HEYDƏR ƏLİYEV
BAXIŞLARI - DÜNYANI DƏRK EDƏN ELMİ SİSTEM
XX əsr siyasətinin görkəmli simalarından olan Heydər Əliyevin fəaliyyəti və baxışları zaman keçsə də hələ də böyük maraq doğurmaqdadır. Maraq təkcə onun yaşadığı və fəaliyyət göstərdiyi postsovet məkanında və Azərbaycanda olmayıb, dünyanın bir çox bölgələrindədir. Böyük Azərbaycan siyasətçisinin həm idarəçilik məharəti, həm də fəlsəfi baxışları analoji problemlərlə üzləşən dövlət və siyasi dairələr üçün zəngin ideoloji - praktiki mənbədir.
Heydər Əliyevin baxışlarının əsas nüvəsi dünyanı və ona gedən prosesləri vahid sistem kimi götürməsidir. O, milli və regional xüsusiyyətləri nəzərə almaqla, inkişafın başlanğıc mənbələrini və hədəflərini yaxşı görür və onları düzgün qiymətləndirə bilirdi. Bəşəriyyətin əsas məqsədinin insanın sosial durumunun yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi olduğunu qəbul edən Heydər Əliyev Öz fəaliyyətini də bu istiqamətdə uğurla qura bilirdi. Dünyanı vahid sistem kimi qəbuletmə onun qabaqcıl təcrübəsindən maksimum istifadə etməyə imkan verirdi. Bu üsula bağlılıq məşhur siyasətçinin Azərbaycana birinci siyasi hakimiyyəti dövründə (1969-1982-ci illər) özünü çox qabarıq göstərirdi. İdeoloji ehkamların və dar muxtariyyətin məhdudiyyətlərinə baxmayaraq, Heydər Əliyev fəaliyyəti ilə bu müddətdə sözün əsl mənasında böyük inqilab edə bildi. 13 il ərzində atdığı ciddi addımlarla O, geridə qalmış respublikanı bütün göstəricilər üzrə Sovet İttifaqında ön cərgələrə çıxara bildi.
Azərbaycan aqrar-sənaye bölgəsindən sənaye-aqrar bölgəsinə çevrildi. Sənayenin yeni sahələri təşəkkül tapdı, onların ən yeni texnika ilə təchiz edilməsinə yol açıldı. Ənənəvi neft sahəsi yenidən quruldu, itkisiz texnologiyalara üstünlük verildi. Neft sənayesində xarici ölkələrin qabaqcıl təcrübəsi tətbiq edilməyə başlandı, müxtəlif ölkələrin neftçiləri ilə sıx münasibətlərin əsası qoyuldu.
Paytaxt Bakı ilə yanaşı regionların inkişafına ciddi diqqət edilməyə, Gəncə, Sumqayıt, Mingəçevir, Əli-Bayramlı (indiki Şirvan) yeni sənaye mərkəzləri kimi formalaşmağa başlandı. Ekologiya məsələləri önə çəkildi, Azərbaycan cəmiyyətinin bütün elmi, texniki, sosial qüvvəsi bu istiqamətə yönəldildi.
Kənd təsərrüfatının intensivləşdirilməsinə, sənaye ilə sıx əlaqələrin qurulmasına ciddi fikir verildi. Yerli tələbata maksimum cavab verən məhsul sortlarının yetişdirilməsi prioritet məsələlərə çevrildi.
1969-1982-ci illərdə yeni yaşayış massivlərinin tikilməsi nəticəsində Azərbaycanda mənzil fondu iki dəfə artmış oldu. İnfrastrukturların yenilənməsi və müasirləşməsi də paralel aparılan işlərdən oldu.
Cəmiyyətdə humanitar sahələrin inkişafı da Heydər Əliyevin bu dövr fəaliyyətinin bariz cəhətlərindən idi. Sovet Azərbaycanında təhsilin yeni sisteminin qurulmasına xüsusi diqqət edildi. Yeni ali və orta ixtisas məktəbləri açıldı, yeni ixtisaslar öyrənilməyə başlandı, təhsil proqramlarına yeni məzmun verildi. Azərbaycandan kənarda yerləşən aparıcı universitetlərdə respublikadan göndərilən gənclərin təhsili dövrün əsas amillərindən birinə çevrildi.
Həmçinin, kənar respublikalara çox sayda gənc mütəxəssislərin daimi iş üçün təyinatla göndərilməsi kənar bölgələrdə nüfuzlu və elmli Azərbaycan icmalarının formalaşmasına səbəb oldu.
İctimai inkişafın əsas istiqamətlərini düzgün müəyyənləşdirə bilən Heydər Əliyev insan hüquq və azadlıqlarının təmin edilməsini vacib sayırdı. SSRİ məkanında Avropadan fərqli ideoloji ehkamlar hökm sürsə də, Azərbaycan rəhbəri bunların bərqərarı üçün maksimum səylər göstərdi. Həmin dövrdə Azərbaycanda ziyalıların mövcud problemlər üzrə açıq mövqe bildirmələrinə şərait yaradıldı, problemlərin ictimai müzakirələri adi hala çevrildi. Elm və incəsənət nümayəndələrinin ictimai tribuna statusları təşkil edildi. Ədəbiyyat və incəsənət üzərində senzura minimuma endirildi, yaradıcı insanların mövqeyinə görə hüquqi və ictimai qınaq praktikası aradan götürüldü.
Heydər Əliyevin müasirliyi və ümumbəşəri dəyərlərə bağlılığı Sovet İttifaqından kənarda xüsusilə nəzərə çarpırdı və bir çox sovetoloq tədqiqatçılar Əliyev baxışları və praktikasının qarşısının alına biləcəyi narahatçılıqlarını açıq ifadə edirdilər.
Dahi siyasətçinin ictimai problemlərə sistemli yanaşması Azərbaycan üçün narahat 1988-1993-cü illərdə də özünü bariz göstərdi. Təhlükəsizlik orqanlarının ciddi nəzarəti altında olmasına baxmayaraq, Heydər Əliyev Bakıda baş verən 20 Yanvar 1990-cı il faciəsinə Moskvada Azərbaycan daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında kəskin etirazını bildirdi. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üzrə dövlətin və konkret olaraq dövlət rəhbəri Mixail Qorbaçovun üzərinə düşən vəzifələri yerinə yetirilməyini bildirən Heydər Əliyev dövlətin əsas vəzifəsinin Bakı timsalında xüsusi qabartdı. Hətta indi də Heydər Əliyevin həmin məşhur bəyanatının hər bir müddəası klassik siyasətşünaslığın səbəb - hadisə - nəticə sxemasının bütün tələblərinə cavab verir. Buna əlavə kimi şəraiti düzgün qiymətləndirmək və siyasi cəsarət xüsusiyyətləri də Heydər Əliyevin xarakterik xüsusiyyətlərindən idi.
Obyektivlik və siyasi məsuliyyət hissi Heydər Əliyevin sonrakı fəaliyyətində də Onun ən düzgün qərarlar qəbul etməsinə səbəb olurdu. Həyatını risk altında qoyaraq 1990-cı ildə əvvəl Bakıya, sonra Naxçıvana gəlməsi, həmin dövr Azərbaycanda proseslərin keyfiyyətcə dəyişməsinə səbəb oldu.
Heydər Əliyev siyasətşünaslığın ən çətin hissəsi - praktik siyasətlə məşğul olurdu. O, fəaliyyətinin bir hissəsini artıq oturuşmuş sistemdə, digər hissəsini isə keçid dövründə göstərməli olmuşdu. Birinci hissədə əsasən dəyişilməz qaydalar içərisində ən yüksək nəticələr əldə etməyə müvəffəq olmuşdu. Bu nəticələr bir sıra tədqiqatlarda SSRİ-nin durğunluq dövründə “çiçəklənən ada” kimi xarakterizə edilir. Böyük məhdudiyyətlər çərçivəsində əhəmiyyətli nəticələr əldə etmək üçünsə yaradıcı xarakterə, proseslərin mahiyyətini dərk etmək qabiliyyətinə və düzgün nəticələr çıxartmaq təfəkkürünə malik olmaq lazımdır. Heydər Əliyevin birinci siyasi hakimiyyət dövrünün imkanları cəmiyyətin obyektiv inkişafı istiqamətinə istiqamətləndirməyə yönəldilmişdi.
Heydər Əliyevin siyasi fəaliyyətinin
ikinci hissəsi Azərbaycan dövlətinin müstəqillik
qazanması və keçid dövrünə təsadüf
edir. Ancaq bu keçid bir sistemin içində bir mərhələdən
digərinə keçid olmayıb, bir siyasi-iqtisadi sistemdən
fərqli bir siyasi-iqtisadi sistemə keçid idi. Tarixin bir kəsimində
“sovet sosialist sistemi” adlanan bir sistem bərqərar olmuşdu.
Şəxsi istifadədən başqa digər bütün
mülkiyyətin dövlətə məxsus olması, xarici və
daxili ticarət üzərində dövlət inhisarı,
söz və mətbuat üzərində sərt ideoloji
dövlət senzurası, xarici ölkələrlə
özünətəcrid amilləri müəyyən zamandan
sonra bu sistemi dərin böhrana və iflasa gətirib
çıxartdı.
Yenidən
azad sahibkarlıq və plüralist demokratiyası sisteminə
qayıdış Sovet təsir sistemində olmuş 29 yeni
dövləti üçün ağrılı keçid
dövrünü yaşamağa məcbur etdi. Fərqli tarix mədəniyyət
və start vəziyyəti, fərqli çətinliklər bu
dövlətləri məxsusi çətinliklər dövrlərinə
gətirib çıxartdı. Zahiri fərqliliyə baxmayaraq,
bu dövlətlərin hamısı eyni problemləri həll
etməli oldular. Bu, demokratik siyasi sistemin qurulması, rəqabətli
və sağlam seçkilərin keçirilməsi,
mülkiyyətin ədalətli özəlləşdirilməsinin
təmin olunması, özəl mülkiyyətin qorunması,
insan hüquq və azadlıqlarının təmin edilməsi,
azad mətbuatın qorunması, açıq cəmiyyət və
beynəlxalq birliyə inteqrasiya məsələləridir. Məqsədlər
sadə və aydın, eyni nümunə götürüləcək
ölkələr olduğu halda onu həyata keçirmək
bütün dövlətlər üçün çətin
idi. Aparılan islahatlara baxmayaraq bəzi ölkələr hələ
də keçid dövrünü bitirə bilməyiblər.
Buna səbəb
isə islahatların yarımçıqlığı, milli
birliyin əldə edilməməsi, ölkənin prioritet
istiqamətlərinin hakimiyyətdə olan siyasi qrupların
maraqlarına uyğun olaraq tez-tez dəyişməsidir.
Bu məsələlər
baxımından Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında ən böyük xidməti məhz
yuxarıda göstərilənləri cəmiyyətdə bərqərar
etməsi olmuşdur. Sovet sosialist rejimindən azad
sahibkarlıq və demokratik dəyərlər sisteminə
keçid proqramı və təcrübəsi o dövr
üçün mövcud deyildi. 29 ölkədən hər
biri bu keçidə öz təcrübəsi ilə
başlasa da hansının uğur gətirəcəyi,
hansının təhsih edilməyə ehtiyacı
olacağı isə hələ məlum deyildi. Ancaq son
dövrdə bununla bağlı müəyyən nəticələr
ümumiləşdirilməyə başlanılıb.
Bu nəticələrdə
Azərbaycanın, konkret olaraq Heydər Əliyevin təcrübəsi
xüsusi yer tutur. Onun fəaliyyətinin nəticəsi
qısa zamanda keçid dövrünü başa vurmağa,
sivil normaların cəmiyyətdə əsaslı şəkildə
oturuşmasına və Azərbaycanın dünya birliyində
layiqli yer tutmasına səbəb olmuşdur. Bu təcrübə
addım-addım qazanılsa da, səhvləri
minimumlaşdırmağa, resursların səmərəsiz xərclənməsinin
qarşısını almağa və ölkə
qarşısında duran daha qlobal məsələləri həll
etməyə imkan vermişdir.
Heydər
Əliyevin 1990-1993-cü illər Naxçıvan, sonra isə
1993-2003-cü illər ərzində Azərbaycanda rəhbərlik
dövrü keçid dövrünün problemlərinin həlli
ilə bağlı konseptual elmi nəzəriyyə
hazırlamağa imkan vermişdir. Dahi siyasətçi burada həm
xarici ölkə təcrübəsindən istifadə
etmiş, həm də unikal Azərbaycan təcrübəsi
yarada bilmişdir. Bu uğurlu simbionun elementləri bu gün də
xarici ölkələrdə dövlət quruculuğu və
siyasi proseslərin tənzimlənməsində hərtərəfli
rol oynayır.
Heydər
Əliyevin keçid dövrü problemlərinin həlli ilə
bağlı fəaliyyəti tək onların həllini təmin
etməyib, eyni zamanda, müasir dünyanın dərk edilməsində,
axarına uyğun işin təşkilində metodoloji
yanaşmada böyük rol oynayır.
O,
keçid dövrünün problemlərinin həlli
proqramının əsasına, inkişaf etmiş ölkələrin
müasir durumunun baza prinsiplərini qoydu. Bu, Azərbaycanda
açıq cəmiyyətin qurulmasına, dünya birliyinə
tədricən inteqrasiya olunmasına, azad sahibkarlığın
inkişafına dövlət zəmanətinin verilməsinə,
insan hüquq və azadlıqlarının təmin edilməsinə
və təkmilləşdirilməsinə, azad mətbuatın
bərqərar olunmasına, demokratik və şəffaf
seçkilərin keçirilməsinə səbəb oldu. Həmçinin,
cəmiyyətdə islahatların dayanmadan aparılması və
əldə edilmiş nəticələrin təkmilləşdirilməsi
də Heydər Əliyevin problemlərin həllinə elmi
yanaşmasının göstəricisidir.
Heydər
Əliyev xüsusi olaraq elmi postulatlar hazırlamırdı,
ancaq Onun fəaliyyəti fəlsəfənin,
politologiyanın, diplomatiyanın, iqtisadiyyatın, menecmentin və
bir çox digər elmi sahələrin əsaslı elmi
postulatlarının hazırlanmasına imkan verdi. Bu elmi
yeniliklər isə cəmiyyətin müasir dövrdə
qaldırdığı problemlərin həllinə, dəyişən
dünyada gedən mürəkkəb prosesləri dərindən
dərk etməyə çox dəstək olur.
Eyni
zamanda, proseslərin elmi izahı və elmi həlli
yollarının təklif edilməsi Azərbaycan cəmiyyətinin
beynəlxalq birliyə problemsiz inteqrasiya olunmasına,
ziyalı fikrinin dünya axarı ilə bir ahəngdə
olmasına şərait yaradır.
Heydər
Əliyevin 1990-1993-cü illərdə tarixi ədalətsizlik
nəticəsində anklava çevrilmiş Naxçıvana
rəhbərlik dövrünün özü elmi tədqiqatlar
üçün zəngin bir materialdır. Bir sıra
prinsipial məsələlərdə mərkəzi hökumətlə
fərqli mövqelərdə olsa da, O, rəsmi Bakı ilə
konfrantasiyaya getmədi, Azərbaycan üçün yeni daxili
problemlər yaradılmasına səbəb olmadı. O, əyalət
problemlərinin həlli üçün bir sıra unikal
addımlar atdı. Qonşu Türkiyə və İranla yeni
iqtisadi münasibətlərin yaradılması, Türkiyə
ilə Naxçıvan arasında həyati vacib “Ümid
körpüsü”nün açılması,
sahibkarlığın inkişafı üçün ilkin
şəraitin yaradılması, Ermənistanın
Naxçıvana qarşı hərbi həmlələrinin
qarşısının alınması üçün
qabaqlayıcı tədbirlərin atılması da bu qəbildən
olan müdrik siyasi addımlardandır.
Heydər
Əliyevin siyasi təcrübəsinə və analitik
düşüncəsinə böyük ehtiyac 1993-cü ilin
iyun ayında Azərbaycanda yaranan dərin siyasi böhranda da
özünü göstərdi. AXC-Müsavat hakimiyyətinin səriştəsiz
siyasəti nəticəsində yaranan qarşıdurma vətəndaş
müharibəsinə çevrilmə təhlükəsi
yaradırdı. Qonşu Ermənistanla müharibə aparan Azərbaycanın
daxilində vətəndaş müharibəsinin də baş
verməsi, ölkənin müstəqilliyini itirməsinə və
torpaqlarının bölüşdürülməsi
variantına gətirib çıxarırdı.
Dahi siyasətçi
bu situasiyada da unikal və düzgün addım atdı.
Bakıya rəhbər vəzifəyə təyin edilməsinə
baxmayaraq, ilk növbədə konfrantasiya mərkəzinə
çevrilmiş Gəncəyə getdi, müdrik siyasəti
ilə böhranın dərinləşməsinin
qarşısını ala bildi. Respublika parlamentinin sədri
seçildikdən və prezident vəzifələrinin
icraçısı təyin edildikdən sonra
atdığı düşünülmüş addımlarla
daxili hərbi qarşıdurmanı gündəlikdən məharətlə
çıxardı.
1993-cü
ilin oktyabrında keçirilən seçkilərdə Azərbaycan
Respublikasının Prezidenti seçilən Heydər Əliyev
bir çox ordinar çətinliklərə baxmayaraq, sivil,
demokratik dünyanın tərkib hissəsi olmaq istəyən
Azərbaycan quruculuğunu özünün fəaliyyətinin
əsas prioriteti seçdi.
Vətəndaş
müharibəsinin qarşısını siyasi yolla olan, siyasi
və hüquqi yolla hakimiyyət böhranını həll edən
Heydər Əliyev cari məsələləri uğurla həll
etməklə yanaşı, yeni dövlətin baza prinsiplərini
də uğurla qura bildi.
Dövlətin
və cəmiyyətin bünövrə prinsiplərinin elan və
təmin edilməsi ilə onların reallaşması istiqamətində
ciddi fəaliyyətə başlanıldı.
Yeni və
demokratik bir dövlətin qurulması kimi mürəkkəb
bir işin Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan
tərəfindən işğal edilməsi və müharibə
vəziyyətinin saxlanılması şəraitində həyata
keçirildiyi də nəzərə alınmalıdır.
1993-cü
ilin iyun ayının 15-də Heydər Əliyevin yenidən
siyasi hakimiyyətə gəlməsi ilə ilk növbədə,
ölkədə siyasi stabillik və hüquqi sistemin işləməsi
təmin edildi. Qanundan kənar bütün strukturların, ilk
növbədə, hərbi birləşmələrin fəaliyyətinə
son qoyuldu. Qanuni dövlət orqanlarının,
hüquq-mühafizə orqanlarının fəaliyyətləri
üçün real şərait yaradıldı.
1993-1995-ci
illər ciddi islahatlara hazırlıq dövrü kimi qiymətləndirilə
bilər. Siyasi stabillikdən sonra maliyyə sistemində qayda
yaradıldı. Respublikada həmin dövrdə 1200 faizlik
illik inflyasiya 3,5 faizə endirildi. Ticarətdə, kiçik
kapitallı xidmət, ticarət, ictimai iaşə sahələrində
özəlləşdirilmə həyata keçirildi. Birillik
danışıqlardan sonra 20 sentyabr 1994-cü ildə Azərbaycan
neftinin istehsalına və dünya bazarlarına
çıxarılması üzrə Azərbaycan və xarici
neft şirkətləri arasında tarixə “Əsrin neft
kontraktı” adı ilə düşmüş neft müqavilələri
imzalandı. Sonradan imzalanan digər vacib sənədlər də
Azərbaycan dövlətinin təbii sərvətlərinin
ancaq Azərbaycan xalqının mənafeyinə xidmət edəcəyi
barədə prinsipial mövqe ortaya qoyuldu.
Heydər
Əliyevin Sədrliyi ilə görkəmli
hüquqşünaslardan və nüfuzlu siyasətçilərdən
ibarət komissiyanın gərgin işi 1995-ci ilin 12
noyabrında referendumda demokratik prinsipləri özündə əks
etdirən konstitusiyanın qəbuluna gətirib
çıxardı.
Heydər
Əliyevin siyasi elmi, problemlərin həllinə düzgün
yanaşması və ciddi praktiki və hüquqi
hazırlıq, 1996-cı ildən hüquqi, iqtisadiyyat və
aqrar sahədə ciddi islahatlara başlamağa imkan verdi.
Hüquq
sahəsində keçirilən islahatlar ədliyyə, məhkəmə,
prokurorluq və vəkillər kollegiyası sahələrində
qabaqcıl Avropa modellərini tətbiq etməyə,
hüququn aliliyini və qanun qarşısında
hamının bərabərliyini təmin etməyə imkan
verdi. Bu islahatların davamı kimi 1998-ci ildə Konstitusiya Məhkəməsi
yaradıldı. 2002-ci ildə isə Azərbaycan İnsan
Hüquqları üzrə Avropa Partiyasına qoşuldu və
İnsan Haqları üzrə Avropa Məhkəməsinə
öz hakimini göndərdi.
Bununla
paralel, insan hüquq və azadlıqların təmin edilməsi
sahəsində də ciddi fəaliyyət göstərildi.
Konstitusiyanın 158 maddəsindən 49-u bu sahəyə həsr
edilib və bu sahə üzrə müvafiq qanunlar və
hüquqi normativ aktlar qəbul edilib. 1998-ci ildə Heydər Əliyevin
sərəncamları ilə mətbuat üzərində
senzura ləğv edildi, KİV haqqında demokratik prinsipli
qanun qəbul edildi, mətbuat orqanlarının təsis edilməsi
proseduru sadələşdirildi, mətbuata bir sıra iqtisadi
güzəştlər edildi.
1998-ci ildə
Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda
ölüm hökmü ləğv edildi. 1993-cü ildən
isə Prezident ölüm hökmlərinin tətbiqinə
moratorium qoymuşdu. 2002-ci ildə İnsan Hüquqları
üzrə Müvəkkil (Ombudsman) İnstitutu təsis edildi
və parlament tərəfindən ilk təyinat həyata
keçirildi.
Eyni
zamanda, Heydər Əliyev dönəmindən III sektorun, qeyri
- hökumət təşkilatları sektorunun inkişafına
böyük önəm verildi. Bu sahə üzrə
müvafiq qanun qəbul edildi, onların qeydiyyatı sadələşdirildi.
Onların həm konkret sahə üzrə, həm də
konkret istiqamətinə uyğun olaraq insan
hüquqlarını müdafiə sahəsində fəaliyyətlərinə
geniş imkanlar yaradıldı. Məhz Heydər Əliyev
dövründə Ədliyyə Nazirliyi nəzdində
penitensiar xidmətə ictimai nəzarət şurası,
Müdafiə Nazirliyi nəzdində orduya ictimai nəzarət
şurası yaradılmış və indiyə qədər
səmərəli fəaliyyət göstərməkdədirlər.
Heydər Əliyevin yeni dövlət quruculuğunda ən səmərəli fəaliyyət sahələrindən biri də iqtisadi və aqrar sahədə radikal islahatların aparılmasıdır. Kommunikasiyalar və strateji təbii sərvətlər istisna olmaqla sənaye, nəqliyyat və xidmət sahələrində hərtərəfli özəlləşdirilmənin aparılması, keyfiyyətcə yeni bank sektorunun yaradılması, Azərbaycanda rəqabətədavamlı iqtisadiyyatın yaranmasına səbəb oldu. Qeyri-neft sektorunun inkişaf sürəti neft sektorununkundan yüksək olduğundan onun ümumi iqtisadiyyatda həcmi durmadan artmaqdadır. Hər il təkmilləşdirilən çevik gömrük və vergi sistemi isə azad sahibkarlığın inkişafına xüsusi bir qayğıdır.
Kommunikasiyaların (dəmiryol, hava nəqliyyatı, rabitə, avtomobil yolları, dəmiryol nəqliyyatı, metro) dövlətin mülkiyyətində və bu sahələrin az rentabelli olması əhalini əlavə məsrəflərdən xilas etmək məqsədi güdür. Təbii sərvətlər sahələrinin (neft, qaz, qiymətli daşlar və s.) özəlləşdirilməməsi isə oradan gələn yüksək gəlirin dövlətin gəlirlərinin artmasına yönəldilməsi ilə bağlıdır.
Heydər Əliyevin ictimai problemlərin həllinə yanaşması qabaqcıl təcrübələrin istifadə edilməsi və müasirliyi ilə xarakterizə edilir. Reallıq və məqsəd, dünya və Azərbaycan maraqları, tarixi dəyər və yeni siyasi texnologiyalar anlayışlarını uğurla uzlaşdıra bilən dahi Azərbaycan siyasətçisi, bununla həm dövrünün problemlərini həll edə bilmiş, həm də problemlərə elmi yanaşma metodologiyasını ortaya qoya bilmişdir. Fəaliyyəti və baxışları ilə sosial və iqtisadi bilikləri yetərincə zənginləşdirən Heydər Əliyevin böyük irsi bundan sonra dünyanı dəyərincə dərk etməyə və qazanılan təcrübəni sistemləşdirərək gələcək nəsillərə ötürməyə imkan verəcəkdir.
Aydın MİRZƏZADƏ,
Milli Məclisin
deputatı, YAP
Siyasi
Şurasının üzvü
Yeni Azərbaycan.-
2013.- 20 aprel.- S.4.