Abşeron rayonu inkişafının yeni mərhələsindədir
Uğurlu
sosial-iqtisadi inkişafı ilə fərqlənən rayonun bu
il 50 yaşı tamam olur
Hazırda yerləşdiyi regionun lider dövlətinə, siyasi cəhətdən regionun əsas aktorlarından birinə çevrilməyi bacaran Azərbaycan bu gün dünyanın ən aparıcı siyasi-iqtisadi mərkəzləri tərəfindən inkişaf modeli kimi qəbul olunur. Xarici siyasətdə əldə olunan uğurlar, həmçinin, daxili siyasətin yüksək səviyyədə aparılması, o cümlədən, ölkəmizdə iqtisadi inkişaf mühitinin ildən-ilə yüksəldilməsi şaxələndirilmiş iqtisadiyyatın yaranmasına yol açıb.
Qəbul olunan Dövlət proqramları nəticəsində
Azərbaycanda inkişaf bütün regionları əhatə
edir. Vurğulamaq lazımdır ki, regionların
sosial-iqtisadi inkişaf proqramları Azərbaycan iqtisadiyyatının
şaxələndirilməsinə imkan verib və bu, istər
yeni iş yerlərinin açılması, istərsə də
vətəndaşların sosial rifahının yüksəldilməsi
baxımından əhəmiyyətə malikdir. Qeyd etmək
yerinə düşər ki, müstəqil Azərbaycanın
bu cür yüksək inkişafı bütövlükdə
regionlarımızın inkişafını təmin edib. Belə
bölgələrdən biri də Abşeron rayonudur.
Abşeron rayonu
Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir
Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil
olunub. Rayon
ötən illər ərzində Bakı və Sumqayıt
şəhərlərinin inzibati ərazilərindəki kolxoz
və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə
xidmət edən idarə və müəssisələrə,
kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar
istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına
yüksək ixtisaslı rəhbərliyi təmin etmək məqsədilə
yaranıb. O, həmçinin, hər iki sənaye mərkəzinin
kənd təsərrüfatı məhsullarına
ehtiyacının daha dolğun ödənilməsinə xidmət
etmək vəzifəsini həyata keçirib.
Abşeron sözünün etimologiyası ilə
bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar
“Abşeron” sözünün fars dilində
- ab (su) və şoran (duzlu) sözündən əmələ
gəldiyini bildirirlər. Mənası “Şor
su” deməkdir. Bir çox alimlərin
fikrincə isə, “Abşeron” oğuz boylarından biri olan
avşar və yaxud əfşar tayfa adı ilə
bağlıdır. Mənbələrin məlumatına
görə, Bakı şəhəri
yaxınlığında, İrandan Dərbəndə gedən
karvan yolunun üzərində əfşəran adlı
yaşayış məntəqəsi olub.
Qeyd olunmalıdır ki, rayon ərazisində mövcud qəsəbə
və kəndlərdə hələ XIV-XVII əsrlərdə
tarixi abidələr, məscid, ovdan və karxanalar mövcud olub. Belə ki, Abşeron
rayonunda Xırdalanda Məşədi İmambaxış
hamamı, Hacı Həsən ovdanı, Novxanıda XVII əsrdə
tikilmiş Şah Sultan Hüseyn məscidi qədim tarixi abidələrdəndir.
Bundan başqa, Masazırda XV əsrdə tikilən “Xan
bağı” türbəsi, Məmmədli kəndində olan
“Yanar dağ”, Ağ məscid və başqa tarixi abidələr
Abşeron rayonunda hələ qədim dövrlərdən bəri
məskunlaşmadan və orada mədəniyyətin
inkişafından xəbər verir. Güzdək
qəsəbəsi ərazisində XIX əsrə aid dörd ədəd
“Dəvəlik” adlanan təsərrüfat tikilisi mövcuddur.
Teymur Həmidova, Məlik və Məmməd Rzayevlərə
məxsus həmin tikililər təsərrüfat məqsədilə
istifadə olunmasa da qorunub saxlanılır.
Qədim Abşeron kəndlərində su ilə təminatda
çox mühüm rol oynamış övdanlar Güzdək
və Xırdalan yaşayış məntəqələrinin
ərazisində indiyədək qalmaqdadır. Rayonun ərazisində digər
tarixi abidələr, o cümlədən, Fatmayıda, Digahda,
Masazırda, Hökməlidə və Sarayda XIII-XVIII əsrlərə
aid türbələrin və s. qalıqları mövcuddur.
Qeyd edilməlidir ki, Abşeron rayonu Xəzər dənizinin
qərb sahilində yerləşir. Abşeron rayonu şimaldan
Sumqayıt şəhəri ilə, şimal-qərbdən
Xızı rayonu ilə, qərbdən Qobustan rayonu ilə, cənub-qərbdən
Hacıqabul rayonu ilə, şərqdən isə Bakı
şəhəri ilə qonşudur. Rayon ərazisində
1 şəhər (Xırdalan) 8 qəsəbə (Ceyranbatan,
Saray, Mehdiabad, Digah, Qobu, Güzdək, Hökməli,
Aşağı Güzdək) 6 kənd (Masazır, Fatmayı,
Məmmədli, Goradil, Pirəkəşkül və
Novxanı) var.
Rayon Azərbaycan Respublikasının ən iri sənaye
və kənd təsərrüfatı rayonlarından biridir. Abşeron rayonunun ərazisi
1966,1 kv km-dir. Qeydiyyatda olan əhalinin
sayı 01.06.2012-ci ilə 198,8 min nəfərdir.
Məşğul əhalinin əsas hissəsi
heyvandarlıqla, rayonda, Bakı və Sumqayıt şəhərində
fəaliyyət göstərən istehsal müəssisələrində
digər istehsal, ticarət, ictimai iaşə, xidmət sahələrində
çalışır və fərdi əməklə məşğul
olurlar.
Rayon ərazisində
64 idarə və müəssisə 6 bank filialı, 1 rabitə
müəssisəsi, 3 mehmanxana və hotel fəaliyyət
göstərir. İşçilərin
sayına görə ən iri müəssisələr olan
“Azbentonit” MMC (589 nəfər) “Bakı Gastel” MMC (256 nəfər)
“Mətanət-A” MMC-dir (175 nəfər).
Abşeron rayonunun inkişafı Ulu
öndər Heydər Əliyevin adı ilə
bağlıdır
Qeyd olunmalıdır ki, Abşeron rayonunun inkişafı
Ulu öndərimiz Heydər Əliyevin adı ilə
bağlıdır. Vurğulanması gərəkir ki,
Abşeron inzibati rayon olaraq 1963-cü ilin yanvarında yaranarkən
7 qəsəbə və 22 yaşayış məntəqəsini
birləşdirirdi. Abşeron rayonunun
yaradılmasında məqsəd mövcud olan kənd təsərrüfatı
təyinatlı torpaqlardan səmərəli istifadə etməklə
Bakı və Sumqayıt şəhərlərində
yaşayan əhalini təzə bostan, meyvə-tərəvəz,
süd və digər heyvandarlıq məhsulları ilə təmin
etməkdən ibarət olub. Bu məqsədlə
yarımadada mövcud olan, iqtisadi cəhətdən zəif
kolxozların bazasında iri dövlət kənd təsərrüfatı
olan sovxozlar yaradılıb.
Abşeronda təsərrüfatın bütün sahələri
kimi, aqrar sahənin də davamlı inkişafı Ulu öndər
Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik
etdiyi dövrdə başlanıb. Artıq 1970-ci illərin
əvvəllərindən rayonda kənd təsərrüfatı
məhsullarının istehsalı intensiv yolla ildən-ilə
sürətlə artırılır, geniş xidmət və
emal müəssisələri yaradılırdı. Həmin
dövrdə rayonda Giləzi qarışıq yem zavodu (1971-ci
il), heyvandarlıq fermalarına xidmət
idarəsi (Maştağa qəsəbəsində), Abşeron
kənd kimya birliyi (Xırdalan qəsəbəsində), Şərab
emalı zavodu (Mehdiabad qəsəbəsi), Zeytun emalı
konserv zavodu (Maştağa qəsəbəsi) fəaliyyətə
başladı.
Rayonda paralel olaraq yeni kənd təssərrüfatı
müəssisələri də təşkil edilirdi. 1972-ci ildə 3 nömrəli
zeytun sovxozu, 1973-cü ildə Zabrat istixana kombinatı,
1976-cı ildə donuz əti istehsalı kompleksi, 1978-ci ildə
Güzdək qoyunçuluq sovxozu, Görədil
quşçuluq fabriki və Qobu quşçuluq təsərrüfatı
yaradılıb.
Lakin 1980-ci illərin ortalarında keçmiş SSRİ
rəhbəri Mixail Qorbaçovun antialkoqol barədə bədnam
qərarından sonra hər yerdə olduğu kimi, Abşeron
rayonunda da kənd təsərrüfatının
üzümçülük sahəsinə zərbə
vuruldu. Becərilməyən
və baxımsız qalmış üzümlüklər cəmi
2-3 il ərzində sıradan
çıxdı, məhsuldarlıq azaldı, məhsullar
satılmadığına görə emal müəssisələrinin
maliyyə vəziyyəti pisləşdi.
Həmin ərəfədə
başlanan Dağlıq Qarabağ hadisələri və
SSRİ-nin süqutu mövcud iqtisadi əlaqələrin
pozulmasına gətirib çıxardı və nəticə
etibarı ilə təchizat və təminat pozulduğuna
görə hər bir sahədə olduğu kimi Abşeron
rayonunda kənd təsərrüfatı sahəsində tənəzzül
baş verdi. Azərbaycan
müstəqillik əldə etdikdən sonra respublika rəhbərliyinə
naşı adamların gəlməsi kənd təsərrüfatında
pozulmuş əlaqələri bərpa etmək əvəzinə
iqtisadi tənəzzülü daha da dərinləşdirdi və
dərin böhrana gətirib çıxardı. Üzümlüklər baxımsız qalmış,
suvarma suyu kifayət etmədiyindən və suvarma şəbəkələri
təmizlənib bərpa edilmədiyindən sahələr
suvarılmır, mal-qara yemlə təmin olunmur, bütün
istiqamətlərdə məhsul istehsalı sürətlə
azalırdı. Hətta vəziyyət elə
bir həddə çatmışdı ki, ayrı-ayrı sahələrdə
meyvə bağlarının ağacları kəsilərək
oduncaq kimi istifadə edilir, məhsuldar, əkinə yararlı
torpaq sahələri və zeytun bağları hasarlanaraq həyətyanı
sahələrə çevrilirdi.
Lakin
1993-cü ilin iyununda xalqımızın təkidli tələbi
və xahişi ilə Ümummilli lider Heydər Əliyevin
hakimiyyətə gəlişi nəinki ölkədəki tənəzzülün
və hərc-mərcliyin qarşısını aldı, hətta
Onun rəhbərliyi ilə aparılan islahatlar tezliklə
öz bəhrəsini verdi və iqtisadi sahədə
sürətli irəliləyişlər dövrü
başlandı. 1970-ci illərdə rayonda kənd
təsərrüfatı intensiv olaraq inkişaf etdirildi, müəssisələr
əsas istehsal məhsulları üzrə
ixtisaslaşdırıldı. Abşeron rayonunun ərazisində
yerləşən və kənd təsərrüfatı sahəsi
üzrə ixtisaslaşmış 4 elmi-tədqiqat institutunun -
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və
Şərabçılıq, Azərbaycan Elmi Tədqiqat Əkinçilik
və Azərbaycan Elmi-Tədqiqat Yemçilik-Çəmənçilik
və Otlaqlar institutlarının, habelə subtropik
stansiyasında çalışan elm adamlarının təsərrüfatlarla
əlaqələri möhkəmləndirilib, onların məsləhət
və tövsiyələrindən istehsalatda geniş istifadə
edilib.
Abşeron
rayonu tanınmış ictimai-siyasi xadimləri və görkəmli
şəxsiyyətləri ilə də məşhurdur
Abşeron rayonu həm də tanınmış
ictimai-siyasi xadimləri, görkəmli şəxsiyyətləri
ilə məşhurdur. Bu torpaqda yetişən bir sıra insanlar
dövlətimizin inkişafında mühüm və əhəmiyyətli
rol oynayıblar. Şərqdə ilk
demokratik respublikanın qurucularından biri olmuş Məhəmməd
Əmin Rəsulzadə 1884-cü ildə Abşeron rayonu
Novxanı kəndində dünyaya göz açıb.
Azərbaycanın ilk alim cərrahı, Elmlər
Akademiyasının ilk prezidenti, uzun müddət Azərbaycan
Tibb Universitetinin hospital cərrahiyyəsi kafedrasının
professoru və müdiri olmuş Mirəsədulla Mirqasımov
1883-cü ildə Abşeron rayonunda dünyaya göz
açıb.
Tibb elmləri doktoru, Əməkdar elm xadimi, pediatr
respublikada qadın və uşaq müalicə müəssisələrinin
təşkilatçılarından biri olan Əbülfəz
Qarayev 1885-ci ildə Abşeron rayonunda dünyaya gəlib.
Abşeron rayonu igid qəhrəman övladları ilə
də hər zaman fəxr edib. II Dünya müharibəsi
dövründə almanlara qarşı partizan müharibəsində
fəal iştirak etmiş, əfsanəvi qəhrəmanlıqlar
göstərmiş Sovet İttifaqı Qəhrəmanı,
“Mixaylo” ləqəbli Mehdi Hüseynzadə də məhz bu
rayonun Novxanı kəndindəndir. Bu
gün bir çox kəndə, qəsəbəyə, məktəblərə
onun adı verilib. Bundan başqa, Sovet İttifaqı Qəhrəmanı,
Dneprin sağ sahili uğrunda döyüşlərdə
iştirak edərək rəşadət göstərən
Mikayıl Ələkbərov da məhz Abşeronun yetirməsidir.
Hər zaman söz sənətinə, şeirə
vurğunluğu ilə seçilən Abşeron rayonu Azərbaycana
Əliağa Vahid kimi məşhur şair də bəxş
edib. Azərbaycanın Xalq şairi Süleyman Rüstəm
də 1906-cı ildə Abşeron rayonunda dünyaya gəlib.
Xalq şairi Nəbi Xəzri də 1924-cü ildə
Abşeron torpağında dünyaya göz açıb.
Vəli
Axundov, Şixəli Qurbanov kimi məşhur ictimai-siyasi xadimləri
yetişdirən Abşeron torpağı Azərbaycanımızın
çiçəklənməsində müstəsna xidmətlərə
malik olan bölgələrimizdəndir. Dünyaca
məşhur bəstəkar, SSRİ Xalq artisti Qara Qarayev bu
gün də abşeronluların fəxridir. Dövlət mükafatı laureatı, Əməkdar
incəsənət xadimi Aqşin Əlizadə də
Abşeron torpağının yetirməsidir.
Tanınmış abşeronluların arasında bir
sıra böyük incəsənət xadimləri də var.
Məsələn, onlardan biri tanınmış rəssam Əzim
Əzimzadədir.
Tanınmış aktyorlar, Azərbaycanın Xalq artistləri
Ağahüseyn Cavadov və Siyavuş Aslan da Abşeron
rayonunda dünyaya gəliblər.
Prezident İlham Əliyevin
apardığı uğurlu iqtisadi-sosial inkişaf siyasəti
rayonun tarixində yeni mərhələnin başlanmasına təkan
verib
Əsasını Ulu öndərimizin qoyduğu
sosial-iqtisadi inkişafı hədəfləyən siyasət
bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Əldə olunan uğurlarda isə
abşeronluların da payı var. Prezident İlham Əliyevin
diqqət və qayğısı nəticəsində bu
gün Abşeron rayonu uğurlu sosial-iqtisadi inkişaf mərhələsini
yaşayır. Qəbul olunan Dövlət
proqramlarının uğurlu icrası rayonun simasını
daha da rəngarəngləşdirməklə yanaşı,
müasirliyi, abadlığı və quruculuğu
özündə əks etdirir. Regionların sosial-iqtisadi
inkişafı Dövlət proqramlarının istər birinci
(2004-2008), istərsə də ikinci (2009-2013) mərhələsində
qarşıya qoyulan məqsədlərin uğurla icra edilməsi
Abşeron rayonunun 50 illik tarixində ən əlamətdar və
yeni mərhələnin genişmiqyaslı abadlıq-quruculuq,
tərəqqi mərhələsinin başlanmasına əsaslı
surətdə təkan verib. Mübaliğəsiz
demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi
altında uğurla həyata keçirilən tədbirlər
nəticəsində bütün Azərbaycanda olduğu kimi
Abşeron rayonu da ikinci ömür qazanıb. Təsadüfi deyil ki, burada aparılmış
işlər, gərçəkləşdirilmiş tədbirlər
bu proqramlara uyğun şəkildə olub.
Paytaxt
Bakının bir neçə kilometrliyində yerləşən,
qədimliklə müasirliyin vəhdəti halına gələn,
50 yaşın astanasında olan Abşeron rayonunda təhsilin
real mənzərəsi barədə yığcam təsəvvür
yaradan məlumatlar hazırda məhz bu cür başlayır:
burada 36 ümumtəhsil məktəbi fəalliyyət göstərir,
bu təhsil müəssisələrində 28278 şagird təhsil
alır, onların təlim-tərbiyəsi ilə 2710 müəllim
məşğul olur. Bu məktəblərdən
21-i Abşeron rayonu yarandıqdan sonra tikilərək istifadəyə
verilib. Son yeddi ildə 2005-2012-ci illər arasında on beş orta məktəb binası tikilib istifadəyə
verilib.
Dövlət proqramına əsasən və Heydər Əliyev
Fondunun təşəbbüsü ilə 2006-cı ildən
başlayaraq rayonda “Yeniləşən Azərbaycana yeni məktəb”
devizi altında məktəb tikintisi geniş vüsat
almağa başlayıb. Dövlət başçısı İlham Əliyevin
1296 şagird yerlik yeni orta məktəb binasının təməlqoyma
mərasimində iştirak etməsi ilə bu xoşməramlı
niyyətin gerçəkləşməsinə start verildi.
Xüsusi
olaraq vurğulamaq lazımdır ki, 2012-ci il
rayonun sosial-iqtisadi inkişafında ən uğurlu illərdən
olub.
Kənd
rayonu olaraq aqrar sahənin inkişafına diqqətin
artırılması nəticəsində 2012-ci ildə ət
istehsalı 2143 tona, süd istehsalı 4807 tona, yumurta
istehsalı 94,9 milyon ədədə, meyvə istehsalı 1116
tona bostan-tərəvəz məhsulları istehsalı 7516
tona çatdırılıb, qara malın və davarın
baş sayı xeyli artırılıb. Sahənin
inkişafı üçün Abşeron Suvarma Sistemləri
İdarəsinin balansında olan magistral kanal və onun üzərindəki
hidrotexniki qurğular yenidən qurulub, 3 min kub metr tutumu olan su
qəbuledici ambarların beton üzlükləri bərpa
edilib.
2012-ci ildə
rayonda sənaye müəssisələri tərəfindən
106,5 milyon manatlıq məhsul istehsal edilib
və xidmətlər göstərilib. Bütün maliyyə
mənbələrindən əsas kapitala 170,8
milyon manatlıq investisiya yönəldilib. Hüquqi və
fiziki şəxslər tərəfindən yük və sərnişin
daşınmasından əldə olunan gəlir 9,5 milyon manat olub. Sahibkarlığa Kömək
Milli Fondundan rayon üzrə 65 layihənin reallaşmasına
14,2 milyon manat güzəştli kredit
verilib. Ötən il 823 ədəd fərdi
evin tikintisi tamamlanıb 6 ədəd 12 və 6 mərtəbəli
evlər istifadəyə verilib. 2012-ci ildə çoxmənzilli,
çoxmərtəbəli yaşayış binalarından 12 ədədinin
dam örtüyü, fasadı, pilləkan qəfəsləri
və zirzəmiləri əsaslı təmir olunub, 13
binanın zirzəmisindəki mühəndis kommunikasiya xətləri
yenidən qurulub. 2012-ci ildə əhaliyə, müəssisə
və təşkilatlara 3,4 milyon
manatlıq rabitə xidməti göstərilib. Pərakəndə
ticarət və iaşə müəssisələri tərəfindən
əhaliyə 231,6 milyon manatlıq xidmət
göstərilib.
Rayonda səhiyyə
ili elan edilən 2007-ci ildən yüksəksəviyyəli
tədbirlər həyata keçirilib. Rayonda səhiyyə
xidmətinin yüksək səviyyədə təşkilinin
təmin olunmasında Prezident İlham Əliyevin Sərəncamına
əsasən Xırdalan şəhərində mərkəzi
xəstəxananın tikintisi müstəsna əhəmiyyətə
malikdir. Əhaliyə mədəni xidmətin
təşkilinə qayğının gücləndirilməsi,
yeni istirahət guşələrinin yaradılması, vətəndaşların
asudə vaxtlarının səmərəli keçirmək
imkanlarını genişləndirib. 2012-ci
ildə Xırdalan Mədəniyyət evinin 400 yerlik tamaşa
zalının əsaslı qaydada, yüksək zövqlə
yenidən qurulması əhalinin mədəni istirahətinin təşkilində
vacib rol oynayır. 2012-ci ildə rayonun
daxili imkanları hesabına mərkəzi mədəniyyət
və istirahət parkında 3 mərtəbəli Heydər Əliyev
Mərkəzinin tikintisinə başlanılıb.
Gənclərin yüksək vətənpərvərlik
ruhunda tərbiyə olunması üçün rayon təhsil
şöbəsi, Gənclər və İdman İdarəsi fəaliyyətlərini
xeyli gücləndirib. Rayonun ərazisində ekologiyanın
sağlamlaşdırılmasında mühüm vasitəsində
olan yaşıllıqların artırılması, əvvəlki
illərdə salınan yaşıllıqların qorunması
gündəlik fəaliyyətin diqqətçəkən əsas
sahələrindən birinə çevrilir.
Yaşayış məntəqələrinin, küçə
və yollarında hər il 10 minlərlə
ağac əkilir.
Təbii ki, Prezident İlham Əliyevin apardığı
uğurlu sosial-iqtisadi siyasət hər bir vətəndaşımız
kimi abşeronluların da sosial rifahının yüksəlişinə
rəvac verib.
2012-ci ildə rayon üzrə 3188 ailənin 12312 nəfər
üzvü 351 min manat ünvanlı sosial yardımla təmin
edilib. 392 aztəminatlı və şəhid ailəsinə,
kimsəsizlərə, tənha qocalara İcra Hakimiyyəti
başçısı yanında Büdcədənkənar
İnkişaf və Bərpa Fondundan 90,7 min manat yardım
göstərilib. 2012-ci ildə məşğul
əhalinin sayı artaraq 21293 nəfərə çatıb.
İl ərzində yeni müəssisələrin işə
salınması və mövcud müəssisələrdə
istehsalın genişləndirilməsi hesabına 2265 yeni
iş yeri açılıb, son 9 ildə
açılan yeni iş yerlərinin sayı 14 mini
ötüb.
Bütün bu tədbirlər, görülən işlər,
aparılan fəaliyyət dövlətimizin Abşeron rayonuna
olan diqqət və qayğısının təzahürüdür. Bu gün hər
bir rayon sakini 50 yaşlı Abşeronda aparılan quruculuq və
abadlıq işlərindən fərəhlənir. Və ən əsası bu gün hər bir
Abşeron sakini Prezident İlham Əliyevin apardığı
siyasətə dəstək verir.
Yeni Azərbaycan.-
2013.- 26 aprel.- S.10.