HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN TARİXİNDƏ LİDERLİK MİSSİYASI

 

Cəmiyyəti, xalqı, hətta kiçik bir qrupu ədalətlə idarə edə bilmək, həlledici çoxluğu razı salmaq, onları konkret amallar uğrunda səfərbər etmək əsl siyasi peşəkarlıq və liderlik məharətidir. Bu mənada, böyük siyasi lider daim öz cəsarəti, çevik və rasional qərarları, ən çətin situasiyalarda optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir. O, yalnız enerjisi və natiqlik məharəti ilə deyil, həm də çevrəsində olan insanların tələbat və ehtiyaclarını ifadə etmək bacarığı ilə fərqlənir, cəmiyyətdə ayrı-seçkiliyə yol vermir, daim haqq-ədalətə tapınır.

Zamanın nəbzini tutmağı, hadisələrə real qiymət verməyi bacaran, siyasi potensialını düzgün dəyərləndirə bilən liderlər əksərən cəmiyyətdəki siyasi prosesləri istiqamətləndirməyə nail olur, milli inkişafın əsasına çevrilən cəlbedici proqram və konsepsiyaların müəllifinə çevrilirlər. XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev də belə fenomenal dühalardan olaraq özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, müdriklik və həqiqət kimi üç ali dəyəri bir araya gətirərək çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, gücün siyasətinə qarşı çıxaraq, siyasətin gücünü qoymuşdur.

Böyük siyasi liderlər üçün səciyyəvi cəhətlərdən biri də siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə təsir göstərmək və ya onu qabaqlamaq bacarığıdır. Tarixən bir çox nüfuzlu liderlərin siyasətdə qarşıya qoyduğu məqsədlərə yetişərək uğur qazanması, rəhbərlik etdiyi kütləni, xalqı böyük fəlakət və faciələrdən hifz etməsi məhz iti fəhm, intuisiya və uzaqgörənliyin nəticəsi olmuşdur. Azərbaycan xalqının Ümummilli lideri də məhz belə uzaqgörən, siyasi proseslərin inkişaf trayektoriyasını duyan, çoxgedişli kombinasiyalar qurmağı bacaran, hadisələrə pozitiv təsir göstərən fenomenal şəxsiyyət idi! Heydər Əliyev məhz millətinin gələcəyini düşünən lider olaraq bütün şüurlu həyatını canından artıq sevdiyi Azərbaycanın tərəqqisinə, inkişafına həsr etmişdir.

Hər bir xalq taleyində müstəsna rol oynamış böyük şəxsiyyətlərin xatirəsini uca tutur, onların adının əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atır. İctimai rəyi nəzərə alan Prezident İlham Əliyevin 2004-cü il 10 mart tarixdə imzaladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Fərmanla Ulu öndərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Fərmanla Heydər Əliyev Mükafatı və ordeni təsis edilmiş, Bakı və Naxçıvan şəhərlərində “Heydər Əliyev” xatirə memorial kompleksləri yaradılmış, Azərbaycan Ali Hərbi Məktəbinə, Bakı Beynəlxalq Aeroportuna, Bakı Dərin Özüllər Zavoduna, Bakı-Tbilisi-Ceyhan ixrac boru neft kəmərinə, “Lider” qazma qurğusuna, Respublika sarayına, Bakı şəhərindəki İdman-Konsert Kompleksinə, habelə paxtaxtın ən böyük küçə və meydanlarından birinə Ulu öndər Heydər Əliyevin adı verilmişdir (“Azərbaycan” qəzeti, 2004-cü il 11 mart. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Fərmanı).

Fərmanda yer almış mühüm müddəalardan biri də ictimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun yaradılmasının dəstəklənməsi olmuşdur. Fond, ilk növbədə, Ümummilli liderin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasi kursun öyrənilməsi və təbliği, habelə bu ideyaların reallaşdırılması niyyəti ilə yaradılmışdır. Bununla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, ölkənin yaradıcı və elmi potensialının artırılması kimi məqsədlər də 9 illik fəaliyyətində prioritet istiqamətlər olmuşdur.

Prezident İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli “Heydər Əliyev Mərkəzinin yaradılması haqqında” Sərəncamı ilə paytaxtın mərkəzində müasir memarlığın ən qabarıq cizgilərini özündə təcəssüm etdirən Heydər Əliyev Mərkəzi inşa olunmuş, habelə mərkəzin strukturu və fəaliyyəti təmin edilmişdir. Bütün bunların davamı kimi dövlət başçısının 2013-cü il yanvarın 21-də imzaladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” növbəti Sərəncamla bir sıra yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Sərəncamda deyilir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

Sərəncamda göstərildiyi kimi, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanı real müstəqilliyə qovuşdurması, dövlətçiliyin qorunub saxlanılması, milli inkişaf yolunun düzgün müəyyənləşdirilməsidir. Tarix boyu Azərbaycanda milli dövlət quran böyük sərkərdələrin, liderlərin, şəxsiyyətlərin sayı kifayət qədər olsa da, etiraf etmək lazımdır ki, onların heç biri yaratdıqları dövləti sonadək qoruyub saxlamağa, onun müstəqilliyinin əbədiliyini təmin etməyə nail olmamışlar. Bu mənada, böyük strateq Heydər Əliyevin milli tariximizdəki rolunun və yerinin müstəsnalığını siyasi baxışlarından asılı olmayaraq, hər kəs etiraf etməyə məhkumdur. Ümummilli lider bununla yanaşı, həm də Azərbaycanın gələcək müstəqilliyi üçün hələ ötən əsrin 70-ci illərindən başlayaraq iqtisadi, siyasi, mədəni zəmin yaratmış rəhbər kimi müasir tariximizdə ədədiyaşarlığını təmin etmişdir.

1969-1982-ci illərdə Azərbaycana inamla rəhbərlik etmiş Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı sənaye və istehsal potensialı bu günün özündə də davamlı iqtisadi yüksəliş üçün möhkəm özülə, bünövrəyə çevrilmişdir. O dövrdə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji böhran keçirən Azərbaycan sanki taleyin ümidinə buraxılmış kimi görünürdü. Böyük strateqin respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi belə bir dövrdə - 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilməsi isə respublikanı işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrilmişdir. Yeni rəhbərin ilk gündən ədalətə, qanunçuluğa tapınaraq respublikada əliəyriliyə, rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsi hallarına qarşı kəskin mübarizəyə qalxması, paralel olaraq yüksək yenilikçiliyi, təşəbbüskarlığı, islahatlara meyilliliyi respublika ictimaiyyətində nikbinliyi, sabaha inamı artırmışdır (Hüseynova İ. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı: 2004).

Məhz bu mərhələdən etibarən respublikamızda gerçəkləşdirilən çoxşaxəli islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermiş, qısa müddətdə iqtisadi sahədə mühüm nailiyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi, milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılmışdır. Həmin illərdə Heydər Əliyev məhz milli özünüdərkin güclənməsinə zəmin yaradan iqtisadi inkişaf strategiyası həyata keçirməyə çalışmışdır. Keçmiş Sovet İttifaqı kimi böyük dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Ümummilli lider Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atılmış, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafı üçün kompleks tədbirlər görülmüşdür. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün ittifaqda qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir.

Ümumilikdə, 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarla zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən artıq sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutur, burada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi. Həmin illərdə istehsal olunan sənaye məhsullarının ümumi həcmi respublikanın əvvəlki 50 ildəki istehsal həcminə bərabər idi.

Həmin illərdə iqtisadi sahədə həyata keçirilən islahatlar və əldə olunan uğurlar paralel olaraq milli-mənəvi yüksəlişə də ciddi təkan vermişdir. Ümumiyyətlə, həmin dövrdə böyük strateq Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi yalnız xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. İdarəçilikdə digər bütün addımlar, o cümlədən, iqtisadi inkişafın sürətli strategiyasının həyata keçirilməsi milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin etibarlı təməlinə çevrilməli idi. Bu məqsədə yetişmək üçün Heydər Əliyev azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına nəinki imkan verməmiş, eyni zamanda, milli məfkurə və düşüncə sahibi olan ziyalıları qorumuş, nəticədə respublikada dissident yazarlar olmamışdır. Vaxtı ilə azərbaycançılıq məfkurəsini əsərlərində təbliğ etdiklərinə görə şovinizmdə, millətçilikdə günahlandırılan, təqiblərə məruz qalan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov kimi şəxsiyyətləri ən çətin məqamlarda qoruyan Heydər Əliyev bütün ruhu ilə milli kökə bağlı şəxsiyyət olduğunu bir daha sübuta yetirmişdir (Azərbaycan tarixi. I-VII cildlər. AMEA A.Bakıxanov adına Tarix İnstitutu. Bakı: Elm, 2008).

Azərbaycan xalqının milli düşüncəsi, adət-ənənələri, ümumən azərbaycançılıq ideologiyasının mühüm komponentləri daha çox qədim yazılı abidə olan “Kitabi-Dədə Qorqud”da əksini tapdığından, Sovet ideologiyası ötən əsrin 20-50-ci illərində dastanın öyrənilməsini qadağan etmiş, uzun illər bu abidənin unutdurulmasına çalışmışdı. Ulu öndər bu qadağanı da tamamilə aradan götürərək dastanın araşdırılması və tədqiqinə normal şərait yaratmışdır. “Azərbaycan əbədiyyatı çoxəsrlik tarixi “Kitabi-Dədə Qoqud kimi ədəbi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti bahadırlarının dahiyanə əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir” - deyən Heydər Əliyevin göstərişi əsasında “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı tarixi və ədəbi araşdırmaların sayı çoxalmış, hətta mövzuda sanballı bədii film çəkilmişdir.

Xalqın milli düşüncə sisteminin bədii-poetik modeli olan Azərbaycan folklorunun inkişafı istiqamətində həyata keçirdiyi addımlar da Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə həssas münasibətindən irəli gəlməklə milli özünüdərkə, ictimai şüurun oyanışına xidmət etmişdir. Heydər Əliyev xalqın istiqlal düşüncələrinin, azadlıq ideyalarının lirik-emosional təcəssümü olan aşıq poeziyasının və musiqisinin dirçəldilməsinə də xüsusi diqqət yetirmişdir. 1972-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin həm aşığın doğulduğu Göyçə mahalında, həm Bakıda, həm də Moskvada ən yüksək səviyyədə keçirilməsi bunu bir daha təsdiqləyir. Belə bir möhtəşəm yubileyin keçirilməsində məqsəd el sənətkarını xalqa qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin necə olduğunu, ulu babalarımızın Ermənistan adlanan ərazidə əzəldən yaşadığı fikrini Sovet cəmiyyətinə çatdırmaq idi.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan KP MK Bürosunun 1972-ci il 7 dekabr tarixli iclasında Aşıq Şəmkirin anadan olmasının 80 illik yubileyinin keçirilməsi, adının ədəbiləşdirilməsi haqqında qərar qəbul edilmişdir. 1981-ci il iyul ayının 21-də isə MK bürosunun iclas qərarı ilə ustad aşığın anadan olmasının 180 illiyinin qeyd edilməsi barədə qərar qəbul olunmuş, mədəniyyət saraylarına, klublara, küçələrə onun adı verilmişdir.

1972-ci ildə, həmçinin, respublika rəhbəri görkəmli klassik şair İmaməddin Nəsiminin anadan olmasının 600 illiyinə dair hazırlıqla bağlı qərarın qəbuluna nail olmuş, bir il sonra görkəmli klassikin şanlı yubileyi Bakıda və Moskvada təntənə ilə qeyd edilmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının 50 illik yubileyi keçirilmiş, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun 90 illik yubileyi də Bakıda və Moskvada yüksək səviyyədə qeyd edilmiş, həmçinin, xalqın qəhrəmanlıq epopeyasını əks etdirən “Koroğlu” dastanı yenidən tamaşaya qoyulmuşdur.

Ulu öndər Heydər Əliyev sağlığında milli təmayüllü kommunist kimi müxtəlif təqiblərə, təzyiqlərə məruz qalan, ölümündən sonra isə unutdurulmağa çalışılan görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 100 illik yubileyini qeyd etmək, onun heykəlini ucaltmaq üçün Sovet imperiyasının rəhbərliyi ilə danışıqlara iki il vaxt sərf etmişdir. Nəticədə Azərbaycan KP MK bürosunun 1972-ci il 24 may tarixli iclasında Nəriman Nərimanovun Bakı şəhərində heykəlinin ucaldılması barədə qərar qəbul etmişdir. Ulu öndər, eyni zamanda, görkəmli ədibin 1977-ci ildə Rusiyanın Ulyansk şəhərində əzəmətli abidəsinin ucaldılmasını təmin etmişdir. Bu addımları ilə Heydər Əliyev, əslində, Nəriman Nərimanova görkəmli dövlət xadimi kimi bəraət verir, onun təbliğinə, tanıdılmasına çalışırdı (İ.Quseynova “Qeydar Aliev ot politiçeskoqo rukovoditelə k obhenaüionalğnomu lideru” Baku, 2005).

Ədəbi irsə qayğı sahəsində fəaliyyətini genişləndirən Ulu öndər Heydər Əliyev böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəbrinin İraqdan Azərbaycana köçürülməsi, məqbərəsinin inşası imkanlarını öyrənmək üçün xüsusi komissiya yaratmışdır. Bu istiqamətdə göstərilən davamlı səylər o zaman İraq dövlətinin əngəlləri üzündən nəticə verməsə də, Ulu öndər respublika daxilində dahi şairin yaradıcılığının geniş tədqiqinə, öyrənilməsinə xüsusi qayğı göstərmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biri də məhz ana dilinə həssas münasibət olmuşdur. Xalqın milli-mənəvi dəyərlərinin yaşadılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını başa düşən, onu bilməyənləri şikəst sayan müdrik rəhbərin bu məsələyə münasibəti daim həssas olmuşdur. Ulu öndər Sovet Azərbaycanında hakimiyyətə gəlişindən dərhal sonra Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etmişdir. Bununla da Heydər Əliyev dühası cəmiyyətə milliləşmə zəruriliyi mesajını vermiş, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin etmişdir. 70-ci illərin ortalarında Azərbaycan dilinin tədqiq və öyrənilməsi istiqamətində dövlət səviyyəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 1974-cü ildə Azərbaycan dilinin tədqiqinə görə bir qrup dilçi alimin, o cümlədən, 3 cildlik “Müasir Azərbaycan dili” dərsliyinin çapı da Ulu öndərin ana dilinə böyük ehtiramla yanaşdığını göstərir. Həmin illərdə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunun yaradılması da ana dilinin ictimai-siyasi nüfuzunun möhkəmləndirilməsi, dilinin tarixinə, dialektologiyaya dair bir çox tədqiqatların meydana çıxmasını şərtləndirmişdir (İ.Hüseynova. “Dövlətçilik naminə”, Bakı, 2001).

Ümumiyyətlə, həmin dövrdə humanitar elm sahələrində böyük irəliləyişlər əldə edilmiş, Azərbaycan dilinin, tarixinin, folklorunun, fəlsəfi fikrinin, incəsənətinin tədqiqi sahəsində uğurlu nəticələr qazanılmışdır. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, respublikamızda böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması bu uzaqgörən siyasətin nəticəsi olmuş, xalqın azadlıq idealları, XX əsrin əvvəllərindəki azərbaycançılıq, dövlətçilik dəyərləri ictimai şüurda geniş meydan tapmışdır. Milli-mənəvi şüura qayıdış çağdaş milli varlığın təsdiqi kimi reallaşmış, zəruri tarixi-mənəvi prosesə çevrilmişdir. 80-ci illərin sonunda Azərbaycan xalqının milli “Mən”ini qorumaq üçün ayağa qalxıb ermənilərin ərazi iddialarına sərt reaksiya verməsi, ölkədə milli-azadlıq hərəkatının genişlənməsi də əsası məhz 70-ci illərdə qoyulmuş möhkəm ideoloji-siyasi təmələ əsaslanmışdır.

Ümummilli lider 1982-ci ildən sonra - SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə qarşı çıxmış, ermənilərin məkrli torpaq ilhaqı siyasətinə qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə SSRİ KP MK-nın Siyasi Bürosunun üzvlüyündən uzaqlaşdırılan Ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 90-cı illərin əvvəlində Naxçıvana qayıdaraq zamanın diktəsi ilə siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır. 1991-ci ilin 18 oktyabrında qüdrətli dövlət xadimi Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı” ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir (R.Mehdiyev, “Vətəndaş cəmiyyətinə yol açan ideyalar”, “Heydər Əliyev irsi dünya siyasi elminin qiymətli nailiyyətinə çevriləcək” əsəri, Bakı 2006, səh 295, www.aliyevheritage.org).

1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərmişdir ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ümummilli lider 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyət sükanı arxasına keçmiş, ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərpa etmiş, eyni zamanda, insan hüquq və azadlıqlarının təminatına xidmət edən hüquqi islahatların müəllifi olmuşdur.

Ulu öndər Heydər Əliyev bu mərhələdən Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda, bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmuşdur. İcimai-siyasi sabitlik faktoru bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan vermişdir. “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına yönəlmişdir. Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olunmasına deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönəlik siyasi xəttin yürüdülməsinə, buna uyğun əlverişli situasiyanın formalaşdırılmasına xidmət etmişdir.

“Əsrin müqaviləsi” imzalandıqdan sonra Ümummilli lider özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini özünəməxsus intuiziazmla irəli sürmüş, onun həyata keçirilməsinə çalışmışdır. Azərbaycanda bazar iqtisadiyyatının başlıca prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilmişdir. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxil məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.

Böyük strateq Heydər Əliyev Azərbaycanın həqiqi müstəqilliyinin təmin edilməsi üçün hər bir fərdin mənafeyinə cavab verən hüquqi islahatların aparılmasını da təmin etmişdir. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını da dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyada əksini tapmış müddəaların üçdə ikisinin sırf insan hüquqları ilə bağlı olması da ulu öndərin insan hüquqlarına necə böyük həssaslıqla yanaşmasının bariz təcəssümüdür.

Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Sərəncamında vurğulandığı kimi, “Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir” (www.azerbaijan-new.az Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Sərəncamı).

Ümummilli liderin Azərbaycanın müstəqilliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlarından biri də cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimatıdır. Bu bir reallıqdır ki, Ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından ən düzgün seçim idi və ötən illərin reallıqları da bunu təsdiqləmişdir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam” - deyən Ulu öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında səfərbər etmişdir. Bu gün azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.

Dünya Azərbaycanlılarının 2001-ci ilin 9-10 noyabrında keçirilmiş I Qurultayında Ümummilli lider Heydər Əliyev demişdir: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində inamla davam etdirən Ulu öndər Azərbaycanın görkəmli şair, yazıcılarının, elm, incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində milli-mənəvi dəyərlərimiz qorunmuş, adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün lazım olan bütün zəruri addımlar atılmışdır.

Milli-mənəvi dəyərlərin qorunması məsələsi də Ulu öndər Heydər Əliyevin fəaliyyətində aparıcı xətt kimi göstərmişdir. Ulu öndər istər ailədə, istər hansısa dar çevrədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qalmış, etnik-mental tipi etibarilə əsil azərbaycanlı-türk dünyagörüşünə malik olmuşdur. Ulu öndərin idarəçiliyinin bütün mərhələrində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması da, əslində, onun zəngin mənəviyyatından rişələnmişdir. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq “haqlı həmişə güclüdür” düsturundan çıxış etmişdir. Milli-mənəvi dəyərlərə bağlı olan Ümummilli lider geniş ürək sahibi kimi bəzən siyasi yolunu azmış şəxsləri də bağışlamış, onların bir qismini hətta yüksək vəzifələrə təyin etmişdir. Sonralar Heydər Əliyev həmin şəxslərə xitabən demişdir: “Mən dəfələrlə demişəm, heç kəsə damğa vurmaq olmaz. Heç kimi keçmiş səhvlərinə görə cəmiyyətdən təcrid etmək olmaz. Əgər bir adam dünən səhv etmişdirsə, yolunu azmışdırsa və bu gün düz yolla gedirsə, xalqla birlikdədirsə, qanuna riayət edirsə, - buna söz yoxdur” (Əliyev H. Müstəqilliymiz əbədidir: I-XI cildlər. Bakı: 1997-2003).

Böyük strateq həmişə vurğulayırdı ki, Azərbaycan xalqının əsrlər boyu əldə etdiyi milli-mənəvi dəyərlər milli mədəniyyətdən, əxlaqdan, adət-ənənələrdən və digər insani keyfiyyətlərdən ibarətdir. Ulu öndər milli-mədəni irslə yanaşı, mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanılması üçün də səylərini əsirgəməmişdir.

“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Sərəncamında Ulu öndərin milli irsə qayğısı da xüsusi vurğulanır: “Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır”.

Müstəqil Azərbaycan ötən 20 ildə qazandığı bir sıra nailiyyətlərlə yanaşı, həm də regionda və bütövlükdə Avropa məkanında fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan kimi tanınır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirmiş, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim diqqətlə yanaşmışdır. Heydər Əliyev hesab edirdi ki, yalnız milli zəmin - azərbaycançılıq, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, milli həmrəylik, milli-mənəvi dəyərlərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlıya özünü hamı üçün ümumi evin qurulmasına səfərbər edilmiş müstəqil insan kimi hiss etmək imkanı verəcəkdir. Heydər Əliyev ölkədə mütərəqqi İslam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır.

Bütün bunlar təsdiqləyir ki, Ümummilli lider Heydər Əliyev bütün mənalı həyatı və şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşünmüş, onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçəklənməsinə çalışmışdır. Dahi öndər Azərbaycanı daim inkişaf edən, müasir görmək istədiyindən xalqın gələcək taleyinə biganə qalmamış, müasirləşmə xəttini özündən sonra layiqincə davam etdirəcək müasir düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik müasir ruhlu lider yetişdirmişdir. Əgər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirmişdisə, eyni zamanda, 90-cı illərdə xoas və tərəqqidən inkişafa doğru mükəmməl strategiyanı təmin etdişdisə, Onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir.

Prezident İlham Əliyevin son 9 ildə ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Modernləşmə xəttini uğurla davam etdirən cənab İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi bilik və informasiya cəmiyyətinə gətirib çıxaracaqdır. Azərbaycanın sosiomədəni modernləşməsi təkcə yeni texnologiyaların və bazar mexanizmlərinin tez bir zamanda keyfiyyətli tətbiqini deyil, kreativ və innovasion şüurun köməyi ilə millətin sivil yeniləşməni şərtləndirə bilən institutların yaranmasını nəzərdə tutur.

Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modeli olan dövlətlərindən biri kimi tanınır. 2009-cu ildə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Dövlət başçısı YAP-ın 20 illik yubileyi münasibətilə keçirilən tədbirdə demişdir: “Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək, deməliyik: biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq - həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə. Buna nail olmaq üçün həmişəki kimi, cəmiyyətimiz bir nöqtəyə vurmalıdır və cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası növbəti 20 il ərzində, əlbəttə ki, öz işini uğurla aparmalıdır, müasir qaydalarla, müasir üsullarla!” (Azərbaycan qəzeti, 2012-ci il, 18 noyabr).

Son illərdə dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiqlənməsində məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Əlbəttə, gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda lider missiyasından - qərarların qəbulu sənətindən asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır və bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə, regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. İnkişaf Konsepsiyası rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmə siyasətinin sürətləndirilməsini, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılmasını, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsini, intensiv metodların tətbiqinin daha da genişləndirilməsini və digər tədbirləri nəzərdə tutur. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir (www.azertag.com. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası).

Əsl siyasətçi mümkün olmayanı reallaşdırmaq qabiliyyəti ilə seçilir. Vəd vermək mümkündür, lakin onu reallaşdırmamaq ən cəlbedici ideyaları da insanların gözündən salmaq deməkdir. Bu mənada, cənab İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə uzaq olan, praqmatik, realist təfəkkürlü liderdir. Ölkə başçısının elə bir vədi yoxdur ki, ötən 9 ildə bəyanat səviyyəsində, reallaşmamış qalsın. Əksinə, cəmi 9 ildə həyata keçirilən islahatların - real miqyasına, əhəmiyyətinə görə - ən azından onilliklər ərzində reallaşdırılması mümkündür. Fəqət, öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti sayəsində, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan bu dövrdə fantastik görünə biləcək sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur.

Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi Ərzurum qaz kəməri istifadəyə verilmiş, “Ümid”, “Abşeron” kimi perspektivli yataqlar kəşf olunmuş, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinə başlanılmış, ölkə əhəmiyyətli yol-nəqliyyat sistemi, infrastruktur müasirləşdirilmişdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmış, respublkamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirmişdir.

Cənab İlham Əliyevin qazandığı uğurların bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. İlham Əliyevin prezidentlik dövrünün ən böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi olmuş, cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir. Hətta Sovet dövründə də mavi yanacaq üzü görməyən Yardımlıya, Lerikə qaz çəkilmiş, Qubanın ucqar dağ kəndi Xınalığa yol çəkilmiş, daha bir fantastik layihənin - strateji əhəmiyyətli Quba-Şamaxı yolunun inşasına start verilmişdir. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb olmaqla, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadı, sevgini və rəğbətini daha da artırır.

Şübhəsiz, əldə edilən uğurlu nəticələrlə yanaşı, cənab İlham Əliyevin idarəçiliyində özünütənqid ruhu, proseslərə obyektiv yanaşma üsulu mühüm xətt kimi diqqəti çəkir. Dövlət başçısı əldə olunmuş nailiyyətlərlə bərabər, problemləri və onların həlli yollarını göstərir, verdiyi hər bir göstərişin icrasına nəzarət edir, islahatları sürətləndirən struktur tədbirlər həyata keçirir. Ölkə başçısının rəhbərliyi altında aparılan nəhəng işlər isə Azərbaycanın əldə etdiyi nailliyyətlərin qarşıdakı illərdə daha geniş miqyas alacağını əminliklə söyləməyə əsas verir.

 

 

İradə HÜSEYNOVA,

Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi”

kafedrasının müdiri, tarix elmləri doktoru, professor,

Erməni Araşdırmaları laborotariyasının rəhbəri,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

YAP Siyasi Şurasının üzvü, Elm, təhsil və

innovasiyaların inkişafında xidmətlərinə görə

Beynəlxalq “Sokrat” mükafatı laureatı

 

Yeni Azərbaycan.- 2013.- 19 aprel.- S.4-5.