2013-cü ilin birinci rübünün yekunları Səbail rayonu üçün uğurlu olub

 

Hesabat dövründə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr dünən Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında müzakirə olunub

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti (RİH) başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.

İclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, ölkədə 3 ay ərzində ümumi daxili məhsul 3,1 faiz, qeyri-neft sektoru 11,4 faiz artıb, inflyasiya cəmi 1,2 faiz, əhalinin pul gəlirləri təxminən 6,0 faiz olub. Kənd təsərrüfatı 4 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 2,6 faiz artaraq 48 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.

Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirib ki, 2013-cü ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 5.976,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az sənaye məhsulu istehsal edilib. Nəqliyyat müəssisələri tərəfindən 153,4 milyon manatlıq və ya keçən illə müqayisədə 7,8 faiz çox, rabitə müəssisələri tərəfindən 144,5 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 1,0 faiz çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 899.6 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 36,7 faiz artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 243.4 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 3,4 dəfə artıb.

İlin əvvəlindən əhaliyə 61.1 milyon manatlıq istehlak malları satılıb və ya pullu xidmət göstərilib, bu da ötən illə müqayisədə 22,5 faiz çoxdur. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 73,1 milyon manatlıq və ya əvvəlki ilin yanvar-mart aylarından 22,5 faiz çox əmtəə satılıb.

2013-cü ilin yanvar-mart ayları ərzində əhaliyə 20,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,2 faiz çox iaşə xidmətləri göstərilib. Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 2,4 faiz artaraq 73.1 milyon manat olub.

Səbail rayonu üzrə daimi əhalinin sayı 95142 nəfər olub, əlavə olaraq rayonda 9207 nəfər məcburi köçkün məskunlaşıb. Rayonda çalışan işçilərin sayı 111983 nəfər, orta aylıq əməkhaqqının məğləği isə 905,0 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 5,9 faiz çoxdur.

2013-cü ilin I rübü ərzində Səbail rayonu ərazisində 536 yeni iş yeri açılıb ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumilikdə - yalnız 2009-2013-cü ilin mart ayına kimi Səbail rayonunda 9030 daimi iş yeri açılıb.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2013-cü ilin ilk 3 ayı ərzində 3 saylı Vərəm Əleyhinə Dispanserdə, C.Hacıyev adına 3 saylı Uşaq Musiqi məktəbində və A.H.Kazımov adına 1 saylı şəhər poliklinikasında, 44 saylı uşaq bağçasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 20-ci yaşayış sahəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiya şəbəkəyə qoşulub, Bibiheybət qəsəbəsində post məntəqəsi açılıb.

Proqramın icrasına uyğun olaraq Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi aparılır, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasının tam əsaslı təmir-yenidənqurulması işləri, qəsəbədəki 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli əlavə korpus tikintisi və bağçanın köhnə binasının, 33 saylı poliklinikanın əsaslı təmiri davam edir.

Hazırda rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, “Alov qüllələri” kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, “Azadlıq” Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qarajların, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün yeni binanın, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar Məktəbinin, “Cənub” mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin tikintisi, yeni veloparkın yaradılması, Dövlət Musiqili Komediya Teatrının əsaslı təmiri, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi, Dağüstü parkın ərazisinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri və “İstiqlal” Muzeyinin tikintisi, Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması, “Qız qalası”nda bərpa və konservasiya işləri davam edir. Bu işlər çərçivəsində Azadlıq Meydanı ərazisinin tam şəkildə təmiri başa çatdırılıb, yola yeni asfalt örtüyü çəkilib.

RİH tərəfindən Dağüstü parkda rayonun ictimai təşkilatları və Şəhidlər Xiyabanı kompleksində çalışan texniki xidmətlərin işçiləri üçün yeni bina, Badamdar qəsəbəsində texniki xidmət işçiləri üçün 2 mərtəbəli xidməti yaşayış binasının inşası başa çatdırılıb, oradakı mənzillər lazımi mebel və avadanlıqla təmin olunub.

Hazırda Badamdar şossesi boyunca mağaza, ofis və iaşə obyektlərinin üzlənməsi, yol kənarlarının təmizlənməsi, hasarların rənglənməsi və ərazinin abadlaşdırılması, Səbail RİHBA-nın və Bakı şəhər Prokurorluğunun binalarının müasir şəkildə təmir-yenidənqurulması, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarındakı 16 mərtəbəli 2 ədəd, Neftçilər prospektində 3 ədəd, Bayıl dairəsindəki 3 ədəd və Badamdar qəsəbəsində 3 yaşayış binasının, Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin binasının üzlənməsi və fasadlarının təmir-yenidənqurulması işləri aparılır.

Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilib. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, 7 binanın dam örtüyündə təmir işləri aparılıb, su və kanalizasiya xətləri dəyişdirilib, mərkəzdəki bir sıra binaların fasadı təmir olunub, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik görülüb.

Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilib.

Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçilib, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməyib.

2013-cü ilin ilk 3 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 417 ailə (1689 ailə üzvü) müraciət edib, onların sənədlərinə müvafiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 115,49 manat sosial yardım təyin olunub.

Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13081 nəfər təqaüdçülərə ilin ilk 3 ayı ərzində 8.522.890,25 manat təqaüd və müavinət ödənilib, ödənişlərdə gecikmələrə yol verilməyib.

Səbail rayon Məşğulluq Mərkəzinə ilin ilk 3 ayı ərzində 187 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunub, “Ərazi Məşğulluq Proqramı”na əsasən cari ilin birinci rübü ərzində 16 nəfər işaxtaran vətəndaş üçün Mərkəzdə “İngilis dili” üzrə peşə kursu açılıb, “Əmək yarmarkasında” 18 nəfən daimi işlər təmin olunub.

Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib. Yanvar ayında Badamdar və Bibiheybət qəsəbələri icra nümayəndəliklərinin və RİH-nin 2012-ci ilin yekunlarına həsr olunan hesabat yığıncaqları, RİH-də rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilib, faciənin ildönümü ilə bağlı bir sıra tədbirlər təşkil olunub.

2 Fevral - Azərbaycan Gəncləri günü ilə bağlı Dövlət Bayrağı Meydanındakı “cristall-Xall”da Səbail gənclərinin bayram balı təşkil olunub, Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırıb, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilib. Rayonun nümayəndələri həm də Daxili Qoşunların Bərdə şəhərində yerləşən hərbi hissəsində və Badamdar qəsəbəsindəki hərbi hissədə də görüşlər və konsertlər təşkil ediblər.

Bayram tədbirləri Badamdar və Bibiheybət qəsəbələrində də keçirilib, bayramla əlaqədar rayondakı 3600-ə yaxın aztəminatlı ailəyə bayram payları verilib, ümumilikdə isə 3 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 4400 olub.

İclasda Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Milli Məclisin üzvü Fuad Muradov və başqaları çıxış ediblər.

Tədbirdə “Yeni Azərbaycan” qəzetinin 20 illik yubileyi ilə əlaqədar qəzetin kollektivinə Səbail RİH-nin təbrikləri çatdırılıb və qiymətli hədiyyə təqdim olunub. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək öz minnətdarlığını bildirib.

İclasda əldə olunmuş nailiyyətlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

 

 

Yeni Azərbaycan.- 2013.- 19 aprel.- S.7.