kimi paytaxtlarda keçirdiyi görüşlər və siyasi dialoqlar Azərbaycanın informasiya və iqtisadi blokadadan çıxmasını təmin etmiş, siyasi obstruksiyanı, diplomatik təcridetməni aradan qaldırmağa və dünya siyasətini formalaşdıran dövlətlərlə simmetrik ittifaqa girməyə imkan vermişdir.

Heydər Əliyevin xarici siyasi, diplomatik fəaliyyətini şərti olaraq üç dövrə bölmək olar.

Birinci dövrdə O, SSRİ-nin tərkibində olan Azərbaycanın rəhbəri kimi respublikanın birbaşa beynəlxalq əlaqələrinin əsaslarının yaradılmasına yönəlmiş ciddi təşəbbüslər edir. O illərdə müxtəlif hökumət və dövlət nümayəndə heyətləri, dünya miqyaslı böyük ictimai və siyasi xadimlər Bakıya səfərlər edirlər. Burada siyasət, iqtisadiyyat, mədəniyyət, din məsələləri üzrə regional, ümumittifaq və beynəlxalq simpoziumlar, forumlar keçirilir. Bakının dünya sivilizasiyasına, bəşəriyyətin sənaye tarixinə unikal töhfələr vermiş şəhər kimi şöhrəti özünə qayıdır.

İkinci dövr Heydər Əliyevin Kremldə işi ilə bağlıdır. O, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi superdövlətin ali rəhbərliyinin tərkibinə daxil olmuş və bir sıra mühüm beynəlxalq qərarların qəbul olunmasında fəal iştirak etmiş, dünya birliyində qüvvələrin nizamına nəzərəçarpacaq dərəcədə təsir göstərən danışıqlarda SSRİ nümayəndə heyətlərinə başçılıq etmişdir. Heydər Əliyevin tərcümeyi-halının Kreml dövrü böyük dövlət xadimləri və siyasi xadimlərlə çoxsaylı danışıqları və görüşləri, keçmiş superdövlətlə Qərb və Şərq ölkələrinin müxtəlif sahələrdə əməkdaşlığının əsasına çevrilmiş ən mühüm sənədlərin hazırlanmasını və təsdiqini əhatə edirdi. O, Hindistan, Vyetnam, Yuqoslaviya, Mozambik, Anqola, Macarıstan, Meksika və digər xarici ölkələrə bir sıra rəsmi səfərlər etmişdir. Həmin illərdə sovet mətbuatı və beynəlxalq mətbuat bu səfərləri geniş işıqlandırır, onları Kremlin beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş mühüm diplomatik aksiyası adlandırırdı. Heydər Əliyev Moskvada işləyərkən Azərbaycanı unutmur, onu beynəlxalq inteqrasiya əlaqələri sisteminə daha fəal qoşmaq, eyni zamanda, xarici siyasətçilərin və biznesmenlərin diqqətini buraya cəlb etmək üçün mümkün olan hər şeyi edirdi.

Nəhayət, üçüncü dövr - Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti vəzifəsində xarici siyasət sahəsində fəaliyyətidir. Bu, Azərbaycanın beynəlxalq aləmdə tanınması, yaxın və uzaq xarici ölkələrlə ikitərəfli münasibətlərin qurulması, BMT, ATƏT, İKT (İƏT), EKO, MDB, digər beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlıq dövrüdür. Bu - Azərbaycan xalqının və onun Ümummilli liderinin respublikanın ərazi bütövlüyü, milli dövlətçiliyin sabit gələcəyi uğrunda, beynəlxalq birlik tərəfindən qəbul edilmiş və tanınmış hüquq normalarının təntənəsi uğrunda dramatik mübarizəsi dövrüdür.

Heydər Əliyevin siyasi bioqrafiyasının yeni dövründə Onun diplomatik fəaliyyəti, mübaliğəsiz deyə bilərik ki, hərc-mərclik və dağıntı şəraitində başlanmışdır. Hakimiyyətdəki rəhbərlərin səriştəsizliyi nəticəsində baş verən daxili və xarici siyasi böhranlar silsiləsindən sonra Azərbaycan çox sürətlə uçurumun astanasına yaxınlaşırdı. Ölkənin xarici siyasəti dövlət fəaliyyətinin bu ən məsul sahəsinə parodiya şəkli almışdı. Səmimi müttəfiqlərin dəstəyini qazanmağa, möhkəm iqtisadi və siyasi ittifaqlar yaratmağa ciddi ehtiyac olduğu o dövrün diplomatik priyomları iki ifrat halla məhdudlaşdırılırdı: bir tərəfə dalaşqan, bəlkə də kobud hücumlar, digər tərəfə isə yaltaq reveranslar. Bu cür tarazlaşdırılmamış, uzağı görməyən siyasət strateji əhəmiyyətli tərəfdaşlarla münasibətlərdə ciddi çətinliklərə gətirib çıxardı.

1993-cü ilin yayında Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçiliyin, o cümlədən, xarici siyasətin təməlinə qədər dağılmasına gətirib çıxara biləcək dəhşətli prosesləri dayandırdı. O vaxt mən Azərbaycan Respublikasının BMT-də daimi nümayəndəsi işləyirdim və respublikamızda ümumi siyasi böhranın aradan qaldırılması prosesinin ilk günlərindən orada - Nyu-Yorkda, müxtəlif ölkələrdən olan diplomatların əhatəsində biz gənc respublikanın xarici siyasi və diplomatik fəaliyyətində baş verən dəyişikliklərin səmərəliliyinə əmin olur, rəhbərliyin gücünü, iradəsini və peşəkarlığını təcrübədə hiss edirdik. Beynəlxalq siyasətin episentrində - dünya problemlərinin, o cümlədən, müasir dövrün ən sürəkli və qanlı münaqişələrindən biri olan Ermənistan-Azərbaycan münaqişəsinin taleyi həll edilən məkanda əlaqədar ölkələrin səfirləri, BMT-nin yüksəkvəzifəli məmurları şahid olurdular ki, Azərbaycan liderinin peşəkarlığı Azərbaycanın imicini neqativlikdən necə sürətlə - günbəgün, saatbasaat xilas edir, yeniliyin dinamizmi köhnəliyin ətalətini üstələyir. Bütün bunlar ən yüksək dərəcəli beynəlxalq siyasətçilərin və diplomatların nəzərində Azərbaycanın siyasi obrazını heyrətamiz dərəcədə yeni şəkildə ifadə edirdi. 1993-cü ildə, Azərbaycan xalqı, nəhayət, öz gələcəyinə, öz taleyinə layiqli Prezident seçəndən sonra Azərbaycanın dövlətlər arasında yeni münasibətlər sisteminə sivil şəkildə daxil olması prosesi başlanır. Azərbaycan dünyaya açılır. Ənənəvi əlaqələr bərpa edilir, yeni əlaqələr yaradılır, ziddiyyətlər kələfi səbirlə açılır. Müstəqil Azərbaycanın yeni rəhbəri tərəfindən həyata keçirilən sülhsevər xarici siyasət kursu, Azərbaycan diplomatiyasının blokların və ittifaqların çoxvariantlılığına oriyentasiyası, onun yeni və ənənəvi tərəfdaşlar arasında münasibətləri tənzimləmək səyləri beynəlxalq aləmdə geniş miqyasda tanınır, dinamik şəkildə ardıcıllıq, sistemlilik və məntiqi tamlıq kəsb edirdi.

Mən Heydər Əliyevi xarici ölkələrə çoxsaylı səfərlərdə müşayiət etmişəm və xarici siyasət aksiyalarında uğurun necə qazanıldığını bilirəm. Prezidentlə ünsiyyətdə olarkən Onun sözlərinin əhəmiyyətini və sanbalını xüsusilə kəskin hiss edirəm, Prezidentin sözləri Onun tərəfdaşlarında öz söz və fikirləri üçün məsuliyyət hissi daşımağa ehtiyac doğurur. Prezident, özünü və bütün komandasını ən ciddi intizama tabe edərək, hər çıxışa, hər görüşə, hər dialoqa diqqətlə hazırlaşır. Bu genişmiqyaslı işin nə qədər fiziki və mənəvi qüvvə tələb etdiyini, Prezidentin yuxusuz gecələrinin necə sürətlə, bitib-tükənməz işlər və fikirlərlə dolu keçdiyini, sənədlərin mətnlərinin dəfələrlə redaktə edildiyini, protokol detallarının uzun-uzadı müzakirə olunduğunu bilirəm... Bunlar hamısı bir gün əvvəl olur, ertəsi gün isə hökmən parlaq nəticə əldə edilir: Azərbaycan üçün daha bir mühüm məqsədə nail olunur, onun növbəti marağı irəli çəkir... Qeyri-adi şəxsiyyətlərin belə bir xüsusiyyəti var: onlar möhtəşəm işlər görəndə başqalarından daha çox yorulduqlarını göstərmirlər, onlar dövlət qayğılarının və problemlərinin çox ağır yükünü yenidən öz üzərinə götürməyə hazırdırlar. Biz bunu elə-belə də olmalı imiş kimi, aydın olan bir məsələ kimi qəbul etməyə öyrəşmişik və onu nə isə adi bir hal kimi qəbul edərək bəzən fenomenə heç təəccüblənmirik.

İstər ikitərəfli danışıqların gedişində, istərsə də beynəlxalq forumlarda iştirak edərkən Onun əsas məqsədi - dünya ictimaiyyətinin, dövlətlərin liderlərinin, nüfuzlu təşkilatların rəhbərlərinin diqqətini Azərbaycana, özü də təkcə onun erməni təcavüzü və qaçqınlar ordusunun mövcudluğu ilə bağlı problemlərinə və bəlalarına deyil, həm də böyük iqtisadi potensialına, xüsusən, tükənməz xammal, energetika resurslarına, intellektual, nəhayət, siyasi potensialına cəlb etməkdir.

Süleyman Dəmirəl ilə söhbətdə O, respublikanın dirçəlişi və inkişafı məqsədi ilə əməkdaşlığın optimal modelini axtarır; Boris Yeltsinlə söhbətlərdə O, yorulmadan erməni-Azərbaycan münaqişəsinin nizama salmasında Rusiyanın vasitəçilik missiyasının aktivləşmə problemlərini həll edir; Bill Klintonu çox böyük diplomatik taktla inandırır ki, Amerikanın Azərbaycana köməyinin miqyasının genişləndirilməsi burada dünyəvi demokratik cəmiyyətin bərqərar olması üçün zəruridir; müxtəlif vaxtlarda Yelisey sarayının sahibləri Fransua Mitteran və Jak Şırakla görüşərək “Yeni Avropa” üçün siyasi yol açan ölkə ilə əməkdaşlığın möhkəm təməlini yaradır; Səudiyyə Ərəbistanının kralı Fəhd Al-Səudun qəbulunda O, gənc müstəqil müsəlman dövlətləri ilə inkişaf etmiş, həm ənənəvi mənəvi dəyərləri qoruyub saxlamış, həm də müasir texnologiyalara yiyələnmiş islam ölkələri arasında daha sıx əməkdaşlığın zəruriliyi haqqında danışır; Helmut Kol ilə uzun sürən söhbətin mövzusu - Azərbaycanda islahatları intensivləşdirmək və onun dünya bazarına daxil olmasını asanlaşdırmaq məsələləridir; Con Meycerə deyir ki, Azərbaycanın dəniz neftinə sərmayə qoymaqda cəsarətli olun, sabah o, dünyanın qarşısında güclü, inkişaf edən, özünün bütün tərəfdaşları üçün energetika problemlərinin həllini təmin etməyə qabil olan bir dövlət kimi dayanacaqdır; Eduard Şevardnadze ilə birlikdə Tbilisi bəyannaməsini imzalamaqla, Qafqaz evində sülhün öz siyasi fəaliyyətinin mühüm prioritetlərindən biri olmasını təsdiq edir; Rəfsəncani ilə söhbətdə İranla mehriban münasibətləri yüksək qiymətləndirir və daha fəal əməkdaşlığa çağırır; Bənazir Bhutto və Əhmədxan Leqari ilə görüşlərdə iri regional sənaye, ticarət və nəqliyyat strukturlarının yaradılması haqqında öz ideyalarını bölüşür; İon İliyesku və Jelyu Jelev ilə Balkanlarda və Qafqazda gərginlik mənbələrinin aradan qaldırılması yollarında oxşar və fərqli problemləri müzakirə edirdi...

Beynəlxalq forumlarda Onun iştirakının mövzuları həqiqətən tükənməz idi! O, BMT Baş Məclisinin 49-cu və 50-ci sessiyalarında çıxış edərək Azərbaycanın siyasi nüfuzunu möhkəmlədir; Brüsseldə NATO-nun mənzil-qərargahında “Sülh naminə tərəfdaşlıq” çərçivə sənədini imzalayaraq Cənubi Qafqazda münaqişələrin nizama salınması üçün əlavə beynəlxalq zəmanətlərə nail olur; Kopenhagendə beynəlxalq konfransda O, Azərbaycan qaçqınlarının olduqca ağır vəziyyəti haqqında danışır və dünyanın bütün ölkələrinin mülki əhalisinin qarşılıqlı sosial müdafiəsi sistemini yaratmağı təklif edir; Budapeşt sammitində ATƏT-in ən fəal islahatçılarından biri kimi çıxış edir; Kasablankada sammitdə İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatının) Ermənistanı təcavüzkar kimi tanımasına nail olur; NATO-nun baş katibi Havyer Solana ilə onun dialoqlarının mövzusu - Azərbaycanın ərazi bütövlüyünün bərpasına, işğal edilmiş ərazilərin azad olmasına kömək məsələləridir; BMT-nin baş katibi Butros Qali və Avropa İttifaqının İqtisadi Komissiyasının sədri Jak Santer ilə qaçqınlar probleminin həlli, humanitar yardımın həcminin artırılması yollarını götür-qoy edir; Davos beynəlxalq iqtisadi forumunda dünyada yeni iqtisadi standartlar işlənib hazırlanmasının zəruriliyi ideyasını irəli sürür; Buxarestdə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində “Qərb-Şərq” nəqliyyat dəhlizi üzrə əməkdaşlıq konsepsiyası ilə çıxış edir; Parisdə UNESCO-nun qərargahında Azərbaycan xalqının qədim mədəniyyəti və yüksək mənəviyyatı haqqında ilhamla danışır; Lüksemburqda, Avropa İttifaqı ilə tərəfdaşlıq və ikitərəfli əməkdaşlıq haqqında saziş imzalayaraq, Azərbaycanın Avropaya qoşulma vektorunu göstərir; Londonda və Parisdə, Nyu-Yorkda və Kölndə iri biznesmenlər və nüfuzlu alimlər qarşısında çıxış edərək Azərbaycana investisiya pəncərələrini taybatay açırdı.

Ulu öndər Heydər Əliyevin fəaliyyətini şəxsən müşahidə etməyim Onun diplomatiyasının əsas keyfiyyətləri və üslubu haqqında müəyyən nəticələr çıxarmağa imkan verir.

Diplomatiyada O, həmişə açıqlıq prinsipinə tərəfdardır və diplomatik eyhamların köməyinə ehtiyac duymur. Onun ikitərəfli və çoxtərəfli danışıqları Azərbaycan haqqında genişhəcmli obyektiv informasiya tutumuna malikdir. O, həmsöhbətindən heç nəyi gizlətmir, öz səmimiyyəti ilə adekvat reaksiya təklif edir. Tərəfdaşlar da anlayırlar ki, onların qarşısındakı - müstəqilliyə nail olmuş, qanlı müharibəyə cəlb edilmiş və dəyişməkdə olan dünyaya ümidlə, şərəflə və ləyaqətlə gedən ölkənin Prezidentidir. Bu gün cəsarətlə demək olar ki, Azərbaycanın ətrafında informasiya blokadası məhz Onun “açıq” diplomatiyası sayəsində dağılmışdır.

Diplomat kimi Heydər Əliyevə xas olan daha bir mühüm keyfiyyət - zəngin həyat təcrübəsi nəticəsində dövlət əhəmiyyətli minlərlə işi canına hopdurmuş, saflaşdırılmış peşəkarlıqdır, lakin bu peşəkarlığın əsasını daşlaşmış ehkamlar təşkil etmir, bu, yeni ideyalar və fikirlər üçün münbit mühit, yeni layihələrin və modellərin sınaqdan keçirildiyi “daxili laboratoriya”dır.

Heydər Əliyevin diplomatiyası genişmiqyaslıdır. Bu, ötəri, konyunktur maraqlara xidmət etməyən, gələcəyə, uzunmüddətli perspektivə yönəlmiş diplomatiyadır. O, xarici siyasətin taktikasını və strategiyasını qurarkən dünyanın “çoxqütblü” və eyni zamanda, qarşılıqlı asılı olmasını əsas götürür, Onun diplomatik fəaliyyətinin çoxfunksionallığı da buradan irəli gəlir. Bu diplomatiyanın “böyük stixiyası” siyasi və iqtisadi tərəfdaşlıq, mədəni və hərbi sahələrdə əməkdaşlıq, humanitar kömək və sair problemlərin böyük dairəsini əhatə edir. O, əməkdaşlığın hüdudları çevrəsini cızarkən, qlobal məsələlərin, universal xarakteri ilə fərqlənən artım problemlərinin bütöv kompleksinin birgə həllini nəzərdə tutan cəsarətli, möhtəşəm niyyətləri ilə həmsöhbətlərini heyrətləndirir və eyni zamanda, konkret layihələrin məqsədəuyğunluğu ilə tərəfdaşlarını maraqlandırır.

Heydər Əliyev diplomatiyasının əsas elementlərindən biri də ən mürəkkəb, daxili dramatizmi aşkar sezilən danışıqlar zamanı Onun vəziyyəti idarə etmək bacarığıdır. Danışıqların ab-havasında yaranmış gərginliyi “boşaltmaq” üçün Onun istifadə etdiyi diplomatik vasitələrin arsenalı həqiqətən tükənməzdir. Bu vasitələr gərginliyi və etimadsızlığı aradan qaldırmağa, qarşılıqlı anlaşma aurası yaratmağa imkan verir, nəticədə dialoq prosesində elə məqamlar yaranır ki, ən dolaşıq problemlərin mənası qəflətən aydınlaşır, auditoriya respublikamıza, onun problemlərinə böyük maraq göstərməyə “təhrik edilir”. O, xüsusi cazibə qüvvəsi ilə həmsöhbətini cəlb etmək, mövzunu gözlənilmədən dəyişərək auditoriyanın diqqət mərkəzində qalmaq bacarığı ilə fərqlənir. Nəhayət, Onun özünü sərbəst aparmaq, yerində işlədilmiş şux bir zarafatla, hazırcavablıqla rəsmi qəbullara və görüşlərə xas olan soyuq rəsmiyyətçilik ab-havasını dəyişmək bacarığını da qeyd etməmək olmaz.

Mən Heydər Əliyevin çıxışlarına böyük auditoriyaların canlı reaksiyasının da, Qərb və Şərq ölkələrinin ən nüfuzlu liderləri tərəfindən Ona böyük ehtiramın təzahürü olan münasibətin də şahidi olmuşam. Birbaşa dialoq vaxtı bu liderlər Ona heyran olduqlarını gizlətmədən Onun misilsiz siyasi təcrübəsi, islahatçılıq fəaliyyətinin miqyası haqqında danışır və hökmən vurğulayırlar ki, O, sözsüz, beynəlxalqmiqyaslı xadimlər sırasında ən nüfuzlu liderlərdən biridir.

Mənim həmkarlarım, müxtəlif ölkələrin xarici işlər nazirləri Ulu öndər Heydər Əliyevin səmərəli diplomatik fəaliyyətindən aldıqları təəssüratı eyni dərəcədə heyranlıqla mənimlə bölüşürlər.

Onlar, Azərbaycan liderinin diplomatik məktəbinin gücünü dərk etməyə çalışaraq, mənimlə söhbətlər zamanı Onun peşəkar siyasətçi, polad iradəyə, güclü intellektə, dərin erudisiyaya, natiqlik istedadına malik lider keyfiyyətlərinə tez-tez diqqəti cəlb edirlər. Bir sözlə, onlar xarizmatik liderin portretini çəkirlər. Mən də bu portretin obyektiv olması fikri ilə razılaşaraq, vurğulayıram ki, əgər Prezidentə xas olan dərin humanizmdən və yüksək intellektdən xəbər verən cizgilər bura əlavə edilməsə, bu portret natamam olar. Ona məhz bu cür, insanlıq nöqteyi-nəzərindən baxış Onun şəxsiyyətini, xarakterini dünyamiqyaslı lider, dövlət xadimi keyfiyyətləri ilə insan qəlbinin ən incə hisslərini duyan, ünsiyyət üçün açıq, başqasını anlamağa hazır olan, hər cəhətdən ahəngdar insani keyfiyyətləri özündə heyrətamiz dəqiqliklə birləşdirən aspektdə açıqlayır.

Biz konstruktivlik, yaradıcılıq gücü, prinsipiallıq, dost dövlətlərin ittifaqları, ali məramlar, sülh və tərəfdaşlıq ideallarına sədaqət kimi keyfiyyətləri ilə seçilən xarici siyasət kursumuzun reallığa doğru irəliləyişinə görə məhz Ona, böyük siyasətin strateqinə borcluyuq.

Mən və müasirlərim əminik ki, biz Heydər Əliyevin fəaliyyəti, çoxşaxəli xarakteri haqqında hər şeyi bilirik, amma bununla belə, Onun fəaliyyətinin zaman və məkan əhatəsi o qədər genişmiqyaslı, şəxsiyyəti o qədər qeyri-adidir ki, bu insanın böyüklüyünü, möhtəşəmliyini bütün tamlığı ilə yalnız gələcək göstərəcəkdir. Bu şəxsiyyətin yaradıcı işinə qədirbilən yeni nəsillərin verəcəyi qiymət ona getdikcə daha artıq dərəcədə heyranlığın ifadəsi olacaqdır.

Həqiqətən də, böyüklük uzaqdan daha aşkar görünür!

 

 

Həsən HƏSƏNOV,

Azərbaycan Respublikasının Polşa

Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

 

Yeni  Azərbaycan.- 2013.- 19 aprel.- S.6.