“Sən yanmasan...”
Bilmirəm niyə, amma Qırğızıstan həmişə mənim üçün doğma və yaxın ölkələrdən biri olub. Uşaqlıqdan sevmişəm bu ölkəni. Bəlkə də eyni soy-kökdən olmağımız, ulu keçmişimiz, böyük Gök Türk anlamıdı bizləri bu qədər yaxınlaşdıran. Bilmirəm. Amma bu sevginin bir həqiqətini də zaman keçdikcə anlamağa başladım: Çingiz Aytmatov həqiqətini.
Mən hələ uşaqkən onun yazdığı hekayələri çox böyük maraqla oxuyurdum. Çünki onun əsərlərində hadisələr o qədər gözəl təsvir olunurdu ki, baş verənlər bir-bir gözümün önündə canlanırdı. Ən çox da “Cəmilə” hekayəsi ilə tanıdım onu. Bütün dünya ədəbiyyatına səs salan “Cəmilə” hekayəsi. O zaman Moskvada çıxan “Novıy Mir” jurnalında böyük qazax yazıçısı Muxtar Auezovun “Yolun açıq olsun!” adlı xeyir-duası ilə dərc olunan və bununla da onun dünya ədəbiyyatına gəlişinə yaşıl işıq yandırılan həmin eşq hekayəsi. Hansı ki sonradan dahi fransız yazıçısı Lui Araqon bu əsəri “Dünyanın ən gözəl eşq hekayəsi” adlandıracaqdı.
Ç.Aytmatovun əsərləri məni göylərə qaldırır və mən saatlarla eləcə dibsiz göylərin ənginliklərində uçurdum, uçurdum... gah Cəmilə olurdum, sevdiyimə-Daniyara bənzər bir igidə qoşulub cırcıramaların əsrarəngiz nəğmələri və araba təkərlərinin cırıltısı altında gecələr yol gedirdim, pisliklərdən, yalandan, riyadan uzaqlaşmağa çalışırdım, gah Altınay kimi ucqar bir dağ kəndində uşaqlara savad, bilik öyrədirdim, gah vəfalı Asiya kimi vəfasız İlyasın yolunda bütün çətinliklərə dözürdüm, gah da Gülsarı kimi sadiq bir dostum olurdu...Və bu əsərlərin təsiri ilə özümü çox güclü, qüvvətli və daxilən azad sanırdım... Mən “Əlvida Gülsarı”da onun təsvir etdiyi Gülsarı adlı atı çox sevmişdim və məndə heyvanlara böyük bir məhəbbət oyanmışdı.
Bu, Aytmatovun əsərlərinin məndə
oyatdığı təsir qüvvəsi idi. Elə o zamandan-12-13 yaşımdan
sevdim onu. Və çox sonralar anladım ki, əslində, mənim
uşaq vaxtı anlayıb dərk edə bilmədiyim əsl həqiqəti
yazırmış Çingiz Aytmatov. Dərk
elədim ki, sən demə bütün bu hadisələr
yazıçının elə öz həyatı imiş.
Çingiz Aytmatov heç demə böyük
bir cəsarətlə ilk dəfə olaraq Sovet rejimindən
qurtulmağın yolunu göstərirmiş.
Qaranlıqdan işığa çıxan yolunu.. 7-8 yaşlı kiçik qırğız
oğlanın gözündə durbin uzaqdan İssık-Kula
baxaraq dediyi sözlər gəlir qulağıma: “Mən
balıq olacağam. Eşidirsən, baba,
çayla üzüb ağ gəminin yanına gedəcəyəm”.
Sonra müəllifin pislik və haqsızlıqlardan bezib
balığa dönmək, azadlıq istəyən bu balaca fədaiyə
müraciətlə dedikləri səslənir
qulağımda: “Sən üzüb getdin. Heyif, çox heyif! Niyə qaçıb yola çıxmadın? Əgər sən yolla xeyli qaçsaydın,
hökmən onunla rastlaşardın. Qabaqda
Buynuzlu Ana Maral səkərdi. Fəqət,
sən üzüb getdin. Uşaq qəlbinin
barışa bilmədiklərini sən rədd etdin. Sən şimşək kimi yaşadın-bircə dəfə
çaxdın və söndün. Şimşəyi
çaxdıran göydür; göy isə əbədidir!”
(“Ağ gəmi”) Bu sözləri Ç.Aytmatov hələ
“Domokl qılıncı” başının üzərində
olan zamanlarda çatdırırdı xalqına... (O vaxt
heç ağlıma da gəlməzdi ki, çox-çox
sonralar günün birində mən o böyük
yazıçı ilə görüşəcəyəm).
Bəli, illər sonra dərk etdim ki,
Qırğızıstanı mənə sevdirən Aytmatov
fenomeni olub. Bu sevgi zaman-zaman içimdə boy atıb,
böyüyüb. Min ildən artıq yol gələn
xalqın möhtəşəm abidəsi olan “Manas”la
tanışlıq bu sevgini bir az da
artırdı. Çox hörmət etdiyim dəyərli
alimimiz, professor, millət vəkili Nizami Cəfərovun dediyi
kimi: “Qırğızları (və
Qırğızıstanı) düzgün dəyərləndirmək
üçün onu hiss etmək gərəkdir...
“Manas”dakı kimi, Çingiz Aytmatovdakı kimi!”.
Gözəl sözlərdir. Düşündürücüdür.
Çox sonradan yetkin yaşımda
Qırğızıstana və Çingiz ağaya olan məhəbbətimi
dərinləşdirən bir insan da olub. Bu
Qırğızıstanda Azərbaycanı layiqincə təmsil
edən qeyrətli eloğlumuz, Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək Fondunun (TDSDF) prezidenti Nüsrət
Məmmədovdur. Onunla Bakıda tanış
olduq.
Tarixin
saatı 2008-ci il fevral ayının
üstündədir. Həmin il Çingiz
Aytmatov ili elan olunmuşdu və böyük
yazıçının Bakıya gəlişi gözlənilirdi.
Bakıya dəvətli idi Aytmatov. Öyrəndim ki, bu gəlişin əsas səbəbkarı
Qırğızıstanda fəaliyyət göstərən
TDSDF-nin rəhbəri Nüsrət Məmmədovdur.
Onunla yaxından tanış olmaq
keçdi könlümdən.
Yaxşı yadımdadır, mən onda İctimai
televiziyanın əməkdaşı idim. Bir neçə
yazıçı və telejurnalistlə Atatürk Mərkəzində
“dəyirmi masa”da əyləşib onu gözləyirdik. Bu tədbirdə rəsmi və qeyri-rəsmi dairələrdən,
hətta Türkiyədən, Rusiyadan,
Qırğızıstandan və İrandan çox hörmətli
qonaqlar və millət vəkilləri də iştirak edirdi.
Qonaqlar gəlmiş, hamı öz yerini tutmuşdu. Amma
Çingiz Aytmatov hələ gəlməmişdi. Dedilər ki, yoldadır, gəlir, başqa bir tədbirdə
olduğu üçün bir qədər gecikir. Mən səbrsizliklə onu gözləyənlərin
içində idim. Bu böyük
yazıçını görmək mənə yuxu kimi gəlirdi.
Budur, mənim tam üzbəüz oturduğum qapı
birdən açıldı və hündürboylu, şəkildə,
televizorda göründüyündən də çox
yaraşıqlı və əzəmətli Çingiz ağa
zala daxil oldu.
Ağ gümüşü saçları səliqə
ilə arxaya daranmışdı. Əyninə
tünd göy rəngli kostyum və ağappaq köynək
geymiş, kostyuma uyğun göy miləmil qalstuk
taxmışdı. İndiki kimi
yadımdadır, o içəri girəndə hamı
özündən asılı olmayaraq böyük ehtiramla bir
andaca ayağa qalxdı. Mən özüm də nə
zaman ayağa durmağımı hiss etmədim. Bu,
o idi. Beyinlərdə inqilab yaradan gözəl əsərləri
ilə dünya ədəbiyyatına səs salan, bütün
Türk dünyasının böyük yazarı,
qırğızların fəxri, qürur duyduğu
Çingiz ağa! Çingiz Aytmatov!
Bu
görüş mənimçün inanmayacağım bir səadət
oldu, çünki uşaqlıqdan sevdiyim böyük
yazıçı ilə üzbəüz
görüşüb əlini sıxmaq mənə nəsib
oldu... Onunla şəkil də çəkdirdim,
həmin şəkli əziz bir xatirə kimi saxlayıram.
O anları həmişə fərəhlə
xatırlayıram.
Çingiz ağanın yanında dayanmış, ona
çox yaxın olan bir insanı da gördüm. Dedilər, bu
Nüsrət Məmmədovdur. Çox keçmədi
ki, onunla da məni tanış etdilər. Və ona söylədim ki, siz çox böyük
işlər görürsüz, məlumatımız var.
Əslində, onun haqqında kiçik araşdırma
aparmışdım, bilirdim ki, 30 ildən çoxdur ki,
Qırğızıstanda yaşayır.
Nüsrət Məmmədov TDSDF-nin rəhbəri, eyni
zamanda, diaspora nümayəndəsi kimi
Qırğızıstanda bir çox işlər
görür.
Bişkekdə ölkəmizlə bağlı
onlarca bədii, elmi, siyasi kitablar, məqalələr çap
olunub, Beynəlxalq konfranslar, toplantılar, müzakirələr
keçirilib. Şübhəsiz ki, bu
işdə Nüsrət müəllimə
yardımçı olan fondun digər üzvlərinin
adlarını çəkməmək günah olardı.
Osman Səfərov, Etibar Qasımov, Qiyas Xəlilov, Çingiz
Ələsgərov, Mürafəddin Şakimov və
başqaları Nüsrət müəllimə dəstək
olmaqla, Azərbaycan naminə çox işlər
görüblər. Məhz onların
gördüyü işlər sayəsində
Qırğızıstanda Azərbaycan haqqında təsəvvürlər
daha da genişlənir, ədəbiyyatımız, incəsənətimiz
təbliğ olunur, uğurlu və ardıcıl siyasətimiz
o bölgənin adamlarına kitablarla, görüşlərlə
çatdırılır. Onlar, başda
Nüsrət Məmmədov olmaqla, gördüyü işlərlə
Azərbaycan həqiqətlərini çatdırırlar
xaricdə yaşayan insanlara, onların təsəvvürlərini
daha da genişləndirirlər.
İndiyədək Azərbaycan tarixi, mədəniyyəti,
Ermənistan-Azərbaycan, Dağlq Qarabağ münaqişəsi
haqqında qırğız, rus və ingilis dillərində
50-yə yaxın kitab və kitabçalar dərc olunub. Ən
maraqlı bir məqam diqqətimi çəkdi; fondun nəşr
etdirdiyi bütün kitablar insanlara pulsuz paylanır.
Budur, əsl vətənpərvərlik, doğma vətənə
ürəkdən, candan yanmaq! Və heç
şübhəsiz ki, Nüsrət müəllim bu fəaliyyəti
ilə Azərbaycan gerçəkliklərindən uzaq olan bəzi
insanlara əsl həqiqəti sübut edir. Onun öz
işinə necə can yandırdığının dəfələrlə
şahidi olmuşam. Əslində, hər
şey göz qabağındadır. Elə
bu yaxınlarda rejissor Vahid Mustafayevin çəkdiyi “Xoca”
filminin Qırğızıstanda nümayiş olunduğunu və
böyük əks-səda doğurduğunu xatırlayaq.
Bu filmin qırğız
tamaşaçılarına təqdim olunmasında Nüsrət
müəllimin xidməti danılmazdır. Çünki bu film bir sıra təşkilatlarla
yanaşı, məhz TDSDF-nin sifarişi ilə
qırğız dilinə tərcümə olunaraq dublyaj
edildi. Dublyajın rejissoru
Qırğızıstanın Əməkdar artisti Murat
Mambetov, filmi qırğız dilində səsləndirən
bu ölkənin Əməkdar artistləri Nazım Mendebairov və
Şair Kasımaliyevadır. Mən şəxsən
şahidiyəm ki, Nüsrət müəllim bu filmin
Qırğızıstanda nümayiş olunması
üçün necə can yandırır, səy göstərirdi.
Elə onun təşkilatçılığı
ilə də fevralın 11-12-də filmin Bişkekdə təqdimatı
keçirildi və tamaşaçıların böyük marağına
səbəb oldu. Məhz bu film vasitəsi
ilə qırğız tamaşaçısı Xocalıda
baş verən dəhşətli qətliamın, Qarabağ
müharibəsində cəllad ermənilərin
xalqımızın başına gətirdikləri müsibətin
bir daha şahidi oldular. “Xoca” filminə
baxarkən Çingiz Aytmatovun bacısı Roza xanımın
necə ağlamasını, başqa gənc bir qızın
göz yaşları içində müsahibə verdiyini
gördükdə, düşündüm ki, doğrudan da
“Xoca” filmi Xocalı həqiqətlərini çatdıra bilib
tamaşaçıya.
Nüsrət müəllim haqqında çox
yazıblar, əməyinə, gördüyü işlərə
dəyər veriblər. Bu yaxınlarda AzərTAC-ın bir məlumatını
oxudum. Qırğızıstanın “Kabar”
milli informasiya saytında akademik Abdildajan Akmataliyevin bir məqaləsi
dərc olunub. Akademik yazır ki, “mənim
bu məqaləm Xalq yazıçısı Çingiz Aytmatov
və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək
Fondunun (TDSDF) sədri Nüsrət Məmmədov haqqında
olacaqdır. Çingiz Aytmatov onu belə
adlandırırdı: “Bizim dostumuz Nüsrət”. Müəllif
daha sonra yazır ki, 2008-ci ildə TDSDF-nin təşəbbüsü
ilə dünya şöhrətli yazıçı
Çingiz Aytmatov Azərbaycana səfər etmiş, Azərbaycan
Prezidenti İlham Əliyev Çingiz Aytmatovu və Nüsrət
Məmmədovu qəbul etmuş, böyük
yazıçıya “Dostluq” ordeni təqdim olunmuşdur. Həmin
ilin oktyabrında yenə də TDSDF-nin təşəbbüsü
ilə SSRİ Xalq artisti, Dövlət Mükafatı
laureatı Bolot Şəmsiyevin rəhbərliyi altında
nümayəndə heyəti Bakıda olmuş, Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə
görüşmüşlər.
Bundan başqa, TDSDF-nin təşəbbüsü ilə
dəfələrlə Bişkekdə, Almatıda və
başqa yerlərdə konfranslar, toplantılar təşkil olunub. Bu
toplantılarda Türk dünyasının tanınmış
siyasi xadimləri, deputatlar, alimlər, jurnalistlər iştirak
ediblər. Vaxtaşırı olaraq
Türk dünyasının tanınmış siyasi xadimləri
Heydər Əliyev, Mustafa Kamal Atatürk, o cümlədən,
Azərbaycan Prezidenti cənab İlham Əliyev haqqında məruzələr
dinlənilib. Nüsrət müəllim, həmçinin,
“Manas”ı Azərbaycan dilinə tərcümə edən,
sonradan həmin əsərin tədqiqatını apararaq dəyərli
bir elmi əsər ortaya qoyan görkəmli şair-alimimiz Adil
Cəmilin bu elmi işini TDSDF-nin sifarişi ilə
qırğız dilinə çevirərək nəşr
etdirdi. Sonra Bişkekdə TÜRKPA-nın
sammitində, Qırğızıstan Prezidenti iqamətgahında
kitabın təqdimatı keçirildi və böyük
rezonansa səbəb oldu.
Vətənpərvərlik,
torpağa məhəbbət gərək insanın qanında,
canında ola. Və hər bir vətən
övladı vətən naminə lap xırda da olsa bir iş
görməlidir. Yaxşı ki, Nüsrət müəllim
kimi belə ziyalılarımız, diaspora nümayəndələrimiz
var. Xalqa xidmətdən gözəl nə ola
bilər ki? Böyük türk şairi Nazim Hikmətin məşhur
misraları düşür yadıma: “Mən yanmasam, sən
yanmasan, necə çıxar qaranlıqlar
aydınlığa?”
Elə Çingiz Aytmatov da bunu deyirdi.
Südabə Sərvi,
Yazıçı-publisist, Prezident
mükafatçısı
Yeni Azərbaycan.-
2013.- 19 aprel.- S.14.