Bu gün
Azərbaycan Şərqi Avropanın demokratiya yolu ilə
inkişaf edən ölkələrindən heç də geri
qalmır
Mübariz
Qurbanlı: Biz hesab edirik ki, Azərbaycan seçicisi indi davam
edən bu yola, Ulu öndər Heydər Əliyevdən
başlayan böyük siyasətə yenə də səs verəcək,
Prezident İlham Əliyevin 2003-cü ildən bu yana həyata
keçirdiyi siyasətə dəstək olacaqdır
Yeni
Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət
vəkili Mübariz Qurbanlının “Amerikanın səsi”
radiosuna müsahibəsini təqdim edirik.
- Azərbaycanda
mövcud ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?
Prezident seçkiləri ərəfəsidir. Bir çox beynəlxalq
və yerli təşkilatlar ölkədə demokratik, azad, ədalətli
seçki keçirilməsi üçün münbit
ictimai-siyasi durumun olmadığını qeyd edirlər.
- Azərbaycanda
mövcud ictimai-siyasi durum normaldır. Bu il prezident seçkiləri
ili olduğu üçün təbii ki, Azərbaycan cəmiyyətində
seçkilərə hazırlıqla əlaqədar müxtəlif
siyasi partiyaların, qurumların fəallığı
açıq şəkildə özünü göstərməkdədir.
Bütövlükdə götürdükdə, Azərbaycanda
sosial, iqtisadi, siyasi baxımdan vəziyyət normaldır. Qeyd
etdiyiniz beynəlxalq qurumlarla əlaqədar fikirlərə gəldikdə
isə doğrusu, konkret olaraq, hansısa beynəlxalq qurumun, təşkilatın
Azərbaycanla bağlı hər hansı həyəcanverici
çıxışını, bəyanatını eşitməmişəm.
Bəlkə də, hansısa qeyri-hökumət təşkilatları
ilə bağlı sizdə belə məlumatlar olduğu
üçün onları nəzərdə tutursunuz.
Bütövlükdə, Azərbaycanda seçkilərin azad, ədalətli,
demokratik keçirilməsi üçün mühit
vardır. Hələlik, seçki kampaniyası dövrü başlamamışdır,
lakin seçki ili olduğu üçün seçki ilə
bağlı siyasi fəallıq indidən özünü
büruzə verməkdədir.
- Yeni Azərbaycan
Partiyasının namizədinin qalib gələcəyinə
inanırsınızmı? Namizəd kim olacaq? Partiyanın Sədri
İlham Əliyev, yoxsa başqası?
- Namizədin
kimliyi ilə bağlı biz hələ ötən ildən
fikirlərimizi açıqlamışıq. Yeni Azərbaycan
Partiyasının namizədi partiyamızın Sədri cənab
Prezident İlham Əliyev olacaq. Bu barədə ikili
düşüncə, başqa bir fikir bütövlükdə
yox dərəcəsindədir. Qalib gəlmə məsələsinə
gəlincə, təbii ki, hər bir siyasi təşkilat,
siyasi partiya öz namizədinin qalib gələcəyi
iddiasını ortaya qoyur və bunu söyləyir. Amma bizim
iddiamız müddəamıza uyğun gəlir. Yəni, biz nəyi
söyləyiriksə, onu əsaslandırmaq üçün əlimizdə
kifayət qədər dəlillər vardır. Biz hesab edirik
ki, Azərbaycan seçicisi indi davam edən bu yola, Ulu öndər
Heydər Əliyevdən başlayan böyük siyasətə
yenə də səs verəcək, Prezident İlham Əliyevin
2003-cü ildən bu yana həyata keçirdiyi siyasətə
dəstək olacaqdır. Bunu əsaslandırmaq
üçün bir neçə faktı qeyd edim ki, əgər
cənab Prezidentin prezidentliyi dövründə Azərbaycanda
ümumi daxili məhsul 3 dəfə artıbsa, büdcə dəfələrlə
artıbsa, Azərbaycan vətəndaşının rifahı
yüksəlibsə, ölkədə çoxlu sayda iş
yerləri açılıbsa, eyni zamanda, regionlardan paytaxt
Bakı şəhərinə qədər ölkədə
böyük quruculuq və abadlıq işləri
görülübsə, Azərbaycan vətəndaşı
onu qiymətləndirəcək və Prezident İlham Əliyevə
səs verəcək. Biz namizədimizin qələbə
çalacağına əminik.
- Amma
bununla yanaşı, ölkədə son dövrlərdə
prezident seçkiləri ərəfəsi həbslər də
var. Xüsusilə də, siyasi, ictimai fəallara qarşı
həbsləri necə qiymətləndirirsiniz? “Nida” vətəndaş
hərəkatı üzvlərinin həbsinin səbəbləri
nədir? Beynəlxalq təşkilatlar onların həbsini
siyasi qiymətləndirir və onları “vicdan məhbusu”
adlandırıb. Eyni zamanda, “REAL” hərəkatının rəhbəri
İlqar Məmmədovun, “Müsavat” partiyası sədrinin
müavininin həbsləri nə ilə əsaslandırıla
bilər?
- Azərbaycanda
sərbəst toplaşmaq azadlığı haqqında qanun
var. Bu qanuna görə, ictimai qurumlar, siyasi partiyalar, sadə vətəndaşlar
kütləvi aksiyalar keçirə bilər, sərbəst
toplaşaraq bu və ya digər məsələləri ictimai
rəyə çatdıra bilər və s. Azərbaycanda bu
qanunun tələblərini pozan şəxsləri dəfələrlə
xəbərdar ediblər, bildiriblər. Amma buna baxmayaraq, Azərbaycanda
mövcud olan siyasi partiyaların radikal qanadının tərəfdarları
bir neçə dəfə Bakı şəhərində
qeyri-qanuni aksiyalar keçirməyə cəhd göstəriblər.
Həmin cəhdlər zamanı isə qanun pozuntusuna yol verdiklərinə
görə bəzi şəxslər saxlanılıblar.
Bakı şəhər İcra Hakimiyyəti kütləvi
aksiyaların keçirilməsi üçün müvafiq yer
ayırıb. “20-ci Sahə” adlanan hamımızın
tanıdığı bir yer var, mərkəzdən
uzağı 5-10 dəqiqəlik məsafədədir. Həmin
ərazidə çox gözəl, geniş ərazi vətəndaşların
orada kütləvi aksiya keçirməsi üçün
şərait var və bir neçə dəfə müxalifət
partiyaları orada aksiyalar keçirdilər. Lakin sonradan onlar
orada aksiyalar keçirməkdən imtina etdilər və şəhərin
mərkəzində, məsələn, Fəvvarələr
meydanında aksiya keçirməyə cəhd göstərdilər.
Halbuki Fəvvarələr meydanı aksiyalar üçün
müvafiq yer deyil və aksiyaların keçirilməsi
üçün şəhər İcra Hakimiyyətindən
icazə alınmalıdır. Bu razılıq olmadan
keçirildiyi üçün qanun pozuntusu varsa, onun
qarşısı alınmalıdır. Çünki qanun
pozuntusu baş verən ölkədə qanun pozuntusunun
qarşısını almadıqda bu zəncirvari reaksiya verə
bilər. O ki qaldı, “Nida”çılar və digərlərinin
məsələsinə, onlar da həmin hadisələr
zamanı və yaxud digər qanun pozuntuları ilə əlaqədar
həbs olunublar. İlqar Məmmədov və Tofiq Yaqublu məsələsinə
gəldikdə, İsmayıllıda baş verən hadisələr
zamanı həmin şəxslərin o bölgəyə getməsi
və həmin bölgədə
qızışdırıcı fəaliyyət göstərməsi
ilə əlaqədar hüquq mühafizə orqanlarında məlumatlar
olduğuna görə, onlar bu məsələləri
araşdırırlar, bu həbslərin konkret ünvanı, səbəbi
yəqin ki, məhkəmə araşdırması zamanı cəmiyyətə
bildiriləcək.
- Digər
tərəfdən, seçki ili öncəsi Azərbaycanda
qeyri-hökumət təşkilatları, kütləvi
aksiyalarla əlaqədar cərimələrin
artırılması, Amerikanın Milli Demokratiya İnstitutu,
ATƏT-lə bağlı bəyanatlar verilir. Azərbaycan
hökuməti güclüdür, deyirsiniz ki, qalib gələcəkdir.
Amma digər tərəfdən də, hökumət rəsmiləri
“Facebook inqilabı” deyilən bir inqilabdan çəkinirlər
və bunu həyəcanla qeyd edirlər.
- Mən
hesab edirəm ki, bizdə facebookdan heç kim çəkinmir.
Xüsusilə, hakimiyyət bundan çəkinmir, bundan
çəkinməyə ehtiyac duymur. Azərbaycanda internet tam
sərbəstdir və mən hesab edirəm ki, internet və
sosial şəbəkələrdə vətəndaşların
sərbəstliyinə kifayət qədər şərait
yaradılıb. Azərbaycanda istənilən vətəndaş
istənilən internet səhifəsinə, qrupuna daxil ola bilər,
fikirlərini yaza bilər və bunlar üçün də
heç bir məsuliyyət təyin edilməmişdir. Sosial
şəbəkələrdə kifayət qədər qruplar
fəaliyyət göstərir, o cümlədən, Yeni Azərbaycan
Partiyasının da çoxsaylı gəncləri burada
yazışırlar, müxtəlif məsələləri
müzakirə edirlər, müxalifətin də müxtəlif
qrupları var, fəaliyyət göstərir. Mən hesab edirəm
ki, bizdə facebookla bağlı hansısa bir problem yoxdur və
biz əksinə çox çalışırıq ki,
facebook səhifələrində daha geniş sərbəstlik
verilməlidir, insanlar burada öz fikirlərini
yazmalıdır. Bununla bağlı mən rəsmi olaraq Yeni
Azərbaycan Partiyasının mövqeyini bir daha
vurğulayıram ki, biz facebookda tam sərbəstliyə tərəfdarıq.
O ki qaldı, facebook inqilabı məsələsinə,
facebook vasitəsilə heç kim inqilab edə bilməz.
İnqilabın olması, ölkədə hansısa hakimiyyət
əleyhinə kütləvi iğtişaşların baş
verməsi üçün mütləq səbəblər
olmalıdır. Bu səbəblər olmadıqca, heç bir
ölkədə hansısa inqilabi çıxış və
ya hər hansı hərəkatı facebook vasitəsilə
etmək mümkün deyil. Bəzən misallar gətirirlər,
məgər Təhrir meydanında, Qahirədə
toplaşanlar facebook çağırışı ilə
toplaşmışdılar? Onların mütləq əksəriyyətinin
heç nə facebooka, nə onların ümumiyyətlə,
sosial şəbəkələrə girişi var idi.
Bunların hamısı sadəcə sözlərdən ibarətdir.
Mən təhlil edə və deyə bilərəm ki, harada bu
və ya digər hakimiyyət əleyhinə
çıxışlar olubsa, kütləvi hadisələr
olubsa, bu, facebook səbəbindən deyil. Bunun səbəbi həmin
ölkənin sosial-iqtisadi sistemindədir. ATƏT-lə
bağlı, ATƏT-in Azərbaycanda fəaliyyəti
mövcuddur, Azərbaycan ATƏT-in üzvü olandan təşkilatın
burada müşahidə missiyası var, öz fəaliyyətini
davam etdirir. Lakin Azərbaycan 20 il ərzində çox
böyük yol keçib, inkişaf edib, müasirləşib.
Azərbaycan tərəfi sadəcə təkliflərlə
çıxış edir ki, Azərbaycanın indiki
situasiyasını, inkişafını, indiki şəraitini
nəzərə alaraq, həmin müşahidə
missiyasının statusuna yenidən baxılsın. Yəni bu
gün Azərbaycan Şərqi Avropanın demokratiya yolu ilə
inkişaf edən ölkələrindən heç də geri
qalmır. Yəni Şərqi Avropa da artıq totalitar rejimdən
çıxaraq demokratiyaya keçib. Biz də totalitar rejimdən
çıxaraq demokratiyaya gedirik və demokratiya sahəsində
də ciddi uğurlarımız var. Belə olan şəraitdə
ATƏT-in müşahidə missiyasının statusu məsələsi
gündəmdədir. Bununla bağlı müzakirələr
gedir, amma hökumət səviyyəsində kimsə bunu
hansısa formada, konkret şəkildə təkidlə irəli
sürməmişdir. Bu müzakirə şəklində həll
oluna bilər. Mən hesab edirəm ki, ATƏT-in müşahidə
missiyası məsələsində hökumətin irəli
sürdüyü təkliflər səmərəlidir və
burada heç bir qəbahət yoxdur. O ki qaldı Milli
Demokratiya İnstitutuna, MDİ Azərbaycanda çoxdandır
fəaliyyət göstərir və bu gün də onun fəaliyyəti
davam edir. MDİ bizim üçün hansısa təhlükə
mənbəyi deyil. Bizim Amerika Birləşmiş
Ştatlarının müxtəlif institutları ilə əlaqələrimiz
var və bu əlaqələrdən də biz Azərbaycana
qarşı kiminsə istifadə etdiyi haqqında iddiada
deyilik. Sadəcə Milli Demokratiya İnstitutunun fəaliyyəti
ilə bağlı jurnalist araşdırması nəticəsində
MDİ məmurunun bank hesabından pul çıxarması,
onu sərf etməsi ilə bağlı bir sıra yazılar
gedib və bu yazılarda da ona cavab istənilib. Respublika
Prokurorluğu da haqlı olaraq ABŞ səfirliyinə
müraciət edərək bunun
araşdırılmasını istəyib. Prokurorluq
qanunçuluğu qoruyan bir qurumdur və bunun belə bir tələblə
çıxış etməsi də tamamilə məntiqlidir
və mən hesab edirəm ki, ABŞ-ın özündə də
bu cür hadisə olsaydı, Amerika prokurorluğu və
müvafiq qurumları da bunu araşdırmaq istəsəydi, o
zaman heç kim onu antidemokratiklikdə və basqıda
günahlandırmaz və ya hansısa bir formada belə
iddianı ortaya qoymazdı. Əgər prokurorluq və
müvafiq qurumlarımız yayılmış bu məlumata
sükutla yanaşsaydı, o zaman bizi başa düşməzdilər.
MDİ bununla bağlı özünün təkmil və
sanballı, mən deyərdim əsaslandırılmış
açıqlamasını verməlidir və o dəlillər
ki, jurnalist araşdırması nəticəsində ortaya
çıxıbdır, necə ki, ABŞ-ın özündə
bu cür hadisələr zamanı detallarla açıqlamalar
verilir, bunda da açıqlama verilməlidir. Müəyyən
açıqlamaları oxumuşam. Amma hesab edirəm ki, bu yetərli
deyil. MDİ-yə hansısa basqıdan söhbət gedə
bilməz.
- Siz qeyd
etdiniz ki, narazılıqlar, yəni inqilabları doğurur. Azərbaycanda
necə, narazılıq yoxdur, çünki Quba hadisələri,
İsmayıllı hadisələri, Binədə baş verən
hadisələr. Bir çox ekspertlər hesab edir ki, hökumət
hadisələrin səbəblərini araşdırmaq əvəzinə,
burada problemləri qaldıran insanları həbsə məhkum
edir. Məsələn, Qubada İcra Hakimiyyətinin
başçısı ilə bağlı onun əmlakının
araşdırılması nə yerdə oldu?
İsmayıllıda, həmçinin, yəni
iştirakçılar və problemi qaldıranlar həbsə
atılır, amma o problemi yaradanlar azadlıqdadır. Bu, əkslik
deyilmi?
-
İsmayıllı, Quba və Binədə baş vermiş
hadisələrlə bağlı dediniz. Bunlar
hüquq-mühafizə orqanları tərəfindən araşdırılır
və bunların araşdırılması davam edir. Yəqin
bunun nəticələri cəmiyyətə bəlli
olacaqdır. Amma narazılıqla bağlı söhbətə
gəldikdə isə, dünyada insanların
hamısının razı olduğu dövlət, hökumət
yoxdur. Dünyada 193 ölkə BMT səviyyəsində qəbul
olunmuş, dünya çapında bəlli olmuş ölkə
var. Amma ümumilikdə 200-dən çox ölkə var.
Heç bir ölkə deyə bilməz ki, dünyada əhalimin
hamısı məndən razıdır. Dünyanın ən
yaxşı, yəni insan amilinə görə irəlidə
gedən ölkələri Skandinaviya ölkələridir,
Yeni Zelandiyadır və s. Hətta onların özündə
belə narazı olanlar var. Narazı olmayan ölkə yoxdur.
Amma narazılıqların istiqamətləri və səbəbləri
var. Kimdən və nədən narazıdır. Toplum
bütövlükdə hakimiyyətdən narazıdır və
yaxud hakimiyyətdən razıdır. Burada suyun qaynamasına
bənzər bir proses gedir. İsti su var, bu su bir var tam qaynaya,
bir də hərdən onun içərisində köpükləri
biz görürük. Mən hesab edirəm ki, Azərbaycanda su
qaynama həddində deyil və qaynama həddinə
yaxınlaşa də bilməz. Çünki Azərbaycanda
Prezident İlham Əliyevin apardığı islahatlar siyasəti
nəticəsində biz suyun qaynama həddinə gəlib
çatmayacağıq və çata da bilmərik. Azərbaycan
cəmiyyətində insanların narazı hissəsi var. Amma
o narazı hissə böhran həddi səviyyəsində
deyil. O narazı hissənin, eyni zamanda, heç də
hamısı Prezidentdən, Onun siyasətindən narazı
deyil. Ola bilər, kimsə məmurdan, kimsə öz işlədiyi
yerdə kimdənsə narazıdır, kimsə əməkhaqqının
azlığından narazıdır. Amma bütövlükdə
bu, necə deyərlər, böhran vəziyyətində
deyil, o həddə deyil ki, bu, Azərbaycanda, Azərbaycan cəmiyyətində
hansısa bir partlayışa gətirib çıxarsın.
Narazılıqlarla əlaqədar ölkəmizdə
araşdırmalar aparılır və hökumət bu cür
narazılıqların səbəblərini aradan qaldırmaq
üçün sistemli şəkildə fəaliyyət
göstərir. Siz bəzi məqamlara toxundunuz. Jurnalistlər
dünyada baş verən hadisələri izləyirlər və
proseslərdən xəbərdardırlar. Bəzən bizim cəmiyyətimizdə
jurnalistlər bilərəkdən, bəzən isə bilməyərəkdən
topluma belə bir fikir yeritməyə
çalışırlar ki, filan hadisələr baş verdi.
Bunu az qala böyük bir ölkənin, cəmiyyətin,
dövlətin dağılma həddinə gəlməsi kimi təsəvvür
etmək istəyirlər. Bu, belə deyil. ABŞ, Böyük
Britaniya, Fransa, Türkiyə, Yaponiya kimi ölkələrə
baxın. Bəzən bu ölkələrdə elə
böyük, elə kütləvi iğtişaşlar olur ki,
həmin iğtişaşları yatırmaq üçün
bəlkə də saatlarla böyük qüvvə sərf
olunur. Məsələn, Londonda. Yadınıza gəlirmi,
antiqlobalistlər böyük, kütləvi tədbir
keçirdilər. Hətta Londonun mərkəzində
böyük mağazaların vitrinlərini
dağıtdılar. Polis ən azından onlara 8 saat vaxt sərf
etdi. ABŞ-da da, Yaponiyada da olur. Yəni hər hansı bir
yerdə iğtişaş baş verirsə, bunu
bütövlükdə dövlətə aid etmək və ya
dövlətin dağılması kimi görmək bir az sadəlövhlükdür.
Əgər dövlət güclü mitinqlə,
nümayişlə, iğtişaşla dağılsa, o,
dövlət olmaz.
- Dövlətdən
yox, iqtidardan söhbət gedir.
-
İqtidar da olsun. İqtidarlar da bir hadisə ilə, bir
iğtişaşla, baş vermiş bu və ya digər proseslə
hakimiyyətdən getmirlər ki. Yəni bu cür məsələləri
ümumiləşdirmək olmaz. Qubada baş verən hadisənin
mahiyyəti, gedişatı və s. cəmiyyətdə
çox müzakirə olunub, təhlil olunub, hamıya bəllidir.
Onun məhkəmə istintaqı gedir və biz məhkəmənin
işinə müdaxilə etməli deyilik. Məhkəmə
istintaqından kim narazı olsa, müvafiq qaydada apelyasiya
şikayəti də verə bilər və s. Bunun siyasi tərəflərini
istəyirəm deyəm ki, hər bir hadisədən hakimiyyət
çökdü, hakimiyyət kiminləsə bacarmadı
tezislər ortaya qoymaq həmin tezisləri söyləyənlərin
politoloji elmdən və bütövlükdə dövlət
idarəçiliyindən, bu və ya digər məsələləri
ya tam bilməməsidir, ya da bunu qəsdən belə göstərməsidir.
Bu cür hadisələr dövlətin çökməsi və
ya hakimiyyətin çökməsi demək deyil. Hakimiyyət
hakimiyyətdir. Hakimiyyətin də elə vəzifəsi odur
ki, hakimiyyətini qanun çərçivəsində qorusun.
Özünü qorumağa qadir olmayan hakimiyyət dövləti
və vətəni də qoruya bilməz.
Yeni Azərbaycan.-
2013.- 20 aprel.- S.6.