10 may Azərbaycan xalqının yaddaşında əbədi iz qoyan gündür

 

Azərbaycan təqvimin ən önəmli günlərindən birini qeyd edir. Mayın 10-da xalq özünün müasir dövrdə ən qüdrətli dövlət xadiminin, siyasətçisinin, sərkərdəsinin, diplomatının-bir sözlə, Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü qeyd edəcək. Bu baxımdan sözügedən tarix bütün azərbaycanlılar üçün xüsusi önəm daşıyır.

Heç şübhəsiz ki, istənilən xalqın təqvimində qeyd olunan bütün əlamətdar günlərin, bayramların dəyəri, onların arxasında dayanan səbəbin, hadisənin mahiyyəti ilə ölçülür. Heydər Əliyevin doğum günü isə mahiyyət etibarı ilə Azərbaycan dövləti və xalqı üçün bir neçə aspektdən dəyərli sayılır. Çünki məhz Onun sayəsində Azərbaycanın taleyində bir dövlətin və xalqın çöküşdən yüksəlişə doğru sıçrayışı baş verib.

1991-ci ilin oktyabrında Azərbaycan imperiya caynağından xilas olub dövlət müstəqilliyini bərpa etsə də, dövlətçiliyin inkişaf mərhələsi 1993-cü ilin ikinci yarısından, yəni, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladı. Həmin dövrdə Ermənistanın Dağlıq Qarabağda Azərbaycana qarşı apardığı müharibənin törətdiyi iqtisadi-siyasi böhran, ölkə daxilində gedən hakimiyyət uğrunda mübarizənin ortaya qoyduğu anarxiya və özbaşınalıq respublikanı daha səriştəli siyasətçinin idarə etməsi zərurətini yaratmışdı. Xüsusilə, dövlətimizin xarici siyasətində mühüm vəzifələrin yerinə yetirilməsinə ehtiyac var idi. Problemlər olduqca çox, zamansa gözləmirdi. Heydər Əliyevdən əvvəlki ölkə rəhbərləri bir tərəfdən respublikaya hərbi təcavüzün qarşısını almalı, digər tərəfdən də Azərbaycanı parçalamağa çalışan daxili və xarici qüvvələri, böyük dövlətləri neytrallaşdırmalı idilər. Onlar isə heç sülh, əmin-amanlıq şəraitində də ölkəni idarə etmək iqtidarında olmayan təsadüfi adamlar idi.

Məhz Ümummilli liderin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda mövcud reallıqları nəzərə alan və ölkənin milli mənafelərinin qorunmasına yönəlmiş xarici siyasət kursu həyata keçirilməyə başlandı.

Xüsusilə, bu baxımdan Ulu öndərin Azərbaycan tarixindəki yeri və rolu əvəzedilməzdir. Məhz O, belə bir dövrdə müasir Azərbaycanın qaranlıqdan işığa doğru dönüşünün əsasını qoyaraq, ölkənin gələcəyinə dair xalqda yaranan ümidsizliyi aradan qaldıra bildi. Məhz Heydər Əliyev ölkənin daxili və xarici bədxahlarının, eləcə də, dünyanın bəzi güc mərkəzlərinin Azərbaycanda həyata keçirmək istədikləri məkrli niyyətlərini puça çıxartdı. Xalqın öz liderinin ətrafında birləşməsi, Onun siyasi kursunu dəstəkləməsi, Heydər Əliyevə qarşı hazırlanan sui-qəsdlərin və dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınması Azərbaycanın tezliklə qüdrətli dövlətə çevrilməsini qaçılmaz etdi.

Ulu öndərin Azərbaycanda doğum gününün ümumxalq bayramı kimi qeyd edilməsi də xalqın öz liderinə minnətdarlıq hissindən irəli gəlir. Bu bayrama dünya azərbaycanlılarının da biganə qalmamaları, yaşadıqları ölkələrdə bu tarixi günü yüksək səviyyədə qeyd etmələri Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün və unudulmazlığının bariz nümunəsidir. Artıq hər il bütün dünya azərbaycanlılarının harada yaşamalarından asılı olmayaraq, bu bayramı böyük məmnuniyyətlə və yüksək səviyyədə qeyd etməsi 10 may tarixini xalqımızın yaddaşında ümummili dəyərə çevirib. Hər il mayın 10-da hər bir Azərbaycan vətəndaşı fərdi qaydada öz Ümummilli liderini hörmətlə yad edir, Onun ölkə və xalq qarşısında xidmətlərini xatırlayır.

Heç şübhəsiz ki, müstəqil Azərbaycanın qurucusu və xilaskarı olan bu dahi şəxsiyyət hər zaman Azərbaycan xalqı tərəfindən böyük məhəbbət və hörmətlə yad edilir. Sadəcə, belə demək mümkünsə, hər il may ayının 10-da Heydər Əliyevli xatirələrin yad edilməsi özünün ən mütəşəkkil həddinə, yəni, ümummilli bayram səviyyəsinə qalxır.

Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, fəaliyyətinin ilkin mərhələsində bütün imkanlarını ölkədə hərc-mərcliyə, anarxiyaya son qoymağa sərf etdi. Çünki ölkədə sabitlik yaratmadan qarşıya qoyulan əsas strateji məqsədi gerçəkləşdirmək mümkün deyildi. Yalnız bundan sonra O, Azərbaycanın hərtərəfli inkişafı, bütün sahələrdə nailiyyətlər əldə etməsi üçün böyük islahatlar həyata keçirdi. Məhz həmin islahatların nəticəsində, Azərbaycan xalqı müasir dövrdə özünün ən yüksək rifah halına çatdı. Onun Azərbaycanın daimi mövcudluğu və inkişafı üçün müəyyən etdiyi uzunmüddətli strategiya Özündən sonra da dövlətimizin qüdrətlənməsinə, xalqımızın firavan yaşamasına uğurla xidmət edir, daxili və xarici bədxahlarımızın məkrli niyyətləri qarşısında keçilməz sədd kimi dayanır.

Bütün bunları və ən başlıcası isə xalqının istək və arzusunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin Ulu öndərin 90 illik yubileyinin təntənəli keçirilməsi barədə imzaladığı Sərəncamda deyilir: “...dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev Öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi olaraq Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir”.

Sərəncamda daha sonra qeyd edilir ki, Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Ulu öndər Heydər Əliyevin xidmətləridir.

Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Ümummilli lider Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir. Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir:

Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti Onun aqrar siyasətinin parlaq təzahürüdür.

Ulu öndərin vaxtilə Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması ilə həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxarıb.

Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına şərait yaradıb.

Məhz Heydər Əliyevin rəhbərliyi altında öz varlığını irimiqyaslı təcavüzdən və parçalanmadan qoruyub saxlaya bilən bugünkü Azərbaycan dövləti hazırda təkcə regionun deyil, eləcə də, dünyanın bəzi imperialist dövlətlərini qətiyyən qane etməyən xarici siyasət həyata keçirərək öz maraqlarını təmin etmək yolunda ciddi nailiyyətlər qazanıb. Bu məsələ Prezident İlham Əliyevin Sərəncamında da öz əksini tapıb: “Milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşib, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulub. Heydər Əliyevin uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərib. Onun beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşıb, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapıb”.

Mayın 10-u Azərbaycan xalqı üçün yalnız bacarıqlı bir siyasətçinin və ya dövlət adamının doğulduğu tarixi gün deyil. Bu, bir məmləkətin mövcudluğunu, bir xalqın varlığını, bir sözlə, Azərbaycanın taleyini həll edəcək unikal tarixi şəxsiyyətin dünyaya gəldiyi xoşbəxt gündür.

Sovetlər imperiyasının yenicə formalaşmaqda olduğu bir dövrdə - 1923-cü ilin bu günü Azərbaycanda dünyaya gələn bir insan sonradan elə həmin imperiyanın paytaxtında öz xalqının maraqları naminə həyatını təhlükəyə atacaqdı. Ona qədər, əlbəttə ki, bu unikal siyasət adamı SSRİ-nin rəhbərliyində təmsil olunacaq və orda da xalqının, məmləkətinin maraqlarını qorumaqdan çəkinməyəcəkdi. Elə bu xarakterinə və fəaliyyətinə, həmçinin, ermənilərin məlum niyyətinə görə, O, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov tərəfindən vəzifəsindən kənarlaşdırılacaqdı.

Nəhayət, 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində Heydər Əliyev yenidən böyük siyasətə qayıdacaq və kim olduğunu təkcə Azərbaycanın düşmənlərinə yox, bütün dünyaya bir daha xatırladacaqdı. Özü də imperiyanın mərkəzində, imperiyanın əleyhinə çıxaraq. 20 Yanvar hadisələrinə görə, Moskvadakı Azərbaycan nümayəndəliyinə gedib öz xalqını müdafiə etməsinə və hələ də qılıncının qəbzəsi belə, kəsən imperiyaya meydan oxumasına görə Onu öldürə də bilərdilər. Amma Heydər Əliyevi Tanrı qorudu və Azərbaycana bağışladı. Əgər 1993-cü ilədək ölkədə xırda adamların dövrü yaşanırdısa, həmin tarixdən sonra Azərbaycanda Heydər Əliyev erası başlandı. Düzdür, bu dövr - yəni, Ulu öndərin Azərbaycanı yenidən idarə etməsi faktiki olaraq cəmi 10 il davam etdi. Amma həmin müddətdə Azərbaycana sərf edilən zəka, enerji və görülən işlər həqiqətən də, zamanın hüdudlarını xeyli aşmış oldu.

Böhran vəziyyətində olan iqtisadiyyat, qarşısıalınmaz sürətlə artan inflyasiya, işsizlik, yoxsulluq, torpaqların işğalının davamı və nəhayət, siyasi tənəzzülə məruz qalan Azərbaycanı səriştəsiz rəhbərlərdən təhvil alan Heydər Əliyev onu iqtisadi, siyasi və mədəni yüksəliş yoluna çıxardaraq xalqa qaytardı. O xalqa ki, təkidlə Heydər Əliyevi hakimiyyətə gətirdi. Məhz Onun sosial-iqtisadi, mədəni, müstəqil daxili və xarici siyasəti nəticəsində Azərbaycan böyük beynəlxalq layihələrə imza atan ölkəyə çevrilib, regionda hesablaşılmaması mümkün olmayan dövlət statusu qazanıb. Hazırda Azərbaycanda dövlət büdcəsinin daha çox sosialyönümlü olması və əhalinin rifahına hesablanması da məhz Heydər Əliyev siyasi kursunun davamıdır.

Artıq Azərbaycan dünyada ən sürətlə inkişaf etməkdə olan demokratik, hüquqi dövlətdir. Beynəlxalq təşkilatların, dünyanın nəhəng iqtisadi mərkəzlərinin hesablamalarına, nüfuzlu reytinq cədvəllərinə görə bu inkişaf ildən-ilə daha da sürətlənir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərin siyasi kursunu davam etdirməklə indiyədək əldə olunmuş nailiyyətləri daha uca zirvələrə doğru aparır.

Bu işdə Azərbaycan xalqı da öz Prezidentinin arxasında inamla dayanır. Xalqın Prezidentin ətrafında sıx birləşərək öz Ümummilli liderinə sadiq qalması hər il may ayının 10-da, Heydər Əliyevin doğum gününə münasibətdə özünü daha qabarıq büruzə verir.

Bu bayrama xalqın münasibəti ölkənin gələcəyinə inamı daha da artırır. Dünyanın hər yerində azərbaycanlıların 10 mayı - yəni, Ümummilli lider Heydər Əliyevin doğum gününü xüsusi canfəşanlıqla, qürur və ehtiramla qeyd etməsi əmin olmağa imkan verir ki, Ulu öndərin siyasi kursu, Onun iqtisadi strategiyası Azərbaycanda hələ uzun illər davam edəcək, seçkilərdən-seçkilərə daha da möhkəmlənəcək.

 

 

Qalib Həsənov,

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyi Məhkəmə Ekspertizası

Mərkəzinin şöbə rəisi, iqtisad üzrə

fəlsəfə doktoru

 

Yeni Azərbaycan.- 2013.- 25 aprel.- S.5.